Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Özbəkistan alimləri ilə beynəlxalq elmi-praktik konfrans keçirilib

17-11-2022 [ 15:18 ] [ oxunub:70 ]
printerA+ | A-
102878

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Özbəkistandan olan alimlərlə birgə “Türk xalqlarının ədəbiyyatı: ədəbi əlaqələr, ədəbi təsir və tərcümə” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfrans Ədəbiyyat İnstitutu ilə Özbəkistan Respublikasının Ali və Orta İxtisas Təhsili Nazirliyi, İnnovativ İnkişaf Nazirliyi, Kokan Dövlət Pedaqoji İnstitutu, Özbəkistan Respublikası Elmlər Akademiyası Özbək dili, ədəbiyyatı və Folklor İnstitutu, Əlişir Nəvai adına Dövlət Ədəbiyyat Muzeyi və Urgənc Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. Öncə Azərbaycan-Özbəkistan ədəbi əlaqələrindən bəhs edən kitab sərgisinə baxış olub.

Konfransı giriş sözü ilə AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb. Akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan səfəri və humanitar elmlər sahəsində əlaqələrin inkişaf etdirilməsinin yeni mərhələsi haqqında nitq söyləyib: “Özbəkistan nümayəndə heyətini Azərbaycan Milli Elmlər Akademiyasında və Ədəbiyyat İnstitutunda ürəkdən salamlayıram. Türk dünyası indi tamamilə yeni bir tarixi mərhələyə daxil olur. Tarixdə ilk dəfə olaraq Türk Dövlətləri Şurası səviyyəsində türk dövlətlərinin liderlərinin keçirilən görüşlərində türk dünyasını daha da inkişaf etdirmək üçün möhtəşəm qərarlar qəbul olunub. Türk dünyasının Nobeli “Əlişir Nəvai mükafatı” təsis edilib. Türk dünyasının bütün sahələrdə inteqrasiyası üçün geniş meydan açılıb. Bu bizim qarşımıza birgə layihələr üzərində işləmək məsuliyyəti qoyur. Yeni ortaq layihələr düşünüb, həyata keçirməliyik. Əlişir Nəvainin Özbəkistandan sonra ən çox öyrənildiyi ölkə Azərbaycandır.

Bizim Özbəkistanın elm ocaqları, akademiyası, universitetləri ilə geniş əlaqələrimiz vardır. Yeni bir mərhələyə daxil olmuşuq. Xüsusən Səmərqənd görüşündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Səmərqənd görüşündəki çıxışları və ondan irəli gələn vəzifələr, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin həmin görüşdəki çıxışı, iki ölkə Prezidentinin bir-birinə olan etibarı və etimadı Özbəkistan-Azərbaycan qardaşlığını tamamilə yeni bir mərhələyə qaldırır. Dövlətimizin dəstəyi ilə daha böyük çapda işlər həyata keçirməliyik.

Düşünürəm ki, akademiyada Özbəkistanla bağlı kompleks tədbirlər həyata keçirməyin vaxtıdır. Özbəkistanla bağlı hər il konfrans keçiririk. Bu ilk dəfədir ki, Özbəkistan-Azərbaycan alimləri türk xalqları ədəbiyyatını müzakirə edəcək. Bu yeni başlanğıcın bir əlamətidir. Özbəkistanın potensialı imkan verir ki, biz onlarla yalnız Azərbaycan-Özbəkistan əlaqələrini yox, türk dünyasının problemlərini də öyrənək. Bu konfrans yeni mərhələnin ortaq problemlərini və simalarını meydana çıxaracaq”.

Tədbirdə özbək ziyalılardan Urgənc Dövlət Universitetinin rektoru Bəhrom Abdullayev “Ədəbiyyat dostluğun səfiridir”, Kokan Dövlət Pedaqoji İnstitutunun rektoru Xocayeva Dilnoza Şavkatovna “Qardaşlığın yeni səhifələri”, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Nurbay Cabbarov “Əhməd Yəsəvi və Yunus Əmrə hikmətlərində ədəbi təsir və əlaqələr” mövzusunda məruzələrlə çıxış ediblər.

Azərbaycanlı alimlərdən Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, Almaz Ülvi Binnətova “Niyə “Ötən günlər”i yenidən xatırladıq?!” və Bakı Dövlət Universitetinin professoru Ramiz Əskər “Özbək ədəbiyyatı Ramiz Əskərin tərcüməsində Azərbaycan dilində” adlı məruzə ediblər.

Eyni zamanda Əlişir Nəvai adına Dövlət Ədəbiyyat Muzeyinin direktoru, filologiya elmləri doktoru, professor Cabbor Eşonkulovun “Kitabi-Dədə Qorqud”un bədii təfsiri” və Kokan Dövlət Pedaqoji İnstitutunun professoru, filologiya elmləri doktoru Zeboxon Qabilovanın “Füzuli və Əmiri” mövzularında məruzələri dinlənilib.

Konfransın açılış mərasimində ədəbiyyatşünas alimlərdən Məti Osmanoğlu, Yaşar Qasımbəyli, Dilşad Qayıbov və başqaları çıxışlarında bu cür işlərin həyata keçirilməsinin əhəmiyyətindən danışıblar.

Konfrans “Türk xalqlarının folklorunda ortaqlıqlar”, “Türk xalqlarının ədəbiyyatı: ədəbi təsir və tipologiya”, “Türk xalqlarının ədəbiyyatında Azərbaycan ədəbiyyatının yeri”, “Aktual ədəbiyyat məsələləri”, “Mənbələrin, mətnin tədqiqat problemləri” və “Füzuli və Kokan ədəbi mühiti” adlı bölmə iclasları ilə davam edib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR