Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Böyük Çölün dahi oğlu Muxtar Auezov - Nizami Tağısoy

03-11-2022 [ 10:51 ] [ oxunub:67 ]
printerA+ | A-
102835

   "Muxtar Auezov bədii hadisə olmaqla, həyatımızın nəhəng simvolu, insan-əfsanə, yeni dövrün müdriki, əsl şair və yazıçıdır".

İrakli Andronikov

   Muxtar Omarxan ulı Auezov (28.09.1897-27.09.1961) - qazax xalqının tarixində müstəsna yeri olan dahi yazıçı, ictimai xadim, alim, filologiya elmləri doktoru, professor, Qazaxıstan Elmlər Akademiyasının akademiki (1946), Əməkdar elm xadimi (1957) kimi tanınmaqdadır. İlk təhsilini aul məktəbində almış Muxtarın babası Auez Abay Kunanbayevin qohumu və dostu kimi gələcək yazıçının dünyagörüşünün formalaşmasına böyük təsir etmişdir. Aul məktəbindən sonra o, Kəmaləddin mədrəsəsində, daha sonra Semipalatinsk şəhər beşsinifli məktəbdə (1910-1915-ci illər) təhsil aldığı dövrdə özünün ilk "Tufana doğru" ("Dauıl") hekayəsini yazmışdır. 1915-ci ildə Semipalatinsk Müəllimlər Seminariyasına daxil olmuş Muxtar 1917-ci ildə Şakərim Xudayberdinin dastan motivləri əsasında "Yenlik-Kebek" pyes-faciəsini qələmə almışdır. 1917-ci ildə baş vermiş bir sıra əsaslı hadisələr (Rusiyada inqilabi-siyasi çevriliş, "Alaş" hərəkatının yaranması və sovet hakimiyyətinin qurulması) onun baxışlarına xeyli dərəcədə təsir etmişdir. Bu dövrdə M.Auezov "Alaş gəncləri" İttifaqını qurur, müxtəlif tipli dərnəklərin yaranmasına köməklik göstərir, "Alaş" ("Alaş" həm də millətçi təşkilat idi) və "Sarıarka" qəzetləri üçün məqalələr yazır, qazax gənclər təşkilatı olan "Gənc azamat"ın ("Jas azamat") fəal iştirakçısı olmaqla, "Alaş" hərəkatının maraqlarını müdafiə edirdi. M.Auezov Semipalatinskdə Yusubbəy Aymautovla birlikdə elmi-idraki, sosial-iqtisadi mövzulu material və məqalələr hazırlayıb sivil-milli demokratik cəmiyyət yaratmaq ideyasına söykənən "Abay" elmi-ictimai jurnalını nəşr etdirir. "Abay" qadağan edildikdən sonra Auezov gizli fəaliyyətlə məşğul olur. Semipalatinsk Müəllimlər Seminariyasında təhsilini başa vurub bir sıra mühüm vəzifələrdə (Semipalatinsk Quberniya İnqilab Komitəsində şöbə müdiri, Qazaxıstan MSSR-də Mərkəzi İcraiyyə Komitəsində siyasi katib) işləyir. 1921-ci ildə "Qızıl Qazaxıstan" jurnalında (№ 3-4) özünün "Müdafiəsizin günü" ("Korqansızdın kuni", qeyd edək ki, bu əsər həm də başqa bir ad altında - "Yetim payı" kimi məlumdur) hekayəsini, "Yenlik-Kebek" pyesinin ikinci variantını ("Teke-Oral") çap etdirir. Qazax teatrında onun "Bəybişə-tokal" ("Bəybişe tokal") və "El ağası" pyesləri oynanılır.

   1921-1922-ci illərdə M.Auezov qazax ziyalılarının repressiyaedilmə siyasətini və Moskvanın qazaxlara qarşı apardığı iqtisadi təzyiqini tənqid edir. 7 mart 1922-ci ildə o, Qazaxıstan Muxtar Sovet Sosialist Respublikasının Mərkəzi İcraiyyə Komitəsinin üzvü Smaqul Saduakasovla birlikdə bolşevik partiyasına qarşı hiddətini ifadə edərək Rusiya Kommunist (b) Partiyası Mərkəzi Komitəsinin nümayəndəsinə özlərinin siyasi, iqtisadi və sosial tələblərini təqdim edir. Bu tələblər sırasında milli müstəqillik, aclığın ləğvi, konfiskasiya olunmuş torpaqların qazaxlara qaytarılması, qazaxların təsərrüfat işlərinə cəlb edilməsi, qazax dilinin dövlət dili elan edilməsi, milli maarifin, elm və mətbuatın inkişafı və s. qeyd etmək olar. Belə itaətsiz davranışa görə 1922-ci ilin martında M.Auezovla S.Saduakasov "millətçi alaş ordalılar" elan olunurlar. Semipalatinsk Müəllimlər Seminariyasından sonra M.Auezov Daşkənddə fəaliyyət göstərən Orta Asiya Dövlət Universitetinə dinləyici kimi daxil olmaqla bərabər, həm də "Şolpan" və "Sana" jurnalları ilə əməkdaşlıq edir. "Səhra hekayələri" ("Kır ənqiteleri") və "Evlənmə" ("Uylenu") hekayələrini nəşr etdirir. Aktiv millətçilik fəaliyyətinə görə 1923-cü ildə Rusiya Kommunist (b) Partiyasının sıralarından kənarlaşdırılır. Elə həmin ildəcə Leninqrad Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur.

  1924-1925-ci illərdə Semipalatinsk Müəllimlər Texnikumunda çalışır. "Dan" jurnalını buraxmaqla, burada "Yasa bürünmüş gözəl" (yeri gəlmişkən, qeyd edək ki, bu hekayəni biz dilimizə tərcümə edib "Azərbaycan" jurnalında (2017, № 7-8) oxucuların ixtiyarına vermişik), "Yasa bürünmüş gözəl" ("Karalı sulu"), "Zorakılıq" ("Juandık") hekayələrini dərc etdirmişdir. 1926-cı ildə Semipalatinsk vilayəti ərazilərində qazaxların folklor irsinin öyrənilməsi və toplanması üzrə elmi ekspedisiya təşkil etmiş M.Auezov "Qaragöz" pyesini yazmış, 1927-ci ildə "Ədəbiyyat tarixi" monoqrafiyasını nəşr etdirmişdir. 1927-1929-cu illərdə o, Abayın əlyazmalarının külliyyatını - 20 cildliyini nəşr etdirməklə bərabər, "Qəddar illər" ("Kilı zaman") romanı və "Xan Kene" faciəsini sona catdırır. M.Auezov 1928-ci ildə Orta Asiya Dövlət Universitetinin aspiranturasına daxil olduqdan sonra qırğız səhralarına səfərlər edərək "Manas"ı öyrənməyə və yazıya almağa başlayır. 16 sentyabr 1930-cu ildə M.Auezov Gənc Qazax Yazıçılarının orqanı olan "Alka" cəmiyyətində olduğuna və siyasi baxışlarına görə həbs edilir. Ona qarşı bir sıra ittihamlar irəli sürülür ki, bunların sırasında onun sovet hakimiyyətinə qarşı gizli mübarizəsi, hakimiyyətin devrilməsi ilə bağlı silahlı üsyana çağırış, varlıların əmlakının konfiskasiya olunmasına qarşı çıxışlar, "Alka" milli burjuaziya təşkilatının fəal üzvü olması, inqilabaqədərki qazax həyatı və məişətinin təbliği ilə bağlı əsərlər nəşr etdirməsi göstərilirdi.

  Bundan sonra o, dostu, istedadlı şair İlyas Cansuqurovun məsləhəti ilə bir müddət siyasəti buraxıb yaradıcılıqla məşğul olmağa başlayır. M.Auezov iki il yarım istintaq altında yatır. 1932-ci ilin aprelində üç il müddətinə şərti olaraq azadlıqdan məhrum edilir. Sovet siyasi sistemi ilə "dürüst" və "səhvsiz" işləməyə səy göstərdiyi vaxtlarda (10 may 1932-ci il) "Açıq məktub" yazaraq onu "Sosialist Qazaxıstanı" və "Kazaxstanskaya pravda" qəzetləri vasitəsilə özünün "Qaragöz", "Yenlik-Kebek", "Xan Kene", "Qəddar illər" kimi bədii əsərlərindən və qazax ədəbiyyatı tarixi üzrə yazdığı bir sıra tədqiqat işlərindən imtina etməyə məcbur edirlər. M.Auezov olduqca dinamik və yaradıcı insan olduğundan dayanıb durmur. Yazıçılıqla yanaşı, pedaqoji fəaliyyətlə məşğul olur. Qazaxıstan Kənd Təsərrüfatı İnstitutunda qazax dili və ədəbiyyatı müəllimi işləyir, Qazax Pedaqoji İnstitutunda baş müəllim, professor kimi çalışır. Eyni zamanda o dövrdə bir sıra pyeslər, hekayələr, povestlər yazır ki, onların sırasında "Oktyabr üçün" (Oktəbr uşın), "Ayman-Şolpan", "Mübarizə" ("Taptıs"), "Əl-ələ" (Bilikke bilek), "Üç gün" ("Uş kun"), "Həsənin çevrilməsi" ("Kasenin kubılıstarı"), "Tunqi sarın", "Tac tulek", "Akan-Zayra", "İzlər" ("İzder"), "Sıldırım" ("Şatkalan"), "Qum və Əsgər" ("Kum ten Askar"), "Keçmişin kölgəsində" ("Eskilik kölenkesinge") və "Qaraş-Qaraş" xüsusilə qeyd edilməlidir. M.Auezovla bağlı material və sənədlərlə tanış olarkən hiss etmək olar ki, bu illərdə sovet hakimiyyətinin ona münasibəti sanki bir qədər yumşalmışdır. Buna nümunə olaraq 1936-cı ildə M.Auezovun Qazaxıstan MSSR Yazıçılar İttifaqının nümayəndə heyətinin tərkibində Moskvada keçirilən Qazax Ədəbiyyatı və İncəsənəti dekadasının iştirakçısı olduğunu göstərmək olar. Bu dövrdə M.Auezov bədii yaradıcılıqla fəal şəkildə məşğul olmaqla bərabər, bir sıra nəsr və dram əsərləri yaratmışdır ki, onların sırasında "Alma bağında", "Şekerada", "Berkutçu" (Burkitşi), "Ağ qayın" ("Ak kayın"), "Beket", "Kalkaman-Mamır", "Abay" və s. kimi nümunələr diqqəti daha çox cəlb edir. Amma bununla belə, M.Auezovun əsərləri NKVD-nin xoşuna gəlmədiyindən onun kitabları qadağan edilir, özü isə işdən çıxarılır.

  1940-cı ildə M.Auezov kinossenarist kimi çıxış edərək "Reyhan" filmini ortaya qoyur. Rus yazıçısı və dramaturqu Leonid Sobolevlə birlikdə "Səhra nəğmələri" ("Dala jırı") məcmuəsini nəşr etdirir, 1941-ci ildə "Abay" romanı üzərində işi tamamlayır. Böyük Vətən müharibəsi illərində A.Abişevlə birlikdə "Sın saqat" və "Namıs qvardiəsı" pyeslərini yazır. M.Auezov 1943-sü ildən ömrünün sonuna qədər Dil, Ədəbiyyat və Tarix Elmi Tədqiqat İnstitutunun əməkdaşı, Qazaxıstan Dövlət Universitetində Qazax ədəbiyyatı kafedrasının professoru kimi çalışmışdır. 1944-cü ildə "Abay" operasına libretto, 1945-ci ildə "Kınaptan kılış" ("Abay gnderi") filminə ssenari yazmışdır. 1946-cı ildə M.Auezov Abaya həsr olunmuş romanın ikinci kitabı üzərində çalışmağa başlamış, 1947-ci ildə onu nəşr etdirmişdir. 1946-cı ildə o, filologiya elmləri doktoru, professor, Qazaxıstan Elmlər Akademiyasının akademiki seçilmişdir. 1947-ci ildə "Qazaxıstan SSR-nin ədəbiyyat tarixi" və "Qazax sovet ədəbiyyatı tarixi" nəşrinin müəllif kollektivinin rəhbəri olmuşdur. 1940-cı illərin sonunda "Abay" romanı birinci dərəcəli Stalin mükafatına və Qazaxıstan hökumətinin mükafatına layiq görülmüşdür.

  1947-ci ildə Qazaxıstan Kommunist Partiyası "Qazaxıstan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunun işindəki kobud nöqsanlar haqqında" Qərarını qəbul etdikdən sonra M.Auezov yenidən göz altına alınmış, ona rahat ədəbi-elmi fəaliyyətlə məşğul olmağa imkan verilməmişdir. 1952-ci ildə "Abay yolu" romanının birinci kitabı qazax dilində nəşr olunsa da, elə həmin il yanvarın 29-da "Pravda" qəzeti Auezova vətəndaşlıq sayıqlığını itirdiyi ilə bağlı cinayət işi irəli sürmüş, bir gün sonra isə "Kazaxstanskaya pravda" qəzeti həmin məqaləni təkrar çap etmişdir.

  Bundan sonra M.Auezov "burjua-millətçi səhvlərinə görə" universitetdən uzaqlaşdırılmış və Qazaxıstan SSR tarixi çoxcildliyinin müəllif kollektivi sıralarından kənarlaşdırılmışdır. Eyni zamanda qeyd edək ki, o, hələ 1950-ci ildə "Abay" romanının üçüncü kitabını oxuculara təqdim etmişdir. 1951-ci ildə "Şərəf nişanı" ordeni ilə təltif olunsa da, elə həmin ildəcə onun yaradıcılığına qarşı hücumlar başlamış, yenidən fəaliyyətinin tənqidi ilə bağlı kampaniyaya start verilmişdir. Onu "millətçi alaş ordalı" adlandırmaqla Rusiyaya qarşı elementləri özündə daşıyan qazax folkloru nümunələrinin çap edilməsində, "Abay" romanında feodalizmin təbliğində, Qazaxıstan və qazax ədəbiyyatının tarixinin təhrif edilməsində təqsirkar bilmişdilər. 1953-cü ildə həbs edilmə təhlükəsi qorxusu ilə üz-üzə dayandığı vaxtda A.Fadeyev, K.Simonov, V.Kojevnikov, N.Tixonov və başqa bu kimi böyük rus yazıçıları Moskvada onun müdafiəsinə qalxmışlar. 1953-1954-cü illərdə M.Auezov Moskva Dövlət Universitetində "SSRİ xalqları ədəbiyyat tarixi" xüsusi kursundan mühazirələr aparmışdır. 1954-cü ildə Almatıya qayıdıb "Abay yolu" roman-epopeyası üzərində işi tamamlamışdır.

  M.Auezov 1954-cü ildə Moskvada "Abay yolu" tetralogiyasını sona çatdırdıqdan sonra elə Moskvada nəşr olunan "İnostrannaya literatura" və "Drujba narodov" jurnallarının redaksiya heyətinin tərkibinə daxil olmuşdur. İttifaqlar Evinin Sütunlu salonunda Abaya həsr olunmuş təntənəli tədbirdə iştirak etmiş və Almatıya qalib kimi qayıdıb bütün əvvəlki vəzifələrinə bərpa olunmuşdur.

  1955-1957-ci illərdə M.Auezovun seçilmiş əsərlərinin 6 cildliyi, 1956-cı ildə "Beş dost" ("Bes dos") pyesi nəşr edilmişdir. 1957-1961-ci illərdə M.Auezov Qazaxıstan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunda Şifahi xalq ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində işləmişdir. Bir-birinin ardınca onun "Dos-Bedel dos", "Alua", "Asıl nəsinder" bədii əsərləri, "Müxtəlif illərin düşüncələri" ("Mısli raznıx let") və "Abay (İbrahim) Kunanbayev" monoqrafiyası nəşr olunmuşdur. 1959-cu ildə "Abay yolu" roman-epopeyasına görə M.Auezov Lenin mükafatına layiq görülmüşdür. "Qaraş-Qaraş" məcmuəsinin üzərində işləmişdir. Bu isə M.Auezovun bir yazıçı, alim kimi reputasiyasını getdikcə möhkəmləndirmişdir. Bununla belə, yaradıcılığının məsuliyyətli, şəxsiyyətinin bəraət qazandığı bir dövrdə Muxtar Auezov 27 iyun 1961-ci ildə Moskvada əməliyyat olunduğu zaman dünyasını dəyişmişdir. M.Auezov yaradıcılığı qazax nəsri və dramaturgiyasının inkişafında əsaslı rol oynamışdır. Onun "Abay" və "Abay yolu" tetralogiyası, "Qəddar illər" romanı, "Yenlik-Kebek", "Bəybişə-tokal", "Qaragöz", "Gecə gurultusu", "Abay", "Qaraqıpçaq Koblandı" və s. kimi pyesləri qazax dramaturgiyasını dünya mədəniyyəti inciləri səviyyəsinə qaldırmışdır. Auezov qazax folklorunun öyrənilməsində yeni mərhələ açmış, qazax ədəbiyyatşünaslığında abayşünaslığın bünövrəsini qoymuş, qazax akınları Həsən Qayğılı, Şortanbay, Murad və onların Qazax dövlətinin  yaradılması ilə bağlı elmi baxışlarını incələmiş, Dədə Qorqud rəvayət və nəğmələrini öyrənmiş, "Manas" eposu haqqında fundamental elmi əsər yazmış, qazax ədəbiyyatının tarixini dərindən araşdırmışdır. Auezova K.Telcanov, M.Kenbayev, S.Mambeyev, Y.Sidorkin, Y.Vuçetiç, N.Nurmühəmbetov və digər rəssam və memarlar əsərlər həsr etmiş, ona Vətənində çoxsaylı heykəllər qoyulmuşdur. Qazax televiziyasında dahi yazıçı haqqında on iki seriyalı film çəkilmişdir.

  M.Auezovun əsərləri dəfələrlə tərcümə olunaraq dünyanın müxtəlif dillərində nəşr olunmuşdur. Onun haqqında böyük alim və yazıçılardan A.Kurella, Q.Krempiyen, E.Müller, V.Baum, T.Q.Mayoresku, F.Soukup, L.Araqon, A.Stil, R.Berjeron, A.Qatti, İ.Qassel, Q.V.Brandes, V.Vintu, O.Braun, M.Karatayev V.İvanov, Z.Kedrina, İ.Braginski, Y.Lizunova və başqaları yüksək fikir söyləmişlər.

  1997-ci il YUNESKO-nun qərarı ilə bütün dünyada Muxtar Auezovun 100 illiyi geniş şəkildə qeyd olunmuşdur. Muxtar Auezov XX əsr qazax ədəbiyyatında elə bir təkrarolunmaz iz buraxıb ki, onun yaradıcılığını bu günün özündə də müxtəlif prizmalardan təhlillərə cəlb etməyə böyük ehtiyac duyulmaqdadır.

  M.Auezovun istedadlı fikir sahibi kimi Azərbaycanda tanınması, əsasən, onun "Abay yolu" romanı ilə əlaqədardır. Bu əsərdən başqa onun mühüm panoram yaradan digər nümunələri haqqında (bəzi kiçik əsərlərinin tərcüməsi istisna olunmaqla) təsəvvürlər yetərincə məhduddur. Bununla belə, M.Auezovun elə maraqlı əsərləri vardır ki, onlar  uzun zaman kəsiyində qadağan edildiyindən hansı tarixi hadisələri əks etdirməsi, mövzusu, məzmunu, ideyası, hansı obrazları özündə əhatə etməsi ilə bağlı ədəbi ictimaiyyətə geniş məlumat verilməmişdir. Ədibin belə maraqlı əsərləri sırasında digərləri ilə yanaşı, "Aşırımda atəş" və "Qəddar illər" ("Kılı zaman") kimi nümunələrin yeri xüsusilə müstəsnadır. Hələ vaxtilə görkəmli rus yazıçısı Vsevolod İvanovun Muxtar Auezov haqqında ağızdolusu danışması da onun yüksək istedadı ilə bağlı idi. M.Auezov qazax ədəbiyyatına və ədəbiyyatşünaslığına ilk roman-epopeya müəllifi, dramaturq, rus və Avropa klassiklərinin əsərlərinin tərcüməçisi, böyük tədqiqatçı-alim kimi daxil olmuşdur. Yazıçının əsərləri ilə yaxından tanış olarkən ("Yenlik-Kebek", "Qaragöz", "Baybişə-tokal", "Müdafiəsizin günü", "Yasa bürünmüş gözəl", "Boz Qəddar", "Aşırımda atəş", "Qəddar illər" və s.) görürük ki, Muxtar Auezov yazıçı gəncliyilə həyat yaşamayıb, sanki birdən-birə qazax ədəbiyyatına ilk nəhəng işıqlı ulduz kimi daxil olmuşdur. Onun əsərlərinin episentrində adi insanların əzabları, istismara boyun əyməməsi və s. özünəməxsus şəkildə işıqlandırılırdı.

  Müasir mərhələdə qazax ictimai-fəlsəfi və sosial-estetik fikrində nəzərəçarpacaq yer tutmuş Muxtar Omarxan ulı Auezovun yaradıcılıq irsinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Bu, ilk növbədə, XX əsrin 60-cı illərinə qədər mövcud olan ictimai-siyasi sistemin M.Auezovun ədəbi-estetik baxışlarında nəzərəçarpacaq iz buraxması ilə əlaqədardır. Eyni zamanda bu da qeyd edilməlidir ki, ideoloji buxovları olduqca güclü və amansız olan bolşevik hakimiyyəti dövründə həyata milli mövqedən  yanaşan Muxtar Auezovun əsərlərinə partiya basqısı nə qədər güclü olsa da, onlarda qazax xalqının mövcud və gələcək tarixi taleyinə işıq salınır, ona təəssübkeşlik edilir. Türk xalqlarının, o cümlədən qazaxların tarixi taleyinə Rus imperiyasının, bolşeviklərin, kommunist partiyası funksionerlərinin vurduğu zərbə son onilliklərdə tarix, etnoqrafiya, folklor, ədəbiyyat və s. sahəsində araya-ərsəyə gələn tədqiqatlarda yetərincə və bütün çılpaqlığı ilə ortaya qoyulmaqdadır. Eyni zamanda bu da müəyyən olunmuşdur ki, bəhs etdiyimiz mərhələdə qazaxların siyasi müstəqillik qazanmasına siyasi partiya və qüvvələr heç cür imkan verməsə də, M.Auezov, İ.Cansuqurov, Ə.Baytursınulı S.Seyfullin və başqa bu kimi milli mədəniyyət və ədəbiyyat mücahidləri doğma xalqın gələcəyi uğrunda həm siyasi, həm ictimai, həm də ədəbi cəbhədə durmadan mübarizə aparmışlar.

  Muxtar Auezovun nəzəri baxışları XX əsrin əvvəlləri və sovet dövründə sovet imperiyasının qazaxlara və müstəmləkə şəraitində yaşayan digər xalqlara qarşı apardığı ideoloji konsepsiyasının iç üzünü göstərməklə yanaşı, həm də  ədibin bədii yaradıcılığının dərin qatlarının açılmasına şərait yaradır. M.Auezov yaradıcılığı bariz şəkildə nümayiş etdirir ki, bir insan eyni zamanda həm yüksək sənət nümunələri yarada bilir, həm də bədii təcrübəni nəzəri baxımdan ümumiləşdirməyə müvəffəq olur. Elə buna görə də bu sənətkarın bütün yaradıcılığı gerçəkliyə praqmatik münasibətin təzahürü kimi diqqət mərkəzindədir. Muxtar Auezov XX əsr qazax folklorunun, eposunun, mədəniyyətinin, ədəbiyyatının, onun səhra psixologiyasının bütün əzəmətini və vicdanını özündə şərəflə daşıyan xalqın dahi oğludur. Muxtar Auezov müasirimizdir!