Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Ədəbiyyatın əbədiyyət rəmzi - Akademik İsa Həbibbəyli

25-10-2022 [ 11:35 ] [ oxunub:41 ]
printerA+ | A-
102801

     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi Sərəncamı ilə görkəmli romantik şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 140 illiyi ölkəmizdə yüksək səviyyədə və geniş şəkildə qeyd olunur. Möhtərəm Prezidentimizin Sərəncamında deyildiyi kimi, "filosof-şair Hüseyn Cavid Azərbaycan poeziyasında fəlsəfi lirikanın dəyərli nümunələrini meydana gətirmiş, humanist ideyalar uğrunda mübarizəyə səsləyən mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələnin təməlini qoymuşdur" . Həqiqətən də XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" ədəbi məktəbinin, Mirzə Ələkbər Sabir satirik şeir məktəbinin əsasını qoyduğu kimi, Üzeyir Hacıbəylinin ilk Azərbaycan operasını səhnəyə çıxarması səviyyəsində Hüseyn Cavid də Azərbaycan ədəbiyyatında romantik şeirin, mənzum romantik dramaturgiyanın və nəhayət, romantizm ədəbi cərəyanının banisi olaraq qəbul edilir. Bu mənada Hüseyn Cavidin çoxcəhətli və zəngin yaradıcılığı çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində yeni və mühüm bir mərhələ təşkil edir.

    Məlum olduğu kimi, Azərbaycan ədəbiyyatında romantik poeziya əsasən qədim dövr və orta əsrlərdə inkişaf etmiş, özünün böyük ənənələrini və qüdrətli korifeylərini yetişdirmişdir. Lakin Azərbaycan klassik şeiri nümunələrinə XVII-XIX əsrlərdə o qədər nəzirə və bənzətmələr yazılmışdır ki, poeziya həmin epiqon ədəbiyyatın təsiri altında olmuş və inkişaf edə bilməmişdir. Buna görə də Mirzə Fətəli Axundzadə bütövlükdə ədəbiyyatı, xüsusən də şeiri klassik romantik lirika ənənəsinin "əsarətindən" xilas etmək üçün nəzirə ədəbiyyatına qarşı mübarizə aparmış və hətta daha çox təsir dairəsinə malik olan orta əsr Azərbaycan lirikasının böyük ustadı Məhəmməd Füzulinin xidmətlərini inkar edərək, onu "nazimi ustad"  adlandırmağa məcbur olmuşdur. Beləliklə, Hüseyn Cavidin yaradıcılığa başladığı XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında artıq bir əsr idi ki, romantik şeir dövrü arxada qalmışdı. Artıq Qasım bəy Zakirin və Seyid Əzim Şirvaninin realist üslubda yazılmış şeirləri meydan oxumaqda idi. Buna baxmayaraq, Hüseyn Cavid Naxçıvan şəhərindəki "Tərbiyə" məktəbinin şagirdi ikən müəllimi, böyük maarifçi şair Məhəmməd Tağı Sidqinin təsiri ilə klassik lirika üslubunda şeirlər yazmağa başlamışdır. Və hətta Məhəmməd Tağı Sidqi "Gülçin" təxəllüsü ilə klassik üslubda şeirlər yazan şagirdinin ilk qələm təcrübələrini yüksək qiymətləndirərək demişdir: "Mən atan Molla Abdullanın yerinə olsaydım və Gülçin kimi bir şair oğlum olsaydı, rövzəxanlığı buraxıb, xanəndəlik edərdim və həmişə Racinin yox, öz oğlumun şeirlərini oxuyardım" .

   XX əsrin əvvəllərində baş vermiş böyük ictimai-siyasi hadisələr Azərbaycan ədəbiyyatında bütün istiqamətlər üzrə Abbas Səhhətin sözləri ilə desək, "təzə səpkidə"  yeniləşmə hərəkatına geniş yol açmışdır. Bu baxımdan, təzə əsrin ibtidasında Azərbaycan ədəbiyyatında gerçəkliyi fəsahət və bəlağətlə və...xəyalati-mühəyyicə ilə (xəyallardan düzəldilmiş fikirlərlə)   tərənnüm edən romantik şeir  də yenidən dirçəlmiş və daha da inkişaf etmişdir. Hüseyn Cavidin lirikası da bu zəmində XX əsrin əvvəlləri Azərbaycan romantik şeirinin  mühüm ədəbi hadisəsi kimi meydana çıxmışdır. Görkəmli romantik şair böyük ədəbi ənənəsi olan  Azərbaycan romantik şeirini yeni mövzular, milli və bəşəri ideyalarla daha da zənginləşdirmiş və poetik forma baxımından şeirdə bır sıra islahatları həyata keçirmişdir. Əvvəla, o, Azərbaycan poeziyasında ilk dəfə olaraq klassik lirikadakı qəzəl-qəsidə janrlarındakı beytlərlə xalq-aşıq şeirindəki bəndlərin  növbələşməsi əsasında yeni tipli şeirlər yazmışdır. İkincisi, Hüseyn Cavid əruz vəzni ilə heca vəzninin müştərək iştirakı ilə fərqli şeirlər yaratmışdır. Novator şair hətta əruz vəzninin çoxəsrlik Azərbaycan poeziyasında işlədilməmiş yeni bir formasını yaratmağa nail olmuşdur ki, məşhur əruzşünas alim Əkrəm Cəfər bunu "Cavid həcəzi"  adlandırmışdır. Bundan başqa, Hüseyn Cavid özünə qədər Azərbaycan poeziyasında heca vəzninin az müraciət edilmiş on ikilik, on üçlük, on dördlük, on beşlik, on altılıq kimi çoxhecalı şəbəkəsini yaratmışdır. Hüseyn Cavidin lirik qəhrəmanı da klassik lirikada şəbi-hicran odunda şam kimi əriyib yanan pərvanələr deyil, zavallı öksüz ənvərlər, sahibsiz kiçik sərsərilər,  fəryadları qəlbləri titrədən solğun mənəkşələr idi. Cavid şeirinin lirik qəhrəmanları XX əsrin əvvəlləri Azərbaycan tənqidi realist ədəbiyyatındakı Noruzəlilərin, usta Zeynalların, bir sözlə, kiçik adamların romantik lirikadakı bacı-qardaşları idilər. Lakin "kiçik adam"ları tənqid etməklə ayıltmaq istəyən mollanəsrəddinçilərdən fərqli olaraq, Hüseyn Cavid və digər Azərbaycan romantikləri "atiq adam" kimi atılmış bu zavalı insanların yanıqlı taleyini, ümidlərini düşüncələrini və xəyal dünyasını tərənnüm etməklə onları cəmiyyətin diqqət mərkəzinə çəkmək məqsədini izləmişlər.

    Hüseyn Cavid çoxəsrlik Azərbaycan şeirini yeni janrlarla daha da zənginləşdirmişdir. Böyük şair ilk dəfə olaraq XX əsrin əvvəlləri Azərbaycan poeziya Qərb şeiri üçün səciyyəvi olan sonet janrını gətirmişdir. Cavid əfəndinin "Mən istərim ki,", "Çəkinmə, gül" şeirləri italyan soneti formasında, "Hər yer səfalı, nəşəli" və "Qəmər" şeirləri isə ingilis soneti şəklində yazılmışdır. Hüseyn Cavid XX əsrin əvvəllərində "İbtilayi-qəram" şeiri ilə Azərbaycan şeirində quyruqlu sonetin də ilk nümunəsini yaratmışdır. Onun "Neçin" şeirində sonet əklili şeir formasının əlamətləri müşahidə olunur. Ən əhəmiyyətlisi isə ondan ibarətdir ki, Hüseyn Cavid "Bu gecə" şeirində Avropa sonetlərindəki 4 misralı katrenləri 5 misralı bəndlərə, Qərb standartlarındakı 3 misradan ibarət olan tersetləri 4 misradan təşkil edilən bənd şəklinə çevirməklə sonet janrının Azərbaycan variantını meydana qoymuşdur. Bu yolla poeziyamızda böyük ənənəsi olan müxəmməslərlə qoşma janrının bənd sistemi əsasında milli Azərbaycan soneti modeli yaradılmışdır. Hüseyn Cavidin "Bu gecə" şeiri Azərbaycan sonetinin ilk modelinə çox təəssüf ki hələ də yeganə nümunədir:

 

Dərin-dərin uçurumlar, vərəmli fırtınalar,

Bütün-bütün sıqıb əzməkdə ruhumu bu gecə.

Səninlə, ah, sənin yadi-həsrətinlə yanar,

Yanar, səni anarım, dilbərim! Fəqət səncə,

Bu bir həyati-müxəyyəl, həzin bir əyləncə...

                           ***

Gözəl mələk! Gecələr daima səmayə baqar,

Qəmərdən, ah... o soluq çöhrədən səni sorarım.

Onun ziyayi-rəqiqilə həp uçar, qalqar,

Arar, bulur, səni dinlər kədərli duyğularım,

Kəsik təranələrim, həp zəhərli qayğılarım.

Bütün cahan uyuyor, kainat həp dalğın...

Məgər xəyali-bəidinlə ruhi-məcruhum,

Qəmərdə birləşərək pək acıqlı, pək çılğın

Bir iştiyaq ilə giryandır, ey mənim ruhum!

                           ***

Sizin üfüqdə qəmər böylə, pəkmi nazlı doğar?

Nədən cəbini-lətifin səhabəpuşi-hicab!?

Hərimi-nazinə pərvaz edən şüai-nəzər,

Qalır zülami-təhəyyürdə münkəsir, bitab...

 

Hüseyn Cavid eyni zamanda yeni dövr Azərbaycan romantik lirikasında marş janrının da ilk yaradıcısıdır. Ümumiyyətlə, himn və marş janrları, o cümlədən də Hüseyn Cavidin marşları XX əsrin əvvəllərində baş vermiş böyük siyasi hadisələrin təsiri ilə meydana çıxmış çağırışları ifadə edən şeirlər kimi yaranmışdır. Hüseyn Cavid özü də 1917-ci ildə yazdığı "Şeyda" pyesində əsərin əsas obrazlarından olan Raufun dili ilə Bakı mətbəə fəhlələrinin çağırışları kimi səsləndirilmiş səfərbərlik ruhu şeiri "Marselyozu andıran gurultulu və həyəcanlı marş"  adlandırmışdır. "Şeyda" pyesində verilmiş "Mürəttiblər marşı" Azərbaycan şeiri tarixində, marş janrında yaradılmış ilk şeirdir:

Yaş zindanlar yuvamız,

Fəlakət aşinamız:

Ordular yıxan qurşun,

Olmuş bizim qidamız.

              ***

Arkadaş, göz aç, aman!

Qalx ölüm uyqusundan!

Zülmə çox əydin boyun,

Çox əzildin, qalx, oyan! 

 

     XX əsrin əvvəllərində şərqilərin və türkü janrında yazılmış şeirləri də ilk müəlliflərindən biri Hüseyn Caviddir. Bu janrlarda meydana çıxmış şeirlər daha çox Hüseyn Cavidin dram əsərlərində əsərin bədii-emosional səviyyəsini artırmağa xidmət etmiş, bəzən isə obrazların ərzi-halını ifadə edən mahnı kimi səsləndirilmişdir. Bütün bunlara görə Hüseyn Cavid Azərbaycan romantik şeirini XX əsrin əvvəllərində yenidən canlandırmış və yüksək inkişaf mərhələsinə çatdırmış novator şairdir. Bundan başqa, o, Azərbaycan romantik şeirində fəlsəfi lirikanın da əsas yaradıcılarından biridir.

    Azərbaycan ədəbiyyatında romantik mənzum faciə janrının yaranması və inkişafı da birbaşa Hüseyn Cavidin adı ilə bağlıdır. Hüseyn Cavidə qədər XIX əsrdə  Azərbaycan ədəbiyyatında Mirzə Fətəli Axundzadə tərəfindən komediya janrında qiymətli ədəbi əsərlər yaradılmış, XX əsrin əvvəllərində dram sənətinə Cəlil Məmmədquluzadənin alleqorik dram və tragikomediyaları da əlavə olunmuşdur. Mərasim folklorundakı şəbih səhnəciklərini nəzərə almasaq, Hüseyn Caviddən əvvəl Azərbaycan ədəbiyyatında mənzum dram ənənəsi olmamışdır. Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişafı yolunda ilk dəfə olaraq Hüseyn Cavid möhtəşəm mənzum dramlar yaratmışdır. Hüseyn Cavidin əksər faciələri və tarixi dramları mənzum olmaqla yanaşı, həm də romantik-fəlsəfi xarakterə malik dram əsərləri kimi də tam yeni hadisə idi. Doğrudur, Hüseyn Cavid "Maral", "Şeyda", "Topal Teymur", "İblisin intiqamı" kimi nəsrlə yazılmış dram əsərləri də XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında dramaturgiyanın mövqelərini möhkəmləndirməyə uğurla xidmət göstərmişdir. Lakin Hüseyn Cavid qüdrətli bir sənəkar kimi Azərbaycan ədəbiyyatından möhtəşəm yeri onun "Şeyx Sənan", "İblis" və "Xəyyam" kimi mənzum dramları ilə müəyyən olunur. Adı çəkilən bu dram əsərləri Azərbaycan ədəbiyyatının şedevrləridir. Həmin dram əsərlərini dünya dillərinə mükəmməl surətdə tərcümə edərək, Qərb və ya Şərq ölkələrində tamaşaya qoymaqla dramaturgiyanın Azərbaycan brendini beynəlxalq səviyyədə təqdim etmək mümkündür.

   Hüseyn Cavidin mənzum romantik dramları və faciələri böyük ideallar, xarakterlər və ehtiraslar dramaturgiyasıdır. "Hər qaranlıqla çırpınır bir nur, hər həqiqətdə bir xəyal uyuyur" yaxud "Ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də zəhərli" və ya "İblis nə demək? Cümlə xəyanətlərə bais, ya hər kəsə xain olan insan nədir? - İblis!", və yaxud "Məhəbbətdir ən böyük din" kimi çoxsaylı dərin fəlsəfi fikirlər Hüseyn Cavidin dramaturgiyasında səsləndirilən, bəşəri məzmuna və geniş müasirlik imkanlarına malik olan aforizmlərdir. Məhz Hüseyn Cavidin dramaturgiyası vasitəsilə ədəbiyyatımıza Şeyx Sənan və Xumar, Cəlal və Göyərçin, İblis və Arif, Səyavuş və Rüstəm kimi bir-birindən fərqli romantik xarakterə malik olan bənzərsiz insanların, Teymur, İldırım Bəyazid, Xəyyam kimi ədəbi-tarixi şəxsiyyətlərin surətləri gətirilmişdir.

   XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının yaradılması və inkişafında Hüseyn Cavidin müstəsna xidmətləri vardır. Hüseyn Cavid müasirləri olmuş digər görkəmli romantik yazıçı və şairlər: Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq və başqaları ilə birlikdə romantik ədəbiyyat cəbhəsində ardıcıl olaraq çalışmaqla romantizm ədəbi cərəyanının  formalaşmasında çox fəal və yaxından iştirak etmişdir. Doğrudur, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanı əsasən ilkin olaraq Əli bəy Hüseynzadənin "Füyuzat" jurnalının bazasında formalaşmışdır. Lakin məlum olduğu kimi, 1906-cı ildə fəaliyyətə başlayan "Füyuzat" jurnalı cəmi bir ildən sonra, yəni 1 noyabr 1907-ci ildə bağlanmış və jurnalın baş redaktoru Əli bəy Hüseynzadə qısa bir müddətdə Bakıda maarifçilik fəaliyyəti ilə məşğul olmuş və 1909-cu ildə Türkiyəyə köçməli olmuşdur. Digər görkəmli romantik şair Məhəmməd Hadi də XX əsrin əvvəllərində bir müddət Türkiyədə mətbuat sahəsində çalışmış, I Dünya müharibəsi cəbhələrində Azərbaycandan kənarda fəaliyyət göstərmişdir. Şamaxıda yaşayan Abbas Səhhət və Bakıda çalışan Abdulla Şaiq isə həm realist və həm də hər iki istiqamətdə yazıb yaratdıqları və əsasən maarif cəbhəsində çalışdıqları üçün ədəbiyyatın bu istiqamətdəki inkişafına ciddi təsir göstərmək imkanlarına malik deyildilər. Hüseyn Cavid isə 1905-ci ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsini bitirib, vətənə qayıtdıqdan sonra Azərbaycan ədəbiyyatının əsas inkişaf mərkəzlərindən olan Bakıda, Tiflisdə, Naxçıvanda və Gəncədə  yaşayıb-yaratmış, ölkə mətbuatında ardıcıl olaraq şeirlərlə çıxış etmiş, şeir kitablarını nəşr etdirmiş, dram əsərlərini səhnədə göstərmiş və böyük maraqla qarşılanmışdır. Bütün bunlara görə romantizmin ədəbi cərəyan kimi "Füyuzat" jurnalı zəminində ədəbi cərəyan kimi ilkin formalaşması dövründən sonrakı inkişafında Hüseyn Cavidin xüsusi xidmətləri olmuşdur. O, XX əsrin əvvəllərində müasirləri ilə birgə geniş əlaqə şəraitində yazıb-yaratmış, romantik ədəbiyyata gətirdiyi yeni mövzular və ideyalarla, fərqli janrlar və obrazlarla ədəbi mühitə daha fəal təsir göstərmişdir. Beləliklə, Hüseyn Cavid Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas yaradıcısı missiyasını yerinə yetirmişdir. Buna görə də digər Azərbaycan romantiklərinin də xidmətlərini yüksək qiymətləndirməklə bərabər, deyə bilərik ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsaslarını yaratmış və bu ədəbi cərəyanın banisi və yaradıcısı olmuşdur.

    Azərbaycan ədəbiyyatında romantizmin estetikası və poetikası romantik müasirləri arasında ən geniş və sistemli şəkildə Hüseyn Cavidin yaradıcılığında öz əksini tapmışdır. Azərbaycan romantizminin ideya əsaslarının yaradılmasında, ədəbi istiqamətlərinin müəyyən edilməsində, romantik şeirin poetik formalarının yeniləşdirilməsi və zənginləşdirilməsində Hüseyn Cavidin xüsusi xidmətləri vardır. Fikrimizcə, Hüseyn Cavidin çoxcəhətli yaradıcılığı olmadan Azərbaycan ədəbiyyatında romantizmin ədəbi cərəyan səviyyəsinə çatdırılması çətin ki, mümkün ola bilərdi. Yeni Azərbaycan romantikləri ədəbi nəsli daha çox Hüseyn Cavidin bütöv parlaq şəxsiyyətinin və böyük sənətinin zəminində formalaşmışdır. Hüseyn Cavid Azərbaycan romantizminin formalaşdırılması və inkişafında əsas ədəbi fiqurdur. Hüseyn Cavid ölməz əsərləri ilə Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas ideya-estetik, milli-ədəbi və ictimai-bəşəri dəyərlərini yaratmış, inkişaf etdirmiş, romantik sənətin bənzərsiz poetikasını meydana qoymuşdur. Sonrakı dövrlərdə də Azərbaycan ədəbiyyatında romantik ənənənin yaradılması və yaradıcı şəkildə davam etdirilməsi Hüseyn Cavidin adı ilə bağlı olan ənənələrlə üzvi surətdə əlaqədardır. Azərbaycan ədəbiyyatında romantizm dedikdə ilk növbədə Hüseyn Cavid yada düşür. Hüseyn Cavidin adı ədəbiyyatda romantizm ədəbi cərəyanı məfhumu ilə sinonimdir. Azərbaycan ədəbiyyatında XX əsrin əvvəllərindən başlayıb bizim günlərə qədər davam edən romantik şeir və mənzum dram ənənələrinin inkişaf etdirilməsində Hüseyn Cavidin müstəsna xidmətləri xüsusi ehtiramla qeyd edilməyə layiqdir.

   Hüseyn Cavidin dram əsərləri XX əsrin əvvəllərindən etibarən Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulmuşdur. İndi də ölkəmizin teatrları Hüseyn Cavidin dramaturji irsinə ardıcıl olaraq müraciət edirlər. Ölkəmizdə cəmisi bir neçə görkəmli sənətkarın adı ilə bağlı teatr məktəbləri yaranmışdır ki, onlardan biri də Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, İlyas Əfəndiyev teatrı ilə yanaşı, həm də Hüseyn Cavid teatrıdır. Görkəmli teatrşünas, professor Cəfər Cəfərovun sözləri ilə desək, Hüseyn Cavid Azərbaycan teatrının tarixində "özünəməxsus xüsusiyyətlərə, fərqli estetik prinsiplərə əsaslanan bir teatr, bir səhnə sənəti bir səhnə üslubu" , daha açıq desək, milli romantik məktəbini yaratmışdır. Hüseyn Cavid Azərbaycanda romantik teatr məktəbinin banisidir.

   Yeni dövr Azərbaycan romantik ədəbiyyatının böyük korifeyi Hüseyn Cavidin ədəbiyyatın və ictimai fikrimizin inkişafındakı rolu və xidmətləri Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Hüseyn Cavidin ölməz sənətinə yüksək qiymət vermiş və qüdrətli sənətkarın adının ədəbiləşdirilməsi sahəsində tarixi xidmətlər göstərmişdir. Azərbaycan KP Mərkəzi Komitəsinin 1981-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə əlaqədar qərar qəbul etməsi əsassız yerə repressiya qurbanı olmuş və yalnız 1957-ci ildə günahsız hesab edilmiş Hüseyn Cavidə verilmiş həqiqi siyasi bəraətin ifadəsidir. "Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında"kı qərarındakı aşağıdakı müddəalar böyük mütəfəkkir sənətkarın ölməz sənətinə dövlət səviyyəsində bəslənilən yüksək münasibəti diqqətə çatdırır: "Hüseyn Cavidin tarixi, aşiqanə-fəlsəfi mövzularda yazılmış ... pyesləri nəinki Azərbaycan, həm də bütün çoxmillətli sovet mədəniyyətinin inciləridir. Bu əsərlərdə ... romantik yazıçının yüksək humanist idealları, əfsanəvi qəhrəmanların, şairlərin və mütəfəkkirlərin həyatsevərliyi və azadfikirliyi dərin əksini tapmışdır. Hüseyn Cavid obrazları səhnə mədəniyyəti xadimlərinin bütöv bir nəsli üçün məktəb olmuşdur. Hüseyn Cavidin incə lirizm və dərin psixologizmlə, humanizm və beynəlmiləlçiliklə aşılanmış əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olmuşdur".

   Eyni zamanda, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi və iştirakı ilə 1982-ci ildə Hüseyn Cavidin nəşinin uzaq Sibirin repressiya qurbanları qəbiristanlığından Azərbaycana gətirilməsi sovet hakimiyyəti dövründə əlçatmaz bir əfsanənin həyata keçirilməsinin real təntənəsi olan misilsiz siyasi-tarixi hadisədir. Bu baxımdan Hüseyn Cavidin anadan olmasının 140 illik yubileyinin qeyd edilməsinin "Heydər Əliyev İli"nə təsadüə edilməsi tamamilə qanunauyğun olub, dahi sənətkarın siyasi-ədəbi taleyində məhz ulu öndərlə başlanmış böyük ənənənin müasir şəraitdə müasir şəraitdəki davamı kimi səslənir.

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hüseyn Cavidin anadan olmasının 140 illiyinin qeyd edilməsi haqqındakı 24 sentyabr 2022-ci il tarixli Sərəncamı xalqımızın böyük sənətkarına müstəqil dövlətimizin verdiyi yüksək dəyərin əməli ifadəsidir. Sərəncamda böyük mütəfəkkir sənətkarın böyük sənəti və parlaq şəxsiyyətinin mahiyyəti və əhəmiyyəti bütün reallıqları və özünəməxsusluqları ilə obyektiv mövqedən qiymətləndirilir: "Hüseyn Cavid fəlsəfi müdrikliyin və bədii kamilliyin ahəngdar vəhdətini dolğun təcəssüm etdirən yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazmışdır. O, bütün ədəbi fəaliyyəti boyu həqiqəti, insanpərvərliyi və gözəlliyi tərənnüm etmişdir. Şərq poetik fikri zəminində yüksələn və dünya romantizm ənənələrindən uğurla bəhrələnən filosof-şair Azərbaycan poeziyasında fəlsəfi lirikanın dəyərli nümunələrini meydana gətirmişdir. Qüdrətli sənətkar humanist ideallar uğrunda mübarizəyə səsləyən mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələnin təməlini qoymuşdur.

   ...Hüseyn Cavid sovet rejiminin ən sərt təzyiqləri şəraitində belə mənən sarsılmayaraq şəxsiyyətinin bütövlüyünü ləyaqətlə qorumuşdur. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Cavidin nəşinin 40 il öncə uzaq Sibirdən vətəninə gətirilməsi və məzarı üzərində məqbərənin ucaldılması adı sovet totalitarizminin günahsız qurbanlarının" rəmzinə çevrilmiş sənətkarın və ...Repressiyalara uğramış Azərbaycan ziyalılarının xatirəsinə ehtiramın ifadəsidir.

   İndi Hüseyn Cavidin yubileyi dahi şair-dramaturqun arzu etdiyi müstəqil Azərbaycan dövlətində və onun özünün ərazi bütövlüyünə qovuşmuş və inkişaf etmiş azad vətənində qeyd olunur.

  Hüseyn Cavid vaxtilə şeirlərindən birində doğma vətəninə yüksək münasibətini aşağıdakı kimi mənalandırmışdır:

 

Deyir göydə baxçalar var,

Orda çiçəklər nur saçar,

İnsan mələk kimi uçar,

İstəməm, masaldır onlar.

Mən vuruldum yalnız sana,

Vətən, ah sevgili ana!

 

   Bu gün Hüseyn Cavidin ölməz adı da, böyük sənəti də doğma vətənində sevilir, öyrənilir və yüksək qiymətləndirilir.

   Hüseyn Cavid Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatındakı daimi nümayəndəsidir.

   Hüseyn Cavid sənəti ədəbiyyatın əbədiyyət rəmzidir.

SİZƏ MARAQLI OLA BİLƏR