Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

"Sabir yaşasaydı..." - Mirzə Bala Məhəmmədzadə (Nikpur Cabbarlının təqdimatında)

31-05-2022 [ 15:36 ] [ oxunub:45 ]
printerA+ | A-
102456

 

"Sabir yaşasaydı..." və ya Mirzə Bala Məhəmmədzadənin "Kommunist" qəzetinə cavabı

Azərbaycan ədəbiyyatının qüdrətli simalarından olan Mirzə Ələkbər Sabirin yaradıcılığı haqqında mühacirət ədəbiyyatşünaslığında da diqqətəlayiq araşdırmalar vardır. M.Ə.Rəsulzadənin, M.B.Məhəmmədzadənin, Ə.Yurdsevərin, Ə.Cəfəroğlunun və digər mühacir müəlliflərin əsərlərində Sabirin milli ədəbiyyat tariximizdəki rolu obyektiv dəyərləndirilmiş, dahi söz ustasının sənət özəllikləri, siyasi, fəlsəfi, estetik görüşlərinə dair orijinal fikirlər söylənilmişdir. Biz bu barədə "Sabir mühacirət ədəbiyyatşünaslığında" məqaləmizdə ("Ədəbiyyat qəzeti", 30 may 1997) və "Mühacirət və klassik ədəbi irs" monoqrafiyamızda (Bakı: Elm, 2003, s.127-135) ətraflı bəhs etmişik.  

Dahi şairin 160 illik yubileyi ərəfəsində isə Azərbaycan milli hərəkatının və siyasi mühacirətinin görkəmli şəxsiyyətlərindən olan Mirzə Bala Məhəmmədzadənin indiyədək elmi dövriyyədən kənarda qalmış "Sabir yaşasaydı.." məqaləsini təqdim edirik. M.Ə.Sabirin vəfatının 25 illiyi münasibətilə "Kommunist" (Bakı) qəzetində dərc edilmiş bir xatirəyə cavab kimi qələmə alınmış bu yazı Azərbaycan mühacirətinin mətbu orqanı olan "Qurtuluş" (Berlin) məcmuəsinin 1936-cı il 23-cü sayında (s. 7-9) işıq üzü görmüşdür. Sözügedən məqalə bir çox yönləri ilə aktualdır, günümüzün geosiyasi prosesləri ilə səsləşir. Məqalənin sonuna əlavə edilmiş şeir mövzunu tamamlayır, eyni zamanda, M.B.Məhəmmədzadənin poetik istedadı barədə də təsəvvür yaradır.

Mətn çağdaş Azərbaycan dilinin orfoqrafiyasına uyğunlaşdırılmış, müəllifin dili və üslubu isə saxlanılmışdır.

Nikpur Cabbarlı,

filologiya elmləri doktoru,

Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı

 

Mirzə Bala MƏHƏMMƏDZADƏ

Sabir yaşasaydı...

Böyük milli şairimiz Sabirin ölümündən 25 yıl keçməsi münasibətilə Bakıda intişar edən türkcə "Kommunist" qəzetəsinin 24.7.36 tarixli sayısında çıxan iki yazıdan biri "Sabirin xəstəliyi" başlığını daşıyır ki, yazanı da "Molla Nəsrəddin" ərkanından M.Əli Sidqidir.

M.Əli Sidqinin bu yazısı Sabirin xəstəlik və ölümündən bəhs edən və 15 yıl əvvəl bir dəfə nəşr olunmuş bir xatirədir. Fəqət, bu 15 yıl zərfində bir çox şeylər dəyişməyə məruz qaldığından insan xatiratında da təhəvvülat (dəyişmə - N.C.) baş verəcəyini nəzərə alan mühərrir 15 yıl əvvəl çox obyektiv olan xatiratına şu kəhanəti də əlavə etməyə lüzum görmüşdür:

"Sabir bütün həyatında arzu etdiyi bu xoşbəxt (?!) günlərdə böyük Lenin-Stalin firqəsinin rəhbərliyi ilə qurulmaqda olan sosializm epoxasında insanlara olan Stalin qayğısını görməyərək həsrət ilə bu dünyadan getdi".

Yalnız M.Əli Sidqi bir şeyi unutmuş, Sabirin ölmədən bu xüsusda çəkmiş olduğu teleqrafı dərc etməmiş. Onu da dərc etsəydi, xatirat muzeyə qoyulacaq qədər mükəmməl olurdu. Fəqət, bunları keçəlim.

Bu parçadakı fikirlər üzərində də durmayalım. Tutalım ki, Sabir ölməmiş və Mirzə Cəlil Məhəmmədquluzadə dəxi yaşamaqdadır. Yenə fərz edəlim ki, "Molla Nəsrəddin" də çıxıyor və Məhəmməd Əli Sidqi də Ömər Faiq və Sabirlə birlikdə bu məcmuədə çalışıyorlar. Yenə öylə zənn edəlim ki, bolşevik istilası üzərinə Mirzə Cəlil "Molla Nəsrəddin"i qoltuğuna alaraq Təbrizə qaçmamış və orada nəşriyyatına davam edərkən Əliheydər Qarayevdən "maarif naziri oldunuz" şəklində aldadıcı dəvətiyyə falan da almamış və Bakıya gəldikdən sonra Mirzə Cəlilin xəbəri olmadan və onun arzusu xilafına məcmuəsi "Qırmızı Molla Nəsrəddin" şəklinə dəxi düşməmişdir.

"Molla Nəsrəddin" Mirzə Cəlilin mətbuat və fikriyyat tariximizə təqdim etdiyi bir şah əsərdir. Onun yaradıcısı Mirzə Cəlil Məhəmmədquluzadə idi. Sabir onun sayəsində qol-qanad açdı. Və onun göstərişləri, irşadəti ilə açılıb yüksəldi. Sabirin yaratdığı əsərlərdəki fikirlər Mirzə Cəlilin ideləri (ideyaları - N.C.) idi. Sabirin şeirləri ilə Mirzə Cəlilin nəsrlərini birləşdirdiyimiz zaman bu iki şəxsiyyəti də birləşdirmiş oluruz. Bu iki şəxsiyyət zatən iki vücudda bir ruh idilər. Mirzə Cəlil qızıl istila dövründə nə gibi müamiləyə məruz qaldı isə, Sabir dəxi öylə olacaqdı. Mirzə Cəlil sovet dövründə nə yaratdı? Nə yarada bildi? Onun sərbəst yaradıcılığına imkan verildimi? Verilə bildirildimi? Onun bir şah əsər olan "Ölülər"i niçin oynanmıyor? Onun "Anamın kitabı" neredə? Onun "Kamança"sı niçin yasaq edildi?

Əsasən, o, Təbrizdən niçin aldadılaraq gətirildi? Onun ağzını yummaq, qələmini qırmaq və adını istismar etmək üçün deyilmi?

Mirzə Cəlili yaxından tanıyanlar (ki M.Əli Sidqi daha yaxından tanıyordu, zənn edərim) o böyük ədibimizin qəlbən böyük və dərin faciə yaşadığını bilirlər. O, iztirab çəkiyordu və sözün tam mənası ilə ağlıyordu. O, sovet rejiminə bütün  mövcudiyyəti ilə bir nifrət duyuyordu.

Əli Nazim Sabir haqqındakı yazısında "Sabiri milliyyətçilər, müsavatçılar öldürdü" diyor. Halbuki Sabirlə müsavatçılar arasında yıllar dolusu bir dövr vardır. Mirzə Cəlil isə daha sərbəst çalışa bilmək məqsədi ilə qaçdığı xaricdən aldadılaraq gətirildi və həqiqətən də öldürüldü. Binaənəleyh, Sabir yaşamış olsaydı, nə olacaqdı?

Sabir köylünün amansız istismarına qarşı üsyan şeirləri yazmışdır. Əcəba, köylümüz şimdi daha azmı istismar ediliyor?

Sabir Azərbaycan köylüsünün bir sinif olaraq  imhasına qarşı, şübhəsiz ki, üsyan edəcəkdi. Buna imkan veriləcəkmi idi? Bütün türklüyü, bütün islamları birləşdirməyə və yüksəlməyə çağıran Sabir Azərbaycanın 15 millətə parçalanmaqda olduğuna nasıl laqeyd qala bilirdi? Və səsini çıxarmaq istərkən Solovkilərə sürüləcəyinə kim şübhə edər? Bütün enerjisini milli məktəb uğrunda sərf edən Sabir bu gün məktəblərimizin ruslaşdığını görüb də "Veliki Stalinə",  "böyük Stalinə" mədhiyyəmi yazacaqdı? Və yaza biləcəkmiydi? 

Sabir dilimizi "xəşil" halına gətirən sokak molla külahlarla (məcazdır, burada saxta molla anlamındadır - N.C.)  bu gün bir "kaşa"ya çevirən "yoldaşlar" arasında bir fərq bulacaqmıydı? Ailə qüdsiyyətini müdafiə, əcnəbilərlə evlənməyi təkbih edən Sabir bugünkü "internasyonal ailələrə" soyuqqanlılıqla baxa biləcəkmi idi?

"Dinsizlik ilə kəsb olunan bir mədəniyyəti" insanlığın fəlakəti tələqqi edən Sabirin "Allahsızlar cəmiyyəti"nin camilərdə cirid oynamalarını "Lenin-Stalin epoxası"nın ən məsud bir hadisəsi gibi nəzmə çəkə biləcəyi nasıl iddia oluna bilir?

Torpağı Tanrının, onu təsərrüf etmək haqqını köylünün bilən Sabir şəxsi mülkiyyəti, şəxsi təşəbbüsü öldürən zindan kolxozları mədh edəcək qədər alçalacaqmı idi? Xeyr, bunlar böylə olmayacaqdı.

Çarların qurduğu istila, əsarət və istibdad rejimi altında millətimizin acı iztirablarını tərənnüm edən Sabir qızıl çarların bugünkü istila, əsarət və istibdad rejimləri arasında heç bir ayrılıq görəməyəcəkdi. Məmləkətimizin bütün sərvətini talayıb-götürən Moskvanın müstəmləkə siyasətinə qarşı üsyan edəcəkdi. Milli tariximizin, milli ədəbiyyat və sənətimizin millətimizi siniflərə ayıracaq və parçalayacaq şəkildəki tədrisinə baxıb da ağlayacaqdı. Dövlət idarələrinin, məktəb və müəssisələrin rus dilində və ruslar əlində olduğunu milli mövcudiyyətimiz üçün bir fəlakət tələqqi edəcəkdi. Rus mühacirətinin təşkil etdiyi təhlükələr qarşısında etidalını zəbt edəməyən Sabir iş başındakı boş-boş heyvərələrə lənət oxuyacaq və onların alnına qiyamət damğası vuracaqdı.

Vaxtilə Əbdülhəmidin "bəxş etdiyi hürriyyət" üçün yazdığı və "Osmanlılar, aldanmayın, Allahı sevərsiz" sözləri ilə başlayan şeirini yeni Stalin Konstitusyonu münasibətilə tədil edərək şu şəklə soxacaqdı:

Yurddaşlarım, aldanmayın, Allahı sevərsiz,

Rus hiyləsinə qanmayın, Allahı sevərsiz!

***

Qurd yavrusu qurddur, yaşasa gərçi adamla,

Rusun dəyişər sanma ki, əxlaqı zamanla,

Zəli içəcək qan, öləcəkdir yenə qanla,

Əfi sənə ağu sunacaqdır, bunu anla.

Qanun - deyə hoplamayın, Allahı sevərsiz!

Rus hiyləsinə qanmayın, Allahı sevərsiz!

 

***

Qanuni-əsasi deyil o, zorba yalandır,

Qanunu ədalətlə yoğur, haqqa dayandır.

Haqqınsa ayaqlarda sənin, bax, nə zamandır,

Yurdun, vətənin, ahu-ənin dopdolu qandır.

Rus haqqı tanır, sanmayın, Allahı sevərsiz!

Rus hiyləsinə qanmayın, Allahı sevərsiz!

***

Dünyada verilməz, alınır haqq, bunu bəllə,

Almış idiniz dün onu siz topla, tüfənglə.

Girdi yenə rus yurdumuza, söylədi böylə:

"Rus ordusunun süngüsüdür haqq, onu dinlə!"

Bu hadisəyi danmayın, Allahı sevərsiz!

Rus hiyləsinə qanmayın, Allahı sevərsiz!

***

Şimdi oluyor Moskvaya qorxu nümayan;

Şərqində yapon qurdu posu, Qərbdə alman.

Yatsın deyə hər kəs veriyor çar gibi fərman:

Mülkiyyət, heyvan, nə bilim in, nə bilim an...

Dünyaya gülünc olmayın, Allahı sevərsiz!

Rus hiyləsinə qanmayın, Allahı sevərsiz!

***

Qanuni-əsasi yerinə haqqını versin,

Çıxsın bu vətəndən, səni azadə buraxsın.

Çıxmazsa, onu sən bu diyardan atacaqsın.

Hürriyyətini, haqqını qanun yapacaqsın...

Yurddaşlarım, aldanmayın, Allahı sevərsiz!

Rus hiyləsinə qanmayın, Allahı sevərsiz!

***

Sonra utanırsız,

Odlara yanırsız,

Bir gün ayılıb da

Vallah qızarırsız!