Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Ədəbiyyatşünaslıq elminin formalaşması prosesləri - Akademik İsa Həbibbəyli

23-05-2022 [ 12:13 ] [ oxunub:81 ]
printerA+ | A-
102424

Azərbaycanda ədəbi-nəzəri fikir bir neçə yolla inkişaf etmişdir. Birincisi, bədii söz vasitəsilə ədəbi-nəzəri fikrin inkişaf etdirilməsi yoludurki, bu istiqamət qədim dövr və orta əsrlərdən başlayaraq bizim günlərə qədər yazıçı və şairlərin ədəbi əsərlərində ifadə etdikləri ədəbiyyat haqqındakı fikirlərdən ibarətdir. Azərbaycan klassik poeziyasında söz və onun funksiyaları haqqındakı şeirlər geniş mənada şairlərimizin ədəbiyyata dair mülahizələridir. Professional ədəbiyyatşünaslığın inkişafında klassik poeziyadakı ədəbiyyat haqqındakı fikirlərin müəyyən  əhəmiyyəti olmuşdur. İkinci mühüm yol qədim dövr vəorta əsrlərdən başlayaraq meydana çıxmış təzkirələr və salnamələr yolu ilə ədəbiyyatşünaslıq elminin formalaşdırılması istiqamətini özündə əhatə edir. Dövlət şah Səmərqəndi, Əhdi Bağdadi, Sadiq bəy Əfşar, Lütfəli bəy Azər, Saib Təbrizi, Seyid Əzim Şirvani, Həsənəli xan Qaradaği, Mir Möhsün Nəvvab, Məhəmmədəli Tərbiyət və başqalarının müxtəlif əsrlərdə meydana çıxmış təzkirələrində öz əksini tapmış şairlər və onların əsərləri barəsindəki məlumatlar, habelə bədii ədəbiyyat nümunələri sonralar sistemli ədəbiyyat tarixinin hazırlanmasında zəngin elmi baza funksiyasını yerinə yetirmişdir. Nəhayət, müxtəlif əsərlərdə ədəbiyyat, şeirşünaslıq haqqında ara-sıra yazılmış risalələr, lüğətlər və elmi əsərlər də professional ədəbiyyatşünaslığın elm sahəsi kimi formalaşmasına öz təsirini göstərmişdir. Ən nəhayət, bütün bu ədəbi-elmi və tarixi ənənələr zəminində XIX əsrdə Azərbaycanda professional ədəbiyyatşünaslıq elmi yaranmışdır.

Mirzə Fətəli Axundzadə Azərbaycanda peşəkar ədəbiyyatşünaslıq elminin ilk böyük yaradıcısıdır. Azərbaycan dramaturgiyasının və realist bədii nəsrinin əsasını qoymuş böyük mütəfəkkir professional ədəbiyyatşünaslıq elminin də banisidir. Onun "Həzm və nəsr haqqında", "Tənqid risaləsi", "Fehristi-kitab", Mirzə Ağanın pyesləri haqqında kritika, "Mollayi Ruminin və onun təsnifinin babında" məqalələri ədəbi tənqidə və ədəbiyyat nəzəriyyəsinə dair ciddi  ədəbiyyatşünaslıq əsərləridir. Bu məqalədə Mirzə Fətəli Axundzadənin ədəbiyyatşünaslıq elminin ayrı-ayrı sahələrinə dair qiymətli fikirləri öz əksini tapmışdır.

Bütün bunlarla bərabər, Azərbaycanda ədəbiyyatşünaslıq sistemli bir elm sahəsi kimi XX əsrin əvvəllərində formalaşmışdır. Əvvəla, bu tarixi mərhələdə Firidun bəy Köçərli kimi ədəbiyyatşünaslıq elminin müxtəlif sahələri, xüsusən də ədəbi tənqid və ədəbiyyat tarixi istiqamətləri ilə ardıcıl məşğul olan, həyatını bütünlüklə maarifçilik hərəkatının və ədəbiyyatşünaslıq elminin inkişaf etdirilməsinə həsr etmiş görkəmli bir ədəbiyyatşünas yaşayıb-yaratmışdır. Bu böyük elm xadimi "Azərbaycan ədəbiyyatı tarixi materialları" kimi ədəbiyyatşünaslıq elminin abidəsi sayıla biləcək qiymətli elmi əsər yazıb meydana qoymuşdur. İkincisi, XX əsrin əvvəllərində yaşayıb-yaratmış Məhəmməd Əmin Rəsulzadə, Əhməd Ağaoğlu, Abdulla Sur, Seyid Hüseyn və başqaları müxtəlif istiqamətlər üzrə ədəbiyyatşünaslıq əsrləri yazaraq, Azərbaycan cəmiyyətinə təqdim etmişlər. Üçüncüsü isə bu tarixi dövrdə əsasən yazıçı və ya şair kimi fəaliyyət göstərmiş Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq və başqaları kimi yazıçı və şairlərin bədii əsərlərindəki ədəbiyyat haqqındakı mülahizələrindən başqa, onların ədəbiyyatın ayrı-ayrı sahələrinə həsr edilmiş məqalələri də əhəmiyyətli ədəbiyyatşünaslıq əsərləri kimi qəbul olunur. Bütün bunlar tam hala, ümumiləşdirilmiş şəkildə XX əsrin əvvəllərində Azərbaycanda ədəbiyyatşünaslığın müstəqil elm sahəsi səviyyəsinə qalxmasını təmin etmişdir.

XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatşünaslıq elminin qazandığı nailiyyətlər sırasında ədəbiyyat tarixçiliyi sahəsində meydana çıxmış əsərlər xüsusi əhəmiyyət kəsb edir. Daha doğrusu, ədəbi-nəzəri fikrin çoxəsrlik inkişafı tarixində məhz bu dövrdə ilk dəfə olaraq Azərbaycan ədəbiyyatının sistemli elmi tarixi yazılmışdır. Görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərlinin 1913-cü ildə tamamlanmış üç cilddən ibarət olan "Azərbaycan ədəbiyyatı tarixi materialları" ölkəmizdə yaradılmış birinci ədəbiyyat tarixi əsəridir. Ədəbi-tarixi və coğrafi prinsiplər əsasında yazılmış bu əsərdə qədim dövr və orta əsrlərdən XIX əsrin axırlarına qədər Azərbaycanın müxtəlif bölgələrində yaşayıb-yaratmış 128 yazıçı və şairin həyatı və yaradıcılığından bəhs olunur. Firidun bəy Köçərli "Azərbaycan ədəbiyyatı tarixi materialları"nın "Bir neçə söz" adlandırdığı müqəddiməsində ilk ədəbiyyat tariximizin yaranma prinsiplərini aşağıdakı kimi şərh etmişdir: "Üdəba və şüəramızın tərcümeyi-hallarına və əsərlərinə şüru etməkdən (başlamaqdan - İ.H.) əqdəm ədəbiyyat barəsində cümlə məlumat verməyi lazım gördük. Və bu kitabı yazmaqda... Azərbaycanda olan hər bir bilad (şəhərlərin - İ.H.) və diyarın şüəra və üdəbası haqqında ayrı-ayrı məlumat verməyi münasib bildik... Biz mümkün olduğu dərəcədə məşhur şüəra və üdəbamızın həm tərcümeyi-hallarına və həm asari-qələmiyyələrinə dair ətraflı məlumat vermişik, məzkur əsərlərin haqqında öz rəy və təəssüratımızı yazıb, tövsif və tənqidə layiq olan məqam və nüktələri şərh və bəyan etmişik".

Beləliklə, Azərbaycan ədəbiyyatı tarixi materiallarında səkkiz coğrafi dairədə: Gəncə, Şirvan-Şamaxı, Qarabağ, Quba, Nuxa, Ordubad, İrəvan və Dərbənddə yazıb-yaratmış şairlərin həyatı və yaradıcılığı tarixi xronologiya əsasında təqdim olunmuşdur. Firidun bəy Köçərli çoxəsrlik Azərbaycan ədəbiyyatından tarixilik prinsipi vasitəsi ilə və inkişaf mərhələləri üzrə sistemli şəkildə söz açmışdır. Bu yolla coğrafi ərazi bölgüsü, tarixilik prinsipi və elmi təhlil "Azərbaycan ədəbiyyatının tarixi materialları"nın simasını müəyyən edir.

Üç hissədən ibarət nəzərdə tutulmuş "Azərbaycan ədəbiyyatı tarixi materialları"nın birinci cildində şifahi xalq ədəbiyyatı haqqında zəruri məlumatlar verildikdən sonra Azərbaycan yazılı ədəbiyyatından bəhs edilmişdir. "Materiallar"da Şeyx Nizami, Əbülla Gəncəvi barəsində ayrı-ayrılıqda portret-oçerklər olsa da, Azərbaycan ədəbiyyatı tarixinə Məhəmməd Füzulidən başlanılmışdır. Firidun bəy Köçərli bunun səbəbini Füzulinin şeirdə türk dilinə rövnəq verən ən böyük şair olması ilə əlaqələndirmişdir: "Füzuli özü türk oğlu olmağına binaən, öz ana dilini artıq dərəcədə sevib də, ona rövnəq verməyi baş vəzifələrindən biri hesab edirmiş. Və insafən demək olur ki, türk ədəbiyyatının banisi Molla Məhəmməd Bağadi olubdur. ...Və bununla biz türklərin üstə ümumən və Azərbaycan türklərinin boynuna xüsusən böyük minnət qoyubdur".

Bundan başqa, Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatının coğrafi ərazi bölgüləri üzrə təqdim olunmasına keçməmişdən əvvəl "Materiallar"da böyük özbək şairi Əlişir Nəvaiyə də müstəqil bir portret-oçerk həsr etmişdir. Böyük Azərbaycan ədəbiyyatşünas alimi bunun səbəbini aşağıdakı kimi izah etmişdir: "Əlişir Nəvai hicrətin doqquzuncu əsrinin axırlarında yetişən cığatay və əcəm şüərasının ən məşhurlarındandır. Bu şair əslən cığatay türklərindən isə də, Azərbaycan şüərası arasında artıq hörmət və şöhrət kəsb etmişdir və onlara Nəvainin təsiri artıq dərəcədə olubdur".

Firidun bəy Köçərli "Azərbaycan ədəbiyyatı tarixi materialları"nın birinci hissəsində Gəncə, Şirvan-Şamaxı, Qarabağ və Qubada yaşayıb-yaratmış şair və yazıçılardan bəhs etmişdir. Bu hissədə haqqında danışılan 50 şair və yazıçının sıralarında Nizami Gəncəvi, Əfzələddin Xaqani, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Abbasqulu ağa Bakıxanov, Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə, Seyid Əbülqasım Nəbati kimi tanınmış sənətkarlarla yanaşı, onlarla başqa qələm əhli də vardır ki, onların haqqındakı bütün məlumatları ilk dəfə Firidun bəy Köçərli vermişdir. Eyni zamanda, "Azərbaycan ədəbiyyatı" kitabının ikinci hissəsində "Bahar əyyamı və Seyid Əzim dövrü" adlandırılan bölmədən başlayaraq, Şirvan, Qarabağ, Ordubad, İrəvan və Dərbənd şairlərinin sıralarında da Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Fəqir Ordubadi, Əbülhəsən Raci və başqaları kimi adı və əsərləri bəlli olan şairlərlə bərabər, onlarla şair haqqında ilk məlumatları Firidun bəy Köçərli toplayıb sistemləşdirərək cəmiyyətə təqdim etmişdir. Beləliklə, tanınmış yazıçı və şairlərin də elmi bioqrafiyasını ilk dəfə Firidun bəy Köçərli yazmışdır. Akademik Bəkir Nəbiyev Azərbaycan yazıçı və şairlərinin həyatı və yaradıcılığına dair məlumatları əldə etmək üçün Firidun bəy Köçərlinin müasiri olan ziyalılara məktublar göndərib cavablar almış, topladığı materialları sistemləşdirərək təhlib etməklə onların haqqında portret-oçerklər hazırlamışdır.

"Azərbaycan ədəbiyyatı tarixi materialları"nın üçüncü hissəsi dövrümüzə qədər gəlib çatmamışdır. Çox ehtimal ki, bu cild Firidun bəy Köçərli 1920-ci ildə həbs edilərkən evində aparılan axtarış nəticəsində müsadirə olunaraq bir daha geri qaytarılmamışdır. Müasirlərinin və ailə üzvlərinin xatirələrinə əsasən Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi materialları"nın üçüncü hissəsində görkəmli ədəbiyyatşünasın müasiri olan yazıçı və şairlərdən bəhs edilmişdir. Deməli, Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabında ən qədim dövrlərdən-şifahi xalq ədəbiyyatından başlamış XX əsrin əvvəllərinə qədərki dövrlərin ədəbiyyat tarixi öz əksini tapmışdır. Adında "materiallar" sözünün olmasına baxmayaraq, bu, qətiyyən yalnız toplama materialları məcmuəsi olmayıb, çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixinin ən qədim dövrlərdən XX əsrin əvvəllərinə qədərki mükəmməl və sistemli tarixindən ibarət olan əhəmiyyətli bir tədqiqat əsəridir.

XX əsrin əvvəllərində ayrı-ayrı görkəmli yazıçı və şairlərə həsr edilmiş monoqrafiyalar və məqalələr də Azərbaycan ədəbiyyatı tarixi üzrə meydana çıxmış tədqiqatlardır. Firidun bəy Köçərlinin Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Kazım ağa Salik, Mirzə Ələkbər Sabir, Soltan Məcid Qənizadə haqqındakı məqalələri "Azərbaycan ədəbiyyatı tarixi materialları"na qiymətli əlavələrdir.

XX əsrin əvvəllərində ədəbiyyat tarixçiliyi istiqamətində araşdırılmaların genişləndirilməsi Azərbaycan cəmiyyətində xalqın milli-mənəvi özünüdərk proseslərinin genişlənməkdə olması ilə əlaqədar idi. Yazıçı və şairlərin milli-mənəvi özünüdərk və oyanış sahəsində ədəbiyyatda həyata keçirdikləri böyük işi tənqidçi və ədəbiyyatşünaslar elmi-nəzəri və ədəbi-tarixi əsərlərin yazılması ilə yerinə yetirirdilər. Bu dövrdə yazıçıların da həmin proseslərə qoşulması ilə elmi-ədəbi mühitdə yazıçı-ədəbiyyatşünas, şair-tənqidçi formatında yaradıcı qüvvələr formalaşmışdır. Şair - ədəbiyyatşünas kimi çıxış edən Abdulla Surun (1877-1912) bədii yaradıcılıqla eyni səviyyədə ədəbiyyatşünaslıq fəaliyyəti ilə də ardıcıl məşğul olması və araşdırmalarında ədəbiyyat tarixçiliyinə üstünlük verməsi onun cəmiyyətdə və ədəbiyyatda getməkdə olan milli-mənəvi özünüdərk proseslərində daha geniş miqyasda iştirak etməsinin nəticəsi idi. Bu baxımdan Abdulla Surun "Füyuzat" jurnalında 1907-ci ildə çap olunmuş "Füzuliyə bir nəzər" adlı məqaləsi "Azərbaycanda Füzuli araşdırmalarının təməli" Mehdi Gəncəli hesab olunur. Bundan başqa, Abdulla Surun "Türk ədəbiyyatına bir nəzər", "Ədəbiyyati Osmaniyyə" kitabları da ədəbiyyat tarixi istiqamətində yazılmış elmi araşdırmalardan ibarət olub, ayrı-ayrı dövrlərdə yaşayıb-yaratmış yazıçı və şairlərimizi yeni nəsillərə tanıtmağa xidmət edir.

Tənqid və ədəbiyyatşünaslıqla ardıcıl şəkildə məşğul olan Seyid Hüseyn Kazımoğlunun (1887-1937) müasiri olan yazıçılardan Məhəmməd Hadi, Yusif Vəzir Çəmənzəminli, Rza Zaki, Abdulla Şaiq haqqında yazdığı məqalələrdə onların həyatı və yaradıcılıqlarının əsas məqamları dövrün oxucularına çatdırılmışdır. Abbas Səhhətin (1874-1918) "Qara xəbər" adlı məqaləsi məslək dostu Mirzə Ələkbər Sabirin vəfatı münasibətilə yazılmış nekroloq olsa da, orada satirik şairin ömür və sənət yolunun əsas məqamları onun ədəbiyyat qarşısındakı böyük xidmətləri öz əksini tapmışdır. Hüseyn Cavidin (1882-1941) "Mirzə Abdulla Məhəmmədzadə, yaxud Abdulla Sur - Abdulla Tofiq" məqaləsi barəsində az yazılmış bu nakam şair haqqında ilk mənbələrdən biri hesab olunur. Məqalədə Hüseyn Cavid tərəfindən ilk dəfə olaraq şairin yığcam bioqrafiyası da verilmişdir: "Mərhum Abdulla əfəndi 1877-ci il tarixində təvəllüd etmiş və 1896-cı sənəsində açılan məktəbi-xeyriyyədə təhsilə şüru etmiş. Sonra haman məktəbdə müəllim təyin edilərək tədris etməyə başlamış.

...Bir kaç ildən sonra bu qəyyur cavan oğlan Tiflis şəhərinə getmiş, orada "Şərqi-Rus" qəzetəsində mühərrir olmuş, sonra Bakıya gedib beş-altı ay qədər də orada iqamət edərək, oradan doğru İstanbula getmiş. Üç sənədən ziyadə fəqr və fəlakət içində... orada gecə-gündüz təhsil ilə uğrayıb durmuş... Onu məhv edən bu xəstəlik orada ikən başlamışdır... Gəncəyə gələrək mədrəseyi-ruhaniyyədə millət yavrularının gözünü, fikrini açmağa başlamışdır... Mərhumun lisana, osmanlı ədəbiyyatına tətəbbüatı var, yaxşı əsərlərdir, həmiz çap olunmamışdır. Ruscadan bir coğrafiya kitabı tərcümə etmiş, Şünasi mərhumun "Sair evlənməsi" ünvanlı vedovilini Azərbaycan türkcəsinə təhvil etmiş və üç cild üzrə şüəranın gözəl mənzumələrini toplayıb müntəxəbat etmək istəyirdi ki, vəfat etdi".

Romantik şair Məhəmməd Hadinin "Abbas Səhhətin üsuli-ədəbisi" adlı məqaləsində də nekroloq şəklində olsa da, qələm və məslək dostunun həyatı və yaradıcılığının mühüm məqamlarına işıq salınmışdır: "Zatən Şeyx Nizamiyə böyük bir hörməti vardı. Daima Nizaminin ləyamut (ölməz - İ.H.) nəzmlərini kəmali-fəsahətlə oxur, samelərini (dinləyicilərini - İ.H.) ləzzətyabi-ədəbiyyat eylərdi. Ən nəhayət, "Pənc gənc" ("Xəmsə" - İ.H.) şairi-möhtərəmiyyəyə həmcivari məzar oldu.

Şirvanlı şair Şirvan faciəsi əsnasında başqaları kimi şəhəri tərkə məcbur olmuş, yolda soyulmuş, var-yoxu əlindən alınmışdır. Bir çox yerlərdə sərsəriyanə dolaşmış, ən sonda Gəncəyə nəqli-məkan etmişdir. Orada xəstə oldu. Zalım və biiman ölümün pəncəsində ...tərki-həyat elədi".

XX əsrin əvvəllərində meydana çıxmış bu qəbildən olan məqalələr sonralar sistemli ədəbiyyat tarixinin yazılmasında və ayrı-ayrı şairlər və yazıçılar haqqında monoqrafik əsərlər, dissertasiyalar yazılarkən mühüm qaynaqlar kimi istinad mənbəyinə çevrilmişdir.

Bu dövrdə ədəbiyyat tarixi üzrə iri həcmə malik əsərlər də meydana çıxmışdır. Məhəmməd Əmin Rəsulzadənin (1884-1955) "Çağdaş Azərbaycan ədəbiyyatı" kitabı əsasən XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının gedişatını, tanınmış yaradıcılarının fəaliyyətini əks etdirən qiymətli elmi icmaldan ibarətdir. "Azərbaycan şairi Nizami" monoqrafiyasında isə Məhəmməd Əmin Rəsulzadə, kitabın adından da göründüyü kimi, "Nizami kimdir?" sualına elmi cəhətdən əsaslandırılmış şəkildə cavab vermiş, tədqiqat əsasında dahi şairin azərbaycanlı olmasını bir daha isbat etmiş və əsərlərini geniş şəkildə təhlildən keçirmişdir.

XX əsrin əvvəllərində Azərbaycanda ədəbiyyatşünaslıq elminin ədəbi tənqid sahəsi daha çox inkişaf etmişdir. Bu, həmin dövrdə ölkəmizdə mətbuatın geniş şəkildə inkişaf etməsi ilə əlaqədar idi. Məlum olduğu kimi, bu tarixi mərhələdə bir sıra istiqamətlər üzrə mətbuat inkişaf etmiş, başda "Molla Nəsrəddin" jurnalı olmaqla satirik mətbuat, demokratik mətbuat: "Şərqi-Rus", "Füyuzat", "Açıq çöz", dövlət mətbuatı "Azərbaycan" qəzeti, habelə müxtəlif siyasi baxışlara malik qəzet və jurnallar, həmçinin, "Dəbistan", "Rəhbər" və "Məktəb" kimi uşaq və gənclər üçün olan mətbuat orqanları yaranıb geniş yayılmışdır. Bu da öz növbəsində ədəbiyyatın, publisistikanın və ədəbi tənqidin inkişafında mühüm real oynamışdır. Xüsusən, müasir ədəbi proseslə əlaqədar olduğu üçün mətbuatın funksiyalarına uyğun gəldiyinə görə ədəbi tənqid sahəsində böyük canlanma baş vermişdir. XIX əsrin II yarısında Mirzə Fətəli Axundzadə tərəfindən yaradılmış Azərbaycan ədəbi tənqidi "siyasi fırtınalar", yaxud "Asiyanın oyanması" dövrü kimi xarakterizə edilən yeni tarixi mərhələdə xüsusi bir fəaliyyət istiqamətinə çevrilmişdir. Həm də ədəbi tənqidi məqalələr yazan yazıçı və şairlərdən başqa, bu dövrdə daha çox ədəbi tənqid sahəsi ilə məşğul olan peşəkar tənqidçilər nəsli yetişib formalaşmışdır. Ədəbi tənqidlə məşğul olanların bir çoxu həm də publisistika sahəsində də fəaliyyət göstərdikləri üçün bu dövrün ədəbi tənqidində publisistikaya meyl qüvvətlidir. Ədəbiyyat tarixçiliyi ilə yanaşı, həm də tənqidçi kimi çıxış edən Firidun bəy Köçərlidən başqa, Əli Nazim, Seyid Hüseyn, Kazımoğlu, Əhməd bəy Ağaoğlu, Abdulla Sur, Əmin Abid kimi professional tənqidçilər də meydana çıxmışdır. Bundan başqa, Əli bəy Hüseynzadə, Məhəmməd ağa Şahtaxtlı, Ömər Faiq Nemanzadə, Eynəli bəy Sultanov və başqaları kimi publisistlərin də ədəbi tənqid nümunələri olan məqalələri də mətbuatda çap olunmuşdur. Eyni zamanda, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq kimi yazıçılar da ədəbi prosesin hadisələri və simaları haqqında fikir və mülahizələrini bildirmişlər. Bütün bunlara görə, akademik Kamal Talıbzadə XX əsrin əvvəllərini Azərbaycan ədəbi tənqidinin xüsusi inkişaf mərhələsi səviyyəsində qiymətləndirərək yazmışdır: "1905-ci il inqilabından sonra Azərbaycanda ədəbi tənqid öz inkişafının yeni mərhələsinə qədəm qoyur. Bu dövrdə tənqid ədəbi həyatın ayrılmaz üzvi bir sahəsinə çevrilir, ayrı-ayrı ədəbi, ictimai-siyasi, fəlsəfi əqidələrin mübarizəsi şəraitində onun müxtəlif cərəyanları müəyyənləşir. Demokratik tənqid bu illərdə müasir ədəbiyyatın mühüm nəzəri məsələlərinin həllinə girişir ədəbiyyatın xalq həyatı ilə, azadlıq hərəkatı ilə daha möhkəm bağlanmasına güclü təsir göstərir".

XX əsrin əvvəlləri Azərbaycan ədəbi tənqidi "təzə şeir necə olmalıdır" sualına cavab verməyi ön mövqeyə çəkmişdir. "Asiyanın ayanması" adlandırılan yeni dövrün ədəbiyyatının istiqamətini müəyyən etmək ədəbi tənqidin əsas vəzifələrindən biri olmuşdur. Bu, öz növbəsində klassik ədəbi irsə münasibət problemi ilə də əlaqədar olub, özündə "köhnə" və "yeni" şeir məsələlərini əhatə etmişdir. ümumiyyətlə, ədəbiyyatın yeni epoxadakı gedişatı ilə bağlı olduğu üçün köhnə və yeni şeir məsələsi ilə Azərbaycan ədəbiyyatını müxtəlif qütblərdə təmsil edən fərqli yazıçı və şairlər, tənqidçi və publisistlər bu mövzu ətrafındakı müzakirələrə qoşulub, mövqelərini bildirmişlər. Bu baxımdan, Abbas Səhhətin 1905-ci ildə yazıb, 23 iyun 1905-ci il tarixdə "Həyat" qəzetində çap etdirdiyi "Təzə şeir necə olmalıdır" adlı məqaləsində qaldırılan məsələ XX əsrin əvvəlləri Azərbaycan ədəbi tənqidinin baş sualına çevrilmişdir.

Təzə şeir məsələsi əslində yalnız poeziya sahəsini əhatə etməyib, bütövlükdə yeni ədəbiyyat necə olmalıdır sualını özündə cəmləşdirir. Bu məsələ ətrafındakı müzakirələrdən görünür ki, Abbas Səhhətin qaldırdığı şeiri epiqonçuluqdan xilas etmək məsələsində bütün qütblərdən olan yazıçılar və tənqidçilər eyni mövqedə dayanmışlar. Ədəbi tənqidi fikir tam halda bu qənaətdə olmuşdur ki, Abbas Səhhətin yazdığı kimi, ədəbiyyatda artıq "qəddi sərvə, üzü ağa, kirpiyi oxa, qaşı yaya bənzədilməsi dövrü bitmişdir. Bu, vaxtilə Mirzə Fətəli Axundzadənin başladığı bu iş yeni tarixi mərhələdə ədəbiyyatda realist, yaxud romantik və ya sentimentalist mövqe tutanların hamısının gəldiyi ortaq bir qənaət idi. Lakin yeni ədəbiyyat necə olmalıdır sualı ətrafında axtarışda olanların fikirlərində ortaq cəhətlərlə yanaşı, fərqli baxışlar da mövcud idi. Abbas Səhhətin fikrincə, "oxucuların qəlbinə təsir olan "hissiyyati-təbiyyə" üsulu ilə yaradılan ədəbiyyat müasir dövrün ədəbiyyatının ana xəttini təşkil etməlidir. Bu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında romantik və sentimentalist yazıçı və şairlərin baxışlarını ifadə edən qənaət idi. Dövrün ədəbi hərəkatında aparıcı mövqeyə malik olan mollanəsrəddinçi realist sənətkarlar isə bu hərəkatın başçısı Cəlil Məmmədquluzadənin yazdığı kimi "xalqa xidmət etməyi qələmin müqəddəs vəzifəsi" hesab edirdilər. Mollanəsrəddinçilər "xalqa xidmət etmək" dedikdə geniş mənada xalqı müstəmləkəçilikdən qurtarmaq, milli oyanışa nail olmaq, məmləkətdə respublika tipli azad və müstəqil dövlət qurmaq kimi mühüm ictimai-siyasi vəzifələri nəzərdə tuturdular. Demokratik tənqid bu mövqeni müdafiə edirdi. Həsən bəy Zərdabinin "xülasə, şer böyük bir alətdir ki, onunla bizim yuxuda olan qardaşlarımızı ayıltmaq çox asandır" çağırışı mollanəsrəddinçilərin ədəbiyyat haqqındakı mövqeyinin daha da qüvvətləndirilməsinə xidmət edirdi. Firidun bəy Köçərli də aşağıdakı mülahizələri ilə ədəbiyyatda realizmin, milli oyanış və dirçəlişin bədii ifadəsinin zəruriliyini diqqət mərkəzinə çəkir: "Ədəbiyyat millətin aineyi-həqiqətnümasıdır ki, onun maddi və mənəvi tərəqqisini və istiqbalı üçün nicat və səadət yollarını eynilə göstərir". Biz az sonra tənqidçi Əli Nazim də ədəbiyyatın ictimai vəzifəsini ön mövqeyə çəkərək qətiyyətlə yazmışdı ki: "Yeni ədəbiyyatın mövzusu həyatdır, üsulu həyatı bütün həqiqəti, bütün acılığı ilə göstərmək, qayəsi isə həyatı göstərməklə insanların psixologiyasını tərbiyə etmək və gələcək cəmiyyətə hazırlamaqdır".

Beləliklə, romantiklərin ədəbiyyatda təbiiliyə üstünlük vermələri ilə realistlərin həqiqətpərəstliyə, həyatı bütün həqiqətləri ilə təsvir etməyə çağırışları nəticə etibarilə ideya baxımından bir-birini tamamlamışdır. Bununla belə, həmin fərqli baxışlar XX əsrin əvvəllərinin ədəbiyyatında fərqli üslubların, ayrı-ayrı yanaşma üsullarının meydana çıxmasına istiqamət vermişdir ki, bu da yazıçı və şairlərin bir-birlərini təkrar etməmələri üçün geniş meydan açmışdır.

Ədəbi tənqidin bədii əsərləri qiymətləndirməsində də "xalqa xidmət etmək" və həqiqətpərəstlik əsas meyar kimi irəli sürülmüşdür. Bu cəhətdən tənqidçi Seyd Hüseynin tənqidi-realist ədəbiyyatın ölməz nümunəsi olan Cəlil Məmmədquluzadənin məşhur "Ölülər" əsərinin 1916-cı ildə Bakıda göstərilmiş ilk tamaşası haqqındakı "Ölülər haqqında təəssürat" adlı məqaləsi dövrün ədəbi tənqidinin əsas meyllərini özündə əks etdirir. Seyid Hüseynin Azərbaycan cəmiyyətinin "Ölülər" tamaşası haqqında təqdim etdiyi fikirlərdə ədəbiyyatın qarşısında duran "xalqa xidmət etmək", cəhalət pərdəsini dağıtmaq, fikirləri dəyişdirmək kimi ali məqsədləri ictimaiyyətin diqqətinə çatdırılmışdır. Tənqidçinin nəzərə çatdırdığı görkəmli yazıçıların tamaşa haqqındakı aşağıdakı təəssüratları yeni tarixi dövrdə ədəbiyyatdan tələb olunan əsas müddəalar idi:

"Artıq dərəcədə məharətlə yazılmış, məzmunu eynən həyatımızdan götürülmüş, ideyası inqilablı bu dram müsəlmanların həyatında böyük rollar oynayacaqdır, paslanmış beyinləri pasdan təmizləyib, ölmüş ruhlara can verəcəkdir.

doktor Nəriman Nərimanov.

..."Ölülər" - "Molla Nəsrəddin" kimi baltanı dibindən vuran bir əsərdir.

Üzeyir Hacıbəyov".

Göründüyü kimi, XX əsrin əvvəllərində Azərbaycanda ədəbiyyat tarixçiliyi və ədəbi tənqid ciddi formalaşma dövrü keçirmiş, ədəbiyyatşünaslıq elminin əsas istiqamətləri kimi yaranıb inkişaf etməyə başlamışdır. Bununla belə, həmin dövrdə ədəbiyyat tarixçiliyi və ədəbi tənqidlə müqayisədə ədəbiyyat nəzəriyyəsi sahəsində xeyli dərəcədə az inkişaf meylləri müşahidə olunur. Lakin XX əsrin əvvəllərində ədəbiyyat nəzəriyyəsi istiqamətində də müəyyən irəliləyişlər nəzərə çarpmaqda idi. Belə ki, klassik Azərbaycan ədəbiyyatında ədəbiyyat nəzəriyyəsinə dair fikirlər poetik şəkildə ifadə olunduğu halda, yeni dövrdə nəzəri məsələlərə dair konkret elmi mülahizələr irəli sürülmüşdür. Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabında ədəbiyyat nədir sualına verilmiş cavablar nəzəri xarakter daşıyan fikirlərdir. Ədəbiyyatı "millətin ayineyi-həqiqətnüması" kimi qiymətləndirən Firidun bəy Köçərli bədii yaradıcılığın inkişaf istiqamətlərini də ilk dəfə olaraq elmi şəkildə müəyyən etmişdir: "Ədəbiyyat iki qismdir: bir qisim ağızda söylənən nağıl, hekayələrdən, cürbəcür milli nəğmələrdən, aşıq sözlərindən, bayatılardan ibarətdir. 

Bu qism ədəbiyyata... el ədəbiyyatı deyilir. İkinci qism ədəbiyyat üdəba və şüəranın ... asarı qələmiyyələrindən vücuda gələn ... təsnifatdan ibarətdir ki, bunlar xah nəsr ilə yazılmış olsun, xah nəzmlə, xah ülum və fünuna dair olsun. ...Hər iki qism ədəbiyyatın təkyəgahı (istinadgahı - İ.H.) sözdür ki, ... onun vasitəsi ilə insanın batini aləmi məlum və zahir olur... Söz olmasaydı, əlbəttə, ədəbiyyat dəxi olmazdı".

"Azərbaycan ədəbiyyatı tarixi materiallarında Firidun bəy Köçərli ilk dəfə olaraq nağıl, sayaçı sözü, atalar sözləri, bayatı və şair kimi şifahi xalq ədəbiyyatı janrlarının xüsusiyyətlərini nəzəri cəhətdən izah etmişdir. Bunlar ədəbiyyat nəzəriyyəsinə dair ilk elmi mülahizələr kimi əhəmiyyətlidir.

XX əsrin əvvəllərində yaradılmış məktəb dərsliklərində də ədəbiyyat nəzəriyyəsinə dair ilkin məlumatlar verilmiş, zəruri anlayışların mənası şərh olunmuşdur. Bununla yanaşı, həmin dövrdə ilk dəfə olaraq ədəbiyyat nəzəriyyəsinə dair anlayışları əhatə edən kitabçalar da meydana çıxmışdır. Sultan Məcid Qənizadənin Əliskəndər Cəfərzadə ilə birlikdə 1901-ci ildə hazırladıqları "Kilidi-ədəbiyyat" kitabçası Azərbaycanda ədəbiyyat nəzəriyyəsinə aid ilk kitabdır. Hüseyn Cavid və Abdulla Şaiqin 1919-cu ildə çap etdirdikləri "Ədəbiyyat dərsləri" adlı dərs vəsaitində ədəbiyyatın növləri və janrları, ədəbi cərəyanlara dair yığcam məlumatlar verilmişdir. Dövrün ədəbi tənqidi də "Ədəbiyyat dərsləri"ni ədəbiyyat nəzəriyyəsi kitabı hesab etmişdir. Fərhad Ağazadənin bir məqaləsində "Ədəbiyyat dərsləri" kitabı haqqında aşağıdakılar yazılmışdır: "Xrestomatiya başqa olduğu kimi, "Qəvaidi-ədəbiyyə" də başqa olmalıdır. Bunu nəzərə alaraq Hüseyn Cavid və Abdulla Şaiq əfəndilər "Ədəbiyyat dərslər" adı ilə bir əsər yazmışlar ki, buna osmanlılar "nəzəriyyati - ədəbiyyə" deyirlər".

Son illərdə professor Hüseyn Həşimlinin aşkara çıxarıb nəşr etdirdiyi Əlabbas Müznibin "Ədəbiyyata dair" kitabı da XX əsrin əvvəllərində meydana çıxmış ədəbiyyat nəzəriyyəsinə dair ilk araşdırmalardan biridir.

Beləliklə, göründüyü kimi, XX əsrin əvvəlləri Azərbaycanda ədəbi tənqid və ədəbiyyatşünaslığın müstəqil elm sahəsi kimi formalaşması dövrüdür. Bundan başqa, tənqid və ədəbiyyatşünaslıq Azərbaycan ədəbiyyatının ümummilli ideallar uğrunda mübarizə ruhunda, milli oyanış və tərəqqi istiqamətində inkişafına yol açmış və təkan vermişdir. Nəticə etibarilə, XX əsrin əvvəllərində yazılmış ədəbiyyat tarixi və ədəbiyyat nəzəriyyəsi kitabları, çap edilmiş məqalələr sonrakı mərhələdə ədəbiyyatşünaslıq elminin və bu elm sahəsinin ayrı-ayrı şöbələrinin, qollarının inkişaf etdirilməsində mühüm rol oynamışdır.