Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Sadıq Qarayevin AZƏRBAYCANI - Elnarə Qaragözova

04-05-2022 [ 13:43 ] [ oxunub:174 ]
printerA+ | A-
102333

Sadıq Qarayevin "Sarvansız zamanlar" kitabını vərəqləyərkən

Sözə sevgi, öz dünyasını bədii sözlə dünyaya çatdırmaq ehtiyacı zaman-zaman müxtəlif peşə sahiblərini ədəbi prosesə gətirmişdir. Bu qələm sahiblərindən bəziləri sözün sehrinə bağlanaraq öz peşəkar sahələrindən  daha çox ədəbi-bədii cameənin nümayəndələri kimi tanınmışlar. Məşhur rus yazıçısı A.P.Çexovun da əsl sənəti həkim olsa da o, dünyada  həkim kimi yox, məşhur yazıçı kimi tanınır. Çexovun özünün bu təzadlı məqam barədə dediyi, yumorla həqiqətin sintezindən ibarət olan fikri bədii yaradıcılığın bəhs edilən aspektini  olduqca dəqiq və lakonik şəkildə ifadə edir: "Həkimlik mənim qanuni həyat yoldaşım, yazıçılıq isə sevgilimdir". Beləliklə, ədəbi aləmdən, humanitar sahədən kənar bir peşənin sahibinin söz sevgisi onu dünyanın ən çox oxunan yazıçılarından birinə çevirdi.

Müasir ədəbiyyatımızın  maraqlı imzalarından biri olan Sadıq Qarayevin  yaradıcılığının bu aspektdə  tədqiqi bu qəbildən olan yazarların söz sevgisi, sözə yanaşma kriteriyaları, özünü ifadə imkanları baxımından böyük əhəmiyyət kəsb edir. Bioloq Sadıq Qarayev öz sahəsində tanınmış mütəxəssis, AMEA Mərkəzi Nəbatat bağının aparıcı elmi işçisi, dosent, "Orbitlər və Universal mövcudluq" nəzəriyyəsinin müəllifidir. Sadıq Qarayev imzası "Sahilsiz  təzadlar", "Sahibsiz kölgələr" romanlarının müəllifi kimi  oxuculara tanışdır. Yazıçının "Sarvansız zamanlar" adlı kitabı isə onun yaradıcılığının fərqli aspektdən işıqlandırılması baxımından önəmlidir. Akademik İsa Həbibbəyli Sadıq Qarayevin "Sarvansız zamanlar" kitabı barədə yazır:  "Burada müəllifin əsas uğuru elmi idrakla bədii təxəyyülün tarazlığını qoruyub saxlamaqla, təsvir etdiyi hadisələrin mahiyyətini açıb göstərməyə nail olmasından ibarətdir".

"Sarvansız zamanlar" kitabı adından da göründüyü kimi ömür karvanının zamanın tərkində sürükləndiyi, ildırım sürəti ilə axdığı məqamlarda yazıçının bədii təxəyyülünün süzgəcindən keçirməyə macal tapıb qeyd etdiyi düşüncə və yaşantılarının toplusudur. Altı bölmədən - "Hekayə, esse və müşahidələr", "Elmi, fəlsəfi və ictimai düşüncələr", "Sadə fikirlər", "Publisistik yazılar", "44 gün", "Şeirlər" bölmələrindən ibarət olan kitab müasirimizin bu dünyaya bədii -fəlsəfi pəncərədən baxışını əyaniləşdirir.

"Sarvansız zamanlar" kitabının "Hekayə, esse və müşahidələr" adlandırılmış I fəslində yer alan "And", "Aləmlərin söhbəti" və "Zəfər günü" bir triptix təsiri bağışlayır. "And"da Azərbaycan gənci Vətən yolunda qəhrəmanlıq  bayrağını qaldıraraq "Səkkizguşəli ulduzlar heç zaman sönməz, Şəhid ruhlu bayrağımız ləkə götürməz" deyərək hayqırır. "Aləmlərin söhbəti"ndə isə ata həmin gənclə - Azərbaycanımız uğrunda həlak olmuş, Şuşa fatehi, "göy-qırmızı-yaşıl məktəblim", "ay ulduzlu əsgərim", "milli yaddaş oğlum" adlandırdığı şəhid oğlunun cənnətdəki ruhu  ilə söhbətləşir. Atasından "Şuşada işıqlar yanırmı?" deyə soruşan  şəhid gənc Vətənindən nigarandır, Şuşa da, ata-anası da, qızı da  onun bizə əmanətidir. O hər zaman Vətənin bir parçası olaraq yanımızdadır:

"Ata, mən də hər an sizinləyəm, biləsən,

Tələsmə ki, tez yanıma gələsən.

Anama de, yuxum gəlmir, mənə lay-lay desin,

Qızıma de, atan yatıb, gözləməsin."

"Zəfər günü"ndə müəllif  ananın dilindən şəhid oğlunun zəfər bayramını təbrik edərkən qısa bir mətn paçasında 44 günlük müharibənin obrazını, oğullarımızın qəhrəmanlıq dastanını yaratmağa nail olur. Azərbaycanın şəhid oğlunun anasına cavabında təsvir etdiyi yaşadığı cənnət yazıçının milli rəmzlərmizi, 44 günlük müharibəni, qələbəni simvollarla bədii güzgüdə əks etdirmək məharətinin bəyanıdır: "Ordu ana, rəşadətin, milli qeyrətin yer-yurdu Ana! Bilirsənmi, burda üçrəngli bir yol vardır, kənarları 44 dənə ayna kimi bulaqlardır... Tez-tez gedirik ora, hər içəndə Sizə necə gətirək deyirik, çörəklərin vətən ətirlisini yeyirik, üçrəngli paltarlar geyirik...".

"Elmi, fəlsəfi və ictimai düşüncələr" adlı II fəsildə Sadıq Qarayev bir alim, mütəfəkkir kimi çıxış edir, fəslin başlanğıcında yazır: "Elmdən kənar heç nə yoxdur. Bizim dünya və bütöv kainat 4 hərfdən ibarət əlifba ilə yazılıb: Fizika, Kimya, Riyaziyyat və Biologiya. Bu "hərfləri" bilmədən heç nə oxuya bilməzsiniz... Nə fikir, ideya, nəzəriyyə, fəlsəfə irəli sürsəniz, öz dünyanızın həqiqəti kimi mövcud olacaqdır". Oxucu bu fəsildə ancaq elmi-ictimai siqlətli mətnlərlə qarşılaşacağını zənn edərkən yazıçı qəfil manevrlə "20 yanvarda" adlı yazını oxucuya təqdim edir. Bu ana qədər elmi-fəlsəfi baxışla dünyanı süzən oxucu anlayır ki, dünyada insanlıq elmi tam öyrənilməyənədək digər elmlərin faydası yoxdur. Ən böyük elm AZADLIQDIR. Azadlığını qanı bahasına alan xalqımız qərənfildən xarıbülbülə qədər 30 illik bir yol keçərək zəfər çəmənzarına yetişdi: "20 yanvar dəmir yumruğun ilk dəfə göyə qalxdığı, tanklara vurulduğu, imperiyanın belini qıran qəhrəmanlıq günüdür! 30 il sonra o dəmir yumruq yenə havaya qalxıb, erməninin başını əzib, torpaqlarımızı işğaldan azad edəcəkdi".

"Sadə fikirlər" adlı III bölümdə sadə həqiqətlər, müəllifin həyatda görüb-götürdükləri, ömürdən keçən təcrübə öz əksini tapmışdır. Bu bölümdə də Sadıq Qarayev Vətən, Torpaq, Zəfər, Millilik duyğularını bölüşür. Burada əksini tapmış "Necə də xoşbəxtdir, o üç rəngli bayrağa sarınıb, bu dünyanı qürurla tərk edənlər; "Dünya, təki Vətən sağ olsun", - deyib, ona acıq verənlər!", "Azərbaycan əsgəri ölümsüzdür. Çünki vətən uğrunda ölmək onun üçün şəhidlik zirəsidir", "Cənnət deyiləndə İnsanın gözləri önünə ilk olaraq öz kəndi gəlir. Sonra bu cənnət böyüyür, Azərbaycan boyda vətən olur", "Hansı peşənin yiyəsi olmasından asılı olmayaraq, üz-gözündən Azərbaycançılıq yağan vətən daşları vardır. Onlar elə Azərbaycandırlar" kimi fikirlər yazıçının ürəyində gəzdirdiyi Azərbaycanın obrazını oxucuya təqdim edir.

IV bölümü "Publisistik yazılar" adlandıran Sadıq Qarayevin bu fəsildə təqdim etdiyi müsahibələr oxucu ilə onun arasında yaranan əlaqənin daha da möhkəmlənməsinə rəvac verir, oxucunun onu yalnız bədii mətnləri vasitəsilə deyil, həyata baxışları, düşüncə tərzi, maraq dairəsi vasitəsilə də anlamasına kömək edir. Bu bölümdə verilən "Xalqın və dövlətin təkamül mühərriki", "Fizika və lirika - elmi idrakla bədii təfəkkürün vəhdəti", "Bədii yaradıcılığın dialektikasında təbiət elmlərinin rolu: Təbiətdən Ədəbiyyata", "Televiziya və radionun müasir rolu, qarşıda duran vəzifələr", "Mədəniyyətin xatirəsinə qoyulmuş yaşıl abidələr", "Ümumtürk ədəbiyyatının müasir vəzifələri", "Tanpınar haqqında", "Dəyişməyən vəhşilik", "Qlobal bəla - laqeydlik" məqalələrində alim erudisiyası, yazıçı baxışı kontekstində müasir dünyanı düşündürən suallara cavab axtarılır, vətəndaş mövqeyi sərgilənir. Bu publisistik yazılar içində "Televiziya və radionun müasir rolu, qarşıda duran vəzifələr" adlı məqaləni xüsusi qeyd etmək lazımdır. Sadıq Qarayev burada müasir dünyanın əsas probleminə - insanların şüuruna, beyninə diqtə edilən ideologiyalara, məlumatlara diqqət çəkərək bu sahədə televiziya və radionun önəmini, bu informasiya mənbələrinin düzgün, sarsılmaz mövqeyinin xalqın gələcəyi üçün vacibliyini qeyd edir. Sadıq Qarayev bu məsələdə də Azərbaycançılıq məfkurəsinin təbliğinin önəmini vurğulayaraq  yazır: "Milli dövlətçilik şüurunu mənimsəmiş, Azərbaycançılıq məfkurəsini özünə əqidə etmiş, təmiz mənəviyyatlı, intellektual səviyyəli, müəyyən sahədə peşəkarlaşan vətəndaşlar çoxluğunun formalaşması prosesində rol oynamaq televiziyaların əsas məqsədi olmalıdır".

Sadıq Qarayevin təqdim etdiyi "Sarvansız zamanlar"ın IV fəsli "44 gün" adlanır. Xalqımızın, dövlətimizin 44 günlük Vətən müharibəsində yaşadığı anlar, həyəcan, qürur və kədər duyğuları, müharibənin və qələbənin dadı, Şuşa zəfəri bu bölümdə böyük ehtizazla təsvir və tərənnüm olunub. "44 gün"də həmin anlar yenidən yaşanır, həmin zaman kəsiyinin aurası hiss edilir. Gündəlik formatında qələmə alınmış əsərdə qeydlər 30.12.2020-ci il tarixindən başlayıb 27 senytabr 2021-ci il tarixində - 44 günlük Vətən müharibəsinin başlanmasının ildönümündə bitir. Beləliklə, əsərdə yalnız 44 günlük  Vətən müharibəsi deyil, bu savaşdan  öncə və zəfərdən sonra yaşananlar günbəgün izlənir. Gündəliyin son qeydində deyilir: "Bütün gün boyu xalqımız şəhidlərimizi ziyarət etdi, bir az da böyüdük. Bütün şəhidlərimiz birdir, bütövdür, vahid milli işıq mənbəyi, üçrəngli qəhrəmanlıq günəşidir. Bu günəş daima azərbaycançılığa işıq salacaq, milli düşüncəmizi nurlandıracaq, ən çətin məqamlarda qüdrətilə yanımızda olacaqdır!"

"Sarvansız zamanlar"ın V bölümündə şeirlərini təqdim edən Sadıq Qarayev poetik duyğuların oxucularla bölüşür. Onun Mikayıl Müşfiqin "Yenə o bağ olaydı" şeirinə nəzirə kimi yazılmış "Yenə o dağ olaydı" şeirində uşaqlıq xatirələri fonunda  Vətənin obrazı yaradılır, Vətənin zərrəsinə dönmək arzusu ifadə olunur:

Yenə o dağ olaydı,

Xəyallarım yoxluqlara dolaydı.

Əzilərdim, zərrələrə dönəydim,

Salvartıdan, Üçqardaşdan,

Seyr edərdim Ağrı dağı, Arazı,

Bu yerlərin nə gözəldi payızı

"Sarvansız zamanlar" bir alimin, bir yazıçının müxtəlif spektrli, janrlı əsərlərinin toplusu olmaqdan ziyadə bir insanın ürəyində gəzdirdiyi VƏTƏNİ, vətənin əsl daşı olan ziyalının AZƏRBAYCANIDIR.

SİZƏ MARAQLI OLA BİLƏR