Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Azərbaycan ədəbiyyatında romantizm - Akademik İsa Həbibbəyli

25-04-2022 [ 11:20 ] [ oxunub:680 ]
printerA+ | A-
102295

NİYƏ 1906-1920-Cİ İLLƏR YOX, 1905-1917-Cİ İLLƏR?

Məlum olduğu kimi, qədim dövr və orta əsrlər Azərbaycan ədəbiyyatı ayrı-ayrı sənətkarların yaratdığı zəngin klassik romantik poeziyadan ibarətdir. Həmin tarixi dövrlərin ədəbiyyatında romantik tərənnüm, idealın romantik təqdimatı, hadisələrin və obrazların şairin xəyal dünyasına uyğun əks etdirilməsi kimi bədii vasitələr aparıcılıq təşkil etmişdir. Lakin qədim dövr və orta əsrlər Azərbaycan poeziyasının əsas simaları zaman və məkan etibarilə bir-birlərindən aralıda yazıb-yaratdıqları üçün və hər tarixi mərhələlərin müəyyən dərəcədə fərqli ideya-sənətkarlıq xüsusiyyətlərinə, məsələn, sufizm əvə hürufizm təriqətlərinin tələblərinə istinad etdiklərinə görə həmin dövrlərin romantik ədəbiyyatı romantizm ədəbi cərəyanına çevrilə bilməmişdir.

XVIII əsrdə Avropa cəmiyyətində baş vermiş ictimai-siyasi hadisələr, xüsusən, kapitalist münasibətlərinin formalaşması Qərb ədəbiyyatında müxtəlif ədəbi cərəyanların yaranmasına səbəb olmuşdur. Bununla Avropa ədəbiyyatı klassizmdən romantizmə və realizmə doğru mühüm addımlar atmışdır. Bundan sonra Qərbdə yazıçı və şairlərin fərdiyyət, xəyalpərəstlik və gələcəkçilik üzərində qurduqları, özünəməxsus ideya-estetik prinsiplərə malik olan romantizm ədəbi cərəyanı yaranıb inkişaf etmişdir. Rusiya ictimai-siyasi həyatında bu proses XVIII əsrin axırları və XIX əsrin əvvəllərində baş verdiyi üçün burada romantizm ədəbi cərəyanı da həmin dövrün ədəbi hadisəsi kimi meydana çıxmışdır.

Azərbaycanda isə romantizm ədəbi cərəyanı XX əsrin əvvəllərində yaranıb inkişaf etmişdir. Məlum olduğu kimi, dünya ədəbiyyatında romantizm epoxası əsasən XIX əsrdə başa çatmışdır. Buna görə də Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanı ən sonda yarandığı üçün elmi fikirdə bəzən gecikmiş romantizm kimi də təsəvvür edilir. Halbuki romantizm ədəbi cərəyanı üçün XVIII əsrdə Avropada, XIX əsrin əvvəllərində Rusiyada yaranmış ictimai-siyasi şərait Azərbaycanda XX əsrin əvvəllərində baş vermişdir. Belə ki, 1905-ci il Rusiya burjua-demokratik inqilabı sayəsində Azərbaycanda da "Asiyanın oyanması" prosesləri yaranmışdır. Bu hadisə 1906-1911-ci illərdə İranda və Türkiyədə baş vermiş Məşrutə hərəkatı ilə əlaqədar olaraq genişləndirilərək daha da möhkəmləndirilmişdir. Beləliklə, XX əsrin əvvəllərində mövcud ictimai-siyasi hadisələrin təsiri ilə Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanı yaranmış və təxminən sovet hakimiyyəti dövrünə qədər inkişaf etmişdir. 

Mövcud ədəbiyyatşünaslıq tədqiqatlarında Azərbaycanda romantizm ədəbi cərəyanının yaranma tarixi barədə iki mülahizə mövcuddur. Birinci mülahizəyə görə Azərbaycan ədəbiyyatında romantizmin yaranması 1905-ci ildə, yəni Rusiya burjua-demokratik inqilabının dalğasında yazıçı və şairlərin romantik üslubda dövrü mətbuatda əsərlərinin çap edilməsi ilə əlaqələndirilir. Həqiqətən də gələcək romantiklər olan Hüseyn Cavid, Əli bəy Hüseynzadə və Məhəmməd Hadinin ilk şeirləri hələ XIX əsrin sonlarında yazılsalar da, onlar öz şeirlərini 1905-ci ildən etibarən çap etdirmişlər. 

İkincisi isə budur ki, Azərbaycan ədəbiyyatında romantizm 1 noyabr 1906-cı ildən etibarən Bakıda Əli bəy Hüseynzadənin redaktorluğu ilə "Füyuzat" jurnalının nəşrə başlaması zəminində ədəbi cərəyan kimi formalaşmışdır. Fikrimizcə, romantizmin ədəbi cərəyan kimi yaranmasında hər iki amilin: həm 1905-ci il Asiyanın oyanması hadisəsinin və həm də "Füyuzat" jurnalının nəşrinin mühüm əhəmiyyəti olmuşdur. Çünki "Füyuzat" jurnalının nəşrə başlaması da 1905-ci il hadisəsi ilə əlaqədar idi. Birinci Rusiya inqilabı zamanı çar hökumətinin məcburi olaraq qəbul etdiyi 17 oktyabr 1905-ci il marifestinin elan etdiyi söz və mətbuat azadlığı "Molla Nəsrəddin" kimi, "Füyuzat" jurnalının da nəşr edilməsinə yol açmışdır. Lakin 1905-ci ilin 17 oktyabrında söz və mətbuat azadlığı haqqında monifest imzalansa da, nəzərəçarpmaqda olan digər ədəbi axınlar kimi, ədəbi cərəyanın yaranması üçün zəruri olan romantik təmayüllü yazıçı və şairləri başına yığıb birləşdirən, istiqamətləndirən hər hansı bir faktor (mətbuat orqanı, ədəbi şəxsiyyət, birlik və sair) meydanda yox idi. "Şərqi-Rus" qəzetinin 1905-ci ilin 15 yanvarında bağlanması və "Həyat" qəzetinin həmin ilin 7 iyunundan etibarən yenicə fəaliyyətə başlaması yaradıcı qüvvələrin harada cəmləşmək barədə axtarışlarda olduqlarını düşünməyə əsas verir. Hətta "Həyat" qəzetinin qısa müddətdən sonra 3 sentyabr 1906-cı ildə fəaliyyətinə xitam verilməsi də romantik düşüncəyə meylli olan söz və sənət adamlarının bu sahədə müəyyən addımlar atmalarını çətinləşdirilmişdir. Doğrudur, Abbas Səhhətin ədəbi manifesti kimi səslənən "Təzə şeir necə olmalıdır" adlı məqaləsi 23 fevral 1905-ci il tarixdə "Həyat" qəzetində dərc edilmişdi. Lakin məqalədən göründüyü kimi, Abbas Səhhət cəmiyyət hadisələrinin dəyişməsi ilə əlaqədar olaraq, ədəbiyyatın, şeirin "təzə səbkiyə" keçməsi zərurətini düzgün dərk etmişdi. Lakin onun "Təzə şeir necə olmalıdır" sualına verdiyi açıqlama xəyala əsaslanan romantizmin yox, bu ədəbi cərəyana çox yaxın olan və hissiyyat üstündə qurulan sentimentalizmin sənət kredosunu ifadə edirdi: "Yazı yazdığımız vaxt hər şeydən müqəddəm hissiyyata tabe olmaq gərək. Tainki kəlamın oxuyanların qəlbinə təsiri ola və başqasının hissiyyati-qəlbisini oyandır".

Bütün bunlara görə, XX əsrin əvvəlləri Azərbaycan romantiklərinin "Füyuzat" jurnalına qədər yazdıqları əsərlər romantizmə hazırlıq dövrü kimi qiymətləndirilməlidir. Lakin 1 noyabr 1906-cı ildə "Füyuzat" jurnalının nəşrə başlaması və sonra bir il ərzində ardıcıl olaraq nəşrini davam etdirməsi, bir çox ədəbi müzakirələrə yol açması ilə Azərbaycan ədəbiyyatında romantizm sistemli bir ədəbi cərəyan kimi yaranıb inkişaf etmişdir. Çünki hər hansı bir ədəbi cərəyan kimi, Azərbaycan romantizmi ədəbi cərəyanının formalaşması üçün də zəruri olan ilkin şərtlər, yəni konkret tarixi şəraitdə bir-birlərinə yaxın ideya-sənətkarlıq xüsusiyyətləri əsasında yazıb-yaradan yazıçı və şairlərin yaradıcılıq birliyi və qarşılıqlı əməkdaşlığı məhz "Füyuzat" jurnalının fəaliyyəti ilə baş tutmuşdur. "Füyuzat" jurnalının nəşrə başlaması ilə Əli bəy Hüseynzadə romantik üslubda şeirlər yazan ədəbi qüvvələri bu jurnalın ətrafında birləşdirməyə və əlaqələndirməyə nail olmuşdur. Fikrimizcə, Əli bəy Hüseynzadənin "Füyuzat" jurnalının birinci sayında çap olunmuş "Həyat" və meyli "Füyuzat" adlı məqaləsi Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının manifesti olaraq meydana çıxmışdır. Beləliklə, 1905-ci il hadisələri və Asiyanın oyanışı digər ədəbiyyat axınları kimi, ədəbiyyatda romantik baxışları da oyatmışdır, "Füyuzat" jurnalı isə 1906-1907-ci illərdə romantik üslubda yazıb-yaradan şairləri öz ətrafında cəmləşdirərək və istiqamətləndirərək romantizm ədəbi cərəyanının formalaşmasını təmin etmişdir. Deməli, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanı kimi 1905-ci ildə deyil, 1906-cı ildə yaranmışdır.

Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyan kimi 1905-1920-ci illər arasında fəaliyyət göstərmişdir. Mövcud ədəbiyyatşünaslıq əsərlərində Azərbaycanda romantizm ədəbi cərəyanının 1905-1917-ci illərdə fəaliyyət göstərməsinə dair uzun illərdən bəri sabitləşmiş qənaətlər elmi yox, ideoloji xarakter daşıyır. Bu zaman heç də güman edildiyi kimi, 1917-ci ilin 7 noyabrında Rusiyada sosialist inqilabının (dövlət çevrilişinin - İ.H) baş verməsi hadisəsi əsas götürülməmişdir. Çünki Azərbaycanda sovet hakimiyyətinin yaranma prosesi Rusiyada hakimiyyət çevrilişindən 3 il sonra, 28 aprel 1920-ci ildə baş vermişdi. Və bu dövr ərzində Azərbaycan romantiklərinin ədəbi baxışlarında hər hansı bir ciddi dəyişiklik müşahidə olunmur. Hətta romantiklər yeni qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti dövrünün meydana çıxardığı şairlər ilə yaxın təmasda, birlikdə yaradıcılıq fəaliyyətlərini davam etdirmişlər. Buna görə də əksinə, Azərbaycanda romantizm ədəbi cərəyanının hüdudları müəyyən edilərkən 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə fəaliyyətini davam etdirməsi və 28 aprel 1920-ci ildəki işğal hadisələrinə qədər öz yolu ilə addımlaması faktoru əsas amil kimi nəzərə alınmamışdır. Sovet hakimiyyəti illərində Azərbaycan Xalq Cümhuriyyəti və onun qurucuları düşmən elan edildiyindən həmin dövrün ədəbiyyatı da qeyri-rəsmi şəkildə qadağan olunmuşdu. Bu faktor ciddi şəkildə nəzərə alındığı üçün Azərbaycan ədəbiyyatında romantizmin hüdudları məcburi şəkildə 1917-ci il ilə sınırlandırılmışdır. Ona görə də Azərbaycan ədəbiyyatında romantizmin müstəqil bir ədəbi cərəyan olaraq 1905-1917-ci illərdə deyil, 1906-1920-ci illərdə fəaliyyət göstərməsi elmi cəhətdən ən düzgün elmi qənaətdir.

Azərbaycan ədəbiyyatında Hüseyn Cavid, Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Abbas Səhhət, Əbdülxalıq Cənnəti, İbrahim Tahir və başqaları romantizm ədəbi cərəyanının əsas yaradıcıları hesab olunurlar. Əsasən realist üslubda yazdığı əsərləri ilə tanınan Abdulla Şaiq də XX əsrin əvvəllərində romantik ruhlu əsərlər yazmağa üstünlük verdiyi üçün romantizm ədəbi cərəyanını təmsil etmişdir. Bu vaxta qədər romantizm ədəbi cərəyanının nümayəndəsi kimi təqdim edilən Abdulla bəy Divanbəyoğlunun isə son tədqiqatlara görə Azərbaycan ədəbiyyatında sentimontalizm ədəbi cərəyanına aid olduğu müəyyən edildiyi üçün onun ədəbi cərəyanlarda təmsil olunmaq baxımından məlum təsnifatdan çıxarılması məqsədəuyğun hesab edilir. Əvəzində Cəfər Cabbarlının yaradıcılığının birinci dövrünün romantizm cərəyanına aid olduğu müəyyən olunmuşdur. Tanınmış romantik yazıçı və şairlərlə yanaşı, Azərbaycan ədəbiyyatında romantizmin ədəbi cərəyanı səviyyəsində formalaşmasında "Füyuzat" ədəbi cəbhəsində təmsil olunan Əhməd Raiq, Əliağa Həsənzadə, Axund Yusif Talıbzadə, Bəkir Əməkdar kimilərinin də özünəməxsus rolu qeyd edilməlidir.

Bundan başqa, Azərbaycanda romantizm ədəbi cərəyanının formalaşdırılmasında Əli bəy Hüseynzadə təbirindən "Füyuzat" jurnalının nəşri işinə cəlb edilmiş Türkiyədən olan Abdulla Cevdət və Əhməd Kamal, Krımdan Həsən Səbri Ayvazov, habelə bir müddət Azərbaycanda yaşayıb-yaratmış Xalid Xürrəm Səbribəyzadə də yaxından iştirak etmişlər. Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının yaranıb inkişaf etməsində Türkiyədəki romantiklərin, xüsusən, Tofiq Fikrət və Namiq Kamalın rolu ayrıca qeyd edilməlidir. Təəssüf ki, məlum səbəblər üzündən sovet dövründə yaranmış tədqiqat əsərlərində Azərbaycan romantizminin formalaşmasında rus ədəbiyyatının və Qərb ədəbi axınlarının rolu göstərildiyi halda, Türkiyə ədəbiyyatı faktoru unutdurulmuş və ya tənqid obyektinə çevrilmişdir. Halbu ki, Rusiya və Qərb romantikləri ilə müqayisədə Azərbaycan romantizmi nümayəndələrinin Türkiyə romantikləri ilə şəxsi canlı əlaqələri də var idi.

Romantizm əslində ədəbiyyatın həyatda olduğu kimi deyil, xəyallarda canlandırıldığı kimi inkişafını ön mövqeyə çəkmiş ədəbi cərəyandır. Akademik Məmməd Cəfər Cəfərovun yazdığı kimi, "romantiklər realistlərdən fərqli olaraq, sənəti, ədəbiyyatı, bədii təfəkkürü birinci növbədə canlı, real həyatla deyil, ideyalar, "işıqlı" fikirlərlə əlaqələndirirdilər. Onlar ədəbiyyatın mənbəyini də, predmetini də birinci növbədə bəşəriyyətin xeyirxahları saydıqları əməlpərvər filosofların, dahilərin, kəskin qələmə malik olan mütəfəkkir yazıçıların düşünüb irəli sürdüyü "parlaq fikirlərdən" (Hadi), ümumbəşəri ideyalardan ibarət hesab edirdilər. Başqa sözlə, bədii təfəkkür, bədii ədəbiyyat onların nəzərində, hər şeydən əvvəl, real canlı varlığın, gerçəkliyin deyil, bəlkə böyük başlarda doğan böyük fikirlərin güzgüsü idi. Bu parlaq fikirlər romantiklərə görə arzu olunan xoşbəxt gələcəyin idealı idi".

İdealla varlıq arasındakı təzadın bədii təsviri Azərbaycan romantizminin əsas yaradıcılıq prinsiplərindən biridir. Haqlı olaraq qeyd edilmişdir ki, romantizmdə "cəmiyyətdəki ədalətsizlikdən pozulan normalar və ona qarşı qoyulan ideallar əsas yer tutur". Tahirə Məmməd Hüseyn Cavidin lirikasında ideal işıqlı bir xəyal, varlıq isə mürəkkəb ictimai-siyasi və mənəvi sıxıntılar içərisində çabalayan gərgin bir mühit kimi təqdim olunur. Romantik qəhrəman öz idealını real həyatda tapa bilmədiyi üçün çarəni keçmişə üz tutaraq dadlı xəyallarda axtarmışdır:

...Əfsus! ...O gözəl günləri etdilcə təxəttür,

Coşmaqda bu gün duyğularım böylə dəmadəm 

Məhv etmədə şimdi bəni-alami-təhəssüs,

Hərdən qara xülyalar olub qəlbimə məhrəm.

Keçmişə, - münasibətdə işıqlı, reallığa -nəzər saldıqda küskün, qayğılı, gələcəyə - baxışda isə xəyalpərvər romantik qəhrəmanın tərənnümü Azərbaycan romantizmi üçün xarakterik xüsusiyyətlərdən biridir. Bu isə romantizm ədəbiyyatında idealla varlıq arasındakı ziddiyyətlərin dərinləşdirilməsi əsasında reallığa cahad elan edilməsi ideyaları qüvvətləndirmişdir. Demək olar ki, əksər romantiklərin, o cümlədən də Məhəmməd Hadinin şeirlərindəki romantik qəhrəman idella varlığın münasibətlərindən doğan qovqaların içərisində olan lirik mən kimi dəli-dolu bir aləm yaşayır. Haqlı olaraq Azərbaycan romantizminin lirik qəhrəmanı "darıxan adamlar" kimi xarakterizə olunur. Hüseyn Cavidin yaradıcılığı əsasında darıxan adamlar haqqında deyilmiş aşağıdakı fikirlər bütövlükdə romantiklərin hamısı üçün səciyyəvidir: "Cəmiyyətin saxta və yaramaz qanunları ilə təbiətin  barışmayan, təmiz istəklərinin baş tutmadığını yəqin etdikdə özünün uğursuz taleyi və könül həsrətləri ilə tək qalan, öz daxili-mənəvi aləmi ilə dünyada yalqız görünən səmimi, həssas insanların faciəsi Cavid romantikasında (oxu: bütün romantiklərin yaradıcılığında - İ.H.) mühüm yer tutan və ardıcıl təbliğ olunan əsas mövzulardan biridir". Məsud Əlioğlu Hüseyn Cavidin lirikası və dramaturgiyasında, Məhəmməd Hadinin şeirləri və poemalarında, Abbas Səhhətin bir çox şeirlərində təsvir edilən romantik qəhrəmanlar - darıxan adamlardan ibarətdir. Məhəmməd Hadinin "Zümzümati-təhəssürat yaxud qarışıq xəyallar" şeiri romantik ədəbiyyatın yüksək ideallarla yaşayan, darıxan adamlarının təsirli poetik monoloqudur:

Fikrim yaşayır mənayi-rənalar içində,

Ruhum uçuyor cənnəti-ülyalar içində.

... Hürriyəti-vicdan ki, deyirlər adı vardır,

Ol hali dərağuş elə röyalar içində.

... Fitrətmi, bəşərmi törədir cəngi-cidalı,

Dünya yaşayır hərb ilə qovğalar içində.

... İmzasını qoymuş miləl övraqi-həyatə,

Yox millətimin xətti bu imzalar içində!

Romantizm ədəbiyyatında xəyalla gerçəklik arasındakı təzad da həyatı əksetdirmə üsullarından biridir. Əslində xəyalla gerçəklik arasındakı təzad romantizm üçün xas olan idealla varlıq münasibətlərindəki ziddiyyətlərin davamıdır. Lakin romantizmdə idealla varlıq arasındakı təzadlar mövcud reallıqlardan narazılıqlarla müqayisədə idealların dilə gətirilməsinə, nəzərə çarpdırılmasına xidmət etdiyi halda, xəyal və həqiqət varlıqdan şikayət haqqındakı düşüncələrin dərinləşdirilməsinə və idealın xəyallar vasitəsilə daha da ucaldılmasına, ideallaşdırılmasına xidmət edir. Romantik ədəbiyyatdakı xəyal və həqiqət münasibətlərində gerçəkliyin təqdimi az qala tənqidi realistlərdə olduğu həddə çatdırılır: "Səfalət bizdə, zillət bizdə, hər dürlü bəla bizdə; Əcayib nazpərvərdi-qina, zəncü əna bizdə; ... Maarif yox, sənaye yox, ticarət yox, ziraət yox, Dəruni-qəflət içrə qalmışıq, yoxdur ziya bizdə". Məhz buna görə mövcud iqtisadi-mədənigerilikdən narazı qalan romantiklər idealla müqayisədə mövcud reallığı uçurum kimi görürlər. Bu baxımdan Hüseyn Cavidin faciələrindən birini "Uçurum" adlandırması həmin əsərdə konkret hadisələr və baxışlar arasındakı uçurumu əks etdirməkdən başqa, həm də ümumiyyətlə Azərbaycan romantizmində xəyalla həqiqətin nisbətində dərin uçurumların diqqət mərkəzinə çəkilməsini mənalandırır:

Uçurum: qaranlıq çıxılmaz yolum,

Uçurum: uçurum həp sağım, solum.

...Uçurum: şu çirkin, alçaq həyat.

Uçurum, uçurum bütün kainat!

İdealla varlıq və xəyalla həqiqət arasındakı kəskin fərqlər romantiklərin yaradıcılığında dərin kədər motivlərini doğurmuşdur. Dünya romantizm tədqiqatlarında romantik ədəbiyyatdakı bəşəri kədərin mahiyyəti "Bayron kədəri" adı ilə təqdim olunur. Ümumiyyətlə, romantizmdə milli idealla bəşəri amal bir-biri ilə vəhdətdə olduğu üçün dünyanın digər görkəmli romantiklərinin yaradıcılığında da, o cümlədən, Azərbaycanda romantizm ədəbi cərəyanını təmsil edən sənətkarların əsərlərində də romantik kədər milli və bəşəri mahiyyəti ilə bir yerdə ifadə olunmuşdur. Fikrimizcə, ictimai kədərin mlli və bəşəri mənalarını üzvü vəhdətdə və yüksək poetik səviyyədə mənalandırmaq baxımından dünya ədəbiyyatında Məhəmməd Hadinin "İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah" poeması ilə müqayisə edilə biləcək bədii əsərlər çox deyildir. Məhəmməd Hadinin "Əlvahi intibah" poeması ictimai, yaxud bəşəri kədər poemasının Azərbaycan romantizm ədəbiyyatında poeziya zirvəsi və dünya ədəbiyyatındakı şedevrlərindən biridir:

Həyatın səsləri quşumda həp fəryad şəklində,

Bu insanlar ki, qardaşdır və lakin yad şəklində,

Bu torpaq qanlı ovlaqdır, bəşər səyyad şəklində.

Bəni-adəm yerin üstündə hp cəllad şəklində,

Ədavət daima vardır, məhəbbət ad şəklində,

...Bu matəmgahı kim görmüş sürürabad şəklində?!

Romantiklər üçün uçurumlardan, "müsibətlər, bəlalar, qüssələr abad şəklində" olan dərin milli və bəşəri kədərdən qurtarmağın xilas olmağın yolu tənqidi realistlərdə olduğu kimi mübarizə deyil, xəyallarda ifadə olunan mənalardadır. Qərb, rus və türk romantikləri kimi, eynilə Azərbaycan romantikləri də mübarizə dedikdə elmi-idraka, ağıla, xəyala əsaslanmağın zəruriliyini irəli sürür, ancaq konkret mübarizə yollarını görə və göstərə bilmirdilər. Hüseyn Cavidin yazdığı kimi:

Xəyal!... əvət yaşadan yalnız əhli-halı odur,

Yaşarsa bir könül, az-çox xəyal içində yaşar.

Dünya romantizm ədəbiyyatında olduğu kimi, XX əsrin əvvəlləri Azərbaycan romantik ədəbiyyatında da ümumi məhəbbət fəlsəfəsi romantiklərin estetik idealının ifadəsi kimi çıxış edir. Romantizmə dair nəzəri tədqiqatlarda göstərildiyi kimi, "klassik məhəbbət lirikasına xas olan qadın məhəbbətini ideallaşdırmaq, sevgi iztirablarını lirikanın əsas, aparıcı motivinə çevirmək hallarına bunlarda çox az rast gəlmək olurdu. Romantik şeirdə məhəbbət lirikası çox zaman müəyyən fəlsəfi-siyasi görüşləri ifadə edən simvolik rəmzi vasitəyə çevrilirdi. Bu ilk növbədə mənsub olduğun xalqa bəslənilən məhəbbətin ümumiyyətlə insanlığa olan məhəbbət səviyyəsində bədii cəhətdən ümumiləşdirilməsini təmin etmişdir. Məhəmməd Hadinin "Bütün insanlar qardaşdır və lakin yad şəklində", Hüseyn Cavidin "Qız məktəbi" şeirindəki dialoqda  "yoxmu başqa sevdiklərin" sualının cavabında məktəbli qızın "Anam, babam, müəllimim, bir də bütün insanlar" misrası romantizmdə məhəbbət fəlsəfəsinin mahiyyətini dolğun şəkildə mənalandırır. Hüseyn Cavidin "Mənim Tanrım" şeirində də konkret olaraq hər hansı bir sevgilidən deyil, geniş mənada ümumiyyətlə, gözəllikdən və sevgidən bəhs olunması romantizmdəki ümumi məhəbbət fəlsəfəsinin mükəmməl bir poetik əks-sədasıdır:

Hər kəsin cahanda bir pənahı var,

Hər əhli-halın bir qibləgahı var,

Hər kəsin bir eşqi, bir Allahı var,

Mənim Tanrım gözəllikdir, sevgidir.

Romantizmdəki ümumi məhəbbət mövzusunun ön mövqeyə çəkdiyi insanlıq fəlsəfəsi motivləri inkişaf etdirilərək romantik ədəbiyyatda ümumiləşdirilmiş bəşəri fikirlərin ifadə edilməsi səviyyəsinə çatdırılmışdır. Abdulla Şaiqin "Həpimiz bir günəşin zərrəsiyiz" şeiri Azərbaycan romantiklərinin insanlıq sevgisinin, bəşəri humanizminin bariz nümunəsidir.

Həpimiz bir yuva pərvərdəsiyiz!

Hamımız bir günəşin zərrəsiyiz!

Bütün bunlarla bərabər, Azərbaycan romantikləri də öz əsərlərində tənqidi realistlər kimi sadə, adi insanların taleyinə yanıqlı münasibəti ifadə etmişlər. Tənqidi realistlər kiçik adamların gözünü açmaq, onu ayıltmaq, ictimai həyata gətirmək missiyasını həyata keçirdikləri halda, romantiklər "kiçik sərsərilərin", "öksüz Ənvər"lərin, "vərəmli qız"ların yanıqlı taleyinə açmaq, onların simasındakı "incəlik və dərinliyi" ictimaiyyətin diqqətinə çatdırmaqla kifayətlənmişlər.

XX əsrin əvvəlləri Azərbaycan romantik ədəbiyyatı özünəməxsus janrları ilə səciyyələnir. Azərbaycan romantiklərinin yaradıcılığında poeziya və dramaturgiya aparıcı olmuşdur. Romantiklərin demək olar ki, hamısı ədəbi fəaliyyətə şeir yazmaqla başlamış, lirik ədəbi növün müxtəlif janrlarında qələmə aldıqları yaddaqalan şeirləri ilə tanınmışlar. Onlar xalq-aşıq şeiri və klassik poetik formalardan yaradıcı şəkildə faydalanaraq, məlum şeir şəkillərinin quruluşunda müəyyən dəyişiklik edərək, ictimai məzmunlu şeirlər yazmışdır. Bundan başqa, romantiklər sonet, marş, şərqi, türkü kimi janrları ilk dəfə Azərbaycan şeirinə gətirmişlər. Hüsyen Cavid, Abbas Səhhət və Abdulla Şaiq Avropa sonetinin bütün formalarında şeirlər yazmaqla Azərbaycan lirikasını zənginləşdirmişlər.

Poema janrı da romantiklərin timsalında yeni mərhələyə qədəm qoymuşdur. Əvvəla, ilk dəfə olaraq Azərbaycan ədəbiyyatında sujetsiz lirik-romantik poemalar meydana gəlmişdir. Hüseyn Cavidin "Sən nəsən, kimsən deyən aşıqlərə", Məhəmməd hadinin "Qürbət ellərdə yadi-vətən", "Əməl", Abdulla Şaiqin "İdeal və insanlqı" poemaları lirik-romantik monoloqlar kimi meydana çıxmışdır. İkincisi isə XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında ilk dəfə olaraq romantik-fəlsəfi poemalar yaradılmışdır. Məhəmməd Hadinin "İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah" poeması bütövlükdə çoxəsrlik Azərbaycan poeziyasının tarixində ən mükəmməl romantik-fəlsəfi poema sayılmağa layiq bədii əsərdir. Bundan başqa, Məhəmməd Hadi "Aləmi-musavatdan", "Beşikdən məzara qədər bəşərin əhvalı", "İstiqbal bizimdir", "Şərq ilə Qərbi müqayisə", Abbas Səhhətin "Şair, şeir pərisi və şəhərli" kimi romantik-fəlsəfi poemaları ilə poemanın bu formasını Azərbaycan ədəbiyyatında möhkəm, dayanıqlı bir janra çevirmişdir. Abdulla Şaiqin "İdeal və insanlıq", "Şair və qadın" poemaları da romantik-fəlsəfi poema janrında yazılmışdır. Romantik-fəlsəfi monoloqlardan ibarət olan bu poemalarda dövrün, dünyanın, ictimai mühitin ən mühüm hadisələri və proseslərinə romantik fəlsəfi baxışlar, ictimai məzmunlu bədii ümumiləşdirmələr, dərin fəlsəfi fikirlər tərənnüm olunur. Bunlar şair-filosofların romantik poemalarıdır. Müşahidə olunduğu kimi, bu poemalarda konflikt xarakterlər, tiplər arasında deyil, ideallar-fikirlər arasında olan konflikt və toqquşmalardan ibarət idi".(M.C.Cəfərov)

Əli bəy Hüseynzadə ilk dəfə olaraq Azərbaycan ədəbiyyatında romantik-siyasi traktat yaratmışdır. Onun "Siyasəti-fürusət" romanı Mirzə Fətəli Axundzadənin məşhur "Kəmalüddövlə məktubları"ndan sonra XX əsrin əvvəllərində meydana çıxmış və dövrün yeni reallıqlarını ifadə edən romantik-siyasi traktat kimi mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan ədəbiyyatında mənsur şeir də ilk dəfə romaniklər tərəfindən ədəbiyyatın dövriyyəsinə daxil edilmişdir. Hadinin "Düşündüklərim", "Aydınlıq gecə",  "Duman süpürgəsi", "Əzhari əfkar" ("Fikir çiçəkləri") mənsur şeirləri ilə Azərbaycan ədəbiyyatında bu janrda əsərlərin yazılmasına başlanılmışdır.

Mənzum faciə janrı birbaşa Azərbaycan ədəbiyyatında romantiklərin adı ilə bağlıdır. Hüseyn Cavid Azərbaycan mənzum romantik faciə janrının dahi yaradıcısıdır.

Qeyd etdiyimiz kimi, Romantizm ədəbi cərəyan kimi 1920-ci ildən sonra süquta uğramışdır. Bunun bir sıra mühüm səbəbləri var idi. Əvvəla, 1907-ci ildə "Füyuzat" jurnalının bağlanması və 1909-cu ildə Əli bəy Hüseynzadənin Bakıdan İstanbula köçməsi romantizmin bir ədəbi cərəyan kimi fəaliyyətini zəiflətmişdi. Lakin "Füyuzat" jurnalı bağlansa da, möhkəm ideya-estetik prinsiplərə malik olan füyuzatçılıq ənənəsi bir müddət davam etmişdi. "Füyuzat"-dan sonra nəşrə başlamış "Yeni Füyuzat" və "Şəlalə" kimi mətbuat orqanları Hüseynzadə səviyyəsində olmasa da, müəyyən dərəcədə füyuzatçılıq-romantizm ideyalarını yaşatmağa müvəffəq olmuşdu. Əli bəy Hüseynzadənin çalışdığı Bakıdakı "Səadət" məktəbi "Füyuzat" jurnalı bağlanandan sonra 1907-1909-cu illərdə romantik şairlərin əsas ədəbiyyat ocağı funksiyasını həyata keçirmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması da romantizmin ömrünü uzadan amillərdən biri ola bilmişdi. Hüseyn Cavidin Xalq Cümhuriyyəti dövründə yaranmış "Yaşıl qələm" ədəbi birliyinin işində iştirak etməsi, Hadinin müsavatçılara yaxınlığı, Əli bəy Hüseynzadənin 1920-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi Türk-İslam ordusu ilə Bakıya gəlişi və bir sıra hadisələrdə iştirak etməsi Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının yolunu davam etdirməsinə öz təsirini göstərmişdir. Məlum olduğu kimi, Hadinin " Qürbət ellərdə yadi-vətən" poeması 20-22 noyabr 1918-ci il tarixlərində "Azərbaycan" qəzetində çap olunmuşdur. 

Hadinin bir çox şeirləri və xüsusən şairin şah əsəri hesab edilən "İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah" poeması da Cümhuriyyət dövründə qələmə alınmışdır. Hüseyn Cavidin "İblis" faciəsinin əlyazması 5 mart 1920-ci ildə "Yaşıl qələm" dərnəyində oxunub müzakirə edilmişdir. Deməli, 1918-ci ildə Azərbaycan Xalq Cünhuriyyətinin yaradılması nəinki Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının fəaliyyətinə son qoymamış əksinə, romantik yazıçı və şairlərə ikinci nəfəs gətirmişdir.

Bununla belə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1920-ci ildə bolşeviklər tərəfindən devrilməsi ilə ictimai mühitdə baş vermiş kəskin dəyişikliklər romantizm üçün zəruri olan ideya-estetik prinsipləri aradan qaldırmışdır. Türk-İslam ordusunun Baş komandanı Nuru Paşa ilə 1920-ci ildə Bakıya gəlmiş, Əli bəy Hüseynzadənin yenidən və həmişəlik Türkiyəyə qayıtması, Abbas Səhhətin 1918-ci ildə və Məhəmməd Hadinin 1920-ci ildə dünyalarını dəyişmələri, habelə ölkədə siyasi sistemin fərqli məcrada inkişafı romantizmin ədəbi cərəyan kimi süqutuna gətirib çıxarmışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Hüseyn Cavidin təkbaşına ədəbi fəaliyyətini davam etdirməsi ilə ədəbiyyatda romantik ənənələr yaşadılsa da, eyni bədii metoda əsaslanan sənətkarların yaradıcılıq birliyindən ibarət olan romantizm ədəbi cəbhəsi dağıldığı üçün bu ədəbi cərəyan da süquta uğramışdır. Hüseyn Cavidin sovet dövrü yaradıcılığında siyasi sistemin təzyiqi ilə sosializm ideyalarına doğru müəyyən dərəcə dönüş etməsi onun yaradıcılığında klassik romantizm ənənələrindən az da olsa uzaqlaşma meyllərini nəzərə çarpdırmışdır. Yeni həyatın gerçəkliklərinə romantik-realist münasibəti ifadə edən "Azər" poemasının 1926-cı ildə yazılması ilə həm Hüseyn Cavid romantizmi və həm də Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanı mövcud vüsətini itirmişdir.

Eyni zamanda, qeyd etmək lazımdır ki, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas yaradıcısı olan Əli bəy Hüseynzadənin 1926-cı ildə Türkiyə nümayəndə heyətinin tərkibində Bakıda keçirilmiş I Türkoloji Qurultayda iştirak etməli və qurultayda "Qərbin iki dastanında türk" mövzusunda məruzə ilə çıxış etməsi ədəbi mühitdə romantizmə dönüş baxımından müəyyən əks-səda doğurmuşdur. Böyük ədibin Bakıda keçirdiyi görüşlər, xüsusən, 5 mart 1926-cı il tarixdə Azərbaycan Ədəbiyyat Cəmiyyətinin iclasında etdiyi tarixi çıxışı ölkəmizin siyasi-ədəbi dairələrində maraqla müzakirə olunmuşdur. Lakin bu cəlbedici nitqdəki ədəbiyyata dair parlaq fikirlər romantizmin təbliğ edilməsindən çox, həmin ədəbi axının retrosu təsiri bağışlayır. Çünki Azərbaycan Ədəbiyyat Cəmiyyətində etdiyi yaddaqlan nitqində Əli bəy Hüseynzadə örtülü şəkildə olsa da realizmlə müqayisədə romantizm ədəbiyyatının tarixə çevrildiyinə dair açıq etiraflar etmişdir. Hüseynzadənin "Ədəbiyyat da belədir. Xalqa enmədikcə yüksəlməz" kimi etirafları romantizm epoxasının bitməsi və realizmin yaşamaq haqqı qazanması gerçəkliyinin bəyanatıdır: "Bir gün sokakda bir cocuq gördüm. Topla oynayırdı. Topu yuxarı atdıqda top geri dönüb aşağı düşdü. Fəqət topu əvvəl yer vurduqsa, top əvəzində yüksəlirdi. Ədəbiyyat da belədir. Xalqa enmədikcə yüksəlməz. Əvvəl xalqa, köylüyə, əmələyə, vəlhasil böyük kütləyə qədər enməli, sonra bunlarla bərabər yüksəlməyə çalışmalıdır".

Əlibəy Hüseynzadənin I Türkoloji Qurultaydan sonra İstanbula qayıdaraq qalan həyatını Türkiyədə keçirməsi ilə meydanda romantiklərdən yalnız Hüseyn Cavidin qalması Azərbaycan romantizminin ədəbi cərəyan kimi statusunu tam itirməsinə səbəb oldu. Beləliklə, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının bərpa ediləcəyi haqqındakı ümidlər də boşa çıxdı.

Azərbaycan sovet yazıçılarının 1934-cü ildə keçirilmiş I qurultayında elan olunmuş sosialist realizmi yaradıcılıq metodu əsasən ideoloji xarakterə malik realist tipli ədəbi cərəyan kimi nəzərdə tutulsa da, bu zaman romantik ədəbi ənənələri tamamilə kənarda qoymaq meyli olmamışdır. Sovet yazıçılarının ağsaqqalı Maksim Qorki görkəmli bir yazıçı olduğu üçün yeni quruluşun ədəbiyyatının inkişafında realizmin roluna üstünlük versə də, ədəbiyyatı baş verə biləcək sxematiklikdən, yeksənəklikdən xilas etmək naminə yeni tarixi şəraitdə sosialist realizmi yaradıcılıq metodunun üzvü tərkib hissəsi kimi "inqilabi romantika" yaxud "qırmızı romantizm" də mövcud olmasını zəruri saymışdır. Romantik ədəbiyyat üçün açılmış bu kiçik həyat nəfəsi sovet ədəbiyyatında sosialist realizmi yaradıcılıq metodunun bu istiqaməti üzrə də bədii əsərlərin yaranmasına təkan vermişdir. Zaman keçdikcə həmin meyl o həddə çatmışdır ki, bəzi sovet tənqidçi və ədəbiyyatşünasları XX əsrin altmışıncı illərindən sonra sovet ədəbiyyatında "sosialist romantizmi" adlandırdıqları fərqli bir ədəbi cərəyanın yaranmaqda olduğunu iddia etmişlər.

Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatında da romantik ədəbi ənənələr yaşamaqda davam edir.

SİZƏ MARAQLI OLA BİLƏR