Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Böyük yolda sonsuz yolçuluq. Yunus Əmrənin "Gəl gör məni eşq neylədi" nidasından duyulanlar - Aygün Bağırlı

31-03-2022 [ 22:48 ] [ oxunub:157 ]
printerA+ | A-
102168

Nizamidən sonrakı, Füzulidən əvvəlki Məcnundur Yunus  Əmrənin Məcnunu. Daha dəqiq desək, Yunus  Əmrənin Məcnunluq halı. Aşiq-şair ilk olaraq Məcnunun portretini belə cizgiləyir: yana-yana yürüyən, eşqin qana boyadığı, bəndə sevdasını aşıb, ilahi eşqə yol gedən aşiq. 

Miskin Yunus biçarəyim, 
Baştan ayağa yarəyim,
Eşq əlindən avarəyim, 
Gəl gör məni eşq neylədi!

Məqamı divanəliklə aqilliyin arasındakı mərtəbədədir. Amma aqillikdənmi divanəliyə, divanəlikdənmi aqilliyə getdiyini hələ dərk etməyən Yolçu. Bu yolda yanmaq var, yaralanmaq var, divanəlik damğası var, amma bütün bunlar yolçunun təmizlənməsi, paklanması, kamilləşməsi, məqamının ucalması üçündür. Yanıb, yanıb aydınlanması, yolun sonundakı qapıdan uca olaraq, kamil olaraq keçə bilməsi üçündür. Burada yanmaq da, yaralanmaq da sınaqdır,  ali eşqə yol gedənin imtahanıdır. Elə buna görə bütün  iztirablar xoş gəlir aqil aşiqə. Gəl gör məni eşq neylədi? Şikayət deyil, üsyan deyil, hayqırtı deyil, səmimi sızıltıdı. Çünki yaraları dost əlindəndir, yar əlindəndir. Hər dəfə "Gəl gör məni eşq neylədi?" - desə də çağırdığına əhvalını özü söyləyən, onun görməsini gözləmədən özü-özünü anladan aşiq. Ona görə ki, onun nə yanmağı, nə qana boyanmağı gözlə görünən deyil, bu yanğının alovu da, tüstüsü də, qanayan yarası da, dağlanmış ciyərinin göynərtisi də özünə bəllidir. Çağırdığı kimdir, bəs? Onu bu sevdaya giriftar edənmi, Xaliqmi? Bəlkə, hər ikisi eyni cilvədə, eyni surətdədir sufi-şairin könül-gözündə? Görüş yeri isə ancaq yuxulardır.  

Məcnun oluban yürürüm,
O yari düştə görürüm,
Oyanıb məlul olurum,
Gəl gör məni eşq neylədi?

Amma şairin  arayıb axtardığının içində müridi, Şeyxi də var. Eldən-elə yürüdükcə Şeyxini axtaran aşiq qürbətdə onu başqa kimsənin yox, ancaq müridinin anlayacağını düşünür:

Mən yürürəm eldən-elə,
Şeyx ararım dildən-dilə.
Qürbətdə halım kim bilə
Gəl gör məni eşq neylədi?

Qürbət burda təkcə biz anladığımız mənada deyil, həm də yarın olmadığı yer, məkan kimi anlaşılmalıdır. Aşiq üçün yarın olmadığı hər yer qürbətdir.

Şeirdəki  -  "Nə aqiləm, nə divanə" sözlərini,  "həm aqiləm, həm divanə" kimi də başa düşmək olar.  Külək kimi əsmək, sel kimi coşmaq divanəliyin əlamətidirsə, toz kimi sakit  və susaraq oturmaq aqilliyin nişanəsidir. "Nə aqiləm, nə divanə" - deməklə həm də təvazö olan şair aqilliyini bir daha bəyan etmiş olur: 

Mən yürürüm yana-yana,
Eşq boyadı məni qana.
Nə aqiləm, nə divanə,
Gəl gör məni eşq neylədi?

Füzulinin Qeysi ilə Yunusin Məcnunu bir məqamda fərqlənir. Əgər Qeysin atası şəfa üçün oğlunun əlindən tutub Kəbəyə aparanda o:  

Ya Rəbb, bəlayi-eşq ilə et aşina məni! 
Bir dəm bəlayi-eşqdən etmə cüda məni! 

... Getdikcə hüsnün eylə ziyadə nigarımın,
Gəldikcə dərdinə betər et mübtəla məni!

...Öylə zəif qıl tənimi firqətində kim,
Vəslinə mümkün ola yetirmək səba məni! 

- deyə dua edib, həzzi hicran və həsrətdə, eşq əzabının ağırlığında və çoxluğunda görürsə,  sevdiyinin dərdinə daha çox mübtəla olmağı, küləyin ona gücü çatacağı, səbanın onu yara yetirə biləcəyi qədər zəif düşməyi diləyirsə, Yunus  Əmrənin Məcnunu: 

Ya əlim al qaldır məni, 
Ya vəslinə erdir məni.
Çox ağlatdın, güldür məni,
Gəl gör məni eşq neylədi! 

- deyə vüsal üçün dua edirdi. Yunus  Əmrə Məcnunu qüssə üçün, iztirab üçün deyil, vəslə yetmək üçün dua edirdi və bu istəyinə görə onu heç kim qınamır da. Sevdasına  qovuşmaq o yolun bütün əzablarına qatlaşan hər bir aşiqin haqq etdiyi diləkdir. Çox ağlayan aşiq nəhayət, üzünün gülməsini, könlünün gülümsəməsini  istəyir.     

Yunus Əmrəni haldan-hala salan sevda təkcə eşq olaraq qalmırdı, sufilərin sevgisi həm də ibadətdir və  ali-ilahi eşqin yoluna çıxmaqla O, böyük bir yolçuluğa çıxmışdı. Həm  ibadətində, həm aşiqliyində, həm şairliyində sabitqədəm olan Yunus  Əmrə adını dünya ədəbiyyatına böyük sözün sahibi, böyük yolun ulu yolçusu  kimi yazdıra bildi.    

525-ci qəzet, 2022, 31 mart

SİZƏ MARAQLI OLA BİLƏR