Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bu elmi-tədqiqat müəssisəsinin əməkdaşlarının, doktorant və dissertantlarının xarici dil biliklərinin artırılması məqsədi ilə ingilis dili kursları fəaliyyətə başlayıb. İlkin mərhələdə kurslar Başlanğıc (Beginner) və orta (İntermediate) səviyyələrdə iki mərhələdə keçirilir.
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin təşəbbüsü və rəhbərliyi ilə təsis edilən ingilis dili kursları elmi-tədqiqat müəssisəsində böyük maraqla qarşılanıb. İlkin mərhələdə İnstitutun 50 nəfərdən artıq əməkdaşı dərslərə qoşulub.
Kursların açılışı zamanı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov dərslər barədə məlumat verib. Bildirib ki, kursların təşkilində əsas məqsəd institut əməkdaşlarının xarici dil biliyini yüksək səviyyəyə qaldırmaq, Azərbaycan elmini dünya elminə inteqrasiyasını daha da yaxınlaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaqdan ibarətdir.
Xatırladaq ki, kurslar iki qrup üzrə həftədə iki dəfə keçirilir. Kursların müəllimləri institutun əməkdaşları filologiya üzrə fəlsəfə doktoru Şəhla Qurbanova və Şəfa Əliyevadır. Hər iki müəllim ingilis dilinin tədrisi metodikası üzrə təcrübəyə malikdirlər.
Bundan başqa, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda doktorant və dissertantlar üçün Azərbaycan ədəbiyyatı üzrə ixtisas dərsləri də keçirilir.