Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb

07-05-2025 [ 12:14 ] [ oxunub:16 ]
printerA+ | A-
105431

Mayın 6-da Ankarada Hacı Bayram Vəli Universitetində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinə həsr olunmuş konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Türkiyədəki səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Hacı Bayram Vəli Universitetinin Türkologiyanın Tətbiqi və Öyrənilməsi Mərkəzinin birgə təşkilatçılığı ilə “Əsrləri aşan Nizami Gəncəvi hikməti” mövzusunda tədbir keçirilib.

Ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyə universitetinin müəllim və tələbələrinə müraciət edərək Nizami Gəncəvini “dünya irsinin sərvəti”, Azərbaycanın dahi oğlunun əsərlərini isə “mənəvi sənətin nadir xəzinəsi” adlandırıb.

S. Abbasov vurğulayıb ki, hətta 880 ildən sonra Azərbaycanın dahi şairi və mütəfəkkirinin yaradıcılığı öz aktuallığını itirmir.

O əlavə edib: “Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzinin məqsədi qardaş ölkənin ictimaiyyətini Azərbaycan xalqının zəngin irsi haqqında hərtərəfli məlumatlandırmaqdır. Bu istiqamətdə biz Nizami Gəncəvinin məşhur “Xəmsə”sinin türk dilinə tərcüməsi də daxil olmaqla çoxsaylı proqram və layihə həyata keçiririk. İlk iki əsər – “İsgəndərnamə” və “Sirlər xəzinəsi” artıq Türkiyədə geniş oxucu kütləsinə təqdim olunub. Sırada “Leyli və Məcnun”un nəşri var”.

Onun sözlərinə görə, Nizami Gəncəvinin yaradıcılığı geniş və çoxşaxəlidir, onun məşhur qəzəlləri əsasında isə bir çox musiqi əsəri bəstələnib. “Mayın sonunda Ankarada konsert proqramı keçiriləcək, onun repertuarında dahi Nizaminin əsərləri də yer alacaq”, - deyə Mərkəzin rəhbəri bildirib.

O, iştirakçıları dahi Azərbaycan şairinin yaradıcılığı mövzusunda miniatür sərgisinin təşkili planları barədə də məlumatlandırıb. Bu təşəbbüsə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, o cümlədən Ankara Mədəniyyət və Turizm İdarəsi fəal dəstək göstərəcək.

“Qardaş Türkiyə xalqı Nizami Gəncəvi və Azərbaycanın digər görkəmli övladları haqqında ətraflı məlumata malik olmayana qədər biz Azərbaycan irsini təbliğ etməyə davam edəcəyik”, - deyə S.Abbasov əmin edib.

Daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru, dosent Təhminə Bədəlova XII əsrin dahi mütəfəkkirinin həyat yolundan, fəlsəfi və poetik yaradıcılığından danışıb.

T.Bədəlova iştirakçıların diqqətini Azərbaycanda Nizami Gəncəvi irsinə ümumxalq məhəbbətinə yönəldib, Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamını, habelə Azərbaycanın dövləti başçısının müasir Gəncənin əsas görməli yerlərindən biri olan humanist şairin məqbərəsinin ətrafındakı ərazisinin yenidən qurulmasına dair tapşırığını xatırladıb.

Nizamişünas AZƏRTAC-la söhbətində dahi şair və mütəfəkkirin irsini qardaş Türkiyədə də təbliğ etməyi özünə borc bildiyini qeyd edib, ölkəmizin Ankaradakı səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin xətti ilə həyata keçirilən layihə və proqramların əhəmiyyətini vurğulayıb.

Alim qeyd edib: “Nizami Gəncəvinin humanizm, dürüstlük və ədalət ideyalarını, qadınlara göstərilən ehtiram, türklərə yüksək münasibət haqqında fikirlərini Türkiyə gənclərinə çatdırmaq fürsəti əldə etdiyim üçün xoşbəxtəm. Türkiyənin hər bir tələbəsinin Nizami Gəncəvinin kim olduğu sualına cavab verə bilməsi vacibdir”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

SİZƏ MARAQLI OLA BİLƏR