AMEA-nın Rəyasət Heyətinin iclasında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında 19 mart 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında müzakirələr aparılıb.
Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Strategiyanın məqsədi ölkəmizdə süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirməkdir. Həmçinin qeyd edib ki, ictimaiyyətin süni intellekt barədə məlumatlandırılması, o cümlədən süni intellektin potensialı və riskləri haqqında təşviqat işinin təşkili, habelə süni intellektlə bağlı etik prinsiplərin qorunması əsas prioritetlərdən biri olacaqdır. Bundan əlavə, strategiyada süni intellekt ekosisteminin formalaşmasını və inkişafını təmin etmək üçün akademik və elmi tədqiqatların gücləndirilməsi kimi məsələlərə xüsusi diqqət yetirildiyini diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli bu gün dünyanın süni intellekt mərhələsinə daxil olduğunu, artıq gündəlik həyatımızın bir parçasına çevrildiyini, süni intellektin açdığı geniş imkanlarla bərabər, risklər də gətirdiyini söyləyib. Vurğulayıb ki, Strategiyada süni intellektlə bağlı gözlənilən risklər və onların neytrallaşdırılması məqsədilə Süni İntellekt Akademiyasının yaradılması, süni intellekt istiqamətində məsul dövlət qurumlarının müəyyənləşdirilməsi kimi məsələlərin əksini tapdığını bildirib.
Akademik İsa Həbibbəyli hazırda AMEA-da aparılan genişmiqyaslı islahatların mühüm istiqamətlərindən birini dövlətimizin milli maraqlarını və dünyada gedən qabaqcıl trend və tendensiyaları əsas götürməklə elmi fəaliyyət sahəsində süni intellektin tətbiqinin gücləndirilməsi, süni intellekt texnologiyalarından istifadənin etik prinsipləri barədə tədqiqatların genişləndirilməsi və bu istiqamətdə kadr potensialının hazırlanmasına diqqətin artırılmasının təşkil etdiyini söyləyib. Akademiyada bu istiqamətdə işlərin AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsi və institutlardakı “Elektron xidmətlər” şöbələri tərəfindən həyata keçirildiyini bildirən akademik İsa Həbibbəyli qısa müddətdə bir çox uğurların əldə olunduğunu diqqətə çatdırıb. Eyni zamanda süni intellektin humanitar və ictimai elmlərdə tətbiqini təmin etmək məqsədilə AMEA-nın Fəlsəfə və Sosiologiya, Dilçilik, Folklor institutlarında daxili imkanlar hesabına süni intellektlə bağlı şöbələrin yaradıldığını, digər müəssisələrdə də mövcud profillərinə uyğun olaraq şöbələrin təşkilinin nəzərdə tutulduğunu deyib.
Həmçinin AMEA-nın 20 fevral 2025-ci il tarixli Ümumi yığıncağının qərarı ilə təsdiq edilən “AMEA-nın 2025-2030-cu illər üzrə İnkişaf Konsepsiyası və Yol Xəritəsi”inin əsas hədəflərindən birinin dünya elminin yeni çağırışlarına uyğun olaraq süni intellekt, rəqəmsal və ağıllı texnologiyaların humanitar və ictimai elm sahələrinə, həmçinin təbiət və texnika elmlərinə transformasiyası, ümumbəşəri dəyərlərin bərqərar edilməsi, qlobal problemlərin həlli istiqamətində tədqiqatların gücləndirilməsi olduğunu deyib.
“Bu gün süni intellekt elmi öyrənmək üçün bir alətdir. Süni intellektin imkanlarından istifadə fundamental tədqiqatları daha çevik, geniş mənbələr əsasında sürətli şəkildə həyata keçirməyə imkan verəcəkdir. O cümlədən süni intellektin elmmetrik göstəricilərimizə tətbiqi ilə elmin inkişafı göstəricisini qiymətləndirmək mümkündür. Bu işləri həyata keçirmək üçün “Elektron xidmətlər” şöbələrinin əməkdaşlarını, Gənc Alim və Mütəxəssislər şuralarının üzvlərini, həmçinin doktorantları da cəlb etməliyik. Əməli fəaliyyətimizlə dövlət başçımızın, ölkəmizin çağırışlarına cavab verməliyik”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.
Qeyd olunan məsələ ətrafında akademiklər - Rasim Əliquliyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, Arif Həşimov, professor Nadir Məmmədli, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, filologiya üzrə fəlsəfə doktorları – Hikmət Quliyev, Səbuhi Qəhrəmanov, Mehman Həsənli, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
İclasda AMEA-nın elmi bölmə və mərkəzlərinə, elmi müəssisə və təşkilatlarına, AMEA Rəyasət Heyəti aparatının şöbələrinə Sərəncamın icrası ilə bağlı təkliflərini hazırlayaraq təqdim etmələri tapşırılıb.