10.04.2025-ci ildə filologiya elmləri doktoru, professor Salidə Şərifovanın “Azərbaycan romanlarında janr qarışıqlığı” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə Salidə Şərifova roman janrının Azərbaycan və dünya ədəbiyyatşünaslığında keçdiyi tarixi yola müqayisəli şəkildə nəzər salaraq romanın ədəbi növ və janr anlayışlarına vahid yanaşmanın olmamasına, roman janrında büruzə verən janr qarışıqlığı məsələlərinə toxunmuşdur. Romanda janr qarışıqlığından danışarkən onun üç formasını, yəni növlərarası, növlərdaxili və janrdaxili qarışıqlıqları haqqında geniş məlumat vermiş, növlərarası və növdaxili qarışıqlıqları şərti olaraq bir qrupda birləşdirilərək janrlararası qarışıqlıq kimi təqdim edilməsinə də aydınlıq gətirmişdir.
Salidə Şərifova kommunikasiya texniki vasitələrinin inkişafının informasiyanın ötürülməsinin yeni formalarını yaradan və romançılığın audio və kino, həmçinin internet şəbəkəsi vasitəsilə yayımlana bilən əsərlər yaratması məqamlarına da toxunmuş, audioroman, kinoroman və hipertekst roman arasında fərqlərə də diqqət yönəltmişdir.
Məruzədə doktorant və dissertantlarla yanaşı təcrübəçi tələbələr də iştirak etmişdir.