AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru, dosent Pərvanə Bəkirqızının vəfatından sonra Ankarada Qazı Yayınevi tərəfindən “MİFO-POETİK VƏ FİLOLOJİ DÜŞÜNCƏDƏ MİF KONSEPSİYALARI” adlı kitabı nəşr olunub. Bu əsər,
ədəbiyyat və mifologiyanın dərin əlaqələrini araşdıran zəngin bir tədqiqatdır.
Türk və Azərbaycan ədəbiyyatındakı mifo-poetik izləri izləyən əsər, mifin ədəbi düşüncə üzərindəki təsirini dərinləşdirir və bu sahədə müasir nəzəriyyələrə işıq tutur.
Kitab “Mito-Poetik: Teorik Yaklaşımlar ve Araştırmalar”, “Mitin Yeniden Doğuşu: Edebi ve Kültürel Yansımalar”, “Edebiyat ve Mit: Arketiplerden Neo-Mitolojiye”, “Edebiyatta Mitolojinin İzleri: XX. Yüzyıldan Günümüze”, “Edebi Metinlerde Mitoloji ve Arketiplerin Gücü: Nihai Bir Değerlendirme” bölümlərindən ibarətdir.
Birinci bölümdə mifin ədəbi və poetik təhlilinə dair nəzəri yanaşmalar və müasir araşdırmalar işıqlandırılır. İkinci bölümdə mifin ədəbiyyatda yeni bir formaya çevrilməsi və mədəniyyətə necə bəsir etdiyi müzakirə edilir. Üçüncü bölümdə arxetiplərin və neo-mifologiyanın ədəbiyyatdakı yeri və təsiri təhlil olunur. Dördüncü bölümdə XX əsrdən günümüzə qədər ədəbiyyatda mifologiyanın izləri izlənilir. Beşinci bölümdə mifologiya və arxetiplərin ədəbiyyatda yaratdığı güc və təsir qiymətləndirilir.
Nəticə hissəsində mifologiyanın müasir ədəbiyyata verdiyi töhfələr və gələcəkdəki əhəmiyyəti haqqında ümumi nəticələr təqdim olunur.
Kitabın professor Tahirə Məmməd tərəfindən yazılmış “Edebi Eserlerin İncelenmesinde Mitolojik Kavramların Rolü” başlıqlı giriş hissəsində, mifin ədəbiyyat və mədəniyyətə təsiri təhlil edilir.
Kitab Türkiyə Türkçəsinə professor Vüsalə Musalı tərəfindən çevrilib. Cildin rəssamı Ofelya Hüseynzadədir. Bu əsər, mifin ədəbiyyat və mədəniyyət arasındakı əlaqələrini araşdıran fəlsəfi bir qaynaqdır. Kitabın daxilində mifologiyanın ədəbi formalarla necə əlaqələndirildiyi və müasir ədəbiyyata olan təsiri dərindən təhlil edilir. Pərvanə Bəkirqızının bu əsəri, mifologiyanın ədəbiyyat və mədəniyyətə olan təsirini dərindən anlamağa çalışan hər kəs üçün vacib bir qaynaqdır. Kitab, mifin yalnız keçmişin əks-sədası deyil, həm də gələcəyin işığını yandıran bir güc olduğunu göstərir. Bu nəşr müasir ədəbiyyatda mifologiyanın dərin izləri və gücünü araşdırmaq istəyənlər üçün nəzərdə tutulmuş qiymətli bir əsərdir.