Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Şirindil Alışanlı - dəyərləri meyara çevirən alim - Elnarə Akimova

17-03-2025 [ 10:30 ] [ oxunub:7 ]
printerA+ | A-

Şirindil Alışanlının yoxluğuna alışmaq,  haqqında keçmiş zamanda danışmaq çətindir. Çünki Şirindil müəllim varlığında yalnız öz kimliyini daşıyan alim deyildi, mənəvi dünyasına bütöv epoxanın yükünü, güc, səriştə və bazasını sığdırmış ədəbiyyatşünas idi. Yüksək kürsülərdən, uca tribunalardan səsləndirdiyi məruzələrinə fikir verirdim, daim elmi analizlə xatirələri, yaşantıları vəhdətdə çatdırırdı auditoriyaya. Özünəməxsus təbəssüm, gülüş və yumor hissi ilə həm də. Onun üçün yaradıcılıq qədər şəxsiyyət də mühüm amil idi, ona görə. Özü də şəxsiyyət idi axı. Mətnə münasibətdə barışmaz, prinsipial olduğu qədər həyatda sadə və mütəvazi davranışı vardı. Vəfa hissi, etibarlıq tapındığı dəyərlər idi. Belə görmüşdü, belə olmağın da nümunəsini sərgiləyirdi şəxsi davranışında. Onu fərqli, xarizmatik edən elə bu keyfiyyətlər idi. 

Şirindil Alışanlı azmı yazdı, çoxmu, elmi potensialından yetərincə yararlana bildimi, yoxsa yox, - indi bunlar o qədər də önəmli deyil. Onsuz da bu göy qübbəsinin altında hər kəs Tanrıdan ona ayrılmış qisməti yaşayıb gedir. Önəmli olan Şirindil müəllimin meydanda olan kitabları, elmi əsərləri, yazdıqları, qoyduğu irs, ötürdüyü dəyərlər, qoruduğu meyarlardır ki, onların hər birinin Şirindil Alışanlı imzasını əbədi yaşatmağa gücü yetəcək. Mən meyarlar ifadəsini nahaqdan vurğulamıram. Alimin elmi o zaman faydalı olur ki, o, yazdıqlarını, təlqin etdiklərini mənəvi dəyərə çevirməyi bacarır, aşıladığı dəyərlərin keşiyində dayanır. Yaşar Qarayevin dediyi kimi, "ziyalının missiyası və rolu məqama xidmət etmək deyil, məqamlar arasında vəhdətə xidmət etməkdir, nəsillər və əsrlər, yaxınlar və uzaqlar arasında da əlaqə və ahəng yaratmaqdır, işığı keçməyə, şamı sönməyə qoymamaqdır,  ocaqdan ocağa od daşımaqdır"... Şirindil Alışanlı da elmdə yol açan, ocaq çatanlardan oldu, istisinə neçə nəsil alimlər qızındı, zamanlar, əsrlər arasında körpü olmağı bacardı. Onun üçün ayrılmış missiya bu idi. 

 

Şirindil Alışanlının təhlillərində humanitar düşüncənin neçə yüzillik qatı, dünəni, keçmişi danışırdı. Bu dərinlik onun həm də uşaq ədəbiyyatı ilə bağlı məqalələrinə, yanaşmalarına hakim idi. 1994-cü ildə "Əyanilik və konkretlik" adlı məqaləsində yazırdı ki, "Təkcə belə bir faktı göstərmək kifayətdir ki, respublikamızda filoloji fikrin mərkəzi sayılan Nizami adına Ədəbiyyat İnstitutunda uşaq ədəbiyyatının tədqiqi ilə bağlı məsələlərə yalnız təsadüfi halda müraciət edilir". Bütün hallarda mövzuya peşəkar yanaşma, hədsiz məsuliyyət və tələbkarlıq vardı bu yazılarda. Şirindil Alışanlı uşaq şeirlərindən ilk növbədə, əyanilik və konkretlik umurdu. Bədii təsvir vasitələrinin əlvanlığını, obrazın, ifadənin işləndiyi məqamın konkret məqsədlə bağlılığını bədii obyektin müxtəlif poetik cizgilərlə ifadəsinə imkan yaradan əsas vasitə olaraq qeyd edirdi.

Müstəqillik dövrü Azərbaycan poeziyası bu vaxtadək müxtəlif rakurslardan öyrənilmiş, ona dair problemlər daim elmi-nəzəri fikrin, milli ədəbiyyatşünaslığın diqqətində olmuşdur. Poeziyamızın bu dövrü ilə bağlı milli ədəbiyyatşünaslığımızın dəyərli simaları bu və ya digər şəkildə fikir bildirmiş, mövzunu müxtəlif problem məqalə, icmal, resenziya janrında meydana qoyduqları nümunələrdə işıqlandırmağa çalışmışlar.  Şirindil Alışanlının bu istiqamətdə yazdıqları araşdırdığı məsələlərin müxtəlifliyindən asılı olmayaraq, bütünlükdə müstəqillik dövrü Azərbaycan şeirinin axtarış, mənzərə dinamikasını izləməyə geniş imkan yaradır. Hələ XX əsrin 80-ci illərində Şirindil Alışanlı yazırdı: "Poeziyamızda lokal düşüncəni qırıb-dağıtmaq meyli var, özü də bu, müxtəlif ifadə tərzi ilə reallaşır. Burada həm siyasi ritorika mövcuddur, həm də hadisələrin ictimai-siyasi mənasını üzə çıxardan təmkinli bədii təhlil".

 

Bu prosesin davamlı nəticəsi oldu ki, artıq müstəqillik dövrünün irəliləyən illərində Azərbaycan poeziyasında müasirlik, həyatilik, reallıq keyfiyyətləri daha qabarıq şəkildə önə çıxmağa başladı. Bununla belə Şirindil Alışanlının "ötən əsrin 80-ci illərində poeziyada, əsasən, məddahlıq psixologiyası namuslu poetik sözü kölgədə qoyurdu" fikrinə də haqq qazandırmamaq olmaz. Şirindil müəllim birmənalı şəkildə həyat gerçəkliklərinin poetik təqdiminə üstünlük vermirdi, o, poeziyadan həm də yeni məziyyətləri, həyati proseslərə çoxyönlü baxışları ilə mühiti "diksindirməyə" qadir yanaşma, təzə nəğmə axtarışları uğrundakı maraqları ifadə edən düşüncə tələb edirdi. Məsələn, "Sözün estetik yaddaşı" kitabında müasir oxucu ilə lirik ünsiyyətin yaddaqalan anlarını doğru olaraq lirik qəhrəmanın daxili yaşantılarının özünə uyar həyati detallarla "qovuşmasında" görür, eyni zamanda belə bir qənaət ifadə edirdi ki, "müasir lirikada keçmiş və indi təkcə milli poetik tarixi ənənələr baxımından yox, zahirən daha kiçik həyati detallar, məişət adilikləri ilə də "ünsiyyətdə" olur və bütün bu detallar müasirlərimizi düşündürən ictimai problemlərin ifadəsində poetik əyaniliyi, konkretliyi şərtləndirir".

 

Şirindil Alışanlı üçün poetik təfəkkürün bəhrəsi olan şeirin müasirliyi, dərinliyi, aydın və səmimiliyi illər boyu formalaşdığı amillərdən asılı idi, onun yanaşmasına görə, özlüyündə adi bir fakt həyat haqqında ciddi poetik düşüncələrin başlanğıcına çevrilməliydi: "Yersiz belletrizm, konkret mövzunun özünəməxsus cəhətləri haqqında heç bir orijinal poetik məlumat verməyən ənənəvi epitetlər sözə, onun poetik ləyaqətinə qarşı ikrah hissi doğurur".

Şirindil Alışanlı sovet dövrü Azərbaycan ədəbiyyatının bilicisi idi. Yaxın keçmişimiz olan sovet dövrü Azərbaycan ədəbiyyatının müxtəlif problemlərinə yeni metodoloji mövqedən nəzər salındığı 1990-cı illərdə Şirindil Alışanlı bu irsə bütünlükdə sahib çıxan azsaylı elm adamlarından oldu.   Yeni metodoloji mövqedən çıxış etmək, yeni nəzəri baqaja yiyələnmək prosesi 90-cı illərdə, yəni ideoloji buxovlardan üzülüşdükdən dərhal sonra sinxron şəkildə baş verə bilməzdi. Bunun üçün elə ədəbiyyatşünaslıq qanunları, onun tarixi estetik-nəzəri təcrübəsi ilə silahlanmaq labüd idi. Həmin illərdə Şirindil Alişanlı yazırdı ki, "Müasir ədəbi-nəzəri fikir yeni metodoloji məktəblər istiqamətində inkişafa tarixi təcrübənin zəminində hazırlanmalıdır". Özü də bunun nümunəsini verirdi, irsə həm sahib çıxır, dövrün nihilist meyillərindən qoruyurdu, həm də ədəbi mətnləri, şəxsiyyətlərin yaradıcılığını nəzəri-estetik təhlilləri ilə, dövrün və mühitin reallıqları içrə tədqiq predmetinə çevirirdi. 

 

Ümumiyyətlə, klassiklərə və onların yaratdıqları ədəbi irsə münasibət o zaman durulur və öz həqiqi çəkisini ala bilir ki, onların yaradıcıqlarının məğzi, mahiyyəti tam dərkini tapa bilsin, yaşadıqları dövrlərin obyektiv-tarixi mənzərəsi, milli-mənəvi və əxlaqi gerçəklikləri kontekstdən kənarda qalmasın. Belə məziyyətlərdən sərf-nəzər olunan vakuumda sənət ehtiva etdiyi dərinlik və ucalıqda görünə bilməz. 90-cı illərdə ədəbi irsə münasibətdə təşəkkül tapan tendensiyaların naqis, zərərli cəhəti də məhz belə bir amili nəzərə almamaqdan, klassiklərə siyasi olaylar prizmasından yanaşmaqdan irəli gəlirdi. Halbuki  tənqidçi Şirindil Alışanlının yazdığı kimi, "Müasir siyasi kontekstdə ədəbi hadisəyə qiymət vermək meyli obyektiv dəyərləndirməni bəri başdan kənara qoyur. Heç bir əsəri, abidəni, ədəbi şəxsiyyəti, həmçinin ədəbiyyat tarixini real tarixi gerçəklikdən ayırmaq olmaz. Buna əməl etmədikdə Sabir də, Mirzə Cəlil də, C.Cabbarlı, S.Vurğun və Rəsul Rza da yeni repressiyanın qurbanına çevrilirlər". 

Şirindil Alışanlıya görə ədəbi irs özündə xalqın ruhunu və potensiallıq dərəcəsini, ədəbiyyatın estetik və ideya-məfkurə məzmununu təcəssüm etdirən ən etibarlı və tükənməz arsenal idi. 1990-cı illər ədəbi prosesində ona qarşı münasibətdə hakim olan müəyyən haçalanma və qütbləşmələrə, nihilist meyillərə münasibətdə Şirindil Alışanlı ədəbiyyatın özünün sabit, dəyişməz qanunauyğunluqlarından çıxış edərək etiraz edirdi. Ona görə bu cür nihilist və qeyri-elmi mövqe ədəbi mətnlərə yanaşmada uğurlu addımı ifadə edə bilməzdi. Əksinə, bu yol ədəbi irsin bütün incəliklərinə qədər dərk edilməsinə, onun yeni biçimdə "oxunmasına" əngəl yaradırdı. Digər tərəfdən, ayrı-ayrı klassiklərin nüfuzuna xələl gəlməklə bahəm, müstəqillik dönəmində - bütün qapıları açıq olan müasir mədəniyyətdə klassik irsin mövcudluq haqqı şübhə altına alınmış sayılırdı.

 

Şirindil Alışanlının fərdiliyi, alim siması da elə bu mövqeyində görünür. Dəyərləri meyara çevirmə gücündə və təəssübündə! Bu güc və təəssübün də onu daim  yaşadacağı şübhəsizdir. Bu, o qədər adi, sadə həqiqətdir ki, ölümünə belə qibtə etdirir. Çünki vəfatından bir il keçməsinə baxmayaraq, yanımızdaymışkən kimi duyuruq varlığını. Əgər bu gün toxunduğumuz bütün elmi məsələlərdə Şirindil Alışanlının sözü, izi, dəst-xətti, mövqeyi, peşəkarlığı boy verir, qabarır, önə keçir, oxunmağı və oxutmağı labüdləşdirirsə, demək ki, zaman hardasa, hansı haldasa mütləq və mütləq insana, onun əbədi yaşarılıq gücünə tabe olur.

SİZƏ MARAQLI OLA BİLƏR