Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Üslub mübarizələrinin rəqəmsal təqdimatı və anonsu - İsa HƏBİBBƏYLİ

14-03-2025 [ 18:06 ] [ oxunub:11 ]
printerA+ | A-
105302

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın bu günlərdə çapdan çıxmış "2=3+4, yaxud iki ailədə üç xalq yazıçısı, dörd xalq şairi" kitabı çox orijinal nəşr kimi bir çox cəhətdən yeni, maraqlı, cəlbedici və əhəmiyyətlidir. Əvvəla, adından da göründüyü kimi, bu, Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri  olan görkəmli xalq şairləri - Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli və Vaqif Səmədoğlu haqqında, eyni zamanda xalq yazıçıları - Ənvər Məmmədxanlı, Anar, Yusif Səmədoğlu barəsində fərqli üslubda yazılmış, təhlillərdən, təəssüratlardan, dəyərləndirmələrdən ibarət olan ilk bənzərsiz araşdırma-antologiya kitabıdır. Elmi tərəfdən baxanda, araşdırma-antologiya janrında görünən "2=3+4, yaxud iki ailədə üç xalq yazıçısı, dörd xalq şairi" kitab kimi Azərbaycan ədəbiyyatşünaslıq elmində bu vaxta qədər dərin araşdırmaları və onları açan, təsdiq edən çoxsaylı silsilə yazılı ədəbiyyat örnəklərini özündə birləşdirən ikinci bir kitabda rast gəlinmir. Ancaq seçilmiş bu formatın xalq yazıçısı Anarın yaradıcılığında xüsusi bir janr kimi formalaşdığını da görməmək mümkün deyildir.

İlk dəfə Anarın "Sizsiz" adı ilə çap etdirdiyi həmin fərqli yanaşma üslubu "Kərəm kimi" sənədli romanı ilə, necə deyərlər, kamala çatmışdır. Bundan başqa, Anarın "Göz dünyası" adlı çoxcildlik esselər kitabı da bir çox cəhətdən "2=3+4" kitabı formatında yazılmış fərqli əsərlərdən ibarətdir. Fikrimizcə, bu əsərləri fərqləndirən əsas cəhət onlarda dərin yazıçı müşahidələri və şəxsi təəssüratlarla araşdırma, təhlil və dəyərləndirmələrin vəhdətindən yaranmaları ilə əlaqədardır. Eyni zamanda adını çəkdiyim əsərlərin demək olar ki, hamısında da bədii əsərlərdən misallar, seçilmiş şeir nümunələri verilmiş, hətta bəzi yazışmalar, məktublar da oxuculara çatdırılmışdır. Bu seriyadan olan kitablarda fotoların da özünəməxsus yeri vardır. Anar "Sizsiz" də özünün fotolara münasibətinin geniş məna daşıdığını aşağıdakı kimi izah edir: "Fotolara baxmağı çox xoşlayıram. Heç vaxt zənn etməzdim ki, fotolar bu qədər söhbətcildir… Şəkillər dil açıb danışır… Bu fotolardakı …. adamların səslərini, gülüşlərini eşidirəm…. Hər foto min bir anımla, xatirələr ilə bağlıdır".

 

Diqqətlə müşahidə etsək, Anar "Kərəm kimi" əsərini oxuculara "Nazim Hikmətin həyatı və yaradıcılığı haqqında anılar, düşüncələr romanı" kimi təqdim etmişdir. Anarın "roman-xatirə" adlandırdığı "Sizsiz" əsərini "Xan" nəşriyyatı 2019-cu ildə "Xatirə ədəbiyyatı" seriyasından olan bir kitab kimi nəşr etmişdir. Xalq yazıçısı Ənvər Məmmədxanlıya həsr olunmuş "Həyatım ağrıyır" əsərini də Anar müəllim povest-xatirə formatında düşünmüşdür. Əslində "Mübarizə bu gün də var" kitabı da xalq şairi Rəsul Rzanın fonunda XX əsrin böyük bir dövrünü əhatə edən ədəbi mübarizələrin araşdırma-antologiyasından ibarətdir. Belə olduqda, Anarın "2=3+4, yaxud iki ailədə üç xalq yazıçısı, dörd xalq şairi" adlı yeni kitabı xalq yazıçısının yaradıcılığında kökləri olan ədəbi ənənənin, davamlı yaradıcılıq prosesinin daha da inkişaf etdirilmiş təzahür  formasıdır. Bu baxımdan Anar xatirə-roman və ya xatirə-povest janrının yeni tipli yaradıcısıdır. Bununla belə, Anarın təqdimatındakı "roman", "povest" təyinatlarının birmənalı olaraq janrın hüdudları kimi qəbul edilməsi ilə müqayisədə, müəllifin "xatirə" anlayışının fərqli olduğu aydın şəkildə görünür. Fikrimizcə, xalq yazıçısının fotolara baxışı kimi, "xatirə" anlayışına münasibəti də çoxmənalıdır. Anarın ümumi şəkildə "Xatirə" kimi təqdim etdiyi hadisələr və faktlar əsasən, onun şərəflə yaşadığı Azərbaycan ədəbi-ictimai mühitindən alınmış əhvalatlar və məlumatlar olduğu üçün ədəbiyyat tarixinin və ədəbi tənqidin üzvi tərkib hissəsi kimi qəbul edilə bilər. Yəni Anarın təqdim etdiyi "xatirə"lər həyat hekayələrindən çox, əksər hallarda həm də ədəbiyyat tarixi hadisəsi, yaxud ədəbi tənqidin qənaətləridir. Anarın qüdrəti ondadır ki, o, bədii düşüncəni elm və ədəbiyyatşünaslıq miqyasında mənalandıra bildiyi kimi, ədəbiyyat tarixi faktını və hadisəsini də yüksək səviyyədə bədiiləşdirməyi bacarır. Əslində burada "bacarır" sözü əvəzinə "ustadıdır" ifadəsini yazmaqla yuxarıdakı fikri belə ifadə etmək daha doğru və elmidir: Xalq yazıçısı Anar bədii düşüncəni ədəbiyyatşünaslıq miqyasında təqdim etməyin, ədəbiyyat tarixinin və ya ədəbi tənqidinin faktları və hadisələrini (həm də şəxsiyyətlərini) isə ədəbiyyat səviyyəsində bədiiləşdirməyin ustadıdır. "2=3+4, yaxud iki ailədə üç xalq yazıçısı, dörd xalq şairi" kitabı yuxarıda qeyd etdiyim hər iki aspektin üzvi sintezindən və vəhdətindən yaranmış orijinal ədəbiyyat hadisəsidir. Rəqəmsal şəkildə "2=3+4" formatında təqdim edilmiş əsər janr baxımından sənədli romandır.

 

Çoxcəhətli yaradıcılığı aydın surətdə göstərir ki, Anarın yaradıcılığında elmlə bədii yaradıcılığın möhtəşəm bir harmoniyası vardır. Əsas məsələ bundan ibarətdir ki, yazıçılıqda, bədii yaradıcılıqda xüsusi istedad, böyük məharət göstərən Anar məsələnin elmi tərəfində də akademik baxışı çox yüksək səviyyədə nümayiş etdirir. Bu cəhətdən Anarı çoxəsrlik Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində "qoşa qanad" konsepsiyasının ən böyük yaradıcıları və daşıyıcıları sırasında Mirzə Fətəli Axundzadə ilə müqayisə etmək olar. Və oxuculara indi təqdim edilən "2=3+4, yaxud iki ailədə üç xalq yazıçısı, dörd xalq şairi" kitabı ədəbi düşüncə ilə elmi-ictimai fikrin möhkəm sintezi və vəhdətindən yaranmış mükəmməl yaradıcılıq örnəyidir. 

 

Anarın "2=3+4, yaxud iki ailədə üç xalq yazıçısı, dörd xalq şairi" kitabı, ilk növbədə, qüdrətli sənət bahadırları Səməd Vurğun və Rəsul Rza haqqındadır. Kitabın adındakı "2=" işarəsi "iki ailədə" mənasından çox, "iki üslubda" anlayışını ifadə edir. Və ya ""2=3+4, yaxud iki ailədə üç xalq şairi, dörd xalq yazıçısı" kitabı geniş mənada, həm qüdrətli sənət ustadları Səməd Vurğunla Rəsul Rzanın, onların müasiri olmuş Nigar Rəfibəyli ilə Ənvər Məmmədxanlının, həm də Azərbaycan ədəbiyyatının sonrakı "Yeni Zövq Dövrü"nün - altmışıncıların görkəmli yaradıcıları olan Anar, Yusif Səmədoğlu və Vaqif Səmədoğlunun tale romanıdır. Geniş məna daşıyan "tale romanı" ifadəsi bu məqamda janr formatında olan "araşdırma-antologiya" anlayışını da özündə birləşdirən, haqqında bəhs olunanların həm ədəbi talelərin yeri və mövqeyi, həm də şəxsi talelərin, görünən və görünməyən tərəflərinin təqdimatı, ümumilikdə isə ədəbi nəsillərin oxşar taleləri mənalarında başa düşülə bilər. Biz də o fikirdəyik ki, fərqli "2=3+4, yaxud iki ailədə üç xalq yazıçısı, dörd xalq şairi" kitabı daha çox "iki üslub"un ədəbi taleyi kitabıdır. İlk növbədə, Anar Azərbaycan ədəbiyyatında xalq şairləri - Səməd Vurğun və Rəsul Rzanın hər birinin ayrı-ayrılıqda ədəbiyyatdakı yerini və mövqeyini bir daha təsdiq etmək üçün onlar haqqında ədəbi-elmi mühitdə qabarıb-çəkilən "konyuktor" meyillərin heç bir əsası olmadığını açıb göstərmişdir. Nəinki adları ədəbiyyat tariximizə qızıl hərflərlə yazılmış hər iki xalq şairi üçün, ümumiyyətlə, ədəbiyyatımızın mənafeyi naminə indi də məkrli məqsədlərlə ara-sıra dövriyyəyə gətirilən həmin məsələyə dərindən baxışa ciddi ehtiyac vardır. Fikrimcə, Anar müəllim bəzi məkrli qüvvələrin süni surətdə gündəmdə saxladıqları bu məsələni "2=3+4" kitabında ədəbiyyatın ümumi mənafeyi baxımından kökündən həll etmək vəzifəsini məsuliyyətlə yerinə yetirmişdir. Bu baxımdan, kitabdakı "Səməd Vurğun Rəsul Rza haqqında"kı qeydlərdə vaxtilə Səməd Vurğunun rəsmi olaraq bəyan etdiyi "Mən bir yazıçı və şair kimi bu ədəbi üsulun (sərbəst şeirin - İ.H.) nə qədər çətin olduğunu hiss edirəm… Bu, hünərdir" sözləri konkret bir əsərə istinadən deyilsə də, bütövlükdə onun Azərbaycan poeziyasında sərbəst şeirin yaradıcısının ədəbiyyatdakı xidmətlərinə bəslədiyi yüksək münasibətin ifadəsi olaraq vasitəsiz nitq formatında təqdim etməsi yersiz sualların ən doğru cavablarından biridir. Rəsul Rzanın Səməd Vurğun haqqındakı qənaətləri isə "2=3+4" kitabındakı "Rəsul Rza Səməd Vurğun barədə" ədəbi qeydlər, onun "Xalqımın doğma oğlu", "Torpaq kimi səxavətli" kimi çıxışları və məqalələrində də özünün real əksini tapmışdır. Rəsul Rzanın "Xalqının doğma oğlu" adlı məqaləsindəki aşağıdakı fikirlər onun Səməd Vurğunu hansı yüksək səviyyədə dərk və qəbul etməsinin canlı sübutudur: "Əgər Azərbaycan xalqının ədəbi zənginliyini həmişəyaşıl, təravət və zənginliyini itirməyən, illərin, əsrlərin hökmünə baş əyməyib, qocalmayan bir ağaca bənzətsək, buradakı barlı ağaclar içərisində kökü torpağa dərin işləmiş, yarpaqlarında daim qəlbimizə munis bir hava duyduğumuz, ətri bizə Vətən torpağını xatırladan bir ağac vardır ki, bu, unudulmaz şairimiz Səməd Vurğunu xatırladan ağacdır. Onun arxasında dünya şöhrəti qazanmış babaları - Nizami, Füzuli, Vaqif, Sabir, ətrafında qələm dostları, müasirləri, Azərbaycan Sovet ədəbiyyatını yaradan böyük ordumun sıra nəfərləri, qarşısında onu sevən, onun sənətinin gözəl nümunələrindən öyrənən, yeni axtarışlara, yeni üfüqlərə can atan gənclik vardır".

 

Fikrimcə, Səməd Vurğun Azərbaycan ədəbiyyatşünaslıq elmində haqqında ən çox yazılan şairlərdən olsa da, xalq şairi Rəsul Rzanın yuxarıdakı fikri bir neçə monoqrafiyada ifadə olunan elmi nəticələri obrazlı və ümumiləşdirilmiş şəkildə mənalandıran qiymətli və obyektiv qənaətdir. Rəsul Rzanın "Torpaq kimi səxavətli" adlı yazısındakı "Səməd özünə Vurğun ləqəbi götürmüşdür. O, öz vətəninə, öz xalqına vurğun idi" - sözləri də xalq şairinin Səməd Vurğuna münasibətində fikir ayrılığına yer qoymur. Bütün bunlara görə Səməd Vurğun və Rəsul Rza münasibətlərindəki fərqli baxışlar iki üslubun - heca vəznli tərənnüm şeir ilə sərbəst fikir poeziyası arasındakı mübarizədən, "yarışdan" ibarətdir ki, bu da ədəbiyyatın əzəli-əbədi yol yoldaşı olan və bədii düşüncənin inkişafında böyük rolu olan təbii və normal bir prosesdir.

 

Məsələyə bu baxımdan yanaşdıqda, "2=3+4, yaxud iki ailədə üç xalq yazıçısı və dörd xalq şairi" kitabında Səməd Vurğunla Rəsul Rzanın bir-birlərinin yaradıcılıqları haqqında dedikləri və ya yazdıqları dərkolunmuş fikirləri onların övladları və davamçıları olan Anarın, Yusif Səmədoğlu və Vaqif Səmədoğlunun Səməd Vurğuna və Rəsul Rzaya münasibətlərindəki həmrəyliyi və bütövlüyü, doğmalığı, sənət və əqidə birliyini daha da tamamlayır və təsdiq edir. "2=3+4" kitabındakı xalq şairi Səməd Vurğunun 100 illik yubileyi münasibətilə Qazaxda keçirilən Ümumxalq bayramında Anarın ustad sənətkar haqqında çıxışının  xüsusən, həmin çıxışdakı aşağıdakı parçanın kompozisiyaya daxil edilməsi ədəbi irs, ənənə və varislik məsələsinin ata-övlad sədlərini aşaraq, "Ya ədəbiyyat!" səviyyəsində dərk və şərh olunmasının real göstəricisidir: "Səməd Vurğun Azərbaycan ədəbiyyatında, Azərbaycan şeirində, Azərbaycan mənəviyyatında misilsiz xidmətləri olan böyük sənətkardır. Mən çox şadam ki, bu gün onun doğulduğu, boya-başa çatdığı torpaqdayam. Bu torpağa səcdə edirəm..." Eynilə də xalq şairi Səməd Vurğun ailəsinin Rəsul Rzanın ədəbiyyatdakı xidmətləri və mövqeyi haqqındakı fikirləri də vahid obyektiv baxışı bir daha meydana qoyur. Yusif Səmədoğlunun Rəsul Rza haqqındakı 19 iyun 1970-ci ildə "Vışka" qəzetində çap etdirdiyi "Poeziya nəhri" məqaləsinin adı da, mənası və mahiyyəti də Azərbaycan ədəbiyyatında sərbəst şeir məktəbinin yaradıcısının poeziyadakı yerinin və xidmətlərinin nəinki etirafı, sözün birbaşa mənasında gerçək qiymətidir: "Rəsul Rza poeziyası aydındır. Sözün ən yüksək mənasında aydındır. Şair sanki öz səyini və əsrlər boyu yığılmış zəngin təcrübəsini vəhdətdə birləşdirir... Poeziyada yeni yollar açan şair gənc, istedadlı şairlər dəstəsi yetirmiş müəllim, alim və ictimai xadim məqamındadır.

 

...Rəsul Rzanın poeziyasını universallığı ilə fərqləndirir, onun dəst-xəttini başqalarından seçdirir. Adama elə gəlir ki, həllolunmaz məsələdir - bir konkret rəngdə zidd qütblərdə dayanan fikirləri, assosiasiyaları, günümüzün ən aktual problemlərini cəmləşdirmək! Rəsul Rza bu məsələni, ixtiraya, kəşfə bərabər olan bu məsələni həll edə bilib".

Bu qəbildən olan xalq şairi Səməd Vurğunun Nigar Rəfibəylinin yaradıcılığı, Ənvər Məmmədxanlının "Şərqin səhəri" tamaşası haqqındakı mülahizələrinə, Vaqif Səmədoğluna Rəsul Rzanın "uğurlu yol" yazması kimi faktlara işıq salan Anar pillə-pillə Azərbaycan ədəbiyyatının qoşa zirvələri haqqındakı qənaətlərə "xələl" gətirə biləcək heç bir uydurmaya işıq yeri qoymur. Həmin fikirlər və münasibətlər eyni zamanda fərqli ədəbi məktəblər haqqındakı baxışların ifadə olunması, ümumi ədəbiyyat amalına xidmət etmək mənasında obyektiv qiymətləndirilməsi baxımından da qiymətlidir. Nəhayət, "Rəhmətlik Yusif həmişə Vaqiflə mənə "biz üç qardaşıq" deyərdi" - fikrinin kitabın epiqrafı kimi manşetə çıxarılması ədəbi talelər, üslublar və şəxsi talelər arasındakı birliyi tam olaraq meydana qoyur.

 

Fikrimcə, bütün bunlar Anarın ədəbi mübarizələrinin şəxsi münasibətlərdən qat-qat ucada olması, ədəbiyyatın inkişafındakı rolunun və əhəmiyyətinin aydınlaşdırılması üçün hazırlıq funksiyasını yerinə yetirir. Anarın Yusif Səmədoğlunun "Qətl günü" romanına həsr edilmiş "Ədəbiyyatımızın həqiqət günü" adlı məqalə yazıb, qələm dostunun əsərini "ədəbi hadisə" kimi qiymətləndirməsi, Vaqif Səmədoğlunun şeir dəftərlərini makinaya köçürüb çapa hazırlaması və kitab halında nəşr etməsi, Vaqif Səmədoğlunun Anarın müdafiəsinə qalxması "iki ailə" arasındakı münasibətlərdəki sədaqətin də, "iki üslub"un da ümumxalq və ədəbiyyatın inkişafı amalına xidmət etdiyini təsdiq edir. Bu baxımdan, "2=3+4" kitabındakı 3 rəqəminin 3 xalq yazıçısı - Ənvər Məmmədxanlı, Anar və Yusif Səmədoğlu mənasını bildirməkdən başqa, həm də Azərbaycan ədəbiyyatında xüsusi mərhələ, böyük ədəbi hərəkat olan "altmışıncılar"ın 3 görkəmli nümayəndəsi: Anar, Yusif Səmədoğlu və Vaqif Səmədoğlu mənasında da qəbul edilə bilər. Tərəddüd etmədən demək olar ki, "2=3+4" kitabı xalq yazıçısı Anarın altmışıncılar ədəbi nəsli haqqında ciddi ədəbi-ictimai tədqiqatıdır. "2=3+4" kitabı Azərbaycan altmışıncıları ədəbi nəsli haqqında təqdimat kimi də səslənir. Deməli, "2=3+4" kitabı iki ailədən olub, altmışıncıları təmsil edən yaradıcı nəslin simasında Azərbaycan ədəbiyyatının bu yaradıcı qüvvələrinin ədəbiyyata gəlişi, sənət idealları, mübarizəsi və müdafiəsi haqqında hələlik ən mötəbər mənbələrdən biridir.

Bütün bunlarla bərabər, Anarın "Yaradıcılıq mübarizəsi" yazısı "2=3+4" kitabının kulminasiya nöqtəsidir. Anar bu məqamda iki ailənin deyil, "iki üslub"un ədəbi mübarizəsinin fəlsəfəsini professional səviyyədə açıb göstərmişdir. Fikrimcə, Anarın "Yaradıcılıq mübarizəsi" yazısı iki üslubun mübarizəsinin səbəbləri, mahiyyəti, nəticələri və əhəmiyyəti haqqında heç bir əlavə şərhə ehtiyacı olmayan, danılmaz dəlil-sübutlardan ibarətdir. Oxucular üçün də, tədqiqatçılardan ötrü də əhəmiyyətli olacağını nəzərə alaraq, "Yaradıcılıq mübarizəsi"ndən bir çox fraqmentləri diqqətə çatdırmağı faydalı hesab edirəm: "Abbas Zamanov "Kişi şair" adlı xatirələrində yazır: Səməd Rəsulu bir şair kimi yüksək qiymətləndirirdi. Yazıçılar İttifaqında keçirilən bir yığıncaqda Səmədin dediyi sözlər yadıma düşür: "Rəsul istedaddır. Orijinal şairdir. Ancaq tünddür, inaddır, ipə-sapa yatmır. Buna görə biz onu ata bilmərik. Çalışıb onunla əl-ələ verməliyik".

...Abbas müəllim sözünə davam edir:

"Bir dəfə Buzovnada Rəsulun bağında nə münasibətlə isə kiçik bir qonaqlıq vardı... Mirəli Qaşqay Rəsula dedi:

- Ay Rəsul, mən ha eşidirəm ki, Səməd ilə Rəsul yola getmirlər, ancaq "niyə"sini demirlər. Axı sizin nəyiniz ortaq düşüb?

Rəsul cavab verdi:

- Ortaq malımız yoxdur. Doğrudur, Səmədlə mənim aramda mübahisələr, hətta küsüb-barışdığımız vaxtlar da olur. Lakin bu, sırf şəxsi səbəblərdən doğmur, üslub yarışından irəli gəlir. Üslublar yarışı olmayan yerdə əsl poeziya yarana bilməz. Təəssüflər olsun ki, bulanıq suda balıq tutmaq istəyənlər buna şəxsi don geyindirib ara vurur, bizi bir-birimizə qarşı qoyur, dedi-qodulara səbəb olurlar.

Məncə, bu, doğru izah idi. Əslində Rəsul ilə Səməd bir yolun yolçuları olan əməl dostları idi. Axı dostların da, qardaşların da aralarında müəyyən narazılıqlar olur".

 

Biz bu qənaətdəyik ki, "2=3+4" kitabında ayrıca başlıqda verilən "Vurğunluq" məqaləsi "Yaradıcılıq mübarizəsi" məqaləsinin yekunu, nəticəsi, bədii yaradıcılıq və ya ədəbiyyat nəzəriyyəsi gözü ilə baxsaq, mənalı bir epiloqudur. Əslində "2=3+4" kitabı "Yaradıcılıq mübarizəsi" bəhsi ilə kamala, zirvəsinə çatsa da, Anar mətləbi daha da dərinləşdirmək, ədəbi prosesin davamlılığını, hətta əbədiyyətini əyaniləşdirmək üçün əlavə araşdırmalarla Azərbaycan ədəbiyyatının sonrakı inkişafı mərhələlərindəki mübarizələri də göz önünə gətirmişdir. Anarın, Yusif Səmədoğlunun və Vaqif Səmədoğlunun həyatı və yaradıcılığının ayrı-ayrı məqamları, ədəbiyyatımızın "Azadlıq eşqi", "Yanvar" şeiri, "Şuşa nağılı", "Həsrət mahnısı" haqqındakı düşüncələr ədəbi mübarizələrin ədəbiyyatın əbədi mübarizəsi olduğunu göstərməsinə uğurla xidmət edir. Bu baxımdan, "2=3+4" kitabında Azərbaycan ədəbiyyatının yeni nəsillərinin istedadlı nümayəndələri: Günel Anar qızının və Pərvinin ədəbi prosesdə iştirakı və müdaxiləsinin mətnə daxil edilməsi ədəbiyyatın əbədiyyəti haqqında əyani təsəvvür yaratmağa işıq salır. Azərbaycan Yazıçılar İttifaqının rəhbərləri haqqındakı məlumatlar və açıqlamalar isə "2=3+4"ün əslində Azərbaycan ədəbiyyatının baş qərargahı olan Yazıçılar Birliyinin keçdiyi yolun timsalında ədəbiyyatımızın XX-XXI əsrlər mərhələlərinin tam, bütöv, ümumiləşdirilmiş mənzərəsini tamamlayır. Bu mənada, Anarın rəqəmsal şəkildə "2=3+4" adlandırdığı kitabı həmin orijinal əsərə mənalı bir müqəddimə yazmış akademik Nizami Cəfərovun bəyan etdiyi kimi, "iki ailənin ədəbi yaradıcılığında ən yeni Azərbaycan ədəbiyyatı" səviyyəsində ümumiləşir. Bu, yəni "2=3+4" kitabı Azərbaycan ədəbiyyatının son yüzilliyinin davamlı ənənələrinin və inkişaf proseslərinin möhtəşəm təqdimatı kimi səslənir.

 

Məqsəd və məram, ideya və məzmun cəhətdən yeni və əhəmiyyətli olan "2=3+4", yaxud iki ailədə üç xalq yazıçısı, dörd xalq şairi" kitabı strukturu etibarilə də orijinaldır. Belə ki, xalq yazıçısı Anar "2=3+4" kitabını Azərbaycan ədəbi-ictimai fikrinin inkişafına böyük xidmət göstərmiş "iki ailə"nin xidmətlərini, eynilə də ədəbiyyatımızı forma və məzmunca yeniləşdirib zənginləşdirən "iki üslub"un mübarizəsinin əhəmiyyətini əks etdirən, indiyə qədər yazılmış və çap edilmiş esselər, məqalələr, şeirlər və fotolar əsasında tərtib etmişdir. Lakin bu, hər hansı şeirlər kitabının, məqalələr toplusunun tərtib edilməsi kimi zəhmət tələb edən texniki iş yox, müxtəlif vaxtlarda ayrı-ayrı müəlliflər tərəfindən yazılmış şeirləri və məqalələri vahid bir məcrada, sistemli bir süjet əsasında birləşdirmək istedadının nəticəsi olan bənzərsiz bir kitabın meydana çıxması ilə nəticələnmışdir. Anar Cəlil Məmmədquluzadə və mollanəsrəddinçilərin öz sözləri əsasında yazdığı "Sizi deyib gəlmişəm" pyesindən əldə etdiyi təcrübəni "2=3+4" kitabında daha geniş şəkildə uğurla sınaqdan bu formada çıxarmışdır. Anarın tədqiqatında "2=3+4", yaxud "iki ailədə üç xalq yazıçısı, dörd xalq şairi" kitabı, ilk növbədə, Səməd Vurğun və Səmədoğlular, Rəsul Rza, Nigar Rəfibəyli, Ənvər Məmmədxanlı və Anarla Günel haqqında sənədli romandır. Lakin nəticə etibarilə bu, Azərbaycan ədəbiyyatına böyük simalar bəxş etmiş şərəfli nəsillərin görkəmli nümayəndələrinin simasında ədəbiyyatımızın və mədəniyyətimizin, elmi və ictimai fikrimizin inkişaf yollarına həsr edilmiş orijinal sənət əsəridir. Anarın kitabı olan "2=3+4" geniş mənada, bu əsərin strukturuna daxil edilmiş Səməd Vurğunun və Rəsul Rzanın, Ənvər Məmmədxanlının və Nigar Rəfibəylinin, nəhayət, Anarla birlikdə, həm də müəllifin sənət və əqidə dostları olan Yusif və Vaqif Səmədoğluların da kitabı hesab oluna bilər. Əsərin orijinal strukturu elə qurulub ki, Anarın müəllifi olduğu kitabda atalar və oğullar bir yerdə Azərbaycan ədəbiyyatının inkişaf etdirilməsini taleyi hesab etmiş bütün nəsillərin ümumiləşdirilmiş ədəbiyyat şəcərəsi kimi görülür. Anar "qəhrəmanları" haqqındakı məqalələri ilə və onların özlərinin yazdıqları əsasında görkəmli yazıçı və şairlərimizin bənzərsiz obrazlarını yaratmışdır. Hesab edirik ki, "2=3+4, yaxud iki ailədə üç xalq yazıçısı, dörd xalq şairi" kitabı Azərbaycan ədəbiyyatının möhtəşəm bütövlüyü, ədəbi nəsillərin və bədii üslubların mübarizəsi haqqında həqiqətlərin mükəmməl ədəbi təqdimatıdır. "2=3+4" kitabında verilmiş şeirlər və hekayələr yalnız məqalələrdə irəli sürülən müddəaları təsdiq etmək üçün deyil, Azərbaycan ədəbiyyatının inkişaf proseslərini canlı olaraq göstərmək üçün düşünülmüş uğurlu ədəbi priyomdur. Anarın "2=3+4"də geniş yer tutan şeirləri isə sadəcə olaraq ona müəlliflik hüququ qazandırmağa yox, həyatdan və ədəbiyyatdan gələn bir çox mətləblərin esselərlə, publisistika ilə deyilməsi bir qədər çətin olduğu yerdə sözü şeirlə davam etdirmək zərurətinin ifadəsidir. Düşünürəm ki, "2=3+4, yaxud iki ailədə üç xalq yazıçısı, dörd xalq şairi" kitabı Azərbaycan ədəbiyyatının inkişafı yollarında keçirilmiş çətin və şərəfli yolların, aparılan ədəbi mübarizələrin dərsləri, qarşıda duran yeni üfüqlərə doğru hərəkatın anonsudur. "2=3+4" kitabının finalı kimi düşünülmüş "Pərvinin Anarla müsahibəsi" də haqlı olaraq, təqdim olunan kitabda ifadə olunmuş "Anarın yeni kitabının anonsu"nun səsləndirilməsi ilə irəliyə inamla baxmağa çağırır.

 

13 mart 2025-ci il

Ədəbiyyat qəzeti, 14 mart, 2025

 

SİZƏ MARAQLI OLA BİLƏR