Milli Elmlər Akademiyası 2003–2022-ci illərdə modernləşdirmə dövrünü yaşamışdır. Bu tarixi mərhələdə AMEA-da Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yüksələn xətlə inkişafı proseslərinə uyğun olaraq, elm sahəsində islahatların aparılması ilə əlaqədar Dövlət Komissiyası yaradılmış (2008), Elmin İnkişafı üzrə Milli Strategiya və Dövlət Proqramı (2009) qəbul edilmişdir. AMEA-nın Yüksək Texnologiyalar Parkının (2016), Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (2014), Neft və Qaz İnstitutunun (2015), Dendrologiya İnstitutunun (2014) yaradılması, Milli Ensiklopediya Mərkəzinin, Elektron kitabxananın yeni binalarının istifadəyə verilməsi (2014)... modernləşdirmə dövrünün əhəmiyyətli hadisələridir. AMEA-nın yeni Nizamnaməsinin 11 dekabr 2014-cü ildə təsdiq edilməsi ilə akademiyada yenidənqurma tədbirlərinin həyata keçirilməsinə geniş meydan açılmış, innovasiya fəaliyyəti üçün hüquqi təminat əldə olunmuşdur. Prezident İlham Əliyevin sərəncamları ilə AMEA-nın 60 və 70 illik yubileyləri qeyd olunmuş, dövlət başçısının yubiley tədbirlərində etdiyi dərin məzmunlu nitqləri ilə elmin gələcək inkişafının məsul vəzifələri müəyyənləşmişdir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının 70 illik yubileyi mərasimində səslənən fikirlər Azərbaycan elminin və o cümlədən akademiyanın xidmətlərinin qiymətləndirilməsi ilə bərabər, müasir mərhələdəki əsas vəzifələrini də qarşıya qoyur: “Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin ümumi inkişafında fəal rol oynayır, alimlər öz elmi araşdırmalarını apararaq, ölkəmizin gələcək inkişaf dinamikasını sürətləndirirlər. Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar”.
Prezident İlham Əliyevin “Azərbaycanda elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsinin bəzi məsələləri haqqında”kı 28 iyul 2022-ci il tarixli Sərəncamı ilə ölkəmizdə elmin yeni tarixi mərhələsinə start verilmişdir. Bu tarixi mərhələ “Milli Elmlər Akademiyasının yeniləşmə və islahatlar dövrü” kimi xarakterizə olunur. AMEA-nın tərkibindəki dəqiq-texniki və təbiət elmlərinə dair elmi tədqiqat institutlarının yeni yaradılmış Azərbaycan Respublikası Elm vəTəhsil Nazirliyinin tərkibində yüksək texnologiyalar əsasında yenidən qurulması və elmin təhsillə inteqrasiyasının genişləndirilməsi prioritet istiqamət kimi müəyyən olunmuşdur.
Milli Elmlər Akademiyasının tabeliyində fəaliyyət göstərən humanitar və ictimai elmləri əhatə edən elmi tədqiqat institutlarında isə ölkəmizin inkişaf strategiyasının və milli prioritetlərinin tələbləri işığında elmi tədqiqat fəaliyyətinin azərbaycançılıq ideologiyasına, milli-mənəvi dəyərlərin inkişaf etdirilməsinə, Türk dünyasına daha geniş şəkildə inteqrasiya edilməsinə doğru inkişaf etdirilməsi diqqət mərkəzinə çəkilmişdir. Akademiya sistemində fəaliyyətini davam etdirən Respublika Seysmoloji Xidmət Mərkəzi də bu elm sahəsi üzrə beynəlxalq əlaqələrini möhkəmləndirməklə yanaşı, region dövlətlərinin və Türk dünyasıın elmi qurumları ilə daha geniş əlaqələrin qurulmasına üstünlük vermişdir. Eyni zamanda, həm Elm və Təhsil Nazirliyi sistemində və həm də Milli Elmlər Akademiyasında təmsil olunan elmi tədqiqat institutlarında IV Sənaye İnqilabının və ölkəmizdə yüksək səviyyədə təşkil olunmuş COP29-un çağırışları əsasında süni intellekt və rəqəmsal inkişaf, ağıllı texnologiyalar və yaşıl transformasiyalarla əlaqədar yeni vəzifələrin həyata keçirilməsi ön mövqeyə çıxarılmışdır. Prezident İlham Əliyevin 3 noyabr 2023-cü il tarixdə təsdiq etdiyi Milli Elmlər Akademiyasının yeni Nizamnaməsi akademiyada yenilənmə proseslərinin və islahatların daha məqsədyönlü şəkildə həyata keçirilməsinə hüquqi cəhətdən təminat verir və müasir dövrün tələbləri əsasında hərtərəfli inkişaf üçün geniş perspektivlər açır.
Hazırkı mərhələdə Azərbaycan Milli Elmlər Akademiyasında dövlətimizin elm siyasətinin uğurla həyata keçirilməsi üçün yenilənmə prosesləri və islahatlar dönmədən davam etdirilir. AMEA-da müstəqil Azərbaycan dövlətinin müasir inkişafı ilə əlaqədar məsələlərin: sosial-mədəni mühitin yenidən qurulması, azərbaycançılıq konsepsiyasının, Qarabağa və Qərbi Azərbaycana Böyük Qayıdış siyasətinin elmi əsaslarının işlənilib hazırlanması, Türk dünyası ilə inteqrasiya proseslərinin inkişaf etdirilməsi üçün məqsədyönlü tədqiqatlar aparılır, düşünülmüş tədbirlər icra olunur. Bu baxımdan çoxcildlik “Heydər Əliyev Ensiklopediyası” və “Qərbi Azərbaycan Ensiklopediyası”nın hazırlanması istiqamətində fəaliyyətə start verilməsi Milli Elmlər Akademiyasının müstəqillik dövrünün ictimai-siyasi xarakterli elmi layihələri kimi mühüm əhəmiyyətə malikdir.
Prezident İlham Əliyevin 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibədə irəli sürdüyü yeni tarixi dövrün milli ideyasının müəyyən edilməsi haqqındaı çağırışına cavab olaraq Milli Elmlər Akademiyasında keçirilmiş elmi müzakirələr akademik elmin müstəqil dövlətçiliyin daha da inkişaf etdirilməsi proseslərindəki fəal iştirakının əks-sədasıdır. Keçən ilin yanvar, aprel və iyun aylarında alimlərimizlə keçirilən müzakirələrdən sonra yeni tarixi dövrün ümummilli ideyasının aşağıdakı kimi müəyyənləşdirilməsi alimlərimizin zaman və müasirləşmə istiqamətindəki elmi baxışlarının ifadəsidir: Daha güclü Azərbaycan, Türk dünyası ilə birlik və həmrəylik, dünya ölkələri ilə strateji tərəfdaşlıq və rəqəmsal inkişaf.
Eyni zamanda, Milli Elmlər Akademiyasında Azərbaycan elminin ideya-məzmun etibarilə də yeni tarixi dövrün çağırışlarına doğru istiqamətləndirilməsi sahəsində islahatyönlü tədbirlər həyata keçirilmişdir. Sovet dövründə istismarçı siniflər adlandırılaraq xalqımızı soykökdən ayırmaq üçün tətbiq edilmiş süni vahid sovet xalqı düşüncəsini aradan qaldırmaq məqsədilə ədəbi-tarixi şəxsiyyətlərə, uzun zaman qaçaq-quldur adlandırılmış xalq qəhrəmanlarına yenidən qayıdış konsepsiyasının müəyyən edilməsi və həyata keçirilməsi Azərbaycan elminin müstəqil dövlətçilik və azərbaycançılıq istiqamətində inkişafına xidmət edir. Son illərdə Milli Elmlər Akademiyasında aparılmış və nəşr edilmiş tədqiqatlar əsasında Heydər Əliyev tədqiqatları kitabxanasının, Nizami Gəncəvinaməsinin, Məhəmməd Füzuli kitablar silsiləsinin meydana çıxması ədəbi-tarixi şəxsiyyətlərə yenidən qayıdışın mühüm yekunlarındandır. Eyni zamanda, A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda keçirilmiş I Şah İsmayıl Xətai beynəlxalq elmi konfransı, bugünlərdə Ağdam Şəhər İcra Hakimiyyəti ilə birlikdə təşkil olunmuş “Qasım bəy Zakir və Qarabağ ədəbi-ictimai mühiti” konfransı, Fəlsəfə və Sosiologiya İnstitutunun akademiyanın qurucularından olan akademik Heydər Hüseynova həsr etdiyi elmi sessiya ədəbi-tarixi şəxsiyyətlərə qayıdış proseslərinin genişlənməkdə, davamlı bir prosesə çevrilməkdə olduğunu göstərir.
Türk dünyasının birliyi və həmrəyliyinin prioritetliyi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışlarının işığında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Türk xalqlarının fəlsəfi irsi və müasir fəlsəfəsi, Memarlıq və İncəsənət İnstitutunda Türk sənəti tarixi və mədəni irsi, Əlyazmalar İnstitutunda Türk əlyazmalarının tədqiqi şöbələri yaradılmış, Türkiyə Cümhuriyyətinin Cankırı Universiteti ilə birlikdə III Türkoloji Beynəlxalq Konqres keçirilmiş, materialları çap edilmişdir. Türk dünyasının təməl kitabı olan Mahmud Kaşqarinin “Divani luğat-it-türk” əsərinin Xalid Səid Xocayev tərəfindən orijinaldan tərcümə edilmiş nadir əlyazma nüsxəsinin 86 ildən sonra aşkar olunub, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 3 cilddə çap edilməsi və xüsusən 13 dekabr 2024-cü il tarixində UNESCO-nun Baş iqamətgahında Türk dünyası ölkələrinin türkoloq alimləri ilə birlikdə təqdimatının keçirilməsi akademiyanın 80 illik tarixinin əlamətdar hadisələrindəndir.
Hazırda Türkiyə Elmlər Akademiyası ilə birlikdə Azərbaycan–Türkiyə ortaq proqramının, Qırğızıstan Elmlər Akademiyası ilə “Çingiz Aytmatov Ensiklopediyası”nın Azərbaycan cildinin sözlüyü, “Alpamış” dastanının tərcüməsi üzərində iş aparılması, 3 cildlik “Türk xalqları ədəbiyyatı”nın hazırlanmasına başlanılması Türk dünyası ilə həmrəyliyin və əməkdaşlığın inkişaf etməkdə olduğunu göstərir. Bundan başqa, AMEA-da I Bakı Türkoloji Qurultayının 100 illiyinin keçirilməsinə də hazırlıq işlərinə başlanılmışdır.
Yeni tarixi dövrün tələblərinə uyğun olaraq bəşəri çağırışlara və ümummilli maraqlara xidmət edən elmi istiqamətlərin müəyyənləşdirilməsi və həyata keçirilməsi, struktur bölmələrin fəaliyyətinin yeniləşdirilməsi sahəsində atılan addımlar Azərbaycan elminin ölkəmizdə yeni cəmiyyət quruculuğundakı rolunun daha da artırılmasına xidmət edir. Son illərdə Milli Elmlər Akademiyasının mərkəzi aparatında və müxtəlif elmi-tədqiqat institutlarında yaradılmış “Elektron Akademiya”, “İnformasiya cəmiyyəti və rəqəmsal inkişaf fəlsəfəsi”, “Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı”, “Xəzərin arxeologiyası”, “Məhkəmə arxeologiyası”, “Qərbi Azərbaycan tarixi”, “Qərbi Azərbaycan folkloru”, “Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi”, “Toponimika”, “Monitorinq və linqvistik təhlil”, “Türk sənət tarixi və mədəni irs”, “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi”, “Fəlsəfi-hüquqi təlimlər və suverenlik fəlsəfəsi” və sair kimi müstəqillik dövrünün reallıqlarından doğan elmi-tədqiqat şöbələri xalqımızın milli maraqlarına, ölkəmizin dövlətçilik mənafelərinə və inteqrasiya proseslərinin genişləndirilməsinə doğru istiqamətləndirilmiş yeni tədbirlərdir.
Eyni zamanda, Milli Elmlər Akademiyasının elmi bölmələrinin fəaliyyət göstərdiyi Naxçıvan və Gəncədə, akademiyanın elmi mərkəzlərinin mövcud olduğu Şəki, Lənkəran və Qubada da elmin inkişaf etdirilməsi üçün atılan yeni addımlar, yaradılmış təzə şöbələr, xüsusən, regional elmi mərkəzlərdə ilk dəfə olaraq “Elmi əsərlər” jurnalının təsis edilməsi Azərbaycan elminin Bakı əsas mərkəz olmaqla yanaşı, respublikanın bütün regionlarında da inkişaf etdirilməsinə təminat verir.
Azərbaycan Milli Elmlər Akademiyasının 20 fevral 2025-ci il tarixli ümumi yığıncağında akademiyanın 2025–2030-cu illər üzrə İnkişaf Konsepsiyasının və Yol Xəritəsinin qəbul olunması isə akademik elmi yeni istiqamətlərə və hədəflərə doğru səfərbər edir.
Azərbaycan elminin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində də yeni dövrün tələblərinə uyğun məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Son illərdə Azərbaycan Milli Elmlər Akademiyası ölkələrarası ikitərəfli əlaqələrdən beynəlxalq elmi təşkilatların bərabərhüquqlu üzvlüyü səviyyəsində fəaliyyətə doğru mühüm addımlar atmaqla dünya birliyində tanınan elmi quruma çevrilmişdir. Akademiyamızın dünyanın böyük akademik təşkilatları olan Beynəlxalq Elmi Şuranın, Akademiyalararası Beynəlxalq Tərəfdaşlıq Akademiyasının, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının səsvermə statusuna malik tam hüquqlu üzvü seçilməsi ilə elmimizin beynəlxalq əlaqələrində yeni mərhələ başlanmışdır.
Milli Elmlər Akademiyasında elektron elm hərəkatının uğurla həyata keçirilməsi Azərbaycan elminin beynəlxalq elmi bazalarda özünəlayiq yer tutmasına, beynəlxalq reytinqlərdə artan səviyyə üzrə təmsil olunmasına münasib şərait yaradır. Dünya akademiyaları sferasında anoloqu olmayan “Elektron Akademiya” şöbəsinin yaradılması və fəaliyyətinin genişləndirilməsi Milli Elmlər Akademiyasında süni intellekt və rəqəmsal inkişaf üzrə geniş perspektivlər açılmışdır. Akademiyanın elmi jurnallarından bir neçəsinin Türkiyə Cümhuriyyətinin TÜBİTAK qurumunun Dərgi Park-Ulaqbim elmi jurnallar şəbəkəsinə daxil edilməsi, eyni zamanda, ilk dəfə olaraq, Milli Elmlər Akademiyasının elmi jurnallarının ölkə üzrə də Dərgi Park sisteminin yaradılması elektron hərəkat dalğasında əldə edilmiş mühüm nəticələrdəndir. Akademiyada rəqəmsal inkişafın və süni intellektin tətbiqi, ağıllı texnologiyalardan, emmetrik göstəricilərdən və yaşıl transformasiyalardan istifadə istiqamətində həyata keçirilən genişmiqyaslı islahatlar elmimizin yeniləşmə yollarındakı nailiyyətlərindəndir. Milli Elmlər Akademiyasının “Elektron Akademiya” şəbəsinin əməkdaşları tərəfindən SUFİ Robot modelinin hazırlanması və elmi tədqiqat şəbəkəsinə cəlb edilməsi Milli Elmlər Akademiyasında süni intellekt və rəqəmsal inkişaf üzrə yeniləşmə proseslərinin elmi-texniki göstəricilərindəndir.
Ölkə elminin simasını və səviyyəsini müəyyən edən Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri xalqımızın və elmimizin milli iftixarı olan görkəmli elm xadimləridir. Azərbaycan elminin akademik korpusu ölkənin qızıl fondudur. Görkəmli Azərbaycan alimləri, o cümlədən də Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri Azərbaycan xalqının milli elitasının nüvəsini təşkil edən seçilmiş zəka sahibləridir. Xalqımızın milli elitasının aparıcı qüvvəsi olan elmi elita ölkəmizdə dövlətçilik təfəkkürünün, ümummilli düşüncənin və intellektual potensialın əsas daşıyıcıları və hərəkətverici qüvvəsidir.
Azərbaycan xalqının beynəlxalq aləmdə tanıdılması və ölkəmizin dünyada təmsil olunmasında da Milli Elmlər Akademiyasının və elmi elitanın mühüm yeri və xidmətləri vardır. Respublikamızda 80 il ərzində meydana çıxmış əsas elmi ideyaların, ixtiraların, kəşflərin, səmərəli təkliflərin, yeni elmi konsepsiyaların və ümummilli ideyaların əsas müəllifləri sırasında Azərbaycan alimlərinin, xüsusən də, AMEA-nın həqiqi və müxbir üzvlərinin mühüm xidmətləri olmuşdur. Məhz onların yorulmaz elmi fəaliyyətləri ilə Azərbaycanda elmi məktəblər yaranmış, bir neçə elmi nəsil yetişdirilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının simaları elmdə fədakarlıq nümunəsi, Vətənin tərəqqisinə, müstəqil dövlətçiliyinin inkişafına, xalqımızın ideya-mənəvi təkamülünə xidmət örnəkləridir. Azərbaycanda elmi məktəblər yaratmış, elmimizin sərhədlərini və üfüqlərini genişləndirmiş görkəmli elm xadimlərindən Mir Əsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Musa Əliyev, Murtuza Nağıyev, Zahid Xəlilov, Əşrəf Hüseynov, Azad Mirzəcanzadə, Cəlal Əliyev, Zərifə Əliyeva, Həsən Abdullayev, Abdulla Qarayev, Şamil Əzizbəyov, Heydər Hüseynov, Mirəli Qaşqay, Həsən Əliyev, Vahab Əliyev, Musa Rüstəmov, Musa Musayev, Ziya Bünyadov, Məmməd Arif Dadaşzadə, Həmid Araslı, Şəfahət Mehdiyev, Məmməd Cəfər Cəfərov, Məmmədağa Şirəliyev, Feyzulla Qasımzadə, Firidun Köçərli, Həbibulla Şahtaxtinski, Abbas Zamanov, Validə Tutayuq, Xudu Məmmədov, Məhəmmədhüseyn Təhmasib, Budaq Budaqov, Teymur Bünyadov… və onlarca başqaları elm tariximizin şərəfli səhifələrini yaratmışlar.
Bu gün də Milli Elmlər Akademiyası özünün akademik heyəti və yeni elmi nəsilləri ilə birlikdə Azərbaycan elminin əsas elmi mərkəzlərindən biri kimi fəaliyyətini uğurla davam etdirməkdə, müstəqil dövlətçiliyin inkişafı ilə əlaqədar çoxcəhətli funksiyaları həyata keçirməkdədir. Azərbaycan Milli Elmlər Akademiyası – fundamental elmi tədqiqatların beşiyi, tətbiqi elmlərin hərəkətverici qüvvəsidir.
Milli Elmlər Akademiyası – bəşəri elmi ideyaların Azərbaycandakı böyük elçisidir, dünya elminin ölkəmizdəki əsas təmsilçisidir. Milli Elmlər Akademiyası – ölkəmizin Azərbaycanşünaslıq mərkəzidir.
Hazırda Azərbaycan Milli Elmlər Akademiyası humanitar və ictimai elmləri, habelə seysmologiya elmini özündə birləşdirən və özünəməxsus mühüm elmi nəticələri olan dövlət ali elmi təşkilatı funksiyasını həyata keçirir. Milli Elmlər Akademiyasında ölkəmizin dövlətçilik mənafelərinə və xalqımızın ümummilli maraqlarına və bəşəri elmi ideyaların yüksək tələblərinə cavab vermək üçün yeniləşmə proseslərinin və genişmiqyaslı islahatların həyata keçirilməsi məqsədyönlü şəkildə davam etdirilməkdədir.
Milli Elmlər Akademiyasının müxtəlif illərdə keçirilmiş 30, 60 və 70 illik yubileyləri Azərbaycan elminin, elm sahəsində qazanılmış nailiyyətlərin böyük təntənəsi olmuş, elmin inkişafına və alimlərin əməyinə verilmiş yüksək qiymətin və elmimizin sabahına dəstəyin ifadəsi kimi irəliyə doğru inkişafa işıq salmışdır. Milli Elmlər Akademiyasının 80 illik yubileyi də akademik elmin müstəqillik epoxasının yeni tarixi dövrünün hesabatıdır. Bu mənada 2025-ci ildə nəşr edilmiş, 447 nəfər akademikin və müxbir üzvün tərcümeyi-halını və xidmətlərini əhatə edən “Azərbaycan Milli Elmlər Akademiyası. Simalar” kitabı ölkə elminin XX-XXI əsrlər üzrə geniş elmi salnaməsi, Elmlər Akademiyasının təsisçiləri, qurucuları, mühüm elmi məktəblərin yaradıcıları, elmi kəşflərin, ixtiraların və ideyaların müəllifləri, dünya akademiyalarına üzv seçilmiş görkəmli elm xadimləri, bir sözlə, akademik elmin adlı-sanlı simaları haqqında ensiklopediyadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə elmi və o cümlədən də Milli Elmlər Akademiyası müstəqillik epoxasının yeni tarixi dövrünün yüksək ideallarına şərəflə və məsuliyyətlə xidmət göstərmək yollarında özünün tarixi missiyasını yerinə yetirmək üçün bütün qüvvələrini səfərbər etməkdə və daha böyük sabahlara doğru inamla addımlamaqdadır.
İsa HƏBİBBƏYLİ,
AMEA-nın prezidenti, akademik
“Xalq qəzeti”