Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Ayədəki “Siz ey iman edənlər” - Siracəddin Hacı

14-03-2025 [ 10:12 ] [ oxunub:9 ]
printerA+ | A-

(Qurani-Kərimdəki Ramazan orucu ilə bağlı ayələrin şərhi - Bəqərə, 2/183-187)

"Siz ey iman edənlər! 

Oruc sizdən öncəkilərə olduğu kimi 

sizə də yazıldı, bəlkə, bu sayədə 

(yolla) təqvaya qovuşasınız" (2/183)

 

1) "Siz ey iman edənlər!"

Allah Qurani-Kərimdə vəsiyyət ayələrindən sonra yeni bölməyə keçir, oruc ayəsini açıqlayır. Sözə "siz ey iman edənlər" xitabı ilə başlayır, imanla oruc tutmaq arasında bağ qurur. Qurani-Kərim imanla saleh əməli bir arada təqdim edir: saleh əməlsiz iman ölüdür - həyata daşınmamış, yaşanmamış, sözdə qalmış, quru, təsirsiz, insanı ilahi dəyərlər uğrunda fəaliyyətə yönəltməyən, saleh əməllərə yol açmayan  imandır. İmansız əməl də bərəkətsizdir.

Ayədəki "siz ey iman edənlər" xitabı bu mənaları ehtiva edir: imanınızda səmimi isəniz, imanınız fəal/işləkdirsə, yəni sizi azadlığı, ədaləti, xeyri, elmi, bərəkəti, barışı, mərhəməti, qardaşlığı çoxaltmağa yönəldirsə, bunun sübutu olaraq oruc tutun. "Siz ey iman edənlər" müraciəti orucun çox önəmli ibadət olduğunu söyləyir, deyir ki, oruc tutmaq Allahın rizasını qazanmaq uğrunda cihadın ayrılmaz parçasıdır, orucda bərəkət var, o sizi yenidən inşa edəcək, sizi ilahi nemətlərə qovuşduracaq, sizə özünüzü idarə etməyi öyrədəcək, sıxıntılara dayanma gücü verəcək, bədəninizi fiziki, ağlınızı mənəvi kirlərdən təmizləyəcək, sizi imtahana hazırlayacaq, axirət səadətinə qovuşduracaq.

Allah möminlərin sevə-sevə, mənasını anlaya-anlaya oruc tutmalarını istəyir, "siz ey iman edənlər" xitabı ilə onlara ruh, cəsarət verir, sanki bunu demiş olur: siz möminlərsiniz, sizi böyüdəcək, dəyərinizi artıracaq oruc ibadətini yerinə yetirməyə gücünüz çatacaq. Bu xitab oruc tutmağa təşviq edir, sən başlasan, Allahın yardımı gələcək, bu mübarək əməlin içində ilahi riza, xeyir, bərəkət, təmizlik, səbir - dirəniş gücü var deyir... 

Allahın seçdiyi, əmr buyurduğu, biçimini (icra şəklini) müəyyən etdiyi ibadətlər insanla Allah arasındakı mənəvi bağlardır, insanın güc qaynaqlarıdır, ibadətlər insana Allaha qulluq şüuru verir, deyir ki, qulluq ancaq Onadır, Ona qul olan azad olar, Allahdan başqasına qulluq haramdır, şirkdir, zülmdür, köləlikdir. İbadətlər imanı, iman fitrəti, fitrət insanı qoruyur - din insanın ağlına, qəlbinə, iradəsinə, vicdanına yardım etmək üçün var.

Allah insana ən böyük dəyər olan tövhid - azadlıq (insana kölə olma, insanı kölə etmə) anlayışını öyrətmək üçün proqramlar nazil edir: namaz, zəkat, infaq, həcc... Bu ibadətlərin hər birinin hədəfi tövhid anlayışını öyrətmək, onu yaşam (həyat) biçiminə çevirmək, insana Allaha qulluq şüuru vermək, tövhid düşüncəsi ilə həyat (ailə, iş, sosial münasibətlər...) arasında bağ qurmaqdır. 

Qurani-Kərimin tanıtdığı hər anlayış və ibadətlə həyat arasında qırılmaz bağ var, məsələn, Allah buyurur ki, O hər şeyi görür, bilir, eşidir. İnsanın bu ölçüyə inanmasının həyati (praktik) qarşılıqlarından bir neçəsini sayaq: Allahın hər şeyi görən, bilən, eşidən varlıq olduğuna iman insanı bütün pisliklərdən qoruyar - Allahı bu ölçülərlə tanıyan insan zülm etməz, yalan danışmaz, haram yeməz, hər an nəzarətdə olduğunu bilər, Allahla arasına vasitəçilər qoymaz, yəni şirkdən qaçar, görən, bilən, eşidən Allah inancı insana güc, ümid, güvən, səbir verər, onu sevgiyə, barışa, mərhəmətə, ədalətə, xeyirə yönəldər... 

Allahın tərbiyə proqramlarından birinin də adı Orucdur - Ramazan orucudur. Oruc adlı tərbiyə (ağılı, vicdanı, iradəni inşa) proqramının içində bu dəyərlər var:

- Allahın Ramazan proqramında QURANİ-KƏRİM var, Qurani-Kərim Ramazanın ruhudur, ilahi mesaj bu ayda nazil olduğu üçün oruc tuturuq (Tövratın, İncilin, Zəburun da Ramazan ayında nazil edildiyi ilə bağlı rəvayətlər var);

- Bu proqramda ŞÜKÜR var - oruc tutaraq insanlığa hidayət rəhbəri olan Qurani-Kərimi nazil etdiyinə görə Allaha şükür edirik. Hər nemətin şükrü öz cinsindəndir, məsələn, ağılın şükrü doğru düşünmək, qəlbin şükrü iman etmək, vicdanın şükrü şəfqətli, mərhəmətli olmaq, bütövlükdə insan olaraq yaradılmağın şükrü Allaha şüurlu təslim olmaq - Onun buyurduğu kimi yaşamaqdır. Belə bir sual verə bilərsiniz: insanlığın hidayət rəhbəri olan Qurani-Kərimin nüzuluna görə Ramazan ayında niyə məhz oruc tutmaqla şükür etmək biçimi seçilmişdir, bəlli bir müddət ac qalmaqla Qurani-Kərim arasında hansı əlaqə var? Cavabımız var: Ramazan ayında bəlli bir müddət mədəmiz ac qalır, ağlımız, ruhumuz, vicdanımız, qəlbimiz isə doyur. Ramazan ayı ağılın, ruhun, vicdanın, qəlbin ən çox doyduğu, qidalandığı aydır. İnsan ac qaldıqca, ya da az yedikcə düşünmək imkanı artır, ehtiyac ağılı hərəkətə keçirir, bədən ac qaldıqca ruhun qanadları açılır, qəlb imanla doyur, fiziki güc azalır, ruhi güc çoxalır. Qurani-Kərim də insanın ağlını, ruhunu, vicdanını, qəlbini doyuran kitabdır, ruzidir, nemətdir, təsadüfi deyildir ki, Qurani-Kərimin mübarək adlarından biri də Ruzidir. O, ağılın ruzisi olaraq elmi seçir, oxu buyurur, varlığı Allahın adı ilə oxu, yəni yaradılan hər varlığa yerləşdirilmiş elmi kəşf et, kəşf et ki, inkişaf edəsən, elmlərin gerçək sahibini tanıyasan, Ona şüurlu təslim olasan, nəticədə, həqiqi azadlığa qovuşasan, dəyər qazanasan, bilgisiz iman yoxdur, azad olmayanın dəyəri olmaz ki! 

Allah qəlbin ruzisi olaraq imanı təklif edir, iman əmin olma halıdır, qoruyucu sistemdir, güvən və ümiddir. Allah buyurur ki, vicdanın ruzisi mərhəmət, şəfqət, sevgidir, mərhəmət barış içində yaşamağın ana ölçülərindən biridir. Allahın ölçüsü deyir ki, iradənin ruzisi seçim haqqıdır, iradə seçmək deməkdir, seçim üçün ən azı iki yol olmalıdır, iradə nemətinin şükrü də doğru olanı seçməkdir. 

Toplasaq, Ramazan ayı mədənin bəlli bir müddət ac qaldığı, ağılın, qəlbin, vicdanın isə doyduğu - Qurani-Kərim nemətləri ilə qidalandığı aydır. Ona görə də biz Ramazan ayında nazil olmağa başlayan Qurani-Kərimə görə bu kitabın sahibi olan Allaha bir ay oruc tutaraq şükür edirik. Deyirik ki, ağıl, qəlb, vicdan, iradə mədədən daha dəyərlidir, mədəni ac saxlamadığın kimi ağlını, vicdanını, qəlbini də ac saxlama, onları da sağlam, təmiz, halal qidalarla doyur, ey insan, bil ki, Qurani-Kərim fitrətin qidasıdır;

- Allahın oruc adlı tərbiyə proqramında NİYYƏT var. Niyyət bir şeyin mahiyyət və hədəfini anlayaraq onu etməkdir, şüurlu olmaqdır, O, bizim şüurlu müsəlman olmağımızı istəyir - oxu, anla, şüur qazan, seç, yaşa, yaşat;

- Oruc proqramında Qurani-Kərimi ANLAYARAQ OXUMA var (bütün günlərdə, bütün aylarda Qurani-Kərim oxumağın şərti onu anlamaqdır, ancaq ramazanın da özəl yeri var). Qurani-Kərimin üzərimizdə dörd haqqı var: oxumaq, anlamaq, yaşamaq - dəyərlərini həyatımıza daşımaq (Allahın buyurduğu kimi yaşamaq), öyrətmək. Bədəni, ağlı, qəlbi, vicdanı, iradəsi, əməli ilə tam oruc tutan insanlar bütün varlıqları ilə Qurani-Kərimi anlamağa köklənirlər;

- Allahın oruc adlı tərbiyə proqramında TƏMİZLİK var, ac qaldıqca bədən, Quran-Kərimi anladıqca, Onunla doyduqca ağıl, ruh, vicdan, qəlb, iradə təmizlənir, təmizlənən insan həqiqəti görür, Allaha təslim olur, azadlığına qovuşur (kirli - cahil qalmaq kölə olmaqdır), dəyər qazanır, fitrət insanı olur;

- Oruc proqramında TƏQVA var, təqva qorunmaqdır, oruc tutmağın hədəfidir, anlamlı həyatın ölçüsüdür, Allah, varlıq qarşısında məsuliyyət şüurudur - dəyərin məsuliyyətli olduğun qədərdir, sənə yüklənmiş vəzifəni yerinə yetir, ədalətli ol, zülmə qarşı dirən, barışı, xeyri, qardaşlığı, elmi, mərhəməti çoxalt, Ona təslim ol ki, qoruna biləsən, ey insan;

- Oruc proqramında DUA var, dua Allaha güvənin, təslimiyyətin ifadəsidir, insanın güc qaynağıdır, ilahi nemətdir, ümiddir (ümid etməyən dua etməz), Allahla insan arasındakı qırılmaz bağdır, ən gözəl dua əməli duadır, iş, hərəkət, davranışdır;

- Oruc proqramında SAXUR və İFTAR var - oruc süfrəsi bizə nemətin sahibini, insanın əməyini tanıdır, nemətlərin dəyərini öyrədir, şükrə yönəldir, acları, yoxsulları unutma, israf etmə deyir, israf edənlər şeytanın dostlarıdır;

- Oruc proqramında MƏDƏNİ AC SAXLAMAQ var, insan ilahi rizanı qazanmaq üçün bir ay bəlli vaxtda ac qalır, Allahın Ramazan ayında ac qal əmrinin bərəkətini də elə bu aydaca hiss etməyə başlayır, belə ki, nəfsin əli, qolu bağlanır, inadı qırılır, ruhun qanadları açılır, insan azadlığın ətrini hiss edir, hüzura qovuşur;

- Oruc proqramında MƏRHƏMƏT var, mərhəmət anlamaq, dəyər vermək, maddi, mənəvi ehtiyacı olanın sıxıntısını həll etməkdir, ac qalan insan aclığı, ac olanları anlayır, onları düşünür, yardıma yönəlir, başqalarının acısını hiss etdiyimiz qədər insanıq;

- Oruc proqramında İMAN var, imanın qarşılığı Allaha tam güvənməkdir, ümiddir, Ramazan ayı imanı gücləndirmə ayıdır;

- Oruc proqramı İLLİK HESABAT ayıdır, öncə yaşadığımız ilin hesabını düşünür, sonra da yaşayacağımız ilin planlarını qururuq;

- Oruc proqramında İRADƏ var, biz şüurlu olaraq Ramazan ayında bir ay ac qalmağı seçirik, seçimimizin haqqını veririk, bədəl ödəyirik, nəticədə, iradəmizi gücləndirməklə seçim və əzmimizin mükafatına qovuşuruq;

- Oruc proqramında SƏBİR var, səbir dirənişdir, iman, ağıl, iradə ilə sıx bağı olan anlayışdır, həqiqət uğrunda mübarizədə dirən, ey insan;

- Oruc proqramında RƏHMƏT var, şüurlu biçimdə, mədəsi, ağlı, vicdanı, iradəsi, qəlbi, əməli ilə oruc tutan insan Ramazan ayında ilahi rəhməti bütün varlığı ilə hiss edir, bu rəhmətin bərəkəti ilə özü də mərhəmətli olur;

- Oruc proqramında BƏRƏKƏT var, bərəkət üç şeyi əhatə edir: xeyirdir, çoxdur, davamlıdır, Ramazan ayı ağıl, vicdan, qəlb və iradəmizin ilahi ruzilərlə - bərəkətlə ən çox doyduğu aydır;

- Oruc proqramında ZƏKAT var, doğrudur, zəkat sadəcə Ramazan ayına aid bir ibadət deyil, ancaq müsəlmanlar zəkatlarını daha çox Ramazan ayında verirlər. Zəkat ehtiyac sahibi insanların zənginlərin sərvəti üzərindəki haqqıdır. Zəkat ibadəti insanın sərvət təsəvvürünü ilahi ölçülərlə inşa edir: ruzinin sahibi ər-Rəzzaq olan Allahdır, çalış, halalından qazan, halal işlərə xərclə, ehtiyacın qədər istifadə et, paylaş, ehtiyac sahiblərinin sərvətinin üzərində haqqı olduğunu unutma, sərvətini axirət azuqəsinə çevir - sərvətinlə xeyri çoxalt, zəkatın miqdarını Allah belə müəyyən etmişdir: ehtiyacından artığını ver;

- Oruc proqramında İNFAQ var - infaq Allah rizası üçün vermək, sərvəti paylaşmaqdır. Qurani-Kərimdə üç şey Allah yolunda deyilərək əmr edilir: cihad, hicrət, infaq. İnfaq yarar (xeyir) verən bir şeyi ona möhtac biri ilə qarşılıq gözləmədən paylaşmaqdır. İnfaq sadəcə sərvətlə gerçəkləşən bir ibadət deyil, elm öyrətmək, sevgi, şəfqət, mərhəmət də infaqdır. İslam deyir ki, yoxsulun, məzlumun, yetimin, əsirin dini, milliyyəti, cinsi soruşulmaz, insan olduğuna görə yardım edilər. İnfaq etmək mömini münafiqdən ayıran əlamətdir, xas qulların işidir, canını vermək infaqın zirvəsidir, infaq sağlam cəmiyyətin zəmanətidir, malı, elmi, əməyi, sevgini paylaşmaqdır, Allahın verdiyindən verməkdir. İnfaq imanın meyvəsidir, gözəl əxlaqdır, axirət azuqəsidir, islam mədəniyyətinin ruhudur, sosial bağdır. İnfaqın zamanı, həcmi, miqdarı yoxdur;

- Oruc proqramında ÜMMƏT ŞÜURU var - bütün müsəlmanlar eyni ayda, eyni məqsədlə oruc tutur, eyni duyğuları paylaşırlar, oruc bizi qardaşlığa, birliyə, ümmət olmağa, insanlığın ortaq dəyərlərini paylaşmağa yönəldir;

- Oruc proqramında HAQQA DƏVƏT var, bir çox insan məhz Ramazan ayında tövbə edir, Allaha yönəlir, insanların ağlı, qəlbi, vicdanı bu dönəmdə dəvətə daha açıq olur;

- Oruc proqramında BARIŞ, HÜZUR var, deyə bilərik ki, müsəlman ölkələrində cinayətlərin ən az olduğu ay Ramazandır, Ramazan ayı yaxşı olana təşviq, pis olandan çəkindirmə ibadətinin zirvə nöqtəsidir;

- Oruc proqramında SOSİAL ƏLAQƏLƏRİ ARTIRMA, DƏRDLƏŞMƏ, ANLAMA, ANLAŞMA var, anlamaq dəyər verməkdir, anlayan insan darda qalanların, göz yaşlarını silər, məzlumların əlindən tutar, anladığı qədər insan olar;

- Oruc adlı tərbiyə proqramında TƏRAVİH NAMAZI var, müsəlmanlar ancaq Ramazan ayında təravih namazı qılarlar, bu namaz orucun bərəkətini artırar;

- Oruc proqramında ETİKAF İBADƏTİ var - etikaf Ramazan ayının son on günündə (on gün olması şərt deyil) zəruri ehtiyaclar istisna bütün dünyəvi əlaqələri kəsib var gücü ilə Allaha yönəlməkdir, dərin təfəkkür imkanıdır, arınmadır, bütün varlığı ilə Allaha təslim olma halının gerçəkləşdiyi zaman dilimidir;

- Oruc proqramında min aydan daha xeyirli QƏDİR GECƏSİ var - Qədir gecəsi Qurani-Kərimin nazil olmağa başladığı gecədir, qədir, qiymət, dəyər gecəsidir, mesajı var: Qurani-Kərim nazil olduğu gecəni başqa gecələrdən seçir, ona dəyər qazandırır, bərəkətini artırır, ona özəl yer ayırır (Qədir surəsi var), yəni, ey insan, Qurani-Kərim sənin ağlına, qəlbinə, vicdanına, iradənə nazil olsa, Onu anlasan, Onun dəyərlərini həyatına daşısan, Allahın çox dəyərli qulu olacaq, iki dünyanın səadətinə qovuşacaqsan. Qurani-Kərim sözlərin soltanıdır, nazil olmağa başladığı gecəni Qədir gecəsinə - nurlu gecəyə, nazil olduğu ayı ayların soltanına çevirib, nazil olduğu insanı da mömin edər, onu tövhidə, ədalətə, barışa, mərhəmətə bağlayar;

- Oruc proqramında BAYRAM var, bayram bizə sevinmə əxlaqını öyrədir, deyir ki, sevindir ki, sevinəsən, dəyər ver ki, dəyər qazanasan, paylaş ki, sevgi, xeyir, barış, mərhəmət çoxalsın, insanları sevindir ki, Allah da səni sevindirsin, yoxsulların mədəsini doyur ki, Allah da sənin ruhunu doyursun, bağlı qapıları aç ki, Allah da sənin ruhunun, ağlının, vicdanının, iradənin, cənnətin qapılarını açsın;

- Oruc proqramı bir MÜƏLLİMDİR, bizə Allahı, insanı, varlığı, imanı, tövhidi, ədaləti, barışı, mərhəməti, bu dünyanı, axirəti öyrədir, ağıl, qəlb, vicdan və iradəmizi inşa edir, bizi cəhalətin pəncəsindən qurtarır, deyir ki, ey insan, dəyərin Allaha təslim olduğun qədərdir, şüurlu təslim ol ki, azad olasan, azad ol ki, insan olasan;

- Oruc proqramı İLLİK MAYADIR, bir insan orucu onun haqqını verərək tutsa: ağlı ilə oruc tutsa - ağılın oruc tutması doğru düşünməsi, elm yeməsi, həqiqəti kəşf etməsi, həqiqətə təslim olmasıdır, qəlbi ilə oruc tutsa - qəlbin orucu iman etməsidir, iman qəlbin doymasıdır, qəlb "iman yeyəndə" oruc tutur, vicdanı oruc tutsa - vicdanın orucu sevgi, mərhəmət, şəfqət yeməsidir, iradəsi oruc tutsa - iradənin orucu doğrunu seçməsidir, bədəni oruc tutsa - orucluq dönəmində yeməsə, içməsə, cinsi münasibətdə olmasa, gözü oruc tutsa - harama baxmasa, qulağı oruc tutsa - mənasız, məqsədsiz sözlərə qulaq asmasa, dili oruc tutsa - haram yeməsə, yalan danışmasa - bunlar orucu haqqını verərək tutmaqdır, bu biçimdə oruc tutmaq insanın illik mayası olar, bərəkəti il boyu davam edər, onu bütün pisliklərdən qoruyar, illik mayalar - oruclar axirət azuqəsinə çevrilər;

- Oruc bir İDARƏETMƏ PROQRAMIDIR, insana ağlını, qəlbini, vicdanını, iradəsini, duyğularını, nəfsini, sözünü, gözünü, qulağını, zamanını, işini, evini, ailəsini, ölkəsini, işçilərini, tələbələrini ... idarə etməyi öyrədir, deyir ki, duyğularını ağlına, ağlını da vəhyə - Allaha bağla, ağlını, iradəni, vicdan və qəlbini heç nəyə, heç kimə kirayə vermə, idarə etməyi bilsən, azad, bilməsən, kölə olacaqsan;

- Oruc zərərli işlərə "yox", xeyirli işlərə "hə" deməyi öyrədir, bu, insan azadlığının əsasıdır, yox deməyi bacarmayanın mömin olmaq imkanı yoxdur;

- Ramazan orucu deyir ki, ey insan, həyatı yavaş-yavaş yaşa, gözəl bir mənzərəsi olan məkandan sürətlə hərəkət edən maşının içində keçsən, o gözəllikləri görmək imkanın olmaz;

- Ramazan ayında həm QURANİ-KƏRİM nazil olmağa başlamış, həm də ALLAH RƏSULUNA - son elçiyə elçilik vəzifəsi verilmişdir - O, nəbi və rəsuldur; 

ALLAH Bəqərə surəsinin 183-cü ayəsində buyurur ki, oruc sizdən öncəkilərə olduğu kimi sizə də yazıldı. Ayədəki sözlərin məna yüklərini bir-bir şərh edək: 

"ORUC" sözü ərəbcə deyil, Qurani-Kərimin mətnində də yoxdur, "oruc" sözü farscadır (İslam Azərbaycana Xorasan yolu ilə gəldiyindən Qurani-Kərimə aid bir sıra terminlər farslaşmışdır, məsələn: namaz, dəstəmaz, oruc...), "gün" anlamını daşıyan "ruz" sözünə "e" şəkilçisi artırılaraq "ruze" qəlibi düzəldilmiş ("günlük", "gün-gün tutulan"), sonra "ruze" sözü "oruze", "oruc" biçimində türkcələşmişdir. 

"Oruc" sözünün Qurani-Kərimdəki qarşılığı "SAVM"dır. Bu söz "s-v-m" kökündəndir, eyni kökdən olan sözlər Qurani-Kərimdə on dörd dəfə işlədilmişdir. İlahi mətndə orucla bağlı bu sözlərə yer verilmişdir:

- "təsumu" (2/184);

- "yəsum" (2/185);

- "siyam" / "əs-siyam" (2/183, 187, 196; 4/92; 5/89, 95; 58/4);

- "əs-saimin" / "əs-saimat" (33/35); 

- "savm" (19/26);                                    

"SAVM" sözü həm "tutmaq", həm də "tərk etmək" mənalarını ifadə edir. Sözün kök mənası bunlardır: "yemək və içməkdən kəsilmək", "ağzı qapalı olmaq", "içinə əlavə bir şey almamaq". Bu söz mütləq bütün (tərkiblərdən ibarət olmayan bütün), əskiksiz, tam mənasını daşıyan, Allahın sifəti olan "əs-Səməd", dəyəri sabit olduğu üçün qızıl mənası daşıyan "samit", sal qaya anlamını daşıyan "səməd", ağzı qapalı olduğu üçün susmaq mənasını daşıyan "summ", güc və cazibə mərkəzi daşıyan "samd" sözləri ilə qohumdur. 

Mustafa İslamoğlu ORUC TUTMAQ anlayışına bu mənaları yükləmişdir: "...Dilimizdə "ORUC TUTMAQ" deyirik. Namazı qılırıq, dəstəmazı alırıq, zəkatı veririk, şəhadət kəlməsini gətiririk, həccə gedirik, orucu isə tuturuq. Dilimizdəki "tutma" sözü (ismi) oruc mənasındakı "savm"ın tam qarşılığıdır, "oruc tutmaq" ifadəsini isə "tutmağı tutmaq" kimi vermək olar. Oruc tutmaq hər şeydən öncə orucun tərəfini tutmaqdır, yəni mən orucun tərəfindəyəm deməkdir. Oruc tutmaq özünü tutmaqdır. Başımıza nə gəlirsə, özümüzü tutmamağımızdan gəlir. Günahların kökü qəzəbini tuta bilməməyə, nəfsini tuta bilməməyə, şəhvətini tuta bilməməyə, dilini tuta bilməməyə... bağlıdır. İnsan orucu nə qədər tutarsa, oruc da insanı o qədər tutar. Kim orucun başını dik tutarsa, oruc da onun başını dik tutar. Oruc onu qula qul olmaqdan qoruyan bir qalxan, qulu qul etməkdən qoruyan bir ağıl olar. Bu mənada oruc ac qalmaq deyil, bəslənməkdir. Ac qalan bədəndir, bunun anlamı odur ki, insanın bədəni ikinci dərəcəlidir. Birinci dərəcəli olan düşünən, xatırlayan, öyüd alan, inanan, dəyər ortaya qoyan, yaxşını pisdən ayıran yanıdır (tərəfidir). Qurani-Kərimin doğum ayı olan Ramazanın bədənin ac saxlanılaraq keçirilməsinin (ehya edilməsi, dirildilməsi) səbəbi də budur. Məqsəd bədəni ac tutaraq möminin əqli və ruhi qabiliyyətlərini hərəkətə keçirmək, təşviq etmək, bu yolla da anlama, düşünmə imkanlarını artırmaqdır. Bu da Qurani-Kərimin daha dərindən anlaşılmasına səbəb olan vasitələrdən biridir. Belə ki, vəhyi oxumağın mənası onu anlamaqdır. Bir şey anlaşılmamışdırsa, bu o deməkdir ki, o şey oxunmamışdır. Anlamaqdan məqsəd də anladığını yaşamaqdır, insanın anlamadığını yaşaması imkansızdır. Elə bu səbəbə görə də Ramazan ayı Qurani-Kərim ayıdır. Ramazan bizə Qurani-Kərimi gətirdiyi üçün Ramazandır. Ramazanlarımız Qurani-Kərimi oxuduğumuz, anladığımız, yaşadığımız, yaşatdığımız qədər mübarəkdir - bərəkətlidir. Təbii ki, Qurani-Kərimlə münasibət (bağ, əlaqə) ancaq Ramazanla sınırlandırıla bilməz. Onsuz da, Ramazan Qurani-Kərimin endiyi deyil, enməyə başladığı aydır... Ramazanın təsiri (vəhy kimi) sadəcə bir ayla məhdudlaşdırıla bilməz. Ramazanın məqsədi gətirdiyi məna iqlimini möminlərin bütün ömrünə yaymaq, onun ömrünü Ramazan qılmaqdır. Unudulmayacaq həqiqət budur: ömrü Ramazan olanın axirəti bayram olar. O bayram cənnətin özüdür. Ramazan orucunu bu anlayışla tutan birinə bu sözü söyləmə şüuru verər: küfrə, şirkə, zülmə qarşı orucumu pozsam, kəffarətim cəhənəm olsun!"    

Bəqərə surəsinin 183-cü ayəsi buyurur ki, oruc sizdən ÖNCƏKİLƏRƏ də yazıldı. Oruc bir ilahi tərbiyə proqramıdır, o, insanlıqla yaşıddır. Bu gün oruc tutan bir insan insanlıqla yaşıd olan oruc karvanına qoşulur. Anlaşılan odur ki, oruc ibadəti hz.Adəmdən başlayaraq bütün Elçilərə, onların ümmətlərinə fərz qılınmışdır, hz.Əli buyurur ki, oruc tutanların ilki hz.Adəmdir. 

Qeyd edək ki, ayədəki "ÖNCƏKİLƏRƏ" sözünü xristianlar, İsrail oğulları, Kitab əhli anlamında oxuyan alimlər də var. Oruc ibadəti səmavi dinlərin ortaq nöqtələrindən biridir. Bu ibadət zaman-zaman təhrif olundu, bir biçimdə son Elçiyədək gəldi, Qurani-Kərim nazil oldu, oruc ibadətini təhriflərdən təmizlədi, fitrətinə qovuşdurdu, ona son biçimini verdi.

Biz bilirik ki, Allah Rəsulunun mənsub olduğu Qureyş qəbiləsinə bağlı olanlar Aşura günü oruc tuturdular. Son Elçi Məkkədən Mədinəyə hicrət etdi, yəhudilərin də eyni gün oruc tutduğunu gördü. Allah Rəsulu bunun səbəbini soruşdu, dedilər ki, bu gün Allahın hz.Musanı xilas etdiyi gündür. O buyurdu ki, bizim hz.Musa ilə haqq bağımız sizinkindən daha çoxdur. Elçi o gün oruc tutdu, möminlərin də oruc tutmasını istədi. Bir il sonra Ramazan orucu fərz qılındı (oruc ayəsi Mədinədə, hicrətin ikinci ili nazil olmuşdur), Allah Rəsulu aşura orucu üçün bu sözləri söylədi: istəyən tutsun, istəyən tutmasın, beləliklə, aşura orucu bəyənilən ibadət hökmündə oldu.

İsrail oğulları il başından on gün sonra (onların il başı oktyabr ayına uyğun gəlirdi) gün batandan ertəsi günün gün batımınadək (iyirmi dörd saat fasiləsiz) oruc tuturdular. Onlar bu günün günahların bağışlandığı gün olduğuna inanır, ona "kipur" adı verirdilər. Bu oruc fərz hökmündə idi. Bununla birlikdə, İsrail oğulları ilin fərqli günlərində də fərz, nafilə oruc tuturdular (bu ənənə davam edir). Xristianlarda isə Tövratda olandan başqa oruc yoxdur. Hz.İsa Ona elçilik gəlməzdən öncə qırx gün oruc tutduğu üçün xristian din adamları bu orucu da ibadət kimi qəbul etmişlər.

Allah Rəsulu buyurur: "Allahın ən çox sevdiyi oruc Davudun orucudur. O, bir gün açar (yeyər), bir gün oruc tutardı". Bu hədis orucun öncəki Elçilərə, onların ümmətlərinə də fərz qılındığını göstərir.

Dedik ki, Qurani-Kərimin nüzulundan öncə oruc ibadəti təhrif olunmuşdu, məsələn, İsrail oğulları oruc tutulan günlərin sayını azaltmışdılar, xristianlar isə biçimini, məzmununu dəyişmiş, orucu pəhrizə çevirmiş, günlərin sayını artırmışdılar.

Ayədəki "oruc sizdən öncəkilərə də fərz qılınmışdı" cümləsi bu mənaları da əhatə edir:

- Elə bir ümmət yoxdur ki, oruc fərz qılınmasın;

- Oruc dinin təməl ibadətlərindən biridir;

- Oruc tutmaq çox önəmlidir;

- "Öncəkilər" sözü insanları oruc tutmağa təşviq edir;

- Oruc tutmaq çətin ibadətdir, çətin bir ibadət hamıya aid olanda onu yerinə yetirmək asan olur; 

- Allah birdir, dinin sahibi Odur, Onun dini də birdir, Elçiləri də eyni mesajı təbliğ etmişlər;

Ayə deyir ki, oruc sizə "YAZILDI" ("kutibə"), Qurani-Kərimdə bu feilə bir sıra başqa məsələlərin təqdimində də yer verilmişdir, məsələn, "qisas-ədalətli qarşılıq sizə yazıldı", "vəsiyyət etmək sizə yazıldı". Ayədəki "yazıldı" feili iki anlamı əhatə edir: a) oruc ibadəti çox önəmlidir, bütün ümmətlərə pozulmayacaq biçimdə yazılmışdır; b) "yazıldı", yəni fərz qılındı, əmr olundu - dini əmrləri yerinə yetirməyə borclu olan (bu mənanın içində həddi-büluğ yaşına çatmaq da var) bir insan fəcrin doğulmasından - dan yerinin aparmağa başlamasından Günəşin batmasınadək olan zaman dilimində yeməkdən, içməkdən, cinsi əlaqədən ibadət niyyəti ilə imtina etməli, orucunun tam olması üçün gözünü, dilini, qulağını haramlardan qorumalı, bütün varlığı ilə oruca köklənməlidir...

2) "...Bəlkə, bu sayədə (yolla) təqvaya qovuşasınız"

AYƏNİN bu cümləsi oruc əmrinin səbəbini, hikmətini, hədəfini açıqlayır: Allah oruc ibadətini ona görə yazdı ki, siz təqvaya qovuşasınız. TƏQVA Qurani-Kərimin ən önəmli anlayışlarından biridir. Bu söz "v-q-yə" kökündəndir. Qurani-Kərimdə eyni kökdən törəyən sözlərin sayı iki yüz əlli səkkizdir, bu mənaları var: 

a) "qorumaq" - "Allah bizə lütf etdi, bizi vücudun içinə işləyən əzabdan qorudu" (52/57); 

b) "qorunmaq" - "Kim nəfsinin xəsisliyindən qorunarsa, məhz onlar qurtaracaqlar" (40/45; 44/56; 52/18);

TƏQVA ilə eyni kökdən olan "müttəqi" sözü də qorunan, təqva sahibi olan anlamlarını daşıyır. Ərəblər "təqva" sözünü Qurani-Kərim nazil olmadan öncə də işlədirdilər, ancaq onlar bu sözə xaricdən gələcək hər hansı bir təhlükəyə qarşı özünü qoruma anlamını verirdilər. Qurani-Kərim TƏQVA sözünə yeni anlam yüklədi (Qurani-Kərim mövcud sözlərə - anlayışlara üç ölçü ilə yanaşdı: a) ərəb dilində olan bir sıra sözlərin məna yükünü olduğu kimi saxladı; b) bir sıra sözlərin mənasını islah etdi, məna çevrəsini böyütdü; c) yeni məna yüklədi, məsələn, təqva sözünə mənəvi əzabdan, insanı bu əzaba sürükləyəcək pis işlərdən qorunmaq, təmiz dindarlıq anlamlarını yüklədi;

Böyük alim Məhəmməd Əsəd TƏQVA sözünü "məsuliyyət şüurü" kimi tərcümə etmişdir. O deyir ki, təqva insanın Allah qarşısında məsuliyyət şüurudur, ilahi fitrətin şüurdakı təzahürüdür, fitrətini qoruyan təqvalı olar.

Məsuliyyət şüuru ağıl, iradə, vicdanla bağlıdır, insan ağıllı, iradəli, vicdanlı varlıqdır, ona görə də məsuliyyət daşıyır, Allah əmanəti (məsuliyyəti) insana yükləmişdir. Məsuliyyətin ziddi biganəlikdir, vecinə almamaqdır. Məsuliyyətli olmaq həddini, vəzifəsini, işini, əməlinə görə hesab verəcəyini, zamanın dəyərini bilməkdir. İnsanın məsuliyyəti azad olduğu qədərdir. BİR TOPLUMDA AZADLIQ YOXDURSA, ORADA MƏSULİYYƏT DƏ YOXDUR. Hz.Adəm məsuliyyətli olmağın simvoludur. O, yanlış addım atdı, səhvini anladı, qəbul etdi, tövbəyə yönəldi. Şeytan məsuliyyətsizliyin simvoludur: o, günahını Allahın üzərinə atdı. 

Qədərçilik (insandan heç bir şey asılı deyil düşüncəsi) məsuliyyətsizlikdir, insanı dəyərsizləşdirməkdir, Allaha iftiradır, belə ki, O, insanın aqibətini əməyinə (məsuliyyətinə) bağlamışdır. Məsuliyyət insana verilmiş iradə nemətinə sayğıdır, azad seçimdir, seçdiyinin nəticəsini qəbul etməkdir, örnək olmaq, vəzifələri paylaşmaq, bilmədiyin, bacarmadığın işlərdən uzaq durmaq, xeyri əmr edib (təşviq edib), pisliklərdən çəkindirməkdir. 

Məsuliyyət şüuru bu ayəyə inanmaqdır: BİR TOPLUM ÖZÜNÜ DƏYİŞDİRMƏDİKCƏ ALLAH DA ONLARI DƏYİŞDİRMƏZ. Məsuliyyət özünü tanımaq, özünə güvənmək, ilahi təyinatını bilməkdir. Biz sadəcə etdiklərimizdən deyil, etmədiklərimizdən də məsuliyyət daşıyırıq. Şəxsiyyət olmaq istəyiriksə:

- Məsuliyyətimizi qavrayacağıq;

- Doğru düşünəcəyik;

- Çalışacağıq;

- İslah edəcəyik;

- Saleh əməllərimiz olacaq;

- Cəhalətdən qurtaracağıq;

Bu həqiqəti bilək ki, tarixdə iz qoymuş, dəyər qazanmış, örnək olmuş insanlar ciddi, məsuliyyətli, ağıllı, cəsur, çalışqan, çilə çəkmiş insanlardır. Onlar bu dəyərlər uğrunda cihad etmişlər:

- Tövhid - la ilahə illallah - Allahdan başqa ilah yoxdur, yaradan tək, yaradılanlar çoxdur, insana qul olmağı, insanı qul etməyi rədd edirəm;

- Ədalət;

- Elm;

- Şəfqət, mərhəmət;

- Barış;

- Azadlıq;

- Həqiqət;

- Rifah; 

TƏQVADA məsuliyyət şüuru ilə birgə əmanətə sədaqət, borcluluq düşüncəsi var: insan hər şeyini Allaha borcludur, bu borcu ödəməyin tək yolu yaradana şüurlu təslim olmaq, Onun buyurduğu kimi yaşamaqdır. TƏQVANIN kök mənası biri o birisinə zərər verən iki şeyin arasına maneə qoyaraq zərər görəni və zərər verəni qorumaqdır. TƏQVA insanın mənəvi qoruma (immun) sistemidir, çox diqqətli qorunmadır. Qurani-Kərim buyurur ki, təqva libasdır (qoruyur) (7/26), dərin məsuliyyət duyğusudur, qorxmaq deyil, qorunmaqdır, o ən dəyərli azuqədir (2/197), təqva fitridir, bütün ibadətlər imanı, iman fitrəti, fitrət də insanı qoruyur, namaz, oruc, infaq... əsgərlərdir.

QURANİ-KƏRİM müttəqiləri (təqva sahiblərini) bu ölçülərlə tanıdır, onlar:

- Əhdinə vəfalı olarlar (3/76);

- Bağışlamağı sevərlər (5/8);

- Ədalətli olarlar (5/8);

- Doğru davranarlar (9/7);

- Malla, canla cihad edərlər (9/44);

ALLAHIN TƏQVALI OLANLARA VƏDLƏRİ VAR: 

- Allahın dostlarıdır (10/62-63);

- Qorxu görməyəcəklər (10/62-63);

- Allah onlara qapı açar (65/2); 

- Gözləmədikləri yerdən ruzi verər (65/3);

- Buyruqlarını asanlaşdırar (65/4);

- Günahlarını örtər (65/4);

- Böyük mükafat verər (65/4);

- Şeytanı tanıma gücü verər (6/201);

- Həqiqəti qavrama gücü bəxş edər (6/201);

- Haqqı batildən ayırma imkanı verər (8/29);

- Pisliklərinin üzərini örtər (8/29);

- Onları bağışlayar (8/29);

- Rəhmət endirər (6/155);

Qurani-Kərimdə TƏQVA anlayışı şirkdən qorunma (48/26), müsəlman olduqdan sonra böyük və kiçik günahlardan çəkinmə (7/96), qəlbi Allahdan uzaqlaşdıracaq şeylərdən təmizləyərək Ona yönəlmə (3/102) anlamlarında da işlənmişdir. 

ALLAH RƏSULU TƏQVANI BU ÖLÇÜLƏRLƏ TANITMIŞDIR:

- İnsanı xalqın gözündə ucaldan var-dövlət, Allahın gözündə ucaldan təqvadır;

- Ey Allahım, Səndən hidayət, təqva, iffət, qəlb zənginliyi istəyirəm;

- İnsanların cənnətə girməsinə səbəb olan ən önəmli əməl Allahdan çəkinmək (təqva) və gözəl əxlaqdır; 

- Üstünlük təqvadadır;

- Təqvalı insan sahib olduğu nemətin haqqını verər;

- Təqva dinin yarısıdır;

- Təqva Allahın yardımına yol açar;

- Təqva ruziyə vəsilədir;

- İnsanların ən xeyirlisi təqvalı olanıdır;

- Təqva sıxıntılardan qurtuluşa vəsilədir;

- Təqvanın əsası şübhəli şeylərdən qaçmaqdır;

- Allah Rəsulu səfərə çıxmaq istəyən bir insana belə dua etmişdir: "Allah səni təqva ilə ruziləndirsin"; 

AYƏ deyir ki, ORUC ruhun qidasıdır, o, insana özünə nəzarəti öyrədir, imanı bəsləyir, günahlardan qoruyur. Ayədəki "bəlkə (umulur ki) bu sayədə - oruc tutaraq təqvaya qovuşarsınız (qorunasınız)" sözlərinin bu dünyaya və axirətə yönəlmiş izahı var: oruc tutsanız, bu dünyada günahlardan, axirətdə cəhənnəm əzabından qorunarsınız. Belə ki, önəmini qavrayaraq oruc tutmaq insana nəfsinə nəzarət imkanı qazandırır, o, duyğularına hakim olur, güclənir, günahlardan qorunmaq imkanı əldə edir, nəticədə, təqvaya-qoruma, qorunma sisteminə sahib olur, təqva da iki dünyanın səadətinə yol açır.

ALLAH RƏSULU buyurur: 

- Ramazan səbir (dirəniş) ayıdır, səbrin qarşılığı cənnətdir;

- Ramazan ayında şeytanlar bağlanır;

- Yalan danışmağı, yalanla iş görməyi tərk etməyən bir insanın yeməyi, içməyi tərk etməsinə, ac qalmasına Allahın ehtiyacı yoxdur;

- Oruc bir qalxandır, oruclu pis söz söyləməsin, kim onunla didişmək, dalaşmaq istəsə: "Mən orucluyam, mən orucluyam", - desin və onunla dalaşmasın;

- Kim inanaraq və savabını yalnız Allahdan gözləyərək Ramazan orucunu tutsa, keçmiş günahları bağışlanar;

- Oruc tutmaq sədaqətdir;

- Ramazan günahları yandırdığına görə Ramazan adlanır;

- Ümmətin səyahəti orucdur (mənəvi, ruhi, iç aləminə səyahət);

Böyük alim Məhəmməd Əsəd yazır ki, təkcə insanlar deyil, bütün kainat oruc tutur: çox qar yağan bölgələrdəki vəhşi heyvanlar həftələrlə, aylarla qidasız yaşayırlar. İlanların qış yuxusu var. Bu dönəmdə qidalanmamaq onların cavanlaşmasına, təzələnməsinə səbəb olur. Köhnə dərilərindən qurtulan ilanlar yeni, daha yaxşı bir dəriyə qovuşaraq gəncləşirlər. Oruc onlara böyük bir güc, dinclik qazandırır. Eyni biçimdə ağaclar qış mövsümündə yarpaqlarını tökərək bir növ oruc tutur, bu hal həftələr, hətta aylar boyu davam edir. Mövsümün sonunda yeni yarpaqlar bitir, yeni qönçələr, yeni çiçəklər açır, ağac meyvəyə durur...

3) Orucla bağlı zəruri bilgilər

- Oruc imsaq vaxtından iftar vaxtınadək ibadət niyyəti ilə yeməmək, içməmək, cinsi münasibətdə olmamaqdır;

- Oruc tutmağa niyyət edilməlidir, niyyət işin mənasını anlamaqdır, içdən, istəyərək, mahiyyətini başa düşərək verilən qərardır. Din deyir ki, niyyət bir işi, bir vəzifəni Allahın əmrinə tabe olmaq, Ona mənəvi yaxınlıq qazanmaq üçün yerinə yetirmək qərarıdır. Niyyət ibadətlərin şərtidir, ancaq bunu dillə söyləmək şərt deyildir, insan gördüyü işin mənasını başa düşürsə, o niyyət etmişdir;

- Oruc tutmağın üç şərti var: müsəlman olmaq, ağıllı olmaq (dəliyə oruc fərz deyil), həddi-büluğ yaşına çatmaq;

- Dişi fırçalamaq, yumaq orucu pozmaz, bu şərtlə ki, məcun, ya da su boğaza getməsin;

- Dişlər qanasa, tüpürcəyi qırmızıya boyayacaq miqdarda qan boğazdan keçsə, oruc pozular;

- Diş çəkdirmək üçün iynə vurdurmaq orucu pozmaz - iynədəki maddə vitamin deyildir;

- Ağızı yaxaladıqdan sonra ağızda qalan nəm orucu pozmaz;

- Qan vermək orucu pozmaz;

- Dəriyə krem sürtmək orucu pozmaz;

- Oruc tutmaq hamilə, ya da uşağını əmizdirən bir qadına, uşağına zərər verərsə, o, oruc tutmaz, uyğun bir zamanda qəza edər;

- Oruclu bir insan özünü tuta biləcəyindən əmindirsə, xanımını (xanım da ərini) öpə bilər;

- Kimsə bir başqasının yerinə oruc tuta bilməz;

- Xəstə bir adam sağalandan sonra orucunu tutmalıdır, ancaq sağalmaq imkanı yoxdursa, oruc tuta bilmədiyi hər gün üçün fidyə verməlidir;

- Fidyə Ramazan ayının orucunu tuta bilməyənlərin yoxsullara verməsi zəruri olan maddi yardımdır - hər gün bir insanı doyuracaq qədər yardım etməkdir;

- Oruclu olarkən çimmək, dənizə girmək orucu pozmaz, ancaq ağız və burundan boğaza su qaçarsa, oruc pozular, oruc dönəmində (imsaq iftar arası) çimmək, dənizə girmək xətalı davranışdır;

- Həb, maye, burun damlası biçimində ağız, burun yolu ilə alınan dərmanlar orucu pozar;

- Unudaraq yemək orucu pozmaz;

- Bakıda oruc tutmağa başlayan bir insan İstanbula gedərsə, yerli vaxtla (Günəş batanda) orucunu açar;

- Namaz qılmayan bir insan oruc tuta bilər;

- Ramazan ayından sonrakı Şəvval ayında altı gün oruc tutmaqla bağlı Allah Rəsulu buyurmuşdur: "Hər kim Ramazan orucunu tutsa, sonra ona Şəvvaldan altı gün artırsa, bütün il oruc tutmuş kimi olar";     

- Ramazan ayında oruc tutmağa gücü çatan, maddi imkanı olan hər kəs fitrə verməlidir, bu, yardımlaşma mədəniyyətidir, sevgini, barışı, mərhəməti çoxaldır;

- Fitrə (fitir sədəqəsi) bayram namazından öncə verilir, sonra verilsə, fitir sədəqəsi deyil, sədəqə sayılar;

- Fitrəyə də niyyət edilməlidir, ancaq fitrə verərkən "al, bu mənim fitrəmdir" deməyə ehtiyac yoxdur, fitrə incitmədən, uyğun bir dil, gözəl üslubla verilməlidir;

- Fitrə çarəsiz, miskin, yoxsul insanlara verilməlidir, bir günlük maddi ehtiyacınız fitrə miqdarınızdır;

- Ramazan ayı sona çatanda camaatla bayram namazı qılınır, iki rükətdir;

ALLAH RƏSULU İFTARDAN SONRA BU DUALARI ETMİŞDİR: 

"Ey Allahım! Sənin üçün oruc tutdum, Sənin ruzinlə orucumu açıram";

"Ey Allahım! Sənin üçün (Sənin rizanı qazanmaq üçün) oruc tutduq, Sənin ruzinlə orucumuzu açırıq. Onu bizdən qəbul et. Sən eşidirsən, bilirsən";

 

"Allaha həmd edirəm. O, mənə yardım etdi, oruc tutdum, ruzi verdi, iftar etdim";

"Allahım! Səndən hər şeyi əhatə edən rəhmətinlə günahlarımı bağışlamağını istəyirəm";

RAMAZAN ORUCUNU TUTMAQ hər müsəlmana (şərtləri uyğun olan) fərzdir - ilahi əmrdir. Bununla birlikdə, başqa aylarda da Allahın rizasını qazanmaq üçün oruc tutmaq olar: 

- Bir insan hər hansı bir məsələ ilə bağlı oruc tutmağı niyyət etmişsə - söz vermişsə (nəzir orucu), seçdiyi günlərdə oruc tutmalıdır;

- Bir insan daha çox savab qazanmaq niyyəti ilə oruc tuta bilər;

- Allah Rəsulu hər həftənin birinci və dördüncü günləri oruc tutmuşdur. O, Özünün və Qurani-Kərimin doğum gününü oruc tutaraq keçirmişdir;

- Şəvval ayında (Ramazan ayından sonrakı ay), bayram günləri istisna olmaqla altı gün oruc tutmağın çox savabı var (bu ayda altı gün ard-arda, ya da fasilələrlə oruc tuta bilərsiniz);

- Aşura günü (məhərrəm ayının onuncu günü) oruc tutmaq müsəlmanlar arasında geniş yayılmışdır;

- Hər ayın üç günü (13, 14, 15) oruc tutmaq ənənəyə çevrilmişdir;

- Zilhiccə ayının (həcc ayının) ilk doqquz günündə (onuncu gün Qurban bayramının ilk günüdür - bayram günü oruc tutmaq olmaz) imkanı olanın oruc tutması tövsiyə olunmuşdur;

- Haram (toxunulmaz) aylarda - Zilqədə, Zilhiccə, Məhərrəm, Rəcəb aylarında, bəlli günlərdə (adətən, 4-cü, 5-ci, 6-cı günlərdə) oruc tutmaq tövsiyə edilmişdir;

- Allah Rəsulu Şaban ayında - Ramazandan öncəki ayda çox oruc tutmuş, özünü bir aylıq Ramazan orucuna hazırlamışdır;

- Günaşırı oruc tutmaq (bir gün tutub, o birisi gün tutmamaq) hz.Davud orucu kimi ad qazanmışdır. Allah Rəsulu buyurmuşdur ki, O mübarək Elçi bu biçimdə oruc tutmuşdur; 

RAMAZAN AYI İMSAQDAN İFTARADƏK YATMAQ AYI DEYİL, ÇALIŞMAQ, OXUMAQ, ÖYRƏNMƏK, ELMİ, XEYRİ, BƏRƏKƏTİ, MƏRHƏMƏTİ, PAYLAŞMAĞI, ƏDALƏTİ ÇOXALTMAQ, GÖZƏL İŞLƏRƏ TƏŞVİQ ETMƏK, PİS İŞLƏRDƏN ÇƏKİNDİRMƏK AYIDIR. 

"Sayılı günlərdə... Sizdən kim xəstə, ya da yolçu olarsa, tutmadığının sayı qədər başqa günlərdə (oruc tutar) və (bunlar arasından) ona gücü çatanlar üzərinə bir yoxsulu doyuracaq fidyə (vermək) zəruridir. Kim daha çox xeyir işlərsə (xeyir işləri olarsa), özü üçün daha yararlı olar, ancaq (əgər) bilsəniz, oruc tutmaq sizin üçün daha xeyirlidir" (Bəqərə, 2/184)

1) "Sayılı günlərdə..."

Mübarək (bərəkətli) Ramazan ayı Qurani-Kərim, təqva, şükür, dua, paylaşma ayıdır. Bu ayda bəlli bir müddət mədəmiz ac qalsa da, ruhumuz doyur, təmizlənirik, imanımız, iradəmiz, səbrimiz - dirəniş gücümüz, hüzurumuz, insanlığımız artır. Oruc deyir ki, fikri, ruhi böyümənin, kəşfin, dərin düşünməyin, anlamağın şərti sıxıntı çəkməkdir, zəhmətsiz rəhmət yoxdur, əmək sizin imkanlarınızı ortaya çıxaracaq.

ALLAH bizi addım-addım Ramazan ayında oruc tutmağa hazırlayır: yüz səksən üçüncü ayədə imanla oruc tutmaq arasında bağ qurdu, sonra keçmiş ümmətləri xatırlatdı, buyurdu ki, oruc ibadəti insanlıqla yaşıddır, sonra da oruc ibadətinin hikmətini, hədəfini açıqladı - haqqı ilə, bədəlini ödəyərək oruc tutmaq sizi təqvaya qovuşdurar, sizi qoruyar, sizə məsuliyyət şüuru verər.

Şərh etdiyimiz ayə ilahi tərbiyə proqramı olan ORUC İBADƏTİNİ tanıdan ayələrin davamıdır, Allah "sayılı günlər" buyurur. "SAYILI GÜNLƏR" ifadəsi ilə bağlı fərqli fikirlər olsa da, ayəni sıradakı yüz səksən beşinci ayə ilə bir arada oxuyanda bu günlərin Ramazan ayını nəzərdə tutduğu aydın olur: "(O sayılı günlər) Ramazan ayıdır ki..." 

Fərz olan Ramazan orucu ilə bağlı ayə Mədinədə, hicrətin ikinci ili nazil oldu ("yazıldı"). Ramazan İslam Ay təqviminin doqquzuncu ayıdır. Ay təqviminə (qəməri) görə bu ay iyirmi doqquz, ya da otuz gün olur. Bu müddətdə - sayılı günlərdə imsaqdan iftaradək ibadət niyyəti ilə yeməkdən, içməkdən, cinsi əlaqədən imtina etmək oruc tutmağın əsasıdır, şərtidir, ibadətin maddi yönüdür. 

Ramazan orucunun mənəvi yönləri də var, o, ÜÇ NEMƏTİ öyrədir: 

a) Məkkədə Ramazan ayında nazil olmağa başlayan Qurani-Kərim nemətinə görə Allaha şükür etmək (şükür yaxşı və gözəl olanı fərq etməklə başlayar) - Qurani-Kərimə görə Allaha şükür bu biçimdə gerçəkləşə bilər: bu bərəkətli kitabı oxumaq, anlamaq, dəyərlərini həyatına daşımaq - Onun buyurduğu kimi yaşamaq; 

b) nəfsə nəzarət imkanı qazanmaq - Oruc bizə ağlımızı, qəlbimizi, iradəmizi, duyğularımızı idarə etməyi öyrədir, deyir ki, nəfsinə məhkum deyil, hakim ol, nəfsi, duyğuları doğru tanımaq onları idarə etməyin ilk şərtidir;

Diqqət edin, nəfsini yox et demir, insan nəfsini yox edə bilməz, fitri olan yox olmaz, nəfsini idarə et deyir, məsələn, şəhvət duyğusu fitridir, nemətdir, belə ki, şəhvət olmasa, nəsil artmaz. Allah şəhvət duyğusunu yox et deməz (o halda, bu duyğunu niyə verdin, niyə yox et buyurursan sualları ortaya çıxar). O, bu duyğunu idarə etməyin yolunu göstərər, kəbin (nikah) qanunu qoyar, qoymuşdur. Nikah yolu ilə evlənmək şəhvət duyğusunu verən Allaha şükürdür, təbii ki, zina da xəyanət və nankorluqdur. Nikah yolu ilə evlilikdə də, zinada da şəhvət duyğusu var. FƏRQ BUDUR: nikahda şəhvət səni deyil, sən şəhvəti idarə edirsən, zinada isə şəhvət səni idarə edir, nikah yolu azadlığa, zina yolu köləliyə (nəfsin köləliyinə) yol açır, nikahda bərəkət, zinada fəlakət var, nikah sağlamlıq, zina xəstəlikdir.

c) oruc proqramı aclığı, susuzluğu tanıdır, nemətlərin dəyərini öyrədir, acları anlamağa, onlara yardıma, paylaşmağa, mərhəmətə yönəldir;

2) "...Sizdən kim xəstə, ya da yolçu olarsa, tutmadığının sayı qədər başqa günlərdə oruc tutar..."     

Oruc tutmağın şərtləri bunlardır: a) müsəlman olmaq; b) ağıllı olmaq; c) büluğ yaşına çatmaq - qızlar aybaşı halını yaşamağa başlayanda, oğlanlar da yuxuda olarkən boşalma (spermin axması) hiss edəndə (biləndə) büluğ yaşına çatmış sayılırlar. Qızlar və oğlanlar on beş yaşınadək bu halları yaşamasalar, on beş yaş büluğ yaşıdır.

ALLAH ayədə iki qrupu ayrıca qeyd etmişdir: xəstələr, yolçular. Oruc tutmaq xəstələrə də, yolçulara da fərzdir, ancaq onlar xəstə, ya da yolçu olduqları Ramazan ayında deyil, daha sonra (sağaldıqdan, yolçuluq bitdikdən sonra) günə gün qəza edərlər. Xəstəlik oruc tutmağa mane olacaq səviyyədə deyilsə, yolçu olan bir şəxsin oruc tutmağa gücü çatırsa, xəstə, ya da yolçu (səfəri) oruc tuta bilər, əks halda, o müddətdə oruc tutmamalıdırlar. 

Cabir bin Abdullah rəvayət edir: ALLAH RƏSULU fəth ili Məkkəyə doğru yola çıxmışdı. Kuraul-Qəmim deyilən yerə çatdı. O da, səhabə də oruclu idilər, yəni səfərə oruclu çıxmışdılar. Allah Rəsuluna bu xəbər verildi: oruc tutmaq insanlara çətin gəlir, onlar Sizin etdiyinizə baxıb dururlar (yəni sizə görə canlarını dişlərinə tutub oruclarını pozmurlar). Allah Rəsulu ikindidən sonra bir bardaq su istədi, insanların gözü önündə suyu içdi. Bu halı görənlərin bir qismi orucunu açdı, bir qismi isə oruc tutmağa davam etdi. Orucunu pozmayanların olduğunu eşidən Allah Rəsulu buyurdu: onlar itaət etmirlər, onlar üsyan etmişlər.   

Bu hədisi xəstəlik, ya da yolçuluq zamanı oruc tutmaq yasaqdır kimi oxumamalıyıq. Belə ki, hədis oruc tutacağı halda sağlamlığı pozulacaq xəstə və yolçuları nəzərdə tutur. Oruc tutan bir xəstənin xəstəliyi artırsa, sağlamlığı çökürsə, yolçuluq məşəqqətə çevrilirsə, Allah Rəsulu bu halda oruc tutmağı üsyan kimi dəyərləndirir. Oruc tutan bir xəstənin, ya da yolçunun sağlamlığı zərər görmürsə, istəsə, oruc tuta bilər, oruc tutması daha xeyirli olar. 

QURANİ-KƏRİM deyir ki, Allah insana gücü çatmayacaq yükü yükləməz, Allah Rəsulu buyurur ki, çətinləşdirməyin, asanlaşdırın, nifrət etdirməyin, sevdirin. İslam alimləri şərh etdiyimiz ayəyə əsaslanaraq Ramazan ayında oruc tutmamağa izin verən halları belə sıralamışlar:

a) Yolçuluq - bir adam Ramazan ayında səfərə çıxsa, səfər məsafəsi ən azı doxsan kilometr olsa, gecədən oruca niyyət etməyə bilər. Niyyət etdikdən sonra yolçuluğa çıxsa, orucunu pozmamalıdır (hər hansı bir istisna hal ortaya çıxmasa, məsələn, xəstələnər, qəza olar, yaralanar...). Bir ibadət başlanmışsa, onu pozacaq ciddi səbəb yoxdursa, o ibadət tamamlanmalıdır. Səfəri olan bir insan orucunu pozsa, sonra qəza etməli, yəni günə gün oruc tutmalıdır; 

b) Xəstəlik - bir insan oruc tutanda xəstəliyi artır, sağlamlığı pozulursa, o, Ramazan ayında oruc tutmamalıdır, sağaldıqdan sonra günə gün qəza etməlidir. Həkim bir insana sən oruc tutsan, xəstələnəcəksən deyirsə, o insan da xəstə sayılır;

c) Qocalıq - oruc tuta bilməyəcək qədər yaşlı olan bir insan oruc tutmaz, oruc tutmadığı hər gün üçün bir fidyə verər. Sağalmaq ümidi olmayan xəstələr də oruc tutmadığı hər gün üçün fidyə verməlidirlər. Bir xəstə sağalacaqsa, Ramazan orucunu sağlamlığına qovuşduğu dövrdə günə gün qəza etməlidir, fidyə verməsinə ehtiyac yoxdur. Fidyə vermək hökmü heç bir halda oruc tutmaq imkanı olmayacaq insanlara aiddir. Təbii ki, oruc tuta bilən bir insanın yoxsullara yardım etməsi də gözəl davranışdır, həm oruc tutur, həm də yoxsulları doyurur, nəticədə, savab üstünə savab qazanır;

d) Çox aclıq və susuzluq - bir insanın aclıq, susuzluq səbəbi ilə sağlamlığı ciddi zərər görərsə, o, orucunu poza bilər, sağlamlığına qovuşduqdan sonra isə Ramazan orucunu günə gün qəza edər. Aclıq, susuzluq bir insanın ölümünə yol açarsa, o insanın orucunu pozmaması haramdır;

e) Ağır, məşəqqətli işlərdə çalışmaq - bu işlərdə çalışan bir insan oruc tutacağı halda sağlamlığının pozulacağını düşünürsə, oruc tutmaya bilər. Uyğun bir zamanda Ramazan orucunu günə gün qəza etməlidir;

f) Hamilə olmaq və uşaq əmizdirmək - hamilə olan, ya da uşaq əmizdirən bir qadın oruc tutacağı halda özünə, körpəsinə zərər verərsə, Ramazan orucunu tutmaya bilər, o, sonrakı dönəmdə, uyğun bir zamanda orucunu günə gün tutmalıdır;

Toplasaq, bunları deyə bilərik: Ramazan ayında oruc tutmamalarına izin verilənlər bu iznə səbəb olan hallar ortadan qalxdıqdan sonra tutmadıqları günlərin sayı qədər oruc tutmalıdırlar (günə gün ölçüsü). Sağalması imkansız olan xəstələr, oruc tuta bilməyəcək dərəcədə yaşlı olanlar hər Ramazan orucu günü üçün bir fidyə verməlidirlər (təbii ki, imkanları varsa). Bir oruc fidyəsi bir fitir sədəqəsi miqdarıdır. Bir fitir sədəqəsi də bir yoxsulu bir gün doyura biləcək qədər yeməkdir, ya da o yeməyin qarşılığı olan puldur.        

3) "...(bunlar arasından) ona gücü çatanlar üzərinə bir yoxsulu doyuracaq fidyə (vermək) zəruridir..."     

Bu ayə fərqli biçimlərdə anlaşılmışdır. Ayədə FİDYƏ gücü çatanlara əmr olunur. Sual budur: gücü çatanlar deyilərkən kimlər nəzərdə tutulur? Bir sıra alimlər ayəni belə oxumuşlar: orucunu qəza etməyə (orucunu bəlli səbəblərlə vaxtında tuta bilməyib sonra tutmaq) gücü çatanlar həm də bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Bu oxunuşda iki sual ortaya çıxır: a) qəzası olanlar qəza ilə birlikdə bir də fidyə verəcəklərmi?; b) yoxsa qəza orucu yerinə fidyəmi verəcəklər?; Bir sıra alimlər də ayəni belə anlamışlar: oruc tuta bilməyənlər də bir yoxsulun (günlük) yeyəcəyi qədər fidyə verərlər.

Biz ayənin bu oxunuşunu doğru sayırıq: qəza ilə birlikdə gücü çatanlar fidyə də versinlər: "...Qəza ilə birlikdə gücü çatanın fidyə verməsi (qəza orucunu da tut, imkanın varsa, fidyə də ver) fidyəsiz qəzadan, ya da qəzasız fidyədən daha xeyirlidir. Qəza orucu ilə birgə gücü çatanın fidyə də verməsi - ikisini də yerinə yetirməsi birini icra etməkdən daha xeyirlidir (hər şeyin doğrusunu Allah bilir)".     

"FİDYƏ" sözü "f-d-yə" kökündəndir, insanın qarşılıq olaraq veriləcək bir şeylə özünü bəladan qoruması fidyə adlanır, ya da insanın qüsurlu bir ibadətə görə öz nəfsini qorumaq üçün verdiyi malı da fidyə sayılır. Fidyənin məqsədi bir insanı sıxıntıdan qurtarmaqdır. Fidyə sözü həm də dini termindir, mənası budur: oruc ibadətinin yerinə yetirilməməsi səbəbi ilə, ya da həcc ibadətinin icrası zamanı yol verilən bir sıra qüsurların ortadan qaldırılması üçün, eləcə də savaş əsirlərinin azad olmaları qarşılığında ödənən maddi bədəl. 

BİR FİDYƏ bir insanı bir gün doyuracaq miqdarda yeməkdir (qidadır), ya da bu miqdarın qarşılığı olan puldur. Fidyə miqdarı Ramazan bayramından (fitir bayramı) öncə verilən fitir sədəqəsinin miqdarı ilə eynidir. Bu fidyə miqdarı ən aşağı ölçüdür. İmkanı olanların daha çox verməsi gözəl davranışdır.

Fidyə Ramazan orucunun başlanğıcında, ortasında, sonunda verilə bilər. Bir şəxsin fidyələrinin hamısını bir yoxsula da, bir neçə yoxsula da paylaması mümkündür. 

ORUC FİDYƏSİ maddi ehtiyaclarını təmin etməyə borclu olduğunuz yoxsullara verilməz, məsələn, ata oğula, oğul ataya, ər xanımına, xanım ərinə fidyə verə bilməz, belə ki, bu qrupa daxil olanlar bir-birilərinin dolanışığını təmin etməyə borcludurlar. Ehtiyacları varsa, qardaşa, bacıya, xalaya, dayıya, əmiyə, xalanın, dayının, əminin övladlarına, gəlinə, kürəkənə, qayınataya, qayınanaya fidyə (fitrə, zəkat) verilə bilər. 

FİDYƏ vermək məcburiyyəti oruc tutmaq imkanı olmayan yaşlılara, sağalmaq ümidi olmayan xəstələrə aiddir, ancaq bir insan sonrakı dönəmdə sağlamlığına qovuşacaqsa, orucunu mütləq qəza etməlidir (vaxtında - Ramazan ayında tutulan oruc əda, başqa vaxtda tutulan oruc qəzadır). Onun fidyə verməsi məcburi deyil, fidyə versə də, oruc borcu ödənilmiş sayılmaz. 

Bir insan oruc tuta bilməyəcək dərəcədə yaşlıdırsa, ya da sağalmaq ümidi olmayacaq biçimdə xəstədirsə, fidyə vermək imkanı da yoxdursa, onların Allahdan bağışlanma istəmələri gözəl bir davranışdır...

4) "...Kim daha çox xeyir işlərsə (xeyir işləri olarsa), özü üçün daha yararlı olar..." 

AYƏNİN bu hissəsini belə oxuya-anlaya bilərik:

Kim orucunu da tutsa, fidyəsini də versə;

- Fərzləri də, nafilələri də yerinə yetirsə; 

- Kim sevə-sevə daha çox xeyir işlər etsə;

- Daha çox fidyə versə, daha çox yoxsulu doyursa;

- RAMAZAN ORUCU ilə birgə, başqa vaxtlarda da oruc tutsa;

Ayədəki "XEYİR" sözü bu mənaların hamısını əhatə edir. Allah buyurur ki, xeyri çoxaltmaq xeyir sahibinin yararınadır, ona dəyər, sayğı, savab qazandırır.

5) "...Ancaq (əgər) bilsəniz, oruc tutmaq sizin üçün daha xeyirlidir"

AYƏ oruc tutmağın dəyərini ifadə edən sözlərlə bitir, sıradakı ayə ilə bağ qurur. Ayənin başı ilə sonunu birləşdirsək, bu məna ortaya çıxar: Allah xəstələrə, yolçulara Ramazan ayında oruc tutmamaq izni verir. Bununla birlikdə, buyurur ki, ciddi bir sıxıntı yoxdursa, yəni oruc tutmaq imkanı varsa, oruc tutmaq sizin üçün daha xeyirlidir. İMAM ZƏMƏXŞƏRİ bu ayəni oruc tutmaq fidyədən də, fidyədən daha çoxunu verməkdən də xeyirlidir kimi oxumuşdur. 

Bir sıra alimlər isə ayəni bağlamından qopararaq ümumi biçimdə - oruc tutmaq insana xeyirlər gətirəcək anlamında oxumuşlar, yəni bu cümlənin birbaşa xəstə və yolçularla bağı yoxdur.

6) Yüz səksən dördüncü ayənin ortaya qoyduğu nəticələr

- Ayə Ramazan orucunu tanıdan ayələr qrupuna daxildir;

- Sayılı günlər Ramazan ayıdır;

- Xəstələr, yolçular bu ayda oruc tutmaya bilərlər;

- Xəstəlik, ya da yolçuluq bitəndə oruc günə gün qəza edilməlidir;

- Qəza ilə birlikdə fidyə də verilsə, daha xeyirli olar; 

- Fidyə vermək oruc tuta bilməyəcək dərəcədə yaşlı olanlara, sağalmaq ümidi olmayan xəstələrə aiddir;

- Ramazan hər növ xeyri çoxaltmaq ayıdır; 

"(O sayılı günlər) Ramazan ayıdır ki, insanlığa rəhbər olan, bu rəhbərliyin açıq-aşkar dəlillərini (bəlgələrini) daşıyan və haqqı batildən ayıran Quran bax (məhz) bu ayda endirilmişdir. Sizdən biri bu aya qovuşanda oruc tutsun, xəstə, ya da yolçu olan kimsə də başqa günlərdə qəza etsin! Allah sizin üçün asanlıq istər, sizi sıxıntıya (çətinliyə) salmaq istəməz. (O) oruc günlərinin sayını tamamlamağınızı, sizi doğru yola qovuşdurduğu üçün Onu ucaltmağınızı və şükür etməyinizi istər" (Bəqərə, 2/185)

1) "(O sayılı günlər) Ramazan ayıdır ki..."

ALLAH yüz səksən dördüncü ayədə "sayılı günlərdə" buyurmuşdu. Şərh etdiyimiz ayədə o sayılı günlərin Ramazan ayı olduğunu açıqlayır.

"RAMAZAN" sözü "r-m-d" kökündəndir, bu mənaları olduğu irəli sürülmüşdür:

a) Allahın adlarından biridir - bu görüş əsassızdır, belə ki, Qurani-Kərimdə Allahın Ramazan adı yoxdur. Allaha ad və sifətləri Özü verər, kimsənin Ona ad / sifət vermək haqqı yoxdur;

b) Gur yağan yaz yağışı, bu yağış yeri, havanı tozlardan / kirlərdən təmizləyər. Ramazan orucu da o yağış kimidir, insanın bədənini maddi, vicdan, ağıl, qəlb və ruhunu mənəvi zəhərlərdən arındırar;

c) Qovurucu istilik - Günəşin istiliyi nəticəsində daş qızır, çayda, dənizdə çiməndən sonra ayağını daşın üzərinə qoyur, istiliyini hiss edirsən, bu istilik insanın ruhunu dincəldir. İstiliyin həm yandırma, həm də təmizləmə özəlliyi var, yəni Ramazan orucu insanı maddi, mənəvi kirlərdən təmizləyir, günahlarını yandırır;

d) Otun biçilməsi - sahənin təmizlənməsi;

e) Oxun ucunun itilənməsi üçün iki daşın arasına sürtülməsi - bu yolla oxun ucunun pası silinir, nəticədə, kəskinliyi, itiliyi, deşmə imkanı artır;

Bu izahların ortaq nöqtəsi TƏMİZLİKDİR, yəni Ramazan orucu insanları maddi, mənəvi kirlərdən təmizləyir.

ALLAH ayədə "Ramazan ayı" - "şəhru Ramazanə" buyurur. "Şəhr" sözü "ş-h-r" kökündəndir, tanınan / bilinən anlamını daşıyır, "ay" / "şəhr" hilalın çıxması ilə bilinən / tanınan - bəlli olan zaman dilimidir. Ay / şəhr bir şeyin ortaya çıxmasını ifadə edir. "Şöhrət" sözü də eyni kökdəndir, şöhrət bir şeyin ortaya çıxması, tanınmasıdır, hilal görünür, ayın gəldiyini xəbər verir, hər kəs də Ramazan ayının başladığını bilir.

Ayədəki "Ramazan ayı" - "şəhru Ramazanə" ifadəsi o sayılı günlərin Ramazan ayı olduğunu ifadə etmək üçün seçilmişdir, bu ifadə o sayılı günləri açıqlayır (qeyd edək ki, Ramazan ayında oruc tutulmasının tarixi Qurani-Kərimin nazil olması ilə başlamır, öncəki nəsillərin də bu ayda oruc tutduqları bilinir).

"RAMAZAN AYI" ifadəsinin vurğularını belə də oxuya bilərik:

- Tutulması fərz olan oruc Ramazan ayı orucudur - o Ramazan ayı ki, Qurani-Kərim bu ayda nazil olmağa başlamışdır;

- Ramazan ayı orucunu tutun - o Ramazan ayı ki, Qurani-Kərim bu ayda nazil olmağa başlamışdır;

- Ramazan ayında oruc tutmağınız sizin üçün daha xeyirlidir - o Ramazan ayı ki, Qurani-Kərim bu ayda nazil olmağa başlamışdır;

- O sayılı günlər Ramazan ayıdır - o Ramazan ayı ki, Qurani-Kərim bu ayda nazil olmağa başlamışdır;

RAMAZAN qəməri (Ay təqvimi) ayların doqquzuncusudur. Ramazan orucu hilalın görünməsi ilə başlayır. Burada təəssüflə qeyd etmək istəyirik ki, İslam alimləri dəfələrlə bir araya gəlsələr də, elmi müzakirələr aparsalar da, çoxluq eyni qərarı qəbul etsə də, siyasi səbəblərlə İslam ümməti Ramazan orucunu eyni gündə başlayıb eyni gündə bitirə bilmir, bu da ümməti parçalayır, birlik şüurunu zəiflədir, qaşınmayan yerdən qan çıxarır. 

Fikir ayrılığına səbəb olan sual budur: Ramazan hilalı dünyanın hər hansı bir bölgəsində görünəndə, yoxsa hər ölkənin əhalisi öz ölkəsində hilalı görəndə oruc tutulmağa başlanmalıdır? 1978-ci ildə İstanbulda keçirilən elmi konfransda İslam alimləri belə bir qərar verdilər: əsas olan Ramazan və bayram hilalının dünyanın hər hansı bir yerində görünməsidir, təqvimlər də bu hesaba görə tərtib olunmalıdır. Bu doğru qərara baxmayaraq, ayrı-ayrı dövlətlərin siyasi iddiaları İslam ümmətinin birliyinə imkan verməmiş, Ramazan orucunun başlanğıc və bitiş tarixi, eləcə də bayramın ilk günü ilə bağlı fərqlər ortaya çıxmışdır...

Allah oruc ayələrində ilahi tərbiyə proqramına uyğun olaraq məsələləri addım-addım izah etdi. Onun tərbiyə sisteminin bu özəllikləri var: a) mərhələlik - tərbiyə çətin, uzun, mərhələli işdir; b) tərbiyədə məcburiyyət deyil, inandırma əsasdır, inandırmanın canı da lehdə, əlehdə olan dəlilləri ortaya qoymaqdır; c) mərhəmət və şəfqət - bu, ilahi tərbiyənin ən önəmli ölçüsüdür - sevmədiyinizi tərbiyə edə bilməzsiniz; d) ardıcıllıq - az olsun, davamlı olsun ölçüsü; e) mükafat və cəza -Allah doğru yola yönələnə mükafat, yönəlməyənə cəza vəd edir;

ALLAH bir neçəsini saydığımız tərbiyə ölçülərinə uyğun olaraq öncə oruc ibadətini fərz qaldı ("yazdı"), sayılı günlər buyurdu - sınırı göstərdi, öncəki ümmətləri yada saldı, orucun önəmini, dəyərini açıqladı, izinli olanları saydı, orucun hikmətinin təqva ilə bağlı olduğunu vurğuladı, müjdə verdi, psixoloji hazırlığı tamamladı, sonra incəlikləri təqdim etdi.

RAMAZAN Qurani-Kərimin doğum ayıdır, vəhyin nazil olmağa başladığı qədir / qiymət / dəyər gecəsinin min aydan (səksən üç il - bir insan ömrü) daha xeyirli olmasının, Ramazana ayların soltanı deyilməsinin (bu, Qurana aid ifadə deyil) səbəbi də Qurani-Kərimdir. 

Qurani-Kərimin bir Ramazan gecəsi nazil olmağa başlaması da təsadüf deyil -Allahın təsadüf adlı qanunu yoxdur. O, zaman dilimi olaraq məhz gecəni seçmiş, bu mesajı vermişdir: Qurani-Kərim insanları qaranlıqlardan (bu söz cəmdədir, belə ki, yanlış cavablar saysız-hesabsızdır) aydınlığa (bu söz təkdədir, belə ki, doğru cavab birdir, həqiqətin qaynağı təkdir - Allahdır, sənə görə, mənə görə həqiqət olmaz, olsa, milyonlarla həqiqət ortaya çıxar, yəni ölçü olmaz, ölçü yoxdursa, əxlaq da yoxdur, əxlaq yoxdursa, sağlam həyat imkansızdır) çıxarmaq üçün nazil edildi. Ey insan, Qurani-Kərim nazil olmağa başladığı gecəni nura çevirdi, gecəni min aydan daha xeyirli etdi, sən bu KİTABA iman etsən, köləliyin, cəhalətin qaranlıqlarından qurtular, nura - elmə, hidayətə, azadlığa qovuşar, dəyər qazanarsan...

"...Ramazana hörmət Qurana hörmətdir, Qurana hörmət Allaha hörmətdir. Ramazana hörmətin ölçüsü isə onu oruclu keçirməkdir. Belə ki, o (Ramazan) insanlığa rəhbər olan, haqqı batildən ayıran vəhyi əlindən tutaraq insanlığa təqdim etmişdir. Ramazan dəyərini Quran ayı olmasından alır".                 

2) "...İnsanlığa rəhbər olan, bu rəhbərliyin açıq-aşkar dəlillərini (bəlgələrini) daşıyan və haqqı batildən ayıran Quran bax (məhz) bu ayda endirilmişdir"

ALLAH Ramazan ayının niyə bu dərəcədə önəmli olduğunu açıqlayır. Qurani-Kərim Məkkədə, Nur dağında, Hira mağarasında ("hira" sözü arayış mənasını daşıyır, Allah Rəsulu o mağaraya gedər, özü ilə baş-başa qalar, mən kiməm, məni kim yaratdı, niyə yaratdı, bu dünyada niyə varam, haradan gəlib haraya gedirəm suallarına cavab axtarar, iç dünyasına yolçuluğa çıxar, özünü kəşf etməyə, Allahı, insanı, varlığı, həyatı, ölümü anlamağa çalışardı. O, Elçi seçilməzdən öncə Hira məktəbində, sorğu-sual, düşüncə, arayış məktəbində oxudu), son Elçiyə - aləmlərə rəhmət olaraq göndərilmiş hz.Məhəmmədə, altı yüz onuncu ilin Ramazan ayının bir gecəsində (Qurani-Kərim nazil olanadək o gecə Qədir gecəsi adlanmırdı, sıradan bir gecə idi, o gecənin adını Allah qoydu - QƏDİR, QİYMƏT, DƏYƏR gecəsi) vəhy mələyi Cəbrail vasitəsi ilə ilk ayələri nazil edildi. O gecə bu mübarək adı ona görə aldı, bu adla ona görə şərəfləndi ki, Qurani-Kərim o gecə enməyə başladı, Qurani-Kərim nazil olduğu gecənin mahiyyətini, anlamını dəyişdirdi, ona yeni dəyər yüklədi, yeni status verdi, sıradan bir gecə olmaqdan xilas etdi. Mesaj budur: ey insan, Qurani-Kərim sənə nazil olsa, Onu anlasan, dəyərlərini həyatına daşısan, yenidən doğulacaqsan, bu mübarək KİTAB sənə anlam, məna, dəyər yükləyəcək. Allah Qurani-Kərimin nazil olmağa başladığı gecənin şərəfinə bir surə endirmiş, adını da Qədir surəsi qoymuşdur, yəni kim Quranla yaşasa, nəfəs alsa, dəyər qazanacaq. 

Qurani-Kərimin nüzulu (endirilməsi) Məkkə, Mədinə dönəmi olmaqla iyirmi üç il davam etdi. Belə bir görüş var, İbn Abbasa aiddir, deyir ki, Qurani-Kərim Ramazan ayında, Qədir gecəsində tam biçimdə lövhi-məhfuzdan dünya səmasına, daha sonra da hissə-hissə Allah Rəsuluna endirilmişdir. Bu görüşün Qurani-Kərimə bağlı heç bir dəlili yoxdur. Qurani-Kərimin tamamı Ramazan ayında enmədi, ilk ayələri bu ayda nazil olmağa başladı. 

ALLAH ayədə buyurur ki, Ramazan Qurani-Kərim ayıdır, Quransız Ramazan olmaz, Quran bu ayın ruhudur. Bu ayda Qurani-Kərimi anlamağa yönəlin, siz Onu anlasanız, O sizin ağlınızı, qəlbinizi, vicdanınızı, iradənizi, bütövlükdə həyatınızı yenidən inşa edəcək, bu ayda Qurani-Kərimdən doğulun. 

AYƏ Qurani-Kərimin üç özəlliyini önə çıxarır: a) insanlığa rəhbərdir - hidayətdir; b) bu hidayətin açıq-aşkar dəlillərini daşıyır; c) haqqı batildən ayırır;

a) Qurani-Kərim insanlığa rəhbərdir - hidayətdir         

ALLAH Qurani-Kərimin bir qrupa, bir irqə, bir ümmətə deyil, bütün insanlığa hidayət rəhbəri olduğunu buyurur. İlahi kəlam doğru yolu, bu yolun ölçülərini açıqlayır, buyurur ki, hidayət Allahın əlindədir, ilk addımı insan atmalı, o, hidayəti istəməli, onun üçün çalışmalıdır, hidayət onu tələb edənə verilər.

"HİDAYƏT" sözü ərəbcədir, "h-d-ya" kökündəndir, eyni kökdən olan sözlər Qurani-Kərimdə üç yüz on altı kərə işlədilmişdir, bu anlamları var:

a) "yol göstərmək"

"Bizə doğru yolu göstər" / "Bizi doğru yola yönəlt" (1/6)

b) "yönəltmək" 

"Onlara cəhənnəmin yolunu göstərin" (37/23)

c) "səbəb olmaq" 

"...Kim onu (Şeytanı) yoldaş seçərsə, bilsin ki, (Şeytan) onu azdıracaq və alovlu atəşin əzabına sürükləyəcək" (22/4).

ç) "fitrət qazandırmaq"

"(Musa) da bizim Rəbbimiz hər şeyə yaradılışını verən (hər şeyi yaradan), sonra da (yaratdıqlarına yaradılışına uyğun yolu göstərəndir dedi)" (20/50). 

d) "yol tapmaq" 

"O daha necə əlamətlər yaratdı. Onlar ulduzlarla da (hansı yoldan gedəcəklərini) taparlar" (16/16).

e) "doğrunu tapmaq" 

"Onun taxtını tanımayacağı bir hala gətirin, görək tanıyacaqmı, yoxsa tanımayanlar arasındamı olacaq" (27/41).

ə) "qurban" 

"Həcc və ümrəni Allah üçün tam yerinə yetirin. Əgər (bunları) yerinə yetirmək imkanı verməsələr, (sizin üçün) asan olan qurbanı kəsin (göndərin)" (2/196).

f) "hədiyyə" 

"(Səba məlikəsi Belkıs): "Mən (indi) onlara bir hədiyyə ilə elçi göndərim, baxaq elçilər (hansı nəticə) ilə dönəcəklər", - cavabını vermişdi" (27/35).

Ayədəki "müttəqilər üçün hidayətdir" ("hudən lil-muttəqin") ifadəsini hidayətə qovuşanlar üçün təqva qaynağıdır kimi anlamamalıyıq: "...İfadədə hidayət təqvanın deyil, təqva hidayətin alt yapısı (əsası, bünövrəsi) olaraq təqdim edilir, yəni təqva hidayətin səbəbi, hidayət təqvanın nəticəsidir... Hidayətdən öncəki təqva "məsuliyyət əxlaqı"dır. "Məsuliyyətli davranış" anlamına gələn saleh əməl də məhz belə bir əxlaqdan doğular".

BEYDAVİ yazır ki, Qurani-Kərim hidayəti müttəqilərə (təqva sahiblərinə) xas qılmışdır (aid etmişdir). Bunun səbəbi var: təqva sahibləri bu rəhbərlikdən istifadə etmiş, Allahın ayələrindən yararlanmışlar. Əslində, Qurani-Kərimin yol göstərməsi insanların hamısına aiddir: "O, insanlara bir rəhbərdir" (2/185). Quran hidayətindən özəlliklə təqva əhlinin istifadə etməsi bunu da göstərir: "Ondan ağlından doğru istifadə edənlər, düşünənlər faydalana bilər, çünki Quran sağlamlığı qorumaq üçün zəruri olan faydalı qida kimidir. Bədən sağlam deyilsə, o faydalı qidalar işə yaramaz...".

"HÜDA" / "HİDAYƏT" yol göstərmək, doğru yola yönəltmək, maarifləndirmək, uca Allahın razı olduğu həyat tərzində, iman, ibadət, əxlaq yolunda ilahi rəhbərlik etməkdir. İlahi kitablar müttəqilərə (təqvalı olanlara) doğru yolu göstərmək üçün nazil edildi, bu kitablar qorunanlara ilahi rəhbərlikdir. Hüda/hidayət açıq olan, doğru yolu tapan, göstərən dəlildir. Elə bir dəlildir ki, insanı doğru yola qovuşdurur. Əl-Hüda insanı arzuladığı məqsədə qovuşdurar, o, nurdur, qaranlıqları yox edər, o, bələdçidir, insanı azmaqdan qoruyar.

QURANİ-KƏRİM hidayətdir, hidayətin qaynağıdır, hidayət Onunla mümkündür. Hüda qəlbə yerləşən imandır, qul onu istəyər, Allah da yaradar.

ZƏMƏXŞƏRİ deyir ki, ayədə "müttəqilərə hidayət rəhbəridir" deyilir. Müttəqilər hidayətə qovuşmuş insanlardır. O halda, ayə niyə bu biçimdə nazil olmuşdur? (Yəni hidayətdə olanlara hidayət istəməyin anlamı nədir?): "Bu, sənin hörmətli bir insana: "Allah səni əziz qılsın, sənə güc, qüvvət versin, sənə ikram etsin", - tərzindəki cümlənə bənzəyir. Sən bu cümlənlə o insanda var olan şeyin sabit olmasını, artmasını, davam etməsini istəyirsən. Eyni ölçü Fatihə surəsinin bu ayəsində də var: "Bizi doğru yola yönəlt!" (Doğru yolda olanlar doğru yol istəyirlər - doğru yolda olmaq önəmli, onu qorumaq daha önəmlidir)".

HİDAYƏTDƏ şüurlu, iradəli, hədəfli tələb/yönəlmə var. Hidayət arzu edilən şeylərə qovuşduran vasitələri qəti/dəqiq göstərmək, doğru yolu tanıtmaq, yol işarələrinin anlamını izah etməkdir, yəni maarifləndirmə işidir, həqiqəti açıqlamaqdır, elm, öyrənmə, oxuma, düşünmə yoxdursa, hidayət də yoxdur.  Hidayətin ziddi dəlalətdir (azmadır). 

"HİDAYƏT" sözü ilə eyni kökdən olan sözlərdən biri də "hədy"dir, "həyat tərzi", "hal", "gediş" anlamları var. Allah Rəsulu buyurur: "Sözün ən doğrusu Allahın kitabıdır, yolların ən gözəli də Məhəmmədin yoludur (hədyu Muhamməd)". 

Qurani-Kərimdə hüda/hidayət ilə vəhy arasında sıx bağ var:

"Ey insanlar, sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir" (10/57).

"Onu (İslamı) bütün dinlərdən üstün etmək üçün öz elçisini hidayət və haqq dinlə göndərən Odur..." (9/33).

Böyük İslam alimi RAĞIB ƏL-İSFAHANİYƏ görə Allahın insanı hidayətə yönəltməsi dörd mərhələdə gerçəkləşir:

- Hidayət insana yol göstərən ağıl və biliyi ifadə edir. Bu hidayət insana verilmişdir: "(Musa): "Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir", - dedi" (20/50).

- Allah Qurani-Kərimi nazil edərək, Elçi seçərək insanları hidayətə dəvət etmişdir: "Biz onları əmrimizlə (insanları) doğru yola gətirən imamlar etdik" (21/73). 

- Hidayət Allahın insana lütfüdür: "İman gətirib yaxşı işlər görənlərin Rəbbi (onları)... hidayətə qovuşdurar" (10/9). "Kim Allaha iman gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər" (64/11). 

- Allah hidayətə qovuşanları axirətdə cənnətə qoyar: "Biz onların (cənnət əhlinin) ürəklərindəki kin-küdurəti çəkib çıxardıq. Onların (qaldıqları yerin) altından çaylar axar. Onlar deyərlər: "Bizi buraya gətirib çıxaran Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz doğru yolu tapa bilməzdik. Həqiqətən, Rəbbimizin elçiləri haqqı gətirmişlər!" Onlara: "Etdiyiniz əməllərə görə varis olduğunuz Cənnət budur!" - deyə müraciət ediləcəkdir" (7/43). 

ALİMİN DEDİYİ BUDUR: Allah insanın hidayətə qovuşması üçün ona AĞIL vermiş, KİTABLAR, ELÇİLƏR göndərmiş, lütf etmiş, bu imkanlardan doğru yararlananları da cənnətlə müjdələmişdir. ALLAH RƏSULU nur və hidayət olan Qurani-Kərimə sımsıx sarılmağı tövsiyə etmiş, Ona sarılanın nicat tapacağını, Ondan ayrılanın da dəlalətə düşəcəyini vurğulamışdır. O, Allahdan hidayət istəmişdir: "Allahım, məni bağışla, mənə mərhəmət et, mənə hidayət, afiyət, ruzi ver!", "Allahım, hidayət etdiklərinlə bərabər mənə də hidayət ver. Sağlamlıq və afiyət verdiklərinlə bərabər mənə də sağlamlıq ver! Himayə etdiyin kimsələrlə bərabər məni də himayə et! Mənə verdiyin nemətləri bərəkətləndir!".   

ALLAH buyurur ki, insan ağıllı, iradəli, vicdanlı varlıqdır, o, iradə etməli, istəməlidir ki, O da doğru yola yönəltsin. Hidayət tələb edilən, əmək verilən, seçilən bir nemətdir. Allah istədiyinə hidayət verər, istədiyini də azdırar anlayışı yanlışdır, elə olsa idi, ilahi Kitablara, Elçilərə, ağıla, iradəyə, imtahana, ibadətə, itaətə, əməyə, hesaba, yenidən dirilişə, cənnətə, cəhənnəmə ehtiyac olmazdı. Allah buyurur ki, dində məcburiyyət yoxdur, istəyən iman etsin, istəyən küfür etsin, O, insanı azdırmaz, azmaq istəyənin azmasına izin verər.

QURANİ-KƏRİM BUYURUR Kİ, İNSAN HİDAYƏT ÜÇÜN BU ADDIMLARI ATMALIDIR:

- Məsuliyyətli varlıq olduğunu qəbul etməli, üzərinə düşən işləri yerinə yetirməlidir: "De: Əgər mən azsam (dəlalətə düşsəm), öz əleyhimə azmış olaram, yox əgər doğru yolda olsam, bu yalnız Rəbbimin mənə göndərdiyi vəhy hesabına mümkün olar. Şübhəsiz, O, hər şeyi eşidir, O, (quluna şah damarından) çox daha yaxındır" (34/50);

- İman etməlidir, iman etsə, Allah ona rəhbər olar: "Əgər doğru yolda olsam, bu yalnız Rəbbimin mənə göndərdiyi vəhylə mümkün olar..." (34/50);

- Allaha (Onun kitabına) sımsıx sarılmalıdır: "Hamınız birlikdə Allahın ipinə sarılın, bir-birinizdən ayrılmayın..." (3/103);

- Kimsənin arxasınca kor-koranə düşməməlidir: "Onlara: "Allahın endirdiklərinə uyun!" - deyildiyi zaman: "Xeyr, biz atalarımızın ənənəsinə tabe olarıq", - deyərlər. Ataları ağıllarından heç istifadə etməmiş, doğru yolu tapmamışlarsa, necə olacaq?" (2/170);

- Cihad etməlidir: "(Biz) davamız uğrunda var gücünü xərcləyənləri, əlbəttə, Öz yollarımıza yönəldəcəyik, şübhəsiz, Allah yaxşı və ərdəmli olanların yanındadır" (29/69);

- Hidayətə yönəltməyi istəməli, onun üçün dua etməli, çalışmalıdır: "Bizi doğru yola yönəlt!"(1/5);

- Hidayətə tabe olmalıdır: "...Hər kim (ona çatan) rəhbərliyə tabe olsa, artıq onun üçün gələcək qorxusu yoxdur, keçmişdən dolayı hüznlü də olmayacaq" (2/38);

- Azmamaq üçün çalışmalıdır: "...Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi azdırma, bizə yanından bir rəhmət bəxş et..." (3/8);

- Bilməlidir ki, O, azmayanı azdırmaz: "Onlar nə zaman yoldan azdılarsa, Allah da Onların qəlblərinin azmasına izin verdi" (61/5);

QURANİ-KƏRİM BUYURUR Kİ, BU İŞLƏR İNSANIN AZMASINA YOL AÇAR:

- Ənənəyə kor-koranə bağlılıq: "...Onlar: "Atalarımızın ənənəvi bir inanca bağlı olduğunu gördük, biz də onların izindən getsək, mütləq doğru yolu tapa bilərik", - deyirlər" (43/22);

- Doğru yolda olduğunu zənn etmək: "Onlara: "Allahın endirdiyinə və peyğəmbərə gəlin!" - deyiləndə: "Atalarımızın ... inancı bizə yetər!" - deyirlər" (5/104);

- Arzu və həvəsinin arxasınca getmək: "Ondan (Rəbbin ayələrindən) üz çevirən kimsədən daha zalım biri ola bilərmi?" (18/57);

- Zülm etmək: "Xeyr, (özlərinə) zülm edən kimsələr bilgisiz və şüursuzca öz arzu və həvəslərinə tabe olurlar. Artıq Allahın (bu şəkildə) azdırdıqlarını kim doğru yola yönəldə bilər ki?" (30/29);

- Allahın ayəsini (ayələrini) bilmədən ehkam kəsmək (hökm vermək): "Onlara doğru yolun bilgisi gəldiyi zaman insanları ona inanmaqdan uzaqlaşdıran şey bu cür (belə) düşünmələridir: "Bu, necə ola bilər? İndi Allah fani bir insanımı elçi göndərdi?" (17/94);

- Şeytana uymaq: "...Şeytanı dost seçənlər ola bilər, əlbəttə, (şeytan) o tipləri azdırar, yaxıb-yandıran bir əzaba yönləndirər" (22/4);

- Axirətə inanmamaq: "...Doğrusu, Allahın hüzuruna çıxarılacaqları həqiqətinin yalan olduğunu söyləyən, doğru yola yönəlməməkdə israr edən kimsələr (o gün) hər şeyi itirmiş olacaqlar" (10/45);

- Öncə iman edib, sonra inkara yönəlmək: "...Onu inkar etsəniz, unutmayın ki, göylərdə və yerdə olan hər şey Allaha aiddir" (4/131);

- Ehtiyacsız olduğunu düşünmək: "Bəli, bəli, insan mütləq azar, ehtiyacsız olduğunu düşünəndə..." (96/6-7);

QURANİ-KƏRİM ALLAHIN KİMLƏRƏ HİDAYƏT VERMƏYƏCƏYİNİ AÇIQLAYIR:

- Allaha üsyan edənlərə;

- Həqiqətə arxa çevirənlərə;

- Günaha gömülənlərə;

- Zülm edənlərə;

- İnkar edənlərə;

- Nəfsinin istəklərinə tabe olanlara;

- İsraf edənlərə;

- Şübhəçilərə;

- Qəlbi sərtləşənlərə;

- Yalan danışmağı təbiət halına gətirənlərə; 

- Doğru yoldan azan qövmə;

- İnkarda israr edənlərə;

- Ayələri inkar edənlərə;

- Təqlidçilərə;

- İmandan sonra inkara yönələnlərə;

- Elçi ilə arasını ayıranlara;

QURANİ-KƏRİM BUYURUR Kİ, ALLAH BU QULLARINA HİDAYƏT VERƏR:

- Ağıl və beş duyğudan doğru istifadə edənlərə;

- İman edənlərə;

- Saleh əməli olanlara;

- Tövbə edənlərə;

- Allaha yönələnlərə;

- Qurani-Kərimə tabe olanlara;

- Elçiyə tabe olanlara;

- Allaha (Onun kitabına) sarılanlara;

- Cihad edənlərə;

QURANİ-KƏRİM BUYURUR Kİ, BU ÖZƏLLİKLƏR İNSANIN HİDAYƏTİNƏ MANE OLUR:

- Təkəbbür; 

- Yersiz inad, yanlışda israr;

- Nəfsinə kölə olmaq;

- Cəhalət;

- Varlığın anlamını, məqsədini, hikmətini düşünməmək;

QURANİ-KƏRİM BUYURUR Kİ, HİDAYƏT İNSANI MÜSBƏTƏ, XEYRƏ DOĞRU DƏYİŞDİRƏR, QƏLBİNƏ HÜZUR VERƏR, ONU YÖNƏLDƏR:

- Allaha qulluğa;

- Başqa varlıqlara qulluqdan imtinaya;

- Köləlikdən azadlığa;

- Allah qorxusuna (sevən sevdiyini itirməkdən qorxar);

- Yalnız Ona təzimə;

- Ona sımsıx sarılmağa;

- Ona təslimiyyətə;

- Onu haqqı ilə anmağa;

- İlahi rizaya;

- Xeyir işlərə;

- Ədalətə;

HİDAYƏT İŞIQ, DƏLALƏT (AZMA) QARANLIQDIR. Allah təkcə insana deyil, bütün varlıqlara hidayət vermişdir: Günəşin, Ayın, hər planetin, suyun, küləyin... öz yolu var... Qurani-Kərim hidayət kitabıdır. İnsanın hidayətə qovuşması Allahın ƏL-HADİ adının təcəllisidir. O, hidayətin qaynağıdır. 

ALLAH İNSANA HİDAYƏT RƏHBƏRLƏRİ VERMİŞDİR:

- Onu inanmaq, doğru yolu tapmaq özəlliyi-fitrəti ilə yaratmışdır;

- Ağıl vermişdir;

- Vəhy nazil etmişdir;

- Elçilər göndərmişdir;

Kimə hidayət verilibsə, ona ən böyük nemət verilib. Qurani-Kərimə görə, NEMƏT verilənlər bunlardır:

- ən-Nəbiyyun (elçilər) (4/69);

- əs-Siddiqun (həqiqətə sadiq olanlar) (4/69);

- əş-Şühəda - haqqa şahid olanlar (4/69);

- əs-Salihin - inandığını həyatına daşıyanlar, islah edən əməlləri olanlar (4/69);

ALLAH buyurur ki, heç şübhə yoxdur ki, yeganə rəhbərlik Allahın rəhbərliyidir (6/71), O, doğru yola yönələnlərin hidayətini artırar (47/17).

HİDAYƏT İLAHİ RƏHBƏRLİKDİR - Fatihə surəsində hidayət istəyənlərə sıradakı Bəqərə surəsinin ikinci ayəsində cavab verilmiş, yol göstərilmişdir: içində şübhə olmayan bu KİTAB müttəqilər üçün bir ilahi rəhbərlikdir. Doğru yol Qurani-Kərimdən başlayır, müttəqi də təqva sahibi olan, məsuliyyət şüuru ilə yaşayan, günahlardan çəkinən, əzabdan qorunan kimsədir.

HİDAYƏT yaradılış hədəfinə, ilahi rizaya, fitrətə, Allahın seçdiyi həyat tərzinə uyğun yaşamaqdır: "O, hər şeyə yaradılışdan bir ölçü və hədəf təqdir etdi, sonra (o ölçüyə uyaraq hədəfinə qovuşacaq) istiqamətə yönəltdi" (44/38-39). Hər varlığın bir məqsədi, işi var, hər varlıq mənalı, hədəfli yaradılıb: "... Biz göyləri, yeri və bu ikisi arasındakıları oyun olsun deyə yaratmadıq... gerçək bir hədəf üçün yaratdıq" (23/115). "İndi Bizim sizi boş yerə və hədəfsiz yaratdığımızı, (hesab vermək üçün) Bizə qaytarılmayacağınızı düşünürsünüz, eləmi?" (29/2-3);

QURANİ-KƏRİM buyurur ki, insan inandım deməklə canını qurtara bilməz: "Yoxsa o (inandıq deyib də) pisliyi davam etdirənlər Bizdən yaxa qurtaracaqlarınımı düşünürlər! Nə bərbad düşünürlər!" (29/4);

QURANİ-KƏRİM buyurur ki, Allah hidayəti istəyənə verir (2/272), Elçinin işi dəvətdir (42/52-53), iman et, haqqa yönəl, O da hidayəti yaratsın (64/11; 13/27), iradə hürriyyətin var, seçim sənə aiddir, hər kəs hidayətə möhtacdır, O, hidayət istəyənin hidayətini artırar (18/13; 19/76).

HİDAYƏTİN ÜÇ ANLAMI VAR: açıqlama (maariflənmə), doğru yola yönəltmə (azmaqdan qoruma), Allahın bizim üçün hidayəti yaratmasını istəmə. Allah buyurur ki, O, doğru yola yönələnlərin hidayətini artırar, onlara qorunma gücü bəxş edər. Hidayətə qovuşmaq insanı günahlardan, anlamsızlıqdan, ümidsizlikdən, köləlikdən, qorxunc aqibətdən qoruyar. 

Hidayət Allahın lütfü ilə insana yol göstərməsidir. Onun hidayət vasitələri çoxdur: ağıl, elm, duyğular, haqq ilə batili ayıran dəlillər, Elçilər, ilahi Kitablar...

Hidayətdə olanın hidayət istəməsi daha çox hidayət tələb etməsi, doğru yolda qərarlılıq diləməsidir: bizi doğru yolda qərarlı qıl, o yolda getməyi ehsan et, ey Rəbbimiz! Hidayət Allahın inananlara vəd etdiyi zəfərə qovuşmaqdır. 

b) QURANİ-KƏRİM HİDAYƏTİN AÇIQ-AŞKAR DƏLİLLƏRİNİ DAŞIYIR

İlahi mətndə "BƏYYİNAT" sözü var, "b-y-n" kökündəndir, eyni kökdən olan sözlər Qurani-Kərimdə beş yüz iyirmi üç yerdə işlədilmişdir, bu mənaları var:

- "Açıqlamaq" (2/160);

- "Ortaya çıxmaq" / "ayrılmaq" (2/256);

- "Araşdırmaq" (4/94);

- "Anlatmaq" (43/52);

- "Dəlil" (6/57);

- "Yarar" (43/18);

- "Mesaj" 3/38;

- "Arasında" (2/285);

Qurani-Kərim BƏYYİNATDIR, hidayətin açıq-aşkar dəlilidir. Dəlil elə bir şeydir ki, onun vasitəsi ilə bir varlığın bilgisi / elmi, həqiqəti ortaya qoyulur, dəlil yol göstərir, rəhbərlik edir, sübutdur, hidayətlə - doğru yolla, dəlaləti - yanlış yolu bir-birindən ayırır. 

Qurani-Kərim ilahi dərs kitabıdır, izah edir, açıqlayır, Allahı, tövhidi, şirki, həyatı, ölümü, dünyanı, axirəti, həqiqətləri, insanın yaradılış missiyasını göstərən dəyərlər - ölçülər ortaya qoyur. 

O, dəlildir, açıq bəlgədir, doğru yolu göstərən əlamət, işarə, xəritə, bələdçidir, hər zaman doğru olanı danışır, içində şübhə yoxdur, insanı şübhələrdən təmizləyir, çaşmaz, Ona inananları hədəfə - ilahi rizaya qovuşdurar, O olmasa, hidayət də olmaz, düşünənə dəlillər verir, halalı, haramı, xeyri, şəri tanıdır, doğru hökmlər qoyur, elə hökmlər ki, insanın mənalı, məqsədli, ümid dolu, axirət təyinatlı həyat yaşamasına yol açır.

HİDAYƏTİN ziddi dəlalətdir - doğru yoldan çıxmaqdır, doğru yoldan çıxan, azan, yolunu itirən həlak olar.

QURANİ-KƏRİMDƏ hidayətin - doğru yolun açıq-aşkar dəlilləri var, yəni Onun hesabına doğru yolu tanıdıq, O, ölçülər qoydu, biz də bu ölçülərə iman etdik, nəticədə, doğru yolu yanlış yoldan ayırdıq.

c) QURANİ-KƏRİM HAQQI BATİLDƏN AYIRIR 

RAMAZAN ORUCU ilə bağlı ayə Qurani-Kərimin üçüncü özəlliyini tanıdır: O, FURKANDIR - haqqı batildən ayıran Kitabdır. Burada iki anlayış var: haqq, batil. HAQQ mənalı, məqsədli, xeyirli, içində həqiqət olandır. Allah buyurur ki, O, hər şey haqq olaraq yaratdı, yəni hər varlığın mənası, məqsədi var, ona yüklənmiş vəzifəni yerinə yetirir. BATİL isə mənasız, məqsədsiz, həqiqətdən məhrum, xeyirsiz olandır. Tövhid haqq, şirk batildir, ədalət haqq, zülm batildir, elm haqq, cəhalət batildir, mərhəmət haqq, acımasızlıq batildir, birlik haqq, ayrılıq batildir, işıq haqq, qaranlıq batildir, savab haqq, günah batildir ...

FURKAN sözü üç ayədə Qurani-Kərimin adı kimi işlənmişdir, ayrıca ilahi mətndə Furkan adlı bir surə var. Qurani-Kərim buyurur ki, kim məni anlasa, mənə iman etsə, buyurduğum kimi yaşasa, ona Furkan olma - xeyiri şərdən, haqqı batildən, doğrunu yanlışdan seçmə özəlliyi verəcəyəm.

İlahi mətndə Qurani-Kərimin tamamına da, bir parçasına da KİTAB, ya da QURAN deyilmişdir. Qeyd edək ki, ƏL-KİTAB Qurani-Kərimin adlarından biridir, bu söz ilahi mətndə iki yüz altmış iki dəfə işlənmişdir, ancaq hər zaman Qurani-Kərim anlamını daşımır, bu anlamları var: 

- "Dəlil" / "bəlgə" (22/8; 30/35);

- "Əməl dəftəri" (82/9-11; 17/13-14);

- "Fərz" (57/25);

- "Vəhy" (57/25);

- "Hökmlər" / "şəriətlər" (57/25);

- "İlahi kitab" (2/213; 16/64);

- "Quran" (2/2; 5/48; 14/1);

- "İncil" (19/30; 3/48; 57/27);

- "Tövrat" (17/2; 46/12; 6/154); 

- "Lövhi-məhfuz" (qorunmuş lövhə, ana yaddaş kartı) (50/4; 57/22);

- "Ümumi kitab" (28/49; 17/93);

- "Öncəki kitablar" (26/96);

- "Hz.Davuda verilən kitab" (17/93);

- "Rəsulun öyrətdiyi kitab" (2/128-129);

- "Elmin qaynağı kitab" (27/40);

- "Əl ilə yazılan kitab" (2/79);

- "Oxuma" / "yazma" (5/110);

- "Məktub" (27/28-29);

- "Yazışma" (24/33);

- "sözləşmə" (43/4);

QURANİ-KƏRİMDƏ BU TƏRKİBLƏR DƏ VAR: 

- "ümmül-Kitab" ("Kitabın anası") (2/101);

- "əhli-Kitab" ("Kitab əhli") (2/101);

- "Kitabullah" (Allahın Kitabı) (2/136);

- "Kitabi Rəbbukə" (Rəbbinin kitabı) (18/27);

- "Kitabun mubin" (apaçıq Kitab) (5/15);

"QURAN" sözü "q-r-ə" kökündəndir, "oxumaq" anlamını daşıyır. "Quran" sözü ilə bağlı beş görüş var: Fərraya görə "bənzər", Əşariyə görə "bitişdirmək", Zəccaca görə "toplayıb bir araya gətirmək", bir görüşə görə "oxunan" mənalarını daşıyır. Şafiiyə görə heç bir sözdən törədilməyib, xas isimdir. 

"QURAN" sözünün anlamı əşyanı bir-birinə yaxınlaşdırıb aralarındakı bağı kəşf etməkdir - oxumaq (anlamaq) bağ qurmaq, cəm etmək, birləşdirməkdir. Bir mətnin doğru anlaşılması söz-məna-məqsəd üçlüyünü bir arada tutmağa bağlıdır: nə deyir (məna), niyə deyir (məqsəd), necə deyir (söz). Bu söz bilgini əldə etmək, ondan məna çıxarmaq və çatdırmaq mərhələlərinin üçünü də əhatə edir. Fulan vəznindəndir, həm ismi fail, həm də ismi məfuldur, bu vəzndə olan söz oxumağın bütün müsbət anlamları ilə dolu olan bir xitab vurğusu daşıyır. Qurani-Kərimin bir cismi, bir də ruhu var, cismi söz, ruhu mənadır. 

"QURAN" sözü ilahi mətndə hər zaman eyni mənanı daşımaz. "Quran": "...daim oxunan, anlam imkanı tükənməz, oxumaqla anlamı əsla bitirilməyəcək olan" deməkdir. Qurani-Kərim bütün zamanlara və bütün məkanlara xitab edən "yaşayan möcüzə"dir, içində şübhə yoxdur, ayələri bir-birini inkar etməz, əksinə, bir-birini tamamlayar, ayələri ilə kainat ayələri arasında ziddiyyət yoxdur, elmi dəlillərlə uyum içindədir. 

Qurani-Kərimdə "QURAN" sözü yetmiş dəfə işlədilmişdir. İlk dəfə işləndiyi yer Furkan surəsinin otuzuncu ayəsidir: "Və (o gün) Rəsul deyəcək: "Ey Rəbb! Mənim qövmüm bu Qurana vaxtı keçmiş, tərk edilmiş bir kitab kimi baxdı!" (25/30) QURANİ-KƏRİM düşünərək, anlayaraq, hiss edərək oxunmasını istəyir. Onu anlayanlara, Ona təslim olanlara, Onun ölçüləri ilə yaşayanlara bu dünyada anlamlı bir ömür, axirətdə cənnət vəd edir. Qurani-Kərimin üzərimizdə dörd haqqı var: oxumaq, anlamaq, dəyərlərini yaşamaq, öyrətmək;  

3) "...SİZDƏN BİRİ BU AYA QOVUŞANDA ORUC TUTSUN, XƏSTƏ, YA DA YOLÇU OLAN KİMSƏ DƏ BAŞQA GÜNLƏRDƏ QƏZA ETSİN! ALLAH SİZİN ÜÇÜN ASANLIQ İSTƏR, SİZİ SIXINTIYA (ÇƏTİNLİYƏ) SALMAQ İSTƏMƏZ..."

a) "Sizdən biri (kim) bu aya qovuşanda..."

Ayənin orijinalı belədir: kim bu aya - Ramazan ayına şahid olsa, yəni:

- kim bu ayda həyatda olsa, yaşasa; 

- məhz bu ayda oruc tutsun; 

- kim bu ayda oruc tutsa;

- kim bu ayda oruc tutmağa hazır olsa; 

- kim bu ayın dəyərini qavrasa;

b) "Oruc tutsun..."

Oruc ayələrində Qurani-Kərimin nazil olmağa başladığı RAMAZAN AYINDA oruc tutmağın fərz olduğunu göstərən üç ifadə var:

- "Oruc sizə yazıldı" ("kutibə") - cümlədəki "yazıldı" feili "fərz qılındı" anlamını daşıyır, yəni Ramazan ayında oruc tutmaq ilahi əmrdir;

- "bu aya şahid olan oruc tutsun";

- "o günləri - Ramazan ayındakı sayılı günləri (bir ay, 29/30 gün) tamamlayın", yəni Allahın Ramazan orucu ilə bağlı əmrini yerinə yetirin;

c) "...Xəstə, ya da yolçu olan kimsə də başqa günlərdə qəza etsin!"

Bu cümlə yüz səksən dördüncü ayənin mətnində var idi, bir də təkrar edildi, yəni xəstə və yolçularla bağlı hökm öz qüvvəsini saxlayır, öncəki cümlə insanları oruca hazırlayan mətnin içərisində idi, indi isə hökm verilmişdir.

Bir insan Ramazan ayında xəstə olsa (öncəki ayənin şərhində şərtləri açıqladıq), sonra sağlamlığına qovuşsa, orucunu qəza etməlidir. Xəstə bir insanın sağalmaq ümudi olmasa, o, orucunu qəza etməz, günə gün fidyə  verər. Ramazan ayında yolçu olan (səfəri) bir insan yolçuluq bitəndən sonra orucunu qəza etməli - günə gün tutmalıdır (yolçu olduğu halda orucunu tutmağa gücü çatarsa, orucunu tutar).

QƏZA ORUCUNUN (vaxtında - Ramazan ayında tutulan oruc əda, sonra tutulan oruc qəza adlanır) ard-arda (fasilə verilmədən) tutulması ilə bağlı hər hansı bir dəlil yoxdur. Doğru olan qəza orucunu gecikdirmədən tutmaqdır, belə ki, bu, Allahın haqqıdır, bir də insan nə zaman öləcəyini bilməz. Ramazan orucunun qəzası oruc tutmaq haram olan günlər istisna hər zaman yerinə yetirilə bilər. Allah Rəsulu buyurmuşdur ki, iki zaman dilimində oruc tutmayın: a) Ramazan bayramının birinci günü; b) Qurban bayramı günləri.  

QƏZA ORUCU ard-arda da (fasiləsiz), bəlli aralıqlarla da tutula bilər. İmam Əbu Hənifə qəza orucunun tutulması üçün bəlli bir vaxt müəyyən etməmiş, ilk fürsət ortaya çıxanda tutulmasının doğru olduğunu söyləmişdir. İmam Şafii isə demişdir ki, qəza orucu sıradakı Ramazan ayınadək tutulmalıdır. Bu vaxt dilimində qəza orucunu tutmayan kimsə qəza orucunu tutmaqla birgə fidyə də verməlidir.

d) "...ALLAH SİZİN ÜÇÜN ASANLIQ İSTƏR, SİZİ SIXINTIYA (ÇƏTİNLİYƏ) SALMAQ İSTƏMƏZ..."

İslam dininin önəmli tərbiyə ölçülərindən biri də asanlaşdırmaqdır. Allahın xəstə və yolçulara izin verməsi asanlıq qapısını açmasıdır. Bunun bir örnəyi də oruc tutmaq imkanı olmayanlara (oruc tutmaq imkanı olmayacaq dərəcədə yaşlı olan, sağalmaz xəstəliyi olan insan) fidyə yolunu göstərməsidir (fidyə vermək imkanı varsa, verər, yoxsa Allaha dua edər, Ondan bağışlanma istəyər).

Burada bir məsələni də vurğulamaq istəyirəm ki, orucun asan tutulması üçün saxur yeməyi yeyilməlidir (imsaqdan öncə yeyilən yemək). Bir sıra müsəlmanlar ya tənbəllikdən, ya da saxur yeməyi yemədən oruc tutmağın daha fəzilətli olduğunu düşünərək iyirmi dörd saat oruc ölçüsü tətbiq edirlər. Bu, yanlış addımdır, insanı bezdirər, yorar, orucun bərəkətindən məhrum edər. Adam saxur yeməyini yemir, bütün günü yatır, oruc tutduğunu zənn edir. RAMAZAN AYI yatma (təbii ki, zəruri ölçüdə yatacaqsan) ayı deyil, çalışma, oxuma, düşünmə, yardımlaşma ayıdır, ailənin, insanların sənin üzərində haqqı var, o haqqı yerinə yetirməlisən.

ALLAH RƏSULU buyurur: 

"Saxur yeməyi yeyin. Belə ki, saxurda bərəkət var" - saxur yeməyinin bərəkətləri sırasında bunları saya bilərik: oruc tutmağı asanlaşdırır, ailəni bir araya toplayır, yardımlaşmanı öyrədir, oruc şüurunu gücləndirir, səhər namazını vaxtında qılmağa yol açır...

"Bizim orucumuz ilə kitab əhlinin (yəhudi və xristianların) orucu arasındakı fərq saxur yeməyinə qalxmamızdır". 

"Nübüvvət (Elçilik) əməllərindən biri də iftarın təcili (tam vaxtında) yeyilməsi saxurun da gecikdirilməsidir (yemək vaxtını orucun başlamasına çox az qalanadək uzadın)", bu yolla oruc dönəmində aç qalma vaxtınız qısalır, nəticədə, oruc tutmaq asanlaşır, yəni iftar yeməyini tələsdirin, saxur yeməyini gecikdirin.

"Müsəlmanlar vaxtı tamam olan kimi (gecikdirmədən) iftar etsələr, hər zaman xeyirlə birgədirlər". 

BİR ÖNƏMLİ MƏSƏLƏ DƏ VAR: təmtəraqlı, zəngin, bahalı iftar süfrələri orucu anlamamaqdır, Ramazanın ruhuna ziddir, israfdır, Qurani-Kərimin ayəsi ilə desək, israf edənlər şeytanın qardaşlarıdır, iftardan sonra əyləncə məclisləri təşkil etmək də əsla Ramazanın ruhuna, ədəbinə uyğun deyil. Oruc tutmaq çox önəmli bir ibadətdir, onu festivala çevirərək bərəkətindən məhrum qalmayaq, unutmayaq ki, Ramazanın ruhu Qurani-Kərimdir...

4) "...(O), ORUC GÜNLƏRİNİN SAYINI TAMAMLAMAĞINIZI, SİZİ DOĞRU YOLA QOVUŞDURDUĞU ÜÇÜN ONU UCALTMAĞINIZI VƏ ŞÜKÜR ETMƏYİNİZİ İSTƏYƏR"  

Öncəki cümlə ilə bağ quraq: Allah buyurdu ki, O, sizin üçün asanlıq istər, sizi sıxıntıya (çətinliyə) salmaq istəməz. Bu cümlə də oruc adlı ilahi tərbiyə proqramının üç hökmünü açıqlayır: a) oruc günlərinin sayını tamamlayın; b) sizi doğru yola qovuşdurduğu üçün Onu ucaldın; c) şükür edin;

a) ORUC GÜNLƏRİNİN SAYINI TAMAMLAYIN

Orucu ilahi tərbiyə proqramı adlandırdıq. Bu proqramın - reseptin müəllifi Allahdır, tərbiyənin (ilahi müalicə sisteminin) nəticə verməsi üçün şərtlər var: proqramı oxu, anla, tətbiq et, bir də bəlli bir vaxta ehtiyacı var. Bu vaxt bir aydır - Ramazan ayıdır, Qurani-Kərimin nazil olmağa başladığı aydır. Proqram deyir ki, bir ay imsaqdan iftaradək yemə, içmə, cinsi münasibətdə olma, gözünü, qulağını, dilini haramdan qoru, Qurani-Kərimi oxu, anla, dəyərlərini həyatına daşı ki, bədənin maddi, ağıl, qəlb, vicdan və iradən mənəvi zəhərlərdən təmizlənsin, arın ki, artasan, dəyər qazanasan, fitrət insanı olasan. 

"Oruc günlərinin sayını tamamlayın" cümləsi yüz əksən dördüncü ayədəki "sayılı günlər" ifadəsini açıqlayır, deyir ki, o günlər RAMAZAN AYIDIR, ikincisi, oruc ibadətinin fərz olduğunu göstərir. Oruc tərbiyə proqramının müddəti bir ay, bərəkəti ən azı bir il (hər il təkrar olunur), savabı ömür boyu davam edir, mükafatı Allaha aiddir.

b) "SİZİ DOĞRU YOLA QOVUŞDURDUĞU ÜÇÜN ONU (UCA ALLAHI) UCALDIN"  

RAMAZAN AYINDA nazil olmağa başlayan Qurani-Kərimdə hidayətin açıq dəlilləri var. Allah bu Kitabı insanlar doğru yola qovuşsun, nəticədə, dəyər, anlam, hüzur qazansın deyə nazil etmişdir. Ramazanın haqqını vermək Qurani-Kərimi anlamaqla, dəyərlərini həyata daşımaqla, Onun buyurduğu kimi yaşamaqla mümkündür. Şərtlərinə əməl edilməyən resept fayda vermədiyi kimi, oxunmayan, anlaşılmayan, tətbiq edilməyən Qurani-Kərim də şəfa verməz.   

ALLAH buyurur ki, sizi doğru yola - hidayətə qovuşdurduğu üçün Onu ucaldın ("tukəbbiru"). Təkbir ALLAHU ƏKBƏR ifadəsi ilə gerçəkləşir, mənası budur: ALLAH TƏK BÖYÜKDÜR. Allahı ucaldın əmri sadəcə dillə - Allahu əkbər deyərək yerinə yetirilmiş olmaz, şüurla, Allahı doğru tanımaqla, saleh əməllə gerçəkləşər. 

TƏKBİR hər şeydən öncə Allahın tək böyük olduğunu anlamaqdır. İnsan bu həqiqəti anlasa, nə olar? Allahdan başqa kimsəyə qul olmaz, köləlikdən, şirkdən qurtular, azadlığa, azadlığın əsası olan tövhidə qovuşar. Təkbir demək - Allahı ucaltmaq, Onun əmrlərini yerinə yetirməkdir. Təkbir insanın sahib olduğu hər şeyi Allaha borclu olduğunu anlaması, acizliyini bilməsi, bütün varlığı ilə Ona təslim olması, Onun buyurduğu kimi yaşamasıdır.

Allahın bir adı da ƏL-KƏBİRDİR, O, sonsuz böyük, tayı-bərabəri olmayan uludur. Qurani-Kərimdə Allahu əkbər cümləsi yoxdur, ancaq təkbir əmri var: "Və Rəbbəkə fəkəbbir" - "Rəbbini təkbir et" (74/3; 17/111; 2/185), yəni təkbir Allahın əmridir, fərzdir. İslam alimləri yazırlar ki, təkbirin üç növü var:

a) QƏLBİN TƏKBİRİ - bu, qəlbin Allahın sonsuz böyüklüyünə imanı, onu təsdiq, həzm etməsidir. Təkbir əmri "de" biçimində deyil, "et" biçimindədir, yəni təkbir sadəcə söz deyil, xeyir uğrunda hərəkət, əməl, işdir. Qəlb Allahın tək böyük olduğuna iman edər, dil də Allahu əkbər deyər;

b) AĞILIN TƏKBİRİ - Allahın sonsuz böyüklüyünü təsdiq edən qəlbə ağılın verdiyi elmi dəstəkdir, Onun mütləq böyüklüyünün dəlillərini bilməkdir, bu da ancaq elmlə mümkündür, kainat Allahın tək böyük olduğunun elmi dəlilləri ilə doludur; 

c) DİLİN TƏKBİRİ - bu, dillə Allahu əkbər - Allah tək böyükdür deməkdir, İslamın şüarlarından biridir: "Biz müsəlmanlar sevinəndə, üzüləndə, çaşanda, heyran olanda Allahu əkbər deyərik, belə ki, sevinsək, sevincimizi Allahın böyüklüyünə bağlayarıq. Üzülsək, özümüzü Allahın tək böyük olması ilə təsəlli edərik. Ondan ayrı olan bir səadət və fəlakət təsəvvürümüz olmadığı üçün səfa halında da, cəfa halında da ALLAHU ƏKBƏR deyərik. ... Bayramlar insanların ən sevincli günləridir. Müsəlman sevinəndə Rəbbindən qopmaz (Rəbbindən qopanların yeni il gecəsini vəhşətə, savaşa necə çevirdiyini üzülərək görürük, partlayış səslərindən insanlar dəhşətə gəlirlər - S.H), əksinə, Rəbbinə şükür edər. Bayram namazları bu şükrün nəticəsidir. Bayram namazlarını o biri namazlardan ayıran tək şey təkbirin say çoxluğudur, yəni, ey insan, sevinəndə Allahdan qopma, sevinəndə ALLAH ƏKBƏR de (sevincini Allahdan qoparanların - Onu unudaraq sevinənlərin ad günlərini, toylarını, bayramlarını israf məclislərinə necə çevirdiklərini ürəyimiz sızlayaraq görürük - S.H). Sevinmək duyğusu Allahın insana lütfüdür, bu nemətin şükrü sevinci Ondan ayırmamaqdır... Cənazə törənləri insanların ən hüznlü anlarıdır. Müsəlmanlar ölən yaxınlarını axirətə yola salarkən cənazə namazı qılarlar. Cənazə namazının ən açıq özəlliyi təkbirin sayının çox olmasıdır. Təkbirin sayının çox olmasının hikməti nədir? Budur: ey insan, hüzünlənəndə Allahdan qopma (qopanların saçını yolduğunu, sinəsinə döydüyünü, başına vurduğunu, kürəyini zəncirlədiyini, üzünü cırdığını, şaxsey-vaxsey dediyini, bağırdığını, Allaha üsyan etdiyini, məzarlara sarıldığını, sevdiyinin məzarı üstündə yatdığını dərin kədərlə izləyirik - S.H). Hüznlənəndə ALLAHU ƏKBƏR de, ölümü yaradanı xatırla, ölümü anla, Onun sadəcə həyatın deyil, ölümün də Rəbbi olduğunu unutma. Belə ki, insan ölüm kimi ağır bir gerçəyin yükünün altından ancaq Allahın tək böyük olduğunu xatırlayaraq qalxa bilər... Namaza ALLAHU ƏKBƏRLƏ başlayar, hər rükətdə bu ifadəni beş dəfə təkrar edərik. Namaz qulun Allah qarşısında əsas duruşunu təmsil edən ibadətlər toplusudur. ALLAHU ƏKBƏR - Allah tək böyükdür deməyərək, bunu etiraf etməyərək başlayan bir ibadət insanı qula qul olmaqdan necə qurtara bilər? Biz ALLAHU ƏKBƏR deyirik, qula, əşyaya qul olmağı rədd edirik. Allaha qulluğumuzu səcdə ilə zirvəyə daşıyırıq. Təkbirin insanı gətirdiyi nöqtə bir təslimiyyət (sevgi) hərəkəti olan səcdədir...". 

AĞLIMIZA BELƏ BİR SUAL GƏLƏ BİLƏR: Allah niyə oruc ayələrinin sonunda Onu ucaltmağı, (təkbiri, O, təkbir söylə buyurmur, təkbir et buyurur, yəni təkbir söz deyil, işdir, duanın ən xeyirlisi feili - əməli dua olduğu kimi, təkbirin də ən bərəkətlisi əməli olanıdır) əmr edir? Bunun səbəbi var: oruc böyük, çətin, mükafatı Allaha aid olan ibadətdir, bütün ibadətlər kimi, oruc tutmaq da feili-əməli təkbirdir, Onun buyruqlarını sevə-sevə yerinə yetirməkdir. Allaha təslim olan - Onun buyurduğu kimi yaşayan hər kəs hər an təkbir halındadır - ağlı, iradəsi, qəlbi, vicdanı, dili, işi, qazancı, sosial və siyasi münasibətləri - bir sözlə, bütün varlığı öz halı ilə (öz hal dili ilə) ALLAHU ƏKBƏR - Allah tək böyükdür deyir. Allahı zikir etmək də budur, təsbeh çevirmək, eyni sözü yüz dəfə, min dəfə təkrar etmək deyil. 

c) ŞÜKÜR EDİN 

Bu, Allahın üçüncü istəyidir, əmridir. Oruc ibadətinin içində Qurani-Kərim, tövhid, təqva, şükür, dua var. Bunlar ilahi nemətlərdir, hər birinin şükrü var, hər nemətin şükrü öz cinsindəndir: Qurani-Kərimin şükrü Onu oxumaq, anlamaq, dəyərlərini həyatına daşımaq (Onun buyurduğu kimi yaşamaq), öyrətməkdir, tövhid (Allahdan başqa ilah yoxdur) nemətinin şükrü şirkə bulaşmamaqdır, təqvanın şükrü pisliklərdən qorunmaqdır, duanın şükrü ancaq Allahdan istəməkdir. 

Şükür ibadətdir, nemətlərin sahibinin Allah olduğunu bilmək, hər nemətdən ilahi təyinatına uyğun istifadə etməkdir. Məsələn, zaman nemətdir, onu xeyirli işlərə sərf etmək şükür, israf etmək nankorluqdur, sosial media nemətdir, ondan xeyri çoxaltmaq üçün istifadə etmək savab və şükür, onu dedi-qodu, qeybət, iftira, yalan, söyüş, özünü bəyəndirmə vasitəsinə çevirmək nankorluq, günah, haramdır...

"ŞÜKÜR ET" bir ilahi əmrdir, Allah buyurur ki, insan bunlara görə şükür etməlidir:

- Allah insan oğluna eşitmə, görmə, düşünmə qabiliyyəti verdiyi üçün (16/78; 32/9);

- Allah insan oğluna rəhbərlik etdiyi, yol göstərdiyi üçün (2/185);

- O, həqiqəti ayələrlə (ayələri bir-birinə bağlayaraq) açıqladığı üçün (7/58);

- Elçilərin qissələrini bizə ibrət və örnək olsun deyə, nəql etdiyi üçün (14/5);

- Gecəni və gündüzü bir-birinin qarşılığı olaraq yaratdığı üçün (25/62);

- Göydən suyu acı deyil, dadlı olaraq endirdiyi üçün (56/70);

- Heyvanları insan oğlunun əmrinə verdiyi üçün (22/36; 36/71-73);

- Dənizi insan oğlunun əmrinə verdiyi üçün (16/14; 30/46);

- Bitki məhsulları ilə ruzi verdiyi üçün (14/37);

- Halal ruzilər yaratdığı, onları insana göndərdiyi üçün (16/144);

- İnsana ruzi axtarmaq arzusu, həvəsi (iştiyaqı) verdiyi üçün (29/17);

- Onun yaratdığı ruziləri bildiyimiz üçün (34/15);

- Neməti qulunun üzərində göstərmək, tamamlamaq üçün (5/6);

- Bədir savaşında zəfərlə dəstəklədiyi, saysız nemətlər verdiyi üçün (7/26);

RAMAZAN Qurani-Kərim ayıdır, Allahın bu mübarək ayda Qurani-Kərimi nazil etməyə başlamasına oruc tutaraq şükür edirik, mədəmizi ac saxlayır, ağıl, vicdan, qəlb, ruh və iradəmizi bir adı da ilahi Ruzi olan Qurani-Kərimlə doyururuq, Onunla yenidən inşa olur, yenidən doğulur, tövhidə, ədalətə, fitrətə, barışa, qardaşlığa, birliyə, sevgiyə, mərhəmətə yönəlirik. 

RAMAZAN maddi aclıq, mənəvi doyum ayıdır. Elə buna görə də Qurani-Kərimin şükrünü bir ay mədəmizi ac saxlayaraq gerçəkləşdiririk, deyirik ki, önəmli olan maddi deyil, mənəvi yönümüzdür, ağıl gerçək qidası olan elmlə, qəlb gerçək qidası olan imanla, vicdan gerçək qidası olan mərhəmətlə doymasa, insan öz fitri missiyasını yerinə yetirə bilməz.

d) YÜZ SƏKSƏN BEŞİNCİ AYƏNİN ORTAYA QOYDUĞU NƏTİCƏLƏR

- Allah sayılı günlərdə oruc tutmağı əmr edir;

- O sayılı günlər RAMAZAN AYIDIR;

- Ramazan qəməri ayların doqquzuncusudur;

- QURANİ-KƏRİM Ramazan ayında, min aydan daha xeyirli Qədir gecəsində nazil olmağa başladı;

- Gecə nazil olmağa başladı, mesaj verdi, dedi ki, Qurani-Kərim Ona iman edənləri, Onun buyurduğu kimi yaşayanları qaranlıqlardan nura, cəhalətdən elmə, küfürdən imana, şirkdən tövhidə, köləlikdən azadlığa qovuşduracaq; 

- Ramazan ayında oruc tutmaq Qurani-Kərim nemətinə görə Allaha ŞÜKÜR anlamını daşıyır;

- Ramazan ayını başqa aylardan seçən, onu soltan qılan Qurani-Kərimdir; 

- QƏDİR GECƏSİNİ başqa gecələrdən seçən, onu min aydan (səksən üç il - bir insan ömrü) xeyirli edən Qurani-Kərimdir;

- Qurani-Kərim Ona iman edən, dəyərlərini həyatına daşıyan hər kəsi seçər, üstün qılar, həyatına dəyər, anlam, bərəkət qazandırar;

- RAMAZANA HÖRMƏT ruhu, ağlı, qəlbi, vicdanı, gözü, qulağı, mədəsi, bütün varlığı ilə oruc tutmaqdır - Qurani-Kərimə, bu bərəkəti tükənməyən neməti nazil edən Allaha hörmət, iman, təslimiyyətdir; 

- Yüz səksən beşinci ayə Qurani-Kərimin üç özəlliyini önə çıxarır: 

a) O, insanlığın hidayət rəhbəridir;

b) İçində hidayətin - ilahi rəhbərliyin açıq dəlillərini daşıyır; 

c) Haqqı (mənalı və məqsədli olanı) batildən (mənasız və məqsədsiz olandan) ayırır; 

- FURKANDIR, Ona inananlara da xeyiri şərdən seçmək özəlliyi verir;

- Orucun içində Qurani-Kərim, tövhid, təqva, şükür, dua var;

- Oruc ibadəti hər il Ramazan ayında təkrar olunan ilahi tərbiyə proqramıdır;

- ALLAH kimsəni oruc tutmağa məcbur etməz, Onun üsulu belədir: öncə oxu, anla, öyrən buyurar, Onun ölçüsünü yerinə yetirsən, bilgin iman olar, iman sevgi yaradar, sevgi oruc tutmağı (bütün ibadətləri) asanlaşdırar, təslimiyyətə yönəldər. Sevginin ölçüsü fədakarlıq və təslimiyyətdir - ey insan, imanın Allaha təslimiyyətin qədərdir. Sıralama belədir: elm-şüur-iman-sevgi-əməl. Anlayış dəyişsə, davranış dəyişər;

- ALLAH yüz səksən beşinci ayənin sonunda insandan üç şey istəyir: 

a) Oruc günlərinin sayını tamamlayın;

b) Sizi doğru yola qovuşdurduğu üçün Allahı ucaldın, təkbiriniz (ALLAHU ƏKBƏR) olsun. Oruc tutmaq əməli (əsl) təkbirdir, təkbir işdir, əməldir, sadəcə söz deyil; 

c) Allaha şükür edin - nemətlərin gerçək sahibini tanıyın, onlardan ilahi təyinatına uyğun istifadə edin;

"Əgər qullarım səndən Məni soruşsalar, yaxşı bilsinlər ki, Mən çox yaxınam. Mənə dua edənin səsinə (çağırışına) dərhal qarşılıq verərəm. O halda, onlar da Mənə qarşılıq versinlər və Mənə tam güvənsinlər ki, haqq yoluna yönəldilsinlər" (2/186)

1) "ƏGƏR QULLARIM SƏNDƏN MƏNİ SORUŞSALAR, YAXŞI BİLSİNLƏR Kİ, MƏN ÇOX YAXINAM..."

a) Ayənin nüzul səbəbi

Ayələrin nüzul (eniş) səbəbini bilmək onları doğru anlamağın ölçülərindən biridir. Nüzul kitabları yazılsa da, bütün ayələrin endiriliş səbəbini bilmirik, ancaq Qurani-Kərimin nüzul səbəbini dəqiq bilirik: insanın ağlına yardım etmək, onun qəlbini, vicdanını, fitrətini qorumaq, əxlaqını gözəlləşdirmək, ona doğru yolu göstərmək, ümid vermək, həyatına dəyər, anlam qazandırmaq, azadlığa qovuşdurmaq. 

Bu ayənin nüzul səbəbi ilə bağlı bir neçə rəvayət var:

- Həsən Bəsri deyir ki, bir sıra səhabələr Allah Rəsulundan soruşdular: "Rəbbimiz haradadır?" Bu suala cavab olaraq ayə nazil oldu;

- Bir insan Allah Rəsuluna dedi: "Rəbbimiz bizə yaxındırmı? Yaxındırsa, Ona gizlicə dua edim. Uzaqdırsa, uca səslə dua edim". Ayə bu suala cavab olaraq nazil oldu;

- Bir sıra insanlar soruşdular: "Rəbbimizə nə zaman dua edək?" Ayə bu suala cavab olaraq nazil oldu;

- Mücahid deyir ki, "Mənə dua edin, duanızı qəbul edim" ayəsi endi. Bir sıra insanlar dedilər: "Harada dua edək?" Ayə bu suala cavab olacaq nazil oldu;

- Katadə deyir ki, bir sıra insanlar dedilər: "Ey Allahın Rəsulu, biz Rəbbimizə nə biçimdə dua edək?" Ayə bu suala cavab olaraq nazil oldu;

- İbn Abbas deyir ki, Mədinə yəhudiləri Allah Rəsulundan soruşdular: "Ey Məhəmməd, sənin Rəbbin bizim dualarımızı necə eşidir?" Ayə bu suala cavab olaraq nazil oldu;

Allah Rəsulunun bu hədisləri də ayəni doğru qavramağımıza yardım edər: O, uca səslə (bağıraraq) dua edən, təkbir söyləyən səhabələrinə belə buyurdu: "Ey insanlar, özünüzə yazığınız gəlsin. Sizlər kar olan, itmiş (uzaqda olan) birini çağırmırsınız. Şübhəsiz ki, O, sizinlə bərabərdir. O, çox yaxşı eşidən, çox yaxın olandır". 

"Bir müsəlman içində günah olmayan, qohumluq bağını kəsməyə təşviq etməyən dua ilə Allaha müraciət etsə, Allah o müsəlmana bu duasının qarşılığında üç mükafatdan birini mütləq verəcək: ya istədiyini dərhal verər, ya axirətdə verər, ya da duasının qarşılığında ondan bir pisliyi uzaqlaşdırar".

b) AYƏ NİYƏ ORUC AYƏLƏRİNİN İÇİNDƏ (BAĞLAMINDA) GƏLDİ?

Bəqərə surəsinin 183, 184, 185-ci ayələri RAMAZAN ORUCU ilə bağlıdır, arada indi şərh etdiyimiz 186-cı ayə var, sonra yenə orucla bağlı ayə gəlir (187-ci ayə). İlk baxışda şərh olunan ayə ilə oruc ayələri arasında bağ yoxdur. Ancaq ayənin bağlamını (kontekst) doğru düşündükdə, sağlam əlaqə qurduqda ayələr arasında qırılmaz məna bağı olduğunu görürük. Belə ki, Allah öncəki ayədə buyurdu ki, O, sizin üçün asanlıq istəyər, sizi sıxıntıya salmaq istəməz. O, sizdən üç şey istəyir: a) oruc günlərini tamamlayın; b) sizi doğru yola qovuşdurduğu üçün Onu ucaldın - təkbirə yönəlin (oruc tutmaq feili təkbirdir); c) şükür edin;

Allah sonra da buyurur ki, Mən qullarıma çox yaxınam, yəni bu əməlləri yerinə yetirsəniz: 

- Allahın rəhmətini, bərəkətini, lütfünü hiss edəcəksiniz;

- O, sizi görür, bilir, eşidir;

- Dualarınızı, təkbirlərinizi, şükürlərinizi bilir, eşidir, görür (duanın, təkbirin, şükrün sözlü olanı da, əməli olanı da var);

- O, sizi darda qoymaz;

- O, sizə ümid, cəsarət, güc verər;

- Allahdan xeyir, bərəkət, rəhmət istəyirsinizsə, öncə siz addım atın;

- ALLAHIN QANUNU QULDAN ALLAHA DOĞRU İŞLƏYİR, yəni, ey insan, sənə verilmiş ağılın, iradənin haqqını ver, tənbəl olma, çalış, nəticəni Ondan istə, dua et ki, qəbul etsin, istə ki, versin, qapını döy ki, açsın, Onu zikir et ki, O da səni zikir etsin, zəhmətsiz rəhmət, tikansız gül yoxdur, dəyərin əməyin qədərdir, hər kəsə çalışdığının qarşılığı var, qədərçilik (insandan bir şey asılı deyil düşüncəsi) ağıla, iradəyə, əməyə sayğısızlıqdır, insanı tənbəllik bəlasına sürükləyər, halal zəhmət ibadətdir, igidlikdir, axirət azuqəsidir, qarşılığı ilahi rəhmətdir;

- Ayə buyurur ki, Allahla ünsiyyətin (hər ibadət Allahla ünsiyyətdir) varsa, oruc tutmaq asandır;

- Oruc tutmaq Allahın insana nə qədər yaxın (mənəvi yaxınlıq) olduğunu hiss etdirən, rəhmət qapılarını açan ibadətdir;

- Allah Mən insana çox yaxınam ölçüsü ilə buyurur ki, ey insan, Mənimlə ünsiyyətini canlı, içdən (səmimi), davamlı tut;

- Öncəki ayənin sonunda ALLAHU ƏKBƏR - Allah tək böyükdür anlayışı var, bu ayə buyurur ki, O, insana çox yaxındır, yəni insan düşünə bilər ki, tək böyük olan Allahla ünsiyyət qurmaq imkansızdır, O hara, mən hara? O, insana yol göstərir, onu çaşqınlıqdan qurtarır, deyir ki, Mən sənə çox yaxınam, səni hər an eşidir, bilir, görürəm, oruc tutduğundan xəbərdaram, təkbirini, duanı eşidirəm, sənə Mənimlə ünsiyyət vasitələri nazil etmişəm, hər ibadət Allahla ünsiyyətdir, gözəl adlarımı (əsma-i hüsna) öyrən, kainat ayələrini araşdır ki, Məni doğru tanıyasan, ağlına, qəlbinə, vicdanına hüzur gəlsin;

- Ayə deyir ki, O, hər an hazırdır, iş başındadır, yatmaz, yuxuya ehtiyacı yoxdur, ilahi rəhmət qapısı əsla bağlanmaz;

- Mənim sizə yaxın olduğuma iman edin ki, şüurlu ibadətə qovuşasınız;

- Ey insan, özünü hər an Allahın hüzurunda hiss et ki, qorunasan;

- Allahın sizə nə qədər yaxın olduğunu bilməyiniz, hiss etməyiniz, anlamağınız üçün bəlli bir müddət yeməkdən, içməkdən, cinsi münasibətdən uzaq durmağınız - oruc tutmağınız zəruridir;

Qurani-Kərimdə Allahın insana çox yaxın olduğunu ifadə edən başqa ayələr də var. İkisini oxuyaq:

"Biz ona (insana) şah damarından daha yaxınıq" (50/16);

"Allah insanla qəlbinin arasına girər" (8/24);

C) ALLAH ƏL-QƏRİBDİR

O, əl-Qəribdir - çox yaxındır, yaxınlıqda sınır tanımayandır, yaxınlıqda tayı-bərabəri olmayandır. Allahın insana yaxın olmasını bu ölçülərlə anlaya bilərik:

- Əl-Qərib adı Qurani-Kərimdə üç yerdə Allaha aid edilmişdir (11/61);

- Yaxınlıq iki növdür: a) maddi; b) mənəvi;

- Maddi yaxınlıq cisimlərə aiddir, fiziki yaxınlığı ifadə edir (uzunluq, genişlik, dərinlik, zamanla bağlıdır. İki maddi varlığın bir-birinə yaxınlaşması üç yolla baş verir: a) biri sabit olur, o birisi ona yaxınlaşır; b) ikisi də bir-birinə doğru hərəkət edir; c) arxadan gələn öndə gedəndən sürətli hərəkət edərək ona yaxınlaşır;

- Mənəvi yaxınlıq - bu, maddi varlığı olmayanlara aiddir: Allahın, ağılın, vicdanın, fikrin ... yaxınlığıdır;

- Allaha yaxınlaşmağın məkanı, zamanı yoxdur, fiziki hərəkətlə bağlı deyil;

- İnsan Allaha iman, təqva, saleh əməllərlə yaxınlaşa bilər;

- Allah buyurur: "Harada olursanız, olun, O, sizinlə bərabərdir" (57/4);

- "Allaha qurbanların nə ətləri, nə də qanları çatar, ancaq sizdən Allaha çatan təqvanızdır" (22/37). "... Ət, qan maddi aləmə aiddir, bizi maddi olana, məsələn, insana yaxınlaşdırar, birinə qurban əti versən, ona yaxın olarsan, təqva isə maddi deyil, mənəvi vasitədir - mənəvi olan maddi olandan daha böyük, daha güclü, daha təsirli, daha qalıcı, daha dəyərlidir";

QURANİ-KƏRİM ALLAHA YAXINLAŞMAĞIN YOLLARINI BİR-BİR SAYMIŞDIR:

- Sağlam fitrət - fitrət insanı insan edən, onu seçən, üstün qılan nemətdir (yaradılan hər varlığın fitrəti var), mayadır, özəllikdir, ilahi proqramlaşdırmadır, yazılımdır, fitrət vermək Allaha aiddir, insan fitrət qoya bilməz, ancaq qoyulmuş fitrəti poza bilər. Günahlar fitrəti pozar, ona görə də yasaqlanmışdır. Bütün ibadətlər imanı, iman fitrəti, fitrət insanı qoruyur. İnsan fitri olaraq Allaha təslim olma ehtiyacı ilə yaradılmış, fitrət imana kodlanmışdır, hər insanın inanma ehtiyacı var, fitrətin inanma ehtiyacının təmini tövhid (Allahdan başqa ilah yoxdur - la ilahə illallah) inancı ilə mümkündür. Fitrətin sağlam qidası tövhiddir.

Allaha inanmayan bir insan mütləq başqa bir varlığa (şeyə) inanır, məsələn, ateist də Allahın yoxluğuna inanır, bu da bir inancdır (iman deyil - doğru inanc (tövhid) imandır). İnanmaq mütləqdir dedik, belə ki, fitridir, fitri olan qaçılmazdır, ehtiyacdır, su, hava, qida, yuxu kimidir, istəmirəm deyə bilməzsiniz. Bu halda, önəmli olan doğruya inanmaqdır. Doğru imanın ölçülərini də Allah müəyyən etmişdir. Doğru iman (tövhid) fitrəti qoruyur, yanlış inanc (şirk) fitrəti pozur, insanın ağıl, vicdan, qəlb, iradə enerjisini parçalayır. Tövhid azadlığa, şirk köləliyə yol açır. Fitrəti sağlam olanın əxlaqı da gözəl olar, o insan xeyrə, ədalətə yönələr, iş burada da bitməz, xeyrə yönəldər, onu çoxaldar, sadəcə özü gözəl olmaz, həm də gözəlləşdirər. Fitrəti xəstə olanın isə əxlaqı pozular, pisliyə çevrilər, iş burada da bitməz, pisliyi, şəri, zülmü çoxaldar;

- TƏQVA - qoruma, qorunmadır, pisliklərdən qorunan Allaha yaxınlaşar;

- İBADƏT - ibadətlər Allaha qulluğun, təslimiyyətin göstəriciləridir, ibadətlər imanı, iman fitrəti, fitrət insanı qoruyur, ibadətlərin haqqını verən - onları tam, səmimi, anlayaraq, mesajlarını həyatına daşıyaraq yerinə yetirən Allaha yaxınlaşar;

- DUA - Allaha təslimiyyətdir, ehtiyacdır, deyir ki, sən Allaha möhtacsan, ey insan, dua ümiddir, içdən gələn dua insanı Allaha yaxınlaşdırar;

- HƏMD - öygülərin tamamı Allaha aiddir, ey insan, heç bir varlığı Allahı öydüyün kimi öymə, Allah kimi, nəyi tənqid edirsə, sən də onları tənqid et, Allahın tənqid etdiyi qədər tənqid et, tərifdə, tənqiddə ölçülü ol. Allaha haqqı ilə həmd edən Ona yaxınlaşar;

- İTAƏT - Allahın buyurduğu kimi yaşamaqdır, Onun ölçüləri ilə yaşayan Ona yaxınlaşar;

- TÖVBƏ - özünütənqiddir, ümiddir, ümid etməyən tövbə etməz, arınmadır, səmimi tövbə edən Allaha yaxınlaşar;

- SALEH ƏMƏLLƏR - islah edən, düzəldən, tövhidi, ədaləti, xeyiri, barışı, mərhəməti çoxaldan əməllərdir, hər saleh əməl insanı Allaha yaxınlaşdırar;

Ayə deyir ki, öncə insan addım atmalı, ona verilən ağılın, iradənin haqqını verməlidir, o, sağlam fitrət, təqva, ibadət, dua, həmd, itaət, tövbə, saleh əməllərlə Allaha yaxınlaşsa, O da quluna yaxınlaşar, yəni sən Allaha yaxın ol ki, O da sənə yaxın olsun, sən Allahdan razı ol ki, O da səndən razı olsun, fitrətinə yaxın, sadiq olan Allaha yaxın və sadiq olar, fitrətinin əslini (orijinalını) itirən (pozan) Allahdan uzaqlaşar, Onun rəhmət və bərəkətindən məhrum qalar. 

ALLAH niyə istəyir ki, insan bilsin, anlasın, iman etsin ki, O, insana çox, şah damarından da yaxındır, insanla qəlbinin arasına girər (ayəni doğru qavramaq üçün bilək ki, bu, təmsili, məcazi anlatma üsul və dilidir). Sualı belə də verə bilərik: Allahın çox yaxın olduğunu bilmək insana nə verir?

- Şirkdən - köləlikdən qoruyur. İnsan kimi, ya da nəyi Allaha ortaq qoşarsa, onun köləsi olar. Məsələn, Allahdan deyil, məzardakı birindən övlad, şəfa, sərvət... istəyən insanın ağıl, düşüncə və duyğularını Allah deyil, ölmüş insan idarə edir, o, Allaha deyil, məzardakına itaətə yönəlir, ona gedir, ehtiyacını ona söyləyir, onu Allahın yerinə qoyur. Bu, Allahı yanlış tanımağın, Onun aciz olduğunu düşünməyin, insana çox yaxın olduğundan, hər an gördüyündən, eşitdiyindən, bildiyindən xəbərsizliyin nəticəsidir. Şərik qoşan (müşrik) belə düşünür: Allah var, ancaq O, çox uzaqdadır, məni eşitməz, görməz, bilməz. O, insanı şirk bəlasından qorumaq üçün buyurur ki, ey insan, Mən sənə çox yaxınam, hər halını bilir, görür, eşidirəm, dua etsən, qəbul edərəm. İnsan Allaha bu ölçülərlə iman etsə, bütün pisliklərdən, o sıradan şirkdən - köləlikdən qorunar; 

- Allahın çox yaxın olduğuna iman edən insan araya heç bir vasitəçi qoymadan tövbə edər. Təmiz iman deyir ki, bütün məsələlərdə, o sıradan tövbədə insanla Allah arasında vasitəçi yoxdur, ola bilməz, varsa, şirk var, şirk varsa, köləlik var, Allaha üsyan var;

- Allahın çox yaxın olduğuna iman etmək insana hüzur, güvən, ümid verir, deyir ki, sən çarəsiz deyilsən, ey insan, Allah inananları darda qoymaz, mütləq bir çıxış yolu göstərər;

- Düşünün ki, biri sizə iftira atıb, günahsız olduğunuzu sübut etmək imkanınız yoxdur, ürəyiniz yanır, bu halda, üzülməyin, Allahın sizə çox yaxın olduğuna, halınızı bildiyinə, sizi eşitdiyinə, gördüyünə, iftiraçının cəzasını mütləq verəcəyinə inanın yetər (iftiraya iftira ilə cavab vermək haramdır, Allah buyurur ki, sizə iftira atanları mənə həvalə edin);

- Sizi Allaha yaxınlaşdıran hər şey qurbandır, Allah Rəsulu belə buyurmuşdur: "Əs-səlatu qurbanun" - namaz qurbandır, belə ki, o, insanı Allaha yaxınlaşdırır;

Allah ayədə sual-cavab metodundan istifadə etmişdir. Bu, ilahi öyrətmə üsullarından biridir: qullarım Məni səndən soruşsalar, yaxşı bilsinlər ki, Mən çox yaxınam. Sorğu-sual üsulu insanın ağlını çalışdırır, onu düşünməyə, əlaqə qurmağa sövq edir, maraq oyadır (öyrənməyin əsası maraqdır), arayışa yönəldir. Qurani-Kərim on dörd dəfə bu metoda yer vermişdir, mesaj budur: ey insan, heç bir şeyi sorğu-sualsız qəbul etmə, səbəbi anla ki, nəticəni də anlayasan, bir nəticəni yox etmək istəyirsənsə, onu ortaya çıxaran səbəbləri yox et, nəticə nəticə ilə deyil, səbəblə yox edilər. 

Allah ayədə insanlara çox yaxın olduğunu ən gözəl biçimdə ifadə etmişdir, belə buyurmamışdır, ey Elçi, qullarım Məni səndən soruşsalar, onlara de ki... Ayədə "onlara de ki", ya da "de ki" qəlibləri yoxdur, Allah Onunla qulları arasındakı hər cür vasitəçini ortadan qaldırmış (Elçi insanla Allah arasında vasitəçi deyil, adı üstündədir, Rəsuldur - Elçidir), belə buyurmuşdur: qullarım Məni səndən soruşsalar, yaxşı bilsinlər ki, Mən onlara çox yaxınam. Yaxşı bilsinlər, yəni heç bir şübhələri olmasın, əmin olsunlar.

Allahın  onu sevdiyinə, ona dəyər verdiyinə, ona çox yaxın olduğuna, onu hər an eşitdiyinə, gördüyünə, bildiyinə iman edən insana oruc tutmaq çətin olarmı? 

2) "Mənə dua edənin səsinə (çağırışına) dərhal qarşılıq verərəm. O halda, onlar da Mənə qarşılıq versinlər və Mənə tam güvənsinlər ki, haqq yoluna yönəldilsinlər"

ALLAH öncə buyurdu ki, O, insana çox yaxındır. İndi bu yaxınlığın ölçüsünü qoyur: o dərəcədə yaxınam ki, Mənə dua edənin səsinə (çağırışına) dərhal qarşılıq verərəm. "Dua" sözü "d-ayn-vav" kökündəndir, eyni kökdən olan sözlər Qurani-Kərimdə iki yüz on iki dəfə işlədilmişdir, bu mənaları var: "dua emək", "çağırmaq", "istəmək", "ad vermək". Dua dini anlayışdır (termindir), insanın maddi, mənəvi ehtiyaclarını Allaha bildirməsi, Ondan yardım istəməsidir.

Dua namaz, oruc, zəkat, həcc, infaq kimi ilahi tərbiyə proqramıdır. Hər ibadət bir ilahi tərbiyə dərsliyidir, məqsəd insana Allahı, həyatı, ölümü, dünyanı, axirəti, insana yüklənmiş əmanəti, onun bu dünyadakı varlıq səbəbini öyrətmək, bu yolla ilahi rizanı qazanaraq iki dünyanın xoşbəxti olmasının önünü açmaqdır. DUA PROQRAMININ içində bu dəyərlər var:

- Dua bir dəyərdir, İslam dua dinidir, deyə bilərik ki, müsəlman da dili, qəlbi, ağlı, vicdanı, əli (əməli) dualı insandır;

- Dua etmək insanın yaradılış səbəblərindən biridir. Allah insanın yaradılış məqsədlərini açıqlayarkən dörd bənd sıralayır: 

a) Ey insan, səni ancaq Allaha itaət edəsən deyə yaratdım. Allahdan başqasına itaət haramdır. Allah Ona itaət edənə "kölə" deyil, "qul" adını qoyur. FƏRQ BUDUR: kölənin seçim haqqı, etiraz imkanı yoxdur, insanı kölələşdirən onun ağıl və iradəsini əlindən alar, belə ki, ağılı çalışan, seçmə haqqından istifadə edən kölə olmaz, kölələşdirməyin ana şərti ağılı, iradəni öldürməkdir. Ağılı, iradəni dirildən elm, düşünmək, ədalət, mərhəmətdir, ağılı, iradəni öldürən isə xurafə, yalan, qorxu, zülmdür. Allah yaratdığı quluna israrla buyurur: ağlından istifadə et, onu çalışdır, ağlından istifadə etməyənin başına pisliklər tökülər, düşün... O, yaratdığı quluna seçim haqqı vermiş, dində məcburiyyət yoxdur, istəyən iman, istəyən küfür etsin buyurmuşdur. Hər şeyini Allaha borclu olan insanın Allah yoxdur, Ona inanmıram demək imkan, iradə, gücü var, seçim də, seçdiyinin məsuliyyəti də insana aiddir. İnsanı kölələşdirənlər bu haqları ona verərlərmi? Allah quluna israrla oxu, elm öyrən, araşdır, səbəbləri gör, Allahı ancaq elmi olanlar tanıyar buyurur. Siz heç köləsinə oxu, elm öyrən, savadlı ol deyən ağa gördünüzmü? Allaha qulluğun əsasında elm, köləliyin əsasında cəhalət var, qulluğun əsasında iradənin haqqını vermək, yəni seçim, köləliyin əsasında isə sorğu-sualsız itaət var. Ey insan, Allaha qulluğa yönəl (Ona qul ol) əmri elmlə, ağılla, şüurla, azad iradənlə Ona itaəti seç əmridir, yoxsa Qurani-Kərim "oxu" əmri ilə başlamazdı. Allaha şüurlu itaətin (qulluğun) meyvəsi azadlıqdır, köləlikdən qurtuluşdur;

b) səni yer üzünün xəlifəsi olaraq yaratdım - xəlifə təyin edilən sadəcə hz.Adəm deyil, hər insan xəlifə olmaq vəzifəsi ilə yaradılmışdır, yəni yer üzündə tövhidi, ədaləti, xeyri, elmi, bərəkəti, barışı, rifahı, mərhəməti çoxaltmaq hər bir insanın borcudur; 

c) səni imtahan etmək üçün yaratdım. Allah öyrənmək üçün deyil (O, hər şeyi bilir), öyrətmək üçün imtahan edir. Bir imtahanın üç vəzifəsi var: öyrətmək, seçmək, inkişaf etdirmək. İnsan hər an imtahandadır, imtahan çətinlikdir, çətinlik inkişafın qapısını açan nemətdir; 

d) Allah insanın yaradılış məqsədini açıqlayarkən buyurur ki, səni dua etmək üçün yaratdım;

- Dua ibadətdir, ilahi əmrdir, duanın ünvanı ancaq Allahdır;

- Duada tanıma var, bu tanıma iki yönlüdür: insan öncə dua etdiyi Allahı tanımalıdır, O, hər şeyi bilən, görən, eşidən, quluna çox yaxın olan Allahdır, dua edən qulunu çox sevir, duaçıya yardım etmək gücü var. Dua insanı da tanıdır: mükəmməl deyilsən, ehtiyacların var, Allahın yardımına möhtacsan;

- Duada sevgi, iman, güvən var - insan sevdiyi, iman etdiyi, güvəndiyi Allahdan istəyir;

- Duada itaət, təslimiyyət, səmimiyyət var;

- Duada halallıq var, halal yeyənin duası qəbul olunar;

- Duada ümid var, ümid edən dua edər;

- Duada sığınma var, insan inandığına, güvəndiyinə sığınar;

- Dua qəlbin Allaha açılmasıdır;

- Duaların ən gözəli feili (əməli) duadır, çalışmaq, xeyri çoxaltmaq, əlindən gələni etmək duadır;

- Aliyə İzzətbəyoviçin dediyi kimidir: dua insanın gücü çatan hər şeyi etməsi, gücü çatmayan üçün Allaha yalvarmasıdır;

- Duada təmizlik var - ruzisi, işi, sözü, imanı təmiz olanın duası qəbul olunar;

- Dua davamlı olmalıdır;

- ALLAH RƏSULU buyurur: "Qulun Rəbbinə ən yaxın olduğu an səcdədə olduğu andır. O zaman çox dua edin"; 

- Allah Rəsulu buyurur: "Duanız imanınızdır";

Allah Rəsulu buyurur: "Allah yanında duadan daha üstün bir insan davranışı yoxdur". 

ALLAH buyurdu ki, Mənə dua edənin səsinə (çağırışına) dərhal qarşılıq verərəm. Sonra da bu ölçüləri qoydu: a) o halda, onlar da Mənə qarşılıq versinlər -Allahın əmrlərini yerinə yetirsinlər, tövhidə yönəlsinlər, Onun buyurduğu kimi yaşasınlar; b) Mənə tam güvənsinlər - iman etmək Allaha güvənməkdir, "iman" sözü "ə-m-n" kökündəndir, insanın əmniyyətdə, güvəndə olduğu, qorxulardan qurtulduğu halın adıdır. Bir insan Allaha inandığını söyləyir, həm də məzardakından şəfa istəyirsə, o, Allaha güvənmir. Allah, bizdən tam güvən - xalis iman istəyir; c) insan Allahın buyruqlarına qarşılıq versə, Ona tam güvənsə, nə olacaq? Ayənin sonu bu suala cavabla bitir: haqq yoluna, doğru yola, hidayətə, İslamın, tövhidin, ədalətin, elmin, barışın, mərhəmətin yoluna yönəldiləcək: ey insan, sən ağıllı, iradəli, vicdanlı varlıqsan, nemətlərin haqqını ver, hidayət istə, onun üçün çalış ki, O, səni hidayətə yönəltsin, qədərçi olma (insandan bir şey asılı deyil düşüncəsi), məsuliyyətini anla ki, haqq yoluna yönəldiləsən. 

3) YÜZ SƏKSƏN ALTINCI AYƏNİN ORTAYA QOYDUĞU NƏTİCƏLƏR: 

- Bu ayə oruc ayələri bağlamında yer tutur - Allahın insana çox yaxın olduğuna iman edən orucunu sevə-sevə tutar;

- Allahın insana yaxınlığı mənəvi yaxınlıqdır;

- Allahın çox yaxın olduğunu bilmək insanı şirkdən qoruyar, köləlikdən xilas edər, sarsılmaz ümid, qorxulardan qurtaran güvən, tükənməyən hüzur, dirəniş gücü (səbir) verər;

- Allah insana şah damarından da yaxındır, içindəki səsi, çağırışı, duanı eşidir, onun hər halını bilir;

- O, insanın dua etməsini, hər halının dua olmasını istəyir, buyurur ki, sözlü duanızın arxasında saleh əməlləriniz olsun (saleh əməl içində süur, hədəf, xeyir, bərəkət olan əməldir);

- Allah insanın Onun buyruqlarını yerinə yetirməsini istəyir - insan azadlığının şərti budur;

- Allah xalis iman, içinə şirk qarışmamış, insanın Allaha güvəninin yüzdə yüz olmasını təmin edən iman istəyir;

- Allah buyurur ki, xalis imanı olanlara, Onun buyruqlarını yerinə yetirənlərə, Ona tam güvənənlərə hidayət var, hidayət də ən böyük nemətdir;

"Oruc günlərinizin gecəsində qadınlarınıza yaxınlaşmaq sizə halaldır. Onlar sizin paltarınız, siz də onların paltarısınız. Sizin özünüzü çətinliyə salacağınızı Allah gördü. Bax (məhz) buna görə də sizə bağışlaması (əfvi) ilə münasibət göstərdi və çətinliyi üzərinizdən qaldırdı. İndi artıq onlara (həyat yoldaşlarınıza) yaxınlaşın və Allahın sizə halal qıldığından (təqdir etdiyindən) yararlanın! Fəcr vaxtı - gecənin qaranlığından dan yerinin aydınlığı sizin üçün bilinən (seçilən) hala gəlincəyədək yeyin, için! Sonra orucu gecəyədək tamamlayın! Məscidlərdə etikafa girəndə də xanımlarınıza yaxınlaşmayın!

Bax (məhz) bunlar Allahın cızdığı sınırlardır, əsla bunlara yaxınlaşmayın! Allah ayələrini insanlığa beləcə açıqlayır ki, məsuliyyət şüuruna (təqvaya) yiyələnə bilsinlər" (Bəqərə, 2/187)

1) "...ORUC GÜNLƏRİNİZİN GECƏSİNDƏ QADINLARINIZA YAXINLAŞMAQ SİZƏ HALALDIR. ONLAR SİZİN PALTARINIZ, SİZ DƏ ONLARIN PALTARISINIZ..."

Bu ayə də oruc ayələri sırasında yer tutur. Allah oruc tutmaqla bağlı ölçülər qoyur: 

- Oruc tutmaq dövrü imsaqdan iftaradəkdir; 

- Bu müddətdə yeməkdən, içməkdən, cinsi münasibətdən uzaq durmalısınız;

- İftardan imsaqadək oruc yoxdur; 

- Oruc tutduğunuz günlərin gecəsində qadınlarınızla cinsi münasibətdə ola bilərsiniz; 

- Allah çətinliyi üzərinizdən qaldırmışdır; 

- Oruc tutmaq fəcr vaxtından başlayır; 

- Oruc tutduğunuz dövr Günəşin batması ilə bitir; 

- Etikaf ibadətdir; 

- Etikafa girdiyiniz dövrün gecələrində qadınlarınızla cinsi münasibətdə olmaq yasaqdır; 

- Allah sınırlar qoyur, ayələrini bir-bir açıqlayır ki, müttəqilərdən (təqva sahiblərində olasınız), məsuliyyətinizi dərk edib qorunasınız;

Ayənin nüzul səbəbi var: oruc ayələri Mədinədə nazil oldu. Mədinə yəhudiləri oruc tuturdular, onların orucu iyirmi dörd saat davam edir, iftardan iftara oruclarını açırdılar, oruc gecələrini də oruc tutur, yemək, içmək və cinsi əlaqədən uzaq dururdular. Bir sıra müsəlmanlar "yəhudi orucu"nun təsiri ilə belə düşünürdülər ki, oruc gecələri xanıma yaxınlaşmaq olmaz. Bəziləri saxur yeməyinin olmadığına (oruc tutan yəhudilər saxur yeməyi yemirdilər) inanırdılar. Elə bu anlayışa görə də bir sıra müsəlmanlar oruc tutarkən çətinlik çəkir, aclıqdan bayılır, elələri də olurdu ki, özünü tuta bilmir, xanımı ilə cinsi münasibətdə olur, bu halı da gizləyir, yəni iyirmi dörd saat oruc tutduğunu söyləyirdi, Qurani-Kərimin ifadəsi ilə "özünə xəyanət edirdi".

Ayə nazil oldu, düşüncələrdəki qarışıqlığı ortadan qaldırdı, oruc tutmağın ölçülərini qoydu, buyurdu ki, oruc ibadəti gündüzə - imsaqla iftar arasına aiddir, gecə ibadət - oruc tutmaq vaxtı deyil, yemək, içmək, cinsi münasibətdə olmaq sərbəstdir. Etikaf (etikaf ibadətini irəlidə açıqlayacağıq) dövründə isə cinsi münasibət yasaqlanmışdır.

Allah buyurur ki, oruc gecələrində qadınlarınıza yaxınlaşmaq sizə halaldır. Onlar sizin paltarınız, siz də onların paltarısınız. Ayənin mesajı paltar obrazı üzərindən verilmişdir. PALTAR: 

- Yaxınlığı ifadə edir, paltarla insanın bədəni arasında məsafə yoxdur, ərlə xanımı da bu dərəcədə bir-birinə yaxın ola bilirlər -heç bir yaxının (qohumun) ərlə xanımı qədər bir-birinə yaxın olmaq imkanı yoxdur, onlar bir-biriləri ilə hər şeylərini paylaşırlar, ən zəngin münasibət ərlə xanım arasındadır;

- Paltar qoruyur - ərlə xanım da bir-birini haram olan şeylərdən qoruyurlar, ər xanımı, xanım da əri vasitəsi ilə namusunu, həyasını, iffətini qoruyur;

- Paltarda hüzur var - paltarsız insan özünü rahatsız hiss edir, ya da uyğun paltar insana hüzur verir, ərlə xanımı da bir-biri ilə hüzura, sükunətə, rahatlığa qovuşurlar;

- Paltar ehtiyacdır, ailə də fitri ehtiyacdır;

- Paltar gözəlləşdirir, ərlə xanımı da bir-birinin əxlaqını gözəlləşdirirlər;

2) "...Sizin özünüzü çətinliyə salacağınızı Allah gördü. Bax (məhz) buna görə də sizə bağışlaması (əfvi) ilə münasibət göstərdi və çətinliyi üzərinizdən qaldırdı. İndi artıq onlara (həyat yoldaşlarınıza) yaxınlaşın və Allahın sizə halal qıldığından (təqdir etdiyində) yararlanın!"

Allah yanlış oruc təsəvvürünü düzəldir. O, hər şeyi görən, bilən, eşidən, mərhəmətli Allahdır, sizin sıxıntı çəkməyinizi istəməz. Sizlər özünüzə orucla bağlı sınırlar qoydunuz, fasiləsiz (saxursuz) oruc tutdunuz, oruc gecələrində xanımlarınıza yaxınlaşmamaq qərarı aldınız, sonra da bu yasaqlarınızı çeynədiniz, nəticədə, günahkar olduğunuzu düşündünüz, tövbə etdiniz. 

Allah tövbələrinizi qəbul etdi, sizi bağışladı, onsuz da, yasaqlarınız Ona aid deyildi, içiniz rahat olsun, indi ehtiyacı olan oruc gecəsində xanımına yaxınlaşa bilər. Bu yaxınlığın meyvəsi də övladdır, nəslin davamıdır, siz Allahdan xeyirli övlad istəyin. Cinsi münasibət fitri ehtiyacdır, Allahın qanunudur, bu ehtiyacın təmini üçün kəbin yolu seçilmişdir, halaldır...

3) "...Fəcr vaxtı - gecənin qaranlığından dan yerinin aydınlığı sizin üçün bilinən (seçilən) hala gəlincəyədək yeyin, için! Sonra orucu gecəyədək tamamlayın!"    

Allah sıradakı ölçüsünü - oruc tutmağın başlama vaxtını açıqlayır. "FƏCR" sözünə yer verir. Bu söz "f-c-r" kökündəndir, eyni kökdən olan sözlər Qurani-Kərimdə iyirmi dörd yerdə işlənmişdir, bu mənaları var: 

- "fışqırtmaq" (17/90; 2/60; 18/33; 36/34);

- "inkar etmək" (75/5); 

- "günah"(71/27);

- "sabahın aydınlığı" (89/1);

Rağıb əl-İsfahani yazır ki, fəcr bir şeyi geniş biçimdə yarmaqdır, su arxı açmaq buna örnək ola bilər. Fəcr vaxtı gecə ilə gündüzü bir-birindən ayırdığı üçün bu adı almışdır. Ayədəki ifadə də "ağ iplik (sap) qara iplikdən (sapdan) seçilincəyə - ayırd edilincəyədək"dir. Ağ sap dan yerinin ağarmasını, qara sap da gecənin qaranlığını nəzərdə tutur. Allah Rəsulu da ifadəyə bu mənanı vermişdir. 

İki növ fəcr var: a) yalançı fəcr; b) həqiqi fəcr; Yalançı fəcr göy üzünün ortasına doğru uzanan, üst tərəfi daha parlaq, alt tərəfi üfüq xəttinə qədər enməyən, ortası oval biçimində bir aydınlıqdır. Bu aydınlıq qısamüddətli olur, yavaş-yavaş azalır, bəzi bölgələrdə yox olur. Bu dövrdə nə sabah namazının vaxtı girər, nə də saxur yeməyi başa çatar. Bu zaman dilimi dini hökm verməyə əsas yaratmadığına görə "yalançı fəcr" ("fəcri kazib") adlandırılmışdır. Yalançı fəcr xəbərdar edir, insana deyir ki, imsaq vaxtı yaxınlaşır, ancaq yeyə bilərsən.

İkinci fəcr həqiqi fəcrdir ("fəcri sadiq"). Bu zaman şərqdə göylə yerin birləşdiyi xətt boyunca aydınlıq yayılır. Gecənin qaranlığı yox olmağa başlayır, Günəşin işığının əlamətləri ortaya çıxır, dan yeri ağarır, saxur yeməyi bitir, oruc başlayır. Həqiqi fəcr dan yerinin ağarmağa başladığı ilk zaman dilimi deyil. Bilal Həbəşi yalançı fəcr dövründə azan verər, insanları orucun başlama vaxtına hazırlayardı. Allah Rəsulu buyurmuşdur: "Nə Bilalın azanı, nə də üfüqdən göyə doğru yüksələn aydınlıq sizi aldatmasın, aydınlıq üfüq boyu yayılanadək (həqiqi fəcrədək) yeyin".  

"SONRA ORUCUNUZU GECƏYƏDƏK TAMAMLAYIN", bu cümlə orucun başa çatdığı vaxtı müəyyən edir. Günəş batanda oruc tutduğunuz vaxt da bitir.

4) "...Məscidlərdə ETİKAFA girəndə də xanımlarınıza yaxınlaşmayın!..."   

ALLAH öncə bir ölçü açıqladı, buyurdu ki, oruc günlərinin gecəsi xanımlarınızla cinsi münasibətdə ola bilərsiniz. O, indi bir istisna müəyyən edir: etikafa girəndə xanımlarınıza yaxınlaşmayın (onlarla cinsi münasibətdə olmayın).

"ETİKAF" sözü "ayn-k-f" kökündəndir, eyni kökdən olan sözlər Qurani-Kərimdə doqquz dəfə işlədilmişdir. Bu mənaları var: 

- "tapmaq" (7/138);

- "yerli" (22/25);

- "etikaf" (2/187);

- "gözlədilən" (48/25);

"Etikaf" sözünün kök mənası budur: bir şeyə sayğı ilə yönəlib bağlanmaq, varlığını bir böyük hədəfə həsr etmək. "Etikaf" sözü dini termindir, bir insanın Ramazan ayında, bəlli bir müddət məsciddə özünü ibadətə həsr etməsidir, məqsəd oxumaq, anlamaq, bütün varlığı ilə Allaha yönəlmək, ilahi rizanı qazanmaqdır. Allah Rəsulu Ramazan ayının son on günü etikafa çəkilirdi, O, vəfat etdiyi ilin Ramazan ayında iyirmi gün etikafa girdi. 

Etikafa girən insan zəruri ehtiyacları istisna məscidi tərk etməz. Etikafın ən az müddəti bir gündür (bir saatı yetərli sayan alimlər də var). Məsciddə etikafa girmək kişilərə aiddir. Qadınlar evlərinin bir bölümündə etikafa girə bilərlər. Etikaf fərz ibadət deyil, istəyən, gücü çatan etikaf ibadətini yerinə yetirər. 

5) "Bax (məhz) bunlar Allahın cızdığı (qoyduğu) sınırlardır, əsla bunlara yaxınlaşmayın!" 

Bunlar Hüdudullahdır, Allahın qoyduğu sınırlardır. Ayədəki "bunlar" sözünü iki cür anlaya bilərik: a) oruc ibadəti ilə bağlı qoyulan ölçülər (onlar bir-bir açıqlandı); b) bütün məsələlərlə bağlı Allahın qoyduğu ölçülər;

Allah qoyduğu ölçülərə əməl etməyin önəmini vurğulamaq, ya da ilahi ölçüləri pozmağın çox təhlükəli olduğunu göstərmək üçün bu ifadəni seçmişdir: bunlara (Allahın qoyduğu sınırlara) yaxınlaşmayın, pozmayın deyil, heç yaxınlaşmayın (eyni ifadə biçimi bu məsələlərlə bağlı da seçilmişdir: zinaya yaxınlaşmayın, yetimin malına yaxınlaşmayın, yəni yaxınlaşmaq çox təhlükəlidir, nəticəsi çox ağırdır, günahı böyükdür).

6) "...Allah ayələrini insanlara beləcə açıqlayır ki, məsuliyyət şüuruna (təqvaya) yiyələnə bilsinlər - müttəqi olsunlar" 

Allah ayələrini bir-bir, addım-addım açıqladı, maarifləndirdi, ilahi ölçüləri qoydu, doğru yolu, ona gedən vasitələri tanıtdı, insanları ən böyük düşmən olan cəhalətdən xilas etdi. O istəyir ki, insanlar bu ayələri doğru öyrənsinlər, ağıl və qəlbləri sağlam, əxlaq və davranışları gözəl olsun. Ayələrini bu biçimdə (tədrici, dolu-dolu) açıqlamasının hədəfi insanları təqvaya qovuşdurmaqdır. Elmin, maariflənməyin sonu təqvadır, yəni elmsiz təqva yoxdur. İmanı bir ağaca bənzətsək, bu ağacın kökü elm, gövdəsi qəlblə təsdiq, budaqları imanı dillə ifadə, meyvəsi də saleh əməllərdir. Təqvalı olan qorunar, qoruyar, məsuliyyətli olar, nəticədə, ilahi rizanı qazanar, iki dünyanın səadətinə qovuşar.

7) Yüz səksən yeddinci ayənin ortaya qoyduğu nəticələr 

Allah bu ayədə orucla bağlı hökmlər qoydu:

- Oruc günlərinin gecəsində qadınlarınızla cinsi münasibətdə ola bilərsiniz;

- Etikaf zamanı olan ibadətdir - Ramazan ayına aiddir;

- Etikaf məkanı olan ibadətdir - məsciddə yerinə yetirilir; 

- Etikafa girənlərin qadınlarına yaxınlaşması yasaqdır;

- Ər və xanımı bir-birinin paltarıdır: bir-birinə çox yaxındır, bir-birini qoruyur;

- Allah işləri asanlaşdırar, anlam dolu bir həyat yaşamağın ən asan yolu Onun buyurduğu kimi yaşamaqdır;

- Oruc imsaqdan iftaradəkdir, gecə oruc yoxdur;

- Oruc fəcr vaxtı başlayır, Günəş batanda bitir;

- Etikaf Ramazan ayına aid ibadətdir, fərz deyil, istəyən, gücü çatan etikafa girə bilər;

- Allahın qoyduğu sınırlar insanı qoruyur, sınırlara əməl edən qorunar, nəfsinə qalib gələr, azad olar;

- Oruc ibadətinin məqsədi insanı təqvaya (qorunma, qoruma, məsuliyyət şüuru) qovuşdurmaqdır; 

Əziz Allah Ramazan orucunu haqqı ilə tutmağı, xeyri, bərəkəti, birliyi, barışı, mərhəməti çoxaltmağı nəsib etsin, gözəl insanlar!

SİZƏ MARAQLI OLA BİLƏR