Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Oljas Süleymenov: nəzəri baxışlar və tədqiqatlar müstəvisində - Nizami Tağısoy

12-03-2025 [ 10:08 ] [ oxunub:30 ]
printerA+ | A-

Oljas Süleymenov yaradıcılığı daim tədqiqatçıların diqqət mərkəzində olub. Şairin yaradıcılığının elmi baxımdan öyrənilməsinə XX əsrin 70-ci illərindən başlanılıb. Alim və tədqiqatçılar tərəfindən onun əsərlərinin dil-üslub və ideya-obrazlı xüsusiyyətləri, bədii üslub manerasının özəlliyi və sairlə bağlı araşdırmalar aparılıb. Eyni zamanda əsərlərinin ritm, qafiyə və ölçü baxımdan araşdırılmasına K.S.Buzaubaqarovanın, şairin poetik dilinin özəlliklərini öyrənən N.M.Bayqaninanın, əsərlərindəki vahid üslub komplekslərinin, yaradıcılıq kontekstinin öyrənilməsinə S.Dikanbayeva kimi müəlliflərin dissertasiyaları həsr olunub.

Bundan başqa, X.X.Mahmudovun "Nəzəri üslubiyyatın bəzi məsələləri", yenə də onun "Oljas Süleymenov şair və filoloq"; K.S.Buzaubaqarovanın "Oljas Süleymenov şeiri"; N.Bayqaninanın "O.Süleymenovun poetik dilinin spesifikası"; S.Dikanbayevin "Üslubi kompleks" və başqalarının elmi-tədqiqat əsərləri Süleymenovun yaradıcılığının işıqlandırılmasında böyük rol oynayıb.

Tədqiqatçılar O.Süleymenovun üslub manerası və obraz xüsusiyyətlərini, çoxcəhətli və birmənalı qarşılanmayan poetik yanaşmalarını və ifadələrini, yaradıcılığında yer almış dualist dünyagörüşünü, düşüncəsinin etnik çöllük köklərini əsasən üç mərhələyə bölürlər. Bununla belə, bu mərhələlər bundan sonra transformasiyalara da uğraya bilər. Süleymenov öz yaradıcılığını bu gün də davam etdirdiyindən bu bölgülər yetərincə şərti xarakter daşımaqdadır:

1. Şairin 1959-1965-ci illəri əhatə edən son dərəcə çılğın və təntənəli bəyanları, ətraf aləmin, insanların dərki və onların başa düşülməsi, şairin sosial bəlalar üzərində düşüncələri, öz etnik-milli mədəniyyətini hiss edib, bundan qürur duyduğu mərhələ - 30 yaşa qədər olan erkən yaradıcılıq dövrünü əhatələyib.

2. Şairin 30-40 yaş aralarını əhatə edən (1966-1975) eksperimentçilik dövrü. Süleymenov bu dövrdə yeni formaların axtarışına çıxmaqla daha görümlü epik mənzərələri canlandırmağa, əsərlərinin janr əlvanlığını gücləndirməyə, söz və çeşidli ifadə eksperimentlərini həyata keçirməyə, müasirliyin bəzi məsələlərinə cavab tapmaq üçün öz etnik tarixi köklərinə müraciət etdiyi dövr kimi xarakterizə olunur. Maraqlıdır ki, şairin məhz bu dövr yaradıcılığında müəllif ironiyası xüsusi şəkildə formalaşır. Süleymenovun bu tipli əsərlərini L.Mil "qayersto", L.Anninski "paradoks", V.Qusev "intellektual sirk" kimi səciyyələndirirlər. Bu, onillik yaradıcılıq baxımından maraqlı olmaqla, həm də məhz bu kəsimdə sənətkarın öz orijinal fərdi üslubunun yaradıcılığı dövrü kimi diqqət mərkəzinə düşür. Şair bu dövrdə səviyyəsini arxiv mənbələrinə müraciət etməklə, V.Turbinin təbirincə desək, "öz savadlı səviyyəsini artırmaq qeydinə qalmaqla" həyata keçirir. Çünki "Az i Ya" və "Gil kitab" kimi maraqlı və birmənalı qarşılanmayan əsərlərin ortaya gəlməsi də məhz bu dövrə təsadüf edir.

3. Yaradıcılığının yetkin 40-50 yaş (1976-1985) dövrü. Filosof-şairin sənətkarlıq konsepsiyasının davamlı və inkişafda olan istiqamətləri onun bu dövr yaradıcılığındakı daha çox fəlsəfi düşüncə, poeziyasındakı rəngkarlıq və incə ironik allüziyalarla fərqləndirilir. Onun bu dövrə aid ortaya qoyduğu nümunə ən mühüm mənbə də məhz "Göyərçin kitabı"dır. Bu əsərdə şair sanki "Gil kitab"dan gələn milli şüurun mənbələrini dərindən təhlil etməklə bədii nümunələrində yeni sintez səviyyəsinə yetişməklə özünü dünya mədəniyyəti hüdudlarında təsdiqməyə müvəffəq olur ki, bu məsələlərə kardinal münasibət də məhz Q.Şaşkinanın "Söz şairin obrazlı sistemində (O.Süleymenovun poeziyasının materialları əsasında)" namizədlik dissertasiyasında əsaslı şəkildə nəzərdən keçirilib.

Onun təsəvvüründə Şair xüsusi və qeyri-ordinar bir şəxsiyyətdir və az qala ölməz ölümə məhkum olmayacaq ilahilik səviyyəsinə qaldırılır. Bundan başqa, Süleymenovun baxışlarında Şair sözün mifoloji və magik gücünə malikdir. O, nəyi isə yaratmağı bacarmaqla, həm də özündə müdrikliyi əks etdirməkdədir. Odur ki, sənətkar "Yermakın abidəsi önündə çıxış" şeirində aşağıdakıları heç də təsadüfən demirdi:

 

İndi yaxşı ənənə var

Dahilərin önündə yığışmaq

Yandan keçənlərin simasını

Haqq sözünün simasında yaratmaq.

 

Şair özünün obrazları üçün nümunə olaraq A.S.Puşkin, M.Y.Lermontov, M.Utəmisov, N.Hikmət kimi simalara nəzər salır, sənətkarın faciəvi şəxsiyyət olduğunu bir daha sübut etməyə çalışır. Süleymenov əsərlərində əsl Şairi "xəstə" qafiyəpərdazlarla, mənəviyyatdan kənar "şairlər"lə müqayisə edir. Bunlara nümunə olaraq biz onun "Kaktus"unda Aman və Yappası, "Ölümsüz qarışqa"da Nekrofil və Biofil"i və "Gil kitab"da Koteni göstərə bilərik. Süleymenovun düşüncəsində əsl Şair ətraf aləmi sözlə dəyişməyi və əsl tarixi yenidən yarada bilənlər adlandırılmalıdır.

Biz O.Süleymenovun qazax milli ənənələrinə bütün yaradıcılığı boyu sadiq qalmasını da burada kənarda qoya bilmərik. Burada belə fikrin həm də digər çoxsaylı təfəkkür sahibləri tərəfindən təqdir oldunduğunu bir daha yada salmaq istəyirik. M.Auezov, M.Tursunzadə, Q.Müsrepov, Ç.Aytmatov, B.Slutski, E.Mejelaytıs, K.Simonov, S.Samoylov, Q.Quliyev, poeziya həmyaşıdları, rus şairləri A.Voznesenski, R.Rojdestvenski, Y.Yevtuşenko, tacik şairi M.Qənaət və başqaları onun etnik bazaya bütün vücudu ilə bağlı olduğunu qeyd etmişlər.

Adlarını çəkdiyimiz şair və yazıçılarla yanaşı, tanınmış ədəbiyyatşünas və tənqidçilər qazax estetləri, rus, fransız, Azərbaycan və başqa ədəbiyyatların nümayəndələri qazax adət-ənənələrinə bağlılığı ilə bərabər, həm də Süleymenovun əsərlərində qazax və rus ədəbi-bədii düşüncəsinin sintezini gördüklərini etiraf etməkdədirlər. Məsələn, rus tənqidçi Leonid Martınov O.Süleymenovun əsərlərini rus dilində yaratmaqla, bütövlüklə qazax olaraq şair kimi nəzərdən keçirdiyi halda, B.Slutski "Bizim poeziyada rus Asiya heç zaman belə tam şəkildə danışa bilmədiyini" dilə gətirmişdi.

Lev Anninski isə "Ehtiraslar həlqəsində" adlı məqaləsində yazırdı: "Oljas Süleymenov (rus dilində yazmasına baxmayaraq) şairin milli qiyafəsi yetərincə nəzərə çarpandır. O, hər cəhətinə və hər şeyinə görə qazaxdır: çöllük peyzajına bürünmüş metaforalarda ən yüksək düşüncələrə daldığı başlıca fikri belə, onun bütün hallarda Asiyanın gələcək dünya əməkdaşlığına nə verəcəyi haqqında düşünməsidir".

D.Moldavski özünün "Çöllük, şeirlər və zaman" adlı məqaləsində isə O.Süleymenov yaradıcılığının qazax folklor ənənələri ilə bağlılığı sahəsində axtarışlar aparır. Və qeyd edir ki, o, xalq yaradıcılığını daha geniş başa düşür. Onun şeir və poemalarına qazax eposunun, toy nəğmələrinin, oynaq qafiyələrin ritmi hopur. O, sanki unudulmuş, yaxud aradan çıxıb mərasimlərlə bağlı fikirlər irəli sürüb, onu alleqoriyaya çevirir və bununla da onların müasirliyə yolunu açır.

Təxminən qeyd etdiyimiz bu tipli fikirlərə yaxın məsələlərə M.Auezov "Nəsillərim, döyüşdə məni müdafiə edin" məqaləsində O.Süleymenovun poeziyasının milli özünəməxsusluğu üzərində daha çox dayanır. O, Süleymenov yaradıcılığında özünü nümayiş etdirən bu tipli keyfiyyətlərin təsdiqini sübut edən amillərin xeyli əlamətlərini incələyərək qeyd edir ki, onun poeziyasında köçərinin öz spesifik dünya qavrayışı ilə yenidən doğulması daim hərəkətə, fəaliyyətə can atması ilə bağlıdır... Onun hərəkəti öz çıxış nöqtəsinə malik olmaqla bütün tərəflərə istiqamətlənməklə nəinki xətli, həm də dairəvi olmaqla inkişaf edə bilər. Çünki köçərini düz dairəvi çöllük əhatə edir. Yurtanın özünün orta mili düz olmaqla üfüqi bünövrəsinə və ortadakı çıxıntısına qədər dünyayla bağlı təsəvvür yaradır. Və qeyd edir ki, O.Süleymenovun özündə "Dünya dairə kimi qucaqdır" - ifadəsi vardır.

O.Süleymenovun 1969-cı ildə nəşr olunmuş "Gil kitab"ı maraqlı və böyük ədəbi hadisə olmaqla, həm də yazıçının yaradıcılıq bioqrafiyasının ən mühüm həlqələrindən hesab edilməkdədir. Bu nəşr özü-özlüyündə eksperimental poemaları birləşdikməklə, həm də O.Süleymenov poetikasında yeni nəfəs, yeni naxış kimi görünürdü. "Gil kitab"da nə tarix, nə də hər hansı digər hadisəylə bağlı işarə belə olmasa da, orada ekzotik hal, xasiyyət və adətlər yer alır və məhz bu cəhət də onun əsərini əyləncəli tarixi ədəbi nümunəyə yaxınlaşdırır. Belə müstəvidə O.Süleymenovun yaradıcılıq yolu 1970-1980-ci iillərin böyük şairləri Andrey Voznesenki və Bella Axmadulina, latış şairi İmant Ziedonis, ukraynalı İvan Draç və Vadim Korotiç, tacik Mömin Qənaət yaradıcılığı ilə həmahənglik təşkil edir. O.Süleymenovun "Gil kitab" əsərinə ayrıca tədqiqat işi həsr etmiş S.N.Maşkova isə hesab edir ki, şairin nəzərdən keçirilən poemasından novatorluq xarakterli janr məntiqi onun əvvəl, erkən dövr əsərləri, xüsusən "Yer, insana əyil" ilə tutuşdurub-qarşılaşdırdıqda daha çox müəyyənləşir".

Oljas Süleymenovun əsərlərində biz müəllifin qazax xalqının milli və sosial özünəməxsusluğunun bütün mahiyyətini onun tərəfindən inamla təqdim etdiyi psixoloji xüsusiyyətlərinin yazıçının özünün müəllif üslubunun qeyri-adi formada təqdimatında görürük.

O.Süleymenov poeziyasında qazax milli koloriti özünü ona görə yetərincə parlaq nümayiş etdirir ki, poeziyada onun spesifik xüsusiyyətlərinin konsentrasiyası  göz önündə dayanır. Şeirlərində təcəssümünü tapmış fikirlər daha çox emosionallıqla ortaya çıxmaqla, həm də bədii ifadəlilik imkanları sayəsində ritm, strofika və qafiyənin köməyi ilə təcəssüm olunur. Bununla belə, qeyd edilməlidir ki, müəllif qazax milli stixiyasında özünü yetərincə sərbəst hiss etdiyindən onun şeir və poemalarının digər dillərə, o cümlədən Azərbaycan dilinə çevrilməsi də yetərincə çətinliklər yaradır.

O.Süleymenovun yaradıcılıq manerasından danışarkən ilk növbədə onun milli spesifikasının mühüm əlaməti kimi çıxış edən sözyaradıcılığının qeyri-adi olduğunu qeyd etməyə ehtiyac vardır. Çünki O.Süleymenov yeni söz və söz birləşmələri yaratdığı zaman o, nəinki dildəki morfoloji və leksik imkanlardan yararlanır, həm də eyni zamanda qazax xalqının milli həyatını əks etdirən obrazlardan gen-bol istifadə edir.

Təsadüfi deyil ki, professor R.Abazov özünün "Yaşıl səhra: Oljas Süleymenovun həyatı və poeziyası" adlı kitabında şairin Avrasiya və dünya məkanında yerini müəyyənləşdirərkən diqqəti daha çox "yazıçı-intellektualın" diqqətini milli, regional və dünya mədəniyyəti nümunələri üzərində cəmləşdirməklə onu "dahi yazıçı kimi əsərlərində ən incə detalları qeyd etməyi bacaran tamamilə mükəmməl və özü üçün səciyyəvi olan lokal yazı üslubuna malik olub, yaradıcılıq üslubunu amerikalı yazıçı E.Heminqueylə müqayisə edir. O.Süleymenov da Heminquey kimi dünyanı çox gəzib-dolaşıb. O.Süleymenov da Heminquey kimi daim cəmiyyətin və insanın humanist naturasına və onun dünyanı dəyişmək imkanına malik olduğunu qeyd edib. 

Beləliklə, O.Süleymenovun yaradıcılığına çeşidli yanaşmalar müstəvisində nəzər saldıqda görürük ki, sənətkarın əsərləri müxtəlif yönlərdən, fərqli tədqiqatçılar tərəfindən təhlil ediləndə son dərəcə orijinal baxış bucaqları ortaya çıxır və onlar son nəticədə O.Süleymenovun poetik mətnə müraciətinin qeyri-adi mənzərələrini yaradır.

SİZƏ MARAQLI OLA BİLƏR