Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

"20-ci sahə" nəsrin yoludurmu, yaxud bataqlıqdan işıqlı dünyaya - Elnarə Akimova

10-03-2025 [ 13:00 ] [ oxunub:18 ]
printerA+ | A-
105257

Orxan Saffarinin uşaqlar üçün yazdığı "Balaca qəhrəmanların dünyası" kitabı çap olunub. Hər zaman bizi narahat edən bir məsələ var: Uşaq ədəbiyyatına niyə yeni imzalar gəlmir? Axı bütün sahələrdə yenilənmə getməsə, o, özü-özünü yeniləməsə, durğunluq yaranar, həmin sahə sıradan çıxmaq təhlükəsi ilə üzləşər. Hərçənd, uşaq ədəbiyyatının klassika kimi zəngin, öyünəsi xəzinəsi var. Amma çağdaş zamanın, həyatın nəbzi yeni düşüncənin qanadlarında gətirilir axı mətnə. Orxan Saffarinin uşaqlar üçün yazdığı hekayələrdə bu yenilik necə duyulur, yaxud ümumiyyətlə duyulurmu?

Orxan uşaq yazarı deyil. Ötən il onun "20-ci sahə" hekayələr kitabı çap olundu. Haqqında Qismət, Mətanət Vahid yazıb, yetərincə tənqid etdilər kitabdakı hekayələri. Tənqidi yazının mühüm cəhəti var ki, həmin kitabı, ya oxumaq istəyirsən, ya da ona sərf edəcək zamanı vaxt itkisi sayıb kənara qoyursan. Məndə Orxan Saffarinin hekayələrini oxumaq istəyi bəlkə ona görə yerində qaldı ki, müəllifin bundan əvvəl bir neçə hekayəsini oxumuşdum. "Kulis.az" saytının hekayə müsabiqəsində ekspert olarkən, onun "Əjdər" hekayəsi ən bəyəndiklərim sırasında idi. Müharibə ağrılarını bir insanın taleyi fonunda bədii-psixoloji çalarlarla uğurla əyaniləşdirmişdi gənc yazıçı. Sonra "Mərcan xala və polipləri" - tənha qadının qorxuları, vərdişləri, sığındığı qəribəlikləri və s. Orxanda insan xarakterlərini kiçik detallarda, kiçik vurğularda açmaq cəhdi uğurlu alınır. Amma "20-ci sahə" kitabındakı digər hekayələri oxuyarkən bu gözləntilərim doğrulmadı.  Kitabdakı hekayələrdə ədəbi gücü, mündəricəsi, enerjisi olan hekayələr azlıq təşkil edir, onlarda çağdaş insanın yaşamı, duyumu, düşüncəsi, obrazı əksini tapmır. Baxmayaraq ki, Orxanın hekayələrində yeni cəmiyyətin zümrəvi səciyyəsi bir araya gətirilib: tənha insanların dramı, əsgər həyatının yaşantıları, mənəvi-əxlaqi çöküş, sosial sıxıntı, depressiv durum və s.

Orxan daha çox həyatın dibində olan insanların həyatına köklənir mətnlərində. Yəni bu pillədən həyat, ömür, dünya işləkləri necə görünür, hekayələrində daha çox bunu əyaniləşdirməyə cəhdlər var. Amma necə? Məsələ də elə bundadır. Orxan bu hekayələrinə küçə insanının problemini deyil, küçə insanının özünü gətirir. Sosial gerçəklərin çılpaq şərhi, underground həyata dair qəzəbli, sərt yanaşmalar, qrotesk mənzərələr, insanlığa, həyata ironiya, həyatın dibində olan, darıxan, bezgin insanların təsviri... Amma bu darıxma, bu bezginlik nədəndir? Sosial əhatədənmi, yabançı mühitdənmi, cəmiyyətdən, yaxud taledən-tarixdən-zamandan, şəxsi həyatındanmı? Kitabda ancaq "Əjdər" hekayəsində bunun dərki, qəhrəmanın içindəki tənhalığın motivlənməsi var. 

 

Hələ "İrina Qasparyan" hekayəsi! Torpaqları 30 il işğal altında olan, müharibə yaralarından yenicə çıxan xalq olaraq bizə ideoloji dürüstlük gərək deyilmi? Yenə də azəri kişisinin "axçi" aludəliyi önündə zəifliyi, aşinalığı... Bu "mif" bizə nəsrimizdən yaxşı tanışdır, "Əsli və Kərəm", "Bahadır və Sona" (N.Nərimanov), "Sarı tağ" (A.Abdulla), "Erməni adındakı hərflər" (M.Süleymanlı), "Qarabağ şikəstəsi" (V.N.Sarıhüseynoğlu), "Quqark" (S.Baycan) kimi əsərlərdə erməni-azərbaycanlı münasibəti müxtəlif rakurslardan bədii təsvirin mərkəzinə çəkilirsə də, nəhayətində, milli xarakterin boşluqlarından nəşət tapırlar. Orxan da bu boşluğa öz töhfəsini verir. Fərqli görünmək ədası, gəncliyin çılğın sözü kimi anlayaqmı? Olsun, amma axı vətən, şəhidlik məqamları kimi müqəddəs anlayışlar da var axı. 

Orxan hekayələrində nəyə görəsə, bilərəkdən xəyanət mövzularına, intim hisslərin təsvirinə meyil edir. Həm də bunu epotaj səciyyəli, çılpaq ifadələrlə təqdimləyir. "Kor Bağır", "Zavuçun pişiyi", "İrina Qasparyan", "Gilas mürəbbəsi", "Kazımın anası", "Kimsəsizlər qəbiristanlığı". 12 hekayədən altısı bu mövzudadır. Dərinə gedəndə qalan o altı hekayəsində də bu mövzudan bir "duz" vardır.  Orxan bacardıqca mövzunu, söhbəti aparıb bu məqamlara çalayır. Hekayələrdə daha çox çılpaq deyim tərzi hakimdir, bədii obrazlar daha çox illüstrativ səviyyədədir, "Əjdər" hekayəsindən başqa heç birində bədii obraz yaşam kimi meydana çıxmır, dinamik-analitik mündəricə ehtiva eləmir. Müəllif bəzən müəyyən cəhdlər edib müxtəlif planlı işarə-eyham-detalları yanaşı gətirmək istəyir, məsələn, "Gilas mürəbbəsi" hekayəsində, amma bu, mətndə müəllif istəyindən başqa ciddi bir tutarğa tapmadığından ortada mənasız cəhdlər qalır.   

 

Yuxarıda qeyd etdiyim kimi, Orxanın mətnlərində ən qüsurlu məqamlardan biri yerli-yersiz epotajdan istifadə etməsidir. Bunu onun "Əjdər" hekayəsi haqqında yazdığı məqalədə Təvəkgül Boysunar da qeyd etmişdir: "Hekayədə qüsur kimi görünən şeylərdən biri kimi açıq-saçıq ifadələrin tez-tez qarşıya çıxmasını qeyd etmək olar. Doğrudur, hekayəni nəql edən obraz, belə demək mümkünsə, küçə uşağıdır və hekayədə də küçə leksikonunun olması, əslində qaçılmazdır. Amma yenə də, bu ifadələrin mətnin ümumi səslənişinə xələl gətirdiyini danmaq olmaz. Məsələn, təsəvvür edək ki, ədəbiyyata qayğı göstərməyi qəfildən qərara alan hansısa qurumlar "Əjdər" hekayəsinin televiziyada səsləndirilməsiylə bağlı göstəriş verir. Bu hekayəni televiziyada, kütlə qarşısında səsləndirmək, görəsən, mümkün olacaqdımı? Məncə, yox".

Məsələ, bu ifadələrin harada səslənməsi ilə bağlı yaranacaq problemdə deyil. Orxan Saffarinin hekayələri üçün bu ayrıntı yoxdur: küçə insanlarının həyatımı, yoxsa, küçənin özümü? Məncə, Orxan bunun mahiyyətinə varanda, o zaman onun nasirlik potensialı daha düzgün istiqamətə yönələcək.  

 

Orxan düşündüyü kimi yazır, heç bir əlavə bəzək-düzəyə ehtiyac duymadan. Əslində, bu, yaxşıdır. Yersiz tilsim-sirr-eyhamlara getmir müəllif, şərti mahiyyətə varmır. Daha realist, daha natural boyalarla danışmağa üstünlük verir. Amma lap tutaq ki, bu tilsim, kod-işarələrdən yararlandı, bunun motivasiyasını, funksionallığını verə biləcəkdimi? Axı ən sadə təsvirlərdə belə, Orxan Saffaridən istədiyimiz nəticəni ala bilmirik. Müəllif nəyi demək, nəyi təlqin etmək istəyir, hekayələrdə bunun bədii enerjisini görmürük. Əlbəttə, bəzi müşahidələrində gənc nasirin təsvirləri uğurlu alınır: Məsələn, "Maqsud" hekayəsində "üzündən dul qalan qızlıq yağırdı"; "Mənim erməni qonşum" hekayəsində "qonşuların ona nifrəti şəhid xəbərləri ilə birgə çoxalırdı"; "Kor Bağır" hekayəsində "Camaat içib serroz olur, bunun gözləri tutuldu. İki gözü birdən pırtlayıb çıxdı. Ağı qarasına qarışdı. Hələ sağ ikən bu işıqlı dünyaya əbədi olaraq gözlərini yumdu"… Amma və lakin... Obraz yaşamdır, onun necəliyi də yaşamdan alınan təəssürat kimi oxucuda özü ilə bağlı müəyyən qənaət doğurmalıdır. Bəlkə də müəllifin altşüurunda qələmə alınan həyat hekayələrinin hər biri diri, dinamik səciyyədədir. Amma mətndə onlar artıq yaşamdan çox, illüstrasiya olaraq görünürlər. Yığcam süjetlərdə ancaq müəllif əhval-ruhiyyəsinin işarəsi kimi mənalanırlar, sabun köpüyü qismində danışılan anda unudulan hekayətlər təəssüratı doğurur, insan içi və psixologiyasının dərin təcəssümündə meydana qoyulmurlar. 

 

"Əjdər" hekayəsi isə ayrıdır. Hətta deyərdim, müharibə ilə bağlı nəsrimizdə yaxşı hekayələrdən biridir. Orxan bunu ovqatının hansı halında yazıb, bilmirəm, amma bu hal artıq nəsrin yoludur. Realist təhkiyəyə əsaslanan bu materialda bütövlük mətnin yaranışından sonadək üzviliyini qoruyub saxlayır. Orxan Saffari məncə, özü də bu kitabı ilə bir qədər böyümüşdür. Hər halda dərk etməmiş deyil ki, hər cür yeni duyum, revanşist əda, çılğın üslub öz yerində, ədəbiyyat ancaq və ancaq insan həqiqətini dərk edəndə və bunu ifadə etməyə gücün yetəndə olur, alınır. "Əjdər" hekayəsində olduğu kimi. Düzdür, bunu hekayədəki bütün məqamlar haqqında demək mümkün deyil. Hər halda, bu mətndə Orxanın, hətta xam bədiiyyat çabalarının da altında yazıçı obrazının yatdığını görmək mümkündür. 

 

***

Orxan Saffari uşaq hekayələrində daha çox yazıçı pozasındadır. Özünün çağırış motivləri və bədiiyyat ruhu ilə! Hekayələrin aurası uşaq mətnləri üçün gərək olan işıqlı bir  yazıçı sözü, yazıçı nəfəsi üzərindədir. 

Uşaqlar üçün yazdığı nağıllarda Orxan daim işıqlı bir dünyaya canatımı ilə seçilir. Əslində bu məqam maraqlıdır: onun bütün qəhrəmanları balaca qara balıq kimi məcrasına sığmırlar, daim uzaqlara can atmaqla seçilmək, fərqli dünyalar kəşf etmək istəyirlər. Bütün nağıllarında uşaqların hardasa uzaqlarda olan dünya ilə bağlı qurduqları xəyalları var. Orxan bu uşaqları həmin dünyalara aparır, amma çox keçmədən onlar geriyə - sevdiklərinin yanına qayıdırlar. Bu anda düşünürəm, kim bilir, bəlkə Səməd Behrənginin o balaca qara balığı da dünyanı gəzib dolaşandan sonra ayrıldığı yaxınlarının yanına qayıdacaqdı? Təəssüf ki, ədəbiyyatın bu suallara cavab vermək öhdəliyi yoxdur. O ancaq sual yaratmaq üçündür. 

 

Amma Orxan işıqlı dünyaya qaçış motivini demək olar ki, hər nağılda təkrarlayır. Gərək oxuduğunu unudub ikinci nağıla keçəsən, əks təqdirdə, daim eyni məqama köklənmə yorucu ola bilər. Hər dəfə hansısa möcüzəvi qüvvə - sehrli quş, qoca qarı, bədheybət, meşədəki ağ işıq, ağacın üstündə taxtadan qurulmuş ev, dəmir qabdan tapılan xəritə uşaqları yeknəsəklikdən qurtaran vasitə kimi təsvir olunurlar.  

Yaxşı cəhət budur ki, Orxan bu hekayələrdə öyüd-nəsihəti hadisələrin fonunda bildirir. Süjetli nağıl, hər nağılın arxasında dayanan hadisə fonu uşaqlara mətndəki əsas ideyanı aşılamağa yardımçı olur. Bu, bəlkə də onun seçdiyi ədəbi priyomdur. Çünki məlumdur ki, istənilən fikir süjetsiz, bilavasitə nəsihət şəklində verildikdə təsirsiz olur. Nəsihəti isə Belinski demiş, "heç böyüklər də sevmir".

Digər məsələ, Orxanın nağıllarında uşaqlarla böyüklərin davranışı çox ibrətamizdir. Bu mətnlərdə uşaqlarla böyük kimi davranılır - hörmət, qayğı, nəvaziş, həm də anlayışla. Uşaqla onun idrak səviyyəsinə uyğun şəkildə danışmaq, yapışıqlı təhkiyə ilə onların qəlbinə nüfuz etmək səriştəsi uğurlu yanaşmadır. Məsələn, "Həsən və bədheybət" nağılına diqqət edək:

"Həsən bir gün bu barədə anası ilə də danışmaq qərarına gəldi:

- Ana, mən nə vaxt böyüyəcəm?

Anası gülümsəyərək:

- Vaxtı gələndə, oğlum. Niyə bu qədər tələsirsən? 

Həsən həyəcandan parıldayan gözlərini bir az da geniş açıb cavab verdi:

- Mən tez böyüyüb güclü olmaq və pis adamları döymək istəyirəm!

Anası onun sözlərinə diqqətlə qulaq asıb mehribanlıqla əllərini Həsənin balaca çiyinlərinə qoydu:

- Oğlum, insan böyüdükcə yalnız güclü yox, həm də ağıllı olmalıdır. Əsl güc, insanlara zərər vermək üçün deyil, kömək etmək üçün istifadə ediləndir. Gücünü yaxşılığa yönəltmək ən böyük mərdlikdir. 

Amma bu kitabda da bəzi nağıllarda - "Yalan danışmağın aqibəti", "Qalibin üzüyü", "Sevil və Sadiq" məsələn, ideyalar yaxşı olsa da, onu ifadə bacarığı, mətnə çevirmək potensialı zəifdir. Nə mənada? Yəni, Orxan bu nağıllarda dostluq, ailə bağları, müəyyən tərbiyəvi məqamlarla bağlı demək istədiyi fikri,  hər hadisədən nəticə çıxarmaq zərurətini quru mühakimə, nəsihət yolu ilə verir, hadisənin mahiyyətindən əxz olunan ümumi qənaət olaraq ümumiləşdirmir. 

 

Ümumiyyətlə, Orxan Saffarinin mətnlərində problem nədədir? Bəzi hekayələrdə yaxşı mövzu tapır, amma onu uğurla işləməsi üçün həyat materialı, nasirlik təcrübəsi çatmır. Yaxud bəzilərində yeni həyat materialı ehtiva olunur. Amma yeni həyat materialı nəsrdən həm də yeni yanaşma, təqdim, xarakter, obrazını istəyir. Bu mənada, ideya, məzmun və formanın vəhdətini verən hekayəyə Orxanın kitablarında az rast gəlirik. 

Daha bir qeydim var. Kitabda nəzərəçarpan orfoqrafik səhvlər görülən işə xələl gətirən amildir. Unutmayaq ki, sözlərin yazılışında səhvlərə yol verilməsi hələ yazıb-oxumağa yenicə başlayan uşaq üçün yanlış yönləndirmə ola bilər. Hərf düşümünü texniki səhv saya bilərik, hərçənd bu da bədii effekt yaratmağa mane olur, ifadə səlisliyinə xələl gətirir, amma bəzi sözlərin yanlış təqdiminin bəraətini necə verək? Məsələn, "təsirləndi" sözünü kitabda "təəssirləndi" (kitabda bu söz iki yerdə səhv gedib: s.12, 24) kimi oxuyan uşaq bunu elə bu cür qəbul edəcək. Yaxud cümlələrdəki xətalar: "Baba bu sözləri eşidəndə gülümsəyib və soruşdu" (s.70), - buradakı "və" bağlayıcısı artıqdır. "Hər üçü qorxsa da, Günay lap çox qorxurdu" (s.70), - fikir təkrarı cümlələrin səlisliyini pozur. "Uzaq diyarlardan birində balaca bir qəsəbə yerləşirdi" (s.13), - bəlkə "diyarların birində" olsun? Belədə mətn daha rəvan və axıcılıq qazanmırmı?

Kitabdakı şəkillər, nağıllara çəkilən illüstrasiyalar isə uğurla işlənib. Ağ və qara rəngin vəhdətindən hasilə gələn bu şəkillər, hətta mündəricəsi zəif olan nağılı belə cazibədar formada təqdim edə bilir. 

"Balaca qəhrəmanların dünyası" kitabında səmimiyyət hissi və balacaların rəngarəng dünyasına, maraq dairəsinə aid nə varsa, müəllifin ona hədəflənib yazmaq məramı, uşaq ruhunu həssaslıqla duymaq bacarığı öndədir və bu keyfiyyətlər kitabdakı nağıllara qeyri-ixtiyari şəkildə mənəvi təravət və enerji ötürür. Tərbiyə, əxlaqi-mənəvi xarakter, düzgün davranış aşılamaqla bərabər, sözü incəliklə demək bacarığı, təsvir israfçılığına yol verməmək Orxanın mətnlərində yaxşı cəhətlər kimi qeyd olunmalıdır. Məncə, balaca qəhrəmanları kimi, Orxan Saffarinin özü də, hardasa uzaqlarda olan rəngarəng dünyanın xəyalını qurmaqla axtarışlar aləmində var-gəl edir. İnanıram ki, o, "20-ci sahə"nin bataqlığından sıyrılıb işıqlı dünyaya gedən yolu mütləq tapacaq - özü üçün, oxucular üçün, ən əsası, Ədəbiyyat üçün!

SİZƏ MARAQLI OLA BİLƏR