Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Roman dərsləri Ədəbiyyatın səhnəsi - Cavanşir Yusifli

05-03-2025 [ 10:28 ] [ oxunub:50 ]
printerA+ | A-

Pərvanə xanım İsayevanın xatirəsinə

Hər bir bədii əsər, bədii mətn bir şey anladar, həyatda olan və olmayan və ən əsası, bu ikisinin arasından xəyal kimi keçən bir nəsnə. Bu, xəyal yazan və oxuyan adamın ortaq sərvətidir. Ana dilində yazan müəllif bu xəyala güvənib nəticədə yeni dil yaradır - hər şeyin üstündə qərar tutan, dünyadakı hər şeydən arınmış, ancaq hər şeyə nüfuz edə bilən bir dil. Bu "yeni dil" (metadil) təbii dilin hesabına yaransa da, əsas əlifbası yazan adamın xəyalıdır. İki dildə, bilinqivizm kontekstində yaşayan sənətkarlarsa həmin xəyalın ərazisini sonsuza qədər genişləndirmək gücünə yiyələnə bilərlər. Çingiz Hüseynovun "Fətəli fəthi" romanı rus və Azərbaycan dillərində fərqli nəsnələrdir, biri digərinin tərcüməsi deyildir və faktdan da aydın görünür ki, məqsəd yazıya və dolayısı ilə milli düşüncəyə qanad verən xəyalın gücünü nümayiş etdirməkdir.

Həyatda, gerçəklikdə olan nəsnələr xəyalla yaradılanı hər qarışda pozmağa cəhd etsə də, sonda ona təslim olur, onun gerçəklik kimi görünməsinə, özünü təsdiq etməsinə şərait yaradır. Pərvanə xanım İsayevanın ifrat duyğusallıqla oxuyub araşdırdığı Mövlud Süleymanlı nəsrində bunun əyani ifadəsini görməmək mümkün deyildir. Pərvanə xanım dərin hissiyyatlı oxusuyla gözlənilməz gedişləri tapıb roman, nəsr kontekstində araşdırıb yaxşı mənada qəribə nəticələrə gələ bilirdi. Bir dəfə onun "Yel Əhmədin bəyliyi" (Mövludun ən yaxşı mətnlərindən biri - !) povestindən danışırdıq, Pərvanə xanım əsərin ilk cümləsindən tutub onu bizim zəngin mədəniyyətin ən munis qatlarına qədər əlaqələndirə bilirdi və povestin yuxarıda vurğuladığımız "xəyal qatında" Nəsimi obrazının necə cilvələndiyini göstərirdi.

Qayıdaq mövzuya, yəni eyni mətləbə. 

 

Çingiz Aytmatovun "Ağ gəmi" romanında ən önəmli, təhkiyənin bir nöqtədə nəfəs dərib gəldiyi sonuc: insan özünə dürüstcə baxmağı bacarmalıdır, - deyimi onun yaratdığı mətnlər içində, həm də gəminin və yalanların ağlığı fonunda, hər şeyin "səmasından" şimşək parıltısı kimi keçən bir duyğudur. Başqa heç nə. Bu mətləbi hər kəs bilir və məqamında, yaxud bəzən, bıçaq sümüyə dirəndiyində deyə bilər. Bədii mətnsə nəyisə anladır və oxucunu bu anladılanla üz-üzə qoyur. Ondan qaça, üz döndərə bilərsən, sonda iki şey gələr başına: ya onu əlimyandıda axtararsan, ya da o səni dar bir dalanda haqlayar. Bədii mətn adi əhvalatlarla qaçılmaz, yaxa qurtara bilməyəcəyimiz mətləbləri pıçıldar. Romançının, məşhur "Gün var əsrə bərabər" romanı isə paralel olaraq bir neçə kontekstdən çıxış edir. Dünyanı, yaşamı, həyatı... anlamaq baxımından həmin kontekstləri bir-birinə paralel və çarpaz qaydada araşdırır. Bu, sırf XX əsr mətnidir, XX əsrin başlanğıcından yaranmağa başlayan roman təcrübəsinin ən kamil səhifələrindən biridir. "Burası dünya. Burda hər şey yarımçıq qalacaq. İnsan ömrün bir bəlli məqamında anlar ki, o, sadəcə, yarımçıq qalan bir hekayənin içindədir, burdan çıxış yolu aramaq mənasızdır, insanın varoluşudur bu yarımçıqlıq..." İnsan bu dünyaya bu əskiklikləri tamamlamağa gəlir, amma anlayır ki, onları baş-başa gətirmək mümkünsüzdür. Bu qənaət əslində Çingizin məşhur romanında tapdığı bir həqiqət deyil, ta qədim zamanlardan bütün bədii mətnlərdə əksini tapmış bir nəsnədir. İnsan bu yarımçıq fraqmentlərin birini yaşayır, bu dünyadan köçdükdən sonra həmin fraqment milyon zərrəciyə dönür, bitib-tükənməzlik (yəni, həm bitmək, həm də tükənməzilik..., R.Bartın dediyi kimi, bədii mətn sonsuzluğa uzanan sonsuzluqdur...) stixiyası heç zaman sönmür. Çingizin adını çəkdiyimiz romanını oxuduqda daim kosmosun ənginliyini hiss edirsən (bu xətt - kosmosla əlləşmək onun digər romanlarında da izlənilir...), Yeri və Kosmosu, insan bu xaosun içindən Heminqueyin "Klimancero qarlarına" tərəf irəliləyir; mükəmməllikdən mükəmməlliyə. Tabletlər şəklində tapılan "Gilqameş" dastanı bəzən mənə elə gəlir ki, başqa bir sivilizasiyanın mikro-dalğalarıdır, çox fərqli, ömrünü başa vurmuş sivilizasiyanın son qəlpələri, tabletləridir. O sönmüş dünya bizim ruhumuzda dirilir, əsrlər keçir, Nizami Gəncəvi bu mikro-dalğaların dilini açıb onlardan gələn həniri sözlərə çevirir.

Ancaq...

Bəzən bir bədii mətni dəyərləndirmədə fikirlər çalpaşıq düşür, ayrılır, ziddiyyət yaranır; bəzən bir mətni dəyərləndirmədə fikirlər "stereotip dəryasında" birləşir nəhayət, bəzən dəyəri insanın aşıb-daşan biliyi müəyyənləşdirir, fəhm bu işdən "qovulur". Amma... bu ikisi - biliklə fəhm qovuşanda sən o bədii mətni düzgün dəyərləndirə bilirsən, həm də başqalarının sənin rəyinə tərs gələn düşüncələrinə də ərazi, məkan, yer... saxlayırsan; onlar olmasa, sənin verdiyin qiymətin bir mənası qalmaz... Fəhm bilikdən qabaqda gedə bilər, bu da var - yəni ədəbiyyat, həm də bizim bir-birimizə danışa bilmədiyimiz şeylərdir...

Çingiz Aytmatovun romanlarında bu mətləb də var, duysaq da, duymasaq da.

SİZƏ MARAQLI OLA BİLƏR