Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mühüm elmi nəticələri sırasından nəşrlər

31-01-2025 [ 17:26 ] [ oxunub:33 ]
printerA+ | A-
105178

Məhəmməd Füzuli. Həyatı və yaradıcılığı

İcraçı: Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektoru. Kollektiv.
Mövzu: Məhəmməd Füzulinin həyat və yaradıcılığı

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbyacan Respublikası Prezidentinin  Sərəncamından irəli gələn vəzifələrdən biri kimi Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektoru tərəfindən hazırlanan “Məhəmməd Füzuli: Həyatı və yaradıcılığı” adlı monoqrafiya bu sahədə indiyədək görülmüş işlərin məntiqi yekunu kimi diqqəti cəlb edir. Bu monoqrafiya Məhəmməd Füzulinin həyat və yaradıcılığını tam şəkildə əhatə edən ilk fundamental elmi-tədqiqat əsəridir.

On fəsildən ibarət olan monoqrafiyada mövcud materiallar əsasında Füzulinin dövrü, mühiti, həyatı geniş, sistemli və hərtərəfli şəkildə araşdırılır. Şairin Azərbaycan, fars və ərəb dillərində yazdığı zəngin ədəbi irsi ideya-bədii özəllikləri, forma və məzmun xüsusiyyətləri, nəzəri-fəlsəfi qaynaqları baxımından ətraflı şəkildə tədqiq və təhlil olunur.

Monoqrafiyada dövrünün tanınmış adamlarına ünvanladığı məktublar və divanlarının dibaçələri, Azərbaycan və fars dillərində yazdığı divanlar, üç dildə qələmə alınmış qəsidələr divanı, Azərbaycan epik şeiri tarixində xüsusi mərhələ təşkil edən poemaları, bədii nəsr əsərləri, bədii tərcümə yaradıcılığı,  eləcə də fəlsəfi görüşlərini əks etdirən “Mətləül-etiqad” traktatı ayrıca tədqiqata cəlb olunmaqla Füzuli şəxsiyyətinin bütövlüyü və mükəmməlliyi üzə çıxarılır. Bundan başqa, Füzulinin özünəqədərki klassik Şərq şairlərindən bəhrələnmə səviyyəsi və özündən sonrakı şairlərə təsiri, dünyanın müxtəlif yerlərində: ingilis, alman, ərəb, rus, polyak şərqşünaslığında, eləcə də Türkiyə, Özbəkistan, İran və b. ölkələrdə füzulişünaslıq sahəsində görülən işlər, aparılmış tədqiqatlar təqdim edilərək onlara münasibət bildirilir. Azərbaycan füzulişünaslığının, Füzuli əsərlərinin nəşri ilə bağlı qarşıda duran bir sıra vacib məsələlər müəyyənləşdirilir. 

Azərbaycan uşaq ədəbiyyatı: tarixi təcrübəsi və müasir istiqamətləri”

İcraçı: Filologiya elmləri doktoru, dosent  Elnarə Akimova
Mövzu: Çağdaş humanitar fikrin kontekstində Azərbaycan uşaq ədəbiyyatının tarixi təcrübəsi – təşəkkülü, yaranması və inkişafı

Tədqiqatda çağdaş humanitar fikrin kontekstində Azərbaycan uşaq ədəbiyyatının tarixi təcrübəsi – təşəkkülü, yaranması və inkişafı ümumiləşdirilir. “Uşaq ədəbiyyatı: tarixdən çağdaşlığa”, “Klassika modern işığında”, “Uşaq mətnləri diskurs kimi”, “Uşaq ədəbiyyatında müharibə və zəfər duyğuları”, “Dərsliklərin vəziyyəti: problemlər, qayğılar”, “Müsahibələr: analitik müstəvidə”, “Müzakirə saatı: söhbətlər, düşüncələr”, “Uşaq ədəbiyyatında imzalar” adlı bölmələrdə sistemləşdirilən mətnlərdə uşaq ədəbiyyatının müasir istiqamətləri ilə bağlı dəyərləndirmə aparılır, müxtəlif uşaq ədəbiyyatı nümunələrinin poetikası, üslub və növ zənginliyi nəzəri analizə cəlb olunur, habelə uşaq ədəbiyyatının Zəfər tariximizdən sonrakı inkişaf meyilləri tədqiqat predmetinə çevrilir.

“Yeni Azərbaycan ədəbiyyatı tarixi oçerkləri”

İcraçı: Fil.e.d. Rəhim Əliyev
Mövzu: Üç cildlik anadilli Azərbayan ədəbiyyatı tarixi oçerkləri layihəsinin üçüncü cildi

Tənqidçi, filologiya elmləri doktoru Rəhim Əliyevin “Yeni Azərbaycan ədəbiyyatı oçerkləri (1813-2023)” kitabı strukturu, elmi konsepsiyası, milli ədəbiyyat tarixinə baxış tendensiyası baxımından fərqlənir. XIX-XX əsr ədəbiyyatını ehtiva edən 11 fəsildən ibarət kitabda Rəhim Əliyev tənqidçi mövqeyindən çıxış edərək tarixi-ədəbi hadisələr, bir-birinə zidd dövrlərin tarixi, siyasi tehdensiyasına, sovet dövrü ayrı-ayrı yazıçı və tənqidçilərin mövqeyinə, yeni üslub və cərəyanların formalaşma mərhələlərinə nəzər yetirir, oçerklərin elmi konsepsiyasından irəli gələrək obyektiv, şablonlardan kənar milli ədəbiyyat tarixini yaratmaq trayoktoriyasını təqdim edir. Kitabda müstəqillik dövrü ədəbiyyatının özəlliyi, tənqidin ədəbi dəyərlərə əks mövqeyi məsələləri də geniş şərh olunur.

 

SİZƏ MARAQLI OLA BİLƏR