Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Adil Babayev və Azərbaycan soneti - Vaqif Yusifli

28-01-2025 [ 13:39 ] [ oxunub:25 ]
printerA+ | A-

Adil Babayevin 100 illiyinə

Atası güllələnəndə o, ikiaylıq uşaq idi. Qafar Əliqulu oğlu Babayev o zaman (1925-ci ildə) Naxçıvan Muxtar Respublikasının daxili işlər komissarıydı. Ondan əvvəl də Hərbi komissar, Fövqəladə komissiyanın sədri vəzifələrində çalışmışdı və mənsub olduğu bolşevik partiyasına, Lenin ideyalarına sədaqətli idi. Amma uydurma sənədlər və üzünə duran adamların yalançı ifadələri əsasında Qafar Babayevi ölümə məhkum etdilər. İyirminci illər repressiya tufanının ilk zərbəsinə düçar olanlardan biri idi o komissar. Yalnız otuz ildən sonra - 1956-cı ildə Qafar Babayevə bəraət verdilər. 

O ikiaylıq uşaq - gələcəyin istedadlı şairi Adil Babayev isə anası Xeyransa xanımın qayğısı, mehr-məhəbbətiylə böyüdü, yaşa doldu. Adil Babayev Naxçıvanda yeddiillik məktəbi, Tbilisidə orta məktəbi bitirdi. Orta məktəbi bitirəndən sonra elə Tbilisidə ikiillik Müəllimlər İnstitutuna daxil oldu. Ədəbi yaradıcılığa da elə o illərdə başladı. İlk şeirləri "Yeni qüvvə" jurnalında, "Sovet Gürcüstanı" qəzetində və "Gənc nəsil" almanaxında dərc edildi. Tbilisidə yaşayarkən, "Sovet Gürcüstanı" qəzetində ədəbiyyat şöbəsinə rəhbərlik elədi. Sonra Bakıya köçdülər. Yenə mətbuatda çalışdı. Daha sonra İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirdi.

Və günlərin bir günü "Çinar" şeirini yazdı. Bu şeirdə o, Vətənə dönən bir qürbətçinin duyğularını ifadə edirdi. O qürbətdən dönən qoca üzünü cavanlara tutub gənclik illərini yada salır:

 

O anıb öz gənclik macərasını,

Deyir oğlanlarım, şirindir vətən.

Ondakı hər soyuq daş parçasını

Minlərlə gövhərə dəyişmərəm mən.

 

Mən də cavan idim, mən də sevirdim

Zərif bir afətin gülüşlərini.

Min şirin xəyala dönərdi dərdim

Onunla gəzdikcə dağ döşlərini.

 

Daddıqca aləmin hər nemətini,

Dilbər guşələrdə ötdüsə ömrüm,

Dünyanın ən böyük səadətini

Bu boylu çinarın altında gördüm.

 

Bu şeiri oxuyan ustad Səməd Vurğun onun təsiri altında "Mənim arzum" şeirini qələmə aldı və 20-21 yaşlı cavan şairi ürəkdən alqışladı:

 

Şair, nə incədir rübabın sənin,

Uçurdu ruhumu çaldığın o saz!

Vətən torpağında bitən gülşənin

Yarpağı saralıb, çiçəyi solmaz!

 

Səməd Vurğunun bu cavan şairə belə ehtiram və qayğısı Adil Babayevin həyatında bir dönüş nöqtəsi oldu. Hansı cavan şair istəməzdi ki, ustad Səməd Vurğun onun haqqında söz deməsin? Adil Babayev tezliklə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul olundu, amma tərcümeyi-halında atasını inkar etmədi, güllələndiyini gizlətmədi. Atası bəraət alandan sonra isə Sov.İKP üzvlüyünə qəbul olundu.

Daha rahat nəfəs almaq olardı. Artıq üzərindən "xalq düşməninin oğlu" nəzərləri götürülmüşdü. 

Adil Babayevin şəxsiyyəti ilə şeirləri arasında heç bir ziddiyyət yox idi. Təbiətən saf, təmiz, işıqlı bir insan idi və bu xasiyyət onun şeirlərində də gözə çarpırdı. Nə yazırdısa, səmimi yazırdı. Onun şair səciyyəsi barədə hamının gəldiyi bir qənaət bu idi ki, Adil Babayev lirik şairdir. Sağlığında onun iyirmi kitabı çap olunmuşdu. Vəfatından sonra da neçə şeirlər kitabı işıq üzü görüb. Oğlu Etibar Babayevin tərtibi ilə çapdan çıxan "Fəsillər dəyişəndə" şeirlər kitabı fikrimizcə, ən sanballı toplu kimi diqqəti cəlb edir. Etibarlı oğul Etibar Babayev bu kitaba Adil Babayev sənətini və şəxsiyyətini işıqlandıran gözəl bir müqəddimə yazıb.

Adil Babayevin poetik yaradıcılığı həm mövzuca, həm də bədii sənətkarlıq baxımından zəngin və çoxcəhətlidir. Görkəmli tənqidçi-ədəbiyyatşünas, akademik Kamal Talıbzadə "Şair, nə incədir rübabın sənin!" məqaləsində yazırdı: "Onun şair rübabının sədaları rəngarəngdir. Həyatın, təbiətin hər hadisəsi onun şair könlünü həyəcana, riqqətə gətirə bilir. Onun üçün böyük, kiçik mövzu, böyük, kiçik hadisə yoxdur. O, Vətəndən də, onun yollarından da, xalqlar dostluğundan da, evlərinin qabağında ucalan qarağacdan da, siyasi hadisələrdən də, küləkdən də, alma ağacından da, ulduzlardan da eyni hərarətlə, eyni ilhamla yaza bilir. Lakin bütün bunlar əsas bir mövzu ətrafında cəmləşir - insana, onun arzularına, gələcəyinə xidmət! İnsan şairin ölçü vahididir:

 

Adım - insan,

XX əsr adlanır

yaşadığım zaman.

Beynimdə təfəkkürün çırağı.

Əlimdə zəhmətin

şəfəq rəngli bayrağı...

Qismətim sevincdir, həyəcan, intizar".

 

Adil Babayev həm də teatr aləmi ilə bağlı bir insan idi. Onun "M.Əzizbəyov adına teatr", "Şərəfli yol" monoqrafiyaları Azərbaycan teatrının tarixinə həsr olunmuşdu. 

Bundan başqa, "Lütfəli Abdullayev", "Leyla Bədirbəyli", "Ağahüseyn Cavadov" kitabçaları görkəmli aktyorlar haqqındaydı. Onun teatrla bağlılığı "Dağlar qızı", "Yarımçıq portret", "Mənim məhəbbətim", "Qız görüşə tələsir" pyeslərinin müxtəlif səhnələrdə tamaşaya qoyulmasıydı.

Bu yazıda Adil Babayevin Azərbaycan ədəbiyyatında müstəsna yeri olan sonetlərindən söz açmaq istəyirik.

Məlumdur ki, sonet dediyimiz şeir formasının ilk nümunələri italyan ədəbiyyatında yaranmışdır. Onun yaradıcısı şair - vəkil Yakopo da Lentini olmuşdur. Sonralar bu şeir forması bütün Avropanı, Rusiyanı, Şərq ölkələrini gəzib-dolaşmış, XX əsrin əvvəllərində isə Azərbaycan ədəbiyyatına "müsafir" olmuşdur. Amma bu "uzaqdan gələn qonaq" illər keçdikcə bizim poeziyada öz yerini möhkəmlətmiş və digər şeir formaları kimi populyarlıq qazanmışdır. İndi Azərbaycan sonetindən söz açmaq olar.

 

Adil Babayevdən, onun yaradıcılığından söz açanda sonet janrı yada düşür və bu söz olmadan ümumiyyətlə, ondan danışmaq yarımçıq təsir bağışlayar. Qətiyyətlə deyə bilərik ki, Azərbaycan ədəbiyyatında sonetin - bu Qərb ədəbiyyatının (italyanların, ingilislərin, fransızların) bizim ədəbiyyatımıza "təşrif" buyuran şeir formasının poeziyamızda özünəməxsus yer tutmasında, milliləşməsində Adil Babayevin xidmətləri böyükdür. O, Azərbaycan sonetinin formalaşmasında böyük rol oynamışdır. Hərçənd ki, Azərbaycan poeziyasında sonet janrı artıq XX əsrin əvvəllərində təşəkkül mərhələsi keçirmişdi, 1920-1950-ci illərdə axtarış mərhələsinə qədəm qoymuşdu. Filologiya elmləri doktoru Hüseyn Həşimlinin "Azərbaycan poeziyasında sonet və terset" (Bakı, 2003) və filologiya elmləri namizədi Elşad Səfərlinin "Sonet janrı və Azərbaycan soneti" monoqrafiyalarından öyrənirik ki, Azərbaycan ədəbi mühitinə sonet bir janr kimi, öncə qeyd etdiyimiz kimi, XX əsrin əvvəllərində vəsiqə almışdır. Həmin dövrdə Osmanlı ədəbiyyatında bir sıra Qərb mənşəli lirik janrlarla bərabər, sonetə də müraciət olunurdu, T.Fikrət, M.E.Yurdakul, C.Sahir, Ə.Kamal kimi şairlər bu sahədə uğurlu nümunələr yaradırdılar. Bu müəlliflərin əsərləri o zaman Azərbaycan dövri mətbuatında da özünə yer tuturdu. H.Həşimlinin yazdığına görə, bizdə ilk soneti Seyid Səlmasi qələmə almışdır. Sonralar H.Cavid, Əlipaşa Səbur, Ə.Abid də bu janrda bəzi nümunələr yaradırlar. İyirminci-əllinci illərdə isə A.Şaiq, H. Cavid, S.Rüstəm, S.Vurğun, A.Əlirza, M.Müşfiq, A.Yıldırım, Ə.Cəmil, Ə.Kürçaylı - biri az, biri çox - sonetlər yazırlar. Amma Azərbaycan soneti altmışıncı illərdən başlayaraq hərtərəfli yüksəliş yoluna qədəm qoyur və onun ən məhsuldar yaradıcısı Adil Babayev olur. Adil Babayev bir müsahibəsində deyir ki, mən İtaliyada Petrarka, Dante, İngiltərədə Şekspir, Rusiyada Puşkin, Fet, Bryusov kimi böyük sonet ustalarının yaradıcılıq təcrübəsindən bəhrələnərək öz poeziyamızda bu formanın yeni nümunələrini yaratmağa çalışdım. 

Adil Babayev 240-a yaxın sonet müəllifidir. Bunların böyük bir qismi italyan soneti formasındadır (iki katren - hər biri dörd misra və iki terset - hər biri üç misra). Müəyyən sxemə, quruluşa tabe olsa da, sonetdə şairin söz deməyə, fikrini poetik şəkildə ifadə etməyə imkanları çoxdur. Adil Babayevin şairlik istedadı buna yetirdi və Xalq şairi Bəxtiyar Vahabzadə bir məqaləsində qeyd etmişdi ki, Adil Babayevin sonetləri Avropa sonetinin qaydalarını saxlasa da, Şərq qəzəli ruhundadır, bir növ, sonetlə qəzəl sintez olunur. Adil Babayev Qərb şeiri şəklinə yeni ruh gətirmişdir.

Onun sonetlərini mövzular üzrə nəzərdən keçirsək, şairin daha çox bu formanın fəlsəfi məzmununa, həyat, ölüm, ömür yolları, dünya, zaman, sevgi haqqında düşüncələrinə diqqət yetirdiyinin şahidi olarıq. Sonetdə vəsf və tərənnüm də var, təbiət mənzərələri də öz əksini tapır, sevgi də tərənnüm olunur, amma fəlsəfi ahəng onun başlıca xüsusiyyətlərindən biridir.

 

İnsan gəlir dünyaya, yaşayır, bir gün köçür,

Sağ ikən ölən də var, ölüb sağ qalan da var.

Günlərin əllərindən gah şirin şərbət içir,

Gah acı zəhər içir dünyada yaşayanlar.

 

Mənə də bəxş edilib adi bir insan ömrü,

Ya tez, ya gec, bir gün çatacaq sona.

Ana torpaq, bəlkə də dərindən köks ötürüb,

Alacaq övlad kimi məni də öz qoynuna.

 

Ölüm müdhiş deyildir, yaşamaq çətin işdir,

Onun hər dəqiqəsi enişdir, yüksəlişdir.

Gəlin, əziz dostlarım, yaşamağı öyrənək.

 

Əlçatmaz üfüqlərə toxunsun qanadımız,

Coşğun nəğmələr kimi səslənsin həyatımız,

Öləndə də yaşayaq ölümsüz nəğmələrtək!

 

Bu, Adil Babayevin kitablarında ilk sonet kimi təqdim edilir. Daha sonrakı sonetlərdə şair gözəllikdən, onun insana bəxş etdiyi sonsuz sevinc və səadətdən, sözün "fikrin sərkərdəsi, xəyalın zinəti" olmasından, riyakarlığın, xəyanətin "zəhərli bir qan" kimi insanların mənəvi aləmini puç etməsindən, keçmişin gələcəyə körpü olmasından, təbiətin "ən böyük rəssam" kimi insanlara zövq və səfa bəxş etməsindən ("Əzəldən riyakar deyil təbiət"), ömrün qısalığından ("Əbədidir dünyamız, ötəridir ömrümüz"), şeirin əvəzolunmaz missiyasından ("Şeir - oyuncaq deyil, oynadasan, qırasan, Şeir - çiçək deyil ki, tullayasan solanda"), təzadlı dünyamızdan, sevgidən doğan həsrətdən ("Nə vaxtdır məhəbbət qürbətindəyəm, Mənə yad görünür doğma şəhərim") və s. bəşəri məsələlərdən söz açır. Bütün sonetlərin qəhrəmanı şairin özüdür və o öz dünyasından böyük dünyaya boylanır, XX əsr insanının duyğu və düşüncələrini izhar edir. Sərbəst şeirdən başqa bütün şeir formaları müəyən qəliblə diqqəti cəlb edir, amma hər hansı şeir qəlibinə görə deyil, məzmununa, "o dar qəfəsdə" ifadə etdiyi fikirlərə görə oxunur, yayılır, sevilir. Bir nümunə gətirək:

 

Axıdın çayları damarlarıma

Səpin şimşəkləri sinirlərimə.

Fikrimi, duyğumu çəkin tarıma,

Alov qarışdırın alın tərimə.

 

Ürəyim hayqırsın sellər içində,

Darda, can verəndə uzansın əlim.

Tufanda, yağışda, boranda, çəndə

Tək qalan bir dostu qurtara bilim.

 

Dərələr, yarğanlar olsun yatağım,

Yansın susuzluqdan dilim-dodağım.

Çəkim yollar boyu əzab, əziyyət,

 

Günlərim bənzəsin burulğanlara,

Gah zəfər qazanım, gah alım yara;

Axı, düşmənimdir süstlük, ədalət. 

 

Və sonuncu sonetinin iki terseti belə bitir:

 

Qoy yapışsın əlimdən günəşin şəfəqləri,

Yenə qalxım ayağa, seyr edim üfüqləri.

Çağlasın varlığımda işıq dolu bir ilham.

 

Mən ömür istəmirəm riya, xəyanət üçün;

yurduma gərək olan söz üçün, sənət üçün -

Ömürdən doymamışam, 

həyatdan doymamışam.

 

"Ömürdən doymamışam, həyatdan doymamışam" deyən Adil Babayevin təəssüflər ki, ömrü qısa oldu, cəmi əlli iki il yaşadı. Amma bir şair kimi unudulmadı. Onun sonet yolu elə sağlığında və ölümündən sonra poeziyamızda davam elədi (Abbasağa Azərtürk, Şəkər Aslan (ilk sonetlər çələnginin müəllifi), Abbas Abdulla, Sabir Mustafa, Vaqif Hüseynov, İltifat Saleh, Balayar Sadiq, Elşad Səfərli, Əli Nasir, Əhməd Haqsevər, Mirhaşım Talışlı və b.).

"Təzədən doğulur şair ölən gün" - bu misra da Adil Babayevindir və onun ölümündən ötən bu 48 il ərzində o həmişə bizim üçün təzədən doğulub. Çünki əsl şairlər ölümündən sonra bir daha doğulurlar...

SİZƏ MARAQLI OLA BİLƏR