Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda doktorant və dissertantlar üçün mühazirə həftələri davam edir. Yanvar ayından hər həftənin IV günləri saat 15:00-da İnstitutumuzun professor və alim heyəti tərəfindən doktorant və dissertantlar üçün mühazirələr keçiriləcək.
09.01.2025-ci ildə fil.f.d.,dos.Mehman Həsənlinin “Türk dünyasında Çingiz Aytmatov fenomeni”mövzusunda mühazirəsi dinlənildi. Əvvəlcə Təhsil şöbəsinin müdiri fil.f.d., dos. Günay Qarayeva iştirakçıları salamladı və AMEA-da doktoranturada təhsil sisteminin təkmilləşdirilməsi, təhsil səviyyəsinin yüksəldilməsi, yeni tədqiqatçıların yetişməsində elmi mühitin zəruliliyini qeyd edərək hər həftə təşkil olunan məruzələrdə aktiv iştirakı tövsiyə etdi.
Fil.f.d., dos.Mehman Həsənli də AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin təhsil sahəsində apardığı islahatlar, təhsilin səviyyəsini yüksəltmək məqsədilə görülən işlərdən ətraflı danışdı və doktorant və dissertantların yalnız elmi rəhbərlə deyil, elmi mühitlə əlaqələrinin olması və bu məqsədlə təşkil olunan məruzələrin əhəmiyyətini qeyd etdi.
Mehman Həsənlinin məruzəsində dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun XX əsr epoxasında tutduğu yer və mövqeyi, yazıçını fenomenləşdirən yaradıcılıq xüsusiyyətləri gətirilən nümunələr, aparılan parelel müqayisələr əsasında təhlil olundu. Ç.Aytmatovun yaradıcılığı kontekstində repressiya, dünya müharibəsinin Azərbaycan və qırğız nəsrində inikası, yazıçının Azərbaycanla ədəbi-mədəni əlaqələri və s. məsələlərdən danışıldı.
XATIRLATMA
16.01.2025-ci il tarixində filologiya elmləri doktoru, professor Tahirə Məmmədin “Ədəbi cərəyanlar Şərq-Qərb ədəbi kontekstində” mövzusunda mühazirəsi keçiriləcək. Doktorant və dissertantların iştirakı vacibdir!