AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun keçirdiyi tədbirdə çıxış edib.
“Zoom” platforması üzərindən baş tutan görüşdə Gürcü Ədəbiyyatı İnstitutundan direktor müavini filologiya elmləri doktoru, professor Maka Elbakidze və institutun Rusiya Tədqiqatları Mərkəzinin rəhbəri filologiya elmləri doktoru İvane Amirxanaşvili və başqaları iştirak ediblər.
Akademik İsa Həbibbəyli AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu ilə birgə uzun illərdir sıx əməkdaşlıq edərək birgə layihələr həyata keçirdiyini söyləyib. Qeyd edib ki, elmi müəssisələrin əməkdaşlarının 2017-2020-ci illərdə Nizami Gəncəvi və Şota Rustaveliyə dair apardıqları birgə tədqiqatların nəticəsi “Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyasında əksini tapıb və sözügedən kitab 2021-ci ildə Bakıda və Tbilisidə Azərbaycan, gürcü və ingilis dillərində kitab halında nəşr olunub.
Akademik İsa Həbibbəyli, həmçinin tərəflər arasında mövcud əməkdaşlıq və gələcəkdə həyata keçirilməsi mümkün olan layihələr barədə də təkliflərini səsləndirib.
Gürcü Ədəbiyyatı İnstitutunun direktor müavini filologiya elmləri doktoru, professor Maka Elbakidze, institutun Rusiya Tədqiqatları Mərkəzinin rəhbəri filologiya elmləri doktoru İvane Amirxanaşvili və başqaları çıxışlarında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun əməkdaşlıq əlaqələrindən danışıblar. Bu əməkdaşlıq üzrə yüksək elmi nəticələrin əldə olunduğunu bildirən gürcü alimlər birgə layihələrə dair fikirlərini bölüşüblər.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.