Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Asiya ölkələri ədəbiyyatı ilə bağlı ilk dəfə Bakıda təşkil edilən beynəlxalq elmi konfrans iştirakçılarının dedikləri

18-12-2024 [ 10:51 ] [ oxunub:107 ]
printerA+ | A-
105114

                                           

Asiya Elmlər Akademiyası və Cəmiyyətləri Assosiasiyasının (AASSA) prezidenti professor Əhməd Nuri Yurdusev:

Asiya ölkələri ədəbiyyatı ilə bağlı ilk dəfə Bakıda təşkil edilən “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfrans olduqca əhəmiyyətli hadisə kimi yadda qalacaq. Bu sözləri AMEA-da keçirilən “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfransda iştirak edən Asiya Elmlər Akademiyası və Cəmiyyətləri Assosiasiyasının (AASSA) prezidenti professor Əhməd Nuri Yurdusev deyib. Onun sözlərinə görə, bu konfrans yeni əməkdaşlıqların qurulması və təcrübə mübadiləsi üçün mühüm platformadır. Asiya ölkələri ədəbiyyatına həsr edilən beynəlxalq tədbir aktual məsələlərin müzakirəsinə yol açacaq, məhsuldar və faydalı olacaq. Rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verən professor Əhməd Nuri Yurdusev bildirib ki, AASSA-nın məqsədi Asiya və Avstraliyada elm və texnologiyanın regionun inkişafında böyük rol oynadığı bir cəmiyyət qurmaqdır. O, AMEA-nın Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasına üzv seçildiyini və səsvermə haqqının olduğunu söyləyib, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin cari ilin noyabrında AASSA-nın Filippinin paytaxtı Manila şəhərində keçirilmiş Baş Assambleyasının iclasında iştirak və çıxış etdiyini xatırladıb. Professor Əhməd Nuri Yurdusev bu böyük elmi təşkilatın komitələrində və tədbirlərində, xüsusilə iqlimlə bağlı layihələrində AMEA alimlərinin daha aktiv iştirak edəcəyinə əminliyini bildirib.

Türkiyə Çanaqqala Onsekiz Mart Universitetinin professoru Ömer Solak:

“Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda Bakıda ilk dəfə keçirilən beynəlxalq konfrans Asiya xalqlarının mədəni və ədəbi inteqrasiyasını daha da sürətləndirmək, son illər ədəbiyyat sahəsində aparılan elmi-tədqiqat işlərini, eləcə də Asiya xalqlarının ədəbiyyatları qarşısında duran problemlərin həlli yollarını müzakirə etmək və təcrübə mübadiləsi aparmaq baxımından önəmlidir. Düşünürəm ki, Asiyanın Qərbdəki ən sərhəd şəhəri Çanaqqala olduğu üçün Asiya xalqları ədəbiyyatı ilə bağlı növbəti tədbirin Türkiyənin Çanaqqala Onsəkkiz Mart Universitetində təşkil edilməsi yerinə düşər. Bu fikirləri “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfransda iştirak edən Türkiyənin Çanaqqala Onsəkkiz Mart Universitetinin professoru Ömer Solak deyib.

Azərbaycan və Türkiyə arasında elm və təhsil sahəsində əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini söyləyən qonaq AMEA ilə təmsil etdiyi universitet arasında əməkdaşlıq memorandumunun imzalandığını bildirib.  O, Akademiyanın müəssisələrində Türkiyənin tarixinə, ədəbiyyatına, mədəniyyətinə həsr olunmuş tədqiqatların aparılmasını, həmçinin Ədəbiyyat İnstitutunda Mehmet Akif Ərsoy Mərkəzinin açılmasını mühüm hadisə kimi dəyərləndirib. İkinci dəfə Azərbaycana səfər etdiyini deyən professor Ömer Solak ötən səfərindən bəri respublikamızın daha da inkişaf etdiyini və gözəlləşdiyini vurğulayıb.

Vyetnamın Hanoy Universitetinin professoru Nguyen Van Çien:

Bakıda “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda keçirilən beynəlxalq elmi konfrans Vyetnam və Azərbaycan arasında ədəbi əlaqələrin dinamik inkişafı üçün müstəsna rol oynayacaq. Bunu sözügedən beynəlxalq tədbirdə iştirak etmək üçün Azərbaycanda səfərdə olan Vyetnamın Hanoy Universitetinin professoru Nguyen Van Çien bildirib. Aktual məsələlərin müzakirəsi baxımından Asiya xalqları ədəbiyyatına həsr olunan beynəlxalq konfransı yüksək qiymətləndirən qonaq bu möhtəşəm tədbirin bütün iştirakçılar üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. O, tədbirdə "Vyetnam və italyan xalqlarının ədəbiyyat və həyat tərzinə müqayisəli yanaşma” mövzusunda məruzə ilə çıxış etdiyini deyib. Azərbaycanda ilk dəfə səfərdə olduğunu qeyd edən Nguyen Van Çien Bakıda qədim ənənələrin müasirliklə ahənginin onda xoş təəssüratlar oyatdığını bildirib. 

Pakistan Ədəbiyyat Akademiyasının prezidenti professor Najeeba Arif:

Azərbaycan çox gözəl ölkədir. Paytaxtınızda olan gözəllik, insanların qonaqpərvərliyi, səmimiliyi və mehribanlığı bu şəhəri mənə çox sevdirdi. Bu gözəlliyi görməyə imkanım olduğu üçün şadam. Bu sözləri “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfransda iştirak etmək üçün ölkəmizə səfər edən Pakistan Ədəbiyyat Akademiyasının prezidenti professor Najeeba Arif deyib. Bakıda olmağından məmnunluğunu bildirən professor Najeeba Arif qeyd edib ki, Azərbaycan bir çox sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkandır. O, Asiya xalqları ədəbiyyatına həsr olunan beynəlxalq konfransın ölkələr arasında elmi-ədəbi əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyini bildirib. Professor Najeeba Arif  rəhbərlik etdiyi qurumla AMEA arasında qarşılıqlı səmərəli əlaqələrdən də bəhs edərək, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Ön söz”ü və ideya müəllifliyi ilə Pakistanda“Kitabi-Dədə Qorqud” eposunun urdu dilində nəşr olunduğunu diqqətə çatdırıb.

Özbəkistan Milli Elmlər Akademiyasının Özbək dili, ədəbiyyatı və folkloru İnstitutunun böyük elmi işçisi dosent Gülnaz Səttarova:

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda Bakıda keçirilən beynəlxalq elmi konfrans Asiya xalqları ədəbiyyatının dərindən tədqiqi baxımından mühüm əhəmiyyət daşıyır. Bu tədbir Asiya ədəbiyyatının ümumi mənzərəsini təsəvvür etməyə imkan verdiyi kimi, yeni perspektivlərin ortaya çıxmasına da şərait yaradır. Bu baxımdan, Asiya xalqları ədəbiyyatının, onun ayrı-ayrı milli sahələrinin ənənəvi cəhətləri və yeni tendensiyalarını müzakirəyə çıxarmaq, müxtəlif fikirləri dinləmək dünya ədəbiyyatının əhəmiyyətli bir qolunun araşdırılmasına yeni töhfələr verəcəkdir.

Bu fikirləri Özbəkistan Milli Elmlər Akademiyasının Özbək dili, ədəbiyyatı və folkloru İnstitutunun böyük elmi işçisi dosent Gülnaz Səttarova bildirib. Beynəlxalq konfransda “Çolpanın “Tufan” şeiri haqqında (Anadolunun müzəffər ordularına həsr edilən şeir” adlı məruzə ilə çıxış etdiyini söyləyən dosent Gülnaz Səttarova qeyd edib ki, bu tədbirin önəmi Asiya xalqlarının alimlərini bir yerə toplamağındadır. “Bu gün qloballaşan dünyada çoxlu fəlakətlər olsa da, insanları bir-birinə yaxınlaşdıran ədəbiyyatdır, sözdür. Özbək şairi Çolpanın belə bir fikri var: “Ədəbiyyat yaşasa, millət də yaşayar”. Xalqları ortaq adət-ənənələr, mədəni və mənəvi dəyərlər, ədəbiyyat birləşdirir. Bu gün biz Pakistan, Hindistan, Koreya, Çin ədəbiyyatındakı ənənə və yeniliklərin bir-birinə təsiri haqqında fikir mübadiləsi aparırıq. Beynəlxalq konfransda hər bir məruzəçi ümumən türk xalqları ədəbiyyatından, Asiya xalqları ədəbiyyatından fərqli mövzularla çıxış edib”, - deyə dosent Gülnaz Səttarova əlavə edib. Özbəkistanlı alim bildirib ki, konfransdakı məruzəsi özbək istiqlalının carçısı Çolpanın şeirləri haqqında olub. Cədidçilik hərəkatı bütün Orta Asiyadakı xalqları əhatə edib və həmin hərəkatın başçılarından biri də Əbdülhəmid Süleyman oğlu Çolpan olub. Ədib bütün türk xalqlarının həyatını öyrənib və Türkiyədə İstiqlal marşının sözlərini yazan şair Mehmet Akif Ərsoyun əsərlərindən faydalanıb. Türk əsgərləri azadlıq uğrunda mübarizədə onun şeirlərindən ilhamlanıblar.

Çin Sosial Elmlər Akademiyasının Ədəbiyyat Tədqiqatları İnstitutunun direktor əvəzi professor Lu Yusong:

Asiyanın müxtəlif ölkələrinin iştirakı ilə Bakıda keçirilən “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfrans əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcək və dövlətlər arasında qarşılıqlı fəaliyyətin mühüm tərkib hissəsinə çevriləcəkdir. Bu fikri “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfransda iştirak etmək üçün Bakıda səfərdə olan Çin Sosial Elmlər Akademiyasının Ədəbiyyat Tədqiqatları İnstitutunun direktor əvəzi professor Lu Yusong bildirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikası ilə əlaqələrə böyük önəm verdiyi, iki ölkə arasında əlaqələrin bir çox istiqamətlərdə davam etdiyi vurğulayıb. İlk dəfədir Azərbaycana səfər etdiyini deyən qonaq paytaxtımızın onda dərin təəssürat yaratdığını söyləyib, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, dövlət muzeyləri və tarixi yerlərlə tanışlıqdan məmnunluğunu ifadə edib. Professor Lu Yusong Ədəbiyyat İnstitutun nəzdində fəaliyyət göstərən Çin Tədqiqatları Mərkəzi və institutun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsi ilə də yaxından tanış olduğunu bildirərək, burada Çin ədəbiyyatı və mədəniyyəti ilə bağlı aparılan tədqiqatları yüksək qiymətləndirib.

Hindistanın Camiə Milliyə İslam Mərkəzi Universitetinin Xarici Dillər Departamentinin əməkdaşı dosent Nouşad:

Gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi, Asiyanın fərqli ölkələrində ədəbiyyatla bağlı tədqiqatlar aparan alim və mütəxəssislərin bir araya toplaşması baxımından “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfrans çox əhəmiyyətlidir. Bunu “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfransda iştirak edən Hindistanın Camiə Milliyə İslam Mərkəzi Universitetinin Xarici Dillər Departamentinin əməkdaşı dosent Nouşad bildirib.Ölkəmizə ilk dəfə səfər etdiyini deyən hindistanlı qonaq Bakının gözəlliyinə və təmizliyinə heyran olduğunu söyləyib. O, Bakının bəzi tarixi yerlərini, muzeylərini ziyarət etdiyini, Bakının qədimliyini qorumaqla müasir bir şəhərə çevrildiyini bildirib. Qeyd edib ki, burada qədim binalar müasir tikililərlə vəhdət təşkil edir. Beynəlxalq tədbirin yüksək səviyyədə təşkilinə görə AMEA rəhbərliyinə təşəkkürünü bildirən dosent Nouşad vurğulayıb ki, bu konfrans bizə gələcəkdə birgə işləmək, əlaqələrimizi daha da möhkəmləndirmək baxımından böyük üstünlüklər verəcək.

Qazaxıstanın Abay adına Qazax Milli Pedaqoji Universitetinin əməkdaşı Janakul Sametova:

Qazaxıstanın Abay adına Qazax Milli Pedaqoji Universitetinin “Türk xalqlarının oyanış dövrünün poeziyası” layihəsi çərçivəsində türk xalqları və Asiya ədəbiyyatının öyrənilməsi istiqamətində tədqiqatlar aparılır. Bakıda “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda keçirilən beynəlxalq elmi konfrans bu istiqamətdə genişmiqyaslı tədqiqatlarımızı daha da sürətləndirəcək. Layihə çərçivəsində, həmçinin Azərbaycanın dirçəliş dövrü ədəbiyyatını tədqiq etməyi də düşünürük.Bu sözləri AMEA-da “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda keçirilən beynəlxalq elmi konfransda iştirak edən Qazaxıstanın Abay adına Qazax Milli Pedaqoji Universitetinin əməkdaşı Janakul Sametova deyib.O, beynəlxalq tədbirin alimləri elmi əməkdaşlığa cəlb etdiyini, əlaqələrin daha da genişlənməsi üçün imkanlar açdığını söyləyib.Bakıda ilk dəfə səfərdə olduğunu qeyd edən Janakul Sametova Azərbaycan haqqında təəssüratlarını da bölüşərək, ölkəmizin qədim və zəngin mədəniyyətə sahib olduğunu vurğulayıb.

SİZƏ MARAQLI OLA BİLƏR