Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Xəzri küləyini təxəllüsündə əbədiləşdirən görkəmli lirik... - Vüqar Əhməd

13-12-2024 [ 10:31 ] [ oxunub:8 ]
printerA+ | A-

Xalq şairi Nəbi Xəzrini uşaqlıqdan tanıyıram. Orta məktəbdə şeirləri tədris olunardı, oxuyub əzbərləmişik. Az.TV-də mütəmadi öz ifasında şeirləri səslənərdi. Xalqımızın sevimli şairi idi və bu sevgi bu gün də öz məqamındadır.

Tale elə gətirdi ki, radioda Nəbi Xəzrinin oğlu Arzu ilə bir yerdə çalışmalı olduq. Arzu da atası kimi saf, xeyirxah bir insandır. Arzu polis orqanlarına keçdi, jurnalistikadan ayrıldı. İş yerini dəyişsə də, 37 ildir dostluğumuz davam edir.

Bir gün Arzu mənə dedi ki, atam deyir, gəlsin Vüqar "Dostluq" cəmiyyətində çalışsın. Nəbi müəllim Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin sədri idi.

1990-cı ildə Nəbi Xəzri məni Macarıstana Sovet nümayəndə heyəti tərkibində göndərmişdi, artıq böyük şairlə tanış olmuşduq. SSRİ dağılmışdı, maddi durum çox çətin idi. Radioda qonorarla birgə maaşım 270 manat idi. "Dostluq"da isə 400 manat alacaqdım. Doğma Radiodan ayrıldım. 1991-ci ildə "Dostluq"da baş referent, Ümumi şöbənin müdiri vəzifəsinə düzəldim.

1993-cü ildə "Dostluq" Cəmiyyətinin mətbu orqanı olan "Novruz" qəzetinin baş redaktoru, tanınmış yazıçı Cəmil Əlibəyli xəstələndi. Cəmil müəllimin öz razılığı ilə Nəbi Xəzri məni baş redaktor təyin etdi. Qeyri-təvazökarlıq olsa da, gözəl qəzet buraxırdıq. Hər həftənin ilk günü toplantıda Nəbi müəllim qəzeti tərifləyərdi.

Bir gün sevimli müğənnimiz Niyaməddin Musayev işə - yanıma gəldi. Dedi ki, "Ay Vüqar, məni də xaricə qastrola göndərin". Sədrimiz Nəbi Xəzridən xahiş etdim, sağ olsun, Niyaməddin Musayevi Şri-Lankaya ilk dəfə ansamblı ilə qastrola göndərdi.

Yenə bir gün bir məqalə yazdım: "Nəbi Xəzrinin poeziyasında Abşeron təbiətinin tərənnümü" Nəbi müəllimə dedim: "Hansı qəzetə verim çapa?" Dedi: "Get Məmməd Arazın yanına. "Azərbaycan təbiəti" jurnalının baş redaktorudur. Görsə, mənim haqqımdadır, növbədənkənar göndərəcək çapa, Məmməd dostumdur". Ona görə Nəbi müəllimə müraciət elədim ki, o vaxt qəzet, jurnal az idi. Mən də titulsuz, özüm gənc. Dəstək olmasaydı, məqaləmin çapı illərlə uzanacaqdı.

"Mən bir dənizəm..."

Nəbi Xəzri poeziyasında təbiət təsviri əzəli mövzulardandır. Şairin poeziyasında Azərbaycan təbiəti - Abşeron təbiətinin detalları güclü bir koloritə malikdir. İlk yaradıcılıq nümunələrindən tutmuş, son dövrki şeirlərinə qədər "mavi"liyə sadiq qalan - bütün yaradıcılığı boyu dünyaya mavi rənglə baxan şair Xəzəri də mavi görür, səmanı da, doğma Abşeronu da.

Poetik yaradıcılıq yolunda Abşeron təbiətinə məxsus bir çox detallar diqqəti cəlb edir: dünyaya "başqa gözlə baxan" adamların gözündə təbiət möcüzəsi Abşeron bağları, qızıldan qiymətli qızılı qum, bəzən ilıq mehli, bəzən sərt, bəzən təlatümlü Xəzri küləyi, Abşeronun şöhrəti-şanı - ağ şanı.

Əlbəttə, Nəbi Xəzri yaradıcılığı təkcə Abşerona məxsus təbiət detalları ilə məhdudlaşmır. Şairin yaradıcılığında insanların da maddi-mənəvi zövq və ehtiyaclarını ödəyən, təbiəti əks etdirən şeirlər onlarcadır. Lakin onun Abşeron vurğunluğu, bu torpağın özünəməxsus təbiətinin poetik tərənnümü də özünəməxsusdur:

 

Yenə qumlu sahil, yenə sərin bağ,

Yenə axşam düşüb meynəliklərə...

 

Xəzri küləyinin mehi ilə oyanan, qızıl qumda dəcəllənən, ağ şanı şirinliyində ömrü boyu xalqının acı taleyinə yanan Nəbi Xəzri bu torpaqda dünyaya göz açmışdır. O, amalı, əqidəsi, tərənnümü, bütövlüyü ilə həmişə Azərbaycan oğludur və bu gün də xalqını layiqincə təmsil edən, onun adına layiq bir şair-vətəndaşdır.

 

Xəzər sahilində doğulmuşam mən,

Laylamı çalmışdır dalğalar mənim.

 

Xəzər - mənəvi bütövlük, təbiətin möcüzəsi, sirdaş kimi Nəbi Xəzrinin poeziyasında təsvir olunur və şair Xəzərlə danışmağı qəlb dərinliyindən gələn bir məhəbbətlə sevir.

Şairlə dəniz arasındakı dostluq, ünsiyyət anlarında N. Xəzri məhəbbətinin poetik məqamlarını dəniz sahilində təsvir etməyi sevir. Bu poetik təsvirlərdə dənizə məxsus olan bütün elementlər iştirak edir: ləpələr, dalğalar, sahil, burulğan, tufan...

 

Mən bir dənizəm ki, eşqim səhərdir,

Səni düşünürəm, əzizim, yenə.

Mənim dalğalarım xatirələrdir,

Qoy çatsın qəlbinin sahillərinə.

 

Xəzər sahillərindəki "dialoq"lar saflıq, mənəvi gözəllik rəmzi olan dənizlə şair arasındakı ədəbi-bədii dostluq boyu bir cəhət də diqqəti cəlb edir: şairin lirik "mən"i özünü dənizlə müqayisə edir:

 

Dənizəm, eşqimdən qaçmaq hədərdir,

Mən ki adlayıram çölü, çəməni,

Mənim dalğalarım xatirələrdir,

Orda tufan da var, burulğan da var.

Dənizli məhəbbət elə bil, ikiqat bədii təsirlə öz ifadəsini N.Xəzri yaradıcılığında tapmışdır:

 

Mənə dəniz, əzizsən,

Öz ömrüm kimi,

Kənarında açdım yara eşqimi...

 

Xəzər küləyi - Xəzri, Nəbi Xəzri poeziyasında Bakının "emblemi" səviyyəsində ifadə olunur və Xəzriyə əbədiyyət gətirib onu özünə təxəllüs götürmüş şair Bakını görməyənləri Xəzrini, ləpədöyəni bilməməkdə "günahlandırır":

 

Dalğalar qayalara

Qanad çalaraq gəlir.

Dalğalar dalğa deyil,

Sanki uca dağ gəlir,

Bilməzsən Xəzri nədir,

Ya nədir ləpədöyən,

Hələ nə görmüsən ki,

Ay Bakını görməyən!

 

Abşeron təbiəti şairin poetik düşüncəsinə hakimdir. Bu, gözünü açıb gördüyü təbiətin onun yaradıcılığındakı bədii əksidir.

Şeirimizin uca zirvələrini fəth etmiş Nəbi Xəzrinin bu gün də:

 

Abşeron, ay Abşeron,

Ömür naharım.

Abşeron, ay Abşeron,

Odlar diyarım

 

- deyə, onun təbiəti ilə, bütün xalqı ilə təmasıdır.

 

***

Gəldim, Xalq şairi, sevimli şairin, Məmməd Arazın qəbuluna. Çox hörmətlə qarşıladı. Dedi: "Məni poeziyaya Nəbi Xəzri gətirib. Çox gözəl şair, xeyirxah insandır". Allah hər iki böyük şairə rəhmət eləsin! Nəbi Xəzrinin sayəsində Məmməd Arazla tanış oldum. Məmməd Araz 2003-cü ildə şeirlər kitabıma "Ön söz" yazdı, yaradıcılıq gecəmdə iştirak etdi, haqqımda söz söylədi.

Nəbi Xəzri Yazıçılar Birliyinə keçəndə Cavad Heyət, Aqşin Babayevlə birgə mənə zəmanət verdi.

Nəbi müəllimin oğlu Arzunun toyunda iştirak etdim. Toyda unudulmaz müəllimim, Xalq yazıçısı İsmayıl Şıxlı, Xalq şairləri - Söhrab Tahir, Qabil, Cabir Novruz gözəl çıxış edib rəqs etdilər. Toyu Niyaməddin Musayev idarə edirdi. Mən dəvət etmişdim müğənni dostumu. Sağ olsun, pul götürmədi. Dedi: "Şairdən pul almazlar".

Nəbi müəllim şəhid Salatın Əsgərova haqqında gözəl bir poema yazdı. Kitabın çap işlərini mənə tapşırdı. Dram Teatrının yanındaydı rəhmətlik Salatının evləri. Getdim evlərinə, atası-anası ilə görüşüb, Salatının şəkillərini alıb apardım nəşriyyata. Tanınmış yazıçı Hidayət Orucova təqdim etdim. Hidayət müəllimlə bir neçə dəfə görüşüb, yüksək tirajla çap olunan kitabçaya tərtibat verdik.

 

"Çiynində Şəhidlər daşıyan gözəl..."

 

Ağlımız kəsəndən kədərli bədii sənət nümunələrini, əsasən, 26-lara, rus bolşeviklərinə həsr olunan görürük. Nədənsə, "rekviyem", "elegiya", "Oda" kimi incəsənətə məxsus terminləri eşidəndə istər-istəməz bilirdik ki, SSRİ xalqlarını "xoşbəxtliyə" çıxaran hansısa bir qəhrəman, sərkərdə və ya ictimai xadim haqqında hüznlü, kədər motivli bir əsərlə tanış olacağıq. Həmin bu əsərlər siqlət və qüdrəti, sənətkarlıq baxımından demə, ötərgi imiş, ani imiş, tez unudulanmış.

XIX əsrin ilk rüblərində sənətkarlıq və poetik baxımdan özünün yüksək təkamül nöqtəsinə çatan mərsiyə ədəbiyyatı bədii yaradıcılığın sovet dövrü deyilən mərhələsində tədqiqatdan çox-çox kənarda qaldı, əvəzində isə folklorşünaslıqdan tutmuş, müasir ədəbiyyatşünaslığımıza qədər, proletariat rəhbərlərinin şəninə qoşulmuş əsərlər təriflənib dağın başına çıxarıldı.

...Tale elə gətirdi ki, mədh elədiyimiz xalqlardan biri naxələf çıxdı. Allah alnımıza belə yazıbmış. Bu naxələflik, dini tərəfkeşlik əqidəsi ilə xalqları birləşdirdi və Azərbaycana qarşı qanlı 20 Yanvar qırğını ilə nəticələndi. Nəhayət, Burla Xatunun varisi - Həcər soylu, sinəsini düşmən gülləsinə sipər edərək tək balasını baba-nənə ümidinə qoyan Azərbaycanın ilk şəhid jurnalisti, Milli Qəhrəman Salatın Əsgərovanın qətli ilə nəticələndi.

Xalq Salatını izdihamla şəhid qardaşlarının yanına - Şəhidlər xiyabanına yola saldı. Dünya xalqlarının bütün əli qələm tutanlarına qarşı qəsd həmişə alçaqlıq və qəddarlığın son həddi hesab olunmuşdur. Jurnalist qadına qarşı edilmiş bu vəhşilik isə erməni ünsürlərinin tarixində özünü büruzə verdi...

Salatın Əsgərovanın günahsız ölümü bütün xalqımızı sarsıtdı. Xalq şairi Nəbi Xəzri bu itkiyə biganə qala bilmədi, Salatını öz poeziyası ilə əbədiləşdirdi.

İgid qəhrəmana ağı-poema həsr edib, mərhumun vaxtilə işlədiyi "Molodyoj-Azərbaydjana" qəzetində çap etdirdi. Bədii-poetik cəhətdən yüksək sənətkarlıqla, qəm-kədər çalarında yazılmış poema Salatının valideynləri, həmçinin soydaşları üçün haradasa bir təskinlik oldu.

"Gənclik" nəşriyyatı sözlə ifadə edilməsi çətin olan bir iş görüb, poemanı qısa bir müddətdə, çox nəfis şəkildə, yüksək bədii tərtibatla oxuculara çatdırdı. Şair-dramaturq Hidayət kitaba yazdığı Ön sözdə qeyd edir: "Torpağın heyrəti səni öz ağuşuna aldı. Torpağa tapşıran da heyrət idi, ağuşunda yer ayıran da".

...Yenə heyrətləndim, Salatın, "Salatın" rekviyemini oxuyanda. Bu sənin faciəni sənətdə əbədiləşdirən Nəbi Xəzri poemasının heyranı idi". Bəli, bu qüdrətli şairin heyrətli poeziyasının heyrəti idi:

 

Getdi yuxu kimi, xəyal kimi o,

Bir tel də qalmadı humay quşundan...

 

Qəhrəman Salatının faciəli qətlinə həsr olunmuş poemada epik təsvirlərlə yanaşı, şair qələminə məxsus lirizm də güclüdür. Şair həyatda qəhrəmanla yalnız bir kərə görüşmüşdür. Elə həmin hissənin adı da "Bir kərə, yalnız bir kərə" adlanır:

 

Qonaqlıq...

Mahnılar uçur göylərə,

Çıraqlar baş üstə,

Rəngin çətirdi.

Bir kərə görüşdük,

Yalnız bir kərə,

Özüylə bir dünya

Heyrət gətirdi.

 

Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə bir ad da əlavə olundu - Salatın adı! Həmin qəhrəmanlar həmişə sənətdə əbədiləşiblər. Sonra bu cəngavərlər əfsanələşiblər, nağıllaşıblar. Ya da bu qəhrəmanlar, əksinə, nağıllardan, əfsanələrdən gəliblər. Vaxt gələcək, Salatın da əfsanələşəcək, nağıllaşacaq, yenidən ədəbiyyatda bədiiləşəcək, şeirləşəcək, nağıllaşacaq:

 

Sanki məğrur-məğrur

Bir humay quşu

Gəldi nağıllardan,

əfsanələrdən...

 

Qarabağın narahat günlərində kişilərin ürək eləyib getmədiyi Qarabağ yollarında Salatının ayaqları "qabar bağlamışdı". "Ata, Qarabağa gedirəm yenə", - deyərək nə valideynlərə qulaq asdın, nə də ciyərparan Ceyhuna. Vətən uğrunda şəhid oldun:

 

Orda ölüm də var,

Orda qan da var.

Getməsəm, qələmim,

Qəlbim də sınar.

 

Nəbi Xəzrinin poemasında Dünya da ağlayır, ağı deyir. Ana da fəryad qoparır, ata da, külək də, torpaq da, çinar da. Şair Hidayətin sözləri ilə desək: "Çinar zəngin və çoxsahəli Nəbi Xəzri poemasında bütöv Azərbaycanın özüdür, vüqarıdır, ucalığıdır".

Rekviyemdə "Ceyhunun yuxusu"nda təsvir olunan Canavar yırtıcı xarakteri ilə Salatına qıyan qatil və onu yetirən xalqa nifrətin bədii ümumiləşməsi, düşmənin obrazının poetik əksidir.

"İgid ölər, adı qalar, müxənnətin nəyi qalar?!" Bir il əvvəl şəhid olmuş qəhrəman qardaşlarının yanına getdi Salatın. Bir ad da əlavə olundu igid şəhidlər siyahısına:

 

Bakıda qan axdı,

Bir sənə əvvəl,

İgidlər mərd durdu,

Axır nəfəsdə.

Çiynində şəhidlər

Daşıyan gözəl

Bir gün özü getdi

Çiyinlər üstə.

 

Bu misralar kitabın üz qabığında epiqraf kimi müəllifin öz xətti ilə verilmişdir. Kitabda Salatınla bağlı şəkillərin verilməsini xüsusi qeyd etmək lazımdır. Fotolar ağı-poemanı oxucu üçün əyaniliklə bədiiliyi, poetik bədii düşüncəni vəhdət halına salır. Fotolar bədii əsərin sənədli xroniki material kimi təsdiqini aydınlaşdırır.

İlk dəfə ulu Dədəm Qorqudu səhnədə "canlandıran", dramaturgiyada obrazlaşdıran Nəbi Xəzri bu poemada Qorqud surətini yaradır. Dədəm Qorqud poemada Burla xatuna - Salatına rəhmət oxuyur.

Ömrünün müdriklik çağını yaşayan Xalq şairi Nəbi Xəzrinin "Salatın"ı şəhid bacımızın ruhuna, qəhrəmanlığına layiq, yüksək sənət nümunəsi, qəm çalarlı bir mərsiyədir. Xalqının azadlığı, torpağı uğrunda şəhid olmuş qəhrəman haqqında möhtəşəm bir dastandır, bu ağı-poema. Biz inanırıq ki, bu əsər həm indiki, həm də gələcək nəsillərin dilinin əzbəri olacaqdır.

Sonra Nəbi Xəzri Həzrət Məhəmməd (s.ə.s) peyğəmbər əfəndimizə həsr etdiyi poemanı tamamladı və kitab kimi çap etdirdi. Peyğəmbər haqqında poeziyamızda, səhv etmirəmsə, ilk poema idi.

 

Məhəmməd peyğəmbərin poetik obrazı

Bismillahir-Rəhmanir Rəhim, ulu Peyğəmbərimiz, İslamın banisi, müqəddəs Məhəmməd Əleyhissalamın həyat və fəaliyyətinin, pak əməllərini dünya ədəbiyyatında əks etdirən bir sıra əsərlər yaranmışdır. Bu yaxınlarda Xalq şairi Nəbi Xəzrinin "Azərbaycan müəllimi" qəzetində (1,3,8,10 aprel, 1992-ci il) çap olunan və ekranda müəllifin öz ifasında səslənən "Peyğəmbər" poeması da diqqəti cəlb edir.

Belə bir dərin tarixi mövzuya müraciət müəllifdən, doğrudan da, böyük məsuliyyət tələb edir. Vaxtilə "xoşbəxt" sovet xalqlarının atası Lenin haqqında əsər yazmaq məsuliyyət hesab olunurdu. Bu məsuliyyəti üzərinə götürənlər isə "qabaqcıl sovet şairi" hesab olunurdular. Bəlkə də, bu yerdə dindar oxucu məni qınayacaq ki, müqayisə yerinə düşmür, belə ifadə işlətmək ən azı günahdır. "Allah şeytana lənət eləsin", - deyib Tanrıdan günahımı əfv etməsini diləyirəm.

Xalq şairi Nəbi Xəzri lirik-psixoloji üslubun epik gedişində dünya müsəlmanlarının Peyğəmbəri, Allahın elçisi Məhəmməd Əleyhissəlam haqqında qiymətli bir əsər yaratmışdır.

"Saflıq hekayəti"nin ilk fəsli "Ulduz pillələrlə Ay endi yerə" adlanır. Ayın nurani əlamətləri Allahın elçisini ünvanlayır.

 

Ayın nuru - Peyğəmbərin nuru:

Nurlu pillələrə dönür ulduzlar,

Ulduz pillələrlə Ay enir yerə.

 

70 illik yasaq və qadağa əsarətinin sonunda manqurtlaşmaya bədii etiraz kimi səslənən hekayətdə Ayın yerə enməsi özümüzün-özümüzə kənardan baxması təsiri bağışlayır. Ay hər şeyi deyir, yenidən ulduz pillələrlə asimana qayıdır. "Ay" eyni zamanda müsəlman-türk dünyasının bədii simvoludur.

Əsərboyu lirik deyimlər arasında şair Peyğəmbərlə, İslamla bağlı bu hadisələri nəql eləyir: "Peyğəmbərə ağ olmayın!", "Həzrəti Xədicə ilk müsəlmandır", "Hər canlının öz ruzusu var", "Zəm-zəm mübarək sudur", "Bürkülü yay günündə", "Həm də Qaşqa atın qisası", "Xidmətci qızcığaz", "Verimli əl-xeyirli əl".

Mərsiyəni indiyə qədər ədəbiyyatşünaslıqda mürtəce, idealist mahiyyətli, zəhmətkeşlərin şüurunu zəhərləyən, həyat və mübarizə eşqini öldürmək məqsədi izləyən şeir növü kimi qələmə vermişlər. XIX əsr Azərbaycan mərsiyə ədəbiyyatı son illərəcən tədqiq olunmamış və çapdan kənarda qalmışdır. Nəbi Xəzri öz poemasında bu "məhbus" şeir növündən istifadə etmişdir. Qələmə aldığı mərsiyə janrın tələblərinə bir o qədər cavab verməsə də, ifadə tərzi baxımından müasir səslənir.

Poemada Həzrət Əli sayca çox olmayan misralarla, epitet zənginliyi ilə inam və müqəddəslik rəmzi, eləcə də İslama dayaq, "Allah şairi" olan bədii obraz kimi göz önündə canlanır:

 

...Əli yad qəlbinə vuran qılıncdı,

Gözlərə sancılan oxdu dünyada,

Böyük zəfərlərə Əli yol açdı,

Kafiri yandırıb yaxdı, dünyada.

Peyğəmbərin vəsfinə həsr olunan əsərdə Məhəmmədin İslamda, dinin təşəkkülündə və intişarında xidməti süjetin mərkəzi xəttini təşkil edir.

Allah hər bir insanın uca inamı, səcdəgahı, gözəgörünməz bir İlahi varlığıdır. "Həyatda inamsız yaşamazlar", deyirlər. İnamsız yaşamaq elə ölümə bərabərdir. Uca Allahın bütün müsəlman dünyası üçün elçisi Məhəmməddir:

 

Eşit səsimizi sən, ya Məhəmməd,

Tək qadir Allahdan, tək səndən mədəd!

 

Şair inamında Peyğəmbər həqiqəti, əbədilik duyur, bəşərin, təbiətin, kainatın, kürreyi-ərzin varlığı qədər ulu Peyğəmbərin əbədiliyinin daxili inam gücünə poetik hökmünü verir:

 

Nə qədər bəşər var, Məhəmməd də var...

Poemanın son fəsli - "Müraciət"də müəllif Peyğəmbərə xitabən onun əməlləri və dövrü ilə bizim bu günümüzü müqayisə edir. Yaşadığımız son yeddi onillikdə bədbəxtlik və əsarətdə ömür sürməyimizin, haram bataqlığına düşməyimizin səbəbini inamsızlıqda görür. Manqurtlaşmaya yuvarlanma təhlükəsinə etiraz kimi səslənən əsərdə yetmiş illik dövr və quruluşun insanı alçaldan xüsusiyyətləri ilə üzləşirik. Şair Peyğəmbəri köməyə çağırır, ona xalqın xoşbəxtliyi naminə müraciət edərək kömək əli uzatmasını arzulayır. Eyni zamanda xalqımızın müqəddəs Peyğəmbərimizə böyük məhəbbətini və onun qəbrini ziyarətə tələsənlərin arzu və duyğularını belə ifadə edir:

 

Cahan dəyişdikcə öz təməlindən

Qədim Mədinəyə yollar uzanır.

Odlar diyarından, Azər elindən -

Qəbrini qucmağa qollar uzanır.

 

Sevimli Xalq şairimiz Nəbi Xəzrinin "Peyğəmbər" poeması - bu saflıq hekayəti ədəbiyyat mücrümüzə yeni töhfədir.

***

1995-ci ildə atam dünyasını dəyişdi. Qohum-əqrəba, dostlar, elm və sənət adamları hüzr məclisinə gəlmişdilər. Heç yadımdan çıxmır, Nəbi müəllim salona daxil olanda hamı ayağa qalxdı. Şahidi oldum ki, xalq üçün ən nüfuzlu şəxsiyyət ŞAİR-dir. Nəbi Xəzri bu hörməti qazanmışdı - o da var...

1997-ci ildə Yazıçılar Qurultayında Nəbi müəllimlə görüşdüm, fasilədə, foyedə. Yaxınlaşdım. Üzündən öpməyə qoymadı, itələdi. Dedi: "Etibarsızsan, heç olmasa, hərdən zəng vur". Qolların geri büküb güc gəldim, üzündən öpdüm. Gözü doldu, tez yumşaldı. Bəsdı bağrına məni, öpdü: "Bilirsən, səni çox istəyirəm, ay vəfasız". Üzr istədim.

Ondan leksikonum üçün bir söz də öyrəndim. Bir bakılını mənimlə tanış edəndə demişdi: "Bakılımızdır", - deyirdi "Öz abşeronlumuzdur".

Nəbi Xəzri dünyasını dəyişəndə 39 dərəcə qızdırma ilə xəstə yatırdım. Nəbi müəllimdən bir neçə ay sonra dünyasını dəyişən əziz anam dedi: "Dur iynə vur, get yasa, Nəbi Xəzri ölüb e, ruhundan və Arzudan ayıbdır". Getdim, ruhu şad olsun!

10 il öncə Arzu məni Xırdalanda Mədəniyyət Evində keçirilən 90 illiyinə dəvət etdi. Söhrab Tahir, Nahid Hacızadə ilə yanaşı oturmuşdum. Söhrab Tahir elə təsirli çıxış etdi ki, hamımız ağladıq. Çıxışını bu söz birləşməsi epitetlə tamamladı: "Nəbi Xəzri dünya liriki idi..."