Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Dəniz, göy, məhəbbət şairi - Vaqif Yusifli

10-12-2024 [ 11:14 ] [ oxunub:21 ]
printerA+ | A-

Nəbi Xəzrinin 100 illiyinə

O, Bakının yaxın kəndlərinin birində - Xırdalanda doğulmuşdu. 1924-cü ilin soyuq bir qış günündə - dekabrın 10-da, yoxsul kəndli Ələkbər kişinin ailəsində...

O, 2007-ci ilin yanvar ayında - yenə soyuq bir qış günündə Bakıda vəfat etdi.

Amma Azərbaycan poeziyazısına bir bahar müjdəsi gətirdi Nəbi Xəzri.

İlk şeirini 1940-cı ildə qələmə almışdı. Onda 16 yaşı vardı. Şeirin adı "Günəş" idi və bütün yaradıcılığı boyu Günəş onun poeziyasına işıq saçdı.

Nəbi Xəzrisiz nə XX əsrin, nə də indi yaşadığımız XXI əsrin Azərbaycan poeziyasını təsəvvürə gətirmək çətindir. Onun poeziyası son səksən ilin milli-mənəvi dəyərlərimiz sırasındadır. Heç bir mübaliğəyə, epitetə ehtiyac duymadan deyirik ki, Azərbaycan mentalitetinin dünyaya tanıdılmasında Nəbi Xəzrinin də özünün və əsərlərinin payı var.

Bu gün ədəbiyyatımızda sözün fiziki mənasında onun yeri görünür. Amma mənəvi mənada Nəbi Xəzri elə öz yerindədir. Onun zərif, incə, məhəbbət dolu lirikası yenə öz hərarətini bizdən əsirgəmir.

 

Əgər ki, yıxılsam, çinar göstərin,

Mən ona söykənib arana baxım.

Gözlərim görməsə, Göy gölü verin,

Mən onun gözüylə cahana baxım.

Hər yerdə, həmişə

Sənsən gümanım.

Canım-gözüm, mənim

Azərbaycanım!

 

Azərbaycan poeziyasında Vətənə aid yüzlərlə, minlərlə şeirlər yazılıb və yazılacaq, çünki "Vətən əcdadımızın mədfənidir" (A.Səhhət). Amma Nəbi Xəzrinin bu misraları nə qəsidədir, nə marşdır, nə də mədhiyyə, bu, Vətən sevgisinin ən poetik və mükəmməl ifadəsidi:

 

Gəl bölək dünyanı ikilikdə biz,

Dərə mənə düşsün,

Dağı sən götür.

Qalsın yer üzündə qoşa izimiz,

Qara mənə düşsün,

Ağı sən götür.

İlin övladıyıq, yazla qış kimi,

Fəsillər yaşasın yanaşı məndə.

Biz ki bir yerdəyik gözlə qaş kimi,

Gözlər səndə qalsın,

Göz yaşı məndə.

 

Nəbi Xəzrinin təbiət lirikasında Dağ, Dərə, Çinar, Kəhkəşan, Çay, Xəzər poetik simvola çevriliblər. Təbiətin harmoniyadan ibarət olduğunu, poeziyanın da təbiətin təbii davamına çevrilməsini, insanla təbiətin ən böyük birliyini Nəbi Xəzri poeziyasında da daha aydın hiss edirik. Böyük tənqidçimiz Yaşar Qarayev yazırdı ki: "Təbiətə münasibətdə şairlər müəllimlərdən çox iş görə bilərlər. Çünki burada biliklə yanaşı, həyəcan lazımdır, ehtiras lazımdır, sadəcə, öyrətmək yox, "yoluxdurmaq", alışdırmaq, narahat etmək lazımdır" və fikrimizcə, Nəbi Xəzri də təbiəti necə sevməyin dərslərini öyrədib bizə. Əslində onun poeziyasında İnsan, Təbiət, Sevgi vəhdət halındadır.

 

Qarlı bir zirvə olsan,

Ağ buludun olaram.

Dərin xəyala dalsan,

Mən sükutun olaram.

Çəmən olsan, əgər sən,

Sərin yağış çilərəm.

Əgər dənizə dönsən,

Sahilə çevrilərəm.

 

Vaxtilə ustad tənqidçi Məmməd Arif yazmışdı ki: "Nəbi Xəzrinin öz poetik aləmi-məcazlar, bənzətmələr, bədii ifadələr aləmi vardır. Bu aləmi o özü yaratmışdır və ona sadiqdir.

Bu poetik aləm çox zəngin mənəvi aləmin - ideyalar, fikirlər, hisslər aləminin gözəl bir inikas formasıdır.

Şairin mənəvi dünyasını mən dörd kəlmə ilə ifadə edərdim: ucalıq, genişlik, təmizlik, gözəllik.

Nəbi Xəzri lirikasında bir neçə obraz var ki, bu obrazlar simvola, rəmzə çevriliblər. Bunlardan ikisi - Dəniz və Çinar onun şeirlərində tez-tez səslənir. Dəniz məhəbbətin simvolu kimi, Çinar da Vətənin - Azərbaycanın rəmzi kimi... "Dəniz, göy, məhəbbət" şeiri XX əsr Azərbaycan poeziyasının sevgi yaddaşıdır, - desəm, yanılmaram. İnsan sevgisini dənizlə, mavi səma ilə təşbih edən yüzlərlə şeirlər oxumuşuq, amma Nəbi Xəzrinin şeiri İnsanla Təbiətin təşbihinə yox, onun İnsanla vahidliyinə, bütövlüyünə həsr edilib.

 

İstəsən, yuxuna gələrəm sənin,

            Gələrəm, dəniz kimi.

Üzünə incilər çilərəm sənin,

            Çilərəm, dəniz kimi.

Yoluna şəfəqlər səpərəm hərdən,

            Səpərəm, dəniz kimi.

İstəsən, üzündən öpərəm hərdən,

            Öpərəm, dəniz kimi.

Nə qədər göylər var, mən səninləyəm,

Nə qədər dəniz var, sən mənimləsən.

 

Nəbi Xəzri poeziyasından söz açan müəlliflərdən heç biri onu "təbiət şairi" kimi təsnif etməyib, əslində buna ehtiyac yoxdur, çünki Nəbi Xəzri elə ilk yaradıcılığından təbiət lövhələri yaratmağın, təbiətin öz poeziyasını duydurmağın ustası olub. Onun təbiət mənzərələri, lövhələri heç bir zaman insansız deyil - onun böyük coşqu ilə şeirə gətirdiyi salxım söyüdləri, ağ çiçəkləri, Xəzəri, Qız qalası, Ana Kürü, dərələri, dağları məhz insanla ünsiyyətdə gözəlləşir.

Dəniz, Göy, Məhəbbət şairi Nəbi Xəzri keçən əsrin doxsanıncı illərində birdən-birə o həzin, lirik şeirlərdən zamanın acı küləklərinin əsdiyi bir ovqata kökləndi. Dünya dəyişirdi, Azərbaycanın başı üstünü qara buludlar almışdı, xain qonşularımız rus imperiyasının dəstəyilə torpaqlarımızın bir qismini işğal etmişdi, onun arxalandığı Kommunist Partiyası isə artıq tarixin qara səhifələrinə çevrilirdi. Dəniz, Göy, Məhəbbət şairi Nəbi Xəzri o illərdə Zamanla üz-üzə durdu, həyatın, yeni quruluşun, hələlik sistemsiz Sistemin yaratdığı xaosa, hərc-mərcliyə, məmləkətdə baş verən mürəkkəb, başaçılmaz olaylara, az qala, mənəvi dünyamıza hakim kəsilən, bəzən ən zərif hissləri, duyğuları belə "özəlləşdirən" BAZARa qarşı etirazını bildirdi:

 

Dünya başdan-başa bazar olanda,

Şairin yaşamaq haqqı varmıdır?

Artıq sevilməkdən söz düşə bilməz,

Daha yer üzündə sevmək də gecdir!

İnsanlar insandan var-dövlət umur,

Sənə var-dövlət də qazanmaq gecdir!

Şeirə, sənətə də cahan göz yumur,

Şeirlə sərvət də qazanmaq gecdir!

 

Nəbi Xəzri o illərdə "Qəm dəftəri", "Zaman çıxsa məcrasından", "Xəzan yarpaqları" kitablarını çap etdirdi və o kitablarda olan şeirlərə diqqət yetirsək, görəcəyik ki, şair məmləkətimizdə baş verən hadisələrin heç birinə biganə qalmamışdır...

...Nəbi Xəzri bu yurda, bu torpağa, bu məmləkətə, onun qanla yazılan tarixinə, XX əsr gerçəkliyinə, həm də Dədə Qorqud dünyasına bağlı bir şairdi. "Əfsanəli yuxular" poemasında, "Torpağa sancılan qılınc" pyesində o, Dədə Qorqud dastanlarına müraciət etmiş, qədim-mifik tariximizə müasir dünyamızdan boylanmışdı. N.Xəzri türk bahadırı Atilla və onun igidliyi haqqında poema yazmışdı, dinimizin, islamçılığın yaradıcısı Məhəmmədi "Peyğəmbər" əsərində mədh etmişdi.

...Nəbi Xəzrinin 60-cı illərin əmək qəhrəmanı olan Sevil Qazıyevanın ölümünə həsr etdiyi "Günəşin bacısı" poeması üstündən illər keçməsinə baxmayaraq ədəbiyyatımızın incilərindən sayılır. Çünki bu poemada əmək adamının ordenləri, medalları, qazandığı nailiyyətləri deyil, mənəvi dünyası, gənclik arzuları və faciəli ölümü əks olunmuşdu. Çox sonralar o, Qarabağ müharibəsində amansızlıqla qətlə yetirilən Salatın Əsgərova haqqında bir elegiya-poema yazdı.

...Nəbi Xəzri sosrealizmin ədəbiyyatda hakim mövqe tutduğu bir zamanda "Kiçik təpə" poemasını qələmə almışdı və nə qədər mübahisələrə səbəb olsa da, bu poemada o dövr üçün "müsbət" yox, əzabkeş bir azərbaycanlı qürbətkeşin obrazını yaratmışdı.

...Nəbi Xəzri lirik-fəlsəfi poemalar ustası idi. "Ana", "Bacı", "Ömür yoldaşı" poemaları təkcə Anası, Bacısı, Ömür yoldaşı haqqında yazılmamışdı, Azərbaycan qadınlarının müqəddəsliyinə poetik himnlər idi bunlar.

Nəbi Xəzri həm də dramaturq, nasir və publisist idi. Doğrudur, Nəbi Xəzri deyəndə, dərhal gözlərimiz qarşısında bir ŞAİR obrazı canlanır. Amma bu ŞAİR obrazı onun nəsrində, dramaturgiyasında və publisistikasında da öz sözünü deyir. Nəbi lirikası, ona xas olan zərif, incə duyğular pyeslərinin də, nəsr əsərlərinin də məntiqinə, ruhuna hopur. Əslində bunları bir-birindən ayırmaq, hansınasa üstünlük vermək olmaz. Nəbi Xəzri tarixin və yaşadığı dövrün həqiqətlərini təkcə şeir və poemalarında deyil, "Sən yanmasan", "Əks-səda", "Mirzə Şəfi Vazeh", "Torpağa sancılan qılınc", "Burla Xatun" pyeslərində, "Heykəlsiz abidə", "Miras" povestlərində də əks etdirirdi.

...Nəbi Xəzri dramaturgiyasında olduğu kimi, publisistikasında və ədəbi düşüncələrini ifadə edən məqalələrində də ŞAİR idi. Yəni bu yazılarında da poeziyasına məxsus obrazlı ifadələrdən, bədii təsvir vasitələrindən istifadə edirdi. Amma belə yazılarda tanınmış bir Azərbaycan şairinin hadisələrə obyektiv, ciddi mövqeyi də aydın duyulurdu. Ritorika yox, emosionallıq, hiss-həyəcan hakim idi bu yazılara. "Doqquz gün, doqquz gecə", "Missisipi axan yerdə", "Şimal qutbünün astanasında" publisistik yazıları İran, Amerika və İslandiya səfərlərindən sonra yazılmışdı. O, ustadlarına və öz müasirləri olan şairlərə də bir sıra yazılar həsr etmişdi və bu yazılar əslində, çox gözəl esselər idi.

O, müasirliklə, dövrün həqiqətləri ilə nəfəs alan, İNSANı - quran, yaradan, düşünən, böyük arzularla yaşayan İnsanı vəsf edirdi. Bu insan sırf milli-bəhəri duyğularla yaşayan, öz şanlı keçmişilə fəxr edən soydaşımız idi.

Nəbi müəllimlə tez-tez telefonda söhbətləşir, tədbirlərdə görüşürdük. "Azərbaycan" jurnalı redaksiyasına yeni şeirlərini göndərirdi və zəng edib deyirdi ki, o şeirləri birinci sən oxu, çünki sənin poeziyadan başın çıxır, həm də mənim daimi oxucularımdansan. Təbii ki, ustadın xahişinə əməl edirdim.

Nəbi Xəzri əsl şair ömrü yaşadı və bu ömür son zərrəsinəcən xalqına, Vətəninə bağlı idi.

 

Əsl qəhrəmandır

Əsl şair ki,

Ömrü də xalqının ömrüylə birdir.

 

Sözümü Xalq şairi Fikrət Qocanın bu misralarıyla bitirirəm:

 

Şair nəğmə kimi gəlir cahana,

Şair ölümünə mən inanmıram!

SİZƏ MARAQLI OLA BİLƏR