AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, AMEA Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədr müavini, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri, "Elektron Akademiya" şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov, həmçinin institutun şöbə müdirləri və əməkdaşları iştirak ediblər.
Elmi şuranın iclasını AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb. Akademik bu il 60 illik yubileyi qeyd olunan filologiya üzrə fəlsəfə doktoru, dosent Tinatin Məmmədovanı təbrik edib, alimi yubileyi münasibətilə Fəxri fərmanla təltif edib.
Sonra elmi-təşkilati məsələlərə baxılıb. İclasda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2024-cü il üzrə illik elmi hesabatı dinlənilib. institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru dosent Aygün Bağırlı hesabatı təqdim edib.
2024-cü ilin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu üçün elmi nailiyyətlərin əldə edilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edən məruzəçi hesabat ilində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar elmi müəssisələrə tapşırılmış işlərin yerinə yetirilməsi haqqında məlumat verib.
Prezident İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə bağlı institutun direktoru, akademik İsa Həbibbəylinin “Yaşıl artım və dayanıqlı inkişaf”, “Yaşıl dünyamızı qoruyaq”, “Yaşıl dünya gözlərə nur verən elmin işığında” kimi elmi konfranslarda və BMT-nin iqlim dəyişmələri konfranslarının 11-22 noyabr 2024-cü il tarixlərində Bakıda keçirilən 29-cu konfransında iştirak etdiyini, eləcə də məruzələrlə çıxış etdiyini bildirib. Eyni zamanda, AMEA rəhbərinin Çin Xalq Respublikasına səfəri çərçivəsində Çinin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun rəhbəri ilə görüşdüyünü, AMEA ilə təşkilat arasında əməkdaşlıq memorandumunun imzalandığını qeyd edib. Məruzəçi respublika və beynəlxalq tədbirlərdə institutun alim və mütəxəssislərinin iştirakı və məruzələri ilə bağlı məlumatları hesabat iştirakçılarının diqqətinə çatdırıb.
Hesabat məruzəsində ölkə başçısının “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli Sərəncamı ilə bağlı institutda görülən işlərdən də bəhs olunub. Qeyd edilib ki, “Məhəmməd Füzuli və Sultan Baho: Azərbaycan və Pakistan arasındakı ədəbi əlaqələr”, AMEA Rəyasət Heyəti, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” adlı beynəlxalq elmi konfranslar, “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans, III Türk dünyası Ədəbiyyat və Kitab festivalında “Məhəmməd Füzuli-530” paneli və digər tədbirlər keçirilib, eləcə də M.əhəmməd Füzuli irsini əhatə edən tədqiqat əsərlərinin təqdim olunmasının başlıca məqsədi Füzulini yenidən dünyaya Azərbaycan şairi kimi tanıtmaq olub.
İclasda Prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında”, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı haqqında” 21 noyabr 2023-cü il tarixli və “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamları ilə əlaqədar institutda təşkil olunan elmi tədbirlər, o cümlədən nəşr olunan tədqiqat əsərləri haqqında məlumatlar təqdim edilib.
Məruzəçi cari ildə institutda 2 istiqamət, 8 problem, 19 mövzu, 133 iş üzrə tədqiqat aparıldığını, onlardan 95 işin tamamlandığını, 38 iş üzərində tədqiqatların davam etdirildiyini bildirib. O, 2024-cü il üzrə mühüm elmi nəticələri əks etdirən, institutun alim və mütəxəssislərinin müəllifi olduğu bədii əsərlərin, dərsliklərin, tərcümələrin, konfrans materiallarının, impakt faktorlu məqalələrin, eyni zamanda tərtib edilmiş kitabların siyahısını sadalayıb. Vurğulayıb ki, institut əməkdaşlarının 4-ü xaricdə olmaqla 76 kitab və monoqrafiyası, 249-u xaricdə, 18-i impakt faktorlu olmaqla ümumilikdə 1164 məqaləsi çap olunub.
Daha sonra institutun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli “Elektron Ədəbiyyat İnstitutu” 2024-cü ildə: nəticələr və perspektivlər” mövzusunda təqdimatla çıxış edib. O, akademik platformalarda işin təşkili və jurnalların elektron variantlarının yaradılması sayəsində Ədəbiyyat İnstitutunun virtual məkanda təbliğ edilməsi və müəssisənin rəqəmsal mühitə inteqrasiyası baxımından müəyyən hədəflərə nail olduğunu bildirib. Artıq müəyyən müddətdir ki, Ədəbiyyat İnstitutunun “Google scholar”da korporativ hesabının yaradıldığını qeyd edərək, nəticədə humanitar elmlər sahəsində alimlərimizin məqalələrinə olan istinadların sayının artdığını vurğulayıb.
İclasda AMEA Rəyasət Heyəti aparatının "Elektron Akademiya" şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov Akademiyanın elektron informasiya şəbəkəsinin yenilənməsi və cari nəticələri barədə məlumat verib. O, xüsusilə TÜBİTAK kimi nüfuzlu akademik qurumlarla AMEA-nın elmi əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini qeyd edib. AMEA-nın TÜBİTAK vasitəsilə dünyaya çıxış imkanlarının genişləndiyini deyib.
AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri çıxışında 2024-cü ilin AMEA üçün əlamətdar olduğunu göstərən iki mühüm amili əsas gətirib. Qeyd edib ki, bunlardan biri elmi fəaliyyətə aid yekunların strateji hədəfləri əhatə etməsi, digəri AMEA-da çoxşaxəli islahatların birinci mərhələsinin başa çatmasıdır.
Sərxan Xavəri Akademiyanın gələcək fəaliyyəti istiqamətində xüsusi rol oynayacaq “AMEA-nın 2025-2030-cu illər üçün İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin Akademiyada iki ildir ki, həyata keçirilən geniş yeniləşmə islahatlarının tərkib hissəsi olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən AMEA Rəyasət Heyəti aparatının Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədr müavini, akademik Teymur Kərimli Ədəbiyyat İnstitutunun hesabat ilində gördüyü işləri yüksək təqdir edərək, interaktiv keçən hesabatı nümunəvi təqdimat kimi qiymətləndirib.
Şura iclasında institutun yeni qəbul olunmuş doktorant və dissertantlarının 2025-ci il üçün fərdi iş planlarının təsdiqi haqqında elmi müəssisənin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayeva məruzə edib.
İclasda digər qərarla on cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin VII cildinin I hissəsinin çapa təqdim olunması təsdiqlənib. Həmçinin “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının VIII cildinin – Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” monoqrafiyasının və “İşıq adam” kitabının çapa təqdim edilməsi barədə qərar verilib. Həmçinin Nemət Bəsirin “Əsərləri”nin də çapa təqdim olunması qərarla təsdiqlənib.
Sonda akademik İsa Həbibbəyli humanitar və ictimai elmlərin qarşısında duran prioritet vəzifə kimi elektron elmin formalaşması istiqamətində fəaliyyətin dəstəklənməsinin vacibliyini qeyd edib. Bildirib ki, elektron Akademiya artıq zərurətdir. Bu gün alimlər fəaliyyətini yüksək reytinqli elmi bazalarda yer alan jurnallarda məqalələrinin sıx dərc edilməsinə yönəltməlidirlər. AMEA rəhbəri onu da vurğulayıb ki, hesabatların təqdim olunması mərhələsində dünya elminin yenilikləri və Azərbaycan elmi qarşısında qoyulan yeni çağırışlar mütləq nəzərə alınmalıdır.