Elnarə Akimovanın yeni - “Azərbaycan uşaq ədəbiyyatı: tarixi təcrübəsi və müasir istiqamətləri” kitabına ön söz
Azərbaycanda uşaq ədəbiyyatının tədqiqi XX əsrin yetmiş-doxsanıncı illərində aktual olmuşdur. Həmin illərdə ölkəmizdə uşaq ədəbiyyatına həsr edilmiş dissertasiyalar müdafiə olunmuş, monoqrafiyalar və dərsliklər yazılıb nəşr edilmişdir. Uşaq ədəbiyyatının qızıl dövrü adlandırılan XX əsrin əvvəllərindən sonra yetmiş-doxsanıncı illər həm uşaq ədəbiyyatının və həm də uşaqlar üçün yazılmış ədəbiyyatın tədqiqinin xüsusi inkişaf mərhələsi hesab olunur. Ondan sonrakı dövrdə, Azərbaycan da dövlət müstəqilliyinin başlanğıc mərhələsində həm uşaq ədəbiyyatı ədəbi prosesdə arxa planda qalmış, həm də bu sahənin tədqiq edilməsi az qala unudulmuşdur.
Hesab edirəm ki, uşaq ədəbiyyatı və uşaqlar üçün yazılmış ədəbiyyatın tədqiqində yeni mərhələ 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Yazıçılar Birliyi ilə birlikdə "Uşaq ədəbiyyatının müasir vəzifələri" mövzusunda keçirilmiş müzakirələrdən sonra başlanmışdır. Həmin tədbirdə uşaq yazıçılarının, uşaq mətbuatının, uşaqlar üçün kitablar çap edən nəşriyyatların rəhbərlərinin, tənqidçi və ədəbiyyatşünasların iştirakı ilə keçirilən müzakirələrdə təşkil olunan diskussiyalar, aparılan təhlillər və müqayisələr, qaldırılan aktual məsələlər, tövsiyələr uşaq ədəbiyyatı sahəsində dönüşə böyük təkan verdi, yeni mərhələnin başlanğıcına çevrildi. Bunun ardınca uşaq ədəbiyyatına dair yaradıcılıq müşavirəsinin çağırışları əsasında 2017-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Uşaq ədəbiyyatı şöbəsinin yaradılması bu istiqamətdəki böyük dəyişikliklərə təkan verdi. Bununla ölkə miqyasında uşaq ədəbiyyatını tədqiq edib öyrənən, uşaq ədəbiyyatı üzrə tədqiqatları əlaqələndirən və istiqamətləndirən, uşaq yazıçılarını və bu ədəbiyyatın tədqiqatçılarını öz ətrafında birləşdirən müstəqil bir elmi-ədəbi mərkəz meydana çıxmışdır.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinə rəhbər təyin edilərkən bütövlükdə yeni tarixi dövrün ədəbi prosesinə bələd olan ədəbiyyatşünas seçimi əsas götürülmüşdür. Çünki ümumiyyətlə ədəbiyyat tarixini, xüsusən də müstəqillik dövrü Azərbaycan ədəbiyyatının inkişaf xüsusiyyətlərini dərindən bilmədən uşaq ədəbiyyatının özünəməxsusluqlarını müəyyən etmək, onu dəyərləndirən və istiqamətləndirən elmi əsərlər yaratmaq mümkün ola bilməzdi. Filologiya elmlər doktoru Elnarə Akimovanın Uşaq ədəbiyyatı şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi qeyd edilən tələblərin əsasında gerçəkləşdirilmişdir.
Filologiya elmləri doktoru Elnarə Akimova Azərbaycan ədəbiyyatşünaslıq elminin ən fəal və tanınmış nümayəndələrindən biridir. O, bütövlükdə Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişaf yoluna yaxından bələd olan və müstəqillik dövrü ədəbiyyatımızın problemlərinin tədqiqi sahəsində ardıcıl surətdə çalışan tədqiqatçılardandır. Əsasən ədəbi tənqid istiqamətlərində ixtisaslaşan Elnarə Akimova ədəbiyyat nəzəriyyəsi məsələlərinə də yaxından bələddir. Ədəbi prosesi təhlil edərkən o, ədəbiyyat tarixi təcrübəsindən bəhrələnməklə yanaşı, ədəbiyyat nəzəriyyəsinin də müddəalarından faydalanmağı bacarır. Ən başlıcası isə Elnarə Akimova bədii əsərin daxili dünyasına müdaxilə etməklə müxtəlif janrların arxitektonikası haqqında söz demək səviyyəsindədir. Elnarə Akimovanın "Müstəqillik dövründə Azərbaycanda ədəbi tənqid" (2006) mövzusunda yazılmış fəlsəfə doktorluğu dissertasiyasında ədəbi tənqidin müasir problemləri ədəbi prosesin axarında dərin və əhatəli şəkildə təhlildən keçirilmişdir. "Müstəqillik dövrü Azərbaycan poeziyası müasir ədəbi təmayüllər" probleminə həsr edilmiş elmlər doktorluğu dissertasiyasında yeni tarixi dövrün poeziyasının əsas inkişaf xüsusiyyətlərindən və ədəbi prosesdəki rolundan, ədəbi tənqidin poeziya qayğılarından geniş bəhs edilmişdir. Bu monoqrafik tədqiqatlar müstəqillik dövrü Azərbaycan ədəbiyyatının və ədəbi tənqidinin palitrası, rəngarəngliyi, dil-üslub, janr müxtəlifliyi haqqında yazılmış ən yaxşı elmi əsərlərdir. Eyni zamanda, yeni tarixi dövrün ədəbiyyatının inkişafında ədəbi tənqidin rolu və təsir imkanları da Elnarə Akimovanın araşdırmalarında elmi cəhətdən əsaslandırılmış şəkildə problem kimi qoyulub həll edilmişdir.
Bundan başqa, Elnarə Akimova Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2014-cü ildən keçirilməsinə başlanmış və hər il keçirilən, ədəbi proses müşavirələrində ardıcıl olaraq əsas məruzəçi kimi çıxış etməkdə davam edir. Onun "İlin ədəbi mənzərəsi" mövzusunda etdiyi məruzələrdə ədəbi prosesin bütün istiqamətlər üzrə ümumiləşdirilmiş təhlili verilir, ana xətlər müəyyən olunur, qabarma və çəkilmələrə elmi münasibət bildirilir, aparıcı tendensiyalar müəyyən olunur və təşviq edilir. Məhz Elnarə Akimovanın illərdən bəri davamlı olaraq bu mövzuda etdiyi məruzələrin timsalında "İlin ədəbi mənzərəsi" ədəbi tənqidin janrlarından birinə çevrilmişdir. Elnarə Akimova ədəbi tənqid üçün səciyyəvi olan icmal tənqidinin də yeni mərhələdəki əsas yaradıcılarındandır. Onun təşkilatçılığı və yaxından iştirakı ilə "Ədəbiyyat qəzeti"ndə aparılan aktual müsahibələr, dəyirmi masa söhbətləri, elmi-ədəbi müzakirələr müasir ədəbi prosesin real gedişatını əyani şəkildə görməyə və göstərməyə imkan yaradır. Elnarə Akimovanın dövri mətbuat səhifələrində, xüsusən "Ədəbiyyat qəzeti"ndə çap etdirdiyi məqalələrdə ən yeni dövr Azərbaycan ədəbiyyatında gedən proseslər, baş verən keyfiyyət və kəmiyyət dəyişmələri, bu mərhələnin aparıcı simaları, onlardan hər birinin fərdi yaradıcılıq özünəməxsusluqları yüksək elmi-nəzəri şəkildə ictimaiyyətə çatdırılır.
Ədəbiyyatşünaslıq elminin ölkəmizdə gedən ictimai-siyasi proseslərlə əlaqəli şəkildə tədqiq edilməsi və təqdim olunması istiqamətlərində də Elnarə Akimovanın özünəməxsus çalışmaları vardır. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və ədəbiyyat mövzusunda həyata keçirilmiş elmi layihədə yaxından iştirak edən Elnarə Akimova həmin mövzuda institut tərəfindən çap edilmiş "Heydər Əliyevin bədii obrazı: tarixi gərçəklikdən ideala" adlı iki cildlik monoqrafik tədqiqatın əsas müəlliflərindən biridir. Ulu Öndərin anadan olmasının 100 illiyi münasibəti ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşr etdirdiyi "Azərbaycan ədəbiyyatında Vətən və dövlətçilik məfkurəsinin intibahı: Heydər Əliyevdən - İlham Əliyevə" kitabı da Elnarə Akimovanın yaxından iştirakı ilə hazırlanmışdır. Onun dövlətçilik, azərbaycançılıq və ədəbiyyat məsələləri mövzusunda dövri mətbuatda çap etdirdiyi məqalələr də ictimai-siyasi yönlü ciddi ədəbiyyatşünaslıq nümunələridir. Ümumiyyətlə, Elnarə Akimova ədəbi prosesi ölkəmizdə gedən ictimai-siyasi proseslərlə əlaqəli surətdə təqdim etməyin elmi açarını tapmışdır.
Yarandığı vaxtdan çox az zaman keçməsinə baxmayaraq, Elnarə Akimovanın elmi-təşkilatçılıq işi sayəsində Uşaq ədəbiyyatı şöbəsi nüfuzlu bir elmi mərkəzə çevrilmişdir. Uşaq ədəbiyyatı şöbəsi uşaq yazıçı və şairlərinin yeni kitablarının onların özlərinin iştirakı ilə müzakirələrinin keçirilməsi vasitəsilə bu ədəbiyyatın yaradıcıları ilə canlı əlaqələrin qurulmasını təmin etmişdir. Uşaq yazıçı və şairləri özlərinin yeni çıxmış kitablarını Uşaq ədəbiyyatı şöbəsinə göndərməklə burada çalışan elm adamlarının rəyini, münasibətini öyrənməyə çalışmaları, mətbuatda kitablar haqqında resenziyalarının yazılmasına can atmaları bu elmi qurumun nüfuzunun mühüm göstəricilərindəndir. Və bütün bunlarda Elnarə Akimovanın xüsusi rolu və şəxsi nüfuzu vardır. "Ədəbiyyat qəzeti"ndə ilk dəfə olaraq "Uşaq ədəbiyyatı"na həsr edilmiş xüsusi buraxılışın ərsəyə gətirilməsi də ədəbi mətbuatın bu mötəbər nümunəsinin baş redaktoru Azər Turanın gələcəyimizin ədəbiyyatına açdığı meydanın göstəricisi olmaqla bərabər, özünü uşaq ədəbiyyatının tədqiqi və təbliğinə kökləmiş Elnarə Akimovanın da mövqeyinin və təəssübkeşliyinin real bəhrəsidir.
***
Elnarə Akimovanın oxuculara təqdim olunan "Azərbaycan uşaq ədəbiyyatı: tarixi təcrübəsi və müasir istiqamətləri" kitabı ədəbiyyatımızın bu son dərəcə həssas və vacib sahəsinin tədqiqi və təbliğ edilməsi istiqamətində meydana çıxmış əhəmiyyətli elmi mənbədir. Bu kitab Azərbaycan uşaq ədəbiyyatının yeni tarixi epoxadakı canlı mənzərəsinin, əsas simalarının və zəruri problemlərinin elmi güzgüsüdür. Elnarə Akimovanın tədqiqatlarında uşaq ədəbiyyatı yalnız uşaqları tərbiyə etmək vasitəsi deyil, geniş mənada ədəbiyyatın məfkurə qaynağı səviyyəsində dəyərləndirilir. Uşaq ədəbiyyatının ideya-sənətkarlıq cəhətdən möhkəm ədəbi-bədii əsasları ümumiyyətlə ədəbiyyatın möhkəm bünövrəsi kimi təqdim olunur. Məsələyə bu qədər yüksək ideya-bədii tələblər mövqeyindən yanaşmaq uşaq ədəbiyyatına geniş mənada ədəbiyyatın əsas hərəkətverici qüvvəsi səviyyəsində dəyər vermək deməkdir. Elnarə Akimovanın tədqiqat prosesində uşaq ədəbiyyatının inkişaf etdirilməsi ilə əlaqədar irəli sürdüyü elmi tezislər və nəzəri müddəalar, habelə həmin mövqeyi təsdiq etmək üçün uşaq ədəbiyyatından gətirdiyi seçilmiş nümunələr uşaq ədəbiyyatına Azərbaycan ədəbiyyatının bir qolu olmaqdan daha çox, bütövlükdə ədəbiyyat sferasının təməlləri və strategiyası kimi baxmağa əsas verir.
Elnarə Akimova haqlı olaraq bu qənaətdədir ki, yalnız mövzunun aktuallığı, bədii düşüncənin ideyalılığı və müasirliyi ilə deyil, həm də sənətkarlıq cəhətdən yüksək tələblərə cavab verməsilə uşaq ədəbiyyatı sözün böyük mənasında ədəbi sərvət səviyyəsinə qalxa bilər. Bu cəhətdən uşaq ədəbiyyatının qızıl fondu sayılan klassik yazıçı və şairlərimizin uşaq şeirlərinin möhkəm təməl və mükəmməl örnək kimi diqqət mərkəzinə çəkilməsi irəli sürülən elmi müddəanın əsaslı şəkildə tədqiqi və təşviqi baxımından mühüm əhəmiyyətə malikdir. Elnarə Akimovanın uşaq ədəbiyyatının təməl əsaslarını təşkil edən dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Oğlum Məhəmmədə nəsihət" şeiri ilə başlanan və Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Rəsul Rza kimi görkəmli sənətkarlar tərəfindən davam etdirilən uşaq ədəbiyyatında müstəqillik dövrünün ümummilli ideyalarının, azərbaycançılıq məfkurəsinin işığında söz açması indiyədək haqqında çox yazılmış bu bədii sərvətin bütün cazibədarlığı ilə təqdim olunmasını təmin edir.
Belə ciddi meyarlar əsasında dəyərləndirmələr Elnarə Akimovanın təqdimatında Azərbaycan uşaq ədəbiyyatından "Çəhrayı rəngli sevgi", "İşıqlı və rəngarəng" ədəbiyyat, "Sadəliyin poeziyası", "İnsanların və əşyaların qəlbinə eyni ruhla toxunmaq", hətta "Göyün yeddinci qatına səyahət" miqyasında söz açılmasına imkan yaradır. Bütün bunlar isə Azərbaycan uşaq ədəbiyyatı tədqiqatlarının yeni mərhələsinin prinsipləri kimi ümumiləşə bilir. Bu mənada Elnarə Akimovanın araşdırmaları Azərbaycan uşaq ədəbiyyatına dair elmin müasir meyarlarının formalaşdırılmasına da uğurla xidmət edir.
Uşaq ədəbiyyatının inkişaf etdirilməsi ilə bağlı olan problemlərin araşdırılması, ictimaiyyətin diqqətinə çatdırılması da Elnarə Akimovanın elmi fəaliyyətində mühüm yer tutan məsələlərdir. Təqdim olunan kitabdakı orta məktəb dərsliklərinin vəziyyəti, uşaq mətbuatının qayğıları ilə əlaqədar problemlər Elnarə Akimovanın elmi araşdırmaları ilə yanaşı, radio və televiziyada, elmi konfranslarda və forumlardakı çıxışları və məruzələrinin də baş mövzusudur. Bu məqamda o, təkcə mövcud problemləri diqqət mərkəzinə çəkməklə, alim-vətəndaş narahatlığını dilə gətirməklə kifayətlənmir, vəziyyəti dəyişmək, irəliyə getməyə nail olmaq üçün bu sahəyə cavabdeh olanları da yaxşı mənada silkələməyə, düşündürməyə səy göstərir. Kitabdakı "Uşaq ədəbiyyatının ciddiliyinə xələl gətirənlər: məsuliyyət kimin üzərinə düşür?", "Kəmiyyətin keyfiyyəti üstələdiyi ədəbiyyat", "Sözümüzü o kəslərə deyirik ki" adlı məqalələr və müsahibələr Azərbaycan uşaq ədəbiyyatının inkişaf etdirilməsi haqqında elmi xarakterli çağırışlar kimi səslənir.
Yeri gəlmişkən, qeyd etməyi lazım bilirəm ki, Elnarə Akimova Azərbaycan mətbuatında uşaq ədəbiyyatının problemləri ilə əlaqədar ictimai müzakirələrin də ilk təşkilatçısıdır. Onun "Ədəbiyyat qəzeti"ndə təşkil etdiyi "Müzakirə saatı" uşaq ədəbiyyatının müasir vəziyyəti və vəzifələrinə həsr edilmiş obyektiv elmi müzakirələr kimi maraqla qarşılanmış, əks-səda doğurmuşdur.
***
Mən Elnarə Akimovanı təmsil etdiyi bütün elmi-ədəbi kürsülərdə daim məsuliyyətli, zəhmətkeş, axtarış əzmli, həm də ictimai borc narahatlığı ilə yaşayan görmüşəm. Bu narahatlıq ədəbiyyatın qayğıları qarşısında cavabdehlik və xidmət funksiyasının yaratdığı müstəsna haldır. Uşaq ədəbiyyatına, onun keçdiyi tarixi yola və müasir istiqamətlərinə münasibətdə də o, eyni təəssübkeşliklə, bəlli bir missiya daşıyıcısı statusunda çıxış edir. Ədəbi ictimaiyyətə təqdim olunan yeni kitab bu baxımdan dediklərimizə sübutdur, Elnarə Akimovanın - bu sanballı ədəbiyyatşünas alimin həm böyük zəhmətinin, həm də uşaq ədəbiyyatına yüksək nəzəri-estetik meyarlar səviyyəsindən baxmağının örnəyidir.
13 oktyabr 2024-cü il