Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Kərkük Kültür Dərnəyinin ərsəyə gətirdiyi və görkəmli tədqiqatçı Əta Tərzibaşıya həsr olunmuş sənədli filmin təqdimatı keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli İraq türkmanları ilə Azərbaycan arasında ədəbi münasibətlərə toxunub, bu əlaqələrin qədim tarixi köklərə söykənən ortaq milli-mənəvi dəyərlərdən qaynaqlandığını bildirib. Ulu Öndər Heydər Əliyevin daim Kərkük-Azərbaycan əlaqələrinin inkişafına xüsusi diqqət yetirdiyini deyən akademik İsa Həbibbəyli bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, dövlətimizin maraqlarından irəli gələrək AMEA-da İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının yaradıldığını söyləyib. Qeyd edib ki, ötən müddət ərzində şura tərəfindən İraq-türkman tarixi, dili, ədəbiyyatı, mədəniyyəti, etnoqrafiyası və folkloru ilə bağlı araşdırmaların əlaqələndirilməsi və sistemli koordinasiyası məqsədilə mühüm addımlar atılıb.
Kərkük-Azərbaycan əlaqələrinin inkişafında görkəmli tədqiqatçı Əta Tərzibaşının tarixi xidmətləri olduğunu söyləyən AMEA rəhbəri bu il onun 100 illik yubileyi münasibətilə akademiyada beynəlxalq elmi konfransın keçirildiyini, Şəmsəddin Kuzəçinin “Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” kitabının təqdimatının baş tutduğunu diqqətə çatdırıb.
Həmçinin Kərkük-Azərbaycan əlaqələrinin inkişafında Ədəbiyyat İnstitutunun əməkdaşı professor Qəzənfər Paşayevin fəaliyyətinə toxunub, onun kərkükün dünyadakı səsi olduğunu bildirib və alimin “Altı il Dəclə-Fərat sahillərində” əsərini yüksək qiymətləndirib.
Bundan əlavə, Ədəbiyyat İnstitutunun elmi işçisi Orxan İsayev tərəfindən ölkəmizdə Əta Tərzibaşıya həsr edilmiş ilk dissertasiya işinin yazıldığını və müdafiə ərəfəsində olduğunu vurğulayıb.
Akademik İsa Həbibbəyli dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi ilə əlaqədar İraqda keçiriləcək konfransda AMEA nümayəndələrinin də iştirak edəcəyini və bu ziyarətin ədəbi əlaqələrimizin inkişafına töhfə verəcəyini söyləyib.
Sonra professor Qəzənfər Paşayev çıxış edərək İraq türkmanlarına dair apardığı tədqiqatlardan, elmi-mədəni əlaqələrdən, İraqda tərcüməçi kimi çalışdığı illərdə fəaliyyətindən danışıb. 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə Azərbaycandan böyük nümayəndə heyətinin Məhəmməd Füzulinin 500 illik yubiley tədbirlərində iştirak etdiyini bildirib. O, dahi Liderin İraqdakı soydaşlarımıza xüsusi rəğbət bəslədiyini, İstanbulda çıxan “Qardaşlıq” dərgisinə verdiyi müsahibəsində “Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır”, - sözlərini vurğuladığını diqqətə çatdırıb.
Kərkük Kültür Dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçi isə çıxışında Əta Tərzibaşının yaradıcılığına və ümumilikdə İraq türkmanlarına göstərilən diqqətə görə minnətdarlığını bildirib, son illərdə ədəbi əlaqələrin yüksək səviyyəyə çatdığını söyləyib. O, birgə əməkdaşlığın daha da genişləndirilməsi üçün bir sıra tədbirlərin nəzərdə tutulduğunu, 2025-ci ildə Kərkük Mədəniyyət Günlərinin təşkil ediləcəyini bildirib, ərsəyə gələn film barədə məlumat verib.
Sonda görkəmli tədqiqatçı Əta Tərzibaşıya həsr olunmuş sənədli film nümayiş etdirilib. Filmdə akademik İsa Həbibbəyli, professor Qəzənfər Paşayev, elmi işçi Orxan İsayev də Əta Tərzibaşı yaradıcılığına dair fikirlərini, xatirələrini bölüşüblər.