...Nələr dəyişdi? Dəyişən iqlimi (poeziyada iqlim dəyişikliyi) hiss etmək, tutmaq və qavramaq hər deyəndə, hər arzu edəndə alınmır. İctimai həyatdakı bütün olar-olmazlar, eybəcərliklər, maneə və çəmbəri sıxılıb boğulan gərginliklər bütün zamanlarda bəlli missiyanı boynuna götürən söz sərrafının dünyaya gəlişi ilə ifadə olunur. Tablo, kətan hazır, malbert sizi gözləyir, onun üzərinə ilk hansı boyanı çəkəcəyindən çox şey asılıdır, ya bu sırf avanqard düşüncə məhsulu, ya da həmin sıxıntı və eybəcərlilklərin tikanını elə tikan kimi rəsm edən mənzərə olacaq. Şeir, poetik düşüncə ifadə aktından qabaq, hər şeydan öncə, həmin ağ kətandır. Bu ağ kətanın üstündə Vaqifin və Zakirin "Durnalar"ını (bağrı daşa dönmüş...) təsəvvür edin. Janrları bu müqayisə əsasında anlamaq olarmı? Qasım bəy Zakirin leksikası ona qədərki və müəyyən mənada ondan sonrakı poetizmlərdən dəfə-dəfə fərqlənir. Bunun səbəbi nədir? Çünki Zakir bu işə ilk girişən, fırçanı əlinə ilk alan insandır, fırçanı boyaya elə batırmış kimi, o rənglər bu gün də canlıdır, silinməz və parlaqdır. Zakir satirası özündən əvvəlki və sonrakı bütün gözəl bədii əsərlərin məhək daşıdır, onların daha düzgün oxunması üçün meyar və dəyərdir. Bəzən bir şair elə dilinin "kobudluğu" və leksikasının "anormallığı" ilə milli ədəbiyyatın meydana gəldiyi bütün əsrləri qovuşdurur, hətta olur ki, bircə misranın, bircə deyimin içində.
O parçanın üstündən o qatı, sarmaşıq boyanı silmək istədikdə, rəng rəngə qarışır, yeni çalarlar yaranır, dəyişən iqlimin sözü, şeiri necə dəyişdiyini bəlləyir. Yaşadığı dövrdə onlarla şair, onlarla söz adamının içində "ətraf mühitə", dəyişən, yaxud dəyişkən iqlim çərçivəsinə onun qədər həssas ikinci bir şair yoxdur. Zakir elə bir hadisədir ki, onu oxuyanda, yəni onun zamanı dil açıb danışanda ən mükəmməl qəzəllər, eşq nəğmələri bir anlıq susur, bu mətnlər, bəlkə həmin kontekstdə, o dövrün iqlim şərtləri içində çox mənasız görünür, Zakir yazdığı dildə zaman içində sonralar böyük nəsr əsərlərinin yaranmasının müjdəçisidir. İndi satira, satirik poeziya, demək olar, yoxdur. Ümumən bizdə satirik ədəbiyyata münasibət birmənalı deyil. Bəzən satirik mətnlər ümumi ədəbi prosesdə "yad cisim" kimi qavranılır...
Sosial mahiyyətli ədəbiyyat müstəvisində hər şey Zakiri və Sabiri anlamaqdan başlayır. Yalnız bundan sonra müasir ədəbiyyatın yönünü müəyyənləşdirə və o mətnləri uyğun şəkildə təhlil edə bilərik. Zakirin satirik şeirləri ilə Axundzadənin komediyaları bütün hallarda Azərbaycan bədii nəsrinin köklü-köməcli yaranış mühitini şərtləndirir. O dühalar olmasaydı, Yusif Vəzirin "Studentlər" və digər millətçiliklə aşılanmış əsərləri meydana gəlməzdi, yaxud bu əsərlər də, öz növbəsində, İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Anar, Elçin, Əkrəm, Mövlud, Sabir Azəri və digər naşirlərin ciddi nəsr əsərlərinə heç zaman kəsilməyən impulslar verməzdi. Alber Kamünün bir deyimi var: "İnsan böyük addımlar atmağa qadirdir, indi bunu bilir, dərk edirəm. Ancaq bununla yanaşı güclü hissiyyat sahibi deyilsənsə, bu artıq ciddi nələrsə törətməyəcək, buna əmin olun." Janrların meydana gəlməsində, hansı şairin hansı janra üstünlük verməsi məsələsi də məhz, bu iki nəsnənin vəhdəti ilə müəyyən edilə bilər. İndi nə qədər hərcayi, boşu-boşuna sevgi şeirləri yaranır, indi nə qədər epitet və metaforalarla aşıb-daşan (boğulan), müqayisə üstündə dayanıb duruş gətirən bədii parçalar yaranır. Onlar yarandıqları kimi izsiz yox olub gedirlər. Bu parçalar, qafiyələrin, epitet və digər fiqurların sənin nəfəsini qabaqladığı məqamların ifadəsidir, başqa nəsə deyil. Buna görə ən gözəl şeirlər elə "qafiyəsiz", bu baxımdan "lal" mətnlərdir.
"Bu tip mətnlərin əsas özəlliyi nədir?" soruşulsa, ilk olaraq ictimai sferada baş alıb gedən hadisələrə həssaslığın vacibliyini vurğulamaq olar. İndi ard-arda sevgi, vətən eşqi və sair mövzularda yazılan şeirlərin böyük əksəriyyəti keçən əsrlərdə, Vaqifin, Zakirin dövründə (bəlkə onlardan da çox qabaq - !) zaman içində itib-batmış mətnlərin o toz dumanından sıyrılıb, yol alıb təkrar gəlişinə oxşayır. Yəni, dünyada bir dəfə meydana gələn təyinatsız şeirlər və amorf mətnlərin sırası zamanla təkrar-təkrar üfüqlərdə görsənə bilir, üzdən bu gün qələmə alınana oxşasalar da. Mükəmməl mətnlər təkrarsız olur, zəif şeirlər, zəif əsərlər həmişə təkrarlanır və köhnəlir. Ən yaxşı, sənət baxımından, zəmanənin suallarından suallar düzəldən əsərlər milli bədii yaddaşa zamanla yığılan enerjinin müəyyən həddə çatmasından törəyir. Zamanı ötüb keçir.