Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

"Bu yağan yağışda sevgi ətri var" - Qoşqar Qaraçaylının şeirləri haqqında - Vaqif Yusifli

02-12-2024 [ 11:44 ] [ oxunub:65 ]
printerA+ | A-

Tənhalaşıb dərdə, qəmə batmayın,

Özünüzü oda, közə atmayın,

Bu yağan yağışa çətir tutmayın,

Bu yağan yağışda sevgi ətri var.

 

Qoşqar Qaraçaylının şeirləri ilə ilk dəfə "Ədəbiyyat qəzeti" vasitəsilə tanış oldum. Həmin bu "Yağış" şeirini də qəzetdə oxudum (6 iyun 2015-ci il sayında).

Azərbaycan şeirində elə bir şair tapılmaz ki, Yağış obrazına müraciət etməsin. Yağış təkcə təbiət hadisəsi olmayıb, insanın mənəvi dünyasının az qala, daimi sakininə çevrilməkdədir. İlin bütün fəsillərində Yer üzünə və Azərbaycana yağışlar yağır, yağışlar fəlakət də gətirir, sərinlik də, daşqın da yaradır, bir oyanma, dirilik də. Poeziyada isə yağış həm təbii gözəllik, həm də sevgiyə açılan qapıdır.

 

Qızıl gözəllikdi, dürr gözəllikdi,

Varsa gözəllikdə sirr, gözəllikdi,

Hər düşən damcısı bir gözəllikdi,

Bu yağan yağışda sevgi ətri var.

 

Nə hava dəyişsin, nə günəş çıxsın,

Nə zaman tələssin, nə ömür axsın,

Yağsın səhərədək, kaş elə yağsın...

Bu yağan yağışda sevgi ətri var.

 

Qoşqar Qaraçaylının bütün "yağışlı" şeirlərində o sevginin işığını, rəngini gördüm. Bir dəli yağış yağır, bu dəli yağışın altında şair arzulayır ki, oturub sübhəcən ağlasın:

 

Ağlayam, yağış da bir ucdan yağa,

Yağa damcı-damcı, hey döyə məni.

Bu yağış sevgiyə öyrədə məni,

Bu yağış sevgiyə səsləyə məni.

 

Qoşqar Qaraçaylının ikinci şeirlər kitabı - "Uzaqlar" ("Mücrü" nəşriyyatı, 2024) bir mənada yağışlar, sevgilər paraleli üzərində qurulub. Bir şairin romantik duyğular aləmi, təbiətlə və sevgi ilə bağlı hissləri öz təbiiliyi ilə diqqəti cəlb edir. Əlbəttə, hər şairin yaradıcılığında sevgi xətti ilə bu və ya digər dərəcədə qarşılaşırıq, şairlər üçün sevgi heç vaxt tükənmir, illər keçir, cavanlıq ötür, amma sevginin baş mərkəzi - ürək qocalmır. Qoşqar Qaraçaylı hələ cavandır və təbii ki, "Füzulidən bir dad, bir duz" onun şeirlərində də əks olunmalıdır. Qoşqarın sevgi haqqında, bu ali hissin məna və mahiyyəti ilə bağlı "Sevgi" adlı şeiri var. Baxaq:

 

Sevgi bir az darıxmaqdır, əslində,

Bir az təklik,

Bir az yoxluq,

Bir az da uzaqlıq var içində.

Sevgi -

Görünməyən izlərdi,

Oxşanmayan saçlardı.

Günəşə gülümsəyən

tumurcuq dodaqlardı.

Sevgi -

İki ürək, bir can olmaqdı.

Həm də dəhşətli dərəcədə

bir insana yoluxmaqdı.

Sevgi -

Hər gün bir az ölməkdi.

 

Bu şeir Qoşqar Qaraçaylının sevgiyə fərdi, subyektiv yanaşmasıdır. Bu, bir şairin və bir sevən insanın dərk etdiyi həqiqətdir. Razılaşmaq da olar, razılaşmamaq da. Amma Qoşqarın sevgi həyəcanlarını ifadə edən, onun yaşadığı həyatın bir parçasına çevrilən MƏN-SƏN həqiqətini də unutmaq olmaz. Həm də bu şeirlərində onun sevgi həyəcanları daha təbiidir, saxta və quraşdırılmış sevgi "oyunu" deyil. "Səni yuxuda gördüm" - "Gözlərində uyuyan qəmi yuxuda gördüm". "Bir qız keçdi həyatımdan" - "könlümdəki "ah"a bənzər bir qız keçdi həyatımdan". "Bir evin divarları" - "Mənim kimi qəmlidir bu evin divarları, Cadar-cadardır, ürəyim kimi... Hər küncündə sevgi sözləri, Sevgi etirafları yaşayır". Doğrudan da, əsl sevgi yaşayan belə deyə bilər:

 

Hərdən xətrimə dəyir

Saçlarını oxşayan küləklər də,

Yollarına yağan yağışlar da,

Pəncərəndən boylanan çiçəklər də.

Dəyir xətrimə

Dərs oxuduğun yuxusuz gecələr də,

Keçdiyin lal-dinməz küçələr də,

Sən olan yalanlar da, gerçəklər də.

 

Bax, bu misralardan Füzulidən gələn bir meh var.

Mən Qoşqar Qaraçaylını yalnız sevgi şairi kimi tanıtmağı qarşıma məqsəd qoymamışam. Sadəcə, onun şeirlərində daha çox nəzərəçarpan aparıcı xəttin üzərində gəlişmələr apardım. Amma Qoşqarın poetik istedadı təkcə bu xəttə sığışa bilməz. Onun metaforik düşüncədən doğan, sözü, ifadəni yeni məna çalarlarına qatan şeirləri sübut edir ki, təzəliyə - yeni söz deməyə can atır. Məsələn, onun qarla bağlı bir neçə şeiri var.

Həsrətdən üşüyən təbimin üstə,

Olmayan, qalmayan səbrimin üstə,

Qürbətdə babamın qəbrinin üstə

Qar yağır xəbərsiz, səssiz, səmirsiz.

 

Qış gələndə

Adamlar da havalar kimi soyuyur.

Ürəklər də buludlar kimi dolur,

Qara saçlar da qar kimi ağarır.

 

Onun təbiətlə bağlı şeirlərində payız darıxmağın, axşamlar isə düşünməyin, sabaha açılan ümidlərin rəmzidir. "Başladı qürbətdə yarpaq tökümü, Ürəyim yarpaqtək əsir sinəmdə. Payıza dönmüşəm bu payız mən də". "Yarpaqlar" şeirinə diqqət edin:

 

Sizi tapdamağa ürəyim gəlmir,

Ayağım altında ölən yarpaqlar.

Ay payız eşqinə, payız xətrinə

Qəlbimi ikiyə bölən yarpaqlar,

Düşün ürəyimə, yerə düşməyin...

Sizi tapdamağa ürəyim gəlmir.

 

Qoşqar Qaraçaylının poetik istedadının daha da püxtələşməsinə, daha da cilalanmasına inanıram. İnanıram ki, onun sevgi nağıllarında küskünlük, hardasa pessimizm notları həddini aşmayacaq, nədən yazırsa-yazsın, baba Füzulinin "Ver sözə ehya ki" kəlamını unutmayacaq.

SİZƏ MARAQLI OLA BİLƏR