Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Akademik İsa Həbibbəyli Beynəlxalq Elmi Şuranın baş icraçı direktoru ilə görüşüb

12-11-2024 [ 10:40 ] [ oxunub:26 ]
printerA+ | A-
104999

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində ölkəmizdə səfərdə olan dünyanın ən nüfuzlu elmi qurumu Beynəlxalq Elmi Şuranın (ISC) baş icraçı direktoru professor Salvatore Arico ilə görüşüb.

Qonağı ölkəmizdə görməkdən məmnunluğunu bildirən akademik İsa Həbibbəyli Azərbaycanda keçirilən və bu gün dünyanın ən nüfuzlu tədbirlərindən biri kimi qəbul edilən COP29-un rəsmi olaraq açılışının keçirildiyini, konfransda dünyamızın gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edən qərarların qəbul ediləcəyini, o cümlədən elm sahəsində bir sıra mühüm müzakirələrin aparılacağını diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli humanitar və ictimai elmlərin imkanlarından iqlim dəyişmələri kimi qlobal problemlərin həllində istifadə edilə biləcəyini söyləyib, bu və digər istiqamətlərdə AMEA-nın ISC ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb, təklif və mülahizələrini səsləndirib.

AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdə akademik İsa Həbibbəyli qonağa Azərbaycan Milli Elmlər Akademiyasının tarixi, keçdiyi şərəfli inkişaf yolu, əldə etdiyi nailiyyətlər və son illərdə aparılan struktur islahatları barədə məlumat verib. Qeyd edib ki, Milli Elmlər Akademiyasında Azərbaycan Respublikası Prezidentinin və müasir dünya elminin çağırışlarından irəli gələrək struktur islahatları aparılıb, Akademiyada elektron elmin inkişafı, alimlərimizin dünya elminə çıxışı üçün mühüm addımlar atılıb, AMEA tarixində ilk dəfə rəsmi olaraq beynəlxalq elmi təşkilatlara, o cümlədən ISC-yə üzv olmaqla dünya elmində qəbul edilən qərarlarda söz sahibinə çevrilib.

Sonra çıxış edən Beynəlxalq Elmi Şuranın (ISC) baş icraçı direktoru professor Salvatore Arico COP29 çərçivəsində ölkəmizdə və AMEA-da olmaqdan məmnunluq duyduğunu bildirib. Təmsil etdiyi təşkilat barədə məlumat verən alim qeyd edib ki, 2018-ci ildə yaradılmış ISC beynəlxalq səviyyədə elmin inkişafı və inteqrasiyası üçün çalışan ən böyük qurumlardan biridir və təşkilat elmin cəmiyyətə töhfəsini artırmağı qarşısına məqsəd qoyub. Vurğulayıb ki, elmin təşviqi və inkişafına dəstək, elmi bilikləri daha geniş kütləyə çatdırmaq və bu biliklərin istifadəsini stimullaşdırmaq Beynəlxalq Elmi Şuranın əsas hədəflərindəndir. Diqqətə çatdırıb ki, ISC qlobal elmi icmanın əsas nümayəndələrini və milli, regional elmi təşkilatları bir araya gətirən struktura malikdir. Bildirib ki, Beynəlxalq akademik təşkilatın tərkibində dünyanın 140-dan çox ölkəsindən 250-dən artıq akademiya, elmi birlik, milli və beynəlxalq elmi təşkilat yer alır. Bu qurumlar bir araya gələrək qlobal elmi proqramlar hazırlayır, BMT və digər nüfuzlu təşkilatlarla sıx əməkdaşlıq edərək onlara qlobal problemlərin həlli üçün lazımi resurslar təklif edirlər.

AMEA-nın təşkilata üzv olmasından və birgə əməkdaşlıqdan məmnunluq duyduqlarını bildirən professor Salvatore Arico dəqiq və təbiət elmləri ilə yanaşı, humanitar və ictimai elmlər sahəsində də Akademiya ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını söyləyib, qurumlararası birgə əməkdaşlıq təkliflərini diqqətə çatdırıb.

O, akademik İsa Həbibbəylinin görüşdə səsləndirdiyi təkliflərin ISC-nin 26-30 yanvar 2025-ci il tarixlərində Omanın paytaxtı Maskat şəhərində keçiriləcək Baş Assambleyasının iclasında üzv ölkələrin elmi qurumlarının birgə iştirakı ilə müzakirəyə çıxarılacağını vurğulayıb.

Çıxışlardan sonra qonağa xatirə hədiyyələri təqdim edilib.

Daha sonra Beynəlxalq Elmi Şuranın rəsmisi AMEA-nın Rəyasət Heyətinin tarixi binası ilə tanış olub.

Görüşdə Almaniyanın Karlsruhe Texnologiya İnstitutunun professoru, Beynəlxalq Elmi Şuranın ilk katibi olmuş professor Alik İsmayılzadə və AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Esmira Əlirzayeva da iştirak ediblər.

© www.science.gov.az 

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR