Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

"Torpağa İnsanın arzusu gəlir” - COP-29

04-11-2024 [ 12:52 ] [ oxunub:122 ]
printerA+ | A-
104984

Təbiəti sağaltmaq və bərpa etmək gücünə malik müqəddəs varlıq İnsandır. İnsanlığın yaşadığı məkanın qayğısına qalmaq istəyi təzələnməkdədir. Dağıdılmış şəhərlərdən yaranan eko-təşəbbüslər yeni dünyanın mümkün olacağına ümid simvoluna çevrilir. Beləcə, fırtınalardan sağ çıxan meşələr yenidən həyatla dolur və insanlar bərpa qüvvələrindən istifadə edərək təbiətlə ümumi dil tapır, onun ritmlərinə hörmət etməyi öyrənirlər. Beləcə şair demişkən, “Torpağa insanın arzusu gəlir…”(Səməd Vurğun).

Müharibənin şiddətli burulğanında təbiət öz gizli güclərini ortaya qoyur, sanki özü də insan münaqişələrinin şahidi olur. Partlayışlardan sarsılan yer kürəsinin öz məsumluğunu itirmiş təbiət mənzərələri xarabalıqları, dağıntıları xatırladır. Əsrlər boyu qurulmuş ictimai strukturlar təzyiq və nifrət altında dağılır, qardaşlıq həmrəyliyi yerini təcrid və inamsızlığa verir. Ancaq bu xaosda yalnız bir şey bütün doğru olaraq qalmaqdadır, o da təbiətdir. Təbiət insan ehtiraslarına baxmayaraq, öz əbədi həyat dövrünü davam etdirir. Bir vaxtlar insanlıq üçün sığınacaq verən meşələr indi onun yıxılmasının şahidi olaraq... Bir vaxtlar həyat mənbəyi olan, sərhəd tanımayan çaylar ideologiyalar və təcavüzlərlə parçalanmış insanların sülh axtarışında vurnuxduqlarının seyrində məcrasından çıxaraq...

Lakin daima dağılma ilə üz-üzə qalan cəmiyyət yenidən düşünmək və özünü yeniləmək üçün güc tapır. Hər münaqişə dərsə, hər itki isə gələcək haqqında düşünmək üçün mövzuya çevrilir. Deməli, səhraya dönmüş tarlaların, boz səmaların fonunda asfaltdakı çatlardan qopan güllər kimi yeni ümidlər yaranır.

Müharibə və sülhün gərgin sükut içində yaşadığı bu ziddiyyətli məkanda – Yer üzündə insanla təbiət arasında ittifaq yaranır. İnsan öz kövrəkliyini dərk edərək, yerin qucağında təsəlli axtarmağa başlayır. Ağacların arasında pıçıldayan küləklər sanki onu sülh və harmoniya nağıllarının düşmənçilikdən əvvəl olduğu mənşəyinə qayıtmağa çağırır. Yaralara və iztirablara baxmayaraq, qədim dövrlərin müdrikliyini hələ də qoruyub saxlayan Yer adlı dünyamızın səsini eşitməyi öyrədir.

44 Günlük müharibədə Qüdrətli Azərbaycan tarixi ədaləti və özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etməyə nail oldu. 8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarix gün, Böyük Zəfər Günü oldu. İşğal dövründə etnik terrorla yanaşı, ekoloji terrora da məruz qalan Qaragöl, Bəsitçay, Qubadlı, Laçın, Daşaltı kimi təbii qoruqlarımızın bərpası fövqəladə vəzifə borcuna çevrildi.

  “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 may 2021-ci il tarixli 2620 nömrəli Sərəncamına müvafiq hazırlanmış Konsepsiyanın məqsədi işğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək bərpa olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və ekoloji cəhətdən təmiz və enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır. Bunun üçün müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanmışdır.

Ənənəvi enerji ixracatçısı olan Azərbaycan son illərdə yaşıl enerjiyə keçidlə bağlı fəal işlər aparmaqdadır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, həmçinin Naxçıvanın “yaşıl enerji zonası” elan edilməsi və bu istiqamətdə atılan addımlar beynəlxalq arenada Azərbaycana nüfuz qazandırır.

Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il Azərbaycan Respublikasında “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilmişdir. “Yaşıl dünya naminə həmrəylik İli”ndə Azərbaycanda keçiriləcək global iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunmuş  və ən mötəbər beynəlxalq tədbir sayılan COP-29 bu dəfə  Bakıdan Dünyaya səslənəcəkdir. Yaxın günlərdə Azərbaycanın paytaxtı qara qızıl səltənəti, dənizi fəth edənlər şəhəri Bakı öz qapılarını iqlim dəyişikliyi nöqteyi-nəzərindən planetimizin gələcəyini müzakirə etmək üçün səfər edəcək on minlərlə iştirakçıların üzünə açacaqdır.

Neft Bakısının humanist missiyası müasir dövrümüzdə elmi nəzəri, iqtisadi-siyasi təfəkkür işığında dünyanı yaşıl dincliyə, ekoloji əmin-amanlığa çağıracaqdır.  Çünki neftçi-geoloq, akademik Xoşbəxt Yusifzadənin fikri ilə desək: “İndi əgər biz insanlar bir-birimizi qırıb-çatmasaq, 40-50 ildən sonra ola bilsin neft ancaq dərman üçün lazım olacaq. Yəni dünyada o qədər yeni alternativ üsullar, enerjilər çıxacaq ki, ola bilsin neft ancaq dərman üçün gərək olacaq…” Təsadüfi deyil ki, neftlə heyrətamiz şəkillər çəkən rəssam Sabir Çopuroğlu da “nefti 21-ci əsrin boyası” kimi humanist missiyasını rəsmlərə köçürür.    Yeni alternativ üsullar, enerjilər axtarışında olan Azərbaycanın neft-qaz resurslarının mövcudluğu ölkənin qlobal strukturlara inteqrasiyasını genişləndirdikcə, sosial-iqtisadi və ekoloji uğurların təməlində neft amilinin missiyası da yeni məzmun kəsb etmiş olur.   

Millət vəkili, filologiya elmləri doktoru Elnarə Akimova haqlı olaraq qeyd edir ki, “COP 29 yalnız Azərbaycana deyil, bütün dünyaya çox şey verəcək. Yetər ki, qarşılıqlı faydalılığa açıq olsunlar və dünyanın sabahı barədə sağlam düşünsünlər. COP29 dünyanın ekoloji baxımdan, iqlim təhlükəsizliyi fonunda təhlükəsizliyini düşünən platformadır. Dünyanın yaşıl enerji ilə təminatında  bu tədbirin keçirilməsinin müstəsna əhəmiyyəti olacaq... Bizim dövlət qan, göz yaşı, ölümlər naminə deyil, yaşıl dünya naminə həmrəyliyə çağırır dünya liderlərini... Bu mötəbər tədbir Azərbaycanın uğur hekayətidir və humanist obrazının dünyanın gözü önündə yenidən sərgilənməsi baxımından müstəsna hadisədir.” 

Müvəqqəti qaranlığın əsarətində olan bəşəriyyət yavaş-yavaş, lakin şübhəsiz ki, səhvlər zəncirini əl-ələ verərək tamamlayaraq öz dünyasını yenidən yaratmağa borcludur. Məhz buna görə də Bakıda keçiriləcək GOP-29 günlərində təbiət bəşəriyyətlə yenidən əlaqəyə cəhd edərək, insanlığı anlaşmaya və birliyə qapı açmağa çağıracaqdır.

“Qaynar çeşmələri duru saxlamaq,

İşığı qorumaq, nuru saxlamaq,

Torpağın ruhunu diri saxlamaq

İnsanın ən böyük cavabdehliyi,

Bəşərin ən böyük dərdi-səridi.

– Təbiət Allahın şah əsəridi!” (Zəlimxan Yaqub)

 

Zakirə Əliyeva

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

 

 

SİZƏ MARAQLI OLA BİLƏR