Üç cilddə nəşri nəzərdə tutulan “Aşıq dastanları” kitabının ikinci cildi nəfis tərtibatla çap olunub.
Kitabı nəşrə hazırlayanlar Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlı, filologiya üzrə elmlər doktoru Mahmud Allahmanlı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli, redaktoru isə Aynur Xəlilovadır.
Musa Nəbioğlu bildirib ki, bu cildə on bir dastan (“Yetim Aydın”, “Əsli və Kərəm”, “Qul Mahmud və Nigar xanım”, “Məsum və Diləfruz”, “Alı xan və Pəri”, “Məhəmməd və Güləndam”, “Nəcəf və Pərizad”, “Şahzadə Əbülfəz”, “Səyyad və Səadət”, “Abdulla və Cahan” “Aşıq Hüseyn və Reyhan xanım”) yer alıb.
Dastanlar “Saz-söz məclisi” verilişində geniş ictimaiyyətə təqdim olunub, sonra isə aşıqların dilindən yazıya alınaraq bu nəşrə daxil edilib. Cildin hazırlanmasında əsas məqsəd aşıq dastanlarının çağdaş aşıqların repertuarında geniş yer tutmasına çalışmaq, dastanlarımıza yeni həyat, yeni nəfəs gətirməkdir. Bu nəşrin özəlliyi dastanların hər birinin canlı ifadan yazıya alınmasıdır. Sovet dövründə gedən ixtisar və müdaxilələrə yol verilməyib, sufi-dərviş simvolikası, eləcə də dini-ürfani obraz və deyimlərə toxunulmayıb, xalq koloriti və aşıq leksikonunun əsas səciyyəsi qorunub və dastanların strukturu olduğu kimi saxlanılıb.