Oktyabrın 17-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Cəfər Cabbarlı mükafatının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbir C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyinin “Cəfər Cabbarlı - ədəbiyyatımızın böyük sənət fədaisi” adlı layihəsi çərçivəsində keçirilib.
Təqdimat mərasimində çıxış edən Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı görkəmli ədibin 125 illiyi münasibətilə nəşr olunan yeni kitablar və layihələr haqqında məlumat verib. Cəfər Cabbarlının bədii, publisistik yaradıcılığının çoxşaxəli və dərin məzmunlu olduğunu bildirən Əməkdar mədəniyyət işçisi deyib: “Mükafat böyük dramaturq Cəfər Cabbarlı yaradıcılığının təbliği sahəsində aparılmış işlərə, tədqiq edilmiş əsərlərə, dramaturqun teatr yaradıcılığının təcəssümündə müstəsna xidmətləri olan sənətkarlar üçün nəzərdə tutulub. Ədibin yaradıcılığının zənginliyi və incəsənətin müxtəlif sahələrindəki əvəzsiz xidmətləri nəzərə alınaraq mükafat son zamanlar daha çox nominasiyanı əhatə edir”.
Tədbir zamanı görkəmli dramaturqun yaradıcılığının xronoloji ardıcıllıqla əks olunduğu videoçarx nümayiş edilib.
Sonra Cəfər Cabbarlı mükafatı ədəbiyyatşünaslıq, ədəbiyyat, teatr, rejissorluq nominasiyaları üzrə ziyalılara təqdim olunub.
Mükafata layiq görülən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Cəfər Cabbarlının Azərbaycan teatrı və ədəbiyyatında müstəsna xidmətləri olub. Görkəmli dramaturqun əsərləri bu gün də aktualdır və gənc nəslin inkişafına öz töhfəsini verir.