Akademik İsa Həbibbəyli elmi yaradıcılığı, ideya və təşkilatçılığı ilə Azərbaycanda müasir ədəbiyyatşünaslıq elminin, eləcə də humanitar dünyagörüşünün formalaşıb inkişaf etdirilməsində müstəsna rola və funksiyaya malikdir. O, Azərbaycan ədəbi-nəzəri fikrini müstəqillik, dövlətçilik ideyasına, milli ideologiyaya, müasir elmi strategiyalara əsaslanan nəzəriyyələrlə irəliləməsinə elmi yaradıcılıq və idarəçiliklə xidmət edir. Çevik münasibəti və həssas müşahidə, təhlil istedadı, analiz-sintez bacarığı, geniş elmi erudisiyası ilə problemlərin aktuallığını müəyyənləşdirən İsa Həbibbəyli həm öz yaradıcılığında, həm də mövzuların, istiqamətlərin müəyyənləşməsində, yeni tədqiqatların planlaşdırılmasında, elmin təşkilində hər zaman yenilikçidir və ənənəyə, milli maraqlara qarşı həssasdır.
İsa Həbibbəyli poetika problemləri, ədəbi-tarixi proses, ədəbi mühit, ədəbiyyat tarixinin dövrləşdirilməsi, ədəbiyyat və dövlətçilik münasibətlərində ədəbiyyatın funksiyası, ədəbi təsir kateqoriyasının üfüqlərinin yenidən müəyyənləşdirilməsi istiqamətində apardığı tədqiqatlar və irəli sürdüyü müddəalarla elmi fikrimizi xeyli zənginləşdirmişdir.
Müasir dünyada ədəbiyyat araşdırmalarında janr, poetika, sənətkarlıq, cərəyan identifikasiyası ilə bərabər milli, genetik identifikasiyaya da xüsusi əhəmiyyət verilməsi diqqəti cəlb edir. Bu isə sivilizasiyalar və mədəniyyət tarixi, inkişaf mərhələləri problemini aktuallaşdırır. Maraqlıdır ki, poetika, semiotika istiqamətində aparılan tədqiqatlar belə çox vaxt mədəniyyət, milli kimlik, etimoloji istiqamətdə dəyərləndirilir və ya onlara xidmət edir.
İlk məqalələrindən başlayaraq, fərqli münasibət və elmi nəticələr sərgiləyən alim, hələ birinci monoqrafiyasında üzərində tədqiqat apardığı mövzu ilə bağlı yeni tipli bir əsər meydana gətirərək özünün ədəbiyyatşünas kimi gələcəkdə görəcəyi işlərin perspektivlərini canlandırır, eyni zamanda ədəbiyyatşünaslığımızda yeni perspektivlərə yol açır. Yazıldığı dövrdən elmi nailiyyətə və istinad qaynağına çevrilən bu əsərdə - "Romantik lirikanın imkanları"nda (Bakı, "Yazıçı" 1984) sistemli təhlil və təsnifat, fərqli baxış prizması ilə rastlaşırıq. Azərbaycan romantizminin əsas istiqamətlərindən birini təşkil edən romantik lirikanın mövzu dairəsi, ideya istiqaməti, lirik-poetik formaların inkişafı, məcazlar sistemi, üslubla bağlı məsələlər monoqrafiyada tədqiq edilib həll olunan problemlər sırasındadır. Həmin monoqrafiyada ilk dəfə olaraq romantiklərin XX əsr Azərbaycan poeziyasını hansı forma və janrlarla zənginləşdirməsi, alınma janrlarda milliləşmə prosesinin gedişi xüsusiyyətləri, Qərb və Şərq mənşəli janrların sintezləşməsi, şəhər mənzərələrinin təsviri və simvolikası, vətən, peyzaj və siyasi lirikanın vəhdətdə təzahürü kimi sonrakı tədqiqatlara yol açacaq, nüfuz edəcək mühüm elmi əhəmiyyətli müddəa və qənaətlərlə rastlaşırıq. Müəllifin yeni nəzəri baxışının ortaya çıxardığı məqamlara diqqət yetirək; yeni romantik ədəbiyyatın məzmununda aparıcı yeri olan vətən, hürriyyət, millət eşqindən, şairlərin bu hissləri oyatmaq, tərbiyə etmək, şüurlara yerləşdirmək cəhdindən bəhs edərkən, istər-istəməz həm maarifçiliyin, həm də romantizmin yeni tipologiyasına ehtiyac olması qənaətini formalaşdırır; Şərq romantikası və romantizmin vəhdəti, fərqliliklərini göstərərkən də yeni axtarış və sistemləşdirmələrə yol açır; Qərbdən gələn poetik formaların qazandığı milli və fərdi keyfiyyətlərdən söz açdıqda milli zəminin unudulmadığını faktlarla göstərir, müşahidə etdiyi elementlərin analiz və sintezini aparır, sistemləşdirir, nisbi dominantlıq probleminə aydınlıq gətirmək istiqamətində yeni araşdırmaları stimullaşdırır. Romantizm ədəbi cərəyanını klassik Şərq romantikası və Qərb romantizmi kontekstində tədqiq edən alim, cərəyanın fəlsəfəsi, yaranma şəraiti, poetikası, ənənələri, təmsilçilərinin üslub fərdiliyi kimi məsələləri sistemləşdirib problemə kompleks yanaşmanın uğurlu elmi nəticələrini əldə edir. İlk monoqrafiyasından sonra da ədəbi cərəyanlar mövzusu İsa müəllimin yaradıcılığında ardıcıllıq və davamlılıq nümayiş etdirir. O, Cəlil Məmmədquluzadə və mollanəsrəddinçilərin yaradıcılığı əsasında tənqidi realizmin Azərbaycan ədəbiyyatında qazandığı incəlikləri, özünəməxsusluqları araşdırıb sistemləşdirir, sovet ədəbiyyatı və sovet dövrü ədəbiyyatı anlayışlarının müqayisəsində sosialist realizmi və modernizm münasibətlərinə aydınlıq gətirir, müstəqillik dövrü Azərbaycan ədəbiyyatının çoxmetodlu xarakterini müəyyənləşdirir, ədəbiyyatşünaslığımızda ilk dəfə erkən realizmin ədəbi cərəyan kimi mövcudluğunu əsaslandırır. Ədəbi cərəyanları birtərəfli, yalnız normativ qəliblərlə yox, sabitlik və dinamiklik, milli ənənə və mühit kontekstində araşdırmağın uğurlu elmi nəticələrini əldə edir.
İsa müəllimin ədəbiyyatın nəzəri problemlərinə həsr olunmuş məqalələrində də son dərəcə maraqlı, yaddaqalan, yeni araşdırma və müzakirələrə yol açan elmi müddəalarla rastlaşırıq. Bu baxımdan, onun "Ədəbiyyatşünaslıq elminin şöbələrinə yenidən baxış" və "Satira ədəbi növ kimi" məqalələri işıq üzü gördüyü andan böyük marağa səbəb oldu. Hər şeydən əvvəl bu məqalələrdə gündəmə son dərəcə aktual problemlər gətirilmişdi. Bu, ədəbi-nəzəri fikrimizin müasir dünya ədəbiyyatşünaslığının problemləri ilə inteqrasiya olunması baxımından da əhəmiyyətli idi. Sistemlərin dağılmasına yönəlik nəzəriyyələr ədəbiyyatşünaslıq sahəsinə də nüfuz edib. Beynəlxalq aləmdə ədəbiyyatşünaslığın öz, əsas sahələri ilə onun əlaqədə olduğu elm və nəzəriyyə sahələri arasındakı sərhədlərin qaldırılıb təqdim edildiyi görüşlərin yayılmasının şahidi oluruq. Çox vaxt kontekst şərtləri ilə sahə və şöbə tipləri eyniləşdirilir. Doğrudur, elmi inteqrasiyaların sürətləndiyi bir dövrdə, sözsüz ki, ədəbiyyatşünaslıq və ədəbiyyat nəzəriyyəsi mühafizəkar vəziyyətdə qala bilməz. Ancaq kateqoriyaları bir-birinə qarışdırmaq da elm və nəzəriyyə deyil. İstər-istəməz müasir ədəbiyyatşünaslıq və ədəbiyyat nəzəriyyələri problemlərinə münasibət zərurəti yaranır. Azərbaycan ədəbiyyatşünaslığında həmin problemin həlli yönündə də ilk addım İsa Həbibbəyliyə aiddir. Alim ədəbiyyatşünaslığın şöbələrinin yeni təsnifatını verdiyi məqaləsində bu elm sahəsindəki nəzəriyyə və metodların inkişafını nəzərə alaraq qəbul olunan ənənəvi bölgünün sisteminin genişlənib zənginləşməsi görüşünü müdafiə edir.
Azərbaycan ədəbiyyatının qaynaqları və mərhələlərinin yenidən dövrləşdirilməsi və nizamlanması. Hər bir xalqın inkişafı yaxşı yeniləşməyi bacaran keçmişi ilə bağlıdır. Qədim sivilizasiyası olan xalq ənənələrini yaşatmasa, dünya mədəniyyət meydanını tərk etmək məcburiyyətində qala bilər. Müasir dünya elmində, sanki kimin daha qədim mədəniyyətə və keçmişə malik olmasını müəyyənləşdirmək uğrunda mübarizə gedir. Torpaqlar, maddi sərvətlərlə bərabər, sivilizasiya nailiyyətlərinə sahiblənmək, mənimsəmək iddiaları geniş hal alıb. Bir xalqın tarixində sivilizasiyanın mövcudluğu, sonrakı ənənələrdə yaşarılığı, genetik gücü əsaslandıqca irəli getmə, söz demə, müdriklik haqqı artır. İsa müəllim ədəbiyyat tarixinin dövrləşməsi konsepsiyasını ədəbiyyatşünaslıqda ona qədər hakim olan marksist formasiyalar qəlibindən çıxararaq, sivilizasiyalar istiqamətində dəyərləndirməklə ədəbiyyatşünaslıq elmimizin əsas mahiyyətini onun üstünə çökmüş ağır yükdən, ədəbiyyatın dəyərləndirilməsinə səhvlərə doğru yönləndirən ideoloji qəliblərdən uzaqlaşdırdı. Ədəbiyyat tarixinin dövrləşdirilməsi ədəbiyyat tarixinin nəzəri problemidir. Daha doğrusu, nəzəri konsepsiyasız ədəbiyyat tarixinin dövrləşdirilməsi mümkün deyil. Müstəqillik dövründə bu, ədəbiyyatşünaslığımızın müəyyənləşdirilməli "yol xəritəsi", ədəbi-nəzəri fikrin müstəqilləşmə tələbatı kimi ciddi aktuallıq qazanmışdı.
Ədəbiyyat tarixinin dövrləşdirilməsi konkret yazıçının yaradıcılığı, ayrıca bir mərhələnin xüsusiyyətləri üzərində aparılan sistemli araşdırma prosesindən keçməyi tələb edir. İsa müəllim bu yolu Cəlil Məmmədquluzadənin yaradıcılığı və XX əsr Azərbaycan ədəbiyyatı üzərində tədqiqatlar ilə keçdi. Dahi yazıçının dünyagörüşünün və yaradıcılığının formalaşmasına təsir edə bilən amillərin, yazıçının özünün fəlsəfəsinin, ideya və ideologiyasının, mühit və yazıçı, müasirlər arasında qarşılıqlı əlaqələrin kompleks proqramını təqdim edən alim yenə də ədəbiyyat nəzəriyyəsi üçün əhəmiyyətli olan bir sıra prinsiplərin müəyyənləşməsinə nail olur. Bu tədqiqatla İsa müəllim ədəbiyyat tarixinin mirzəcəlilşünası, nəzəriyyənin mühitşünası (həm də ilk mühitşünas) kimi tanındı; ədəbi mühitin tədqiqat modelini formalaşdırdı. Ondan sonra Cəlil Məmmədquluzadədən və ədəbi mühitdən yazan hər bir tədqiqatçı araşdırmaya İsa Həbibbəyli prinsiplərinin təyin etdiyi trayektoriyadan başladı. "Cəlil Məmmədquluzadənin mühiti və müasirləri" əsərinin mühüm yeniliklərindən biri də o idi ki, burada sovet ədəbiyyatşünaslığının cəbhələşmədə, qarşıdurmada təqdim etdiyi mollanəsrəddinçilər və füyuzatçıların milli mənafedə, maraqlarda vahid platformada çıxış etdikləri əsaslandırılırdı.
İsa Həbibbəyli ədəbiyyat tarixindən yazarkən də, dəqiqləşdirmələri və ümumiləşdirmələri ilə diqqəti cəlb edir. Onun bir neçə dildə işıq üzü görüb, beynəlxalq miqyasda ədəbiyyatımızın təbliğinə xidmət edən "XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı" əsərinin annotasiyasında göstərilir ki, "Kitabda XX əsrin əvvəllərində yaşayıb-yaratmış Azərbaycan yazıçı və şairlərinin, tənqidçi və ədəbiyyatşünaslarının həyatı və yaradıcılığının əsas tarixləri, tərcümeyi-hal göstəriciləri, yaradıcılıq yolu öz əksini tapmışdır." Kitabla tanışlıq isə annotasiyada vəd olunanın daha artığı ilə bizi qarşılaşdırır; müəllif yaradıcılıq yolunun öyrənilməsinin hansı şərtlər daxilində mükəmməl ola biləcəyinin layihəsini təqdim edir. Yazıçı tərcümeyi-halını bütün mühüm faktları ilə təqdim edən İsa Həbibbəyli, eyni zamanda onların yaşadığı dövrün, tarixin də "tərcümeyi-halı"nı unutmur, zəruri şərt kimi yazıçı və tarix tərcümeyi-halını, bioqrafiyasını bir-biri ilə əlaqədə, vəhdətdə təqdim edir. İstər romantiklər, istər mollanəsrəddinçilər, istərsə də XX əsrin başlanğıcının fərqli ədəbi cərəyanları haqda yazarkən, onların davam etdirdiyi ənənələri araşdırarkən İsa müəllim dövrləşdirmə konsepsiyasını irəli sürmək və əsaslandırmaq üçün son dərəcə ciddi elmi tədqiqat yolu keçmiş, fundamental baza qazanmışdı.
Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi uzun illər marksizm-leninizm nəzəriyyəsi, xüsusən də, Plexanovun monist görüşləri əsasında aparılırdı. Bu, ədəbiyyata yanaşmada yalnız sinfilik prinsipini önə çəkməsinə görə deyil, həm də Şərq, eləcə də türk xalqlarının mədəniyyətinin "gerilikçi feodalizm" məhsulu kimi dəyərləndirilməsinə yol açdığına görə zərərli idi. Akademik İsa Həbibbəylinin müəllifi olduğu, sivilizasiyalar amilinin əsas götürüldüyü yeni konsepsiya sovet ideologiyasının Azərbaycan, geniş mənada, türk, şərq xalqları ədəbiyyatına qüsurlu baxışında əsaslı dönüş yaratdı.
Türk xalqları ədəbiyyatının dövrləşdirilməsinin ilk konseptual modelini hazırlayan Mehmet Fuad Köprülü və onun davamçıları - İsmayıl Hikmət, Əmin Abid, Əli Nazim, Bəkir Çobanzadə və b. dövrləşdirməyə aid baxışlarında türk ədəbiyyatlarının ortaq proseslərini vahid sistemdə təqdim etməyə çalışıblar. Bu sistemin əsasında M.F.Köprülünün müəyyənləşdirdiyi ardıcıllıq dayanırdı:
"1. İslamiyyətdən əvvəl türk ədəbiyyatı.
2. İslam mədəniyyəti təsiri altında türk ədəbiyyatı.
3. Avropa mədəniyyəti təsiri altında türk ədəbiyyatı."
Bu üç dövr türk ədəbiyyatlarının tarixi prosesini hər nə qədər əhatə etsə də, tamamlanmaya, genişlənməyə və dəqiqləşməyə ehtiyacı var idi. Belə ki, islamiyyətdən əvvəlki dövrün coğrafi əhatəsi və qədim mənbələri tam əhatə olunmamışdı; "Avesta" kimi abidə nəzərə alınmamışdı. 2-ci mərhələnin adında İslam mədəniyyəti, 3-cü mərhələdə isə Avropa mədəniyyəti amillərinin təsir kimi vurğulanması o dövr ədəbiyyatlarına çoxtərəfli baxışın sərhədlənməsinə, əvvəlki ənənələrin, inanc və dünyagörüşü sistemlərinin, yaddaş qatlarının davamının yaşama şəkillərinin aydınlaşdırılıb üzə çıxarılmasına maneələr yaradırdı. Bu mənada, ədəbiyyatımız üçün formasiyalar nəzəriyyəsindən daha məqbul görünən M.F.Köprülü konsepsiyasının da yenidən nəzərdən keçirilməsi və inkişafı aktuallıq qazanmışdı. Keçən əsrin 20-ci illərində Azərbaycan ədəbiyyatı tarixinin dəyərləndirilməsində M.F.Köprülünün bölgüsü əsas model kimi qəbul edilirdi. Repressiya illərindən başlayaraq bu yanaşma sistemi ədəbiyyat tarixçiliyindən uzaqlaşdırıldı. Marksizm-leninizm dünyagörüşünə uyğunlaşdırılan ədəbiyyat tarixinin mərhələləri ilə insanlara həm sinfi mübarizə şüuru aşılanır, həm də bütün vasitələrlə hakim xalqın öncüllüyü qabağa çəkilərək şişirdilir, milli özünəməxsusluqlardan daha çox, rus ədəbiyyatına bənzərliklərin, "inqilabçı demokratik" baxışlara uyğunluğun müəyyənləşdirilməsinə üstünlük verilirdi.
Ədəbiyyat tarixinin dövrləşdirilməsində, nəzəri baxışda müstəqilliyin əldə edilməsi üçün marksist ədəbiyyatşünaslığın monist qəliblərindən uzaqlaşmanın zəruriliyi ideyası ilə çıxış edən akademik İsa Həbibbəyli "...çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini dövrləşdirərkən sivilizasiya amili, ədəbi-tarixi proseslərin reallıqları, Azərbaycanda ədəbi cərəyanlar və azərbaycançılıq məfkurəsi kimi prinsiplər"in nəzərə alınmasının vacibliyini müəyyən edir.
İsa müəllimin yeni dövrləşdirmə konsepsiyasına qədər qədim dövr, orta əsrlər ədəbiyyatlarının zamanı, məzmunu və mədəni-coğrafi məkanı bu qədər geniş və zəngin parametrlərdə müəyyənləşdirilməmiş, XVII-XVIII əsrlərdə yaşanan dəyişmələr, ictimai-real motivlərin güclənməsi ümumi bir proses kimi diqqəti cəlb etməmişdi. Bundan əlavə, sovet və postsovet, müstəqillik dövrü ədəbiyyatlarının dinamika və tipologiyası da belə geniş aspektdə qavranılmamışdı. Azərbaycan ədəbiyyatının qədim dövrlərinə sivilizasiyaların kəsişməsi işığında nəzər salınması, Orxon-Yenisey abidələrinin ədəbi mətnlər kimi dəyərləndirilməsinə aid yeni müddəalar irəli sürülməsi, Vətənimizin ən qədim dövrdən türk mədəniyyətinin yaranması və inkişafında tutduğu strateji mövqeyə elmi aydınlıq gətirilməsi son dərəcə əhəmiyyətli məsələlərdəndir. Bu aspektdə Gəmiqaya-Qobustan abidələrinin mətn-yazı xüsusiyyətlərinin də sistemə daxil edilməsi yanaşma kompleksində boşluqların tamamlanmasına və yeni tədqiqatlara yol açır. İsa müəllim fakt və tədqiqatlardan çıxış edərək yazır: "Azərbaycanda bədii təfəkkürün formalaşmasında xalq ədəbiyyatı ilə yanaşı, Gəmiqaya-Qobustan qayaüstü rəsmlərinin də özünəməxsus rol oynadığını, iz açdığını qeyd etmək lazımdır. Tədqiqatçılardan Vəli Əliyev, Əbülfəz Hüseyni, Vəli Baxşəliyev, İsaq Cəfərquliyev, Əbülfəz Quliyev, Nəcəf Müseyibli və başqaları Gəmiqaya-Qobustan qayaüstü rəsmlərində türk yazı sisteminin izlərinin olmasını dəfələrlə etiraf etmişlər." Bu cür əhatəli dəyərləndirmə təkcə Azərbaycan yox, eyni zamanda bütün türk xalqlarının qədim dövr mədəniyyətinə, ədəbiyyatına daha geniş aspektdən yanaşmanın yollarını açır.
İsa müəllim təqdim etdiyi konsepsiyada türk xalqları ədəbiyyatındakı uyğunluqları və genetik-tipoloji paralelləri önə çəkir, mövcud bağları, əlaqələri göstərməyə çalışır. Həmin əlaqələrin qədim tarixdən paralel müstəvidə inkişafını, XIX əsrin sonu, XX əsrin başlanğıcı onilliklərində bir daha fəallaşmasını, vahid platforma formalaşdırma cəhdlərini də müəllif tədqiqatdan kənarda qoymur; bunu "mədəni-maarifçi" mühitin inkişafında, XX əsrin ilk onilliklərində ideologiyaların milli intibah idealları ətrafında vahid cəbhədə birləşməsində də nəzərə alır.
Azərbaycan ədəbiyyatını ümumtürk ədəbiyyatının ayrılmaz tərkib hissəsi hesab edən akademik, eyni zamanda ortaq türk ədəbiyyatının dövrləşdirilməsi problemi üzərində də araşdırmalar aparıb, layihələr təqdim edir. Qazaxıstanın paytaxtı Astana şəhərində Beynəlxalq Türk Akademiyasının təşkil etdiyi Türk dünyası Ədəbiyyat institutları direktorlarının iclasında İsa müəllimin "Türk xalqları ədəbiyyatının dövrləşdirilməsi konsepsiyası" mövzusunda məruzəsi geniş müzakirə olunmuş və yüksək qiymətləndirilmişdir. "Geniş müzakirələrdən sonra "Ortaq türk ədəbiyyatı" dərsliyi üçün ilkin layihədə təqdim olunan dövrləşmələrin təxmini bölgüsü əvəzinə, akademik İsa Həbibbəylinin təklif etdiyi türk xalqlarının min ildən çox dövrü əhatə edən ədəbiyyat tarixinin inkişaf yolunu əks etdirən 6 mərhələ üzrə dövrləşdirilməsi haqqındakı prinsiplər məqbul hesab edilib." Ortaq türk ədəbiyyatının dövrləşdirilməsi, eyni zamanda bu ədəbiyyatın tarixinin öyrənilməsinin metodoloji əsaslarını və ədəbi-tarixi prosesin nəzəri prinsiplərini təmin edir. Bu, hazırkı mərhələdə son dərəcə aktual olan türk birliyi ideyasının ədəbiyyatşünaslıq təminatıdır.
Xalqların qədim mədəniyyət daşıyıcısı olması onların yazılı abidələri ilə də əsaslandırılır. İsa müəllimin "Kitabi Dədə Qorqud"a həsr olunmuş tədqiqatları, xüsusən, "Kitabi-Dədə Qorqud" yazılı epos və ya epopeya" monoqrafiyası türk xalqlarının oğuz qrupunun, Azərbaycanın yazılı ədəbiyyatının qədim dünya mədəniyyətinə haqlı iddialarının əsaslandırılması baxımından mühüm əhəmiyyətə malikdir. Sovet dövrü tədqiqatlarında "Kitabi-Dədə Qorqud" əsasən, şifahi xalq ədəbiyyatı nümunəsinin yazıya alınması kimi dəyərləndirilirdi. İsa Həbibbəyli "Dədə Qorqud"a yeni elmi baxışın aktuallığını vurğulayaraq yazır: "Müstəqillik dövrünün ümummilli ideyaları və azərbaycançılıq idealları Azərbaycan ədəbiyyatı tarixinin ibtidası məsələsinə yenidən baxmağı, bu zaman hər hansı bir ideoloji prinsiplərdən deyil, real ədəbi-tarixi faktlardan və proseslərdən çıxış etməklə milli ədəbiyyat tarixinin şifahi və yazılı başlanğıcını elmi şəkildə müəyyənləşdirməyi tələb edir." Alimin abidəni şifahi mədəniyyət prinsipləri ilə yanaşı müəllifli, çoxvariantlılıqdan kənar əsər kimi, yazılı ədəbiyyat kontekstində qiymətləndirməsi və irəli sürdüyü arqumentləri əsaslandırması təkcə əsərin janrını müəyyənləşdirməyə yox, həm də oğuz türklərinin qədim yazılı ədəbiyyat ənənələrinin varlığının sübutuna xidmət edir. Oğuz türklərinin yaşadığı coğrafiya və ona aid mədəni-coğrafi ərazilərə qonşularımızın iddialarını nəzərə aldıqda, bu tədqiqatların nə dərəcədə faydalı və aktual olduğunu təsəvvürə gətirə bilərik. Akademik "Kitabi-Dədə Qorqud"u təkcə "yazılı ədəbiyyatın inkişafına təkan verən" abidə kimi yox, həm də şifahi ənənələri, qaynaqları özündə qoruyub saxlayan yazılı, şifahi və yazılı sənəti sintezləşdirən, möhtəşəm əsər-abidə kimi qiymətləndirir. Dünya epos nümunələri və qədim yazılı dastanlar kontekstində "Kitabi-Dədə Qorqud"u yüksək qiymətləndirən İsa müəllim abidəyə yazılı dastan, kitab, müəllifli bədii əsər kimi yanaşmaqla, əslində Oğuz-Azərbaycan sivilizasiyasının, yazılı ədəbiyyat tarixinin qədimliyi faktını əsaslandırır. "Kitabi-Dədə Qorqud"un yazılı ədəbiyyat nümunəsi olması əvvəllər də irəli sürülmüşdü. Lakin onun folklor və yazılı ədəbiyyat təhkiyəsi kontekstində sistemli tədqiqi İsa müəllimə məxsusdur. O, "Kitabi-Dədə Qorqud"un təhkiyə texnikasının yazılı ədəbiyyat təhkiyəsinə daha çox uyğun gəlməsini mətnlə əsaslandırır və onu yazıya alınmış şifahi xalq ədəbiyyatı nümunəsi olması qənaətindən uzaqlaşdırır.
Vaqif yaradıcılığına yeni baxış və erkən realizm nəzəriyyəsinin əhəmiyyəti. Dövrləşdirmə konsepsiyasının türk, ümumiyyətlə Şərq xalqları ədəbiyyatına tətbiqi imkanlarını genişləndirən bir amil də üzərində israrla durulan və əsaslandırılan erkən realizm nəzəriyyəsidir. Bu nəzəriyyə əsasında orta əsrlər və yeni dövr ədəbiyyatları arasındakı keçidin xarakteri təyin edilir. Dövrün ümumi mənzərəsində baş verən dəyişmələrin sistemləşdirilməsi dominant olan cəhətlərin yeni bir hadisəyə zəmin olmasını əsaslandırır. Bu təyinat son dərəcə mühüm elmi-strateji məzmun daşıyır; ənənəvi sivilizasiya yeninin gəlişi ilə ölüb sıradan çıxmır, onda öz iştirakını, yaşamını təmin edir, inteqrasiya yolu ilə inkişaf edir. Belə olduqda, yeni dövr də artıq birqütblü şəkildə Avropa təsiri kimi səciyyələnməkdən uzaqlaşır, daha mürəkkəb, zəngin və dinamik mahiyyətli olduğunu nümayiş etdirmək imkanları qazanır.
Erkən realizmin bir mərhələ kimi mövcudluğunun sistemli təhlillə əsaslandırılması klassik ədəbiyyatın, divan poeziyasının yeni dövr ədəbiyyatına irəlilədiyi yolun milli özünəməxsusluğunu, genetik kodlarını izləməyə ciddi faktlar verir və bu sahədə elmi baxışları, nəzəriyyələri stimullaşdırır. Nəzəriyyənin əsaslılığı həm də onun perspektivliyində özünü göstərir. Bu, özünü İsa müəllimin erkən realizm sahəsində apardığı tədqiqatların sürətlə ədəbiyyatşünaslığa nüfuzu və həmin sahədə yeni tədqiqatların üzə çıxmasında göstərir.
Realizmin milli və ya regional tipinin təyinində erkən realizm mərhələsinin müəyyənləşdirilməsi strateji və elmi əhəmiyyətə malik təyinat kimi qiymətləndirilə bilər. Akademik İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyasında ilk dəfə olaraq mühüm bir mərhələ kimi götürülən erkən realizm elmi baxımdan perspektivlidir və tətbiq imkanları genişdir. Onun perspektivliyinin əsas istiqaməti bu mərhələnin əksər Şərq, eləcə də türk xalqlarının ədəbiyyatına tətbiqolunma imkanında üzə çıxır.
"...XVIII əsrin realizmi təsviri realizm yox, realizmin ərəfəsinin, başlanğıc dövrünün ovqatını yaşayan və əks etdirən erkən realizm idi. Molla Pənah Vaqifin realizmi Azərbaycan ədəbiyyatında realizm ədəbi cərəyanının müqəddiməsidir." Müddəa qəti və doğrudur, müəyyənləşdirilən strateji istiqamət uğurludur. İlk növbədə, ona görə ki, özündən sonrakı bütün ədəbi cərəyanlarda təkcə kənardan daxil olan ənənəni yox, milli qaynaqları da nəzərə almağın yollarını açır və zəruriliyini vurğulayır. Başqa bir tərəfdənsə ədəbiyyatdankənar müstəvidə də elmi yanaşmalara, fikir, düşüncə zənginliyinə yol açır. Müstəqillik dövründə Vaqifə, eləcə də onun zirvəsində olduğu ədəbi mərhələyə qayıdış, həmin mərhələnin mahiyyətini araşdırmaq, Qarabağa qayıtmaq, mədəni-coğrafi ərazilərimizin qorunmasına elmin, ədəbiyyatşünaslığın paralel gedişidir. Vaqif haqqında yazmaq, onun dövründə ədəbiyyatın yeni zirvə olduğunu əsaslandırmaq həm ədəbi ənənədəki qırılmazlığa, yeniləşmədə daxili potensialın, enerjinin gücünə, həm də Qarabağ xanlığının Azərbaycan mədəniyyət tarixinin inkişafında oynadığı rola diqqət yönəltməkdir. Azərbaycan ədəbiyyatının ayrıca və çox mühüm mərhələsinin formalaşmasında Qarabağ mühiti, Vaqif və onun adı ilə bağlı ədəbi məktəbin, eyni zamanda ədəbi cərəyanın dəyərləndirilməsi, yerinin və funksiyasının müəyyənləşdirilməsi ədəbiyyatla bərabər, humanitar dünyagörüşü, siyasi proseslər baxımından son dərəcə aktualdır. "Molla Pənah Vaqifin yaradıcılığı Azərbaycan ədəbiyyatında Məhəmməd Füzuli ilə Mirzə Fətəli Axundzadə arasında fərqli bir sənət zirvəsidir", müddəasını irəli sürən alim həmin zirvənin bütün parametrlərinə, yaranma və formalaşmasında iştirak edən tarix-mədəniyyət qatlarına, mühitə, struktur komponentlərə, prosesin gedişinə aydınlıq gətirir.
İsa müəllim müasir ədəbi prosesi diqqət mərkəzində saxlayır və elmlə ədəbiyyatın əlaqəsinin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verir. Onun təşəbbüsü ilə ilin ədəbi yekunlarına aid keçirilən müşavirələr, bu müşavirələrdə gənclərin fəallığı ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına və gələcək kadrların yetişməsinə xidmət edir.
Müasir dünyada elmlərarası əlaqələrin, multidisiplinar tədqiqatların artdığı bir vaxtda İsa Həbibbəyli akademiyada "Fizika və lirika" konfranslarının keçirilməsini layihə kimi irəli sürdü, onların uğurla yerinə yetirilməsinə rəhbərlik etdi, humanitar və dəqiq, təbiət elmlərinin təmsilçilərinin, yaradıcı şəxslərin fikir, təcrübə bölüşdürmə, nailiyyətlərini təqdimetmə imkanlarını genişləndirdi.
İsa müəllim yeni ideyaları, əsərləri ilə bərabər, yeni kadrların yetişməsindəki fəaliyyəti ilə də ədəbiyyatşünaslığımızı zənginləşdirir. Məşhur bir fikir var: əsl alimin kitabları və tələbələri olar. Naxçıvan Dövlət Universitetinin qurucusu olub, oradan AMEA-ya gələn İsa Həbibbəyli Azərbaycan üçün layiqli kadrlar ordusu yetişdirib. Hal-hazırda gənc alimlərin elmə cəlb edilməsi, onların elmdə dayanıqlılığının artması üçün bir vaxtlar çox qarşılaşdığımız və əzab çəkdiyimiz süni maneələrin hamısını aradan qaldırıb. Elmlə məşğul olmaq istəyən, yeniliklərə maraqlı olan gənclərə mümkün olan dəstəyini əsirgəmir.
Akademik İsa Həbibbəylini, müəllimimi, müasir Azərbaycan ədəbiyyatşünaslığının və elminin inkişafına yüksək töhfələr verən görkəmli alimi, elm təşkilatçısını 75 illik yubileyi münasibətilə təbrik edir və ona uğurlu, faydalı fəaliyyəti ilə davam edəcək uzun ömür arzulayıram!