Laçın şəhərinin 2025-ci il MDB-nin mədəniyyət paytaxtı elan edilməsi qürur doğuran növbəti məqamlardan biridir. Ümumiyyətlə, oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında müzakirə olunan məsələlər, Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər bir çox tərəfləri ilə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. O vurğulayıb ki, bu xəbər həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılandı: “Amma burada əhəmiyyətli olan digər həssas məqam var və bu məqam ölkə rəhbərinin prosesə necə uzaqgörən və bütöv nəzərlərlə baxışını sərgiləyir. Məsələn, müharibədən az sonra 2021-ci il “Nizami Gəncəvi İli” elan olundu. O zaman il girər-girməz dövlətimizin başçısının bizi “Nizami Gəncəvi İli” sevinci ilə müjdələməsi mədəni iqlimə köklənməyə gözəl bir vəsilə oldu. Prezident İlham Əliyevə görə Nizami məhz bizim bir xalq, dövlət kimi varlığımızın siması statusunda tanıdılmalı idi. 2022-ci il “Şuşa İli” elan edildi. Bununla bağlı Sərəncam bizim bir xalq, dövlət kimi varlığımızın siması - sülhün və mədəniyyətin çağırışçısı statusunda tanıdılmağımız üçün mühüm dəyər kəsb edirdi. Həmin dövrdən etibarən milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunması istiqamətində estetik bir dönəm başlandı. İndi də Laçın şəhərinin 2025-ci il MDB-nin mədəniyyət paytaxtı elan edilməsi xəbərindən qürur duyuruq. Bu qərar bizim haqq savaşımıza, qazanılan Zəfərimizə ehtiram nümunəsi olmaqla yanaşı, həm də Qarabağla bağlı aparılan quruculuq işlərinə mənəvi planda yanaşmaq, onun dəyərlərinin ehtiva olunduğu ən kiçik nüansı belə bədii-estetik yaddaşın məxəzinə çevirmək məqsədi daşıyır”.
Deputat onu da bildirib ki, Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biri idi. Şəhər tamamilə dağıdılmış, vandalizmə məruz qoyulmuş, yerlə-yeksan edilmişdi. Artıq Laçın əvvəlki əzəmət və qürurunu bərpa etməkdədir, quruculuq prosesləri burada dinamik şəkildə həyata keçirilir, keçmiş məcburi köçkünlərin bir qismi doğma yurdlarına qayıdıb və bu qayıdış ardıcıl şəkildə reallaşacaq.
“COP29 İqlim konfransına sayılı günlər qaldığı bir dönəmdə belə bir uğura imza atılması, habelə növbəti ildə Azərbaycanda III MDB Oyunlarının keçirilməsi, Gəncə şəhərinin idman paytaxtı olaraq seçilməsi, Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək yarışlar barədə xəbərin yayılması müqtədir məqamlardandır. Bütün bu qərarlar dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi dəyərləndirilə bilər”, - deyə o əlavə edib.
SSRİ-nin İkinci Dünya müharibəsində faşizm üzərində Qələbə əldə etməsində Azərbaycanın müstəsna rolundan danışan müsahibimiz deyib: “Azərbaycan bu müharibəyə nəinki sıravi insanları, əsgər ordusu, öz şairi, yazıçıları ilə də qoşulub. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Gələn il 80 illiyi qeyd olunacaq qələbə təntənəsi MDB-yə üzv dövlətlərin əməkdaşlığında, həmçinin “yeni dünya savaşı təhlükəsinə qarşı bütün xeyirxah insanların birliyinin möhkəmləndirilməsində” mühüm amildir”.
E.Akimova fikrini bu sözlərlə yekunlaşdırıb: “Azərbaycan hər zaman əməkdaşlığa əhəmiyyət verməsi ilə seçilən ölkə olub. Onun üçün zəminində qarşılıqlı hörmət dayanan hər cür fəaliyyət qəbul edilən olub. Mahiyyətində Qələbə, Zəfər, Sülh anlayışlarının ehtiva olunduğu hər proses Prezident İlham Əliyev üçün sevərək qoşulduğu və icra etdiyi işlərdir. Çünki o, nəinki ölkəsinin, bütün dünyanın yaxşılığını düşünən və qayğısına qalan liderlər sırasında qərar tutan böyük siyasətçidir! Prezident İlham Əliyevin oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı bunun növbəti təzahürü kimi dəyərlidir”.