Hər bir dövlətin ordusunun güclü olması onun suverenliyinin, ərazi bütövlüyünün qorunmasını şərtləndirən çox mühüm amildir. Məlumdur ki, Ermənistan güclü dövlətdən yardım alaraq Azərbaycana qarşı işğalçılıq siyasətini həyata keçirirdi. Lakin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğunu Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirdi və nəhayət, Qarabağ torpağı işğaldan azad olundu. Amma bəzi dövlətlərə arxalanan Ermənistanda yenə də dünyanın gözü qabağında revanşizm cəhdləri baş qaldırır. Bu barədə Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında milli təhlükəsizliyimizin təmin edilməsi və hərbi gücümüzün artırılması ilə bağlı fikirləri olduqca təqdirəlayiqdir.
Prezident İlham Əliyev çıxışında bizim 44 gün ərzində Ermənistan ordusuna Qələbə çalmağımıza rəğmən xarici dairələrin yeni planlar hazırladığını diqqət mərkəzinə gətirdi. Bundan başqa, Ermənistanın arxasında dayanan ölkələrin Azərbaycana qarşı çirkin planlar hazırladığını bəyan etdi və ordumuzun döyüş qabiliyyətinin artmasını, ən müasir silah-sursatlarla təchiz olunmasını, yeni sənaye kompleksinin sürətli inkişafının təmin edilməsini, hərbi zavodlarda genişmiqyaslı modernləşmə işlərinin aparılmasını, yeni avadanlıq, texnika, silah-sursat istehsalını, eyni zamanda, bir neçə xarici tərəfdaşla yeni istehsalat sahələrinin yaranmasını olduqca vacib və zəruri saydı. Həmçinin dövlətimizin başçısı hərbi sənaye kompleksinin gücləndirilməsi ilə bağlı yeni iş yerlərinin yaradılmasını, hərbi məhsulların ixracının meydana gəlməsini vurğuladı.
“Dövlətimizin başçısının Azərbaycanın strateji hədəflərini müəyyən edən proqram xarakterlı bu çıxışı hər bir azərbaycanlı kimi məni də sevindirir. Vətən müharibəsində tarixi Qələbə qazandıq və birgünlük antiterror tədbirləri ilə suverenliyimiz tam bərpa olundu. Bu, dünya miqyasında tarixi hadisə sayıla bilər. İndi hamımız şuşalıyıq. Xankəndidəki Qarabağ Universiteti ilk tələbələrini qəbul etdi. Füzulidə, Şuşada yeni açılan məktəblərdə ilk zəng çalındı. Elə bu gün Cəbrayıla köç karvanı yola salındı. Bu il prezident və parlament seçkiləri bütün ölkə ərazisində keçirildi. Sanki fantastik janrda əsər oxuyuruq. Bütün bunları bizə bəxş edən isə güclü Azərbaycan Ordusu oldu”, - deyə professor fikrini yekunlaşdırıb.
Filologiya elmləri doktoru, professor Vüqar Əhməd