Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

İbrahim Yusifoğlu-70: Ziyalı ömrünün akkordları... - Vüqar Əhməd

25-09-2024 [ 10:43 ] [ oxunub:500 ]
printerA+ | A-

Xalqımızın tarixində və taleyində müstəsna xidmətlər göstərmiş, şərəfli izlər qoymuş ziyalıların layiqli fəaliyyəti barədə istənilən qədər faktlar söyləmək olar. Onlar millətlərin mənsub olduqları cəmiyyətin mənəvi yüksəlişi naminə əzmlə çalışırlar.

Hər bir kəsin həyatında belə bir ehtirama layiq gördüyü, düşüncəsində belə xatırlarkən özünü yığışdırdığı, öz hərəkətinə, cəmiyyətdəki fəaliyyətinə onun prizmasından qiymət verdiyi bir insan olur. Bu gün haqqında danışmaq istədiyim belə şəxslərdən biri İbrahim Yusifoğludur.

İbrahim müəllim kimi insanlar öz təmiz qəlbi, xeyirxah əməlləri, mənəvi keyfiyyətləri ilə elə bir ucalıq, kamillik zirvəsi fəth ediblər ki, onları reklamlaşdırmağa heç ehtiyac da yoxdur. Onunla bir dəfə həmsöhbət olan hər hansı bir kəs sonra daim onun söhbətlərinin, mükalimələrinin cazibəsinə düşür, beş dəqiqəlik fikir mübadiləsindən sonra həftələrlə, aylarla onun söhbətlərinin sehrində olursan. Ulularımız əbəs yerə deməyiblər ki, böyüksüz yerdə oturma!

Bir oxucu olaraq yaradıcılığına yaxından bələd olduğum İbrahim Yusifoğlunun hər bir yeni uğuru mənim üçün bir dost nailiyyəti, bir qələm qardaşımın sevinci deməkdir. Məhz bu mənada, şair-publisist İbrahim Yusifoğlu imzası tərəfimdən böyük maraqla izlənilir.

Poeziya, insanın daxili dünyasının pəncərəsindən həyata baxışıdır və İbrahim Yusifoğlunun şeir yaradıcılığına nəzər yetirəndə baxıb görürsən ki, bütün şairlərimizi düşündürən mövzulara o da müraciət edib. Amma fərq orasındadır ki, öz kökünə-soyadına, ocağına-suyuna bağlı olan şair poeziyada sözünü deyə bilib.

Akademik İsa Həbibbəyli İbrahim Yusifoğlunun yaradıcılığı haqqında yazır:

"İbrahim Yusifoğlu milli şeirimizin istedadlı və daim axtarışlarda olan nümayəndələrindən biridir. O, şeiri vərdiş, yaxud mütaliədən çox, istedadla təbii ilhamın axarında yazan şairlərdəndir. İstedad İbrahim Yusifoğluna həyatı və insanları şairanə şəkildə, poetik görkəmdə duymaqda və görməkdə bələdçilik edir. İbrahim Yusifoğlunda zəhmət faktoru istedad amili ilə vəhdətdədir. Uzaq dağ kəndində, təmiz və səfalı, çiçəkli, bulaqlı təbiətin qoynunda böyüyüb boya-başa çatan, bütün kənd uşaqları kimi mənsub olduğu ailənin təsərrufat həyatında mükəmməl zəhmət dərsləri keçmiş İbrahim Yusifoğlunun yaradıcılığında istedad şeirin ruhu və qanadı, zəhmət isə mahiyyəti və bəzəyidir. Sözlərdən, fikirlərdən, orijinal bədii təsvir və ifadə vasitələrindən şeirin "inşaat materialları" kimi özünəməxsus şəkildə, yaradıcılıqla faydalanmağı bacaran İbrahim Yusifoğlu, sanki ilhamlı şeirlərinin istedadlı və zəhmətkeş bənnasıdır. Onun qələmindən çıxmış ən yaxşı şeirlər yaratdığı poeziya sarayının kərpicləri kimi uzunömürlüdür. "Ruhuma bircə bu yağış doğmadı" şeirində etiraf etdiyi kimi:

 

Mənim şeirlərim könül varımdı,

Onlarda həm sevinc, kədər varımdı.

Qəlblərə ələnən yağışlarımdı,

Ruhuma bircə bu yağış doğmadı.

 

İstedadlı şairin şeirlərində aparıcı xətt saf sevgidir. Təmiz hisslər, ülvi duyğular, pak məhəbbət şairin qəlbindən qələminə süzülür. Bu poetik nümunələr oxucuya mənəvi qida verməklə yanaşı, onu şeirin dərinliyinə aparır. Saf hisslər, ülvi duyğular, məhəbbət İbrahim Yusifoğlunun şeirlərinin leytmotivini təşkil edir.

Şeirlərindəki poetik duyğular, düşüncə tərzi, hisslər, ən əsası, fikrini oxucuya məharətlə çatdırmaq qabiliyyəti alqışalayiqdir.

 

Göylərin üzünü aldı buludlar,

Hələ qəlb üşüdən külək də əsdi,

Mənim səndə xeyli əmanətim var,

Qaytarsan, bir gilə göz yaşı bəsdi.

 

"Mənə bircə gilə göz yaşı bəsdi"

 

İbrahim Yusifoğlunun Vətən mövzusunda şeirləri onun doğma yurda olan məhəbbətini əks etdirir. O, əksər şeirlərdə birbaşa, bəzən də tamam ayrı mövzularda yazdığı, poetik nümunələrdə bir misra ilə də olsa belə, Vətən dərdinə toxunmadan keçə bilmir. Şair şeirlərində təzahür olunan poetik təzad çox böyük ümidlər verir; bu isə orijinal istedadın qismətidir və əsl poeziyanın mahiyyətini təcəssüm etdirir. "Yaşa müstəqillik çağını, Vətən!" adlı şeirində oxuyuruq:  

 

Axır ki, ayırıb düşməni dostdan,

Tanıdın ən qəddar yağını, Vətən!

Qoynun uzaq olsun alovdan, oddan,

Yaşa müstəqillik çağını, Vətən!

 

Torpaqlarımıza edilən erməni təcavüzünün ilk günlərində, xüsusən, 44 günlük müharibə dövründə İbrahim Yusifoğlu vətənpərvərlik ruhunda yazdığı şeirlərlə əsgərlərimizi döyüşə ruhlandırırdı. Vətən uğrunda həlak olan şəhidlərimizin qəhrəmanlığından bəhs edilən şeirlər onların yaddaşlarda əbədi qalması üçün ən böyük heykəldir və ən böyük nemət isə "Zəfər nəğməsi"dir:

 

Nəğmələrin müqəddəsi, ulusu,

Meyvələrin ən şirini, sulusu,

Bulaqların ayna kimi durusu,

Zəfər nəğməsi!..

 

İbrahim Yusifoğlu uzun illər Naxçıvanda təhsil sahəsində səmərəli fəaliyyət göstərib. 1997-ci ildə "Şirvannəşr"də dərc etdirdiyi "Safdır, müqəddəsdir müəllim ömrü" adlı kitabında "Müəllimləri qoruyun" adlı yazısında bu müqəddəs peşə sahiblərinə layiqincə qiymət verilməsi üçün həyəcan təbili çalırdı: "Boyumuz partaya çatmayanda boylarından boy veriblər boyumuza. Əlimiz qələm tutmaq istəyəndə ürəklərindən güc, hərarət veriblər əllərimizə, barmaqlarımıza. Dünyanın ən zəngin lüğət fondunu köçürüblər dilimizə, hafizəmizə. Bəlkə də ona görə də həyatda ən çox həsəd apardığımız peşə sahibləri müəllimlər olublar?! Bəlkə də ona görədir ki, ömrümün 18-ci ilindən başlayaraq əlimə sinif jurnalı alıb, müəllimlik etmişəm... bu saf və müqəddəs adı daşıyıram, bu adla fəxr edirəm..."

Bəli, İbrahim Yusifoğlu təhsilin bütün sahələrində çalışıbdır. 1973-cü ildə Naxçıvan şəhərindəki pedaqoji məktəbi bitirdikdən sonra Şərur rayonunun ucqar dağ kəndləri olan Aşağı Yayçı və Axura kənd məktəblərində 10 ilə yaxın ibtidai sinif və ədəbiyyat müəllimi, 1981-ci ildən 1992-ci ilə qədər təhsil şöbəsində metodist, metodkabinet müdiri, 1992-ci ildən 2019-cu ilədək kadrlar üzrə məsləhətçi vəzifəsində işləmişdir. Bu illər ərzində İbrahim müəllim təhsilimizin inkişafında yaxından iştirak etmişdir. Keçirilən attestasiyaların yekun rəyinə əsasən "Metodist müəllim", "Ali kateqoriyalı müəllim" dərəcəsi almışdır.

1987-ci ildə qazandığı uğurlara görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif olunmuşdur. Azərbaycan Müəllimlərinin qurultay nümayəndəsi olmuşdur.

Təhsil sahəsində işlədiyi 50 il müddətində qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilib yayılmasında fəal iştirak etmişdir. Naxçıvan Muxtar Respublikasının ömürlərini təhsilə həsr etmiş onlarla pedaqoqların zəngin təcrübəsi əsasında "Safdır, müqəddəsdir müəllim ömrü" seriyasından 8 adda kitab yazıb çap etdirmişdir. Onun "Müəllim ömrü" adlı şeiri bu gün də öz aktuallığını qoruyub saxlayır, sevilə-sevilə oxunur:

 

Ən parlaq ulduzdu, nur saçan aydı,

Dalğalı dənizdi, ləpəli çaydı,

Ömrü-ömürlərə paylanan paydı,

Safdır, müqəddəsdir, müəllim ömrü.

 

Günəş hərarətli, dağ vüqarlıdı,

Saçları dalğındı, bəyaz qarlıdı,

Övladlı, nəvəli, gözəl yarlıdı,

Mehriban bir kəsdi müəllim ömrü.

 

İbrahim Yusifoğlu istedadlı şair, publisist kimi qəlbən vurulduğu müəllimlik peşəsinin də şərəfini bu gün də uca tutur.

İbrahim Yusifoğlu gülərüzlü balaları da yaddan çıxarmayıb. 1980-ci ildən bu günədək onun uşaqlar üçün yazdığı şeirlər, nağıllar, mənzum dramlar "Göyərçin", "Günəş", "Pioner", "Azərbaycan pioneri", "Savalan" kimi uşaq mətbuatında müntəzəm dərc olunubdur.

İbrahim Yusifoğlu yığcam şeirlərdən, nağıl və mənzum pyeslərdən ibarət kitablarını uşaqlara hədiyyə etmişdir.

Ömrünün son 5 ilini AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə bağlayan İbrahim müəllim vətənpərvər, dostcanlı, xeyirxah, saf bir insandır. Nurlu siması, şirin ləhcəsi onunla qarşılaşanda insanda xoş təəssürat yaradır. İbrahim müəllim yaxşı həmsöhbətdir. Saatlarla onunla elmi-ədəbi söhbətlər etməkdən doymursan.

Mən əməkdaşımız, həmkarım, böyük qardaş sandığım şair-tədqiqatçı İbrahim Yusifoğluna 70 illiyi münasibəti ilə cansağlığı, uzun ömür, yaradıcılıq uğurları arzu edirəm.

Yubileyiniz mübarək!