AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, dosent Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı çapdan çıxıb.
“Sənətkarın elmi pasportu - 47” seriyasına daxil olan tədqiqat Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilib.
Monoqrafiyanın “Cavidlər irsinin müəllim oğlu” sərlövhəli “Ön söz”ünün müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir.
Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor İslam Qəribli, rəyçisi filologiya elmləri doktoru, dosent Şahbaz Musayevdir. 218 səhifəlik kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.
Naxçıvan Muxtar Respublikasının 100 illiyinə ithaf olunan kitabda din və maarif xadimi Şeyx Məhəmməd Rasizadənin həyatı, elmi, ədəbi, pedaqoji və publisistik fəaliyyəti araşdırılıb.
Giriş və on fəsildən ibarət olan tədqiqatda “Mətbuatdan və arxivlərdən tapılan məqalə və şeirlər”, “Ədəbiyyat”, “Foto-albom” bölümləri də yer alıb.