Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin əməkdaşı,
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Prezident təqaüdçüsü İbrahim Yusifoğlunun 70 illiyinə həsr olunmuş “Ömür
dastanının boyları” kitabı işıq üzü görüb.
Kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 11 may 2024-cü il tarixli 3
saylı qərarı ilə nəşr edilib. AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin
“İbrahim Yusifoğlunun poetik dünyası və uğurları” məqaləsində yubliyarın
yaradıcılıq fəaliyyətinə geniş şərh verilib.
Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Vüqar
Əhməddir. Rəyçiləri filologiya elmləri doktoru, professor Akif İmanlı,
filologiya elmləri doktoru, AMEA-nın professoru Salidə Şərifova, naşiri isə
Qəşəm İsabəylidir. 434 səhifəlik kitab “Şirvannəşr” nəşriyyatında çap olunub.
Kitabda “Qızıl qələm” media mükafatı laureatı, Azərbaycan
Respublikasının Qabaqcıl Təhsil işçisi Yusifov İbrahim Yusif oğlunun 70 illik
yubileyi münasibətilə yazılan məqalə və şeirlər yer alıb. Topluda İbrahim
Yusifoğlunun nəzm, nəsr, publisistika nümunələri, mənzum nağıl və pyesləri
haqqında hərtərəfli təhlillər aparılmış, yubliyara ithaf edilmiş poetik
nümunələrə yer verilmişdir. Kitab 70 yaşlı şairin “Gəlib çatdım yetmiş yaşa”
şeiri ilə başlayır. Kitabın üz qabığının arxa tərəfində Vaqif Məmmədovun “Səni
kövrəldəcək kədər qalmadı” sərlövhəli şeiri yer alıb.