Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Vətəndaşlıq və professionallıq nümunəsi - akademik İsa Həbibbəyli yazır

02-09-2024 [ 11:59 ] [ oxunub:212 ]
printerA+ | A-

Müstəqillik dövrü Azərbaycan ədəbi-ictimai fikrinin tanınmış nümayəndələrindən biri olan Rəşad Məcid çoxcəhətli yaradıcılıq fəaliyyətinə malikdir. Bədii yaradıcılığın şeir və nəsr istiqamətlərində qələmini uğurla sınaqdan çıxaran Rəşad Məcid müasir publisistikanın da aparıcı simalarından biri kimi qəbul olunur. Fəaliyyət göstərdiyi təşkilati işlərdə və məşğul olduğu yaradıcılıq sahələrinin hər birində Rəşad Məcid əsl peşəkarlıq nümayiş etdirir.

Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi olduğu illərdə "Elm və həyat" jurnalında korrektor kimi işə başlayan Rəşad Məcidin bütün həyatı ədəbiyyat və mətbuatla bağlı olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq Əlaqələr və Bədii Tərcümə Mərkəzində, "Ədalət" qəzetində, "Azərmətbuatyayımı" İstehsalat Birliyində keçdiyi yol onun üçün ədəbiyyat və mətbuat dünyasında genişmiqyaslı fəaliyyət üçün hazırlıq mərhələsi olmuşdur. Rəşad Məcidin 1992-ci ildə təsis etdiyi "525-ci qəzet" qısa müddətdə Azərbaycan mətbuatının ən aparıcı nümunələrindən biri səviyyəsinə çatdırılmışdır. Baş redaktor kimi "525-ci qəzet"in timsalında çoxprofilli müstəqil mətbuat orqanı yaradıb, onu uzun illər ərzində Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin mütaliə etdiyi və xitabət kürsüsünə çevirdiyi mükəmməl bir qəzet səviyyəsinə qaldırması Rəşad Məcidin ölkə mətbuatının inkişaf etdirilməsi sahəsində mühüm xidmətidir. Rəşad Məcid 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin katibi, 2021-ci ildən isə Yazıçılar Birliyi Sədrinin müavini olaraq da ölkəmizdə yeni ədəbi nəsillərin formalaşdırılmasına, ədəbiyyatımızın azərbaycançılıq ruhunda inkişaf etdirilməsi işinə bacarıqla xidmət etməkdədir. Hazırda Rəşad Məcid Azərbaycan Mətbuat Şurasının sədri kimi məsuliyyətli bir sahədə yeni islahatlar həyata keçirir, mətbuat işinin inkişaf etdirilməsi yollarında var qüvvəsi ilə çalışmaqdadır.

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri olan Rəşad Məcidin şeir yaradıcılığı dərin lirizmlə epik notların üzvi əlaqəsi əsasında yaranan əhəmiyyətli sənət hadisəsidir. Rəşad Məcidin 23 il əvvəl, 1993-cü ildə nəşr edilən ilk şeirlər toplusu olan "Hələ ki vaxt var" kitabındakı şeirlərində dərin bir lirizm müşahidə olunurdu. Bu şeirlər "vaxt var ikən şeir də yazım" - məntiqindən deyil, yazmaya bilməmək zərurətindən meydana çıxmış xalis lirika nümunələridir. "Hələ ki vaxt var" şeirlər kitabına yazdığı "On il əvvəlin toplusu" adlı müqəddimədə etiraf etməli olduğu kimi, artıq səksəninci illərdə, yəni 18-21 yaşlarında özünü, gələcək həyatını şeirdən, ədəbiyyatdan uzaqda düşünməyin mümkünsüzlüyünü dərindən hiss etmişdir. "Hələ ki vaxt var" kitabından görünür ki, Rəşad Məcid üçün şeir "bir dolu ürəyin püskürmə çağı"dır, "dikəlib asfaltı deşən bənövşə"dir, "sinədə boğmaq mümkün olmayan bir qəfil hönkürtü" kimi təbii proseslərin nəticəsində yaranmış bədii düşüncənin ifadəsidir. Rəşad Məcidin lirikası içərisində olduğu cəmiyyətlə və doğma təbiətlə birgə nəfəs alan bir qəlbin həyata şairanə şəkildə vurğunluğudur. Onun şeirlərində dünya da, Vətən də, ictimai motivlər də, milli duyğular da, sevgi də, təbiət də, tale də özünün təbii şeiriyyətini təqdim edir.

Rəşad Məcidin şeirləri təpədən-dırnağa qədər həyat və insan haqqında lirik düşüncələrdən yoğrulmuş daxili poetik monoloqdur. Bu şeirlər dünyadan, həyatdan və insandan danışan işıqlı və obrazlı düşüncələrdən yoğrulmuşdur. Bu mənada, Rəşad Məcidin lirikası müasir Azərbaycan şeirinin inkişafında fərqli hadisədir. Rəşad Məcid şeirlərində bütün hallarda, o cümlədən, lirik duyğularını ictimailəşdirəndə də obrazlı düşüncənin təbiiliyini və səmimiyyətini, lirizmi qoruyub saxlayır. Ona görədir ki, Rəşad Məcidin lirik qəhrəmanı da həmin işığın, milli-mənəvi varlığın real və təbii bir daşıyıcısıdır. Yol qırağında əlində çomağı ilə yurda keşik çəkən balaca çoban haqqındakı obrazlı düşüncələrinin ifadəsi və mövzunun ictimai mahiyyətinin orijinal poetik təqdimi ilə yalnız Rəşad Məcidə məxsus olan şeirin təbii doğuluşu baş vermişdir:

 

Tərpənən qanımız, qeyrətimizdir,

Balaca boyuyla heyrətimizdir.

Mürgüsü dağılan millətimizdir,

Orda - keşik çəkir yol qırağında,

Yurda keşik çəkir yol qırağında.

 

Rəşad Məcidin şeirlərində təkcə təbiətin deyil, milli-mənəvi dünyamızın daxili mahiyyəti, işıqları bütün təbiiliyi ilə sayrışır. Bu, Azərbaycan ədəbiyyatında zaman-zaman "Bakının sayrışan işıqlarından", "közərən ocaqlar"dan, yollara çıxan "işıq qatarlarından" sonra yaranmış yeni bir işıq dalğasının bədii ifadəsidir. Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Vaqif Bayatlı, Vaqif Bəhmənli, Rüstəm Behrudi, Elman Həbib və başqaları həmin yeni şeir axınına hərəsi bir hadisə olaraq gəlmişlər. Rəşad Məcidin şeirləri bu böyük dalğanın içərisində özünəməxsus bir poetik hadisədir. Rəşad Məcidin şeirləri - işıqlı düşüncələrin şeiriyyətidir. Onun şeirləri Günəş, işıq, Ay işığı, ümid, ulduz, ocaq, pərvanə, şəfəq, şam, nur, od, alov, köz, kibrit, çiçək, təndir və sair kimi işıqlı ifadələrin cazibəsi üstündə qurulmuşdur. Bu şeirlər dəmirçi kürəsi, qızmar günəşin altındakı torpaq kimi istidir. "Gül-çiçəklər yaraşıqdı, lalələr xaldı eləcə", "Od-alov sazını basıb döşünə, Kərəm qisasını aldı Ədalət", "Bir alovdu yana-yana, Axdı cana, keçdi qana. Kül eləyib dağı-daşı Selləndi Yanıq Kərəmi", "Gün işığı", "Dərədə çən, düzdə günəş", "Bir işıqdan keçdim, anam, Gözlərimi dörd elədi. Ürəyimi ipək kimi, Sözlərimi sərt elədi" misralarında işıq əsas mənanın mühüm daşıyıcısıdır. "Çiyələk qadın" kitabının adındakı "Çiyələk" ifadəsində insan hərarətinin və nikbinliyinin mahiyyəti nəzərə çatdırılmışdır.

Orijinal bədii yanaşmaların poetik təzahürləri olan Rəşad Məcid şeirinin qayəsində "Arazlaşan, Kürləşən Vətənin" bütövlüyü və qüdrəti, "At belində, döşündə saz, əlində qılınc" nər oğulların daim ayıq-sayıq ölkənin keşiyini çəkməsinin müqəddəsliyi, obanın, elin tarixi yaddaşı olan Cıdır düzünün timsalında torpağımızın bölünməzliyinin qorunması ideyaları müsəlləh əsgər qüruru ilə dayanır. Rəşad Məcidin vətənpərvərlik mövzusunda yazdığı şeirlər şair-vətəndaş mövqeyinin poetik ifadəsidir. O, ana Vətənlə özü arasında da, xalqı və ölkəsi müstəvisində də geniş mənada bütövlüyün tərənnümçüsüdür. Böyük ideallara həsr olunmuş Vətən şeirlərində həm də yüksək şeiriyyət, böyük bədiilik vardır.

 

...Dərəsi, torpağı, düzü, dağıyla,

Köksümə, qəlbimə yerləşən Vətən.

Nə vaxtdır bölünən bölünməzliyi,

Bir namərd baxışlı göz deşən Vətən.

 

...Dikələn qayası, ucalan dağı,

Əyilməz bürcüdür yanan çırağı.

Yayılıb Kür boyu, Araz qırağı

Arazlaşan Vətən, Kürləşən Vətən.

 

Beləliklə, hələ XX əsrin səksəninci illərində Rəşad Məcidin öz poetik üslubu, öz şeiri formalaşmışdır. Rəşad Məcidin şeirlərində obrazlı işıqlı düşüncələr, həyata lirik-romantik və gerçəkçi baxış həm də epik təhkiyə ahəngində ifadə olunur. Bu, şeirlərin bir çoxunda zahirən görünməsə də, hiss olunacaq səviyyədə müəyyən süjet əlamətləri də müşahidə olunur. Bunlar aşkar nəzərə çarpan süjetli lirika nümunələri deyildir. Bu şeirlərdə dialoq da yoxdur. Rəşad Məcid şeirlərində dərin, zərif duyğularını, həyata və insana baxışlarını tərənnüm etmir, elə bil nağıl kimi danışır. Bu şeirlərin əksəriyyətinin mahiyyətində lirik-romantik düşüncə, təqdimatında isə epik təhkiyə diqqəti cəlb edir.

 

Qan yaddaşım od ələyib duyğularıma,

Əfsanələr cavab tapıb sorğularıma.

Bir igid də tez-tez girir yuxularıma

At belində, döşündə saz, əlində qılınc.

 

Rəşad Məcidin "Roman" adlandırdığı poeziya serialı onun yaradıcılığında şeiriyyətlə epik əlamətlərin sintezinin inkişafı və ümumiləşmiş bədii ifadəsidir. Onun liro-epik şeirləri "Roman"a keçid üçün körpü funksiyası daşıyır. Əlbəttə, Rəşad Məcid bu əsərini şərti olaraq "Roman" adlandırmışdır. Bu, çılğın məhəbbətlə sevən, qarşı tərəfdən anlaşılmazlıq və tərəddüdlər hiss edən, tamam cavab ala bilməyən, sevdası nakam sonluqla bitən bir gəncin düşüncələrinin poetik təqdimatından ibarət olan tale romanıdır. "Roman" ifadəsi əsərin janrını deyil, ilk növbədə adını, sonra isə mahiyyətini bildirir. Çünki roman janrına məxsus çoxplanlılıq, obrazların zənginliyi, hətta geniş həcm bu əsərdə nəzərdə tutulmayıb.

Rəşad Məcidin "Roman" adlandırdığı əsər janr baxımından liro-epik poemadır. Əsər lirik şeirlərlə və epik təhkiyə ilə ifadə olunan hadisələrin nəzərəçarpacaq süjet əsasında poetikləşdirilməsi üzərində qurulmuşdur. İki gəncin sevgi macəralarının ayrı-ayrı məqamlarını əks etdirən bu əsərdə şeirdən-şeirə keçid əhvali-ruhiyyənin, ovqatın dəyişməsini, münasibətlərin inkişafını əhatə edən mənəvi proseslərin inkişafını izləməyə imkan yaradır. Poetik şəkildə ifadə olunan daxili monoloqlar əsasında yazılmasına baxmayaraq, "Roman"da süjetin bütün inkişaf mərhələlərini müəyyən etmək mümkündür. Belə ki, "Tapdım" şeiri, ilk növbədə, "Roman"da proloq funksiyasını yerinə yetirir. Bu, bədii müqəddimədən əvvəl gələn, əsər boyu cərəyan edəcək hadisələri, çıxarılacaq nəticələri ümumiləşmiş şəkildə ifadə edən dərin mənalı bir başlanğıcdır. Ümumilikdə, 56 adda şeir əsasında yaranmış "Roman"ın başlanğıc hissəsindəki "Gəldim" şeiri əsərin süjet xəttində bədii müqəddimənin girişi funksiyasını daşıyır. "Uşaq, uşaq..., balaca uşaq" şeiri "Roman"dakı obrazların ilkin təqdimatıdır. "Roman"ın qəhrəmanının "yoluna çiçəklər sərmək", "saçına çələnglər hörmək" istədiyi Uşaq ilə onun arasında həm "yaş adlı uçurum qılıncı durur", həm də yaşdan doğan dünyagörüş fərqi də vardır. Bundan sonra hadisələrin ilkin dolaşıqlıq (zavyazka) mərhələsi başlanır. "Çərlədim" şeiri "yüz addımın qabağında bir addıma gücü çatmayan", "sözü kəlbətinlə çıxan" Uşağın xarakterindən yaranan ilk iztirabların ifadəsidir. Onu sanki iki dünya arasına salan "Quyu" şeiri ilə ziddiyyətlərin daha da artmaqda davam etdiyi görünür. "Qurtul, görüm", "Qurtulmasan, batma yasa", "Ağla" şeirləri əsərdəki sevgi iztirablarını dilləndirir. "Mən gəlib çatanda getmişdin artıq" şeirində tərəf müqabilin obrazı "nərgiz topası" kimi təqdim olunur. "Son" şeirində iztirabların dərin həyəcanı döyünür. Amma "Yaxşı ki bu son olmadı" şeiri ilə hadisələr nikbin məcra alır, yeni nəfəs qazanır. "Bu həftə", "Mənim bəsimdir", "Qurban vermə gəl", "Öldürmək istədiyin hissin nəğməsi" şeirlərindən hər biri münasibətlərin inkişaf etməkdə olduğunu göstərir. "Əhvalat" şeiri - haşiyədir. "Roman"da janr baxımından əsl romanlarda olduğu kimi, bir neçə yerdə haşiyə xarakterli şeirlər vardır. Haşiyələr əsərdəki əhvalatın, ovqatın həmin andakı mahiyyətinin açılmasına, aydınlaşmasına, gərginliyin azaldılmasına xidmət edir. "Qayıdır" şeirində vüsala çatmaq yox, hicranın çətinlikləri qarşısında qalan qəhrəmanın "çəkdiyi təlaş"ların yenidən qayıtdığı dilə gətirilir. Ümidqarışıq ilkin qənaət: "Hələ də uşaqsan." Və birinci qəti addım: "Əlindəki öpüş yeri":

 

Yaqut qaşlı üzük kimi,

Bahalı bilərzik kimi,

Göyərəcək, qızaracaq

Çapıq kimi, kəsik kimi.

Neyləsən də, getməyəcək

Əlindəki öpüş yeri.

 

"Əlindəki öpüş yeri" həm də bu mövzuda yazılmış müstəqil bir şeirdir. Ümumiyyətlə, "Roman"dakı şeirlərin çoxu mətndən kənarda ayrıca şeir nümunəsi kimi qəbul oluna bilər. "Gəldim", "Ağla", "Sənə görədir", "Səndən bir söz çıxanacan", "Sənsiz", "Getdinsə", "Məni", "Saatım qurulub sənin vaxtına" və sair şeirlər Rəşad Məcidin lirikasının da, yeni Azərbaycan şeirinin də dəyərli nümunələri sayılmağa layiqdir. Eyni zamanda bu şeirlər "Roman"da süjetin inkişafını, tərəflərin əhval-ruhiyyəsini, həyatın, sevginin, iztirabların da mənasını açmağa, aydınlaşdırmağa, inkişaf etdirməyə xidmət edir. Azərbaycan ədəbiyyatında poema yaradıcılığında lirik ricətlər, haşiyələr kimi şeirlərdən istifadə olunması ənənəsi zəngindir. Lakin "Roman"dakı kimi, özünəməxsus nazik bir süjetə malik olan poemanın, əsasən, biri digərinin davamı olan şeirlər üzərində qurulması nadir hadisədir.

"Roman"ın kulminasiya nöqtəsi hesab etdiyimiz "Səndən bir söz çıxanacan" şeiri həm ümumən Rəşad Məcid yaradıcılığının, həm də konkret olaraq bu epik xarakterli lirik-romantik poemanın ən səciyyəvi ideya və üslub imkanlarını nümayiş etdirir. "Roman"ın qəhrəmanı eşqinə - andına sadiqliyin son həddinə qədər dözüm və inam göstərir. Mənəvi iztirabların ən çətin anlarında "Cavan" adı ilə təqdim olunan naməlum oğlanın varlığı bəlli olanda özünüittiham kimi meydana çıxan daxili monoloq əsərdəki bütün gərginliyi qabarıq şəkildə ifadə edir:

 

Hər nə dedim, dümdüz dedim,

Gecə dedim, gündüz dedim.

Mən bir kitablıq söz dedim

Səndən bir söz çıxanacan.

 

...Ay düşüb, yerə enərdi,

Günəş bezərdi, sönərdi.

Daşlar da dil öyrənərdi

Səndən bir söz çıxanacan.

 

Ayrılıq və ondan sonrakı mənəvi iztirabların təsviri ilə "Roman" sona çatır. Lakin əsər tamamlansa da, "Roman"da təsvir olunan kiçik macəranın həyəcanları bitmir. Oxucudan ötrü düşünmək üçün bir romanlıq da təəssüratlar qalır. Bu mənada, "Tapdım" proloqundakı "Beş ildi xəbərim yox idi ondan, İtmiş ürəyimin yerini tapdım" misraları ilə təkcə bir əsərin qəhrəmanının taleyində yox, bütövlükdə insanın mənəvi ucalığının işığında "Roman" davam edir.

Ümumiyyətlə, "Roman" liro-epik poeması insanın mənəvi bütövlüyünə inam haqqında dəyərli bir epitafiyadır. "Roman" - şeirlə yazılmış macəravari serialdır. Liro-epik poema janrında yazılmış "Roman" mövzu və mahiyyət etibarilə insanın mənəvi bütövlüyünün və ucalığının romanıdır. "Roman" - Rəşad Məcidin liro-epik şeirlərinin bütöv bir silsiləsidir. Nəhayət, "Roman" Rəşad Məcidin ədəbiyyatda, şeirdə bədii möhürüdür və özünütəsdiqidir.

 

***

Rəşad Məcidin 2011-ci ildən sonrakı mərhələdə yaranan şeirlərini üç yerə ayırmaq olar: 1) "Roman" liro-epik poeması ilə səsləşən yeni şeirlər; 2) "Dastan" qrupu şeirləri; 3) Lirikasında yeni nəfəs.

Müxtəlif mətbuat orqanlarında Rəşad Məcidin oxuculara təqdim etdiyi yeni şeir silsiləsinin bir hissəsi ilk baxışda, sanki onun "Roman"ının yazıldığı, yaxud çap olunduğu vaxt unudulub kitabına daxil edilməmiş parçalar təəssüratı yaradır. Başqa bir istiqamətdən baxsaq, yeni silsiləyə daxil olan "Sənsən", "Bəsdi", "Bəsdi nədir", "Əlac", "Çıxmışam", "Məni anla", "Daha", "Mələyim, iblisim", "Sənə sarı", "Məni", "O" şeirləri sanki "Roman"a sonradan yazılmış əlavələr kimi görünür. Həmin şeirlərdən hər birini çox asanlıqla "Roman"ın kompozisiyasında münasib məqamlarda oturtmaq olar. Bura "Çiyələk qadın" (2014), "Bir də gəlməyəcək" (2015), "Səbəbi sənsən" (2019) kitablarındakı şeirlərdə də "Roman"a daxil edilə biləcək yeni poetik nümunələr vardır. Xüsusən, "Səbəbi sənsən" kitabındakı şeirlər sanki "Roman"ın unudulmuş hissələrindən ibarətdir. Həmin şeirləri ayrı-ayrı bölmələrə daxil etməklə "Roman"ı daha da qüvvətləndirmək mümkündür.

Bununla belə, təzə şeir silsiləsində "Roman"a münasibətdə başqa bir meyil daha qabarıq şəkildə hiss olunur. Sanki bu şeirlər yeni bir "Roman"ın ilkin parçalarının əlyazmalarıdır. Bu şeirlərin əksəriyyəti yeni bir süjet ətrafında birləşir. "Roman"dakı şeirlərin çoxu daha çox, "Mən"ə - lirik qəhrəmana aiddir. Yeni silsilədə isə üçüncü şəxs kimi "O" adı ilə ifadə olunmuş liro-epik qəhrəmana ağırlıq verilib. Bu, "O" "Roman"dakı Uşağa bənzəsə də, onun eynisi deyildir. Rəşad Məcid "O"nu "boynuna biçilən kəfən"i, "dar ağacı", həm də "xilas"ı, "mələyi və iblisi", lirik qəhrəmanı "gah göydə yaşadan, gah yerə çırpan" qüvvə kimi təqdim edir. "Roman"dakı Uşaqla müqayisədə, "O" ilə münasibətlər xeyli dərəcədə aydındır. "O" - silsiləsi eşqinə vəfalı lirik qəhrəmanın əbədi sevdasının nəğməsidir. Yeni şeirlərdəki lirik qəhrəmanda "Roman"dakı ümidsizlik, sentimental əhval-ruhiyyə nikbinlik və inam hissləri ilə əvəz olunmuşdur.

 

O-dur sənə dərman, ilac,

Gördün ki, yox başqa əlac.

Əlindən tut, üstünə qaç,

Diri tərpən, di tez yeri.

 

"Roman" kimi Rəşad Məcidin şeir yaradıcılığının sonrakı mərhələsində meydana çıxmış "Dastan" silsiləsi də şərti ad olub, oxucuya artıq onun müəllifinin yaradıcılığından bəlli olan lirik qəhrəmanın xeyli dərəcədə inkişaf edərək yetkinləşmiş obrazını təqdim edən fərqli bir əsərin mahiyyətini ifadə edir. "Dastan" qrupuna aid olan poetik sovqat da müəyyən süjet xətti ətrafında cəmləşən lirika nümunələri olmaqla bərabər, həm də hər biri ayrıca, müstəqil şeirlərdən ibarətdir. Silsiləyə daxil olan "Sənsən", "Mələyim, iblisim", "Üzünə qurban" şeirlərində lirika o qədər dərindir ki, onları yalnız Rəşad Məcidin yaradıcılığına çox yaxından bələd olanlar hər hansı bir süjetin tərkib hissəsi kimi görə bilərlər. Şeirlərdən süjet düzəltmək artıq Rəşad Məcidin şeir yaradıcılığının oturuşmuş bir sistemidir. Hər biri müstəqil poetik nümunə olan ayrı-ayrı şeirlər vasitəsilə geniş süjet xətti yaratmaq, kompozisiya qurmaq Azərbaycan ədəbiyyatında ilk dəfədir ki, Rəşad Məcidin yaradıcılığında bu qədər davamlı olaraq təzahür edir. İlk şeir dəftərində, "Roman" liro-epik poemasında nəzərəçarpan və şeirdən-şeirə inkişaf edən süjet xətti yaratmaq xüsusiyyətinin 2014-cü ilin və sonrakı dövrlərin "Dastan" qrupu şeirlərində də açıq-aşkar görünməsi bu tip ifadə vasitəsinin Rəşad Məcidə məxsus fərdi üslubi keyfiyyət olduğunu tam təsdiqləyir.

Rəşad Məcidin yaradıcılığında "Roman"a yaxın olmayan və "Dastan"dan xaric şeirlər də çoxluq təşkil edir. Əvvəla, sonrakı mərhələdə şairin yaradıcılığında ictimai motivlərin meydanı genişləndirilmişdir. Rəşad Məcid poeziyada mənəvi münasibətlərdən daha çox, ictimai prosesləri mənalandırmağa çalışmışdır. O, artıq indiyə qədər "cavabını tapmadığı suallar"ı bədii yaradıcılığının əsas obyektinə çevirmişdir. Yeni mərhələnin şeirləri illərdən bəri onun daxilən "topalaşıb qurd kimi gəmirən", uzun vaxt ərzində "düşünməkdən yağmalandığı" məsələləri diqqət mərkəzinə çəkir. "Göz yaşı" şeirində Rəşad Məcid ölkə səviyyəsində itki sayıla biləcək dəyərlərin ağısını oxuyur. O, artıq "ölkədə, dünyada nə yenilik var?" sualını poetik baxımdan mənalandırmağı vacib sayır, "mənim danışmağa öz xəbərim var" deyərək, dünyaya biganə qalmadan milli maraqlara cavab verən sualların ədəbiyyatını yaratmağa üstünlük verir. "Səbəbi sənsən" şeirlərindəki qətiyyətli münasibətin ifadəsi də bununla əlaqədardır. Artıq Rəşad Məcid bütövlükdə bədii yaradıcılıqda, o cümlədən də şeirlərində daha çox yazıçı-vətəndaş kimi çıxış edir. Bir çox şeirləri müstəqillik dövrü Azərbaycan vətəndaşlıq poeziyasının layiqli poetik nümunələri sayıla bilər.

Rəşad Məcid şeirinin estetik idealı kimi ifadə edilən ağ atlı oğlan ölkənin bütövlüyünün və xalqın milli-mənəvi varlığının etibarlı keşikçisidir. Bu ağ atlı oğlan - əslində yurdun, torpağın sahibidir. "Köç yolunda at üstündə" doğulan, qəlbində bahar çağlayan ağ atlı oğlanın idealı isə "işləri qayadan-daşdan" keçən xalqına xoş günlər bəxş etməkdir. Rəşad Məcid "ümidi işıqlı", "yolları açıq" təsvir etdiyi ağ atlı oğlanında xalqın bütün gücünü cəmləşdirir. Buna görə də Rəşad Məcidin ağ atlı oğlanı müstəqillik yollarında inamla irəliyə gedən, torpaqlarını azad edən Azərbaycanın dövlət bayrağının keşiyindədir:

Səni ən çətin

Günlərimdə qorudum.

Beynimə həkk edib,

Ürəyimə sarıdım.

Mahnımda,

Nəğməmdə gizlədim.

Aya baxıb xatırladım,

Ulduzunu sevdim.

Üç rənginə öyrəşdim,

Hər üzünü sevdim.

Hücumdan, həmlədən qorudum,

Küləkdən, tufandan keçirdim.

Bir gün qaldırdım başımın üstünə

Saxladım,

Əymədim.

 

Bütövlükdə Rəşad Məcidin şeir yaradıcılığı torpaq qoxulu, Vətən ətirli poeziyadır. Rəşad Məcidin estetik idealı mərdanəliyin, bütövlüyün, milli düşüncənin, vətənpərvərliyin və müstəqil dövlətçiliyin daşıyıcısı olan lirik-romantik qəhrəmandır. Bu lirik qəhrəmanın ayağı odlu torpaqdadır, başının üstündə isə üçrəngli dövlət bayrağı dalğalanır. Vətən torpağı ilə dövlət bayrağının vəhdəti Rəşad Məcidin estetik idealının mahiyyətidir.

 

***

Məlum olduğu kimi, bədii nəsr sahəsinə Rəşad Məcid az müraciət etmişdir. Hələlik onun bizə məşhur "10 sentyabr" və "Cənnət dərəsi" hekayələri məlumdur. Qeydlərindən aydın olur ki, "Tüstü" adlı bir hekayəsi isə, nə vaxtsa, hansı redaksiyadasa itib. Lakin bu qədər azsaylı hekayələr də Rəşad Məcidin bədii nəsr sahəsindəki yaradıcılıq imkanları haqqında fikir söyləməyə, söz deməyə şərait yaradır.

"10 sentyabr" hekayəsi müstəqillik dövrü Azərbaycan ədəbiyyatında hekayə janrının ən yaxşı nümunələrindən biridir. Bu, yeni tarixi mərhələdə kiçik hekayənin böyük nümunəsidir. Hekayədə böyük dövlətlər və kiçik xalqlar kimi ciddi bir problem sadə bir əhvalat əsasında təqdim olunmuş və bədii cəhətdən həll edilmişdir. "10 sentyabr" hekayəsində xarici qonağın xarakterini müşahidə olunan həyati detallar vasitəsilə inandırıcı şəkildə canlandırmaqla, onun daxili aləmi, yad niyyəti oxucuya çatdırılmışdır: "Gombul, balacaboy kişi. Kişinin ovurdları işləyir. Əslində... paxlavanı çeynəmir, bütöv-bütöv udurdu...

Bayaqkı gombul kişi onu görən kimi "pliz, pliz" deyib qucağındakı qıvrımtüklü iti sığallaya-sığallaya dəhlizin əks tərəfinə keçdi... Kişinin getdiyi tərəfdən bayaqkı qadın çıxıb ona yaxınlaşdı... Alıb çantanı açdı, dollarları saydı. Əlindəki şax əskinaslara işarə edərək:

- Çim it alacaq.

Sonra pulları çantanın içinə qoyub əlini uzatdı:

- Sağ ol! Minnetddar-am!"

"10 sentyabr" hekayəsindəki taksi sürücüsü Akif müasir mərhələdə Azərbaycan ədəbiyyatında kiçik adamın böyük obrazıdır. XX əsrin əvvəllərindəki "kiçik" adam obrazlarından fərqli olaraq, artıq müəyyən peşə sahibi olan, zavodda işləyib mükafatlar alan, dəyişən zəmanənin "taqəzası" ilə iş yeri bağlanan, çətinliklərlə üzləşən Akif halallığı, zəhmətkeşliyi, sədaqəti və səxavəti ilə səciyyələnən obrazdır. Taksi sürücüsü Akif cəmiyyətdə gedən ictimai-siyasi proseslərin yaratdığı böhranın doğurduğu kiçik adamın bütün taleyini daşıyır və psixologiyasını özündə əks etdirir. Akif keçid dövründə baş verən mənəvi aşınmaları adlayıb keçən, sıxıntılara düçar olsa da, ləyaqətini, ideallarını uca tutmağı bacaran azərbaycanlı obrazıdır. Cəmiyyətdə xaos, çaşqınlıq dövrü kimi səciyyələndirilən həmin mərhələnin adamlarının ədəbiyyatda daha çox mənəvi böhranından, aşınmasından yazmaq meylinin üstün olduğu vaxtda Rəşad Məcidin sabit mənəviyyata malik kiçik adamın böyük dəyərlərini, ictimai funksiyasını təqdim etməsi ədəbi prosesin də axarına təsir edən əhəmiyyətli hadisədir.

"10 sentyabr" hekayəsi ilə Rəşad Məcid həcm etibarilə kiçik bədii forma daxilində böyük və dərin ictimai mətləbləri ifadə etmək bacarığını nümayiş etdirir. Bu mənada, ümumi yaradıcılığının fonunda nəzər salsaq, "10 sentyabr" hekayəsi Rəşad Məcid nəsrinin "Roman"ıdır. Sabitləşmiş, inkişaf edən və dünya ilə üz-üzə olan yeni Azərbaycanda cəmiyyət həyatının epik mahiyyətinin gerçək romanı "10 sentyabr" hekayəsinin bətnində müşahidə olunur. Bu hekayənin on xarici dilə tərcümə edilərək bir kitabda çap edilməsi qlobal məkanda həm də müasir Azərbaycan nəsrinin indiki səviyyəsinin dünyaya təqdim edilməsi baxımından əhəmiyyətli hadisədir. "10 sentyabr" hekayəsi ilə Rəşad Məcid böyük ənənəsi olan Azərbaycan nəsrinə layiqli bir əlavə gətirə bilmişdir. Rəşad Məcid bir hekayə ilə - "10 sentyabr" hekayəsi ilə müasir Azərbaycan ədəbi mühitində nasirlik səlahiyyəti qazanmışdır.

 

***

Hansı istiqamətdən baxmağımızdan asılı olmayaraq, Rəşad Məcid daha çox mətbuat aləmindəki geniş fəaliyyəti və publisistikası ilə görünür. Rəşad Məcidin publisistikası onun nəsri ilə jurnalistikası arasındakı xüsusi bir yaradıcılıq hadisəsidir. O, nasirlik xatirinə publisistikadan məşq kimi istifadə etmir. Publisistikası Rəşad Məcidin jurnalistikasının inkişafının daha yüksək mərhələsinin, kamilləşmə çağının əks-sədasıdır. Günün nəbzindən doğan çoxsaylı məqalələr yazmaq meyli Rəşad Məcidin jurnalistika sahəsindəki fəaliyyətində yoxdur. Jurnalistika fəaliyyəti baxımından Rəşad Məcid daha çox naşirdir. Rəşad Məcidin Baş redaktoru olduğu "525-ci qəzet" müstəqillik dövrü Azərbaycan mətbuatının inkişafının mükəmməl bir hadisəsidir. "525-ci qəzet" Azərbaycanda ictimai-siyasi mətbuatla ədəbi mətbuatın hər ikisinin funksiyalarını birlikdə daşıyan və yüksək peşəkarlıqla inkişaf etdirən nadir qəzetçilik nümunəsidir. Keçdiyi davamlı inkişaf yolunu nəzərə alaraq, "525-ci qəzet"in yeni jurnalistika məktəbi yaratması haqqında irəli sürülən fikirlərdə gerçəklik mübaliğədən qat-qat çoxdur. Çoxaspektli mətbuat orqanı olan "525-ci qəzet" Rəşad Məcidin Azərbaycan milli mətbuatının inkişafında tarixi xidmətidir.

Bununla belə, Rəşad Məcid həm də özünəməxsus publisistikası olan qəzet adamıdır. Publisistikası konkret problemlər ətrafında araşdırmaların və mühakimələrin ifadəsi əsasında formalaşır. Publisistikasındakı analitik təhlil həyatı, prosesləri, insanları daha dərindən göstərməyə, obyektiv nəticələr çıxarmağa şərait yaradır. Ən yaxşı məqamlarda Rəşad Məcidin ayrı-ayrı publisistik məqalələri monoloq kimi səslənir. Publisist Rəşad Məcidin monoloqlarında cəmiyyət həyatının aydın nəbzi döyünür. Müxtəlif illərdə yazılmış "Yeni paytaxt ehtiyacı", "Səfərin təzəsi, dostun köhnəsi", "Əlvida və salam", "Ağ dənizin duzu", "İdarəçilik Akademiyasında jurnalistika dərsi" və sair kimi publisist məqalələri müasir cəmiyyətin doğurduğu konkret məsələlər ətrafında müşahidələr və mühakimələrdir. Publisistikasında Rəşad Məcidin bir ziyalı-vətəndaş olaraq aydın mövqeyi ifadə olunur. Publisist məqalələrindəki təmkinli və aydın mövqeyə malik Rəşad Məcidlə cəmiyyətdən, gündəlik həyatdan tanıdığımız Rəşad Məcid bir-birini tamamlayır. İctimai-siyasi və ədəbi-elmi mühiti tam olaraq birlikdə görməyi və dəyərləndirməyi bacarmaq, daim irəliyə doğru dərkolunmuş obyektiv baxış Rəşad Məcidin jurnalistika fəaliyyətinin və publisistikasının mahiyyətini təşkil edir.

Rəşad Məcidin siyasi publisistikasında da müəyyən mənada, bədiilik var, dərin səmimiyyət ifadə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə 2013-cü ildə iki görüşdə - Milli Mətbuat Günündə və dövlət başçımıza "Jurnalistlərin dostu" mükafatının təqdim olunması mərasimindəki çıxışları bir media təmsilçisindən çox, yüksək ziyalı - vətəndaş düşüncəsinin təbii və səmimi ifadəsidir. Əgər müəllif "Dəlicəsinə" kitabına "Mətbuat tarixinə yazılacaq böyük hadisə" və "Dostluğun böyük nümunəsi" adı ilə daxil etdiyi həmin yazılarının ölkəmizin Prezidenti qarşısındakı çıxışları olduğunu qeyd etməsəydi, bu mətnləri müraciət, xitab üstündə qələmə alınmış əhəmiyyətli publisistika nümunələri kimi qəbul edərdik. İndiki halda da həmin yazılar həm Rəşad Məcidin yetkin ictimai baxışlarını, həm də siyasi publisistikasının özünəməxsusluqlarını dolğun şəkildə ifadə edir. Bu çıxışlar eyni zamanda dövlət və mətbuat münasibətləri haqqında aydın vətəndaş təfəkkürü ilə deyilmiş ürək sözləridir.

"Əlvida və salam" kitabındakı esseləri, "Dəlicəsinə" kitabındakı publisist məqalələri Azərbaycan jurnalistikasının əhəmiyyətli hadisələridir. Son illərdə işğaldan azad olunmuş Qarabağ və Böyük Qayıdış mövzusunda yazdığı məqalələri də bu sahədə fərqli bir baxışın mükəmməl publisist ifadəsidir. Azərbaycan publisistikasında yalnız Rəşad Məcidə aid olan "Qələmsiz yazılanlar" silsiləsi ölkə ədəbiyyatı və mətbuatı tarixində XXI əsrdə meydana çıxmış sosial şəbəkə publisistikasının orijinal nümunəsidir.

"525-ci qəzet" vasitəsilə Azərbaycanda publisistikanın yeni nəslinin formalaşdırılmasına açdığı geniş meydan, verdiyi böyük dəstək də yaradıcı jurnalistikanın inkişafı yollarında izi qalacaq hadisədir.

 

***

Göründüyü kimi, Rəşad Məcid bir ədəbi şəxsiyyət olaraq bütün yönləri ilə yaradıcı olan, axtarışlarının ardıcıllığı və bədii təfəkkürünün orijinallığı və genişliyi, baxışlarının və inamının bütövlüyü ilə fərqli görünən kamil və professional bir Azərbaycan ziyalısıdır. Müstəqillik dövrü Azərbaycan ziyalılığının fəal vətəndaşlıq mövqeyi, aydın milli düşüncəsi, açıq və yetkin yaradıcı təfəkkürü Rəşad Məcidin simasında ümumiləşə bilir.

Nəticə etibarilə:

- Rəşad Məcid müstəqillik dövrü Azərbaycan ədəbiyyatında liro-epik şeirin əsas yaradıcılarından biridir.

- Daxili monoloqlar əsasında yazılmış şeirlərdən "Roman" və "Dastan" tipli süjetli əsərlər yaratmaq Rəşad Məcidin adı ilə bağlı olan bənzərsiz sənətkarlıq xüsusiyyətidir.

- Azərbaycan ədəbiyyatında böyük ənənəsi olan kiçik hekayə janrını dünya və ölkə ilə əlaqədar müasir mövzularla zənginləşdirmək, fərqli xarakterlər yaratmaq Rəşad Məcidin yaradıcılıq uğurudur.

- Mühüm həyati problemləri və siyasi düşüncəni əks etdirən, qəzetçiliklə yazıçılığı birləşdirən publisist əsərləri ilə Rəşad Məcid Azərbaycan publisistikasında yeni yol açmışdır.

- Rəşad Məcidin Baş redaktoru olduğu "525-ci qəzet" müstəqillik dövründə məktəb səviyyəsinə çatdırılan əhəmiyyətli ədəbiyyat və mətbuat hadisəsidir.

- Rəşad Məciddə həm də aydın bir ədəbiyyatşünas təfəkkürü vardır. O, yazıçı tənqidinin də mahiyyət etibarilə yazıçılıqla ədəbiyyatşünaslıq arasında olan, bir çox hallarda ədəbiyyatşünaslığa yaxınlaşan qiymətli nümunələrinin müəllifidir.

- Rəşad Məcidin simasında milli təfəkkürlə ədəbiyyat düşüncəsi və aydın siyasi baxış vəhdət təşkil edir.

Qarabağın işğaldan azad edilməsi və Böyük Qayıdış hərəkatından etibarən Rəşad Məcidin yaradıcılığında yeni mərhələ başlanmışdır. Azad Şuşa mövzusunda yazdığı məqalələr yeni dövr Qarabağ publisistikasının yaddaqalan, təsirli nümunələridir. Rəşad Məcidin 2024-cü ildə qələmə aldığı "Şuşa dəftəri" şeir silsiləsi müstəqillik dövrü Azərbaycan şeirində Qarabağ mövzusuna yenidən qayıdışın uğurlu bədii nümunələrindəndir. Cəmi 13 şeirdən ibarət olan "Şuşa dəftəri" şeir silsiləsi şairin uşaqlıq və ilk gənclik illəri ilə bağlı xatirələrlə Azad Qarabağın müasir dövranının yaratdığı həsrət, qürur və milli iftixar duyğularının üzvi vəhdətinin ilhamlı poeziyasıdır. Qarabağ mövzusuna yenidən qayıdışın uğurlu bədii ifadəsi olan "Şuşa sevgisi" şeiri Azərbaycan poeziyasının Qarabağ serialının qiymətli poetik möhürüdür:

 

Azərbaycan əsgəri borc ödəyib canıyla,

Köksündə cüt gəzdirib bayrağı vicdanıyla!

İslanıb hər qarışı şəhidlərin qanıyla,

Dönüb yalçın qayaya, tunca Şuşa sevgisi!

 

Qalxır hünərli şəhər, olur qızıl dirəkli,

Daş deyil hörülən daş, məhəbbətdi, ürəkdi!

Çağlayan sevgilərin ilham mənbəyi təkdi -

Ali Baş Komandanın uca Şuşa sevgisi!

 

Şeirlə bədii yaradıcılığa başlayan və poeziya sahəsində dərin izlər salmaqla davam edən, jurnalistika və publisistika ilə müasir cəmiyyətin inkişafına məsuliyyətlə xidmət göstərən, ədəbi-ictimai mühitin böyük üfüqlərinə çıxan, bədii nəsrdə öz möhürü olan Rəşad Məcidin çoxcəhətli fəaliyyətinin sanballı hesabatı olan müxtəlif janrlarda yazılmış əsərləri onun bundan sonrakı yaradıcı həyatının möhkəm təməlləri və mühüm hərəkətverici qüvvəsidir. Rəşad Məcid ölkəsinin və millətinin daha böyük inkişafı istiqamətində həyatının və yaradıcılığının müdriklik çağının möhtəşəm Romanına doğru (təkcə janr mənasında yox) təmkinlə, səmimiyyətlə və inamla yol getməkdədir.

SİZƏ MARAQLI OLA BİLƏR