Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Qazax detektiv ədəbiyyatına yol açmış yazıçı: Kemel Tokayev - Salidə Şərifova

30-08-2024 [ 21:34 ] [ oxunub:282 ]
printerA+ | A-

Qazax ədəbiyyatında detektiv ədəbiyyatın banisi hesab edilən Kemel Tokayevin (19231986) bədii yaradıcılığı dövrün ideoloji və estetik baxışlarını əxz etdirən Sovet dövrü ədəbiyyatına aiddir. Sovet dövrü ədəbiyyatı XX əsrin ədəbi irsinin bir qismini məhz müxtəlif xalqların ədəbiyyatını bir müstəvidə birləşdirməsi ilə diqqəti cəlb edir. Sovet dövrü ədəbiyyatının nümayəndələri kimi Kemel Tokayev də bu dövrün gerçəkliklərini qələmə aldığı əsərlərində dövrün ideologiyası baxımından inikas etdirmişdir. Buna baxmayaraq, Kemel Tokayevin bədii nümunələrində əksini tapmış mövzular, yaradılmış obrazlar, əsərlərin janr problemlərinin açıqlanması və s. ideya-məzmun və forma-ifadə baxımından müasir ədəbiyyatşünaslıqda aktuallıq kəsb etməkdədir. Akademik Nizami Cəfərovun vurğuladığı kimi “Kemel Tokayevin əsərləri sənədliliklə bədiiliyin “dialoq”u və ya harmoniyasından ibarətdir ki, fikrimizcə, yazıçının üslub özünəməxsusluğu, hər şeydən əvvəl, məhz burada təzahür edir” (Cəfərov, 2023). Yazıçının əsərlərində faktlara, sənədlərə müraciət etməsi oğlu Kasım-Jomart Tokayevin “Atam haqqında söz” əsərində təsdiqini tapır: “Kemel Tokayev əsərlərini yazmağa ciddi şəkildə hazırlaşır, rəsmi sənədləri araşdırırdı, buna görə də heç kəs onu faktların saxtalaşdırılmasında və təbliğatçılıq qəlbinə uymaqda ittiham edə bilməzdi” (Tokayev, 2022; s.70).

Qazax ədəbiyyatının XX əsrə aid ədəbiyyatının böyük bir mərhələsi məhz sovet dövrünü əhatə edir. Bu dövr qazax xalqının formalaşmasına təsir göstərən, cəmiyyət və insan münasibətlərini əks etdirən milli ədəbiyyat məhz sosialist realizm yaradıcılıq metodu və ədəbi cərəyanı fonunda da təşəkkül tapmışdır. Sosialist realizm yaradıcılıq metodunun hakim kəsildiyi bir ədəbiyyatda yazıb-yaradan Kemel Tokayev dövrünün həqiqətlərini bədii əsərlərində inikas etdirməyə nail olur. Qeyd etmək lazımdır ki, SSRİ miqyasında yeni əsrin sənət tələblərini də əxz etmiş yazarın kitabları böyük tirajla işıq üzü görmüşdür. Qazax ədəbiyyatında detektiv əsərlərin öncüllərindən olan yazıçının sosializm quruculuğu və sovet adamının formalaşdırılması müstəvisindən qələmə aldığı “Sirli iz” (“Көмескі із”, 1955), “Sərqabənddəki hadisə” (“Сарғабанда болған оқиға”, 1975), “Gecədə əks-səda” (“Түндегі жаңғырық”), “Son zərbə” (“Соңғы соққы”, 1981), “Əsgər müharibəyə getdi” (“Солдат соғысқа кетті”, 1983), “Yuvasından uçan quş” (“Ұясынан безген құс”, 1983) və d. əsərləri ən çox satılan kitablar sırasında yer almışdır. Müəllifin Sovet dövründə qələmə alınmış bu əsərlərdə yaratmağa nail ola bildiyi mikrodünyada milli kimlik, milli mənlik kimi amillərin qorunmasının şahidi oluruq.

Xalq yazıçısı Çingiz Abdullayev “Qış qaranquşu” (“Қыс қарлығашы”, 1955), “Gələcək haqqında düşüncələr” (“Болашақ туралы ойлар”, 1955), “Sui-qəsd” (“Қастандық”, 1971), “Xüsusi tapşırıq” (“Арнаулы тапсырма”, 1965) və s. hekayə və povestlər müəllifi Kemel Tokayevi “istedadlı yazıçı” (Abdullayev, 2022; s.9) adlandırır. Çingiz Abdullayev həmkarının yaradıcılığında mənəvi dəyərlərə sadiq qalması məqamına toxunur, dramaturq, ictimai xadim Kemel Tokayevin əsərlərinin məhz onun tale yolunu işıqlandırmasını vurğulayır:

“Kemel Tokayevin taleyi məni sarsıtdı. Bu cür ssenariləri həyatın özü yazır. Həm də həyat Yer üzünün hər bir sakininə qarşı ədalətli və mərhəmətli olmur. Bu cəhətdən də Kemal Tokayevin taleyi xüsusilə ibrətamizdir. Uzun illərdən sonra, artıq səksəninci illərdə min doqquz yüz iyirmi iki, iyirmi üç, iyirmi dördüncü illərdə dünyaya gəlmiş nəsli “qəhrəmanlar nəsli” adlandıracaqdılar. Həmin nəslə mənsub adamların, az qala, hamısı İkinci Dünya müharibəsinin döyüş meydanlarında həlak oldu, dəhşətli statistikaya görə, sağ qurtulanların yalnız bir neçə faizi həyatda qaldı.” (Abdullayev, 2022; s.7)

Qazaxıstan pionerlərinə həsr edilmiş “Ulduz yolu” (Жұлдызды жорық, 1954) hekayələr toplusu ilə bədii yaradıcılığa başlamış Kemel Tokayevin əsərləri ilə salnamələr yaratması ictimaiyyətin diqqətindən yayınmır. Məsələn, Kasım-Jomart Tokayev atasının “Əsgər müharibəyə getdi” (“Солдат соғысқа кетті”) əsərini dəyərləndirərək qeyd edir ki, ““Əsgər müharibəyə getdi” (“Солдат соғысқа кетті”) – atamın bu memuar janrında yazılmış əsəri belə adlanır – tarixi mötəbərliyi ilə heyrət doğurur” (Tokayev, 2022; s.83). Kasım-Jomart Tokayev bu romanı konkret olaraq salnamə adlandırır ki, fikirlərində də haqlı olmasının şahidi oluruq: “Kemel Tokayevin son sanballı yaradıcılıq işi (“Əsgər müharibəyə getdi” romanı–S.Ş.) mahiyyətcə özündə ayrılmaz hissəsi olan qazax xalqının tarixindəki ən mürəkkəb dövrlərindən birinin salnaməsidir” (Tokayev, 2022; s.84). Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin həm bir siyasi xadim, həm də bir övlad kimi Kemel Tokayevin keçdiyi keşməkeşli həyat yoluna, zəngin bədii yaradıcılıq fəaliyyətinə, yazıçının formalaşdığı ədəbi mühitə “Atam haqqında söz” adlı əsər həsr etməsi təqdirəlayiqdir. Rumıniya Respublikasının keçmiş prezidenti Emil Konstantinesku (1996-2000) Kasım-Jomart Tokayevin atası haqqında qələmə aldığı “Atam haqqında söz” əsərini “oğlunun atasına minnətdarlığının sübutu” olduğunu qeyd etmişdir.

Qazaxıstan xalq yazıçısı, şair və ilk Qazaxıstan himninin həmmüəllifi, ədəbi tənqid və uşaq kitabları müəllifi Qədir Mirzə Əlinin (Қадыр Мырза Әлі) Kemel Tokayev haqqında bir həmkar kimi münasibəti maraq kəsb edir: “...Kemel Tokayev. Çox ünsiyyətcil, ətrafındakı insanlarla tez anlaşa bilir. ...Dərhal əmin oldum ki, o, nə özünün, nə də başqalarının inciməsinə yol verməyən ciddi və sakit bir insandır.” (Kadır Mırza, 2009; s.4) Qədir Mirzə Əli yazıçı haqqında fikirlərində yazarın özəl xüsusiyyətlərinə aydınlıq gətirilir. Yazıçı, publisist Koğabəy Sərsekeyev (Қоғабай Сәрсекеев) isə Kemel Tokayevin yazıçılıq fəaliyyətinə işıq salır. O, müharibə mövzusunda əsərlər qələmə almış Kemel Tokayevin real aləmlə daha çox bağlı olan detektiv nümunələri yaratması, detektiv ədəbiyyatına yol açması amilinə toxunaraq qeyd edir ki, “Qazax ədəbiyyatında təhlükəsizlik işçiləri və polis əməkdaşlarının fəaliyyətindən bəhs edən macəra detektiv janrının əsasını qoyan yazıçı maraqlı mövzusundan yayınmamağa çalışıb” (Sarsekeev, 2001; s.4). Yazıçı Koqabay Sarsekeyev həmkarı Kemel Tokayevin  “Sui qəsd”, “Gecə açılan” əsərlərinə münasibət bildirərək göstərir ki, “Hər iki hekayə hüquq-mühafizə orqanlarının nümayəndələrinin həyatından, polis məmurlarının insanların müdafiəsindən və cinayətkarların ifşa edilməsindən bəhs edir” (Sarsekeev, 2001; s.4).

Onu xüsusi vurğulamaq lazımdır ki, yazıçı Kemel Tokayevin bədii yaradıcılığına tədqiqatçıların və tənqidçilərin münasibəti birmənalı olmamışdır. Bu münasibət yazıçının oğlu Kasım-Jomart Tokayev tərəfindən vurğulanır. Atasının bir yazıçı kimi yaradıcılığına görə haqsızlıqlarla tez-tez üzləşməsini, yazıçıya qarşı süni şəkildə propaqandaların təşkil edilməsi amilini belə təqdim edir: “Atama həmin vaxt (1980-ci illər–S.Ş.) “Son zərbə” romanının dərc edilmiş bir neçə fəsli ətrafında süni surətdə başladılıb şişirdilmiş qalmaqal və dövlət xidmətindən aralanması çox pis təsir etmişdi” (Tokayev, 2022; s.65). “Qazax ədəbiyyatında mövcud olan azsaylı əsl detektiv romanlardan biri” (Tokayev, 2022; s.96) hesab edilən “Son zərbə” əsərinin də zamanında düzgün qiymətini almamasının şahidi oluruq. Kasım-Jomart Tokayev atası Kemel Tokayevin elə ilk ədəbi yaradıcılığına başlaması zamanından belə münasibətlə üzləşməsi məqamına diqqəti yönəldir: “...“Ulduz yürüşü” adlı ilk kitabını Qazaxıstan pionerlərinə həsr etdi. Bu, ədəbi sahədə ilk qələm təcrübəsi idi. Həmkarlarının bəziləri onun özünü yazıçılığa həsr etmək arzusunu bölüşmür, bir sıra “tənqidçilər” də yaradıcılıq həvəsini öldürmək üçün ilk kitabı ilə bağlı zəhərli məqalələrlə çıxış edirdilər” (Tokayev, 2022; s.67).

Kemel Tokayevin bədii əsərlərinin janr xüsusiyyətləri

Kemel Tokayevin qələmə aldığı bədii əsərlərin janr müxtəlifliyi diqqəti cəlb edir. Ədibin həm nasir, həm dramaturq, həm də publisist kimi fəaliyyət göstərməsi əsərlərinin janr müxtəlifliyinə və rəngarəng olmasına təsirsiz ötüşmür. Müəllifin detektivə müraciət etməsi Kemel Tokayevi Qazax ədəbiyyatında detektivin yaradıcısı kimi təqdim edilməsinə əsas verir. Belə ki, yazıçının qələmə aldığı detektivin kütləvi ədəbiyyatın populyar fenomenə çevrilməsi deyil, cəmiyyətə çatdırmaq istədiyi problematikanın, daha dəqiqi müəmmalı hadisələrin real və baş verdiyi şəraitin təqdimi edilməsi ilə əlaqəlidir. Yazıçı Maqira Kojaxmetovanın vurğuladığı kimi “Qazax detektivindən söz düşəndə ilk növbədə, Kemel Tokayevin adı yada düşür” (Asılbekov, 2022; s.72). Müəllifin məhz detektivə xas məxsusi forma və üslubları, ideoloji “təlimatları” təqdim etməsi baxımından məhz ona müraciət edir. Qazax tədqiqatçıları özləri bu məqama biganə qalmamış, qeyd etmişdilər ki, “Detektiv janrı onun təhqiqatının və günahkarların axtarışının incəliklərini təsvir edir” (Жунусова, 2021; s.75).

Yazıçı-jurnalist Ziyaş Toleuova qazax ədəbiyyatında detektivin olmasına münasibətini bildirərək qeyd edir ki,

“Detektiv janr qazax ədəbiyyatında nadir janrdır. ...Dedektiv janr bir neçə əsrdir ki, dünya ədəbiyyatından həkk olunmuş janr olmaqla yanaşı, xarici oxucuları demirəm, oxucularımızı tamamilə özünə cəlb edən janrdır. Bunun əsas səbəbi onun xəttində çağdaş həyat məlumatlarının, həyat səhnələrinin üstünlük təşkil etməsidir və onu digər ədəbi janrlardan fərqləndirən də budur” (Mükajanova, 2018; s.90). Yazıçının oğlu KasımJomart Tokayev atasının bir yazıçı kimi “qazax ədəbiyyatında layiq olduğu yeri tutmasını” vurğulamaqla, detektiv nümunələri yaratması məqamına aydınlıq gətirmiş və qeyd etmişdir ki, “O, bir mənalı olaraq ədəbiyyatımızda (Qazax ədəbiyyatı–S.Ş.) detektiv janrın yaradıcı kimi qəbul edildi” (Tokayev, 2022; s.69).

Maraqlı məqam Kemel Tokayevin detektiv əsərlərinin əsasını kriminal olmayan hadisələrin təşkil edilməsinin tədqiqatçılar tərəfindən vurğulanması bu əsərlərin janrına diqqəti yönəldir:

“Amma kriminal olmayan hadisələr də janrın əsasını təşkil edir. Detektiv əsərləri yeni səviyyəyə qaldıran Kemel Tokayevin bəzi əsərlərində cinayət tərkibi olmaya bilər. Janrın başqa bir xüsusiyyəti də odur ki, hadisənin səbəbləri araşdırılana qədər oxucuya naməlum qalır. Əvəzində oxucu sərbəst şəkildə cinayət araşdırmasının incəliklərini araşdırmaq, öz nəticələrini çıxarmaq və müəlliflə həqiqəti müzakirə etmək imkanı əldə edəcək” (Junusova, 2021; s.75).

Məsələn, Kemel Tokayevin “Damğalı qızıl” əsərinin başlanğıcı oxucunu artıq hadisələrin hansı istiqamətdə inkişaf edəcəyinə yönəldir. Müəllifin əsərdə “...Ay yarım əvvəl Dövlət Təhlükəsizliyi Komitəsinə Lyaşkerov soyadlı bir nəfər zəng vurmuşdu. O, dərhal rəislərdən birinin qəbuluna düşməklə bağlı tələbini bildirdi” (Tokayev, 2022; s.157). Mərkəzi elektrik stansiyasında çilingər işləyən Lyaşkerovun növbətçiyə dedikləri “Bir hadisə baş versə, özünüz günahkar olacaqsınız. Belə hesab eləyəcəyəm ki, vicdanım təmizdi. Daha bu lənətə gəlmiş qızılla əlləşmək istəmirəm” (Tokayev, 2022; s.158) cümlələrindən sonra oxucunun hadisələrin arxasında bir cinayətin durması və ya hər hansı bir cinayət olacağı haqqında təəssürat yaradır.

Dövlət Təhlükəsizlik Komitəsinin podpolkovniki Bessonov və mayor Sergey Yepifanoviç Kirsanovun dialoqunda artıq bəzi şübhələr yaranır. Onlar belə qərarlaşdırırlar ki, “damğalı qızıl çatdırılması nəzərdə tutulmayan adamın əlinə keçib” (Tokayev, 2022; s.167). Hələ cinayətlərin davam edəcəyini və ya çox olacağına müəllif əsərin başlanğıcında müəyyən fikirlərlə işarə etməyə də nail olur. Qızıl külçəni Lyaşkerova təqdim edən ara adamının dediyi “Qriqori sözünün ağasıdı. Vədi iki dəfə vermir. Bunu çatdırmağı xahiş elədi. Tapşırdı, deyim ki, bu keçən buynuzların haqqıdı, həm də daha çox göndərərsiniz” (Tokayev, 2022; s.162). Müəllif cinayətkar əməllərin bir zəncir təşkil etməsinə də aydınlıq gətirir. Qızıl külçəni Lyaşkerova təhvil verən ara adamının dedikləri sözlər buna sübutdur: “...vaxtım çox azdı. Hava işıqlaşanda yola düşməliyəm, o vaxtacan da bəzi yerlərə baş çəkməliyəm” (Tokayev, 2022; s.162).

Kemel Tokayevin “Gecə açılan atəş” əsərinin meşəbəyi Mirzaşın iş başında qətlə yetirilməsinə cəhd edilməsi səhnəsi ilə başlaması artıq baş vermiş cinayəti əks etdirir. Mirzaşın meşənin qaranlığında qaçan insana, daha dəqiqi isə SSRİ sərhədini “açıq-aşkar qəsdən, düşmənçilik məqsədilə” (Tokayev, 2022; s.253) pozmuş insana “– Ey, məndən qorxma! Bura gəl! Mən meşəbəyiyəm!” kimi çağırışına məhəl qoymayan “naməlum cinayətkarın” “dayan! Atəş açacağam!” kimi xəbərdarlığından sonra meşəbəyini qətlə yetirməyə cəhdi incə detallarıyla təqdim edilir: “...atəşin aydın gurultusu eşidildi. Sanki işıq şüası qocanın sinəsinə sancılıb bütün bədənini yandırdı. Meşə titrədi, torpaq ayaqlarının altından qaçdı. Ağaclar fırlana-fırlana yerə yıxılmağa başladılar. Qoca meşəbəyi də ağaclarla birgə yerə sərildi” (Tokayev, 2022; s.252).

Daha sonra oxucu üçün təxmini olaraq, bu cinayətkarın kim olması haqqında təəssürat yaradılır. Müəllif polkovnikin general Baytokova telefonla verdiyi məlumatla buna aydınlıq gətirir: “– Yoldaş general, iyirmi dördüncü məlumat verir. Hava hücumundan müdafiə xidməti SSRİ sərhədini pozan təyyarə aşkar eləyib” (Tokayev, 2022; s.253).

Yazıçının detektiv əsərlərinin yalnız müəllif təxəyyülünün məhsulu olmaması, sənədli fakt və materiallara əsaslanaraq qələmə alınmasının əsərlərində şahidinə çevrilmək mümkündür: “Kemel Tokayev mahiyyətcə sənədli əsaslara əsaslanan detektiv qazax nəsrinin yeni janrını yaratdı. Qələmə aldığı əsərlərin süjetini hardan əldə etməsi barədə tarix susur, lakin yazıçı baş qəhrəmanların davranışlarını, detektivlərin gündəlik həyatlarını və cinayətkarların tutulmasını incə detalları ilə təfərrüatlarına vara bilməsi, sanki oxucu canlı şəkildə dindirmələrdə iştirak edir, əməliyyatçılarla pusquda oturur, təcrübəli casusun izinə düşür” (Mukanova, 2022; s.95).

Kemel Tokayev qələmə almış olduğu detektiv əsərlərini bəzən təsvir etdiyi əməliyyatın adı ilə bağlayır. Əsərdə təsvir etdiyi əməliyyatın adını əsərin başlığına çıxarmaqla, oxucusuna baş verəcək hadisələr haqqında mesaj ötürür. Məsələn, yazıçının qələmə aldığı “Damğalı qızıl” əsərində bunun şahidi oluruq. Kemel Tokayev “Damğalı qızıl” əsərinin adının məhz əməliyyat adı olmasını əsərin sonunda açıqlayır: “Damğalı qızıl” əməliyyatının həyata keçrildiyi müddətdə görülmüş işləri yekunlaşdırmaq, qaçaqmalçılıq və valyuta əməliyyatları haqqında sovet qanunlarının pozulmasının qarşısını almaq sahəsində qazanılmış təcrübədən irəli gələn fikirləri bölüşmək üçün dəvət eləmişəm” (Tokayev, 2022; s.249).

Kemel Tokayev “Gecə açılan atəş” əsərində detektivin xüsusiyyətlərinə bir müəllif kimi aydınlıq gətirməyə cəhd edir. Məsələn, “xüsusi pasta var ki, onun köməyilə sifəti istənilən hala salmaq olur. Qərb detektiv romanlarında bu barədə çox yazırlar” (Tokayev, 2022; s.344).

Kemel Tokayevin bədii əsərlərinin problematikası

Kemel Tokayevin əsərlərinin problematikası rəngarəngliyi və zənginliyi ilə seçilir. Yazıçı cəmiyyətdə şahidi olduğu, dövrü üçün səciyyəvi olan müəyyən həyat hadisələrini obyekt kimi əsərlərinin problematikasına çevirir.

1941-1945-ci illər müharibəsinin iştirakçısı olmuş nasir, dramaturq Kemel Tokayev müharibə mövzusunu əsərlərinin əsas süjet xəttinə və problematikasına çevirməsi də diqqətdən yayınmır. On səkkiz yaşından Stalinqrad döyüşü ilə döyüş yoluna başlamış, tank bölüyündə xidmət etmiş Kemel Tokayevin bədii yaradıcılğında insanlığa, bəşəriyyətə fəlakət gətirən müharibənin fəlakət doğurması açıq-aydın şəkildə əksini tapır. Kemel Tokayev cəmiyyəti düşündürən bir çox aktual problemləri dərk etmiş, biganə qalmamış və münasibətini bildirmiş, zəmanəsində möhtəkirlərlə mübarizə aparılmasını açıqlamışdır. İştirakçısı olduğu müharibə səhnələrini əks etdirən əsərlər yaratmış yazıçı xüsusi xidmət orqanlarının xarici ölkə casusları ilə mübarizə aparmalarına biganə qalmamış, qələmə aldığı əsərlərinin problematikasında təqdim etmişdir. Müharibədən ağır yaralanaraq qayıtmış müəllif xüsusi xidmət orqanlarının əməkdaşlarının fəaliyyətlərini yüksək dəyərləndirmiş, xalqın ağır bir dövründə, yəni müharibə illərində düşmən kəşfiyyatına qarşı fəallıqlarını maraqlı ədəbi priyomlarla əks etdirməyə nail olmuşdur. Əsərlərində təsvir etdiyi hadisələri öz dövrü ilə əlaqələndirən müəllif həm arxa, həm də ön cəbhədə fədakarlıq göstərən insanların mənəvi aləmlərini açıqlayan yüksək bədii dəyərli əsərlər yaradır. Jurnalist Atina Jaketovanın qeyd etdiyi kimi, “...Kemel Tokayev qazax detektivinin formalaşmasına böyük töhfələr verib.... Yazıçının əsərlərinə həqiqət və ədalət kimi xüsusiyyətlər xasdır” (Tokayev, 2022; s.72).

Kemel Tokayev ictimai həyatda baş verən dəyişiklikləri, xalqının keçdiyi keşməkeşli tarixi yolu, Çindən qayıdan qazax və uyğurların Qazaxıstana qayıtması məqamına toxunması, qısa şəkildə xalqın öz yaşadıqları, məskun olduqları məkanlardan köç etmələrinə toxunması əsas və yardımçı mövzular vasitəsilə əksini tapır. Müəllifin təqdim etdiyi yardımçı mövzular əsas mövzunun başa düşülməsinə şərait yaradır. Qələmə aldığı əsərlərdə bir neçə hadisəni nəql edən müəllif bununla siyasi proseslərə oxucunun diqqətini yönəltməyə nail olur: “...Bu günlərdə Çindən bir neçə yüz ailə öz vətəninə qayıdıb. Əsasən, qazaxlar və uyğurlardır. Ev müxəlləfatlarını, mal-qaralarını da gətiriblər” (Tokayev, 2022; s.170)

“Damğalı qızıl” əsərində Sovetlər yaranan vaxtı vətənlərini tərk etmiş insanların Sovetlərə qarşı mübarizə aparmaları siyasi diversiya hesab edilirdi ki, müəllif bu məqama da münasibət bildirir. Əsərin qəhrəmanlarından olan, Sintszyana, yəni Çinin bir əyalətinə qaçmış Qazarx Qriqori Matveyeviçin əməlləri məhz sovetlərə qarşı bəd əməl olması kimi dəyərləndirilir. Novyaginin konkret olaraq Sovetlərə qarşı mübarizə aparması vurğulanır: “...bizdən uzaqlarda da Sovet dövlətinə qarşı mübarizəni davam etdirirdiniz!” (Tokayev, 2022; s.231)

“Damğalı qızıl” əsərinin problematikasında sistem işçilərinin fəaliyyətinə incəliklə nəzər salınır. Onların ustalıqla öz peşə vəzifələrini yerinə yetirmələri də açıqlanır. Kemel Tokayev qələmə aldığı obrazların dili ilə bu məqamlara işıq salır. Məsələn, podpolkovnik Bessonovun dili ilə onun və həmkarlarının öz işlərində peşəkar olmaları əsərin əsas süjet xəttinə çevrilir və bu məqama aydınlıq gətirilir: “...Qızıl külçəsinin ölkəmizə hansı yolla gəlib çıxdığının yeganə cavabı ola bilər: qaçaqmalçılıq yolu ilə. Bu cür hərəkətlər iqtisadiyyatımıza qarşı valyuta pozuculuğu kimi qiymətləndirilir” (Tokayev, 2022; s.173)

Qeyd etmək lazımdır ki, Kasım-Jomart Tokayev atası Kemel Tokayevin bədii yaradıcılığının problematikasının cəmiyyətin və dövlətin maraqlarına uyğun olmasını göstərmişdir: “Kemel Tokayev mülkiyyətçilik psixologiyasından tamam-kamal məhrum idi, daim cəmiyyətin və dövlətin maraqlarını hər şeydən uca tuturdu”. Kemel Tokayev qələmə aldığı əsərlərdə oxucularını çox da intizarda saxlamağı sevmir. Müəyyən zamandan sonra əsərin baş qəhrəmanın nə istəməsini açıqlayır, bəzən də incəliklərinə varır. Məsələn, “Gecə açılan atəş” əsərində Çernonosovun və ya Aşrapovun nə məqsəd güdməsini açıqlayır: “Poliqonda təlim vardı. Səhər obaşdan rayon üzərində uçan təyyarələr bir daha geri dönmürdü.

Təyyarələr hara enir? Yaxınlıqda aerodrom var, ya yox? Varsa, rayon mərkəzindən oradək neçə kilometrdi? Burada təyyarə nə məqsədlə saxlanır? Bu suallar son üç gündə Çernonosovu narahat eləyirdi, cavab tapmaq naminə də çox şeydən keçərdi, Məlumatları tamamlayıb dəqiqləşdirmək üçün, gümanına görə, “Kolbastau” kolxozu yaxınlığında yerləşən poliqona mümkün qədər yaxın olmalıydı. Amma ora getməyə hansı səbəb tapa bilərdi? Səbəb, bəhanə yox idi” (Tokayev, 2022; s.369)

Xalq yaddaşına hopmuş inanclar Kemel Tokayev tərəfindən əsərlərinin problematikasında yer almaqdadır. Belə ki, müəllif öz ideyalarını təbliğ etmək üçün inanclara yer ayırır. Məsələn, “Gecə açılan atəş” əsərində “aulda müsəlman uşaqlarına savad və şəriət öyrədən molla Koseybay”ın (Tokayev, 2022; s.270) yaşadığı Pərisokkan yerinin xalq tərəfindən sevilmədiyi yer kimi açıqlanmasını müşahidə edirik. Müəllif bu məkanı incəliklə təsvir edir: “Eşki-Ulmesə gedən yolun bir tərəfi yarğan, digər tərəfisə keçilməz qalın meşəlikdi. Bu yerlər Pərisokkan adlanır. Buralarda gündüzlər nadir hallarda adamla rastlaşmaq olar, axşam düşəndəsə adı nəhs çıxmış məkanda bir canlıya belə rast gəlmək mümkün deyil” (Tokayev, 2022; s.270). Müəllif “...qorxulu yeri Pərisokkan – lənətlənmiş yer” (Tokayev, 2022; s.271) adlandırılmasının səbəblərini açıqlamasa da məhz molla Koseybayın, onun oğlu Kimasın üzləşdiyi fəlakətlərlə əlaqələndirməsi maraq doğurur. Bircə oğlu Kimasın müvəqqəti keçirdiyi xəstəliyin səbəbkarı mollanın əməllərini “Allahı da aldadan yalançıymış” kimi dəyərləndirilməsi də diqqətdən yayınmır.

“Gecə açılan atəş” əsərində Kemel Tokayevin xalq inancına tez-tez müraciət edir. Yazıçının Jolbars ata haqqında xalq yaddaşında yaşayan çoxsaylı əfsanələrdən birini nəql etməsi xalqın folklor yaddaşının zənginliyini əks etdirir. Kemel Tokayev əsərdə cəlayirlər üçün müqəddəs şəxs olan Jolbars atanın uyuduğu türbəni, onunla bağlı olan əfsanələri sadalamaqla xalq yaddaşında yaşadığını da göstərir. Jolbars ata “ölüm ərəfəsində xalqına deyib ki, nəşini qara dəvənin belinə qoyub başını buraxsınlar, özləri də qara nərin dayandığı yerdə yurd salsınlar. Öz qurtuluşlarını həmin yerdə tapacaqlar” (Tokayev, 2022; s.344). Müəllif “müqəddəs Jolbars sonsuzlara övlad, oğul istəyənə oğul, qız istəyənə qız verib” deyərək onun fövqəladə bir şəxs olmasına işarə edir. Yazıçı bu müqəddəs şəxsin qəbri üzərində insanların uzun müddət türbə ucaltmamalarını insanların kökünə, soyuna biganəliyi kimi əlaqələndirə bilməsi nəzərdən qaçmır. Jolbars atanın xeyirxah əməllərinin insanlar tərəfindən düzgün dəyərləndirilməməsi dövrün ideologiyasından doğan amil kimi qabardılır: “adamlar bunu onun borcu sayır, şeyxin qəbri üstündə türbə ucaltmağa tənbəllik eləyir. Savadlı varislərindən biri həmin türbəni ucaldanacan heç yadlarına belə salmadılar” (Tokayev, 2022; s.344).

Kemel Tokayev qələmə aldığı əsərlərində atalar sözləri və məsəllərə də müraciət edir. Məsələn, “Gecə açılan atəş” əsərində istifadə edilən qazax atalar sözləri diqqəti cəlb edir: “Eh, qazaxlar əbəs yerə demirlər ki, qoca buğanın gözlərində həmişə şəhvət olur...” (Tokayev, 2022; s.350), “el arasında bir məsəl var, qocalanda arvadın ölməsin, yarıyolda atın gəbərməsin” (Tokayev, 2022; s.354) və s.

Akademik Nizami Cəfərov yazıçı Kemel Tokayevin bədii yaradıcılığında Qazaxıstanın etnoqrafik mənzərələrinin yer almasını vurğulayır:

“Hadisələr olduqca maraqlı, eyni zamanda son dərəcə təbii yolla cərəyan edir. Və bu təbiiliyi təmin edən ədəbi priyomlardan ən mühümü, heç şübhəsiz, Qazaxıstanın etnoqrafik mənzərələrinin zəngin, çoxçalarlı fon olaraq böyük məharətlə təqdim edilməsidir. Oxucu, bir tərəfdən, təcrübəli düşmən kəşfiyyatçısını onun qarşısına qoyulmuş vəzifələri yerinə yetirmək üçün nələrdən keçəcəyini, hansı macəraların iştirakçısı olacağını, nə zaman ələ keçəcəyini (əlbəttə, bu sonuncu – sosializm realizminin yazıçıdan tələb etdiyi əsas nəticə idi) səbirsizliklə izləyir, digər tərəfdən isə, qazax həyatının, qazaxların, eləcə də az və ya çox dərəcədə qazaxlaşmış başqa xalqların nümayəndələrinin məişətinin koloritli təsvirindən zövq alır” (Cəfərov, 2023).

Kemel Tokayevin bədii obrazları və peyzaj təsvirinin xüsusiyyətləri

Qazax ziyalısı kimi Kemel Tokayev bədii yaradıcılığında təsvir etdiyi həyat hadisələrini obrazlar vasitəsilə ifadə edir. Yazıçı bədii təfəkküründə yer almış  ideyalarının təzahür etməsi üçün dövrün aktual obrazlarına müraciət edir. Kemel Tokayev milli ədəbiyyatda xalqın taleyində rol oynayan tarixi hadisələr və zamanın axarına uyğun olaraq orijinallığı ilə fərqlənməyə qadir obrazlar yaratmağa nail olmuş, qazax xalqının həyatının əsas məqamlarını əsərlərinin tematik mənası ilə işıqlandırmışdır. “Yazıçının əsərlərində cinayət xronikası, onun açılması prosesi, cinayətkarın ifşası təsvir olunur” (Junusova, 2021; s.75).

Yazıçının əsərlərində özünün də kamil obrazını yarada bilməsi amili tədqiqatçılar tərəfindən vurğulanır: “...yazıçı əsərlərində dəhşətli müharibə yolu keçmiş, bütün dəhşətləri öz gözləri ilə görmüş maraqlı bir şəxsiyyət obrazını formalaşdırmışdır. Uşaqlıq və yeniyetməlik illərində çoxlu çətinliklər yaşamış K.Tokayev insanlığını, həyata sevgisini itirməmişdir” (Şakiev, 2022; s.118). Kasım –Jomart Tokayev bir övlad kimi atasının yaratdığı obrazların ona bənzər olmasını xatırlatması diqqətləri yazıçının yaratdığı obrazlara yönəldir: “əsərlərinin müsbət qəhrəmanları bir çox cəhətlərinə görə atama oxşayırlar, təmkinli, xeyirxah, xasiyyətcə sakit, insanlara münasibətdə səxavətli və comərddirlər” (Tokayev, 2022; s.93).

Həmkarları tərəfindən “məhsuldar” yazıçı hesab edilən Kemel Tokayevin məhdud və geniş mənada təqdim etdiyi obrazlar müxtəlif dünyagörüşünə, fərqli xüsusiyyətlərə malik olmalarına rəğmən, müəllifin mütərəqqi ideyalarının çatdırılmasına xidmət edir: “Sirr deyil ki, yazıçının əsərlərini tədqiq etdikdə Kemel Tokayevin çoxlarının fərqinə varmadığı, diqqət yetirmədiyi xarakter cizgiləri üzə çıxır ki, bu obraz yeni əsərlərlə kəşismə təəssüratı yaranır” (Şakiev, 2022; s.119).

“...Müxtəlif taleli, bir-birindən fərqlənən obrazlar” (Tokayev, 2022; s.94) yaratmış Kemel Tokayev təqdim etdiyi obrazların daxili, mənəvi aləmlərini sadəcə bir cümlə ilə də açmağa qadir olur. Məsələn, “Gecə açılan atəş” əsərindəki Osman Yakupovun mənəvi aləmi mayor Bugenbayevin fikri ilə açıqlanır: “Qorxaq adam intihar eləməz” (Tokayev, 2022; s.260). Yakupovun qorxaq olması qabardılır. Müəllif təqdim etdiyi bu kimi obrazlarla şəxsi mənafeyini üstün tutan, müəllifin təbliğ etdiyi mütərəqqi ideyaları qəbul edə bilməyən obrazları canlandırmaqla, cəmiyyətin mənfi tipli insanlardan xali olmadığını əks etdirir. Mənfi surətləri təqdim edən yazıçı buna rəğmən xalq mənafeyini öz şəxsi mənafelərindən üstün tutan, müəllifin təbliğ etdiyi mütərəqqi fikirləri həyata keçirən müsbət, əsas obrazların Kemel Tokayev tərəfindən qələmə alınması və həmin obrazlara inanması tədqiqatçıların nəzərindən qaçmamışdır: “O, qeyri-insani və cinayətkarları ifşa edən personajlarına inanırdı” (Mukanova, 2022; s.95). Kemel Tokayevin “Damğalı qızıl” əsərindəki Dövlət Təhlükəsizlik Komitəsinin baş leytenantı Şaydos Kanısbayeviç Kanısbayev, Nikolay Petroviç Novyagin, Kalaubay Nukanoviç Nukanov və digər çekistlərin obrazları bu baxımdan maraq doğurur. Kemel Tokayev bir yazıçı kimi “...sovet detektiv ədəbiyyatına xas olan hüquq-mühafizə sistemi ilə əlaqədar stereotiplərdən uzaqlaşa bilmişdi. O, öz obrazlarını başları üzərində qəhrəmanlıq haləsi olmayan adi zəhmət adamları kimi təsvir edib” (Tokayev, 2022; s.91).

Tədqiqatlarda detektiv romanlarında obrazların tədqiqi zamanı üç tip xarakterik xüsusiyyətə malik olması vurğulanmaqdadır. Məsələn, cinayət tərkibli amerikan detektiv romanlarında üç tip xarakterik obrazların olması məqamına belə aydınlıq gətirilir ki, “...birinci tip obrazlara ənənəyə sadiq, fərdi motivləri güclü inkişaf etmiş və davranış qaydalarına əməl edən təşəbbüskar və mübarizəyə hazır xarakterlər aiddir. İkinci tip obrazlar xaricdən və kənar qüvvələr tərəfindən idarə olunan bürokratik dövlət aparatının, hərb və polis maşınının, biznes və pulun köləsi olan və hər cür yeniliyi və cinayəti dərhal qəbul edən xarakterlərdir. Nəhayət, üçüncü tipə aid olanlar cəmiyyət içində azmış, özlərini itirmiş, mübarizə gücündən məhrum olan bədbin xarakterlərdir ki, onlar da yeri gələndə ağlasığmaz cinayətlər törədir, imkan düşən kimi əqidəsini, mənəviyyatını satanlardır” (Məmmədova, 2021; s.2125). Kemel Tokayevin detektiv əsərlərində qeyd olunan xarakterik xüsusiyyətlərə malik obrazların olması özünü göstərməkdədir. Məsələn, yazıçının “Damğalı qızıl” əsərindəki podpolkovnik Leonid Leontyeviç Bessonovun obrazının təqdimatı maraq kəsb etməkdədir. Podpolkovnik Bessonovun Kirsanova dediklərində əsərdə cinayət elementlərinin olmasını əks etdirir: “Sergey Yepifanoviç, bir-biriylə düz gəlməyən mətləblər var. Axşam Lyaşkerovun yanına bir adam gəlir, qızıl külçəsi verir ki, al, kefin istəyən kimi yaşa. Bir sual belə vermir, hətta, necə deyərlər, kimilə danışdığını belə soruşmur... Lyaşkerov da onunla cəmi bir neçə dəqiqə söhbət eləyib qızılı alır, sifətinisə yadında saxlaya bilmir.” (Tokayev, 2022; s.166) “Damğalı qızıl” əsərində İranın Şahpur şəhərindən olan Yakov Daniloviç Taub, Samat Bakıyev, Jarkənd sakini, milliyyətcə qazax Kojaniyaz Japarov, Çindən gəlmiş Mixail Fyodoroviç Aqapov, Kuljada (Çin) işləyən geoloji dəstənin sürücüsü İvan Markelov, Sintszyandan gəlmiş Qriqori Matveyeviç Qazarx və ya Qureyev kimi obrazlar əsərdə cinayət törədəcək məxluqlar kimi təqdim edilir.

Kemel Tokayevin qələmə aldığı obrazlardan biri də vətənini xoş güzəran üçün tərk edən vətəndaşların obrazıdır. Kemel Tokayevin yaşadığı dövrdə sosialist ideologiyasının hakim olduğu bir cəmiyyətdə də vətəni, doğma eli, obanı yaxşı yaşamaq arzusu, çox pul qazanmaq istəyi ilə tərk edilməsi təqdir edilmirdi. Bu baxımdan, müəllifin yaratdığı belə obrazlardan biri də “Damğalı qızıl” əsərindəki Zaurum Şarfın obrazı qabarıq şəkildə özünü büruzə verir. Müəllif Şarfın Qərb xoşbəxtliyinə can atması yolunda arvadını, oğlunu vətəndə qoyub getməsinin təsvirində yalnız onun Vətəninə deyil, ailə dəyərlərinə, doğmalarına dönük çıxmasını əks etdirir: “Arvadı onunla getməkdən boyun qaçırdı, oğluyla birgə vətənində qaldı. Qadının qərarı Zaurumu kədərləndirmədi, oğlanı yalnız onun, “bilikli, istedadlı mühəndisi”n xaricə üz tutmasına izin verilməyəcəyi narahat eləyirdi” (Tokayev, 2022; s.210).

Kemel Tokayev ailə dəyərlərini, ona doğma olan insanları satmağa qadir olan obrazlar da yaratmışdır. Yazıçı “Damğalı qızıl” əsərində Boris Qazarxın pula, var-dövlətə görə ona əziz olan, ona inanan insanlara xəyanət etməsi məqamını göz önündə canlandırır. Boris Qazarxın doğma bacısı Krista Qazarxın etimadından sui istifadə edərək ona olunan əmanətə xəyanət etməsi doğma insanlara olan xəyanəti əks etdirir. Novyaginin “Ona inanmaq olmaz. Qızıl xətrinə doğma qardaş-bacısından belə imtina eləməyə hazırdı” (Tokayev, 2022; s.238) kimi cümlələri məhz belə insanların ümumiləşdirilmiş obrazı kimi özünü Boris Qazarxın simasında əks etdirir. Kasım-Jomart Tokayevin qeyd etdiyi kimi yazıçı Kemel Tokayevin “...qələmindən çıxmış əsərlərdə baş qəhrəmanlar sanki gerçək həyatdan doğulublar, kütləvi oxucular həmin qəhrəmanları tanıyır, başa düşürlər. Yazıçı onları ola biləcəkləri, hamının tanıdığı insanlar kimi, “bəzəksiz-düzəksiz”, izafı pafossuz təsvir etməyə çalışırdı” (Tokayev, 2022; s.91).

Kemel Tokayev qələmə aldığı əsərlərdə qəhrəmanlarının portertlərini də yaradır. Məsələn, “Damğalı qızıl” əsərində Kanay Lyaşkerovun portretini təqdim edən müəllif onun xarici görünüşünü sözlə ifadə edir: “...Boz gözləri, açıq rəngli sifəti, sallaq bığları vardı, yaşıl drap parçadan tikilmiş, qaragül yaxalıqlı palto geyinmişdi. Əlindəki eyni boz qaragül dərisindən olan papağı əzişdirirdi. Ayaqlarındakı xrom çəkmələr təzə idi” (Tokayev, 2022; s.158). Müəllif Kanay Lyaşkerovun üz cizgilərini, geyimini, xarici görünüşünü oxucusunun gözü önündə canlandırır.

Kemel Tokayev epizodik obrazların bədii portretini təqdim etməkdə xəsislik etmir. Yazıçının “Damğalı qızıl” əsərindəki Tursun əkənin portreti bu silsilədəndir. Tursun əkə əsərdə “...arıq, ucaboy, rəngi qapqara yanmış, əynində beli ağ qurşaqla çəkilmiş gözəl xalatı olan bir qoca” (Tokayev, 2022; s.178) kimi təqdim edilir.

Yazıçı “Gecə açılan atəş” əsərində də portret yaratmağa cəhd edir. Məsələn, sərhədi pozmuş təxribatçı tərəfindən ağır yaralanmış meşəbəyi onu tapan leytenant Baxıtjan Altayevin düşüncələri ilə təqdim edilir: “Altayev əyildi. Yerdəki arğaz, qaraşın dərili, saqqallı qoca kişi idi, sinəsi qana batmışdı” (Tokayev, 2022; s.255).

“Gecə açılan atəş” əsərində sərhədi pozmuş, meşəbəyinin həyatına qəsd etməyə cəhd etmiş təxribatçının, Osman Yakupovun portretinin təqdimi də diqqətdən yayınmır: “Bu izi qoyan adam qırx iki ölçülü ayaqqabı geyinir. Çəkisi təxminən yetmiş beş-yetmiş səkkiz kiloqramdı. Orta boyludu, yaşı qırxdan çox olmaz. Addımları sərrastdı” (Tokayev, 2022; s.256). Osman Yakupov həbs ediləndə də onun portreti qısa şəkildə oxucuya təqdim edilir: “Yakupov otağın küncündəki kətildə əyləşmişdi. Daz qırxdırdığı başının tükləri yenicə çıxmağa başlamışdı. Arabir burnunu çəkə-çəkə dırnaqlarını çeynəyirdi” (Tokayev, 2022; s.257). Kemel Tokayev Osman Yakupovun sözlə obrazını çəkərək, bu obrazın xarakterinin açılmasına müəyyən mənada yardım edir. Əsərdə özünü Arkadi Antonoviç Svintsov kimi təqdim edən Çernonosovun portreti məhz caninin süni göldə boğaraq qətlə yetirdiyi Zinaida Ryabovanın anası Ryabova Taisiya Kamenovun sözləri ilə də təqdim edilir: “...Saçı pırpız dururdu, özü sağlam, enlikürək idi, gözlərisə çuxura düşmüşdü, qoca gözlərinə oxşayırdı” (Tokayev, 2022; s.321). Kemel Tokayev qələmə aldığı obrazların xarici görünüşlərini təsvir etməklə onların daxili aləmlərini, eybəcərliklərini göstərə bilir.

“Qazax ədəbiyyatında yeni “kriminal” istiqamətin banisi” (Tokayev, 2022; s.90) hesab edilən Kemel Tokayev qələmə aldığı əsərlərin kompozisiyasında təbiət təsvirinə, peyzaja geniş yer verməkdədir. Onun həm tarixi, həm də detektiv əsərlərində peyzajın geniş və hərtərəfli təqdim edilməsinin şahidinə çevrilirik. Məsələn, ədibin “Damğalı qızıl” əsərində peyzajın təqdim edilməsinə diqqət yetirək: “Gecə yağan yağış asfaltın toz-torpağını yuyub aparmışdı. Aprel ayının səhər Günəşi saf, təzə-tər görkəmiylə bərq vururdu. Parlaq Günəş şüaları adamın gözlərini qamaşdırırdı. Nəhəng qovaqların yenicə cücərmiş yarpaqları evlərin divarlarını zərif yaşıl rəngə boyamışdı” (Tokayev, 2022; s.157).

Yazarın peyzaj təsvirinə geniş yer verməsi əsərin kompozisiyasına xələl gətirmir, əksinə əsərdə həyat hadisələrinin bir-birilə əlaqəli, sistemli şəkildə təqdim edilməsinə xidmət edir. Yazıçının “Gecə açılan atəş” əsərinin elə ilk cümlələrini peyzajın təsviri ilə təqdim edilməsi, əsərdə təsvir ediləcək həyat hadisələrinin ədəbiyyatın daxili qaydalarına uyğun şəkildə əlaqələndirilərək təqdim edilməsi diqqətdən yayınmır: “Qısamüddətli, xəyalı xatırladan, kövrək işıq donub qalmış meşəni bir anlığa nurlandırdı, sonra ağaclar yenə zülmətin qoynunda yoxa çıxdı. Yağış ağı deyirdi...” (Tokayev, 2022; s.251) Və ya “Günəş çıxmışdı, yağışın təravət gətirdiyi meşə aydın, parlaq rəngləriylə bərq vururdu. İlıq səhər mehi yarpaqları tərpədirdi. Sanki otlar daha qalın, daha şirəli olmuşdu” (Tokayev, 2022; s.254).

Maraqlı məqam isə müəllif tərəfindən baş vermiş hadisələrin peyzaj vasitəsilə açıqlanmasıdır. Müəllif məhz hadisələrin gedişatını peyzajla açıqlamağa və ya da hər hansı bir təəssürat yaratmağa qadir olur. Məsələn, yazıçı “Gecə açılan atəş” əsərində “Sovet İttifaqının sərhədlərini pozan naməlum təyyarə”nin marşurutunu belə təqdim edir: “...düşmən ucsuz-bucaqsız, qalın meşənin uzanıb getdiyi məhz bu sahəni düşünülübdaşınılmış şəkildə seçib. Tamamilə keçilməz yerlər – qalın kolluq basmış sıldırımlar, yarğanlar var” (Tokayev, 2022; s.254).

Kemel Tokayevin peyzajın təsvirinə tez-tez müraciət etməsi “Sirli iz” əsərində də diqqəti cəlb edir. Peyzajdan istifadə edən müəllif bununla əsərin kompozisiyasına və mövzusuna ağırlıq gətirmir, əksinə əsərin maraqlı, oxunaqlı olmasına imkan yarada bildiyi kimi, hadisələrin sonrakı inkişafına da təsir edir. Məsələn, əsərdən peyzajın təqdim edilməsini əks etdirən bir epizoda diqqət yetirək: “Hava aydın, sakit, mülayim idi. Günəş meşənin üzərində bərq vururdu, yaraşıqlı şam ağaclarının zirvələri qızılı rəngə boyanmışdı. Burda müharibəni xatırladan heç nə gözə dəymirdi. Hətta ağac budaqlarıyla örtülmüş səngərlər, blindajlar belə, meşənin təbii görkəminə xələl gətirmirdi” (Tokayev, 2022; s.391).

Kemel Tokayevin əsərlərinin bədii dilində danışıq şəkillərinə müraciət etməsinin xüsusiyyətləri

Kemel Tokayev həyat hadisələrini və onun haqqında olan düşüncələrini, obrazların daxili və mənəvi aləmini açıqlamaq üçün müxtəlif təhkiyə üsullarından, müxtəlif danışıq şəkillərindən, bədii ifadə və təsvir vasitələrindən sənətkarlıqla yarada bilir. Əsərdəki hadisələr hadisəni danışanın şahidliyi və yaxud da rəvayət şəklində təqdim edilir. Kemel Tokayev detektiv əsərlərində insanların mənəvi aləmlərini, cinayətlərin baş vermələrini və s. məqamları obrazların danışığı ilə canlandırmağa nail olur. Obrazların danışığını dialoq və monoloq kimi iki şəkildə həyata keçirir. İki və ya daha artıq insan arasında baş verən dialoqla, həm də obrazların öz-özünə danışıqları ilə təqdim etdiyi hadisələrə aydınlıq gətirir, qaranlıq məqamları işıqlandırır. Məsələn, “Gecə açılan atəş” əsərində ölkə sərhədlərini pozmuş təxribatçının kimliyinin müəyyənləşdirilməsi epizodunda təxribat törətmiş Osman Yakupov və mayor Bugenbayev arasındakı dialoqda cinayətkarın əsil kimliyinə aydınlıq gətirilir: “...– Bugenbayev qışqırdı. – Oturun! – Mayor artıq sajit tərzdə dilləndi. – Əsl soyadınız nədi?

Yakupov.
Mən əsl soyadınızı soruşuram.

Dustaq başını aşağı salıb astadan dilləndi:

Nahatxanov... Möhtəkirlər özləri çirkli işlərlə məşğul olurlar, mənəsə Qara İşbaz ləqəbi veriblər. Bu, ədalətsizlikdi.
Deməli, xarici kəşfiyyat sizi ələ alıb?
Bəli” (Tokayev, 2022; s.261).

Kemel Tokayev dialoqda bir çox qaranlıq məqamlara aydınlıq gətirməyə nail olur. Yakupovun əsil soyadının Nahatxanov olması, xarici kəşfiyyata xidmət etməsi kimi məqamlar açıqlanır. Bu da ki, əsərdəki hadisələrin inkişafına təsir göstərir. Kemel Tokayev “Damğalı qızıl” əsərində də dialoq vasitəsilə cinayətkarın əsil soyadını aydınlaşdırmasını göstərir: “Novyagin yenə soruşdu:

Yenə də əsl soyadınız necədi?
Soyadım... – Qureyev əyri-əyri güldü. – Bir buna bax! Hətta dilə gətirmək belə çətindi, heç öyrənməmişəm. Sanki yad adama məxsusdu.
Suala cavab verin!
Qazarx! Qa-zarx Qriqori Matveyeviç” (Tokayev, 2022; s.229).

Kemel Tokayevin təqdim etdiyi dialoqlar vasitəsi ilə baş verən hadisələrin qaranlıq məqamlarına işıq salması diqqətdən yayınmır. Bununla yanaşı yazıçı detektiv əsərlərindəki hadisələrin mahiyyətinə varmağa nail olur. Əsərlərin süjetindəki maraqlı və sirrli məqamları da dialoqlar vasitəsi ilə açıqlayır. Məsələn, “Gecə açılan atəş” əsərində sərhədin pozulmasına, təxribatçıların hansı amal üçün bu təxribatı törətmələrinə məhz dialoqlar vasitəsi ilə aydınlıq gətirilməsi diqqəti cəlb edir. Əsərdə dövlət sərhədini pozmuş təxribatçılardan birinin bu cinayəti niyə törətməsi təxribatçı Skotnikpv (və ya Çernonosov) və kəşfiyyat məktəbinin şefi arasındakı dialoqda açıqlanır: “Çernonosovdan gözlərini çəkməyən şef dilləndi:

Hə, nə gördünüz?
Dərhal yanan təyyarələr gözə dəyir.
Onları nəylə vurublar?
Görünür mərmiylə, amma...
Çox diqqətlisiniz, yoldaş Skotnikov. Bu, məni sevindirir. Şəkillərə inansaq, doğrudu. Həmin silahın sirrini bilmirik, amma nəyin bahasına olur-olsun, öyrənməliyik.
Sizi başa düşdüm, cənab polkovnik.
Peyk məlumatlarına əsasən, koordinatlarını hesablayanda Qazaxıstan adlanan diyarda yerləşdiyi məlum oldu. Təxminən, bax, burda, – polkovnik xəritədə N. şəhərinin ətrafını göstərdi...” (Tokayev, 2022; s.290) Skotnikovla (və ya Çernonosov) kəşfiyyat məktəbinin şefi arasındakı dialoqda baş verən hadisələrin mahiyyətinə varılır, məhz xarici kəşfiyyatın onlara məlum olmayan soyuq silahın sirrlərini ələ keçirmək niyyətində olmaları açıqlanır.

Kemel Tokayev “Sirli iz” əsərində mayor Rodionov və sanitar köməkçisi Belovanı hissəyə gətirmiş yük maşınının sürücüsü arasındakı dialoqda mayorun Belovadan şübhələnməsinin əsassız olmadığını əks etdirir: “...Rodionov sürücüyə tamamilə başqa sual verdi.

Sanitar təlimatçısı Belovanı maşına harda mindirdiniz?
Yoldaş mayor, o qızla aramda heç nə baş verməyib. – sürücü utandı. – Dərənin yanında, yolda dayanmışdı, götürməyi xahiş elədi, mən də mindirdim” (Tokayev, 2022; s.402).

Kemel Tokayev əsərdə daxili monoloqlarla əsərinin problematikasına aydınlıq gətirməyə cəhd edir. Buna da müvəffəq olur. Yazıçı “Sirli iz” əsərində əks-kəşfiyyat şöbəsinin əməkdaşı mayor Viktor Leonidoviç Rodionovun daxili monoloqu ilə baş verən hadisələrin mahiyyətinə diqqət yönəldir: “Rodionov Malyarı dinləyir, qəlbində ona qarşı inamsızlıq hissi get-gedə artırdı. Malyar qardaşını nəyə görə öz yanında saxlayırdı? Leytenant o nəhs gecədə onu niyə qərargahın yanındakı ən vacib posta göndərmişdi? Bəlkə, bütün bunlar qəsd, nəzərdə tutulan cinayəti ört-basdır eləmək məqsədi güdürdü” (Tokayev, 2022; s.390).

Maraqlı məqam, Kemel Tokayevin suallara müraciət etməsidir. Onun qələmə aldığı əsərlərində istər bədii suallar, istərsə də qrammatik suallar müəllifin, həmçinin də təqdim edilən obrazların fikirlərini açmağa, süjet xəttində özünü büruzə verən qarmaqarışıqlığa və problematikada qaranlıq qalan məqamlara aydınlıq gətirir. Məsələn, “Sirli iz” əsərində müəllifin suallardan istifadə etmə məqamına diqqət yetirdikdə, baş verən cinayətin törədilməsi haqqında oxucuda təsəvvür yaratmağa, cinayətkarın kim olması haqqında fərziyyələr irəli sürməyə imkan yaradır: “....düşmən hardasa, yaxın bir yerdə, qərargahın ətrafında, bəlkə, elə lap özündədi. O, hansı ad altında gizlənir? Süleymanovun da qərargaha gələcəyindən necə xəbər tutmuşdu? Süleymanovdan məxfi məlumat olduğunu bilirdisə, o məlumatları əvvəllər ələ keçirməyə niyə cəhd göstərməmişdi?” (Tokayev, 2022; s.400). Kemel Tokayevin əsərdə istifadə etdiyi bədii ifadə vasitəsi olan bədii suallar, həmçinin sual cümlələri diqqəti cəlb edir. Müəllif əsərdə istifadə etdiyi sualları cavablandırmır, beləliklə də özündən asılı olmayaraq, ritorik sualdan istifadə edir. Kemel Tokayev cavabsız qalan sualları ilə oxucunu düşünməyə vadar edir. “Sirli iz” əsərində mayor Rodionovun cinayət işi üçün sanitar təlimatçısı Belovadan şübhələnməsi suallar vasitəsilə təqdim edilir: “...nəyə görə sanitar maşınında yox, yük maşınında gəlmişdi? Nəyə görə məhz həmin məqamda qərargahın yaxınlığında peyda olmuşdu?” (Tokayev, 2022; s.401).

Müəllifin istər ritorik, istərsə də qrammatik suallardan məharətlə istifadə etməsi diqqətdən yayınmır. Bu müəllifin ana dilimizə tərcümə edilmiş əsərlərində də özünü qoruyur. Məsələn, “Sirli iz” əsərində ələ keçirilən Qış Qaranquşu ləqəbli cəsus Leyin istintaq zamanı ünvanladığı “Cənab mayor! Siz zəmanətlə bağlı bir söz demədiniz. Əfv olunmağa ümid bəsləyə bilərəm” kimi sualına mayor Rodionovun “...Qanun qarşısında cavab verməyə hazırlaşın” kimi cavablandırması, Leyin ünvanladığı sualın əsərdə ritorik sual olmadığını göstərir. Mayor Rodionovun lakonik cavabı ilə doğma torpaqlara, onun azadlığı və suverenliyinə xələl gətirənlərin qanundan yayına bilmədiklərini və layiqli cəzalarını almalarını əks etdirir.

Sonuç

Kemel Tokaeviç Tokayev Qazax ədəbiyyatında detektiv ədəbiyyatına yol açan yazıçıdır. Ədib XX əsrin ziddiyyət dolu gerçəkliklərini və cəmiyyətdə özünü göstərən aktual problemlərin müasirlik keyfiyyətləri fonunda çıxış yollarının axtarışlarını əks etdirən yazar, publisist, jurnalst kimi ad qazanmışdır. Böyük Vətən Müharibəsinin veteranı Kemel Tokayevin qələmə aldığı əsərlərdə ənənələrin qorunub saxlanması və milli irsə diqqətli münasibət özünü göstərməkdədir. “Qazax ədəbiyyatında detektiv janrın banisi adlandırılması ilə fəxr” (Tokayev, 2022; s.85) edən yazıçı, dramaturq Kemel Tokayev gələcək nəslə örnək olan əsərləri ilə Qazax ədəbiyyatı tarixində özünəməxsus imza atır. Müəllifi olduğu publisistik və bədii yaradıcılığı Kemel Tokayevin şəxsiyyətinin açıqlanmasına, yaradıcılığı ilə yaxından tanış olmağa şərait yardır. “Kemel Tokayevin əsərləri onun xasiyyətinin özünəməxsus əksidir” (Tokayev, 2022; s.101). Əsərləri bir ədəbi tarixi şəxs kimi keçdiyi həyat yolu ilə yanaşı xalqının tarixi roluna da işıq salır. Kemel Tokayevin yaradıcılığı və milli ədəbiyyatın inkişafında mühüm xidmətləri qazax xalqının ziddiyyətlərlə dolu keşməkeşli tarixinin, mədəniyyətinin öyrənilməsi sahəsində bir mənbədir.

Kaynaklar | References

Abdullayev, Ç. (2022). Müqəddəs borc. Tokayev K. Gecə açılan atəş. Povestlər. Bakı, “Qanun” nəşriyyatı.

Asılbekov, R. (2008). Qazax detektivi hansı səviyyədədir? “Kazak əдебиетi”. 12 avqust.

Cəfərov, N. (2023) Qazax yazıçısı Azərbaycan dilində – Kemel Tokayevin “Gecə açılan atəş” kitabı haqqında. https://edebiyyatqazeti.az/news/sience/10900-qazaxyazicisi-azerbaycan-dilinde?fbclid=IwAR39BDcHx7vc-vbUrY-

46wtPo0JLPHqiodgQ3lbSVYY_Oxf5SrDSx4mGucs

https://edebiyyatqazeti.az/news/sience/10900-qazax-yazicisi-azerbaycandilinde?fbclid=IwAR39BDcHx7vc-vbUrY-

46wtPo0JLPHqiodgQ3lbSVYY_Oxf5SrDSx4mGucs

Junusova, A.K. (2021). (Жунусова, А.К.). Жазушы Кемел Тоқаев шығармашылығы жəне ұлттық детектив жанры (А.К.Жунусова. Творчество писателя Кемеля Токаева и жанр национального детектива). Вестник Карагандинского университета. Серия «Филология» №2(102).

Məmmədova, İ. (2021). Amerika ədəbiyyatinda detektiv janrın əsas ideoloji aspektləri. Akademik Tarih ve Düşünce Dergisi. Kış / 8-4.

Mırza Kadır, A. (2009). (Мырза Кадыр, А.). Мечта писателя / А. Кадыр Мырза. Независимый Казахстан №97 (25494).

Mukanova, Q. (2022). (Муканова, Г.). Жолбарыс. Кемел Тоқаев – дара тұлға. – Алматы: Қазақ университеті.

Mükajanova, R.M, (2018) (Мұқажанова, Р.М.). Қазіргі қазақ прозасындағы жаңа үрдіс / Р.Мұқажанова // Жоғары білім беру жүйесі: дəстүр мен инновация. Семей. Б. 90–92.

Sarsekeev, K. (2001). (Сарсекеев, К.). Происхождение / Кога-бай Сарсекеев. Независимый Казахстан №236 (22 839).

Şakiev, M.N. (2022). (Шакиев, М.Н.). Наследие Кемеля Токаева и воспоминания современников. Известия Коми научного центра Уральского отделения Российской академии наук №1 (53).

Tokayev, K. (2022). Gecə açılan atəş. Povestlər. Bakı, “Qanun” nəşriyyatı.

Tokayev, K.-J. (2022). Atam haqqında söz. Tokayev, Kemel. Gecə açılan atəş. Povestlər. Bakı, “Qanun” nəşriyyatı.

В Румынии презентована книга Касым-Жомарта Токаева «Слово об отце».

https://dknews.kz/ru/politika/248890-v-rumynii-prezentovana-kniga-kasymzhomarta-tokaeva