Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Kiçiklərin böyük ədəbiyyatına doğru - Aygün Bağırlı

17-07-2024 [ 11:32 ] [ oxunub:9 ]
printerA+ | A-

Bu gün uşaq ədəbiyyatından danışanda artıq əvvəlki illərdəki kimi bədbinliklə danışmır, əminliklə uşaq ədəbiyyatı var, inkişaf edir, formalaşır, yeni və uğurlu mərhələsini yaşayır, deyə bilirik. Bunun səbəbkarı kimi ötən illərdə uşaq yazarları ilə tənqidçilərin, ədəbiyyatşünasların ünsiyyətini, bu istiqamətdə dialoq və polemikaları, problemlərin həlli yollarının yüksək kürsülərdə müzakirə olunmasını göstərirdiksə, bu gün kitab festivallarında, sərgi və yarmarkalarda uşaq marağını, anşlaqla keçən kitab təqdimatlarını müşahidə edib deyə bilirik ki, uşaq ədəbiyyatının bu yeni epoxasını həm də uşaqlar özləri yaratdı, öz tələb və maraqları ilə onu formalaşdırdılar və bu gün də inkişaf etdirirlər. Belə deyək, kiçik oxucular özlərinin böyük ədəbiyyatlarını yarada bildilər. İfadə bəlkə də, yerində olmaya bilər, amma "kitab bazarı"nı öz istəklərinə uyğun yönləndirdilər, bunu kitab yarmarkalarındakı rəngarəng stendlər, böyüklərin ədəbiyyatını üstələyən uşaq köşkləri deyir. Və bu rəngarənglik təkcə görünüş etibarı ilə deyil, məzmun rəngarəngliyi, janr rəngarəngliyi və müxtəlifliyi ilə diqqət çəkir ki, bütün bunlar bizə bu mövzuda geniş danışmağa imkan verir. Reyhan Yusifqızının "Qapı arxasında o", Mürşüd İsmayılzadənin "Əjdaha qardaşlığı" kimi ötən illərdə nəşr olunan əsərlərinin 2023-cü ildə təkrar nəşrləri, Sevinc Nuruqızının "Melisa" əsərinin ingilis və rus dillərinə, Gəncə hadisələrində zərər çəkən uşaqların həyatından bəhs edən "Pıçıltı" əsərinin fars dilinə tərcümə olunması, Vüqar Haqverdiyevin "Qarınqulu ayı balası" nağılının əsasında hazırlanan pyesin Gürcüstanın, "Sehrli planşet" dramının Rusiyanın uşaq teatrlarında səhnələşdirilməsi dediklərimizə sübutdur. Bu sadalananlar Azərbaycan uşaq ədəbiyyatının artıq dünya arenasına çıxdığını göstərir. Artıq bir neçə ildir ardıcıl həm paytaxtda, həm bölgələrdə keçirilən uşaq kitab festival və sərgiləri, audio, video kimi qeyri çap intellektual resursların formalaşması, çoxcildli antologiya və ensiklopediyaların nəşrləri dəyişən, inkişaf edən dünyada kitaba azalmayan maraq və tələbin göstəricisidir. 2023-cü ildə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən Azərbaycan dili və Ədəbiyyatı forumunda uşaq ədəbiyyatına ayrıca panelin ayrılması da adıçəkilən sahəyə diqqət və marağı göstərir.

Uşaq ədəbiyyatına artan bu diqqət və tələb həm ayrı-ayrılıqda müəlliflərin, həm də çoxsaylı nəşriyyatların kitab çapına marağı artırmışdır ki, bu nəşrlərin əksəriyyəti haqqında danışmağa çalışacağıq.

Uşaqların sevimli yazarı Zahid Xəlil 2023-cü ildə "Əsərləri"nin VIII cildini çap etdirmişdir. Bu cilddə "Dəmir yumruq" dastanının birinci və ikinci hissələri, şairin müxtəlif illərdə qələmə aldığı şeir, hekayə və pyesləri, həmçinin çağdaşları haqqında yazdığı məqalələri toplanmışdır. "Dəmir yumruq" dastanı xalqımızın zəfər sevincindən, zəfərə gedən yolun keşməkeşlərindən, həmçinin xalqımızın qəhrəmalıq əzmindən, Ümummilli lider Heydər Əliyev və onun ləyaqətli davamçısı İlham Əliyevin cəsarətindən, Qarabağın əsrarəngiz gözəlliklərindən bəhs edir. Əsər dastana məxsus ənənəvi formada, nəzm və nəsr ardıcıllığı ilə yazılsa da, beşinci fəsli dram janrında yazılmış və burada keçmiş nəsillərlə çağdaş nəsillər görüşdürülmüşdür. Ağabəyim Ağanın Şuşa həsrəti, onun azad Şuşanın xoşbəxt uşaqlarıyla xəyali görüşü əsərin maraqlı və duyğulu məqamlarıdır. Şuşanın əsarətdən azad olması ilə qəlbinin rahatlıq tapdığını söyləyən Ağabəyim Ağa Şuşanın gözəlliyindən yenə riqqətə gəlir.

 

Şuşanı xonça kimi

Göyə qaldırıb dağlar

Bu xonçanın içində

Noğul-noğul uşaqlar.

Heç zaman belə güclü

Görməmişəm dağları

Şuşanı qaldırıb ki,

Dünyanın hər yerindən,

Görsünlər uşaqları.

 

Şuşa əsərdə Zahid Xəlil tərəfindən ilahi gözəl kimi vəsf olunur.

Yazıçının Libra nəşriyyatında çap olunan "Bizim kəndin nağılları" kitabındakı hekayə-nağıllarını da əminik ki, uşaqlar maraqla oxuyacaq. Müəllifin uşaqlıq xatirələri və təxəyyülünün vəhdətindən meydana gələn bu hekayələrdə kənd həyatı, təbiət gözəllikləri təsvir olunur, təbiətə, heyvanlara sevgi aşılanır, dostluq, sədaqət kimi dəyərlər təbliğ olunur.

Ötən il "Pıçıltı", "Zəfər nəğməsi. Şuşa", "Melisa" adlı əsərlər yazan Sevinc Nuruqızı 2023-cü ildə uşaqlar üçün "Duman pəriləri Şu - Şa", "Ağca və Cubbulu" əsərlərini yazıb. "Duman pəriləri ŞU - ŞA" nağıl-povestində Sevinc Nuruqızı Zəfər adlı şəhid övladnı müxtəlif zaman və məkan arealına səyahətə çıxarmaqla Şuşanın tarixinə ekskurs edir. Zəfəri müşayiət edən duman pəriləri onu Şuşanın tarixi şəxsiyyətləri, bənzərsiz təbiət gözəllikləri ilə tanış edirlər. Ağabəyim Ağa, Xurşidbanu Natəvan kimi xanım şəxsiyyətlərlə tanış olan Zəfər həmçinin Pənahəli xan, İbrahimxəlil xanla tanış olur, Şuşanın özülünün qoyulmasının şahidi olur. Fantastik nağıl-povestdə Zəfər Şu - Şaların köməyi ilə müxtəlif yaradıcılıq və elmi laboratoriyalara da səyahət edir. Bu səyahətlərin birində, düşmənin labarotoriyasında qara niyyətli alim azərbaycanlılara, şuşalılara məxsus və özündə gözəllik, nəciblik, əsalət daşıyan gen kodlarının oğurlanması və ermənilərə köçürülməsinə çalışır. Amma bədniyyətli alim, Zəfər və onun dostlarının ağıllı və cəsarətli səyləri nəticəsində öz məqsədinə nail ola bilmir. Düşünürəm ki, bu əsərin əsasında çoxhissəli maraqlı cizgi filmi çəkmək yaxşı olardı. 

Uşaqlar üçün roman, roman-nağıl, povest və hekayələr yazan Sevinc Elsevər 2023-cü ildə oxucularına "Döyüş iti", "Xeyirxah siçan", "Tamara, Tamara... tat qızı.." kimi hekayələr yazmışdır. Yazıçının "Tamara, Tamara... tat qızı..." hekayəsini xüsusi qeyd etmək istəyirəm. Tamaranın simasında valideynləri ayrılan, yaşıdları və ailənin digər üzvləri tərəfindən psixoloji şiddətə məruz qalan, təklənən, müharibə acısı yaşayan uşaqların kədər doğuran yaşantıları təsvir olunur. Qeyd edək ki, hekayə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyinin (ANAİB) dəstəyi ilə keçirilən Ümummilli lider Heydər Əliyevin 100 illiyi və 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan "Zəfərin uşaqları" hekayə müsabiqəsində ikinci yeri qazanmışdır.

İmzası son illərdə uşaqlara yaxşı tanış olan Mürşüd İsmayılzadənin "Yada daşı", "Şirvanşahlar sarayı" əsərləri də tarixi mövzuda yazılmış, maraqla oxunan macəra əsərləridir. Tarixin müxtəlif zamanlarına səyahət edən müəllif maraqla düşünülmüş süjet xətti ilə oxucunu əsəri oxumağa sövq edir. Adıçəkilən əsərlərdə uşaqların komanda şəklində işləmələri, ağıllı qərarlar verməyi, bir-birini dinləyb məsləhətləşmələri və bütün bunların tarixin, tarixi şəxsiyyətlərin öyrənilməsi fonunda baş verməsi təqdir olunmalıdır. Müəllifin digər əsəri isə "Hər günə bir sual" adlanır, kitabda verilən 366 sual kiçik oxucunu hər gün bir suala cavab axtarmağa vadar edir. Müxtəlif mövzuda və çətinlik səviyyəsində sualların təqdim olunduğu "Hər günə bir sual" əsəri hər uşağın stolüstü kitabı ola bilər.

Böyük ümid və əminliklə deyə bilərəm ki, 2023-cü ildə "Əlvida, Dəniz", "İşıq", "Dostum Çinar" povestlərini "Arzuların səyahəti" adlı kitabında çap etdirən Aysel Şıxlının simasında ədəbiyyatımıza istedadlı yazıçı gəlir. Elə ilk əsərlərindən sevginin, mərhəmət və qayğının hər canlı üçün vacib və lazımlı olduğunu bəyan edən gənc yazar əsərlərində bu hiss və duyğuların psixoloji və fəlsəfi mahiyyətini təqdim edə bilir. Ətrafındakıların, xüsusilə sənin köməyinə ehtiyacı olanların taleyində məsuliyyiət daşıdığını və bunu unudanda, laqeydlik göstərəndə həyatda nələrlə üzləşə biləcəyini, hətta ömür boyu vicdan ağrısına məhkum olmağın əzabını göstərən müəllif uşaqlarda məsuliyyət hissi, dostluq və qayğıkeşlik duyğusu formalaşdırmaq istəyir və buna nail ola bilir.

Nurlana İşığın "Göyün yeddinci qatı" əsərində Ayçil, İşıq, Orxan kimi uşaqların öz olduqları dünyadan daha maraqlı, daha macəralı, daha xoşbəxt bir aləmin axtarışında olduqlarından və bu məqsədlə etdikləri səyahətdən bəhs edir. Göyün birinci, ikinci, ... yeddinci qatına səyahət isə nə sehrli xalça, nə küpəgirən qarının süpürgəsi ilə baş tutur, kündə-kündə buludlardan düzələn qatarla səyahətə çıxan balaca qəhrəmanlar bir az gerçək, bir qədər mistik hadisələrlə baş-başa qalırlar.

65 ildir uşaqların dünyasını rəngləndirən, sevinc və məsuliyyətlə onların görüşünə tələsən "Göyərçin" jurnalı 2023-cü ildə də ənənələrinə sadiq qalmış, rəngarəng və maraqlı nömrələri ilə azyaşlı oxucuları maarifləndirmiş, onları əyləndirə-əyləndirə həm də öyrətməyə çalışmışdır. Müxtəlif dünya xalqlarının - əfqan, polyak, litva, fransız, ingilis, rus, holland, pakistan, o cümlədən Azərbaycan folkloru və yazılı ədəbiyyatına aid ədəbi nümunələr, klassiklərlə yanaşı çağdaş uşaq yazarlarının da yaradıcılığından uğurlu örnəklər təqdim edən jurnal uşaqları həm düşündürməyi, həm öyrətməyi, həm də əyləndirməyi hədəf almışdır. İlin ilk nömrəsində yubiley yaşını yada salan "Göyərçin" tanınmış söz adamlarının - Nigar Rəfibəylinin, Mirzə İbrahimovun, Süleyman Rəhimovun, Mikayıl Rzaquluzadənin, Xalidə Hasilovanın, Mədinə Gülgünün, Mirmehdi Seyidzadənin, Teymur Elçinin, Tofiq Mahmudun vaxtı ilə jurnal haqqında dedikləri xoş sözləri də xatırladır. Çox yaxşı haldır ki, "Göyərçin" jurnalı Rafiq Yusifoğlunun rəhbərliyi ilə bu gün də öz missiyasını məsuliyyətlə həyata keçirir.

İlin poeziyasına - uşaqlar üçün yazılan şeirlərə nəzə salaq. Qeyd edim ki, 2023-cü ildə Qəşəm Nəcəfzadənin "Şuşa qalxıb ayağa" şeirlər kitabı çap olunmuşdur. Kitabda toplanan uşaq şeirləri poetikliyi, məna yükü ilə seçilən nümunələrdir. Uşaqların hazırcavablığını, dəcəlliyini, maraqlarını, ümumilikdə uşaq dünyasını canlandırmaq baxımından diqqətçəkən bu şeirlər məzmun rəngarəngliyinə görə də fərqlənirlər. Kitabda "Dava-dava oyunu", "Əsgərin ürəyi", "Deyəsən", "Lövhə" kimi süjetli şeirlər də var. "Uşaqlar" şeiri isə şairin dünyanın, müharibələrin ixtiyarını saf könüllü, xoş niyyətli körpələrə verilməsi istəyini ifadə edir:

 

Düşmən kəlməsi yoxdur uşaqların dilində,

Olsa-olsa, əllərini bir-birinə vurarlar.

Səngərlərin içində, səngərlərin çölündə

Lay-lay deyib kuklaya qəşəng evcik qurarlar.

 

İnsan bayraqlarıdı göydə oynayan əllər,

Öpürlər gülə-gülə bir-birinin əlini.

Biz öyrənə bilmədik dostluq dilini heç vaxt,

Gəlin gedək öyrənək körpələrin dilini...

 

...Uşaqların ayağı torpağı bölə bilmir,

Necə ki, eyni yağır yer üzünə yağışlar.

Sülh haqqında yazılmış iki gözəl misradı:

Bir göy üzündə quşlar,

Bir də yerdə uşaqlar.

 

"Deyəsən" şeirində isə dünyanı yağışdan, soyuqdan qorumaq istəyən balaca qızın güllü yaylığı ilə torpağın üstünü örtməyə çalışması təsvir olunur. "Şuşa qalxıb ayağa" şeiri isə fəlsəfi mahiyyətinə görə seçilən şeir nümunəsidir.

İbrahim Yusifoğlunun "O, günəş ömrüdü, sönməyəcəkdir" adlı poeması Ümummilli lider Heydər Əliyev haqqındadır. Şair uşaqlar üçün ulu öndərin müdrik, qayğıkeş və əzəmətli obrazını yaratmışdır. Poemanın sonunda Ali Baş Komandanın "Mən ata vəsiyyətini yerinə yetirdim!" nidasını səsləndirən müəllif, Heydər Əliyevin müdrik siyasətinin bu gün də uğurla davam etdiyini nəzərə çarpdırır, onun ölməz əməllərinin Günəş kimi daim Azərbaycanı işıqlandıracağını vurğulayır.

 

44 günlük vətən vuruşlarında,

Yüksəldi ordunun şöhrəti-şanı.

Döyüşlərdə dönüb "Dəmir yumruğ"a

Tanıtdı dünyaya Azərbaycanı...

 

...Bir insan ömründən söz açıram mən,

O mavi göylərdən enməyəcəkdir.

Əbədi bir ömür alıb Günəşdən,

O, Heydər ömrüdü, sönməyəcəkdir.

 

Əflatun Baxşəliyevin "Günəş olmaq istəyirəm" adlı şeirlər kitabında şairin uşaqlar üçün yazdığı şeirlər toplanmışdır. Vətən sevgisi, dost təəssübkeşliyi, təbiətə və ətraf mühitə qayğı bu şeirlərin əsas mövzusudur. Uşaqların psixologiyasına yaxından bələd olan müəllif onların yaşantılarını, hadisələrə maraqlı münasibətlərini sözə çevirmişdir.

Əyyub Türkayın "Balaca qəhrəmanlarım" adlı kitabında həm bağçayaşlı uşaqlar, həm ibtidai sinif şagirdləri üçün qələmə aldığı şeirləri, nağıl və hekayələri toplanmışdır. Tərbiyəvi əhəmiyyət daşıyan "Ərköyün oğlan", "Şirin dərman", "Acgöz ağa" hekayə və nağılları həm də maraqlı süjet xəttinə malikdir. Ümumilikdə müəllifin balaca qəhrəmanları həm də kiçik oxucuların hər birinin həyatdan tanıya biləcəyi, hər gün rastlaşa biləcəkləri həyati qəhrəmanlardır. Onlar bu əsərləri oxumaqla həm də həyatda üzləşə biləcəkləri situasiyaya hazırlaşmış olurlar. Kitabda verilən tapmacalar isə uşaqların təfəkkür və düşüncəsinə təsir etmək baxımından əhəmiyyətlidirlər.

Uşaq şairi Mina Rəşidin sözügedən ildə Təhsil nəşriyyatında sayca 8-ci kitabı - "Zəfərdir mənim adım" şeirlər toplusu çap olunmuşdur. Əksəriyyəti vətənpərvərlik mövzusunda yazılan bu şeirlər uşaqlarda vətənə, yurda sevgi, torpağa sahiblənmək, onu qorumaq kimi hissləri aşılamaq baxımından əhəmiyyətlidir.

Vaqif Səmədoğlu bildiyimiz kimi uşaq şairi deyildi, uşaqlara həsr etdiyi bir neçə şeiri nəzərə almasaq, uşaqlar üçün xüsusi şeirlər də yazmayıb. Amma "qafiyəm ol, uşaq təbəssümü", "körpələri bu başdan bayraqlara bələyin", "uğuna-uğuna Günəşə gülən bu şən çocuqlar", "kaş uşaqlara yuxuda meh dəysin gecə" - kimi poetik ifadə və deyimləri körpə fidanların şairin poeziyasındakı yerini, mövqeyini, sahib olduqları statusu göstərir. Şair hətta uşaqların xoşbəxtliyi üçün şeirlərinin birində "bütün qorxular kaş mənim ola" - deyir, Nesinsayağı onların dünyasına kölgə salacaq hər şeyi özünə götürməyə razı olur. Uşaqları çox sevən, körpə gülüşlərindən xalı toxuyub buludların arasına sərmək, səmanı, yeri, bütün kainatı körpə gülüşlərinə qərq etmək arzusunda olan, dünyanın xoşbəxtliyini bunda görən Vaqif Səmədoğlu bu sevginin, bu xoşbəxtliyin içində batmaq, boğulmaq istəyirdi.

2023-cü ildə çap olunan "Bum-bum" əsəri Vaqif Səmədoğlunun uşaqlar üçün yazdığı yeganə poemadır. Şair bu əsəri 1967-ci ildə yazsa da, sağlığında çap etdirməmişdir. Görünür, şairin sətiraltı fikir və mesajları əsərin çap olunmasına mane olmuşdur.

Bum-bum meşə heyvanlarını - dovşan, tülkü, meymun, şir və başqalarını qorxuya salır və onları dabanlarına baxmadan qaçmağa məcbur edir. Əsəri oxuyanda görürük ki, qorxu anında, çətin məqamda hətta düşmən olanlar da birləşə bilir. Uşaqlar əsərdən həm də onu öyrənirlər ki, qorxunu dəf etmək, ona qalib gəlmək üçün şir kimi güclü olmaq yox, fil kimi müdrik olub çətin məqamlarda ağıllı qərarlar vermək lazımdır. Necə ki, bu əsərdə fil qorxuya düşüb qaçan heyvanları və hətta onlara qoşulan hökmdar şiri də sakitləşdirir, əvvəlcə Bum-bumun nə olduğunu öyrənməyi vacib sayır. Əsərin sonunda Bum-bumun nə olduğunu bilən heyvanlar öz sadlövhlüklərinə gülürlər. Belə ki, bum-bum ağacdan yerə tökülən almaların çıxardığı səs imiş.

Ötən ildə diqqətçəkən və təqdir olunası bir tendensiyanı da yada salmaq istəyirəm. XX əsrin əvvəllərində yaranan ilk dərsliklərə, klassiklərin yaradıcılığına marağın artmasını. Milli ədəbiyyat tarixinin tədqiqində və təbliğində, Azərbaycan təhsilinin inkişafında, mədəniyyət və mətbuatının formalaşmasında əvəzsiz xidmətləri olan Firidun bəy Köçərlinin "Balalara hədiyyə" əsəri alimin adını daşıyan Respublika Uşaq Kitabxanası tərəfindən yenidən çapa hazırlanmışdır. Firidun bəyin zəngin ədəbi irsi, çoxcəhətli fəaliyyəti həmişə diqqət mərkəzində olmuşdur. Tərəqqipərvər şəxsiyyətin istər elmi, istər pedaqoji, istər ictimai fəaliyyəti qədrşünas insanlar tərəfindən həmişə yüksək dəyərləndirilmişdir. Ancaq 2023-cü ildə 160 illiyi qeyd olunan maarif xadiminin irsinə yenidən müraciət olunmuşdur. 

Firidun bəy klassik ədəbiyyatı Ədəbiyyat tarixi yazacaq səviyyədə, təhsili və onun tələblərini, problemlərini dərslik yazacaq qədər mükəmməl bilirdi. Neçə-neçə dərsliyin yazılmasında, müntəxabatların hazırlanmasında, böyük bir müəllim nəslinin yetişməsində xidmətləri olan Firidun bəyin işıqlı ideyalarının pedaqoji fikrin inkişafındakı əhəmiyyəti nəzərə alınmaqla bu gün də araşdılmalı və yeri gələndə uyğun sahədə tətbiq olunmalıdır.

O, uzun illər pedoqoji fəaliyyətlə məşğul olduğu, gimnaziya və seminariyalarda rəhbər vəzifədə çalışdığı üçün məktəblərdə nəyin daha çox lazım olduğunu, ehtiyac duyulduğunu bütün incəlikləri ilə bilirdi. "Balalara hədiyyə" kitabı məhz bu ehtiyacdan yaranan müntəxabat idi. "Balalara hədiyyə" Azərbaycan ədəbiyyatının tədqiqi və təbliği sahəsində yorulmadan çalışan alimin yeniyetmə və uşaqlara töhfəsi idi. Heç vaxt təravətini itirməyən töhfəsi. Kitab bir neçə məziyyətinə görə qiymətlidir. Birinci ona görə ki, burada söz xəzinəmizin inciləri toplanmışdır, ikincisi mətnlər yüksək bədii-estetik zövqlə seçilmişdir, üçüncüsü isə təqdim olunan materilallar təkcə ədəbi nümunələri öyrətmək xarakteri daşımır. Uşaqlara ətraf mühit haqqında, təbiət haqqında, müxtəlif xarakterlər və hadisələr haqqında bilgilər öyrədir. Maraqlı təsnifatı olan bu kitabda azyaşlılara ev heyvanları, çöl heyvanları, milli mətbəximiz haqqında biliklər də öyrədilir. Müntəxabatda laylalar, tapmacalar, məsəllər, düzgülər, sayaçı sözlər, şeirər, nağıllar kimi müxtəlif janrlarda olan əsərlər təqdim olunur.

"Balalara hədiyyə" kitabının bu gün yenidən nəşr olunması təqdir olunası haldır. Belə ki, uşaqlar bu nəşr vasitəsi ilə şifahi söz xəzinəmizin inciləri ilə yaxından tanış olacaqlar. Unudulmaqda olan, bəlkə də heç vaxt eşitmədikləri düzgüləri, zərbi məsəlləri oxuyacaq, maraqlı tapmacalara dostları ilə birlikdə cavab tapmağa çalışacaqlar. Milli mətbəximizin həm məşhur, həm az tanınan nümunələri - çilov, həlimaşı, qaysabanın, səngək, qatlama, əyirdək, fətir kimi çörək məmulatlarının, bulama, gülməs, kərəməz kimi içkilərin adlarını eşidəcəklər.

Qurdun yuvasından sümük əskik olmaz, Qalan işə qar yağar, Sən haqq ilə ol, haqq səni qoruyar kimi az işlənən məsəllər, "Nazizbənazik-tazikbətazik" kimi mərhəmət hissi aşılayan mətnlər oxuyacaqlar. Kitabda həmçinin Aşıq Ələsgərin, Qasım bəy Zakirin, Abbas ağa Nazirin yaradıcılığından seçmə nümunələrlə də tanış olmaq olar.

Bu gün bu dəyərli kitabın yenidən nəşr olunub sevimli balaların ixtiyarına verilməsi onlara hədiyyə olmaqla yanaşı həyatını uşaqların işıqlı sabahına həsr edən Firidun bəyin xatirəsinə də ehtiramdır. Ümidvarıq ki, kiçik oxucular bu kitabdan yararlana biləcək, ədəbiyyatımızın zənginliyinə bir daha şahid olacqlar.

Ədəbiyyat İnstitutunda isə filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva tərəfindən Abdulla Şaiqin "Turan çələngi" (1919) dərsliyi transfoneliterasiya olunub çap edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlanan və "özündə mənəvi Turan idealını" ehtiva edən bu dərsliyin XXI əsrin elmi ictimaiyyətinə yenidən təqdim olunması olduqca mütərəqqi hadisədir. Qeyd edək ki, bu dərslikdə Ziya Gökalp, Hüseyn Cavid, Mehmet Əmin Yurdaqul, Tofiq Fikrət, Əbdülhəqq Hamid, Əhməd Cavad, Ə.Suad, M.Naci kimi müəlliflərin yaradıcılığından nümunələr verilmişdir. Dərsliyin yenidən çapı pedoqoji fikir tariximizi, Abdulla Şaiq qayəsini öyrənmək baxımından da əhmiyyətlidir.

Görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayev vaxtı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Xəmsə"sindən "Fitnə", "İki rəssam", "İlin fəsilləri", "Xeyir və şər", " Kərpickəsən" kimi hissələrin sadələşdirilmiş variantını hazırlamışdı. 2023-cü ildə TEAS Press nəşriyyatı həmin hekayələri yenidən nəşr etmişdir.

Uşaq ədəbiyyatı sahəsində aparılan tədqiqatları da dəyərləndirmək yerinə düşər. 2017-ci ildə Ədəbiyyat İnstitutunda yaranan Uşaq ədəbiyyatı şöbəsində təkcə son iki ildə aparılan monoqrafik tədqiqatlara - "Uşaq ədəbiyyatında Tofiq Mahmud imzası", Elnarə Akimovanın "Azərbaycan uşaq ədəbiyyatı: tarixi təcrübəsi və müasir istiqamətləri", İlhamə Ağayevanın "Uşaq ədəbiyyatında Azərbaycançılıq və milli özünüdərk", Gülnar Qəmbərovanın "Azərbaycan uşaq ədəbiyyatının təşəkkülü" - nəzər salsaq görərik ki, adıçəkilən sahənin problemləri, uğur və çatışmazlıqları hərtərəfli tədqiqata cəlb olunur və münasibət bildirilir. Şöbədə hazırlanan uşaq ədəbiyyatı antologiya və topluları da uşaq ədəbiyyatının inkişafına xidmət kimi qiymətləndirilməlidir. Bütün bu sadalananlar Azərbaycan uşaq ədəbiyyatının sabahına ümid və nikbinliklə baxmağa əsas verir.

SİZƏ MARAQLI OLA BİLƏR