Ədəbiyyat İnstitutunda Özbəkistandan gəlmiş istedadlı gənclərlə görüş keçirilib. Tədbiri İnstitutun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli açıb. Bildirib ki, həm Azərbaycanın, həm Özbəkistanın qədim və zəngin ədəbiyyat tarixi var. Klassik dövrdən başlayan ədəbi ənənələr sovet dövründə də davam edib. Yaxın tarixdə bu istiqamətdə daha çox işlər görülür.
Özbəkistan qardaş dövlətdir, onlarla birgə iş görmək həm şərəflidir, həm də vacib.
May ayında Özbəkistanda səfərdə olmuşuq. İnstitutumuzda türk xalqlarına aid mərkəzlər var. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bu istiqamətdə görülən işlərə xüsusi önəm verir.
Sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə ıxış edərək qonaqlara göstərilən diqqət və qayğıya görə təşəkkür edib.
Özbəkistandan gəlmiş istedadlı gənclərin səfərinin məqsəd və məramı haqqında məlumat verib.
Özbəkistanlı qonaqlardan şair Nəzakət Rəsul (Qasımova), yazıçı Gülnarə Xocayeva, rəssam, dizayner Diyara Tilavova Bakı haqqında xoş təəsüratlarını bölüşüblər. Ədəbiyyat İnstitutunun əməkdaşlarından filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı, Mənzər Niyarlı, gənc tədqiqatçılarından Sənubər Səmədova, Şəbnəm Mirzəzadə çıxışlarında ölkələrimiz arasındakı ədəbi-mədəni əlaqələrin əhəmiyyətindən söz açıblar. Xurliman Qaybullayeva və Nəsibə Xocayevanın dütarda ifaları maraqla dinlənilib.
Qonaqlar Ədəbiyyat İnstitutu ilə yaxından tanış olub, burada fəaliyyət göstərən Mərkəzlərin işi ilə tanış olublar.