Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Nizami Gəncəvinin mərhəmət - sosial dövlət anlayışı - Nəticə - Siracəddin Hacı

15-07-2024 [ 10:02 ] [ oxunub:88 ]
printerA+ | A-

"Yeddi gözəl" məsnəvisinin "Quraqlıq ilinin təsviri və Bəhramın şəfqəti" adlı bölməsinin şərhi

(Əvvəli burada)

"Yeddi gözəl" məsnəvisinin "Bəhramın mərhəmət - sosial dövlət anlayışı" adlı bölməsi (bu, şərti addır) əlli iki beytdir - tərcümədə əlli altı beyt var, istifadə etdiyimiz orijinal mətndə bu dörd beyt olmadığından onları şərh etmədik, ancaq sonda tərcümədəki beytləri verəcəyik.

Nizami Gəncəvi məsnəvidə mərhəmətlə - sosial dövlətlə bağlı bu ölçüləri qoyub:

- Mərhəmət dövlət idarəçiliyinin əsaslarından biridir - Nizaminin dövlət idarəçiliyi anlayışının yeddi dayağı var: mərhəmət, ədalət, cəsarət, əhliyyət və ləyaqət, məsləhət, həqiqət - azadlıq, rifah;

- Nizami sosial-mərhəmətli dövləti müdafiə edir;

- Ədalət mərhəmətin meyvəsidir;

- Hər sıxıntı, hər xəstəlik (sosial, siyasi, bioloji...) ziddi ilə sağalar - zülmün ziddi ədalət, acımasızlığın ziddi mərhəmətdir;

- Şükürsüzlük qıtlığa yol açar;

- Maddi, mənəvi qıtlıq əxlaqı pozar, insanları vəhşiləşdirər;

- Ədalətin əsası tarazlıqdır - hər kəsə, hər şeyə layiq olduğunu verməkdir;

- Dövlətin imanı mərhəmət və ədalətdir;

- Allahın yaratdığı varlıqları (insan, çiçək, böcək, heyvan, su, ağac...) düşünmək, dəyər vermək, haqlarını qorumaq mərhəmətin əlamətləridir;

- Səxavət mərhəmətin meyvəsidir;

- Mərhəmət güvənə, ümidə yol açır;

- Mərhəmətli olanın insanlarla bağlı gözəl arzuları, xəyalları, məqsədləri, saleh əməlləri olar, o çalışar, paylaşar, ümid verər, əldən tutar, göz yaşını silər, inkişafa yol açar;

- Mərhəmətli insanın ünsiyyət mədəniyyəti var, dinləyər, anlayar, gözəl sözlər seçər, sözləri yaralı qəlblərə şəfa, ümid, cəsarət verər;

- Mərhəmət ümidsizliyi yox edər;

- Hər imtahanda (çətinlikdə) iki şey var: sıxıntı, fürsət;

- Mərhəmət fitri duyğudur, toxumdur, Allaha iman və saleh əməllər ona süd verir, böyüdür, yaşadır, qoruyur;

- Mərhəmət diri, sağlam, fəal ağılın, vicdanın, qəlbin, iradənin əməlidir;

- Mərhəmət hər kəsin şərəfli, güvənli, hüzurlu yaşamaq haqqı var anlayışıdır;

- Təməl insan haqlarından biri mərhəmətdir;

- Mərhəmət siyasi dəyərdir, siyasi ifadə biçimi sosial dövlətdir;

- Mərhəmət iqtisadi dəyərdir, iqtisadi ifadə biçimləri bunlardır: hər kəsə aş, az işlə, çox qazan, sağlam iş mühiti, qısa iş saatı, az vergi, maaşın əməyə, ehtiyaca uyğunluğu, bolluq, ucuzluq, rifah, fərdi, ailəvi inkişafa, istirahətə zaman, əmək, qaynaq ayırmaq imkanı;

- Mərhəmət sosial dəyərdir - kimsə kimsəyə möhtac olmayacaq, dövlət özəl yardıma ehtiyacı olanları himayə edəcək, güvənliyin təmin olunması dövlətin işidir;

- Mərhəmət insani dəyərdir - dayaqları paylaşmaq, yardımlaşmaq, dəyər vermək, anlamaq, qayğı göstərmək, zaman ayırmaq, fədakarlıqdır;

- İnsan özünə qarşı mərhəmətli olmalıdır;

- Mərhəmətin varlığının əlaməti insan haqlarının qorunmasıdır;

- Mərhəmətli (sosial) dövlətin dayağı bu anlayışdır: dövlət, hakimiyyət, sərvət, hüquq insan üçündür, hər işin mərkəzində insan var;

- Mərhəmət sadəcə söz deyil, işdir - saleh əməllərdir;

- Mərhəmət bir arada yaşamağı təmin edir;

- Mərhəmət ac qarınları yeməklə, ölmüş qəlbləri ümidlə doyurar;

- Mərhəmətli (sosial) dövlət halal qazancın yollarını açar, insanların harama bulaşmasına imkan verməz;

- Zülmə qarşı çıxmaq mərhəmətdir;

- Seçici olan - bəlli bir qrupa aid edilən mərhəmət əxlaqsızlıqdır, dövlət hər kəsə mərhəmət ölçüsü ilə hərəkət edər;

- Mərhəmət olsa, irqçilik olmaz;

- Mərhəmət dəyər qazandırar, insanı Allaha və insanlara bağlayar;

- Analığın, müəllimliyin əsası mərhəmətdir;

- Böyüklüyün, o sıradan siyasi böyüklüyün ölçüsü mərhəmətdir;

- Böyük, güclü, əxlaqlı dövlət mərhəmətli dövlətdir;

- Böyük, güclü, əxlaqlı lider mərhəmətli liderdir;

- Mərhəmətli olmağın üç nəticəsi var: xalqın sevgisi, ilahi riza, böyüklük;

- Mərhəmət insanı dinləmək, anlamaq, ona dəyər verməkdir;

- Mərhəmət başqalarının acısını hiss etməkdir;

- Mərhəmət insana xeyirli zaman ayırmaqdır;

- Mərhəmət məsuliyyətə yol açar - Allaha, yaratdıqlarına borcun var;

- Mərhəmətli insan çox dua edər, duanın gücünə inanar;

- Cəmiyyətin mənəvi, sosial, mədəni sığorta sistemi mərhəmətdir;

- Allahın sınırsız mərhəmətinin əlamətlərindən biri də budur: yaratdığı hər varlığın ruzisini də yaradır;

- Nizami məsnəvidə Allaha dua ədəbini öyrədir: Bəhram tək dua edir, üzünü göyə tutur, əllərini açır, öncə Allahı tanıdır - O, yaratdığı heç bir şeyə bənzəməz, tək olmaq ancaq Onun haqqıdır, ehtiyacsızdır, əbədidir, sonra acizliyini dilə gətirir, insan Allaha möhtacdır, kimdən, necə, niyə, nə istədiyini bilir, inanaraq dua edir, kimsəni ittiham etmir, məsuliyyəti öz üzərinə götürür;

- Duanın qəbul şərti səmimiyyətdir, düşüncə, söz, əməl birliyidir;

- Mərhəmətli dövlət bağışlamağı çox sevər;

- Yalan, haram, rüşvət, məsuliyyətsizlik mərhəmətsizlikdir;

- Mərhəmət səmimiyyətə yol açar;

- İnsanlığın ölçülərindən biri mərhəmətdir;

- Dəlilli (doğru) danışmaq mərhəmətdir;

- Allah insanın gözəl niyyətinə də dəyər verir - yalvarmaq Allahdan inanaraq istəməkdir;

- Nizami deyir ki, öncə insan addım atmalıdır, sən mərhəmətli ol ki, Allah da rəhmət yağışı yağdırsın;

- Qənaət mərhəmətdir;

- Mərhəmət dünyanı xilas edər;

- Mərhəmət vicdanı dirildir, ümid, cəsarət verir, insanı həyata bağlayır;

- Allahın rəhmət, xeyir, bərəkət yağışı içində ədalət, mərhəmət olan ölkəyə, vicdana daha çox yağar;

- Allah ömrünü mərhəmətə həsr edənin adını unutdurmaz;

- Mərhəmət dəyərdir, dəyərli qılar;

- Mərhəmət insana vaxt ayırmaq, ona dəyər vermək, onu anlamaqdır;

- Mərhəmət xalqa iş imkanı, ruzi vermək, onun nazını çəkmək, qayğı göstərməkdir;

- Dövlət, hakimiyyət, sərvət, insan mülkiyyət deyil, əmanətdir;

- Mərhəmətli şah xilaskardır;

- Mərhəmət həddini bilmək, seçim haqqını, fərqliliyi qəbul etmək, yaraları sağaltmaqdır;

- Mərhəmət qurucu dəyərdir: xeyirli insan, sosial dövlət, birlik, qardaşlıq, sevgi, ümid inşa edir;

- Mərhəmət hər kəsi qucaqlayan anlayışdır;

- Mərhəmətli dövlət vergini azaldar, ehtiyac olsa, bir müddət ləğv edər;

- Mərhəmət olsa, insanlar ölkəsini tərk etməz - insan köçü olmaz;

- Mərhəmətsizlik zülmdür;

- Mərhəmət olsa, əhalinin sayı artar, ölkə varlı olar;

- Hakimiyyət nemətinin şükrü bunlardır: sosial dövlət, hər kəsə mərhəmət, hər kəsə ədalət, hər kəsə güvənlik, hər kəsə rifah;

- Mərhəmət ictimai barışın əsaslarından biridir;

- Zülm öldürür, mərhəmət dirildir;

- Savaşların bir səbəbi də mərhəmətsizlikdir;

- Mərhəmətli dövlət vətəndaşını kimsəyə möhtac etməz;

- Mərhəmətin mayaladığı, onunla qohum olan anlayışlar - dəyərlər bunlardır: güvən, ədalət, əmək, bolluq, bərəkət, zənginlik, genişlik, ruzi, ümid, barış, sevgi, hüzur, sevinc, bayram, bağışlama, birlik, qardaşlıq, maddi, mənəvi paylaşma, fədakarlıq, təvazökarlıq, səmimiyyət, səxavət, sosial dövlət;

- Mərhəmət qoruyucu dəyərdir, immun sistemidir, olmasa, köləlik, qorxu, qıtlıq, zülm, yoxsulluq, darlıq, savaş, kin, nifrət, qarışıqlıq, kədər, yaş, təkəbbür, parçalanma, didişmə, xəsislik, ikiüzlülük, ümidsizlik olacaq;

- Mərhəmətli dövlətin iş cədvəli belədir: işçi iş üçün deyil, iş işçi üçündür, iş saatı azdır, sağlam iş şəraiti var, işçi istismar olunmayacaq, işçinin maaşı əməyinə, ehtiyacına uyğundur, əmək haqqı vaxtında veriləcək, işçi günün yarısını işləyəcək, yarısını istirahət edəcək, işçinin istirahət günü olacaq, fərdi, ailəvi inkişafa zaman, əmək, qaynaq ayırmaq imkanı var, işçi kimsəyə möhtac deyil, az işlə, çox qazan, dövlət, hakimiyyət, sərvət insanın xidmətçiləridir;

- Mərhəmət qəmi azaldar;

- Rüşvət almaq, haram yemək, insanları süründürmək mərhəmətsizlikdir;

- Mərhəmət bayrama yol açar;

- Nizami bayram mədəniyyəti inşa edir: bayram birləşdirir, hamıya aid olur, insanın/xalqın sevinmə ehtiyacını təmin edir, bayramda sevinmə, sevindirmə, təmizlik, ləzzətli yeməklər, gözəl geyimlər, təbriklər, gülər üz, məclislər, gəzmək, rənglər, əyləncə, oyun, musiqi, ziyarət, paylaşma var, bayram böyük saleh əməli xalqın yaddaşına, tarixə yazan, onun unudulmasına imkan verməyən, onu örnəyə çevirən, minnətdarlıq, şükür, sevgi duyğularını oyaq tutan, sağlam düşüncə, tarix şüuru inşa edən, duaya yol açan, qoruyan, ənənəyə bağlı nəsillər yetişdirən, mərhəməti dövlət idarəçiliyinin, ictimai münasibətlərin əsasına qoymağın xeyrini göstərən, sevinmə mədəniyyətini öyrədən dəyərdir;

- Hər bayramda qurtuluş/xilaskarlıq anlamı var;

- Mərhəmət bacarıqdır, tərbiyəyə ehtiyac var;

- Mərhəmət ölsə, insanlıq ölər;

- Mərhəmət qaranlığı - zülmü yox edən Zöhrədir - nurdur;

Məsnəvidə bu frazeoloji birləşmələr var:

- "darlıq/qıtlıq ərzağın yolunu kəsdi";

- "dünyanın ürəyi daralmaq";

- "xalqın ruzisini xəzinənin hesabına yazmaq";

- "ürəyi daralmaq";

- "əlindən gəlmək";

- "ölüm uzaq/iraq olsun";

- "yaddan çıxarmaq";

- "qılınc satmaq" (savaşı bitirmək);

- "dəmir zirehi parçalamaq" ("savaşa ehtiyac qalmamaq");

- "silahı (yerə) qoymaq" ("barış istəmək");

- "qəmin kökünü kəsmək" / "qəmi kökündən çıxarmaq";

Məsnəvinin açar sözləri bunlardır (təkrarlar nəzərə alınmayıb): il, toxum, dar, dünya, geniş, darlıq, insanlıq, yük heyvanı, ot/ələf, ürək, cahan, çörək, izzət, bahalı, qiymətli, daş, insanlar, canavar, adamyeyən, leş, şah, qədər, dənə, uca, anbar, qapı, qıfıl, şəhər, namə, azuqə, əminlər, varlı, nırx/qiymət, dirhəm, nəvaziş, əyyam, aclıq, afərin, səxavət, saray, dəvə, mərz/sınır, yad, növbə, yeni, cihad/cəhd, xəzinə, çarə, iş, dörd, bar/bəhrə, əkin, ruzi, xalq, yazmaq, böyüklük / hakimiyyət, padşahlıq, hamısı, can, tən/bədən, ölmək, kişi/insan, binəva, qəmli, su, solğun, üz, əziyyət, Xoda/Allah, üzr, təqsir, canlı, qüdrət, Allahlıq, çox, az, ahu, səhra, doyurmaq, bərat, qələbə, günah, hesab, xəbər, mən, o, fayda, təzərro/yalvarış, hatif, avaz, Yəzdan, niyyət, zəiflik, dörd, mənşur, diyar, ölüm, uzaq, böyüklər/yaşlılar, mülk, kiçik, fərrox, nemət, naz, rəiyyət, doğulmaq, gəlir/qazanc, xərcsiz, yaradılmışlar, dolu/çox, imarət, çöl/səhra, dağ, Sefahan/İsfahan, Rey, ev, toxumaq, qamış, dam, kor, hədis, aydın, öhdə, ravi, nemətyeyənlər, əminlik, işrət, dəstə, sıra, fərsəng/fərsəx, iki, bərbət, rübab, çəng, hovuz, mey, arx, məclis, ara, məhəllə, qılınc, zireh, zərxara, biryolluq, silah, hamı, ox, eşrət, eyş, rifah, imkan/zənginlik, buyruq/fərman, bəxt, xoşnud təyin etmək, iş, gün, bazar, buyurmaq, hissə, yarısı, içmək, yeddi, vergi/xərac, atmaq, kök, yetmiş, illik, qəm, qoparmaq, altı min, usta, dastan, musiqiçi, rəqqas, kuklaoynadan, toplamaq, ətraf, bölgə/yer, xeyir, geyim, xoş, dövr, zaman, tale, öküz, sahib, Zöhrə, hara, kəndxuda;

İstifadə etdiyimiz orijinal mətndə olmayan beytlər bunlardır:

 

Xurma ağacının qol-budağı təzə-tər olanda,

O ağacın barı da bol olar.

Xalq az olduqca ərzaq da az olar,

Adamların çoxluğundan gəlir də çox olar.

Varlılardan kim kasıblasa idi,

Şah ona öz xəzinəsindən dirhəm verərdi.

Ləyaqətinə münasib hər kəsi,

İş və yeməklə təmin etməyi buyurdu.