Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Müasir cəmiyyət Qafar Cəfərlinin yazıçı təxəyyülündə - Nurlanə Hümmətqızı

15-07-2024 [ 09:58 ] [ oxunub:70 ]
printerA+ | A-

Milli-mənəvi dəyərlərə qayğı ilə yanaşan yazıçı, dramaturq Qafar Cəfərlinin yaşadıqları yaradıcılığına sirayət etmişdir. Müəllifin "Əməliyyatçı", "Günahsız mələk", "Kimsə... Sizlər", "Saatın 61-ci dəqiqəsi", "Bir gecənin vahiməsi", "Payızın 44 anı", "Tanrının göz yaşları", "Ömür yolu" kitablarından sonra nəşr olunan "Qıl körpüsündə rəqs" kitabı yaradıcılığının yetkin çağlarında yazıçı məharətini ortaya çıxaran dramatik və epik əsərlərindən ibarət bədii örnəkləri əhatə edir.

"Qıl körpüsündə rəqs" və "Tanrı əmanəti" dramatik əsərlərində hermetik xüsusiyyətlər diqqəti cəlb etməkdədir. Bu əsərlərdə gizli başlayan hadisələr bir ev daxilində baş verən əhvalatların məcrası ətrafında davam edir. Uzun müddət hüquq-mühafizə orqanlarında işləyən Qafar Cəfərlinin əsərlərinin avtobioqrafik məqamlara kökləndiyini qeyd etmək olar. "Ömür yolu" avtobioqrafik romanından sonra müəllifin dramaturgiyaya müraciət etməsi həyat hadisələrinin canlı göstərilməsini şərtləndirir. Çünki dramatik əsərlərin başlıca funksiyası obrazların monoloji və dialoji nitqi vasitəsilə həyatı hərəkətdə göstərməklə dərk etdirməkdən ibarətdir.

"Qıl körpüsündə rəqs" və "Tanrı əmanəti" əsərlərində cinayət işlərinin açılması üzərində qurulan süjet xəttində peşəsinin təlqin etdiyi səriştənin real nəticəsini görmək olar. "Qıl körpüsündə rəqs" əsərində narkotik asılılıq və onun ailə daxilində yaratdığı faciələr, "Tanrı əmanəti" əsərində isə ailə-məişət çərçivəsində namus məsələsi işıqlandırılmış, müasir dövrün aktual problemləri yazıçı təxəyyülünün məhsulu kimi ortaya çıxmışdır.

"Qıl körpüsündə rəqs" faciəsi narkotik aludəçisinə çevrilən Rufatın ailəsinin bədbəxt sonluğunun göstərilməsi ilə bağlıdır. Əsər qaz boğulmasından dünyasını dəyişməsi ehtimal edilən aktrisa (Fatma Xoşbəxt) və oğlunun (Rufat) cinayət işinin açılması istiqamətində gedən prosesin təsviri ilə başlayır. İstintaq tədbirləri əsasında hadisələrin inkişafını yazıçı elə bir məcraya çəkib aparır ki, oxucu kütləsi üçün gözlənilməz bir sonluq yaranır. Süjet xətti detektiv əsərə məxsus cizgilərlə verilir.

Rufatın bilmədən, təsir altına düşməklə öz xoşbəxt həyatından uzaqlaşıb bədbəxt sonluğunu gətirməsi əsərin idraki və tərbiyəvi əhəmiyyətini üzə çıxarır. Müəllif bir ailənin məhv olması fonunda cəmiyyətdə baş verən problemləri qələmə almaqla, müəyyən qədər qorxu hissi yaradaraq oxucunu təmizləmə vəzifəsini əsərinə şamil edir. Ruslan və Fatmanın xoşbəxt ailəsinin əks etdirilməsi zamanı yazıçı əsərə simvolik xəyali Şeytan obrazı daxil edir. Ailənin savadlı, sözəbaxan övladı Rufat şeytanın sınağından keçə bilmir. İnsanların bir-birinə qarşı törətdiyi fəlakətlərin səbəbinin şeytana uymuş adəm övladının düşüncə və psixoloji cəhətdən zəifliyi ilə əlaqələndirilməsini əsərin aşılamaq istədiyi təbliği fikirlərdə görmək mümkündür. Hüseyn Cavidin "İblis nədir? - Cümlə xəyanətlərə bais. Hər kəsə xain olan insan nədir? - İblis!" misralarının yenidən dramaturgiyada əksi Qafar Cəfərlinin bu əsərində görünür. Rufatı narkotik aludəçisinə qurşandıran, onun həyatını məhv edən, ana və oğulun ölümünü təşkil edən Azər bir cinayətkar kimi Şeytan cildinə girmiş bir insandır. Kantın qeyd etdiyi kimi, şər qüvvəni təmsil edən Şeytan rəngarəngliyi, cəlbediciliyi ilə insan mənəviyyatını ələ almaq qüdrətinə malikdir. Faciədə Şeytan eybəcərlikləri reallıqla göstərməyə xidmət edən bir vasitə rolunu oynayır.

Qafar Cəfərli əsəri elə qurur ki, oxucu Azərin qatil olacağını ağlına gətirmir. Əsərə daxil edilən Fatmanın gündəliyi ölmək istəyən iki insanın varlığından xəbər verir. Bu gündəlik ölümün intihar olmasını göstərir. Müəllif gündəliyin üzərində dayanmır, istintaq işini Azərin üzərinə yönəldir. Evə girib qaz peçinin kranlarını açan Azərin polis rəisinin müavini ilə söhbətindən aydın olur ki, Qıl körpüsündə rəqs edən, vaxtilə uşaq evindən çıxan, ailə himayəsindən məhrum olan, həyatın çətinliklərini görmüş Azərdir. Əslində Qafar Cəfərlinin məqsədi gəncləri bu yola vadar edən və narkotik asılılığı formalaşdıran səbəbləri göstərib didaktik bir əsər ortaya gətirməkdir. Qıl körpüsündə rəqs edən insanın ani büdrəməsi onu cəhənnəm atəşinə, uçuruma yuvarlayır. Şeytanın da əsas funksiyası bəşər övladına maneələr törətməkdir. Həyatın sağalmaz yaralarının təsiri altında böyüyən gənclərin öz yollarından azıb bu bəlaya düçar olması əsərdə reallıqla əks etdirilmişdir. Yazıçı əsərin finalını Xoşbəxt Fatmadan Bədbəxt Fatmaya çevrilən ananın ruhunun monoloqu ilə bitirir. Bu monoloq həyatda insan xoşbəxtliyinin qıl körpüsü kimi ani bir büdrəmədən asılı olduğunu təbliğ edir.

"Tanrı əmanəti" əsərində göstərilir ki, bir qadının acı taleyinin bünövrəsində ata səhlənkarlığı dayanır. Kərim kişinin dörd övladının həyat sınaqları qarşısında məğlubiyyətinin başlıca günahkarı ata özüdür. Kərimin evinin yanması nəticəsində boğularaq ölməsi ilə başlayan süjet bir çox cinayətin açılmasına yol göstərir. Viran olmuş bu ailədən qalan yeganə nümayəndə olan Xəyalənin uşaqlıq xatirələri, yaşadığı əzabları yanmış ev kimi kül olur. Uşaq yaşlarından ana himayəsindən məhrum olmuş Xəyalənin ata qayğısına ehtiyacı olduğu bir yaşda işləmək məcburiyyətində qalması, bacılarının Rafiq Kazımovun evində qulluqçuluq etməsi və bunun onların həyatlarında qarşısıalınmaz təsiri bir ailənin dağılmasına səbəb olur. Kərim kişi bir ata kimi qızlarını qorumaq vəzifəsini yerinə yetirə bilmir. Tüfeyli həyat keçirən Kərimin badə yoldaşı Rafiqin əsərin əvvəlində cinayətkar kimi təqdimi onun qatil olacağını göstərsə də, hadisələr elə cərəyan etmir. Çünki Rafiq Kazımov insan öldürməsə də, ona görə cinayətkar idi ki, gənc qızların gələcək arzularının məhvinə səbəb olmuşdur. Bu ailənin faciəvi sonu namus davası ilə başlayır. Bacısının ailə dəyərlərinə əhəmiyyət verməyib Rafiqdən hamilə qalmasını qəbul edə bilməyən Xəyalə ailə şərəfini qorumağı öz üzərinə götürür. Ömrünü ailəsinə həsr edən bir gənc qızın bacı qatili olmasının mənəvi-psixoloji aspektdən çətin situasiya olması müəllif qələmində reallığını tapır. Bacısını öldürməsi ilə keçirdiyi vicdan əzabının əksinə olaraq, bu dünyada ona cəhənnəmi yaşadan Rafiqin ölümünə səbəb olması Xəyaləni ailənin üzərindən namus ləkəsini sildiyi üçün sevindirir.

Qafar Cəfərli "Tanrı əmanəti" dedikdə, insana bəxş edilən ömrü nəzərdə tutur və həyatda insana bu əmanəti qoruyub saxlamaq üçün düzgün yol tutmağı tövsiyə edir. Yazıçı əsərin janrını dram kimi qeyd etmişdir. Doğru nəticədir. Çünki Xəyalənin ailəsinin faciəvi sonunu Qafar Cəfərli xoşbəxtliklə yekunlaşdırır.

Qafar Cəfərlinin Xatirə Xatunla birgə hazırladığı "Payızın 44 anı" kitabı torpaq üçün canını fəda edən 63 nəfər lənkəranlı şəhidin xatirəsinə həsr olunmuşdur. "Şəhid Bayraq" dramı yazıçının bu istiqamətdə olan fəaliyyətinin ədəbi müstəvidə yenidən canlandırılmasıdır. Könüllü müharibəyə gedən Poladın şəhid olması xəbəri ilə sarsılan ailənin oğul əzabı sevincli xəbərlə yekunlaşır. Dəfn mərasimindən sonra şəhid olduğu zənn edilən övladın telefon zəngi başqa bir ailənin qəlbinə düşən sağalmaz oğul yarasından xəbər verir. Bu təsvir oxucuya çatdırılarkən yazıçı kədər və sevinc hissinin eyni anda yaşamasına şərait yaradır.

Qafar Cəfərlinin hekayələrinin mövzusu mənəvi-əxlaqi problemlərlə zəngindir. Bəşər övladının daxili aləminin dərinliklərinə enib insan psixologiyasını açmaq istəyi hekayələrin ana xəttini təşkil edir.

"Gülgəzi" hekayəsində toy məclislərində mütəmadi olaraq "Gülgəzi" havasına oynamağı ilə yadda qalan Məşəbilənin (Qüdrətin) həyatın ağır imtahanı qarşısında sınmamasının təsviri fonunda Azərbaycan xalq rəqsinin yaranmasına da işarə vardır. Belə ki, Kamal Həsənovun "Qədim Azərbaycan xalq rəqsləri" kitabında "Ay qız, heyranın ollam" sözləri ilə məşhur olan "Gülgəzi" rəqsini ney ifa edən Naxçıvanlı Həsənəli tərəfindən həyat yoldaşı  Gülgəz xanıma həsr etdiyi barədə məlumat vardır. Müəllifin bu tarixi gerçəklikdən xəbəri olub-olmadığını bilməsək də, fikrimizcə, əsərdə cərəyan edən hadisələrin inkişaf istiqaməti bu faktla bağlıdır. İdarə etdiyi maşınla qəza törətməsi nəticəsində həyat yoldaşını itirən, buna görə həbs həyatı yaşayan Qüdrətin ikinci həyat yoldaşı Gülgəz adı ilə təqdim edilir. Müəllif Qüdrətin bu rəqs havasına olan sevgisini həyat yoldaşına doğru yönəldir. Deməli, yazıçı bir qadına ünvanlanan xalq rəqsini öz düşüncə tərzinə görə işləyir.

"Yaşamaq eşqi" və "Tənha qadın" hekayələri aşılamaq istədiyi fikir baxımından eyni rolu oynayan əsərlərdir. "Yaşamaq eşqi" əsərində adət-ənənələrdən canını qurtarmaq istəyən, ailə qayğılarından yorulmuş bir kişinin mənəvi rahatlıq axtarışı qələmə alınır. "Tənha qadın" hekayəsində isə öz xoşbəxtliyini yenidən geri qaytarmaq istəyən bir qadın obrazı yaradılır. Hər iki əsərin qəhrəmanını birləşdirən cəhət tənhalıq dərdidir. Qərib kişi özünü övladlarına və onların problemlərinə həsr edən həyat yoldaşının yanında təklik əzabı yaşayırsa, Nərmin yoldaş itkisinin gətirdiyi tənhalıq acısını qəbul edə bilmir. Əsərlərin müqayisəli təhlili göstərir ki, ailədaxili münasibətlərdə kişi və qadın arasında baxış bucağı fərqlidir. Kişi bu tənhalığı başqa qadına olan sevgi hissləri ilə ovutmağa çalışırsa, qadın ana olacağı xəbəri ilə həyat mübarizəsinə davam edir.

"Tənha qadın" hekayəsi ilə "İntihar" hekayəsi arasında əsərin sonluğu və təsvir edilən hadisələrin gedişinə daxil olan xəyali obrazların işlənmə xüsusiyyəti baxımından yaxınlıq vardır. Onu qeyd edək ki, "İntihar" hekayəsi haqq savaşında qələbə çalan müharibə iştirakçısının həyat savaşında məğlub olmasından bəhs edir. Müəllif "Tənha qadın" əsərində mənəvi əzabdan, "İntihar" əsərində isə həm mənəvi, həm də cismani əzabdan qurtuluş yolunu intiharda tapan bədii obrazları ədəbiyyat səhnəsinə gətirir. Eyni zamanda, onları bu fikirdən daşındıracaq işıq içindən görsənən bir qoruyucu mələk əsərə daxil edir. Nərminin həyat yoldaşı, əsgəri isə komandiri xilas etməyə çalışır. Müəllif əsgəri komandirinin teyfinin məsləhəti ilə bu seçimdən çəkindirə bilərdi. Lakin o, bu yolun əsərinin təbliğ etdiyi ideyaya uyğun olmadığını dərk edir. Əsgərin ölümü məmur özbaşınalığının açdığı faciəvi yaraları göstərmək üçün düzgün seçilmiş final idi. Əsərin yekununda həyatdan ilk zərbəsini alan, yuxusundan yeni ayılan oğlan uşağının atasının cansız bədəni ilə üz-üzə qalmasının, atasının ölümündə günahkar kimi tut ağacını yumruqlamasının təsviri ilə Qafar Cəfərli bədii əsəri üçün təsirli final hazırlamışdır.

Bədii əsərə ruh obrazının daxil edilməsi mifik düşüncədən gələn, bir çox əsərlərdə özünü göstərən ənənənin davamı xarakterini daşıyır. Qafar Cəfərli ruhdan ölmüş insanın sevdiyi şəxslə əlaqə yaratması üçün istifadə edir. Nərminin həyat yoldaşının ruhu fani dünyada xəbər daşıyıcısı funksiyasını oynayır. Yazıçının "Tənha qadın" hekayəsini novellavari bir əsər adlandırmaq olar. Əsərin əvvəlindən hekayə müəllifi yoldaşını itirən gənc qadının sonunun ölümlə bitməsinə oxucunu hazırlayır. Finalda isə qadının taleyinin müsbət nəticələnməsi əsərin dəyərini daha da artırır.

Fikirlərimi yazıçının "Ömür yolu" romanından sitat gətirməklə yekunlaşdırmaq istəyirəm. "Səni yazmağa nə vadar edir?" sualına yazıçının cavabı belədir: "Ətrafda gördüklərim, eşitdiklərim, hiss etdiklərim, düşündüklərim".

Qafar Cəfərli zamanın nəbzini tutub, insanın mənəvi aləminə səyahət etməyi bacaran yazıçılardandır. Həyat həqiqətlərini bədii təxəyyülün gücü ilə rəngarəngləndirən yazıçı müşahidələrinə öz fərdi yanaşması ilə yenidən həyat qazandırır. Ailə-məişət, əxlaqi-didaktik mövzular yazıçı qələmində tənqidi münasibətin təzahürü şəklində özünü göstərir.

SİZƏ MARAQLI OLA BİLƏR