Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Mirzə Şəfi Vazehin anadan olmasının 230 illiyinə həsr olunan respublika elmi-nəzəri konfransı keçirilib

13-06-2024 [ 15:09 ] [ oxunub:82 ]
printerA+ | A-
104671

“Mirzə Şəfi Vazeh və dünya ədəbiyyatı” mövzusundakı konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası və onun Gəncə Bölməsi tərəfindən birgə təşkil edilib.

Elmi tədbirə Gəncə Bölməsinin əməkdaşları ilə yanaşı,  AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu, Lənkəran Regional Elmi Mərkəzini, həmçinin Naxçıvan və   Mingəçevir Dövlət universitetlərini təmsil edən  alim və tədqiqatçılar qatılıblar.

İştirakçılar konfransın keçirildiyi AMEA Gəncə Bölməsinin böyük iclas salonunun foyesində elmi nəşr və tarixi sənədlərdən təşkil edilmiş sərgiyə baxış keçiriblər. Mirzə Şəfi Vazehin yaradıcılığı ilə bağlı olan, Almaniyada saxlanılan əlyazmaların fotosurətləri böyük maraq doğurub. 

Respublika elmi-nəzəri konfransını güriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq, qonaqları və iştirakçıları salamlayıb. O, böyük şair və maarifçi Mirzə Şəfi Vazehin ədəbiyyatımızın görkəmli nümayəndəsi olmaqla yanaşı, Azərbaycan poetik düşüncə və ənənələrinin Avropada tanınmasında böyük rol oynadığını qeyd edib.

Akademik Fuad Əliyev Ulu Öndər Heydər Əliyevin  milli maraqlarımızın və mənəvi-ideoloji intibahımızın hədəfləri naminə strateji xəttinin bir hissəsi olaraq,  tariximizdə və ədəbiyyatımızda özünəməxsus yeri tutmuş  görkəmli şəxsiyyətlərin tanıdılması və  irsinin əsaslı şəkildə öyrənilməsinin vacibliyinə xüsusi diqqət yetirdiyini vurğulayıb. Akademik Fuad Əliyev bu baxımdan,  Mirzə Şəfi Vazehin yaradıcılıq irsinin öyrənilməsinin gücləndirilməsi haqqında Ulu Öndər Heydər Əliyev tərəfindən 1981-ci il iyunun 8-də imzalanmış qərara diqqət çəkib. 

Akademik Fuad Əliyev müasir dövrümüzdə Ümummilli Liderin  layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən ölkəmizin  inkişafı və  xalqımızın milli-mənəvi yüksəlişi naminə həmin strateji xəttin uğurla davam etdirildiyini vurğulayıb.  O,  ölkə rəhbərinin böyük şairimizin anadan olmasının 220 illik yubileyinin keçirilməsi haqda 2014-cü il 3 fevral tarixli Sərəncamını və bu sənədin işığında Gəncədə Mirzə Şəfi Vazeh Muzeyinin inşa edilməsini,  bu möhtəşəm mədəniyyət obyektinin 2017-ci ilin noyabrın 10-da açılışında onun şəxsən iştirak etməsini qürurdoğurucü tarixi hadisələr kimi qiymətləndirib.

Akademik Fuad Əliyev böyk şair və maarifçi Mirzə Şəfi Vazehin anadan olmasının 230 illiyinə həsr olunmuş respublika konfransının da bu mənəvi və elmi məqsədlərə xidmət edəcəyini bildirib. 

Sonra konfransın məruzələri dinlənilib. Iştirakçilar “Mirzə Şəfi Vazeh və türk dünyası”, “Mirzə Şəfi Vazeh irsinə dövlət qayğısı”, “Divani-hikmət” ədəbi məclisi mədəniyyətlərarası körpüdür”, “Mirzə Şəfi Vazeh yaradıcılığında qəzəllər”,  “Vazehin şeirləri əlyazma toplusunda”, “Gəncəli müdrik Mirzə Şəfi Vazehin həyat qəribəlikləri (Ə.Nicatın “Gəncəli müdrik” romanının təhlili əsasında)”, “Vazeh bir xəttat kimi” , “Vazeh şeirlərinin taleyi”, “Mirzə Şəfi  haqqında Mirzə Fətəli Axundov, Abbasqulu Ağa Bakıxanov və Salman Mümtazın şəxsi arxivlərindəki sənədlər” və digər mövzularda çıxış ediblər.

Tədbirdə gəncəli bəstəkar, əməkdar artist Məmməd Cəfərov böyük şairin sözləri əsasında  klassik rus bəstəkarları P.İ.Çaykovskinin və  A.Q.Rubinşteynin yazdıqları romansların tarixçəsindən söhbət açıb.

M.Cəfərov həmçinin bir neçə il əvvəl Mirzə Şəfinin sözlərinə yazdığı və ifaçılıq müsabiqələrində mükafatlar alan “Var” romansını da iştirakçılara təqdim edib. Romans Gəncə Regional Kollecin tələbəsi olan gənc vokalçı Qaya Nəsibzadənin ifasında səslənib və böyük rəğbətlə qarşılanıb.

Tədbirə qatılan Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri  Yadigar Bədəlov çıxışında böyük şair və maarifçi Mirzə Şəfi Vazehin 230 illik yubiley tarixinə həsr olunan bu elmi görüşün işini yüksək qiymətləndirib. O, ölkəmizin inkişafı və dövlətçiliyimizin əsaslarının daha ha möhkəmləndirilməsi istiqamətində alim və ziyalılarımızın əməyinin böyük əhəmiyyəti olduğunu vurğulayıb.

Konfransın qonaqları şəhər gəzintisinə də çıxıb və Gəncənin tarixi abidə və əlamətdar yerləri ilə tanış olublar.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR