Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Məhtimqulu Fəraqinin yaradıcılığına həsr olunmuş beynəlxalq elmi konfrans - keçirilib

31-05-2024 [ 10:28 ] [ oxunub:109 ]
printerA+ | A-
104618

Ədəbiyyat İnstitutunda Məhtimqulu Fəraqi Türkmən Ədəbiyyatı Muzeyinin açılışı olub

Mayın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin yaradıcılığına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.

Öncə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Məhtimqulu Fəraqi və Türkmən Ədəbiyyatı Mərkəzinin açılışı olub.

Mərkəzdə Azərbaycanın və Türkmənistanın bayraqları, iki ölkənin görkəmli dövlət və siyasət xadimlərinin şəkilləri, eləcə də Məhtimqulu Fəraqi və digər türkmən mütəfəkkirlərinin kitablarının nümayiş olunduğu sərgi qurulub.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türkmənistan Elmlər Akademiyasının prezidenti və qardaş ölkənin Azərbaycandakı səfirinin iştirakı ilə belə bir Mərkəzin açılmasını tarixi hadisə kimi dəyərləndirib, Mərkəzin dostluq və qardaşlığımızın daha da möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb. O, Mərkəzdə Türkmənistan ədəbiyyatının araşdırılması yönündə mühüm işlərin aparılacağını bildirib.

Daha sonra konfrans iştirakçıları Məhtimqulu Fəraqiyə həsr olunmuş kitablardan ibarət sərgi ilə tanış olublar.

Beynəlxalq elmi konfransı açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan-Türkmənistan elmi-ədəbi əlaqələrinin inkişafından danışıb, iki ölkənin tarixi köklərinin, mədəniyyətinin, dilinin, ədəbiyyatının bir-birinə yaxın olduğunu bildirib.

“Ulu Öndər Heydər Əliyev Azərbaycan-Türkmənistan əlaqələrinin böyük təməllərini yaratmışdır”, - deyən akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışı zamanı Türk dünyası ilə əməkdaşlığı dövlət siyasətində əsas prioritet kimi müəyyənləşdirdiyini və Türk Dövlətləri Təşkilatını vahid bir ailə kimi təsvir etdiyini bildirib. O, Azərbaycanda Məhtimqulu Fəraqi və Türkmən Ədəbiyyatı Mərkəzinin açılmasını və böyük türkmən şairinin 300 illiyinin qeyd olunmasını iki ölkənin Elmlər akademiyalarının Türk dünyasına ortaq xidməti kimi səciyyələndirib.

İki elmi qurum arasındakı əlaqələrdən bəhs edən AMEA rəhbəri qarşılıqlı əməkdaşlığın son illərdə daha da inkişaf etdiyini diqqətə çatdırıb, bugünkü konfransın bu əlaqələrin möhkəmlənməsinə zəmin yaradacağını vurğulayıb.

Akademik İsa Həbibbəyli bildirib ki, türkmən xalqının qüdrətli şairi Məhtimqulu Fəraqi türkmən ədəbiyyatının zirvəsini təşkil edir. O, sadə xalq dilində və xalq ədəbiyyatı ənənələri əsasında yazdığı şeirləri ilə türkmən xalqının düşüncəsində hakim olub. Türkmən xalqının XVIII əsrdəki birliyi, həmrəyliyi, dövlətçilik təfəkkürü ədibin əsərlərində geniş şəkildə əks olunub.

Məhtimqulu Fəraqinin qiymətli irsinin öyrənilməsinin, tədqiqi və nəşrinin ölkələrimiz arasında ədəbi-mədəni əlaqələrin inkişafında böyük əhəmiyyət daşıdığını söyləyən AMEA prezidenti ədibin türk-müsəlman dünyasının və ümumən bəşəriyyətin yetişdirdiyi görkəmli sənətkar olduğunu vurğulayıb.

O, Məhtimqulu poeziyasında şairin Azərbaycanla bağlılığının əyani şəkildə meydana çıxdığını, ədibin ölkəmizə səyahət etmiş olduğunu və şeirlərindən birini Nuxaya - indiki Şəki şəhərinə həsr etdiyini söyləyib. Qeyd edib ki, görkəmli mütəfəkkir Azərbaycan-Türkmənistan arasında körpü rolunu oynayıb.

Akademik İsa Həbibbəyli Məhtimqulu Fəraqinin əsərlərinin Azərbaycanda dəfələrlə nəşr olunduğunu, ölkəmizdə onun yaradıcılığına həsr edilmiş müxtəlif tədbirlər keçirildiyini bildirib. Həmçinin Ədəbiyyat İnstitutu tərəfindən türkmən şairinin seçilmiş əsərlərindən ibarət “Divan”ının ilk dəfə doğma dilimizdə çap olunduğunu diqqətə çatdırıb.

AMEA rəhbəri çıxışının sonunda Türkmənistan Elmlər Akademiyası prezidentinin iştirakı ilə keçirilən bugünkü tədbiri elmi əməkdaşlığın nümunəsi kimi dəyərləndirib. O, Məhtimqulu Fəraqinin yeni çapdan çıxmış kitablarını Türkmənistan Elmlər Akademiyasının prezidentinə və türkmən qonaqlara hədiyyə edib.

Sonra Türkmənistan Elmlər Akademiyasının prezidenti professor Allaberdi Aşırov iki xalq arasında dostluq və qardaşlıq münasibətlərindən söz açıb, bu tədbirin ədəbi əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Azərbaycanda, xüsusilə də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Məhtimqulu Fəraqinin yaradıcılığının nəşri və təbliği sahəsində görülən işləri yüksək qiymətləndirən professor Allaberdi Aşırov qardaş ölkədə şairin xatirəsinin sonsuz ehtiramla anıldığını bildirib.

Türkmənistan Elmlər Akademiyasının prezidenti vurğulayıb ki, Məhtimqulu Fəraqinin Azərbaycan ədəbiyyatı ilə bağlılığı həmişə diqqəti cəlb edib. Onun “Yaylaqları var” şeiri Azərbaycana həsr edilib. Şair öz şeirlərində dönə-dönə görkəmli Azərbaycan şairlərinin - N.Gəncəvinin, İ.Nəsiminin, M.Füzulinin adlarını çəkib.

Tədbirdə Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov çıxış edərək Azərbaycanda Məhtimqulu Fəraqi yaradıcılığına göstərilən diqqətə və tədbirin yüksək səviyyədə təşkilinə görə AMEA rəhbərliyinə təşəkkür edib. Səfir bugünkü konfransın qədim tarixə, zəngin ənənələrə malik türkmən və Azərbaycan xalqlarının mənəvi dəyərlərini nümayiş etdirdiyini bildirib.

Qurbanməmmet Elyasov qeyd edib ki, Məhtimqulu ölkələrimiz arasında həm siyasi, həm də sosial sahədəki dostluq və qardaşlığın simvoludur. O, Türk dünyasını, Azərbaycanı dərin məhəbbətlə sevmiş, bu ölkəni qarış-qarış dolaşmış, bu doğmalığı şeirlərində dilə gətirmişdir.

AMEA alimləri tərəfindən Məhtimqulu Fəraqinin əsərlərinin Azərbaycan dilinə tərcümə olunduğunu, onun kitablarının dəfələrlə qardaş ölkədə çap olunduğunu deyən səfir böyük türkmən şairinin yaradıcılığının, zəngin ədəbi irsinin daim Azərbaycan xalqının marağında olduğunu vurğulayıb.

Konfransda Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu Fəraqi adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun direktor müavini filologiya elmləri doktoru Həzrətqulu Durdıyev “Məhtimqulu: insanlığın şairi”, şöbə müdiri Çarı Kulıyev “Məhtimqulu yaradıcılığına eşq poeziyasının təsiri”, böyük elmi işçi Dövlətgəldi Seyidov “Məhtimqulu Fəraqi: dövlətli-dövranlı türkmən balası” mövzularında məruzələrlə çıxış ediblər.

Beynəlxalq konfransda, həmçinin “Məhtimqulu Fəraqi və Molla Pənah Vaqif şeirinin özəllikləri”, “Məhtimqulu Fəraqinin poema yaradıcılığı”, “Azərbaycan-Türkmənistan ədəbi əlaqələri Ədəbiyyat İnstitutunun alimlərinin araşdırmalarında” mövzularında məruzələr dinlənilib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR